8 Ocak 2019 Salı

Sərbəst toplaşan şəxslərin həbsi qanunsuzdur

Yeni il başlayalı bir həftədir. Mehman Hüseynovun üzləşdiyi haqsızlığa diqqət çəkmək üçün aclığa başlaması cəmiyyətdə sağduyulu insanları ciddi narahat etdi. Geridə qalan bir həftədə artıq 2 dəfə fərqli qruplar Mehmana dəstək vermək üçün aksiya keçirməyə cəhd etsələr də hər iki cəhd ciddi müdaxilə və həbslərlə yekunlaşıb. Mənim mediadan izlədiyim qədəri ilə Mehman Hüseynova azadlıq aksiyalarından İXM 513.2 maddəsi ilə ceza alanlar bunlardır: 
1. Mete Türksoy -25 sutkalıq həbs
2. Əfqan Sadıqov 22 sutkalıq həbs
3. Elimxan Ağayev 21 sutkalıq həbs
4. Nurlan Qəhrəmanlı 21 sutkalıq həbs
5. İsmayıl İslamoğlu -20 sutkalıq həbs
6. Qoşqar Əhmədov - 20 sutkalıq həbs
7. Səxavət Nəbiyev 20 sutkalıq həbs
8. Bəxtiyar Məmmədli - 400 AZN cərimə 
9. Fərid Abdinov 400 manat
10. Fatimə Mövlamlı 300 manat
11. Mətanət Mahmırzayeva 300 manat
12. Pərvin Abışova 300 manat
13. Orxan Məmməd- 400 manat
14. Yaşar Xaspoladov- 450 manat
15.Elçin Rəhimzadə- 400 manat 

Bu şəxslər dinc yolla bir araya gəlmək istərkən, aksiya keçirmədən saxlanılaraq hakim qarşısına çıxarılıblar.  Lakin  hakimlər heç də aksiyanın mahiyyətinə uyğun adekvat olmayan cəza verərək, dinc, sərbəst toplaşma hüququndan istifadə edən şəxsləri cəmiyyət üçün təhlükəli cinayətkar hesab edib, həbsə göndərib.  Bu Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasına və onun tətbiqinə məkəmə nəzarəti həyata keçirən Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinə daban-dabana ziddir. 
Avropa Şurası son bir neçə ildir Ədliyyə Nazirliyi ilə Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək" layihəsinin icra edib, yüzlərlə hakimi və hakim namizədini məhz Avropa təcrübəsini tətbiq etmək üçün maarifləndirib, Strasburqa məhkəməyə aparıb. Ortaya çıxan nəticə isə əks effektlidir. Daha öncələri bu kimi dinc aksiyalara sadəcə müdaxilə sahədə olur, bir çox halda polis bu şəxsləri heç məkhəməyə gətirmədən bir yerdən alıb başqa bir yerdə buraxaraq, işini bitmiş hesab edirdi. İndi isə hakim önünə gətirilirlər və hakimlər hüququn legitimliyi aspektindən çox səhv qərarlar çıxarıb, kütləvi şəkildə təməl hüquqların mövcudluğunu yox sayırlar. Halbuki, həmin hakimlər Konstitusiya ilə hər kəsin sərbəst, dinc toplaşmaq hüququnun olduğunu və bu hüququn icazəli hüquq olmadığını bilməli idilər. Ən azından onlara bunu hüquq fakültələrində öyrətməyiblərsə, məhz həmin qatıldıqları və milyonlarla avro vəsait xərclənən Avropa Şurası təlimlərində öyrənmiş olmalı idilər. Bilməli idilər ki, “Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu”- deyən deputatların korrupsiya faktlarını öpt-bastır edəcək Qanun çıxarmaları təməl hüquq və azadlıqları məhdudlaşdırmaq üçün yetərli əsas ola bilməyəcək. Bütün bu gənclər gec də olsa haqqını alacaq. lakin, yekunda bu hakimlərin verdiyi yanlış qərarlrın cəzasını yenə Azərbaycan vergi ödəyiciləri- bizlər çəkəcəyik. Avropa Məhkəməsinin bu hüquqları tapdanan insanlara minlərlə avro kompensasiyası məhz büdcədən ödənəcək. 
Mənim ödədiyim vergi konstitusiyon  hüququ yanlış tətbiq edən hakimlərin səhvinə yox, ehtiyacı olan qocalara, oxumaq istəyən uşaqlara, yaşamaq istəyən xəstələrə sərf edilməlidir.