31 Ekim 2017 Salı

30000 nəfərə bir vəkillə keyfiyyətli hüquqi müdafiə mümkündürmü?

Bu gün Milli Məclis bu xalqın mənafelərinin ziddinə daha bir addım atdı. Onsuz da çoxdan ədalət axtarılan yer olmaqdan uzaq olan məhkəmələrdə vətəndaşların öz seçdikləri nümayəndə vasitəsi ilə təmsil olunmalarını qadağan edən qanun dəyişikliklərini qəbul etdilər. Beləliklə, 10 milyon əhali özünün müdafiəyə ehtiyacı olan bir quruma- sayı 900 nəfər olan Vəkillər Kollegiyasına məhkum buraxıldı. Bu nə deməkdir?
1. Azərbaycanın paytaxtı Bakı və ətrafında yaşamayan 7milyon 20 min nəfər əhalini cəmi 235 vəkil təmsil edəcək. Yəni hər 30 000 nəfəri bir vəkil təmsil edəcək. (Qeyd- Dövlət Statistika Komitəsinin son məlumatına əsasən Bakı, Abşeron və Sumqayıtdan kənarda yaşayan (qeydiyyatda olan) əhali sayı 7 milyon 20 min nəfərdir. Bu bölgələrdə cəmi 235 vəkil fəaliyyət göstərir. https://www.stat.gov.az/source/demoqraphy/)
2. Hazırda məhkəmədə olan işləri vəkillərin sayına bölsək, hər vəkilə 500-dən çox iş düşəcək. (sadəcə  https://courts.gov.az/az/ saytına adaptasiya edilən məhkəmələrdə olan işlərin sayı 373 748 işdir)
3. Vətəndaşları müxtəlif hiylələrlə aldadıb, kredit bataqlığına salan banklara qarşı minlərlə vətəndaşı müdafiə edən nümayəndələr olmadığından, həmin əhali kütləsinin əksəriyyəti rayonlarda olduğundan, banklar qarşısında müdafiəsiz qalacaqlar.
4. Minlərlə nümayəndə işsiz qalacaq və onların minlərlə ailə üzvünün gəlir yerləri olmayacaq, ehtiyac içərisinə düşəcəklər.
5. Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılan işlərin sayında ciddi azalma olacaq. (Çünki, məhdud sayda vəkillərlə yüz minlərlə işin yerli məhkəmələrdə keyfiyyətli aparılması və AİHM standartlarına uyğun hala gətirilməsi ciddi şübhə altına düşəcək)
6. 600-dən çox hakimin, 600-dən çox hakim köməçkilərinin, Prokurorluq orqanlarında, DİN-də, Vergidə, Gömrükdə fəaliyyət göstərən minlərlə mstəntiqlərin, prokurorların qarşısında cəmi 900 nəfər vəkil 10 milyon insanı cinayət, inzibati və məhkəmə işlərində "keyfiyyətli' təmsil edəcək. 
7. Hakimlərin gülü açacaq! (Məhkəmələrdə hakimlərin hüquqdankənar hərəkətlərinə etiraz edib, varlıq göstərən vəkilləri dərhal Kollegiya vasitəsi ilə cəzalandıran, vəkillikdən atdıran hakimlərin nümayəndələrə heç bir təsir imkanları yox idi. Bu da onları zaman-zaman çilədən çıxarırdı. Ayrıca, bəzi vəkillər rahatlıqla hakimlərlə münaqişədən qorxmur, vəkillikdən atılsalar da nümayəndə kimi fəaliyyətlərini sürdürə biləcəkləri üçün daha ötkəm olurdular. İndi bütün vəkillər hakimlərə görə Kollegiya torbasına salınmış vəziyyətdə olacaq. Beləliklə, tam kontrol təmin ediləcək.

8 Eylül 2017 Cuma

Vergidən yayınanları görməyən Vergilər Nazirliyi

3 gündür gözləyirəm görüm Vergilər Nazirliyi 2,9 milyard dollar (5 milyard manat) pulu ölkədən çıxaran şirkətlərin haqqında bəyanat yayacaqmı? Yaymırlar, susurlar!
 Axı bu Nazirlik cəmi 12 gün öncə (25 avqust 2017-ci il) palaz bolda bir açıqlama yayıb,  “Turan” İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevi Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edir və heç bir qanunsuzluq etməyən, sadəcə obyektiv informasiya yayan bir qurumu və onun rəhbəri Mehman Əliyevi cəmiyyətə “cinayətkar” kimi təqdim edirdi. Bu nazirliyin əməkdaşları isə  “QULluq” vəzifələrini yerinə yetirərək, ölkənin sayılı-seçili ziyalılarından olan Mehman müəllimin qollarını qandallayıb, qondarma məhkəmə qərarı ilə  cinayətkarlarla eyni hücrəyə yollayırdı.

Mehman müəllimin 7 illik fəaliyyətini araşdıran Vergilər Nazirliyi “Turan”ı həmin illərdə aldığı 160 min manat qranta görə vergi ödəməməkdə ittiham edir və ona xəyali mənfəət vergisi hesablayır. Halbuki, həmin Vergilər Nazirliyinin əməkdaşları tətbiq etməli olduğu Vergi Məcəlləsinin 165-ci maddəsinin başlığını diqqətlə oxusalar görərdilər ki, “Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması” başlığı altında həm də “165.1.2. qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; də daxildir. Yəni “Turan” qrant alıbsa, bu qrantdan vergi sıfır dərəcə ilə hesablanmalıdır. Ödənməli olmayan vergidən necə yayınmaq olar? Vergi anlayışına isə bütün vergilərin, o cümlədən mənfəət vergisinin də daxil olduğunu izaha ehtiyac yoxdur.   


İndi keçək əsas məsələyə.
Ölkədə sonuncu müstəqil medianı da şərləyib, bağlayandan sonra elə düşünürdülər ki, artıq ölkədə tüğyan edən korrupsiya əməlləri cəmiyyətə yayılacaq yer olmayacaq. Hər şey palaz altında qalacaq. Amma yanıldılar...
  Düzdür, Azərbaycan oxucusu artıq  “Zerkalo”-“Ayna” qəzetini, “Azadlıq” qəzetini, “Turan” İnformasiya Agentliyinin bülletenlərini alıb oxuya bilmir. Onlar susdurulub. “Azadlıq” radiosunu, BBC-ni qısa FM dalğasında dinləyə bilmir, tezlikləri əlindən alınıb. “Meydan TV”-nin, “Azadlıq” radiosunun , “Azərbaycan Saatı”nın, “Turan TV”-nin, “Azadlıq” qəzetinin veb saytlarını da açıb oxuya bilmir, çünki Azərbaycanın “müstəqil” məhkəməsi onları da bloklayıb. ANS TV-nin dolaylı ötürdüyü xəbərləri də izləyə bilmir, onu da susdurdular. AMMA...
Elə qapılar açıblar ki, özləri də şaşırıb qalıblar. “The Guardian” kimi bir qəzet bir sutkada  ölkəmizdəki korrupsiya faktlarından 7 məqalə yayır, “Washinqton Post”, “Kommersant” və s. dünya media nəhəngləri bu dəfə sadəcə Azərbaycandilli auditoriyanı yox, çoxdilli dünya auditoriyasını məlumatlandırır, korrupsiya faktlarını qabarıq şəkildə göstərir.  

Yayılan faktlardan məlum olur ki, Danimarkanın “Berlinske” qəzetinə sızan bank sənədlərini araşdıran Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) peşəkar jurnalistləri  Azərbaycanın pulyuyan maşını adlı yeni araşdırması ilə əsl bombanı partladıb.
Məqalədə xüsusilə ən diqqət çəkən məqam Rasim Əsədov adlı bir şəxsin yaratdığı və Mehman Əliyevi həbs etdirən Vergilər Nazirliyində qeydiyyata aldırdığı “Baktelekom” MMC –nin 2013-2014-cü illər ərzində nə az-nə çox, 2 milyard 400 milyon manat (1,4 milyard dollar) pulu vergidən yayındıraraq, ofşor hesablara köçürüb. Bu köçürmələr də, tam 530 dəfə təkrarlanıb. Vətəndaşların xaricə öz övladlarına təhsil haqqı üçün göndərdikləri  500 dolları günlərlə çık-çevir edərək verməyən və süründürən banklar nədənsə ən xırdası 138 min dollar, ən böyüyü 6 milyon olan  1,4 milyard dollarlıq 530 köçürməni görməyiblər.

Mehman Əliyevin vergidən yayındığını cəmiyyətə palaz boyda bəyanatla car çəkən Vergilər Nazirliyi ofşorlara 1,4 milyard axıdan “Baktelekom” MMC –nin nədən dövlət büdcəsinə 18%-lik ƏDV-si olan 429 milyon manatı, yaxud 20%-lik məfəət vergisi olan 476 milyon manatı köçürmədiyini sorğulamır.
Yasamal Rayon Məhkəməsində ittiham tərəfi kimi Vergilər Nazirliyinin “arqumentlərini”  can-başla müdafiə edən Prokurorluq da nədənsə susur və qanundan doğan səlahiyyətləri çərçivəsində mediada yayılan korrupsiya faktlarına görə cinayət işi başlamağı ağlından keçirmir. Halbuki, son dönəmlər tez-tez redaktorları və jurnalistləri prokurorluğa çağırıb, xəbərdarlıq etmələrini qanundan doğan səlahiyyət kimi çox həvəslə cəmiyyətə təqdim edirdilər.    


15 Haziran 2017 Perşembe

Ölkədə media azadlığının vəziyyəti kritik həddə çatıb


Ölkədə media azadlığının vəziyyəti hər gün bir az daha ağırlaşır. Son günlər ard-arda baş verən hadisələr prosesin normal axınından uzaqlaşdığını aydın göstərir. 

Dünya mətbuat azadlığı günü ərəfəsində Azərbaycanın ilk internet tv-lərindən biri olan Kanal 13-ün rəhbəri Əziz Orucova qarşı çox gülünc bir iddia ilə 30 gün inzibati həbs verildi. Guya onu axratışda olan  kiminləsə oxşar olduğuna görə polis saxlayıb, lakin o polisə müqavimət göstərib. Halbuki Əziz  Orucov jurnalist xanımı Lamiyyə Çerpanova ilə birlikdə işə gedərkən onları təqib edən polis saxlamış və şöbəyə aparmışdı. Hər hansı qarşıdurma, müqavimət olmamış, buna baxmayaraq saxlanmasına “hüquqi səbəb” uydurmaq üçün belə bir fərziyə qondarılaraq həbsə atıldı.

Bizdə çox yerində atalar sözləri var. Onlardan biri də “oğurluqla, quldurluq 40 gün çəkməz, açılar!”-məsəlidir. Əzizin həbsində də belə oldu. 30 günlük inzibati həbsin son günündə onu yenidən istintaqa çəkdilər və bu dəfə ağır cinayətlə suçlayaraq,  Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət məsuliyyətinə cəlb etdilər. Bu dəfə də Əzizi hüquqi baxımdan heç bir məsuliyyəti olmayan və heç bir vaxt heç bir imza səlahiyyəti olmadığı, sadəcə həmtəsisiçisi olduğu “Qafqaz Media Resurs Mərkəzi”  İctimai Birliyinin hansısa “fəaliyyətinə görə” 2014-cü ildə açılmış məşhur QHT cinayət işi çərçivəsində suçladılar. Lakin rəsmi ittiham bu olsa da Kanal 13-ün digər jurnalistlərinin də istintaqa cəlb olunması xoruzun quyruğunu göstərdi. Əzizin birbaşa Kanal 13-ün fəaliyyətinə görə həbs edildiyi danılmaz fakt kimi ortadadır.

Mayın 22-də daha bir inzibati həbslə regionda fəaliyyəti ilə təqdir toplayan, qorxmadan həqiqətləri
söyləyən, bir neçə müstəqil media qurumu ilə sərbəst əməkdaşlıq edən jurnalist-bloger Nicat Əmraslanov yenə uydurma səbəblə yaşadığı Qazax rayonunda eyni “növbətçi maddə ilə” polisə müqavimət maddəsi ilə 30 sutkalıq inzibati həbsə məhkum edildi.  Nicata qarşı pis rəftara və işgəncəyə yol verildiyini söyləyən vəkili Elçin Sadıqovdan Gəncə Apelyasiya Məhkəməsində vəkilin və jurnalist Xədicə İsmayılın gözü qarşısında hakim köməkçisi imtina ərizəsi yazdırdı. Xədicə İsmayıl mobil telefonu ilə bu görüntüləri lentə alıb paylaşaraq ictimailəşdirsə də heç bir qurum, o cümlədən Omdudsman buna reaksiya verməyərək, bunu adi hal kimi qarşıladı. Nicatın dişlərinin tökülməsi, sağ əlinin qıc olması müşahidə olunsa da bununla bağlı prokurorluq nədənsə araşdırma aparmaq, yaxud hətta ənənəyə çevrilən “bəyanat” vermək kimi davranışlardan uzaq qaldı.
Belə gedərsə, 30 günlük inzibati həbsin yekunlaşmasına günlər qala yeni bir qondarma “cinayət işinin” açılması və Nicatı da Əziz kimi “cinayətkar” elan edərək, ağır cinayətdə suçlamaları artıq sürpriz olmayacaq.

Mayın 29-da daha böyük “bomba” partladıldı. Araşdırmaçı jurnalist Əfqan Müxtarlı yaşadığı Tbilisi şəhərində gecə evinin önündən q yoxa çıxdı. Hər kəs onun axtarışına başladıqdan sonra, məlum oldu ki, Gürcüstanın rəsmi uniformada olan şəxsləri onun başına torba keçirib, oğurlayıb, sonra vəhşicə  döyüb  və 3 saatlıq müddətdə 2 avtomobil və heyət dəyişərək, Azərbaycan DSX-ə təhvil veriblər. DSX isə guya Əfqanın  sərhəddi könüllü qanunsuz keçdiyi və qaçaqmalçılıqla məşğul olduğu üçün saxlayıb, Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürdü. Bu qondarma cinayət işi də uzun sürmədən cəmiyyətə məlum oldu ki quramadır. Tamamilə qanunsuz adam oğurluğu baş verib. Gürcüstanın Prezidenti səviyyəsində bu etiraf edildi. Qısa müddət keçməmiş Azərbaycanın Milli Məclisinin deputatı Elman Nəsirov da istintaqın versiyasının saxta olduğunu bilmədən etiraf etmiş oldu. Doğrudur, Baş Prokurorluq Elman Nəsirovun “yalan” danışdığını bir Bəyanatla bəyan etsə də, əməli ilə Elman Nəsirovun doğru dediyini təsdiqləyən addımlar atdı.

Dünən, 14 iyun tarixində jurnalist Sevinc Vaqifqızı məhz Əfqan Müxtarlı işinə görə bir neçə saat Prokurorluqda dindirildi. Müstəqil jurnalistin istintaqa cəlb edilməsinin  rəsmi ittiham olan “sərhəddi qanunsuz keçmək, bəyan etmədən pul daşımaq və yaxalanarkən rəsmi şəxslərə müqavimət göstərmək”-lə heç bir məntiqi və hüquqi əlaqə qurmaq mümkün deyil. Amma Elman Nəsirovun qeyri-rəsmi iddiası ilə birbaşa bu əlaqə mümkündür. Çünki, deputat məhz bunu iddia etmiş, Əfqanın hansısa şəbəkəyə xidmət etdiyini bu məqsədlə iki ölkənin təhlükəsizlik gücləri tərəfindən “uğurlu əməliyyatla” gətirldiyini bəyan etmişdi.

Qeyd etməliyəm ki, dünən daha bir tanınmış  jurnalist Şahvələd Çobanoğlu da yenə istintaqa dəvət edilmiş və başqa oxşar bir işlə bağlı Gözəl Bayramlı işi ilə əlaqəli dindirilmişdir.
Dünən media və jurnalistlər üçün ümumiyyətlə ağır günlərdən biri kimi geridə qaldı. 2016-cı ilin 30 iyun tarixində xüsusi əməliyyat qurularaq həbs edilən  və Cinayət Məcəlləsinin 182-ci maddə ilə ittiham olunan Fikrət Fərəməzoğlu 7 il azadlıqdan mərhum edildi. Onun “3000 manat almasına görə” 7 il məhkum edilməsi ayrıca, 2 illik də jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağasının gətirilməsi açıq göstərir ki, bu həbslərin əsas istiqaməti media fəaliyyətlərinə yönəlib.

Görüldüyü kimi ifadə azadlığına qarşı, onun təmsilçiləri olan jurnalistlər və blogerlərə qarşı gedərək artan bir basqı müşahidə olunur. Jurnalist və blogerlərə qarşı qondarma-qurama cinayət işləri, qanunsuz həbslər, pis rəftara və işgəncələrə yol vermələr artan nisbətdə davam edir.

Burda məhkəmə və hakimlərin davranışını xüsusi qeyd etmək yerinə düşər. Daha əvvəllər də hakimlər əsasən jurnalistlərə qarşı olan sifarişli işlərdə notarius funksiyası yerinə yetirirdilər. Prokurorun hazırladığı ittiham aktını təsdilqəməklə işlərini bitirirdilər. İndi isə hakimlərin davranışı artıq ikrahdoğurucu dərəcədədir. Hətta, rəsmi ittiham üçün lazım olan “formallığa” belə əhəmiyyət vermədən, suçsuz insanları həbsə göndərməkdən vicdan əzabı çəkmir, eyni ilə hüquqsuzluğa yol verərək, yeni sağalmaz yaralar açır, hakim adını ləkələyirlər.

Yuxarıda qeyd edilənlər sadəcə basqıların istiqamətlərindən biridir. Media azadlığını, ifadə azadlığını
təhdid edən fəaliyyətlərin miqyası daha genişdir.   Xüsusilə may ayında Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinin iddiası ilə cəmiyyəti alternativ informasiyalarla təmin edən, tənqidi istiqamətləri qabardan internet resursları, azadlıg.orq, azadlıq.info, azərbaycansaatı.com, turan.tv və meydan.tv saytları “konstitusiyalı quruluşu devirməkdə” ittiham edilərək Səbayil məhkəməsinin qərarı ilə bağlandı.
Bir ay boyunca heç bir hüquqi normaya isnad edilmədən bütün səsli-görüntülü internet xidməti göstərən whatsapp, facebook massanger, skype, viber və  digər resurslar məhkəmə qərarı olmadan nazirlik tərəfindən əngəlləndi.


Son bir ayda bir neçə media resursun rəhbəri, redaktoru prokurorluğa çağırılaraq xəbərdarlıq edildi və xüsusilə ordudan yazmamaları tənbeh edildi. Bir sözlə, medianın  hökumətə ictimai nəzarət etmək funksiyası hökuməti gedərək daha çox narahat etdiyi müşahidə edilir. Hətta daha neytral fəaliyyət göstərən qurumlar belə təzyiq altına düşməyə başlayıb. 
Belə gedərsə, yaxın zamanlarda bütün səslərin kəsilməsi sürpriz olmayacaq.  

13 Mayıs 2017 Cumartesi

Saytların bağlanması qərarı Konstitusiyanın kobud pozuntusudur

Səbayıl məhkəməsi Konstitusiyanı ayaqlar altına atdı

12 may 2017-ci ildə Səbayıl Məhkəməsi çox ciddi hüquq pozuntusuna yol verərək, cəmiyyətdə plüralizm üçün önəmli funksiya yerinə yetirən, rəsmi mənbələrə alternativ informasiya mənbəyi kimi tanınan, tənqidi mövqeləri ilə digərlərindən fərqlənən resursları (azadlıq radiosunun, azadlıq qəzetinin, meydan Tv-nin, Turan tv-nin və Azərbaycan saatı proqramının rəsmi saytlarını) hüquqi əsasları olmayan iddia ilə ədalət mühakiməsi aparmadan sifarişli qərarla bağladı. 
Bu zaman məhkəmə sistemli hüquq pozuntusuna yol verdi.1. Belə ki, hətta mövcud İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunun tələbinə belə uyğun hərəkət etməyərək, bu qanunun da pozdu və bunun kölgəsində qanunsuz nəticəyə gəldi. Həmin qanuna əsasən bu iddia 5 gün ərzində yekunlaşmalı idi. Halbuki, 27 apreldən 16 gün sonra qətnamə çıxdı. Beləliklə, hakim çox açıq şəkildə prosessual hüququ pozdu. Bu isə öz növbəsində məhkəmənin qərarının mahiyyətinə baxmadan belə hüquq pozuntusunun baş verdiyinin sübutudur.

2. Hakim iddiaya əsas kimi göstərilən NRTYN-nin 27 mart 2017-ci il tarixli, QM0001 saylı qərarında AR Baş Prokurorluğunun 13-1\18 saylı məktubunda iddia edilən məqalələrdə “Konstitusiya quruluşunu zorla dəyişməyə, ictimai asayişi pozmaya yönələn destruktiv “hərəkətlərə” yol verməsinə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların edilməsinə, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinə, yayılması qadağan olunan informasiyaların yerləşdirilməsinə”- yol verildiyini müəyyən etmədən, bu “iddiaların” təsdiqini göstərən konkret sübutları ortaya çıxarmadan belə bir qətnaməyə imza atması, konkret Konstitusiyanın 63-cü maddəsinin təqsirsizlik prizumpsiyasının pozulmasıdır və bu saytlara qarşı məhkəmə qətnaməsi ilə böhtan atıldığının təsdiqidir. Çünki, bu bəhs edilən saytların bağlanması üçün bəhanə edilən hərəkətlər əslində birbaşa cinayət əməlidir və tərəfləri məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan cinayətdə ittiham etmək yuxarıda dediyim hüquqların pozulmasıdır. Bir məktubla saytların 5-6 cinayət işlədiyi irəli sürülür və Səbayıl məhkəməsinin “savadlı” hakimi də bu iddinın həqiqiliyini müəyyən etmədən, öz qərarında buna söykənir. Beləliklə, Öncə NRYTN-yi bir məktuba əsaslanaraq heç bir araşdırma aparmadan, sonra isə Səbayıl Məhkəməsi yenə araşdırma aparmadan, iddiaların mövcud olub-olmadığını sübut etmədən təməl hüquq olan ifadə azadlığına qanunsuz müdaxilə etdi. Bununla da Konstitusiyanın 71-ci maddəsini ayaq altına atır.

3. Məhkəmənin hakimi qərar qəbul edərkən məhdudlaşdırdığı hüququn mahiyyətinə də xüsusi diqqət etməlidir. Məhdudlaşdırılması istənilən təməl insan hüquq və azadlıqlarından olan ifadə azadlığıdır. İfadə azadlığının məhdudlaşdırılması tələbini qiymətləndirərkən bunu demokratik cəmiyyətdə nə qədər zəruri olub-olmadığını müəyyən edərək, azadlığın mahiyyətini zədələmədən balanslı tətbiq etmək lazımdır. Deməli hakim bu məsələni qiymətləndirərkən sadəcə bir ay öncə qüvvəyə minən və Konstitusiyanın bir çox normalarına (47-ci, 50-ci, 71-ci, 151-ci maddələrinə) zidd qəbul edilən qanundan öncə Konstitusiyaya, 151-ci maddənin tələbi olan Beynəlxalq aktların hüquqi qüvvəsinin üstünlüyü prinsipini nəzərə almalı, bütünlüklə üstün hüquq normalarına istinad etməli idi. 

Eyni zamanda hakim heç olmasa Konstitusiyanın 12-ci maddəsini oxuyub, dərk etməli idi. Həmin maddədə birbaşa göstərilir ki, “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Yəni hakim işə baxarkən, normaları Konvensiyanın 10-cu maddəsinə uyğun tətbiq etmək zorundadır. Bu istəyə və ya keyfə bağlı bir imkan deyil, konstitusiyanın əmridir, hakimin borcudur. 71-ci maddədə deyilir ki: “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.

Konstitusiyaya zidd qərar qəbul edən məhkəmə və onun hakimi özünü hüquqdan üstün görməməli, hüquqa hörmət etməlidir. Bu gün hüquqa zidd qərar verən hakimlər bunun məsuliyyətini dərk etməlidirlər. Onlar sifarişləri icra edərkən bir gün hüquq qarşısında dayananda həmin sifariş verənlərin müdafiəsindən mərhum qalacaqlarını ağılla dərk etməlidirlər.



Qeyd: Bloklanmış saytlara giriş üçün:
Azadlıq radiosu - www.157751.info
Azadlıq qəzeti - www.121212.ga
Meydan TV - www.meydantv.tk

2 Mayıs 2017 Salı