8 Eylül 2016 Perşembe


REFERENDUM: Dəyişikliklər nə vəd edir?

REFERENDUM: Dəyişikliklər nə vəd edir?




Referendum aktı ifadə azadlığını və informasiyaya çatımlılığı təhlükəyə atır

Konstitusiyaya əlavə və dəyişiklik üçün 26 sentyabr 2016-cı ildə referendum təyin edilməsi və Referendum aktının səsverməyə çıxarılması bir çox istiqamətdə ciddi müzakirələrin aparılmasını zəruri edir.

Konstitusiya dövlətin vətəndaşla dövlət hakimiyyəti qurumlarının münasibətini tənzimləyən, fərdlərin hüquqlarının sərhədlərini və qurumların səlahiyyət çərçivəsini müəyyən edən əsas toplumsal müqavilədir. Bu sənəd cəmiyyətdə mövcud olan münasibətlərin təməli olduğuna görə ona ANA YASA da deyilir. Belə demək mümkündürsə, bütün qanunların ANASI.  Odur ki, bu sənədi güncəl siyasi qayğılarla tez-tez zədələmək, onun ruhuna uyğun olmayan əlavə və dəyişiklik etmək yolverilməzdir. Xüsusilə də bu sənədə hər hansı dəyişiklik, əlavə ehtiyacı yaranarsa, bu ancaq cəmiyyətin sifarişi kimi ortaya çıxmalı, cəmiyyət tərəfindən ciddi müzakirə edilməlidir.
Təklif edilən referendum aktı bir çox aspektlərdən Konstitusiyanın özünə və Azərbaycanın qoşulduğu, rəsmi şəkildə ratifikasiya edib, qanunvericiliyinin mənbəyi halına gətirdiyi Konvensiyalarla ziddiyyət təşkil edir. Məhz bunu nəzərə alaraq, bu yazımla Konstitusiya aktının ifadə və informasiya azadlığı baxımından yaradacağı problemləri açmaq, toplumun diqqətinə çatdırmaq istəyirəm.

Referendum aktı ilə Konstitusiyaya 29 müxtəlif dəyişiklik və ya əlavə nəzərdə tutulur. Onların 14-ü birbaşa Konstitusiyanın III fəslində yer alan əsas insan hüquq və azadlıqlarını hədəf alıb. Bu fəslin ən təməl özəlliyi onu kənar müdaxilələrdən qoruyan immunitetin Konstitusiyanın özündə nəzərdə tutulmasıdır. Konstitusiyanın 155-ci maddəsi referenduma çıxarılacaq dəyişikliklərə dair təklif təşəbbüsünün məhdudlaşdırılmasını nəzərdə tutur və “Konstitusiyanın III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”-deyərək bu imuniteti yaradır.

Dəyişiklik və əlavələrin nəzərdə tutulduğu 32-ci maddə şəxsi toxunulmazlıq hüququna, 47-ci maddə fikir və söz azadlığına, 49-cu maddə sərbəst toplaşmaq azadlığına, 57-ci maddə müraciət etmək hüququna, 59-cu maddə birləşmək hüququna, habelə  68 və 71-ci maddələr birbaşa yaxud dolayısı ilə ifadə və informasiya azadlığına toxunur. 

32-ci maddəyə əlavə edilməsi nəzərdə tutulan VI-cı bənd: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”-deyərək, informasiya açıqlığı prinsipi anlayışını alt-üst edir. Məsələ bundadır ki, qanunla göstərilən məhdudiyyətlər istisna olmaqla informasiyalar açıq olmalıdır. Açıqlıq təməl prinsipdir. Açıqlığın istisnası qanunla qorunan mənafeləri göstərən məhdudiyyətlərdir. Qanun məhdudiyyətlərin siyahısını və sərhəddini müəyyən edə bilər. Bu sərhədlərdən biri də şəxsin özəl həyatına dair informasiyalardır.
Konstitusiyanın 32-ci maddəsinin 3-cü bəndində bu aydın göstərilib: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir”. Belə olan halda, hər hansı özəl həyat qeydi olmadan “üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”- demək və üçüncü şəxslər haqqında harada (elektron formada və ya kağız üzərində) olmasından asılı olmayaraq məlumat almanı qadağan etmək, bütünlüklə 3-cü şəxslər haqqında ictimai əhəmiyyət daşıyan informasiyaların da alınmasını məhdudlaşdırmağa şərait yaradacaq. Ayrıca, buradakı üçüncü “şəxslər” ifadəsi hüquqda çox geniş anlaşılır və həm fiziki şəxsləri, həm də hüquqi şəxsləri əhatə edir. Halbuki, 32-ci maddənin adı “şəxsi toxunulmazlıq hüququ”dur və burada məqsəd şəxslərin (hüquqi və fiziki şəxslər) yox, fərdin (individual şəxsin) toxunulmazlıq hüququnu təminat altına almaqdır.  
Bu bəndin 32-ci maddəyə əlavə edilmə qayğısının haradan gəldiyini təxmin etmək çətin deyil. Bilindiyi kimi, 12 iyun 2012-ci il tarixli 381-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Kommersiya sirri haqqında Qanuna və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanuna məhdudlaşdırıcı norma gətirildi. “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə” - məlumatlar kommersiya sirri hesab edildi. Təsisçilər, iştirakçılar fiziki şəxs olduqda bunların adları fərdi məlumatlardır. Deməli, konkret bu halda fərdi məlumatları qanun kommersiya sirri kimi əlavə qoruma altına alıb.
Bəllidir ki, son vaxtlar müasir İKT-dan istifadə edən beynəlxalq jurnalist şəbəkələri və qrupları dünyanın müxtəlif ölkələrində xüsusilə siyasətçilərin və idarəetmə səlahiyyəti olan şəxslərin qanunsuz gəlirlərini, korrupsiya faktlarını aşikar edən sənədələri ortaya çıxararaq, onların “ictimai nüfuz”unu ciddi zərbə altında qoya bilirlər. Bu “gizli” sənədlərin əldə olunması ilə müxtəlif qanunsuz biznes şəbəkələrinin, qara pul axınının ifşa olunması asanlaşır. 32-ci maddəyə belə bir bəndin əlavə edilməsi yəqin ki, daha sonra bu davranışların ciddi hüquqi, o cümlədən cinayət məsuliyyəti yaratması ilə nəticələnəcək və ictimai əhəmiyyət daşıyan informasiyalara çıxışı məhdudlaşdırmanı hədəfləyəcək.
İnformasiya əldə etmək hüququ bir çox təməl insan hüquq və azadlığı üçün açar rolu oynayan ifadə azadlığı hüququnun ayrılmaz parçasıdır. Legitim hüquqi əsas olmadan bu azadlığın məhdudlaşdırılması yolverilməzdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi birbaşa ifadə azadlığını qoruyur və demokratik cəmiyyətlərdə ona hansı əsaslarda müdaxilə edilə biləcəyinin zəruriliyini və bu müdaxilənin sərhədlərini göstərir.
3-cü şəxslərin özəl həyatına aid olmayan, ictimai əhəmiyyət daşıyan məlumatlarına çatımlılığı məhdudlaşdıran istənilən tənzimləmə Konvensiyaya ziddir.
İnformasiya toplamaq və yaymaq istəyən hər hansı jurnalist yaxud QHT aktivisti üçün korrupsiyaya bulaşmış siyasətçi və ya məmur 3-cü şəxsdir. Həmin 3-cü şəxsin qanunsuz əməlini üzə çıxarmaq istəyən araşdırmaçı jurnalist, onun qanunsuz təsisçiliyi, yaxud hansısa terroru maliyyələşdirmədə şübhəli qurumdakı payını öyrənmək məqsədi ilə elektron bazada olan və ciddi ictimai əhəmiyyət daşıyan informasiyaları əldə edə bilməlidir. Yerli qanunvericilik bu informasiyaları  legitim əsas olmadan məhdudlaşdırıb. Bəzən jurnalistlər dolayılı yollarla bu qanunsuz əməlləri aşikarlayan informasiyaları əldə edərək, bu şəxslərin  kirli bağlarını ortaya çıxara bilər.
İndiki bu tənzimləmə ictimai əhəmiyyət daşıyan və qanunsuzluqların önlənməsinə xidmət edən bu tip halların da qarşısını almağa, ictimai informasiyaya çatımlılığı aradan qaldırılmağa xidmət edir. 32-ci maddəyə bunun əlavə edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmaqdır. Konstitusiyanın 155-ci maddəsinə görə bu mahiyyətdə olan müddəa referenduma çıxarıla bilməz.  
32-ci maddəyə əlavə ədilən VII-ci  bəndin mahiyyəti də tam aydın ifadə edilməyib və hansı məqsədlə Konstitusiya maddəsi halına gətirildiyi anlaşılmır. Çünki, mövcud 32-ci maddənin  III-cü bəndində çox açıq şəkildə “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir” deyərək, bütünlüklə şəxsi həyata dair informasiyalara çıxışı və onların toplanıb yayılmasını məhdudlaşdırıb.  Belə olan halda şəxsi həyatın bir hissəsini yenidən xüsusi vurğulamaq və İKT  vasitələrini saymaqla göstərməyin heç bir konstitusion anlamı yoxdur. Məlumatın toplanması qadağandırsa, bütün vasitələr qadağandır. Belə anlaşılır ki, bu gün informasiya texnologiyalarının qeyd edilməsi, bir ildən sonra fərqli bir dəyişiklik ehtiyacı yarada bilər. Məsələn, “məlumatın saxlandığı otağa girərək” əldə edilməsi kimi bir qadağa təklifi.
Məsələnin bir başqa aspekti də budur ki, əgər siz Konstitusiyaya yazılırsa ki, “...informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz”, o zaman belə çıxır ki, “şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatlar”- informasiya texnologiyaları istifadə edilməyən vasitələrlə, məsələn yazılı mətbuatda, çap vərəqələrində, şifahi formada toplantılarda və s. formalarda yayıla bilər.  
32-ci maddənin adından da göründüyü kimi burada məqsəd şəxsi toxunulmazlıq hüququnun sərhəddini və dövlət təminatı altında olmasını göstərməkdir. Vasitələrin sayılması bu maddənin və ümumiyyətlə konstitusiyanın  mahiyyətindən  uzaqlaşmaqdır.

http://freeeconomy.az/blog/referendumifadeazadligi/