22 Avqust 2019-cu il tarixdə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama ilə[1] belə bir informasiya yaydı:"Baş Prokurorluqda aparılmış araşdırmalarla Bakı şəhər sakini Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyətəhrik olunmasına, habelə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyənləşdirilib." Sonra qeyd edilir ki: "bununla əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilib. Ona "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib."
Daha sonra istiqamət bir az da genişləndirib: "Daxili İşlər Nazirliyi və Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edərək nəzərə çatdırır ki, ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır".
Açıqlama çox ciddi hüquqi mübahisələrə açıqdır. Bunların hər birini ayrıca qiymətləndirmək zəruridir.
1. Prokurorluq və DİN sıradan vətəndaşı yox, Müsavat Partiyasının Divan üzvü və Mİlli Şuranın üzvünün fikirlərini təftiş edərək, ona xəbərdarlıq edib. Bu zaman "Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməsini"-əsas götürüb. Məlumdur ki, dövlətin icra qolu hökumətdir. Hökumətin siyasi apponenti isə müxalifət. Bir müxalifət siyasətçisi hökumətin həyata keçirdiyi tədbirləri təftiş edə, hətta daha sərt şəkildə tənqid edə bilər. Bu demokratik cəmiyyətdə ifadə azadlığının çərçivəsində olan davranışdır. Prokurorluğun hökumətin tənqidçisi olan müxalifət siyasətçisinə xəbərdarlıq etməsi siyasi proseslərə müdaxilə olmaqla bərabər, hüquqi çərçivədə müəyyən olunmuş səlahiyyətlərindən sui-istifadədir və ifadə azadlığına qanunsuz müdaxilə hesab edilir.
2. Konstitusiyanın 63-cü maddəsinin tələbi Prokurorluq orqanları və DİN əməkdaşları üçün də bağlayıcıdır. 63-cü maddənin V-ci bəndi: "Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz"- deyir. Halbuki, Prokurorluq və DİN-in birgə yaydığı bəyanatda: "Tofiq Yaqublunun ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyənləşdirilib"- deyilir. Bu əməl cinayət əməli hesab olunur. O, cəmiyyətə cinayət törətmiş şəxs kimi təqdim edilir. Onun pozduğu iddia edilən və prokurorluq tərəfindən sadalanan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci fəslində yer alan cinayətlərin təsvirinə uyğun gəlməkdədir. Prokurorluq məhkəmə araşdırması və qərarı olmadan Tofiq Yaqublunun "qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan məlumatlar yayan"- biri kimi cəmiyyətə təqdim edib və onun suçlu obrazını yaradıb.
3. Prokurorluq yəqin ki, xəbərdarlıq etmək təşəbbüsünü onun fəaliyyətini tənzimləyən Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununun 21-ci və 22-ci maddələrinə əsaslanıb. Lakin bir məqamı unutmaq olmaz ki, 21-ci maddədə nəzərdə tutulan xəbərdarlığı "Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada" - edə bilər. Müxalifətin siyasi simalarının iqtidarın fəaliyyətini tənqid etməsi, onu bəyənməməsi, hətta ona qarşı kontur-arqumentlər gətirərək, cəmiyyətə, öz tərəfdaşlarına fərqli mesaj verməsi ifadə azadlığı çərçivəsində qiymətləndirilməlidir. İfadə azadlığının çərçivəsini müəyyən edən qanunların heç birində məhkəmə istisna olmaqla, heç bir qurumun şəxslərin ifadə azadlığına birbaşa müdaxilə səlahiyyəti yoxdur, o cümlədən prokurorluğun. Müdaxilə, yalnız qanunla müəyyən edilən çərçivədə mümkündür.
4. Qanunla müəyyən edilən çərçivə Konstitusiyanın 47 və 50-ci maddələrinin məhdudlaşdırmasını nəzərdə tutan 2002-ci ildə qəbul edilmiş "İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair" Konstitusiya Qanununda müəyyən edilib. Avropa İnsan Hüquqları Konvensiyası da Azərbaycan Parlamenti tərəfindən ratifikasiya edildiyinə görə onun 10-cu maddəsi birbaşa ölkəmizdə hüquqi qüvvədədir. 30 mart 2006-cı il tarixli, 5 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Qərarı da məhkəmələrə bu çərçivəyə sadiq qalmağı tövsiyə edir.
5. 10-cu maddənin qoruduğu ifadə azadlığı Avropa İnsan Hüquqları Məhkəməsinin yurdiksiyası altında olduğuna görə, ifadə azadlığına müdaxilələr həm də AHİM-in qərarları çərçivəsində qiymətləndirilməlidir. Avropa Məhkəməsinin 10-cu maddədə qorunan ifadə azadlığı ilə bağlı təcrübəsinə nəzər saldıqda, aydın görünür ki, Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsindəki fikirləri ifadə azadlığı çərçivəsində qiymətləndirilməlidir. Çünki, AİHM-in 2009-cu ildə "Times Newspapers Ltd Birləşmiş Krallığa qarşı (№1 və №2)" işində elektron informasiya sistemlərini də informasiya yayılan məkan kimi ifadə azadlığının əhatə dairəsində qiymətləndirib. Avropa İnsan Hüquqları Məhkəməsi ifadə azadlığını onun əhəmiyyətini yalnız birbaşa deyil, həmçinin demokratiya və digər insan hüquqlarının təməli olmasını vurğulamaqla, fundamental insan hüququ kimi qiymətləndirir. Məhkəmə tez-tez (Lingens Avstriyaya qarşı, 1986, §42) işinə isnad edir və bildirir ki: "Umumiyyətlə, siyasi müzakirələr azadlığı Konvensiya vasitəsilə üstün tutulan demokratik cəmiyyətin əsas özəyini təşkil edir" və "10-cu maddənin 2-ci paraqrafı təkcə təhqiramiz və ya laqeyidlik halı kimi qəbul edilən və ya hesab edilən "informasiya" və ya "ideyalara" deyil, həm də təhqir edən, şoka salan və ya narahat edən informasiya və ideyalara şamil edilir. Plüralizm, tolerantlıq və liberallığın tələbləri bu şəkildədir və bunlarsız "demokratik cəmiyyət" mövcud ola bilməz...".
Avropa İnsan Hüquqları Məhkəməsi siyasi xarakterli bəyanatların, həmçinin qanuni ictimai maraq doğuran geniş məsələlərlə bağlı bəyanatların qorunmasını xüsusilə vurğulayır. Bir çox işlərdə Məhkəmə hökumətin məsuliyyətini təşviq edən bəyanatlar, siyasi müzakirələr və pozuntularla bağlı sərt və açıq tənqidi məlumatların verilməsi hüququnu dəstəkləyir.
6. Birgə açıqlamanın sonunda bildirilib ki, "...dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib". Burada bir sual yaranır: "dövlətin (oxu: hökumətin) həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılması əgər cinayət məsuliyyəti yaradan əməldirsə, nədən şəxs barəsində dərhal cinayət işi başlanmır, gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmə ilə hədələnir? Prokuroruq orqanları qanunların tələbinə istisnasız əməl etməlidirlər. Əgər ortada cinayət əməli varsa dərhal həmin əmələ görə cinayət işi başlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 38.1 maddəsinin tələbi də bu yöndədir: "Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar".
7. Birgə açıqlamada "Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə" bir sıra hüquq pozuntusuna yol verdiyi və hətta gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə biləcək pozuntulara yol verdiyi iddia edilsə də, konkret olaraq Tofiq Yaqublunun hansı tarixli ifadəsinin, hansı yazısının, hansı düşüncəsinin bu nəticəni yaratdığına dair heç bir sübut təqdim edilmir. Heç bir çıxarışdan, məqalədən sitat gətirilmir. Bu da aydın şəkildə göstərir ki, ortada sübut olmadan, ümumi şəkildə şəxsin günahlandırılması var və bu xəbərdarlıq əslində siyasi məqsəd daşıyır. Şəxsin siyasi ifadə azadlığına açıq şəkildə müdaxiləyə yol verilir.
Ələsgər Məmmədli
http://www.turan.az/ext/news/2019/9/free/analytics/az/121129.htm
Hiç yorum yok:
Yorum Gönder