In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
Azərbaycan Respublikası Konstitusiyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Azərbaycan Respublikası Konstitusiyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
11 Aralık 2019 Çarşamba
Red Line- Fərhad Mehdiyevlə Konstitusiya Məhkəməsinin növbədənkənar Parlament seçkilərinə dair qərarını müzakirə etdik.
https://youtu.be/A_H60tZc2vw
15 Aralık 2016 Perşembe
Internet və şəxsin özəl həyatı
Ələsgər Məmmədli
Qeyd: Bu yazı 2016-cı il referendumundan öncə yazılıb.
Internet və şəxsin özəl həyatı
Şəxsin
cəmiyyətdəki ad-sanını, hörmətini və şəxsiyyətini qoruyan və inkişaf
etdirən dəyərlərin hamısı şəxsin özəl həyatını təşkil edən dəyərlər
olaraq qəbul edilir və qorunur. Şəxsin özəl həyatının qorunmasının
məqsədi onun fərdi inkişafına imkan yaratmaq, şəxsin özü və yaxınları
ilə yalnız qala biləcəyi, başqa insanlar və dövlət tərəfindən rahatsız
edilməyəcəyi özəl bir dünya, bir həyat sahəsi, bir muxtariyyət yaratmaqdır.
İnsanlar
özlərinə aid olay və ya bilgilərin başqa insanlar tərəfindən duyulmasını,
bilinməsini, öyrənilməsini istəmirlər. Onların özəl həyatlarını
qoruma haqqı var. İnsanlar sadəcə ailələri, yaxınları, dostları
ilə özlərinin seçdiyi məkan içində yaşamaq istəyir, həyatlarının
başqaları tərəfindən bilinməsini istəmirlər. Hər kəs düşüncələrinin,
söylədiklərinin, hərəkətlərinin hamısının özəl və gizli sahədə
qalmasını arzu edər. Öz həyatına müdaxilə edilməsini istəməyənlərin
başqa insanların özəl həyatlarına da hörmət etmək borcu yaranır.
Özəl həyat zamana, məkana hətta şəxsdən-şəxsə dəyişdiyindən konkret
hallarda özəl həyatın qorunan dairəsini müəyyən etmək asan deyil.
Konstitusiyanın
32-ci maddəsinə görə hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq
hüququ var. Qanunda göstərilən hallardan başqa şəxsi həyata qarışmaq
qadağandır. Qanunvericilik hansı məlumatların şəxsi həyat məlumatları,
bunlardan hansının gizli saxlanılan məlumatlar olduğunu birbaşa
göstərməyib.
İnsanın
şəxsi həyatının üç başlıca sahədən formalaşdığı qəbul edilir.
Şəxsin ümumi həyat sahəsi:
ümumi həyat sahəsi başqaları
tərəfindən bilinməsi mümkün olan, cəmiyyətə açıq bilgiləri əhatə
edir. Buna misal olaraq, şəxsin kinoya, teatra, idman yarışlarına
baxmağa getməsi, bağda gəzintiyə çıxması, bazara getməsi və s.
şəxsin ümumi həyat sahəsinə aid olaylardır. Ümumi həyat şəxsin sosial
həyatı, yəni, başqa insanlarla ünsiyyət qurmasını təmin edən «xarici
həyat» sahəsidir. Digər iki sahədən fərqli olaraq şəxsin ümumi həyat
sahəsi barədə məlumatların gizliliyi hüquqla qorunmur.
Şəxsin özəl həyat sahəsi:
şəxsin özəl əlaqələri, ailəsi,
tanışları, yaxınları və s. bu kimi şəxslərlə paylaşdığı bilgilər
şəxsin özəl həyat sahəsidir. Hər kəs özəl həyata aid bilgiləri gizli
saxlamaq istəyir. Şəxsin özəl həyat sahəsi gizli həyat sahəsinə
nisbətən daha açıq ola bilər. Lakin bu məhdud açıqlıqdır, hər kəs tərəfindən
bilinmə demək deyil. Belə bilgilər bəlli sayda və ya bəlli meyrlara
uyğun insanlarla (məsələn, həkim, vəkil və s.) bölüşdürülə bilər.
Bu sahəyə girən bilgiləri üçüncü şəxslər bildikdə özəl həyat pozulmuş
olur. Özəl həyat şəxsin peşə həyatı, ailə həyatı, yəni qapısını bağlayıb
yaşadığı «daxili həyatı»dır. Məsələn, şəxsin kiminlə nişanlandığı,
yaxud dostluq etdiyi onun özünü və bəlli şəxsləri maraqlandıran məsələdir,
onun özəl həyat sahəsinə aiddir.
Şəxsin gizli həyat sahəsi:
gizli həyat sahəsi şəxsin
başqaları tərəfindən bilinməsini, öyrənilməsini istəmədiyi
davranış və hadisələrdən formalaşan sahədir. Şəxs gizli həyat sahəsinə
girən bilgiləri ən yaxın adamlarına (ana, ata, ər, arvad, qardaş, bacı,
sirdaş) söyləyə, yaxud bunları heç kimlə bölüşməyə bilər. Belə bilgilərə
şəxsin gizli duyğu və fikirləri, ümidləri, qorxuları, arzuları,
həyat hadisələri, intim həyatı, gizli saxladığı düşüncələri, dini
inancı, ailə münasibətləri kimi daxili aləminə aid məlumatlarla
yanaşı, şəxsin yazışmaları (eşq məktubu, elektron söhbəti, teleqraf,
xatirə dəftəri və s.) kimi xarici mühitlə əlaqəli məlumat və hadisələr
də daxildir.
Gizli
həyat toxunulmaz olmaqla yanaşı şəxsi həyatın özəyini təşkil etdiyindən
hər cür müdaxilələrdən qorunur. Bu sahəyə aid məlumatlar hər kəsə,
o cümlədən də jurnalistlərə qapalıdır. Şəxsin gizli həyat sahəsi
həm dövlət hüququ, həm də özəl hüquqla qorunur.
Bir
hadisənin, davranışın yaxud məlumatın gizli həyat sahəsinə aid
olması üçün onun hər kəs tərəfindən izlənə bilən olmaması yetərli
deyil. Məlumat sahibinin bu hadisə, davranış, yaxud məlumatı gizli
saxlamaq iradəsi də olmalıdır. Şəxs belə iradəsini açıq ifadə etməklə
yanaşı, davranışları ilə də hiss etdirə bilər. Şəxsin gizli həyatı
ilə əlaqəli məlumatları məhdud sayda insanla bölüşməsi, onun bu məlumatları
gizli saxlamaq iradəsinin olmaması kimi düşünülməməlidir. Şəxs
inandığı və etibar etdiyi şəxsə öz sirrini açarsa, bu şəxslər arasında
hüquqi öhdəlik olmasa da gizlilik qorunmalıdır. Bəzən bu qoruma
qanunla da tənzimlənir. Vəkil, notarius, həkim onlara müraciət
edənlərin sirlərini qanunla qorumağa borcludur. Qanunda göstərilməyən
elə peşələr var ki, bu peşə sahibləri də müştərilərinin sirlərini
qorumalıdır. Mehmanxanada, sanatoriyada, qonaq evində işləyən
şəxslər onlara məlum olan şəxsi sirləri qorumalıdır.
Şəxsin özəl həyatına aid olan məlumatlar hansı hallarda kütləvi informasiya vasitələrində yayıla bilər?
Şəxsin özəl həyat sahəsi ilə gizli həyat sahəsinin sərhədlərini
bir-birindən ayırmaq həmişə asan olmur. Şəxsin sosial statusuna görə
bu sərhədlər dəyişə bilər. Bu baxımdan sənətçi, siyasətçi, idmançı,
ali vəzifəli şəxslər, iş adamları kimi ictimai rəydə tanınan şəxslərlə
bu kateqoriyaya girməyən şəxslər arasında fərq qoyulmalıdır. İctimaiyyətin
tanıdığı şəxslərin ümumi həyat sahəsi xeyli geniş, özəl və gizli həyat
sahəsi isə başqalarından fərqli olaraq daha dardır. Hətta bəzən
özəl həyat sahəsi gizli həyat sahəsi ilə üst-üstə düşür. İctimai rəydə
tanınmayan şəxslərdə isə bu vəziyyət əksinədir. Odur ki, ictimai
rəydə tanınan şəxslərin özəl həyatı, sosial həyatı, sağlıq vəziyyəti
haqqındakı məlumatlar kütləvi informasiya vasitələrində daha
geniş işıqlandırıla bilər. Lakin bu şəxsin ictimai rəydə tanınan
olması onun özəl həyatına hər zaman müdaxilə oluna biləcəyi kimi
qəbul edilməməlidir. Şəxsi Jurnalist bu vəziyyətdə bir daxili ölçüdən
istifadə etməlidir. Bu ölçü «ictimai fayda» ölçüsüdür. Jurnalist
şəxsin özəl həyatına müdaxilə edən məlumatı yaymaq istəyirsə həmin
məlumatın ictimai faydasının daha yüksək olduğu qənaətinə gəlməlidir.
Əgər belə bir fayda yoxdursa o zaman özəl həyata müdaxilə edilmiş olur və buna
görə qanunla müəyyən edilmiş məsuliyyət yaranır.
Konstitusiyanın 32-ci maddəsi
Şəxsin özəl
həyatının qorunmasının hüquqi zəmininə gəldikdə, Konstitusiyanın 32-ci maddəsinin müddəaları üzərində durulmalıdır. Konstitusiyada
nəzərdə tutulan bu müddəanın tənzimlənməsində ciddi problem var. Belə ki, bu
Konstitusiyanin qəbulundan 21 il keçməsinə baxmayaraq hələ də şəxsi həyat
sirrinin qorunması, şəxslərin özəl həyatı haqqında məlumatın toplanılması,
saxlanılması, istifadəsi haqqında demokratik ölkələrdə mövcud olan normaları
özündə əksetdirən qanun qəbul edilməmiş, bu münasibətləri tənzimləyən normalar
başqa qanunlarda da sistemli şəkildə öz əksini tapmamışdır. Bununla da insanların
özəl həyatına qanunsuz müdaxilələrin
olmasına şərait yaranır, faktiki olaraq şəxsi həyata dair məlumatlar insanların
öz razılıqları olmadan müxtəlif dövlət qurumları yaxud məmurları tərəfindən toplanır, saxlanır, istifadə edilir.
Konstitusiyanın
32-ci maddəsi Şəxsi toxunulmazlıq hüququ başlığı
altında hər kəsin
şəxsi toxunulmazlıq hüququ olduğunu göstərir. Eyni zamanda Hər kəsin şəxsi və
ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan
hallardan başqa, şəxsi həyatına müdaxilə etmək qadağandır. Konstitusiyanın
32-ci maddəsinin 3-cü bəndində öz razılığı olmadan kimsənin şəxsi həyatı
haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına
yol verilmədiyi qeyd edilir. Konstitusiyaya görə hər kəsin yazışma, telefon
danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın
sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə
tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı
zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
18 mart
2009-cu il tarixdə Referendumla Konstitusiyaya əlavələr edildiyi zaman 32-ci maddəyə də əlavə
edilmişdir. Əlavəyə əsasən, 32-ci maddənin üçüncü hissəsi genişləndirilmiş, “Qanunla
müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya
etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və
digər bu cür hərəkətlərə məruz qoyula bilməz” – müddəası gətirilmişdir.
Bu
dəyişiklik təklif edilmədən öncə də Konstitusiyanın 32-ci maddəsi şəxsi həyata
müdaxiləyə yol vermirdi. Belə ki, 32-ci maddəyə nəzər saldıqda bunu aydın
görmək mümkündür.
Konstitusiyanın 32-ci
maddəsinin III bəndi çox açıq bir ifadə ilə “Öz razılığı olmadan kimsənin
şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və
yayılmasına yol verilmir” –deməklə, şəxsi həyata müdaxilənin
yolverilməzliyini bildirib.
Bu bəndə “Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına
baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu
cür hərəkətlərə məruz qoyula bilməz."- şəklində bir müddəanın əlavə
edilməsi şəxsi həyatdan kənara çıxdığı kimi anlaşılmaqda və şəxsin bütünlüklə
həyatını əhatə etməkdədir. Çünki, III bəndin mətnində aydın şəkildə “Öz razılığı olmadan kimsənin şəxsi həyatı
haqqında məlumatın toplanılmasına...”- deməklə şəxsi həyat haqqında
məlumatın toplanmasının (nə ilə olmasının fərqi yoxdu - bu video ilə də ola bilər, diktafon yaxud
digər vasitələrlə də) yolverilməz olduğunu bildirib. Yenidən buraya bir cümlə
əlavə edilir və oraya “şəxsi həyat” qeydi qoyulmadan “heç kəs onun xəbəri
olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs
yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.” – deyilirsə, buradan
elə anlaşılır ki, təkrar şəxsi həyat haqqında məlumat toplanması deyil,
ümumiyyətlə şəxsin razılığı olmadan onun barəsində şəxsi həyata aidiyyatı
olmayan yerlərdə də (məsələn iş yerində, ictimai funksiyasını icra etdiyi zaman
və s.) informasiyaların toplanması, yaxud çəkilişə məruz qalması, səsinin qeydə
alınması yolverilməzdir. Praktikada bu formada dərketmənin nəticəsində tez-tez
yol hərəkətini tənzimləyən, ictimai asayışı qoruyan, kütləvi tədbirlərdə rol
alan, jurnalistin peşə fəaliyyətinə mane olan qanunvericiliyin normalarını
pozarkən çəkilən polislər, çox zaman bu maddəyə sığınaraq zorakılıq edir,
onların hüquqa zidd əməllərini qeydə alanlara qarşı zorakılıq edirlər.
Lakin bu belə anlaşılmamalıdır. Azərbaycanın
Avropa Şurasına üzvlüyü reallaşandan sonra 15 aprel 2002-ci ildən etibarən
Azərbaycan ölkə olaraq Avropa İnsan Hüquqları Məhkəməsi yuridiksiyası
altındadır. Odur ki, Avropa Məhkəməsinin
qərarları işığında bu məsələnin qiymətləndirilməsi daha doğru nəticə verəcək. Avropa
Məhkəməsi təcrübəsində özəl həyata müdaxilə zamanı “söz və ifadə azadlığı” ilə
“özəl həyatın gizliliyi” prinsiplərinin yarışdığı görülür. Bu zaman istifadə
edilən əsas vasitə müdaxilənin “demokratik cəmiyyətdə nə qədər zəruri”
olmasıdır. Əgər özəl həyatına müdaxilə edilən
şəxsin ictimai rəydə tanınan və diqqət mərkəzində olan biri olduğuna qənaət
gətirilərsə, o şəxsin özəl həyatına müdaxilə müəyyən ölçülərdə yolverilən ola
bilər.
Konstitusiyanın 32-ci maddəsində
“Onun xəbəri olmadan” –ifadəsi eyni
zamanda gizli çəkilişi də tamamilə məhdudlaşdıra bilər ki, bunun da belə
anlaşılması doğru deyil. Hər şeydən əvvəl, çox vaxt ictimai rəy üçün çox önəmli
olaylar hədəfdə olan subyektin xəbəri olmadan əldə edilir. Məsələn, Milli
Ordunun bir hərbi hissəsində əsgərlərə qarşı baş verən zorakılıq faktı gizli
yolla əldə edilmiş və internet üzərindən yayılmışdır. Bu yayılmadan sonra həmin
şəxslər məsuliyyətə cəlb edilmiş və cəzalandırılmışdır. Odur ki, faktın gizli
yolla əldə edilərək yayılması bir hərbi hissədə baş verən hüquq pozuntusunun
qarşısının alınmasına və bu zorakılığa yol verənlərin hüquqən
cəzalandırılmasına şərait yaratmış, övladları əsgəri xidmətdə olan on minlərlə
valideyni də rahatlatmışdır.
Birmənalı olaraq, çəkilən
şəxsin xəbəri olmadan çəkilişin aparılmasının yolverilməzliyini düşünməmiz
sadəlövhlük olar. Çünki, bəzən rəsmi səlahiyyət daşıyan şəxslərin qanunsuz
hərəkətləri, davranışları, danışıqları qanuni yollarla açıq çəkilə, yazıla bilmir, yaxud bu davranışlar gizli ortamda
(məsələn rüşvət tələb etmə, yaxud tabeliyində olan şəxsə qarşı yolverilməz
hərəkətlər etmək və s.) baş verir. Əsasən belə hadisələr gizli yolla, onun
xəbəri olmadan gizli vasitələrlə qeydə
alınır, müəyyən edilir.
Bir digər hal, yol hərəkəti
qaydalarını kobudcasına pozan, sürət həddini aşan, qadağan olunmuş yerlərdə
maşını saxlayan şəxslərin icazəsi olmadan onların şəkilləri, videosu çəkilir.
Bu norma bütün hallarda, hətta hüquq pozuntuları zamanı şəxsin icasəzini tələb
etsəydi, o zaman hüquqazidd əməllərlə mübarizə aparmaq mümkün olmazdı.
Qanunvericiliyin bu məsələyə
dair müddəaları şəxsin çox dar olan və qorunan gizli həyatına, intim həyatına,
ailəsi ilə paylaşdığı ortama aid edilə bilər. Şəxsin hər hansı hüquq
pozuntusuna yol verməsi və bunun gizli yolla qeydə alınması və sonra da yayılmasını
heç bir hal məhdudlaşdırmır və məhdudlaşdıra bilməz. Bu gün hər bir sürücünün
müxtəlif yollarda, yol ayrıclarında davranışları kameralar vasitəsi ilə onların
xəbəri olmadan qeydə alınır və hətta teleproqramlarda onların ev ünvanları,
adları ifadə edilməklə göstərilir. Bu o zaman baş verir ki, həmin sürücü
qanunla müəyyən edilmiş yol hərəkəti qaydalarını pozur.
Xüsusilə vəzifəli şəxslərin,
ictimai rəydə diqqət mərkəzində olan insanların (siyasətçilər, artistlər,
müğənnilər, idmançılar, din xadimləri və digər cəmiyyət tərəfindən tanınan
şəxslər) özəl həyatlarının daha az qorunmalı olduğu bir aksiomadır.
Bu gün qüvvədə olan Kütləvi informasiyalar
haqqında Azərbaycan Respublikasının Qanununun 10-1-ci maddəsi də gizli çəkilişi
qadağan etmir, gizli yolla əldə olunan video lentin istifadəsini bəzi hallar istisna olmaqla məhdudlaşdırır. Buradan da
aydın şəkildə görünür ki, şəxsin gizli yolla əldə etdiyi lent yazılarının
məhkəmə mübahisələndirilməsi mümkündür. Yəni, məhkəmənin qarşısına çıxarılan lent yazıları gizli yolla
əldə edilməlidir ki, məhkəmə həmin yazılarda özəl həyata müdaxilə
edilib-edilmədiyinə qərar verə bilsin.
Konstitusiyanın 32-ci maddəsinin
müddəalarının dar anlaşılması KİV-ə qarşı istifadə oluna və medianın ictimai
nəzarət funksiyasının məhdudlaşdırılmasına şərait yarada bilər. Demokratik
ölkələrdə qəbul edilmiş təcrübəyə əsasən, məşhur insanların (ictimai
fiqurların) - siyasətçilərin, iş adamlarının, şou-biznes nümayəndələrinin və s.
özəl həyatı ictimaiyyət üçün maraq doğurur. Onların özəl həyatlarının bəlli bir
hissəsi digər adi insanlara nisbətən daha çox müdaxilə edilən ola bilir. Avropa
İnsan Hüquqları Məhkəməsinin qərarlarında çoxsaylı belə kazuslar var. Bizim nə
məhkəmə təcrübəsində nə də qanunvericilikdə, belə bir təcrübə
yaradılmayıb. İctimai fiqur anlayışı faktiki olaraq rəsmi sənədlərdə və məhkəmə
qərarlarında qəbul edilmədiyindən gələcəkdə bu istiqamətdə problemlər yarana
bilər. İddia edilə bilər ki, referendumla son dəyişiklik qəbul edildikdən
sonra, Konstitusiyanın hüquqi qüvvəsi Azərbaycanın iştirakçısı olduğun beynəlxalq
müqavilələrdən üstün olduğundan, şəklinin çəkilməsini istəməyən və yaxud
səsinin qeydə alınmasını istəməyən istənilən şəxs ictimai əhəmiyyət
daşımasından asılı olmayaraq bu fəaliyyətə qarşı çıxacaq. Bu zaman demokratik
cəmiyyətdə zərurilik testi aparmadan mediaya və jurnalistlərə qarşı hüquqi
iddialar artacaq. Məhkəmələr isə Konstitusiyanın üstün normasına əsaslanar aq media azadlığını məhdudlaşdıran istiqamətdə
qərarlar verə biləcək. Əslində belə ehtimal az olsa da var, lakin bunun geniş
şəkildə tətbiqini düşünmək doğru olmaz. Ölkə Avropa məkanına inteqrasiya
etməkdə olan gənc Respublika kimi pozitiv təcrübələrə üstünlük verməlidir və
verəcəyinin gözlənilməsi təbiidir. Ayrıca, Avropa İnsan Hüquq və Azadlıqlarının
qorunmasını təminat altına alan Konvensiyanın müddəaları bütün Avropa Şurasına
üzv olan dövlətlər üçün bağlayıcıdır. Konstitusiyanın Konvensiyaya zidd
müddəasının olması halında belə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən
Konvensiyanın tətbiq ediləcəyi şübhəsizdir.
İnternet üzərindən yayılan bütün
informasiyalar, formasından və təqdimatından asılı olmayaraq bu prinsiplərlə
qiymətləndirilməlidir.
Əslində Konstitusiya kimi baza sənədə belə
düzəlişlər etməyə heç bir zərurət yox idi. Belə ki, mövcud Konstitusiya və
qanunvericilik bu məsələləri tənzimləyir. Xüsusən, bu məsələlər 2002-ci ildə
qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya
Qanununda Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın
müddəalarına uyğunlaşdırılıb.
İnternetdə fərdi informasiyaların istifadəsi
2005-ci ildə qəbul edilən
İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 38-ci maddəsi Fərdi məlumatlar adı altında
şəxsin özəl informasiyalarının kateqoriyasının sərhədlərini müəyyən etməyə
çalışmışdır. Qanuna görə fərdi məlumatların əldə edilməsi məhdudlaşdırıla bilər
və bu zaman onun məhdudiyyətinin əsası “xidməti istifadə üçün” ola biləcək. Yəni
bu məlumatları əlində bulunduran rəsmi qurumlar və ya rəsmi şəxslər onun
yayılmasının qarşısını almalı olacaq və sadəcə bu məlumatlar şəxsin özünə və
ancaq müəyyən əsaslarla verilə biləcək.
Qanuna əsasən fərdi məlumatlar
iki yerə ayrılıb. Bunlar şəxsin özünə aid olan bilgilər və şəxsin ailə həyatına
aid olan bilgilərdir. Şəxsin özünə aid aşağıdakı bilgilər fərdi informasiya
kimi müəyyən edilib və qoruma altına alınıb. Bunlar yayılma vasitəsindən asılı
olmayaraq bütün vasitələrdə və hallarda məhdudlaşdırılan bilgilərdir. İnternet
Kütləvi İnformasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun
tələbinə əsasən Kütləvi İnformasiya vasitəsi hesab edildiyi üçün burada
formasından asılı olmayaraq bu kimi şəxslərin özəl həyatına dair bilgilərin
yayılması yolverilməz hesab edilir və yayılması halında Qanunlara nəzərdə
tutulan qaydada məsuliyyət yaranır.
- Şəxsin özünə aid bilgilər dedikdə ilkin olaraq, şəxsin siyasi, dini və başqa bu kimi qurumlarda rəsmi üzvlüklə bağlı bilgilər istisna olmaqla şəxsin siyasi baxışları, dini inancı və dünyagörüşü ilə bağlı bilgilər nəzərdə tutulur. Şəxsin siyasi, dini və başqa bu kimi qurumlarda rəsmi üzvlüklə bağlı bilgilər dedikdə qanunlarla birləşmək hüququndan istifadə edərək şəxsin hər hansı siyasi partiyanın qurucusu və ya üzvü olması, yaxud hər hansı dini qurumun-ictimai birliyin, icmanın yaradıcısı və ya üzvü olmağa dair bilgiləri ictimai açıq bilgilər olduğundan onların gizlədilməsi yolverilməzdir. Belə bilgilər çox zaman rəsmi reyestr bilgiləri kimi hətta açıqlanması məcburi bilgilər sırasında göstərilir və açıqlanmadığı zaman rəsmi dövlət qurumu üçün məsuliyyət yaranır. Üzvlüyə dair bilgilər istisna olmaqla, istənilən şəxsin inanclarına dair informasiyalar şəxsi informasiyalardır və onların yayılması, habelə internetdə sərgilənməsi yolverilməz hesab edilir.
- Şəxsin özünə aid bilgilər dedikdə ikinci olaraq şəxsin etnik və irqi mənşəyi ilə bağlı bilgilər nəzərdə tutulur. Bu bilgilər fərdi informasiya kimi rəsmi qurumlar tərəfindən mühafizə edilən bilgilərdir və onların alınması, yaxud yayılması şəxsin öz razılığı olmadan mümkün deyil. İnternet ortamından istifadə edildiyində bu məqamlara xüsusi diqqət edilməlidir. Təsadüfi deyil ki, sovet dönəmindən fərqli olaraq indi insanların milli mənsubiyyətinə dair informasiyalara rəsmi sənədlərdə, pasport və şəxsiyyət vəsiqələrində yer verilmir və bu informasiyalar dövlət qurumları tərəfindən mühafizə edilir. Şəxsin özü açıqladığı hallar istisna olmaqla, bu bilgilər açıqlana bilməz və açıqlandığı halda şəxsin hüquqlarının pozulması halı baş verir. Belə olduqda hüququ pozulan şəxsin pozulan hüquqlarını bərpa etmək haqqı yaranır və qanunlarla müəyyən edilən məsuliyyət tətbiq edilir.
- Şəxsin özünə aid bilgilər dedikdə üçüncü olaraq şəxslərin sağlıq durumu ilə bağlı bilgilər nəzərdə tutulur. Sağlıq durumu anlayışı geniş anlayışdır. Bunu daha açıq ifadə etdikdə, şəxsin xəstəliyinin diaqnozu, müalicə metodu, müalicə olunduğu səhiyyə ocağı, şəxsi həkimi və bu kimi bilgilər anlaşılır. Lakin burada bir istisnanı qeyd etmək zəruridir. Dövlət Sirri haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələbinə əsasən “ölkənin vəzifəli şəxslərinin səhhəti haqqında” informasiyalar heç bir halda məxfiləşdirilə bilməz. Bu tənzimləmə tamamilə məntiqə uyğundur. Vətəndaşlar tərəfindən seçilən və onların adından hakimiyyəti idarə edən şəxslərin səhhəti, əlbəttə, vətəndaşların diqqət mərkəzində olmalıdır. O şəxslərə etibar edilmiş, dövlət idarəsi onlara əmanət edilmişdir. İnsanlar bilməlidir ki, dövləti idarə edən və onları təmsil edən bu ali vəzifəli şəxslər fiziki və əqli cəhətdən tamamilə sağlamdır, dövləti doğru idarə edir. Odur ki, bu məlumatlar heç bir halda dövlət sirri kimi məxfiləşdirilə bilməz və bu informasiyaların yayılmasına məhdudiyyət gətirilə bilməz.
- Şəxsin özünə aid bilgilər dedikdə dördüncü olaraq cinayət və başqa hüquq pozuntuları ilə bağlı icraatda toplanmış şəxsi və ailə həyati ilə bağlı bilgilərə çatım insan mənəviyyatının və ya ailə və şəxsi həyatın qorunması məqsədi ilə və ya yetkinlik yaşına çatmayanların, zərərçəkənin, və ya şahidin maraqları, cinayət prosesi iştirakçılarının qorunması və ya ədalət mühakiməsinin gerçəkləşdirilməsi maraqları üçün məhdudlaşdırıla bilər. Ədalət mühakiməsinin gerçəkləşdirilməsi məqsədi ilə qoyulan məhdudluq bu işlər üzrə açıq məhkəmə baxışına qədər və ya məhkəmə qərarı çıxarılana qədər qüvvədə olur. Burada hüquq mühafizə orqanları tərəfində toplanan bilgilərin məhkəmə prosesinə qədər və məhkəmə prosesi zamanı şəxsin ailə həyatını və özəl həyatını, insan mənəviyyatını zədələyəcək bilgiləri əhatə etməsi halında qorunması gərəkliliyi qeyd edilmişdir. İnternet məkanında da insan həyatının bu qırmızı xətti nəzərə alınmalı və müdaxilələrdən qorunmalıdır.
- Şəxsin özünə aid bilgilərin bir digəri şəxsin fiziki və psixi iztirabları haqqında bilgilərdir. Şəxsin fiziki bütünlüyündə olan və aşkar görünməyən qüsurlar, çatışmamızlıqlar, habelə onun yaşadığı duyğular, iztirablar, psixi vəziyyəti digər şəxslərin müdaxilə etməsinə yol verilməyən məqamlardır. İnternet ortamında şəxslərə dair informasiyalar yrləşdirildiyi zaman bu yönlərə xüsusi diqqət yetirilməlidir.
- Şəxsin vergi ödəmələri ilə borclar barədə bilgilər istisna olmaqla, şəxsdən vergi alınması ilə bağlı toplanmış bilgilər fərdi bilgilər hesab edilir və bu bilgiləri toplayan rəsmi dövlət qurumları ilə rəsmi qurumlarda fəaliyyət göstərən şəxslər onları yaymamaqla mükəlləfdirlər.Şəxsin özəllikləri, qabiliyyətləri və ya xarakterinin başqa əlamətləri barədə bilgilər də fərdi bilgilərdir və şəxslərin özlərinin razılığı olmadan bu bilgilərin yayılması yolverilməz hesab edilir və yayıldığı zaman məsuliyyət yaranır. Buraya şəxsin qorxuları, cəmiyyət tərəfindən bilinməsini istəmədiyi vərdişləri, xarakterik xüsusiyyətləri daxildir.
- Şəxsin özünə aid bilgilərin bir digəri sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barədə bilgiləri əhatə edir. Şəxsin sosial yardıma ehtiyac hiss etməsi və buna görə rəsmi qurumlara xüsusi olaraq müraciət etməsi faktı, habelə bu müraciətin dəyərləndirilərək həmin şəxsə yardım edilməsi faktı tamamilə şəxsin fərdi bilgiləri hesab edilir. Belə bilgilər şəxsin mənəvi bütünlüyünə aid bilgilər sayılır və şəxs tərəfindən yayılmadığı halda qorumalıdır və onun icazəsi olmadan yayıla bilməz. Bu kimi informasiyalar heç bir kütləvi informasiya vasitəsinə verilməməlidir. Bunu yayan rəsmi qurumlar və onların təmsilçiləri məsuliyyət daşıyırlar.
- Şəxsin ailə həyatına dair bilgilərə isə birinci növbədə şəxsin intim həyatına dair bilgilər daxildir. Şəxsin intim həyatının bütün məqamları qoruma altındadır. Əlbəttdə burada intim həyat dedikdə, şəxsin qanunlar və cəmiyyət tərəfindən qəbul edilən ümumi əxlaq qaydalarına uyğun olaraq yaşadığı intim həyatı anlaşılmalıdır. Əgər şəxs cəmiyyətin diqqət mərkəzində olan, ictimai fiqur kimi tanınan birisidirsə, onun qeyri-qanuni münasibətləri və bu çərçivədə yaşadığı intim həyatının qorunması düşünülə bilməz. Hüquqa zidd münasibətlər, nikahsız cinsi əlaqələr, tərs ilişkilər hüquq pozuntusu olduğu üçün, hüquq pozuntularına dair bilgilər məhdudlaşdırıla bilməz.
- Şəxsin ailə həyatına aid bilgilər dedikdə bir digər hal, ailə həyatının ayrı-ayrı halları haqqında bilgilərdir. Buraya ailə içi münasibətlər, ər-arvad, ata, ana-uşaq münasibətləri və digər bu kimi hallar daxildir.
- Övladlığa götürmə ilə bağlı bilgilər, vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərlə bağlı bilgilər də şəxsin özünə aid bilgilər sırasındadır. Bu bilgilərin yayılması yaxud alınması şəxsin özünün razılığı olmadan mümkün deyil. Övladlığa götürən ailə övlad götürdüyü şəxsi ailə tərkibinə qəbul edərək onun doğma övladı kimi ailəyə qaynayıb-qarışmasını və böyüdüyündə ögeylik hiss etməməsini istəyir. Hətta gələcəkdə həmin şəxsin mənəvi-psixoloji sağlamlığının qorunması da bu prosesdə ciddi rol oynayır. Bunun üçün də bu faktın gizlililyi xüsusi önəm daşıyır. Fərdin nikaha daxil olması, kiminlə nikahda olması, yaxud boşanmasına dair informasiyalar da fərdin özünə aid informasiyalar kimi qorunması zəruri informasiyalardır. Bu kimi bilgilər şəxsin özünə verilməsi halı istisna olmaqla digər üçüncü şəxslərə verilə bilməz. Verildiyi halda məsuliyyət yaranır. Rəsmi qurumda fəaliyyət göstərən şəxslər özəl həyat bilgilərinə çatımı onları aldığı andan məhdudlaşdırmalıdır.
Yuxarıda qeyd etdiyimiz
məqamlarla yanaşı müəyyən məqamların diqqətdən yayınmaması gərəkdir. Azərbaycan
Avropa Şurası üzvü olaraq Avropada İnsan Hüquq və Azadlıqlarının qorunmasına
Dair Konvensiyanı Milli Məclisdə ratifikasiya etmişdir və 2002-ci ildə bu sənəd
ölkədə rəsmi olaraq qüvvədədir. Milli hüquq sistemi baxımından bu sənəd
qanunlarımızdan üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası
Konstitusiyasında nəzərdə tutulan hüquqi aktların ierarxiyası baxımından Konstitusiyadan və Konstitusiya Qanunlarından
sonra beynəlxalq sənədlər üstün hüquqi
qüvvəyə malikdirlər və Qanunlar bu sənədlərə zidd olarsa bu sənədlərdəki üstün
norma tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi yuridiksiyası da 15
aprel 2002-ci il tarixdən etibarən ölkədə tətbiq edilməkdədir. Bunu nəzərə
alaraq, Avropa təcrübəsinə də qısaca toxunmaqda fayda ver. Avropa İnsan
hüquqları məhkəməsi qərarlarında şəxsin özəl həyatı ilə ifadə azadlığı, habelə
məlumat azadlığı və media azadlığı kəsişdiyi zaman tətbiq edilən prosedura və
ya prisident hər bir halın ayrıca qiymətləndirilməsini zəruri edir. Bu zaman
ictimai əhəmiyyət olub olmaması və özəl həyatına müdaxilə edildiyi iddia edilən
şəxsin cəmiyyətdəki yeri, yəni onun ictimai fiqur olub-olmaması nəzərə
alınmalıdır. Gəlinən ümumi nəticəyə əsasən, İctimai fiqurlar şəxsiyyəti
və fəaliyyəti ictimai maraq dairəsində olan şəxslərdir. Dövlətin
ali vəzifəli şəxsləri (ölkə Prezidenti, Baş nazir, nazirlər, Milli
Məclisin sədri, yüksək məhkəmə hakimləri), Milli Məclisin üzvləri, hakimlər,
prezident aparatının məsul işçiləri, Nazirlər Kabinetinin məsul
işçiləri, iri dövlət idarə və müəssisələrinin rəhbər işçiləri,
yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, siyasi xadimlər,
ictimai xadimlər (mədəniyyət, incəsənət, idman, din xadimləri və s.
) ictimai maraq dairəsində olan şəxslər sayılırlar. Bu şəxslərin özəl
həyatları digər insanlara nisbətən daha az qorunmalıdır.
Konstitusiyanın 32-ci maddəsinə
əsasən hər kəsin şəxsi və ailə həyatı sirrini saxlamaq hüququ vardır.
Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə
etmək qadağandır. İctimai fiqurun fəaliyyəti, həyat tərzi cəmiyyət
üçün mühüm maraq daşıyır və daim diqqət mərkəzində olur. Şəxs ictimai
fiqur olarkən öz ictimai və özəl həyatına cəmiyyətin maraq göstərəcəyini
bilir və bunu sakitliklə qəbul etdiyini cəmiyyət ehtimal edir.
Şəxs ictimai fiqur olduqda hesab etmək olar ki, onlar şəxsi həyat sirrinə
olan hüquqlarının müəyyən hissəsindən əl çəkmişlər. İctimai fiqurun
şəxsi həyatı ilə bağlı toplanmış və yayılmış bilgilərin şəxsi həyata
müdaxilə olub-olmaması həmin bilgilərin
yayılmasının ictimai marağa xidmət edib-etməməsi prizmasından
qiymətləndirilməlidir. İnformasiya əldə etmək haqqında Azərbaycan
Respublikası Qanunun 35.4-cü maddəsinə görə bilgiyə çatım o halda
məhdudlaşdırıla bilər ki, onun yayılmasından dəyə biləcək ziyan, həmin bilginin
açıqlığına olan ictimai marağı üstələsin.
Əgər ictimai fiqur şəxsi və
ictimai həyatı ilə uzlaşmayan fəaliyyət göstərirsə, məsələn, jurnalistlər
ictimai fiqurun şəxsi həyatı ilə bağlı bilgiləri, özəlliklə toplumun
həyatına mənfi təsir göstərən hallar (korrupsiya, qanun pozuntuları,
cinayət əməlləri və s. ), ictimai maraq doğuran sair hallarla əlaqədar
olaraq və bunun üçün gərəkli olan dərəcədə toplamağa və yaymağa haqlıdırlar.
Digər
tərəfdən, Konstitusiyaya 2009-cu ildə edilən düzəlişlər hüquq və azadlıqlar
sahəsində vəziyyəti məhdudlaşdıracaq
xarakterdədir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi hansı
əsaslarla ifadə azadlığının məhdudlaşdırılacağını göstərib. Lakin hansı
vasitələrdən istifadə etməyin qadağan olduğu göstərilmir, “video və foto
çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.”-
kimi geniş anlaşıla biləcək norma gətirilmir. Bu dəyişikliklə biz
məhdudlaşdırmanın əsaslarından əlavə, vasitələrə də məhdudiyyət gətiririk ki,
bu da toplanacaq informasiyanın şəxsi həyata aid olub-olmamasının məhkəmə
çəkişməsinə aparılması yolunu belə əvvəlcədən bağlayır. Konstitusiyanın 155-ci maddəsinə əsasən, “insan və vətəndaşın hüquq və azadlıqlarının
Azərbaycanın iştirakçısı olduğun beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan
çox məhdudlaşdırılmasına yol verilmir”. Konstitusiyaya edilən düzəlişlər
isə Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın ifadə azadlığını
tənzimləyən 10-cu maddəsinin
çərçivəsindən bu baxımdan kənara çıxır.
Bundan
başqa, 18 mart tarixində Konstitusiyanın 50-ci maddəsinə ”hər kəsin hüquqlarını pozan və
ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən
məlumatı təkzib etmək və ya ona cavab vermək hüququ”na təminat
verilməsi barədə əlavə edildi. Burada ilk baxışdan hər şeyin normal olduğu
qənaəti yarana bilər. Lakin, diqqətlə yanaşdıqda, ”hər
kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya
vasitələrində dərc edilən məlumatıın”
“yalan” olması tələb olunmur. Bu isə, hətta qüvvədə olan KİV haqqında
Qanunun 44 və 45-ci maddələrində geniş şəkildə nəzərdə tutulan təkziblə bağlı
maddənin müddəalarına da ziddiyyət təşkil edir. Orada təkzib olunan məlumatın
“yalan məlumat” olması lazımdır. Elə məlumatlar ola bilər ki, həqiqət olsun, lakin
yayılarsa şəxsin mənafelərinə ziyan vursun. Konstitusiyanın 50-ci
maddəsinə edilən əlavənin mahiyyətinə
nəzər saldıqda, həqiqət olan lakin, şəxsin mənafeyinə ziyan vura bilən
informasiya da təkzib edilməli oluna bilər. Çünki, “yalan” olması tələb olunmur.
Məsələn, ABŞ Prezidenti Clintonun Monika Levinskiy ilə olan münasibəti yalan
deyildi, lakin prezidentin mənafeyinə ciddi zərər vururdu. Təklif olunan
əlavəyə görə belə olan halda məlumat təkzib edilməlidir!
Yaxud
bir başqa misal, bir şəxs körpəlikdən bir uşağı övladlığa götürüb, sonradan
KİV-də həmin uşağın övladlığa götürüldüyünü sübut edən sənədlərə yer verilir.
Şəxsin mənafeyinə ciddi ziyan vurulur. Bu halda doğru olan sənədlərin təkzib edilməsi
mənasızdır. Bu halda şəxsə dəyən mənəvi ziyandan danışmaq olar və bu tələb
edilməlidir.
Odur
ki, Konstitusiya kimi Əsas Qanuna (Ana yasaya) belə məsələlər qoyulmamalı,
prinsipial tənzimləmələrlə kifayətlənilməli idi. Ayrıntılar Qanunla və
demokratik cəmiyyətdə legitim məqsədə xidmət edəcək çərçivədə ola bilər.
Konstitusiyanın 71-ci maddəsində
bütün hüquq və azadlıqlara toxunan ümumi bir müddəa var.
Qanunverici, icraedici və
məhkəmə orqanlarının Anayasada təsbit edilmiş
və insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq borcu
olduğu, heç kəsin bunları məhdudlaşdıra bilməyəcəyi bildirilmiş, insan hüquq və azadlıqlarının müharibə, hərbi
və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edildiyində məhdudlaşdırıla
biləcəyinə imkan tanınmışdır. Üstəlik bu zaman da məhdudlaşdırmanın həddi və
müddəti ölkənin tərəftar çıxdığı beynəlxalq öhdəliklər nəzərə alınaraq
müəyyənləşdirilməli, məhdudlaşdırma qismən və müvəqqəti olmalıdır.
Təəssüf ki, Milli
Məclis tərəfindən iki dəfə (2002-ci il may və dekabr aylarında) qəbul edilən və
2002-ci il dekabrın 24-də qüvvəyə minən «Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan
Respublikasının Konstitusiya Qanunu» Konstitusiyada nəzərdə tutulan insan
hüquq və azadlıqlarını məhdudlaşdırılmaqdadır. Belə ki, Bu qanunun 3-cü maddəsi «Qanun
əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair
tələblər» başlığı altında anayasada olmayan məhdudlaşdırmaları qanunla
anayasaya əlavə edib və 3.5-ci maddədə “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin III
hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər
insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat
verilməsi və onların müdafiə edilməsi məqsədilə məhdudlaşdırıla
bilər”-deməklə məhdudlaşdırmaların genişləndirilməsi üçün konstitusiyada olmayan yeni əsas yaratmışdır.
Həmin qanunun 3.6-cı maddəsində konstitusiyanın 32-ci maddəsində təsbit edilmiş
şəxsi toxunulmazlıq hüququnun “söz azadlığı dövlət təhlükəsizliyi
mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və
azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə”
, həmçinin “iğtişaşların qarşısının alınması üçün;”, ”ictimai qaydanın təmin edilməsi üçün” , “ölkənin iqtisadi rifahı mənafeləri üçün” məhdudlaşdırıla
biləcəyi göstərilmişdir. Görüldüyü kimi məhdudiyyətlərin siyahısı çox
genişləndirilmiş və demokratik cəmiyyət üçün heç də bütün hallarda zəruri
olmayan “əsaslar” sadalanmışdır. Bununla
da Konstitusiyanın başqa bir müddəası da pozulmuşdur. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi «İnsan
və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs
məhdudlaşdıra bilməz»-deməkdə və bundan sonra hakimiyyətin bütün qollarını,
o cümlədən qanunverici orqanı da saymaqdadır. Konstitusiyanın bu maddəsinə görə
bu anayasaya məüdudlaşdırmaqla bağlı bir müddəa ancaq və ancaq xalqın ümumi
iradəsinin yansımasıyla-referendumla
mümkündür.
Lakin,, məhdudiyyətlərin siyahısını genişləndirən qanun
Referendumla yox, Milli Məclis - Qanunverici orqan tərəfindən qəbul edilib.
Konstitusiyada bütün hüquq və azadlıqlar o cümlədən 32-ci
maddədə təsbit edilən Şəxsi toxunulmazlıq hüququnun
Məhkəmə vasitəsi ilə qorunmasına təminat verən maddə vardır. Ümumiyyətlə
Konstitusiyanın 71-ci maddəsi[1] bütünlükdə
hüquq və azadlıqların təminatına həsr olunub. Həmin maddənin VII-ci bəndində “
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar
mübahisələri məhkəmələr həll edir” –deməklə məhkəmə vasitəsi ilə
müdafiənin olduğu göstərilib. Bununla yanaşı, Konstitusiyanın 130-cu
maddəsinin V-ci bəndində “Hər kəsin onun hüquq və azadlıqlarını pozan
qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə
və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III
hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi
məqsədi ilə”- şikayət verə biləcəyi hüququ tanınmış, 8 yanvar 2004-cü ildə
qüvvəyə minən "Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikasının
Qanununun 34.1-ci maddəsi ilə bu hüququn real tətbiqi üçün şərait
yaradılmışdır. Lakin bu qanun qüvvəyə minəndən sonra pozulan insan hüquq və
azadlıqlarının bərpası məqsədi ilə bir çox hallarda olunan müraciətlərin
müzakirəsi belə aparılmadan şikayətlər rədd edilmişdir. Səbəb isə birbaşa
Konstitusiya məhkəməsinə müraciət etməmişdən əvvəl, digər məhkəmələrə müraciət
şərtinin gətirilməsidir. Baxmayaraq ki, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan
Respublikasının Qanununun 34.5-ci maddəsində Hüquq və azadlıqların pozulması
nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər
məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayətin
bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilərəcəyi göstərilibdir. Qeyd
edildiyi kimi iki ilə yaxın bir vaxt keçməsimə baxmayaraq bu hüquqi müdafiənin
təsirli bir vasitə olduğunu göstərən tətbiqlə insanlar qarşılaşmayib. Bu isə,
ölkədə bir nömrəli problem olan qanunların işləməməsi faktını bir daha ortaya
qoymaqdadır.
[1] Maddə 71. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təminatı
I. Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və
qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
II. İnsan və
vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs
məhdudlaşdıra bilməz.
III. Müharibə, hərbi
vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və
vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və
müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar
haqqında əhaliyə qabaqcadan məlumat verilir.
IV. Heç bir halda
heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və
bunlara görə təqsirləndirilə bilməz.
V. Bu
Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və
azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
VI. Azərbaycan
Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa
qüvvədədir.
VII. İnsan və
vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri
məhkəmələr həll edir.
VIII. Heç kəs
törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.
Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə
məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq
edilir.
8 Eylül 2016 Perşembe
Referendum aktı ifadə azadlığını və informasiyaya çatımlılığı təhlükəyə atır
Konstitusiyaya əlavə və dəyişiklik üçün 26 sentyabr 2016-cı ildə referendum təyin edilməsi və Referendum aktının səsverməyə çıxarılması bir çox istiqamətdə ciddi müzakirələrin aparılmasını zəruri edir.
Konstitusiya dövlətin vətəndaşla dövlət
hakimiyyəti qurumlarının münasibətini tənzimləyən, fərdlərin hüquqlarının
sərhədlərini və qurumların səlahiyyət çərçivəsini müəyyən edən əsas toplumsal
müqavilədir. Bu sənəd cəmiyyətdə mövcud olan münasibətlərin təməli olduğuna
görə ona ANA YASA da deyilir. Belə demək mümkündürsə, bütün qanunların
ANASI. Odur ki, bu sənədi güncəl siyasi
qayğılarla tez-tez zədələmək, onun ruhuna uyğun olmayan əlavə və dəyişiklik
etmək yolverilməzdir. Xüsusilə də bu sənədə hər hansı dəyişiklik, əlavə
ehtiyacı yaranarsa, bu ancaq cəmiyyətin sifarişi kimi ortaya çıxmalı, cəmiyyət
tərəfindən ciddi müzakirə edilməlidir.
Təklif edilən referendum aktı bir çox
aspektlərdən Konstitusiyanın özünə və Azərbaycanın qoşulduğu, rəsmi şəkildə
ratifikasiya edib, qanunvericiliyinin mənbəyi halına gətirdiyi Konvensiyalarla
ziddiyyət təşkil edir. Məhz bunu nəzərə alaraq, bu yazımla Konstitusiya aktının
ifadə və informasiya azadlığı baxımından yaradacağı problemləri açmaq, toplumun
diqqətinə çatdırmaq istəyirəm.
Referendum aktı ilə Konstitusiyaya 29
müxtəlif dəyişiklik və ya əlavə nəzərdə tutulur. Onların 14-ü birbaşa
Konstitusiyanın III fəslində yer alan əsas insan hüquq və azadlıqlarını hədəf
alıb. Bu fəslin ən təməl özəlliyi onu kənar müdaxilələrdən qoruyan immunitetin
Konstitusiyanın özündə nəzərdə tutulmasıdır. Konstitusiyanın 155-ci maddəsi
referenduma çıxarılacaq dəyişikliklərə dair təklif təşəbbüsünün
məhdudlaşdırılmasını nəzərdə tutur və “Konstitusiyanın III-cü fəslində nəzərdə
tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan
daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”-deyərək
bu imuniteti yaradır.
Dəyişiklik və əlavələrin nəzərdə tutulduğu
32-ci maddə şəxsi toxunulmazlıq hüququna, 47-ci maddə fikir və söz azadlığına,
49-cu maddə sərbəst toplaşmaq azadlığına, 57-ci maddə müraciət etmək hüququna,
59-cu maddə birləşmək hüququna, habelə
68 və 71-ci maddələr birbaşa yaxud dolayısı ilə ifadə və informasiya
azadlığına toxunur.
32-ci maddəyə əlavə edilməsi nəzərdə tutulan
VI-cı bənd: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər
haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində
aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”-deyərək,
informasiya açıqlığı prinsipi anlayışını alt-üst edir. Məsələ bundadır ki,
qanunla göstərilən məhdudiyyətlər istisna olmaqla informasiyalar açıq
olmalıdır. Açıqlıq təməl prinsipdir. Açıqlığın istisnası qanunla qorunan
mənafeləri göstərən məhdudiyyətlərdir. Qanun məhdudiyyətlərin siyahısını və
sərhəddini müəyyən edə bilər. Bu sərhədlərdən biri də şəxsin özəl həyatına dair
informasiyalardır.
Konstitusiyanın 32-ci maddəsinin 3-cü
bəndində bu aydın göstərilib: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı
haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına
yol verilmir”. Belə olan halda, hər hansı özəl həyat qeydi olmadan “üçüncü
şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız
üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”-
demək və üçüncü şəxslər haqqında harada (elektron formada və ya kağız üzərində)
olmasından asılı olmayaraq məlumat almanı qadağan etmək, bütünlüklə 3-cü
şəxslər haqqında ictimai əhəmiyyət daşıyan informasiyaların da alınmasını
məhdudlaşdırmağa şərait yaradacaq. Ayrıca, buradakı üçüncü “şəxslər” ifadəsi
hüquqda çox geniş anlaşılır və həm fiziki şəxsləri, həm də hüquqi şəxsləri
əhatə edir. Halbuki, 32-ci maddənin adı “şəxsi toxunulmazlıq hüququ”dur və burada
məqsəd şəxslərin (hüquqi və fiziki şəxslər) yox, fərdin (individual şəxsin)
toxunulmazlıq hüququnu təminat altına almaqdır.
Bu bəndin 32-ci maddəyə əlavə edilmə
qayğısının haradan gəldiyini təxmin etmək çətin deyil. Bilindiyi kimi, 12 iyun
2012-ci il tarixli 381-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
ilə Kommersiya sirri haqqında Qanuna və Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında Qanuna məhdudlaşdırıcı norma gətirildi. “Kommersiya
hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı
payları barədə” - məlumatlar kommersiya sirri hesab edildi. Təsisçilər,
iştirakçılar fiziki şəxs olduqda bunların adları fərdi məlumatlardır. Deməli,
konkret bu halda fərdi məlumatları qanun kommersiya sirri kimi əlavə qoruma
altına alıb.
Bəllidir ki, son vaxtlar müasir İKT-dan
istifadə edən beynəlxalq jurnalist şəbəkələri və qrupları dünyanın müxtəlif
ölkələrində xüsusilə siyasətçilərin və idarəetmə səlahiyyəti olan şəxslərin
qanunsuz gəlirlərini, korrupsiya faktlarını aşikar edən sənədələri ortaya
çıxararaq, onların “ictimai nüfuz”unu ciddi zərbə altında qoya bilirlər. Bu
“gizli” sənədlərin əldə olunması ilə müxtəlif qanunsuz biznes şəbəkələrinin,
qara pul axınının ifşa olunması asanlaşır. 32-ci maddəyə belə bir bəndin əlavə
edilməsi yəqin ki, daha sonra bu davranışların ciddi hüquqi, o cümlədən cinayət
məsuliyyəti yaratması ilə nəticələnəcək və ictimai əhəmiyyət daşıyan
informasiyalara çıxışı məhdudlaşdırmanı hədəfləyəcək.
İnformasiya əldə etmək hüququ bir çox təməl
insan hüquq və azadlığı üçün açar rolu oynayan ifadə azadlığı hüququnun
ayrılmaz parçasıdır. Legitim hüquqi əsas olmadan bu azadlığın
məhdudlaşdırılması yolverilməzdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu
maddəsi birbaşa ifadə azadlığını qoruyur və demokratik cəmiyyətlərdə ona hansı
əsaslarda müdaxilə edilə biləcəyinin zəruriliyini və bu müdaxilənin sərhədlərini
göstərir.
3-cü şəxslərin özəl həyatına aid olmayan,
ictimai əhəmiyyət daşıyan məlumatlarına çatımlılığı məhdudlaşdıran istənilən
tənzimləmə Konvensiyaya ziddir.
İnformasiya toplamaq və yaymaq istəyən hər
hansı jurnalist yaxud QHT aktivisti üçün korrupsiyaya bulaşmış siyasətçi və ya məmur
3-cü şəxsdir. Həmin 3-cü şəxsin qanunsuz əməlini üzə çıxarmaq istəyən
araşdırmaçı jurnalist, onun qanunsuz təsisçiliyi, yaxud hansısa terroru
maliyyələşdirmədə şübhəli qurumdakı payını öyrənmək məqsədi ilə elektron bazada
olan və ciddi ictimai əhəmiyyət daşıyan informasiyaları əldə edə bilməlidir. Yerli
qanunvericilik bu informasiyaları legitim əsas olmadan məhdudlaşdırıb. Bəzən
jurnalistlər dolayılı yollarla bu qanunsuz əməlləri aşikarlayan informasiyaları
əldə edərək, bu şəxslərin kirli bağlarını
ortaya çıxara bilər.
İndiki bu tənzimləmə ictimai əhəmiyyət
daşıyan və qanunsuzluqların önlənməsinə xidmət edən bu tip halların da qarşısını
almağa, ictimai informasiyaya çatımlılığı aradan qaldırılmağa xidmət edir.
32-ci maddəyə bunun əlavə edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə
məhdudlaşdırılmaqdır. Konstitusiyanın 155-ci maddəsinə görə bu
mahiyyətdə olan müddəa referenduma çıxarıla bilməz.
32-ci maddəyə əlavə ədilən VII-ci bəndin mahiyyəti də tam aydın ifadə edilməyib
və hansı məqsədlə Konstitusiya maddəsi halına gətirildiyi anlaşılmır. Çünki,
mövcud 32-ci maddənin III-cü bəndində
çox açıq şəkildə “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın
toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir” deyərək,
bütünlüklə şəxsi həyata dair informasiyalara çıxışı və onların toplanıb
yayılmasını məhdudlaşdırıb. Belə olan
halda şəxsi həyatın bir hissəsini yenidən xüsusi vurğulamaq və İKT vasitələrini saymaqla göstərməyin heç bir
konstitusion anlamı yoxdur. Məlumatın toplanması qadağandırsa, bütün vasitələr
qadağandır. Belə anlaşılır ki, bu gün informasiya texnologiyalarının qeyd edilməsi,
bir ildən sonra fərqli bir dəyişiklik ehtiyacı yarada bilər. Məsələn, “məlumatın
saxlandığı otağa girərək” əldə edilməsi kimi bir qadağa təklifi.
Məsələnin bir başqa aspekti də budur ki,
əgər siz Konstitusiyaya yazılırsa ki, “...informasiya texnologiyalarından şəxsi
həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların
açıqlanması üçün istifadə edilə bilməz”, o zaman belə çıxır ki, “şəxsi həyata, o cümlədən əqidəyə, dini və
etnik mənsubiyyətə dair məlumatlar”- informasiya texnologiyaları
istifadə edilməyən vasitələrlə, məsələn yazılı mətbuatda, çap vərəqələrində,
şifahi formada toplantılarda və s. formalarda yayıla bilər.
32-ci maddənin adından da göründüyü kimi
burada məqsəd şəxsi toxunulmazlıq hüququnun sərhəddini və dövlət təminatı
altında olmasını göstərməkdir. Vasitələrin sayılması bu maddənin və ümumiyyətlə
konstitusiyanın mahiyyətindən uzaqlaşmaqdır.
http://freeeconomy.az/blog/referendumifadeazadligi/
Kaydol:
Kayıtlar (Atom)