ifadə azadlığı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ifadə azadlığı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Aralık 2019 Çarşamba

«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir»

'Problem var ki, Miyatoviç 

onları dilə gətirib'

4 saat öncə

Ə.Məmmədli
«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir», – hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna bildirir. Onun sözlərinə görə, hesabatda ifadə azadlığı ilə bağlı cəmiyyəti ən çox narahat edən məqamlara toxunulub.
«Burda deyildiyi kimi, ifadə azadlığına yönəlik həbslər, son zamanlar məhkəmələrin veb-resursları bloklaması və ya ictimai-siyasi aktivlərin hansısa səbəblərdən inzibati və ya uzunmüddətli həbslərə atılması faktdır. Faktların dilə gətirilməsi onun obyektivliyindən xəbər verir. Hökumət bununla razılaşmasa da, bu belədir. Tutalım, hesabatda Seymur Həzinin, Əfqan Muxtarlının adları çəkilib. Seymur Həzi həbsdən çıxandan 39 gün sonra yenidən şərləndi və bir ay inzibatı həbsdə yatdı. Problem var ki, Miyatoviç onları dilə gətirib», – hüquqşünas qeyd edir.
Ə.Məmmədli daha bir məqamı önə çəkir, diffamasiya məsələsinə prezident İlham Əliyevin moratorium qoymağına baxmayaraq, onun geniş şəkildə tətbiq edildiyini bildirir. O, videobloqer Mehman Hüseynovun məhz bu səbəbdən 2 il həbs cəzası aldığını yada salır. Hətta ona ötən ilin sonunda əlavə ittihamların irəli sürüldüyünü, ancaq cəmiyyətin daha sərt etirazından sonra bu ilin əvvəlində onların ləğv edildiyini vurğulayır.
Hüquqşünas bəzi internet resursların bloklanmasına da toxunur. O, ölkədə «situasiya dəyişsə belə, bloklanmış resurslara çıxış məhduddur» deyir: «Məsələn, hamı bilir ki, AzadlıqRadiosu saytı obyektiv, alternativ resurs olduğuna görə məhdudlaşdırılıb. Meydan TV, Turan TV və başqa resurslar da onun kimi...».

«Yalandır» deməkdənsə...

Ə.Məmmədli də Azərbaycanda vəkil qıtlığı yaşandığını qeyd edir: «İki mənada vəkil qıtlığı var, həm fiziki, həm də tutum baxımından. Yəni, gerçək hüquq və azadlıqları müdafiə edənlər barmaqla sayılır. Vəkillərin özünün də ifadə azadlığına basqı var. Müvəkkilinin və ya pozulan hüquqları gündəmə gətirən vəkillərin ifadə azadlığına geniş basqı var. Hər hansı məsələ ilə bağlı açıqlamadan sonra dərhal onların Vəkillər Kollegiyasına üzvlük məsələsi müzakirəyə çıxarılır. Ən son Şəhla Hümbətova bu çərçivədə uzaqlaşdırılan vəkillərdən oldu və ya Elçin Sadıqlı, Nemət Kərimli ilə bağlı işlər başlayıb, onların uzaqlaşdırılması gündəmdədir».
Ümumilikdə Ə.Məmmədli hesab edir ki, Azərbaycan cəmiyyəti illərdir Avropa Şurası insan haqları komissarının hesabatda toxunduğu məsələlərin həllini gözləyir. Ona görə də hökumətin «Bu problem bizdə yoxdur, yalandır» deməkdənsə, vəd etdiyi islahatlar paketinə daxil edərək həll etməli olduğunu düşünür. O, həm media, həm məhkəmə-hüquq sistemində fundamental dəyişiklik gözləyir: «Hesabatdakı neqativlər düzəlməlidir, onları inkar etmək evdəki zibili palazın altına süpürməyə bənzəyir. Situasiya dəyişmədikcə, biz zibilin fəsadını ciyərlərimizdə hiss edəcəyik».
Ə.Kərimli
Ə.Kərimli

«Komissar Azərbaycan hökumətinin şantajından çəkinməməlidir»

«Dunya Miyatoviçin hesabatı korrektdir, ancaq həqiqətin hamısı deyil», – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə söyləyir. Onun yanaşmasına görə, hesabatda «həm siyasi məhbuslar, həm ifadə azadlığı ilə bağlı daha çox şey deyilməlidir».
«Təkcə bu il AXCP-nin 100 nəfərə yaxın fəalı şərlənərək inzibati həbs alıb. Onlar mitinq təşkilatçısı olduqlarına, ya da sosial şəbəkədə yazdıqlarına görə tutulublar. Fikirlərini ifadə etdiklərinə görə repressiyaya, cəzaçəkmə yerlərində işgəncəyə məruz qalıblar. Müxalif fikirli insanlar linc edilir, dözümsüzlük şəraiti yaradılır. Komissarın siyasi məhbuslar, ifadə azadlığı haqqında dedikləri doğrudur, amma hamısı deyil. Hökumətin bu məsələlərlə bağlı mövqeyi isə, əlbəttə, əsassızdır», – partiya sədri deyir.
Ə.Kərimli Vəkillər Kollegiyası haqda ayrıca danışır, bu qurumun repressiya aparatının tərkib hissəsinə çevrildiyini, Avropa Şurası insan haqları komissarının daha sərt mövqe nümayiş etdirməli olduğunu düşünür.
Partiya sədrinin iddiasına görə, dövlət səviyyəsində və Vəkillər Kollegiyasının iştirakıyla azadfikirli vəkillərə qarşı məqsədyönlü, planlı mübarizə aparılır. Ə.Kərimli bunu vəkil çatışmazlığı və ya bir neçə vəkilə təzyiq kimi göstərməyi doğru saymır.
O hesab edir ki, komissar Azərbaycan hökumətinin şantajlarından çəkinməməli, həqiqəti olduğu kimi ifadə etməlidir. Ə.Kərimli D.Miyatoviçin növbəti hesabatlarda sərbəst toplaşmaq azadlığının tamamilə aradan qaldırılması, işgəncənin xüsusi dövlət siyasətinə çevrilməsi haqda uca səslə danışacağını gözləyir.

Xatırlatma

Dekabrın 11-də Avropa Şurasının İnsan Haqları Komissarı Dunya MiyatoviçAzərbaycanda ifadə azadlığı, vəkillərlə bağlı son baş verənləri, məcburi köçkünlərin hüquqlarını əhatələyən hesabatını açıqlayıb. Komissar Azərbaycanda ifadə azadlığının qorunması üzrə böyük irəliləyiş əldə olunmadığını təəssüflə qeyd edir. Miyatoviç Azərbaycanda kəskin vəkil çatışmazlığının yaşandığını, bunun özəlliklə paytaxtdan kənarda hiss olunduğunu bildirir. O, bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqət çəkir, onların, əsasən, siyasi baxımdan həssas hesab olunan işlərə çıxdıqlarını vurğulayır.
Azərbaycan hökumətinin hesabata rəsmi münasibətində isə bu tənqidlər, əsasən, rədd olunur, qeyd edilir ki, «hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi hallar əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır».

3 Eylül 2019 Salı

Tofiq Yaqubluya edilən xəbərdarlıq nə qədər hüquqa uyğundur?

22 Avqust 2019-cu il tarixdə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama ilə[1] belə bir informasiya yaydı:"Baş Prokurorluqda aparılmış araşdırmalarla Bakı şəhər sakini Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyətəhrik olunmasına, habelə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyənləşdirilib." Sonra qeyd edilir ki: "bununla əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilib. Ona "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib." 
Daha sonra istiqamət bir az da genişləndirib: "Daxili İşlər Nazirliyi və Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edərək nəzərə çatdırır ki, ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıçağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır".
Açıqlama çox ciddi hüquqi mübahisələrə açıqdır. Bunların hər birini ayrıca qiymətləndirmək zəruridir. 
1. Prokurorluq və DİN sıradan vətəndaşı yox, Müsavat Partiyasının Divan üzvü və Mİlli Şuranın üzvünün fikirlərini təftiş edərək, ona xəbərdarlıq edib. Bu zaman "Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməsini"-əsas götürüb. Məlumdur ki, dövlətin icra qolu hökumətdir. Hökumətin siyasi apponenti isə müxalifət. Bir müxalifət siyasətçisi hökumətin həyata keçirdiyi tədbirləri təftiş edə, hətta daha sərt şəkildə tənqid edə bilər. Bu demokratik cəmiyyətdə ifadə azadlığının çərçivəsində olan davranışdır. Prokurorluğun hökumətin tənqidçisi olan müxalifət siyasətçisinə xəbərdarlıq etməsi siyasi proseslərə müdaxilə olmaqla bərabər, hüquqi çərçivədə müəyyən olunmuş səlahiyyətlərindən sui-istifadədir və ifadə azadlığına qanunsuz müdaxilə hesab edilir.
2. Konstitusiyanın 63-cü maddəsinin tələbi Prokurorluq orqanları və DİN əməkdaşları üçün də bağlayıcıdır. 63-cü maddənin V-ci bəndi: "Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz"- deyir. Halbuki, Prokurorluq və DİN-in birgə yaydığı bəyanatda: "Tofiq Yaqublunun ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyənləşdirilib"- deyilir. Bu əməl cinayət əməli hesab olunur. O, cəmiyyətə cinayət törətmiş şəxs kimi təqdim edilir. Onun pozduğu iddia edilən və prokurorluq tərəfindən sadalanan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci fəslində yer alan cinayətlərin təsvirinə uyğun gəlməkdədir. Prokurorluq məhkəmə araşdırması və qərarı olmadan Tofiq Yaqublunun "qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan məlumatlar yayan"- biri kimi cəmiyyətə təqdim edib və onun suçlu obrazını yaradıb.
3. Prokurorluq yəqin ki, xəbərdarlıq etmək təşəbbüsünü onun fəaliyyətini tənzimləyən Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununun 21-ci və 22-ci maddələrinə əsaslanıb. Lakin bir məqamı unutmaq olmaz ki, 21-ci maddədə nəzərdə tutulan xəbərdarlığı "Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada" - edə bilər. Müxalifətin siyasi simalarının iqtidarın fəaliyyətini tənqid etməsi, onu bəyənməməsi, hətta ona qarşı kontur-arqumentlər gətirərək, cəmiyyətə, öz tərəfdaşlarına fərqli mesaj verməsi ifadə azadlığı çərçivəsində qiymətləndirilməlidir. İfadə azadlığının çərçivəsini müəyyən edən qanunların heç birində məhkəmə istisna olmaqla, heç bir qurumun şəxslərin ifadə azadlığına birbaşa müdaxilə səlahiyyəti yoxdur, o cümlədən prokurorluğun. Müdaxilə, yalnız qanunla müəyyən edilən çərçivədə mümkündür.
4. Qanunla müəyyən edilən çərçivə Konstitusiyanın 47 və 50-ci maddələrinin məhdudlaşdırmasını nəzərdə tutan 2002-ci ildə qəbul edilmiş "İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair" Konstitusiya Qanununda müəyyən edilib. Avropa İnsan Hüquqları Konvensiyası da Azərbaycan Parlamenti tərəfindən ratifikasiya edildiyinə görə onun 10-cu maddəsi birbaşa ölkəmizdə hüquqi qüvvədədir. 30 mart 2006-cı il tarixli, 5 saylı Azərbaycan Respublikası Ali Məh­kə­mə­sinin Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hü­quq­la­rı­nın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müd­dəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin pre­se­dentlərinin tətbiqi haqqında" Qərarı da məhkəmələrə bu çərçivəyə sadiq qalmağı tövsiyə edir.
5. 10-cu maddənin qoruduğu ifadə azadlığı Avropa İnsan Hüquqları Məhkəməsinin yurdiksiyası altında olduğuna görə, ifadə azadlığına müdaxilələr həm də AHİM-in qərarları çərçivəsində qiymətləndirilməlidir. Avropa Məhkəməsinin 10-cu maddədə qorunan ifadə azadlığı ilə bağlı təcrübəsinə nəzər saldıqda, aydın görünür ki, Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsindəki fikirləri ifadə azadlığı çərçivəsində qiymətləndirilməlidir. Çünki, AİHM-in 2009-cu ildə "Times Newspapers Ltd Birləşmiş Krallığa qarşı (№1 və №2)" işində elektron informasiya sistemlərini də informasiya yayılan məkan kimi ifadə azadlığının əhatə dairəsində qiymətləndirib. Avropa İnsan Hüquqları Məhkəməsi ifadə azadlığını onun əhəmiyyətini yalnız birbaşa deyil, həmçinin demokratiya və digər insan hüquqlarının təməli olmasını vurğulamaqla, fundamental insan hüququ kimi qiymətləndirir. Məhkəmə tez-tez (Lingens Avstriyaya qarşı, 1986, §42) işinə isnad edir və bildirir ki: "Umumiyyətlə, siyasi müzakirələr azadlığı Konvensiya vasitəsilə üstün tutulan demokratik cəmiyyətin əsas özəyini təşkil edir" və "10-cu maddənin 2-ci paraqrafı təkcə təhqiramiz və ya laqeyidlik halı kimi qəbul edilən və ya hesab edilən "informasiya" və ya "ideyalara" deyil, həm də təhqir edən, şoka salan və ya narahat edən informasiya və ideyalara şamil edilir. Plüralizm, tolerantlıq və liberallığın tələbləri bu şəkildədir və bunlarsız "demokratik cəmiyyət" mövcud ola bilməz...". 
Avropa İnsan Hüquqları Məhkəməsi siyasi xarakterli bəyanatların, həmçinin qanuni ictimai maraq doğuran geniş məsələlərlə bağlı bəyanatların qorunmasını xüsusilə vurğulayır. Bir çox işlərdə Məhkəmə hökumətin məsuliyyətini təşviq edən bəyanatlar, siyasi müzakirələr və pozuntularla bağlı sərt və açıq tənqidi məlumatların verilməsi hüququnu dəstəkləyir.
6. Birgə açıqlamanın sonunda bildirilib ki, "...dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib". Burada bir sual yaranır: "dövlətin (oxu: hökumətin) həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılması əgər cinayət məsuliyyəti yaradan əməldirsə, nədən şəxs barəsində dərhal cinayət işi başlanmır, gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmə ilə hədələnir? Prokuroruq orqanları qanunların tələbinə istisnasız əməl etməlidirlər. Əgər ortada cinayət əməli varsa dərhal həmin əmələ görə cinayət işi başlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 38.1 maddəsinin tələbi də bu yöndədir: "Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar".
7. Birgə açıqlamada "Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə" bir sıra hüquq pozuntusuna yol verdiyi və hətta gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə biləcək pozuntulara yol verdiyi iddia edilsə də, konkret olaraq Tofiq Yaqublunun hansı tarixli ifadəsinin, hansı yazısının, hansı düşüncəsinin bu nəticəni yaratdığına dair heç bir sübut təqdim edilmir. Heç bir çıxarışdan, məqalədən sitat gətirilmir. Bu da aydın şəkildə göstərir ki, ortada sübut olmadan, ümumi şəkildə şəxsin günahlandırılması var və bu xəbərdarlıq əslində siyasi məqsəd daşıyır. Şəxsin siyasi ifadə azadlığına açıq şəkildə müdaxiləyə yol verilir.
Ələsgər Məmmədli
http://www.turan.az/ext/news/2019/9/free/analytics/az/121129.htm 

8 Şubat 2017 Çarşamba

Lapşinin Azərbaycana iadəsinə münasibət

Bloger Lapşının Azərbaycana iadə edilməsi müxtəlif yanaşmalarla gündəmə gəlir.


Mən bu məsələnin ifadə azadlığı çərçivəsində qiymətləndirilməsinə toxunmaq istəyirəm. Lapşin Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərini qanunsuz pozmaq və  ərazi bütövlüyünü şübhə altına alan açıqlamalarla gündəmə gəlib. Yerli və beynəlxalq qanunvericiliyə əsasən məsləyindən asılı olmayaraq, hər kəs bu pozuntuya görə məsuliyyət daşıya bilər.
İfadə azadlığı mütləq azadlıq deyil və müəyyən legitim mənafelər baxımından məhdudlaşdırıla bilər. Bu legitim mənafelərdən biri də “ərazi bütövlüyü” anlayışıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsi ifadə azadlığını qoruyur, 2-ci hissəsi isə ifadə azadlığının konkret  hansı hallarda qanunla legitim mənafelər üçün məhdudlaşdırıla biləcəyini göstərir. Bu mənafelərdən biri də “Milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş”- çərçivəsidir.  
Mən Lapşının Azərbaycana iadəsini hüquqi baxımdan mübahisəli məsələ kimi görmürəm. Çünki o bir neçə dəfə Azərbaycanın rəsmi ərazisinə Azərbaycan tərəfinə xəbər vermədən və razılıq almadan daxil olub, Azərbaycanın ərazi bütövlüyünü davranış və deyimləri ilə şübhə altına alıb, bir sözlə qanunvericiliyə görə suç işləyib.  Suç işləyən bunu bilərəkdən, qsədən işədiyinə görə məsuliyyətini dərk etməli və daşımalıdır.
 Yəqin ki, bu qərarın qəbul olunmasında siyasi münasibətlərin də rolu olub. Amma bu rol, qanunun işləməsi lehinə oynanan roldur.
Bu proses Azərbaycanın ərazilərində qondarma “dövlət” qurduğunu düşünən tərəfə də, bu saxta rejimlə əməkdaşlıq edən tərəflərə də, fərdlərə də bir xəbərdarlıqdır.
Sadəcə təəssüf ediləcək məqamlar da var. Məsələn Rusiyanın rəsmi TV kanalları, onların jurnalistləri tez-tez İcazəsiz olaraq Azərbaycan ərazisinə belə səfərlər edir, həmin saxta rejimi də bəh-bəhlə təqdim edir. Lakin, həmin jurnalistlərə, TV kanallarına qarşı nəyinki cinayət işi açılır, hətta həmin kanallar Milli Televiziya və Radiosu Şurası tərəfindən kabel televiziyalarına retranslyasiya ediləcək nümunəvi efir kimi təqdim edilir. Dövləti dövlət yapan onun sistemli olmasında, hüququn aliliyinin, qanunların üstünlüyünün qorunmasında, hər kəsə bərabər davranmasındadır.  Bunu hər bir məmur qulağında sırğa etməlidir.  

    

8 Eylül 2016 Perşembe

Referendum aktı ifadə azadlığını və informasiyaya çatımlılığı təhlükəyə atır

Konstitusiyaya əlavə və dəyişiklik üçün 26 sentyabr 2016-cı ildə referendum təyin edilməsi və Referendum aktının səsverməyə çıxarılması bir çox istiqamətdə ciddi müzakirələrin aparılmasını zəruri edir.

Konstitusiya dövlətin vətəndaşla dövlət hakimiyyəti qurumlarının münasibətini tənzimləyən, fərdlərin hüquqlarının sərhədlərini və qurumların səlahiyyət çərçivəsini müəyyən edən əsas toplumsal müqavilədir. Bu sənəd cəmiyyətdə mövcud olan münasibətlərin təməli olduğuna görə ona ANA YASA da deyilir. Belə demək mümkündürsə, bütün qanunların ANASI.  Odur ki, bu sənədi güncəl siyasi qayğılarla tez-tez zədələmək, onun ruhuna uyğun olmayan əlavə və dəyişiklik etmək yolverilməzdir. Xüsusilə də bu sənədə hər hansı dəyişiklik, əlavə ehtiyacı yaranarsa, bu ancaq cəmiyyətin sifarişi kimi ortaya çıxmalı, cəmiyyət tərəfindən ciddi müzakirə edilməlidir.
Təklif edilən referendum aktı bir çox aspektlərdən Konstitusiyanın özünə və Azərbaycanın qoşulduğu, rəsmi şəkildə ratifikasiya edib, qanunvericiliyinin mənbəyi halına gətirdiyi Konvensiyalarla ziddiyyət təşkil edir. Məhz bunu nəzərə alaraq, bu yazımla Konstitusiya aktının ifadə və informasiya azadlığı baxımından yaradacağı problemləri açmaq, toplumun diqqətinə çatdırmaq istəyirəm.

Referendum aktı ilə Konstitusiyaya 29 müxtəlif dəyişiklik və ya əlavə nəzərdə tutulur. Onların 14-ü birbaşa Konstitusiyanın III fəslində yer alan əsas insan hüquq və azadlıqlarını hədəf alıb. Bu fəslin ən təməl özəlliyi onu kənar müdaxilələrdən qoruyan immunitetin Konstitusiyanın özündə nəzərdə tutulmasıdır. Konstitusiyanın 155-ci maddəsi referenduma çıxarılacaq dəyişikliklərə dair təklif təşəbbüsünün məhdudlaşdırılmasını nəzərdə tutur və “Konstitusiyanın III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”-deyərək bu imuniteti yaradır.

Dəyişiklik və əlavələrin nəzərdə tutulduğu 32-ci maddə şəxsi toxunulmazlıq hüququna, 47-ci maddə fikir və söz azadlığına, 49-cu maddə sərbəst toplaşmaq azadlığına, 57-ci maddə müraciət etmək hüququna, 59-cu maddə birləşmək hüququna, habelə  68 və 71-ci maddələr birbaşa yaxud dolayısı ilə ifadə və informasiya azadlığına toxunur. 

32-ci maddəyə əlavə edilməsi nəzərdə tutulan VI-cı bənd: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”-deyərək, informasiya açıqlığı prinsipi anlayışını alt-üst edir. Məsələ bundadır ki, qanunla göstərilən məhdudiyyətlər istisna olmaqla informasiyalar açıq olmalıdır. Açıqlıq təməl prinsipdir. Açıqlığın istisnası qanunla qorunan mənafeləri göstərən məhdudiyyətlərdir. Qanun məhdudiyyətlərin siyahısını və sərhəddini müəyyən edə bilər. Bu sərhədlərdən biri də şəxsin özəl həyatına dair informasiyalardır.
Konstitusiyanın 32-ci maddəsinin 3-cü bəndində bu aydın göstərilib: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir”. Belə olan halda, hər hansı özəl həyat qeydi olmadan “üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”- demək və üçüncü şəxslər haqqında harada (elektron formada və ya kağız üzərində) olmasından asılı olmayaraq məlumat almanı qadağan etmək, bütünlüklə 3-cü şəxslər haqqında ictimai əhəmiyyət daşıyan informasiyaların da alınmasını məhdudlaşdırmağa şərait yaradacaq. Ayrıca, buradakı üçüncü “şəxslər” ifadəsi hüquqda çox geniş anlaşılır və həm fiziki şəxsləri, həm də hüquqi şəxsləri əhatə edir. Halbuki, 32-ci maddənin adı “şəxsi toxunulmazlıq hüququ”dur və burada məqsəd şəxslərin (hüquqi və fiziki şəxslər) yox, fərdin (individual şəxsin) toxunulmazlıq hüququnu təminat altına almaqdır.  
Bu bəndin 32-ci maddəyə əlavə edilmə qayğısının haradan gəldiyini təxmin etmək çətin deyil. Bilindiyi kimi, 12 iyun 2012-ci il tarixli 381-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Kommersiya sirri haqqında Qanuna və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanuna məhdudlaşdırıcı norma gətirildi. “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə” - məlumatlar kommersiya sirri hesab edildi. Təsisçilər, iştirakçılar fiziki şəxs olduqda bunların adları fərdi məlumatlardır. Deməli, konkret bu halda fərdi məlumatları qanun kommersiya sirri kimi əlavə qoruma altına alıb.
Bəllidir ki, son vaxtlar müasir İKT-dan istifadə edən beynəlxalq jurnalist şəbəkələri və qrupları dünyanın müxtəlif ölkələrində xüsusilə siyasətçilərin və idarəetmə səlahiyyəti olan şəxslərin qanunsuz gəlirlərini, korrupsiya faktlarını aşikar edən sənədələri ortaya çıxararaq, onların “ictimai nüfuz”unu ciddi zərbə altında qoya bilirlər. Bu “gizli” sənədlərin əldə olunması ilə müxtəlif qanunsuz biznes şəbəkələrinin, qara pul axınının ifşa olunması asanlaşır. 32-ci maddəyə belə bir bəndin əlavə edilməsi yəqin ki, daha sonra bu davranışların ciddi hüquqi, o cümlədən cinayət məsuliyyəti yaratması ilə nəticələnəcək və ictimai əhəmiyyət daşıyan informasiyalara çıxışı məhdudlaşdırmanı hədəfləyəcək.
İnformasiya əldə etmək hüququ bir çox təməl insan hüquq və azadlığı üçün açar rolu oynayan ifadə azadlığı hüququnun ayrılmaz parçasıdır. Legitim hüquqi əsas olmadan bu azadlığın məhdudlaşdırılması yolverilməzdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi birbaşa ifadə azadlığını qoruyur və demokratik cəmiyyətlərdə ona hansı əsaslarda müdaxilə edilə biləcəyinin zəruriliyini və bu müdaxilənin sərhədlərini göstərir.
3-cü şəxslərin özəl həyatına aid olmayan, ictimai əhəmiyyət daşıyan məlumatlarına çatımlılığı məhdudlaşdıran istənilən tənzimləmə Konvensiyaya ziddir.
İnformasiya toplamaq və yaymaq istəyən hər hansı jurnalist yaxud QHT aktivisti üçün korrupsiyaya bulaşmış siyasətçi və ya məmur 3-cü şəxsdir. Həmin 3-cü şəxsin qanunsuz əməlini üzə çıxarmaq istəyən araşdırmaçı jurnalist, onun qanunsuz təsisçiliyi, yaxud hansısa terroru maliyyələşdirmədə şübhəli qurumdakı payını öyrənmək məqsədi ilə elektron bazada olan və ciddi ictimai əhəmiyyət daşıyan informasiyaları əldə edə bilməlidir. Yerli qanunvericilik bu informasiyaları  legitim əsas olmadan məhdudlaşdırıb. Bəzən jurnalistlər dolayılı yollarla bu qanunsuz əməlləri aşikarlayan informasiyaları əldə edərək, bu şəxslərin  kirli bağlarını ortaya çıxara bilər.
İndiki bu tənzimləmə ictimai əhəmiyyət daşıyan və qanunsuzluqların önlənməsinə xidmət edən bu tip halların da qarşısını almağa, ictimai informasiyaya çatımlılığı aradan qaldırılmağa xidmət edir. 32-ci maddəyə bunun əlavə edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmaqdır. Konstitusiyanın 155-ci maddəsinə görə bu mahiyyətdə olan müddəa referenduma çıxarıla bilməz.  
32-ci maddəyə əlavə ədilən VII-ci  bəndin mahiyyəti də tam aydın ifadə edilməyib və hansı məqsədlə Konstitusiya maddəsi halına gətirildiyi anlaşılmır. Çünki, mövcud 32-ci maddənin  III-cü bəndində çox açıq şəkildə “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir” deyərək, bütünlüklə şəxsi həyata dair informasiyalara çıxışı və onların toplanıb yayılmasını məhdudlaşdırıb.  Belə olan halda şəxsi həyatın bir hissəsini yenidən xüsusi vurğulamaq və İKT  vasitələrini saymaqla göstərməyin heç bir konstitusion anlamı yoxdur. Məlumatın toplanması qadağandırsa, bütün vasitələr qadağandır. Belə anlaşılır ki, bu gün informasiya texnologiyalarının qeyd edilməsi, bir ildən sonra fərqli bir dəyişiklik ehtiyacı yarada bilər. Məsələn, “məlumatın saxlandığı otağa girərək” əldə edilməsi kimi bir qadağa təklifi.
Məsələnin bir başqa aspekti də budur ki, əgər siz Konstitusiyaya yazılırsa ki, “...informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz”, o zaman belə çıxır ki, “şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatlar”- informasiya texnologiyaları istifadə edilməyən vasitələrlə, məsələn yazılı mətbuatda, çap vərəqələrində, şifahi formada toplantılarda və s. formalarda yayıla bilər.  
32-ci maddənin adından da göründüyü kimi burada məqsəd şəxsi toxunulmazlıq hüququnun sərhəddini və dövlət təminatı altında olmasını göstərməkdir. Vasitələrin sayılması bu maddənin və ümumiyyətlə konstitusiyanın  mahiyyətindən  uzaqlaşmaqdır.

http://freeeconomy.az/blog/referendumifadeazadligi/

7 Nisan 2016 Perşembe

Ələsgər Məmmədli ifadə azadlığı barədə Amerikanın Səsinə müsahibə verir

http://www.amerikaninsesi.org/a/media/3261017.html

Ələsgər Məmmədli ifadə azadlığı barədə Amerikanın Səsinə müsahibə verir


Ələsgər Məmmədli ifadə azadlığı barədə Amerikanın Səsinə müsahibə verir

4 Eylül 2015 Cuma

Jurnalist Rasim Əliyev İfadə azadlığı qurbanıdır

Jurnalist Rasim Əliyevin öldürülməsindən sonra şübhəli şəxs kimi həbs olunalardan birinın- futbolçu Cavid Hüseynovun vəkilinin mediada yayılan açıqlaması  sosial şəbəkədə diqqətimi çəkdi. Vəkil, israrla bu hadisənin məişət zəminində baş verdiyini önə çəkərək Avropa Şurasının baş katibi cənab Torbyorn Yaqlandı  ittiham edir.
Bir vəkil müvəkkilinin hüquqlarını qorumalıdır. Bu doğru. Lakin, hüquqlarını qorumaq yerinə onun vəziyyətini daha da çıxılmaza salmamalıdır.
Jurnalist Rasim Əliyev ictimai-siyasi proseslərdə hər zaman öndə olan jurnalist idi. Onun aksiyalarda jurnalist fəaliyyətinə görə döyüldüyünü, həbs olunduğunu, zorakılığa məruz qaldığını göstərən onlarla kadrlar var və internetdə xırda bir görüntülü axratış verməklə bunları görmək mümkündür. Ayrıca, “Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu”nun (RATİ) 2014-cü ilin payızında Ədliyyə Nazirliyinə təqdim etdiyi sənədlərdə də  jurnalist Rasim Əliyevin “Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu”nun (RATİ) direktoru kimi son ümumi yığıncaqda seçildiyi bəlli olub və  qurumun digər əməkdaşları tərəfindən də təsdiq edilib. Yəni öldürülən şəxsin həm www.ann.az saytının jurnalistı olması, həm RATİ-nin son direktoru olması faktdır.
Onun jurnalist fəaliyyətinə görə öldürülmədiyi iddiasına gəldikdə, bu iddia təəssüf ki, media hüququ ilə məşğul olmayan bəzi hüquqşünasları çaşdırır. Əslində yerli qanunvericiliyə baxdığımızda bu sualın da cavabı çox netdir. Rasim Əliyev söz azadlığının qurbanı olub. Fikir və Söz azadlığı (ifadə azadlığı) Konstitusiyanın 47-ci maddəsində qorunur. “Hər kəsin öz fikir və söz azadlığı vardır.  Gördüyünüz kimi jurnalistin yox, hər kəsin hüququdur bu. Konstitusiyanın 50-ci maddəsi isə Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır”- deyir. Burda da hər kəsin istədiyi məlumatı yaymaq azadlığına təminat verilib. Rasim Əliyev hətta jurnalist olmasa belə onun fikirlərini ifadə etdiyinə görə öldürüldüyü danılmaz bir həqiqətditr. Onu döymək üçün sifariş verən və döyməyə gələn şəxslər məişət zəminində təsadüfən hadisə yerində gəlməyiblər, Cavidin xoşuna gəlməyən ifadələrini Rasimə “yedirtmək” üçün ona tələ qurub, namərdçə çay içmək adı altında  ora çağırıblar və  döyüb öldürüblər.
İndi Rasimin internetdə yayılan ifadəsi nədir?
Cənab vəkil, cənab Torbyorn Yaqlanda məktub yazmadan öncə gərək ölkə qanunlarına bir də göz ataydı ki, onun qanunvericilik bilgisi şübhə ilə qarşılaşmayaydı.  7 dekabr 1999-cu il taixdə qəbul edilən № 769-IQ saylı Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi Əsas anlayışları təsvir edir. “Kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları; 
Maddədən göründüyü kimi, İnternetin KİV sayıldığını qanun deyir. Rasimin internetdə yayılan ifadəsi KİV-də yayılan ifadədir. KİV-də jurnalistlər istənilən formada məlumat yaya bilir. Bu fəktları əhatə edən xəbər olduğu kimi, fakt olmayan rəylər də ola bilər. Rasimin KİV-də yayılan rəyinə görə öldürülməsi faktdır. Cənab Torbyorn Yaqland da bunu deyib.
Cənab vəkil əgər  Yaqlandın fikirlərindən narahat olubsa, Prezidentin köməkçisi cənab Əli Həsənov tərəfindən açıqlanan Azərbaycan Prezidentinin fikirlərini də oxusun:  Azərbaycan Prezidenti “bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd etmişdir ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir
Azərbaycan Prezidenti də hadisəni məişət zəminində bir münaqişə kimi görməyib, “söz və məlumat azadlığına təhlükə və təhdid” kimi qiymətləndirib. Odur ki, hadisənin mahiyyətini dəyişməyə cəhdlər etmək təəssüf doğurur.