3 gündür gözləyirəm
görüm Vergilər Nazirliyi 2,9 milyard dollar (5 milyard manat) pulu ölkədən
çıxaran şirkətlərin haqqında bəyanat yayacaqmı? Yaymırlar, susurlar!
Axı bu Nazirlik cəmi 12 gün
öncə (25 avqust 2017-ci il) palaz bolda bir açıqlama yayıb, “Turan” İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman
Əliyevi Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz
sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edir və heç bir
qanunsuzluq etməyən, sadəcə obyektiv informasiya yayan bir qurumu və onun
rəhbəri Mehman Əliyevi cəmiyyətə “cinayətkar” kimi təqdim edirdi. Bu nazirliyin
əməkdaşları isə “QULluq” vəzifələrini yerinə
yetirərək, ölkənin sayılı-seçili ziyalılarından olan Mehman müəllimin qollarını
qandallayıb, qondarma məhkəmə qərarı ilə cinayətkarlarla eyni hücrəyə yollayırdı.
Mehman müəllimin 7 illik fəaliyyətini araşdıran
Vergilər Nazirliyi “Turan”ı həmin illərdə aldığı 160 min manat qranta görə
vergi ödəməməkdə ittiham edir və ona xəyali mənfəət vergisi hesablayır.
Halbuki, həmin Vergilər Nazirliyinin əməkdaşları tətbiq etməli olduğu Vergi Məcəlləsinin
165-ci maddəsinin başlığını diqqətlə oxusalar görərdilər ki, “Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması” başlığı
altında həm də “165.1.2. qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan
qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların
təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;” də daxildir. Yəni “Turan” qrant alıbsa, bu qrantdan
vergi sıfır dərəcə ilə hesablanmalıdır. Ödənməli olmayan vergidən necə yayınmaq
olar? Vergi anlayışına isə bütün vergilərin, o cümlədən mənfəət vergisinin də
daxil olduğunu izaha ehtiyac yoxdur.
İndi keçək əsas məsələyə.
Ölkədə sonuncu müstəqil medianı da şərləyib, bağlayandan
sonra elə düşünürdülər ki, artıq ölkədə tüğyan edən korrupsiya əməlləri cəmiyyətə
yayılacaq yer olmayacaq. Hər şey palaz altında qalacaq. Amma yanıldılar...
Düzdür, Azərbaycan oxucusu artıq “Zerkalo”-“Ayna” qəzetini, “Azadlıq” qəzetini,
“Turan” İnformasiya Agentliyinin bülletenlərini alıb oxuya bilmir. Onlar
susdurulub. “Azadlıq” radiosunu, BBC-ni qısa FM dalğasında dinləyə bilmir,
tezlikləri əlindən alınıb. “Meydan TV”-nin, “Azadlıq” radiosunun , “Azərbaycan
Saatı”nın, “Turan TV”-nin, “Azadlıq” qəzetinin veb saytlarını da açıb oxuya
bilmir, çünki Azərbaycanın “müstəqil” məhkəməsi onları da bloklayıb. ANS TV-nin
dolaylı ötürdüyü xəbərləri də izləyə bilmir, onu da susdurdular. AMMA...
Elə qapılar açıblar ki, özləri də şaşırıb qalıblar. “The Guardian”
kimi bir qəzet bir sutkada ölkəmizdəki korrupsiya
faktlarından 7 məqalə yayır, “Washinqton Post”, “Kommersant” və s. dünya media
nəhəngləri bu dəfə sadəcə Azərbaycandilli auditoriyanı yox, çoxdilli dünya
auditoriyasını məlumatlandırır, korrupsiya faktlarını qabarıq şəkildə göstərir.
Yayılan faktlardan məlum olur ki, Danimarkanın “Berlinske” qəzetinə sızan bank sənədlərini
araşdıran Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika
Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) peşəkar jurnalistləri “Azərbaycanın pulyuyan maşını” adlı yeni
araşdırması ilə əsl bombanı partladıb.
Məqalədə xüsusilə ən diqqət çəkən məqam Rasim Əsədov adlı bir şəxsin
yaratdığı və Mehman Əliyevi həbs etdirən Vergilər Nazirliyində
qeydiyyata aldırdığı “Baktelekom”
MMC –nin 2013-2014-cü illər ərzində nə az-nə çox, 2 milyard 400 milyon manat (1,4
milyard dollar) pulu vergidən yayındıraraq, ofşor hesablara köçürüb. Bu köçürmələr
də, tam 530 dəfə təkrarlanıb. Vətəndaşların xaricə öz övladlarına təhsil haqqı
üçün göndərdikləri 500 dolları günlərlə
çık-çevir edərək verməyən və süründürən banklar nədənsə ən xırdası 138 min
dollar, ən böyüyü 6 milyon olan 1,4
milyard dollarlıq 530 köçürməni görməyiblər.
Mehman Əliyevin vergidən yayındığını cəmiyyətə palaz boyda bəyanatla
car çəkən Vergilər Nazirliyi ofşorlara 1,4 milyard axıdan “Baktelekom” MMC –nin
nədən dövlət büdcəsinə 18%-lik ƏDV-si olan 429 milyon manatı, yaxud 20%-lik məfəət
vergisi olan 476 milyon manatı köçürmədiyini sorğulamır.
Yasamal Rayon Məhkəməsində ittiham tərəfi kimi Vergilər
Nazirliyinin “arqumentlərini” can-başla
müdafiə edən Prokurorluq da nədənsə susur və qanundan doğan səlahiyyətləri çərçivəsində
mediada yayılan korrupsiya faktlarına görə cinayət işi başlamağı ağlından
keçirmir. Halbuki, son dönəmlər tez-tez redaktorları və jurnalistləri
prokurorluğa çağırıb, xəbərdarlıq etmələrini qanundan doğan səlahiyyət kimi çox
həvəslə cəmiyyətə təqdim edirdilər.