azərbaycanda media azadlığı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
azərbaycanda media azadlığı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14 Aralık 2021 Salı

Media qanunu layihəsinin ictimai müzakirəsi

13 Dekabr 2021-ci il tarixdə yeni media qanunu layihəsinin ictimai müzakirəsi aparıldı. Müzakirədə qanun layihəsinin problemlərinə dair müxtəlif fikirlər səsləndi və yekunda mövqe sənədi qəbul edildi.

Müzakirənin tamamını aşağıdakı linkdən izləmək mümkündür.   

https://www.facebook.com/toplumtvbaku/videos/1257198641468301 

Gələn ildən yutub kanallarının Azərbaycanda yayımı bloklana bilər?

  Biz tv-də Qubad İbadoğlunun moderatorluğunda yeni media qanunu layihəsini  geniş müzakirə etdik. 



2 Ağustos 2018 Perşembe

"Məhv edildi" yanaşması doğrudurmu?

Son vaxtlar Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə yaydıqları press-relizlərdə, ayrıca da bu qurumların ayrılıqda hər birinin mətbuat açıqlamalarında belə məlumatlara tez-tez rast gəlirik:
"...silahlı müqavimət göstərən şəxs cavab tədbiri olaraq məhv edilmişdir", "..(Şəxsn adı)...məhv edildiyi bildirilmişdir", "...Polis əməkdaşları xidməti silahdan istifadə edərək ...(şəxslərin adı).. məhv ediblər.", "...terror hazırlayan şəxs məhv edildi". 
Ağla ilk gələn sual budur, polisin, yaxud digər hüquq mühafizə orqanları işçilərinin vəzifələri arasında "məhv etmə" səlahiyyəti varmı, varsa hansı hallarda, kimə qarşı və necə tətbiq edilməlidir?
Təbii ki, belə halda baxacağımız ilk yer ölkə qanunları olmalıdır. Polis haqqında Qanunda xırda bir axtarış edib "məhv etmə" səlahiyyətinin kimə qarşı və hansı hallarda verildiyini axtardıqda, yalnız bir yerdə məhv etmə sözünun qanunda keçdiyini görmək olur. Lakin bu insana qarşı yox, heyvana qarşı olan səlahiyyətdir.
Məsələ belədir, Qanunun 26-cı maddəsi Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqini tənzimləyir və maddənin IV. hissəsində "Polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aşağıdakı hallarda odlu silah tətbiq edə bilər": - deyir, 7-ci bənddə "insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə", deməklə "məhv etmə" nin insana hücum edən heyvan olduqda mümkün olduğunu bildirir.
Deməli "məhv edildi" ifadəsini qurumlar və media insana deyil, digər canlılara, heyvana və ya bitkilərə (narkotik tərkibli) işlədə bilər.
O zaman sual yaranır, polis terrorda (yaxud cinay"td') şübhəli bilinən şəxsi yaxud silahlı müqavmət göstərən silahlını zərəsizləşdirmək üçün silah istifadə etməməlidirmi?
Cavab yuxarıda qeyd etdiyim 26-cı maddədədir. Qanun məhdud olmaqla bir neçə halda silah tətbiqini mümkün hesab edir. Lakin qanun silahlı şəxsi, yaxud şübhəlini məhv etmək yox, onu zərərsizləşdirmək üçün bu səlahiyyəti verib. Zərərsizləşdirmə məhv etmə deyil, müqavimətini qırmadır. Polisin və digər hüquq mühafizə orqan işçilərinin vəzifəsi şübhəlini məhv edərək cəzalandırmaq deyil, onu zərərsizləşdirərək məhkəmə önünə çıxarmaqdır.
Yalnız, məhkəmələr həmin şəxsin terrorist, cinayətkar və ya məsum biri olduğuna qərar verməlidir. Bu səbədəndir ki, qanunda silah istifadə edildiyində şərtli istifadə anlayışı var. Silah tətbiqindən öncə şifahi xəbərdarlıq edilməsi sonra xəbərdarlıq atəşinin açılması göstərişi var. Bu xəbərdarlıq atəşi şəxsə yox, havaya atılmalı və silah tətbiqinin son zərurət olduğunu qarşıda müqavimət göstərən şəxsə göstərməlidir.
Ayrıca, şəxslərin vurularaq zərərsizləşdirilməsi zəruri olduqda, bu vurulmada ilk hədəf baş, yaxud ürək yox, aşağı ətraflar olmalı, mümkün qədər şübhəlinin sağ olaraq ədalətə təslim edilməsi təmin edilməlidir. Vurulan şəxsin bir neçə güllə ilə vurulması, yaxud qanaxmadan ölməsi konkret olaraq onu vuranların səlahiyyətlərini aşdığı və adekvat davranmadıqlarının göstəricisi ola bilər. Təsadüfi deyil ki, Qanunun 27-ci maddəsində vurulan şəxsə dərhal tibii yardım göstərilməsi göstərişi var.
Odur ki, hüquq mühafizə orqanları silahlı müqavimət göstərən (yaxud göstərmək istəyən) şəxsləri zərərsizləşdirərkən onları "MƏHV ETMƏLİ" deyillər, zərərsizləşdirərək məhkəmə önünə çıxara bilməlidirlər. Polislər yalnız şübhəlini yaralı da olsa sağ ələ keçirmək və ədalətə təslim etməklə öz vəzifələrini icra etmiş sayılarlar.
Düşünürəm ki, güc qurumlarının mətbuat xidmətləri mətbuat açaqlamalarını qanuni səlahiyyətləri çərçivəsində hazırlamalı, zərərsizləşdirərkən ölən şübhəli varsa bundan təəssüf hissini qeyd etməlidirlər. Çünki, həmin şübhəlilərin cəmiyyətin gözundə və hüquqda terrorist (cinayətkar) olması üçün məhkəmə qərar verməli idi. Məhkəmə qərar vermədən məhv edilmiş biriləri Konstitusiyanın 63-cü maddəsi ilə məsum hesab edilir. Çünki haqqında məhkəmə qərarı olmadan öldürülüblər.

http://www.turan.az/ext/news/2018/7/free/Want%20to%20Say/az/73935.htm 

18 Ocak 2018 Perşembe

2017-ci ildə medanın hüquqi bazasında nə baş verdi?

Ələsgər MƏMMƏDLİ

media hüququ üzrə hüquqşünas
Son 4 ildə Azərbaycanda medianın və jurnalistlərin hüquqlarını qoruyan, onlara qarşı basqıları və ya təhlükələri içtimai rəyə çatdırıb səs salan vətəndaş cəmiyyəti qurumlarının olmaması, bu sahədə ixtisaslaşmış QHT-lərin bağlanması, onların fəal təmsilçilərinin ölkədən çıxarılması və ya çıxmaq məcburiyyətində qalması, bu sahədə geniş təcrübəyə malik beynəlxalq humanitar təşkilatların nümayəndəliklərinin bağlanması, həmçinin ATƏT-in Vyanada yerləşən media ofisinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ölkə mediasının vəziyyətini istər hüquqi, istərsə də praktik cəhətdən xeyli pisləşdirib.
2014-cü ilin ortalarınadək ölkədə medianın hüquqi vəziyyətinə dair daha peşəkar və institsional fəaliyyət göstərən qurumlar vardı. Media Hüquqları İnstitutu sistemli şəkildə qanunvericiliyi analiz edir, tövsiyələr hazırlayıb ictimai rəyi yönəldir, təhlükələri öncədən göstərməyə çalışırdı. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu daha çox jurnalistlərin təhlükəsizlik problemlərini qabardır, onlara qarşı basqı və təzyiqləri ictimailəşdirirdi. Bir sözlə, bu iki qurum ictimai nəzarət funksiyasını həyata keçirir, jurnalistlərə və mediaya qahmar çıxırdı.
İREX, “İnternyus”, ABA CELLİ, “Cemonix” və başqa beynəlxalq qurumlar daha çox jurnalistlərin maarifləndirilməsinə, jurnalist araşdırmalarının aparılmasına təkan verir, bu sahədə problemlərin aradan qaldırılmasına dəstək olurdular. ATƏT-in media ofisinin Bakıdakı nümayəndəliyi media məsələlərinə müntəzəm diqqət ayırır, hökumətlə vətəndəş cəmiyyəti arasında körpü rolunu oynayır, məsələlərin birgə müzakirəsinə şərait yaradır, zaman-zaman da beynəlxalq öhdəliklərini hökumətin diqqətinə çatdırırdı.
3 ildir bunların heç biri yoxdur. Bu müddətdə ölkədə istər medianın praktik vəziyyəti, istərsə də onun hüquqi tənzimlənməsini müəyyən edən qanunvericilik aktları beynəlxalq standartlardan xeyli uzaqlaşdırılıb.
Eləcə 2017-ci ildə qanunvericiliyə gətirilən dəyişiklik və yeniliklər yetərlidir ki, ölkənin Milli Təhlükəsizlik Konsepsiyasında da yer alan Avropaya inteqrasiya prosesindən və həmin prosesdə mühüm rol oynayan Avropa standartlarından nə qədər uzaqlaşdığımızı görək.
Vəziyyətin ürəkaçan olmadığını, antidemokratik istiqamətdə irəlilədiyini dərk etmək üçün dərin bir araşdırmaya ehtiyac da yoxdur, qısa nəzər yetirəndə hər şey aydın olur.
2017-ci ilin fevral ayının əvvəlində media mühitinə bomba kimi düşən və cəmiyyəti silkələyən dəyişiklik peyda oldu. İnternet mediasının bloklanması və bağlanmasına hüquqi zəmin yaradıldı. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna bir fəsil əlavə edildi. Bu əlavələrin demək olar hamısı hüquqi münasibətlərdən kənara çıxan, legitim mənafelərə cavab verməyən, media azadlığının üstünlüyü prinsipini aradan qaldıran müddəalardır. Dəyişiklik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məhkəmə qərarı olmadan medianın internet resursunu bağlamaq hüququ verdi. Dərhal, martın 27-də nazirlik azad və plüralist, habelə tənqidi KİV-lərin internet resurslarına həmləyə keçdi və 5 resursa girişi yasaqladı. Nazirlik bu özbaşına addımı fevralın 1-də qanunvericiliyə gətirilən və mənası qeyri-müəyyən olan “qadağan olunmuş informasiyaların” yayılmasının qarşısını almaq bəhanəsi ilə atdı. Həmn resurslar məhkəməyə müraciət etsələr də, Səbail Rayon Məhkəməsi maddi və prosessual qanunvericiliyin tələblərini pozmaqda davam edərək, bloklanma qərarını qüvvədə saxladı. Beləliklə, nə nazirlik, nə də məhkəmə “qadağan olunmuş informasiyaların” nədən ibarət olduğunu izah etmədi. Əgər həmin qurumlar həqiqətən də qadağan olunmuş informasiyaları yaymışdılarsa, o zaman qanunvericilikdə o məlumatların nə olduğuna görə əlavə hüquq məsuliyyət tətbiq edilməli idi. Yəni əgər bu qadağan olunmuş informasiyalar sirdirsə sirrə görə, böhtan və ya təhqirdirsə bunlara görə hüquqi məsuliyyət müəyyən olunmalı idi.
Beləliklə, fevralda qanunvericiliyə gətirilən bu məhdudlaşdırıcı dəyişiklik ilk olaraq tənqidi mövqeyi ilə seçilən və cəmiyyəti alternativ mənbə kimi məlumatlandıran resurslara – www.azadlıg.orgwww.azadlıq.infowww.azerbaycansaatı.comwww.turan.tv və www.meydan.tv saytlarına girişin qadağan olunması ilə nəticələndi. Əlbəttə, bu sadəcə başlanğıc idi. Hazırda məhkəmə qərarı olmadan məhdudlaşdırılan resursların sayı 20-dən çoxdur.
Bir problem də həmin resurslara dair verilən qərarların qısa müddətdə məhkəməyə daşınmamasıdır. Halbuki bloklanan resursun bloklanmasına dair verilən inzibati qərar məhkəməyə çıxarılmalıdır. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nədənsə özünə bu əziyyəti vermir və resursları ucdantutma bloklamaqla işini bitmiş sayır. Nazirlik ayrıca ona vəzifə kimi tapşırılan bloklanmış resursların reyestrini (siyahısını) yaymaq vəzifəsini də icra etmir və beləliklə, qeyri-şəffaf və səlahiyyətli senzura qurumu kimi fəaliyyətini sürdürür.
2017-ci ildə media sferasının ikinci şoku fevralın 14-də “Hərbi vəziyyət haqqında” qanunun qəbulu ilə yaşandı. 1998-ci ildə rəsmi senzuranın ləğvindən sonra ilk dəfə mətbuata senzuranın tətbiqinə dair müddəalar yenidən qanunvericiliyə qaytarıldı. Halbuki 1995-ci ildə qəbul edilən və 1998-ci ildən qüvvədə olan konstitusiyanın 50-ci maddəsinin 2-ci bəndindəki müddəaya əsasən, “Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır”. Konstitusiya senzuranı açıq şəkildə yasaqlayır. Ona görə senzuranı hətta istisna hal, məhdudlaşdırma sanksiyası kimi də heç bir halda tətbiq etmək olmaz. Hərbi senzura dövlət senzurasıdır. Dövlət senzurasını isə ali hüquqi norma olan konstitusiya qadağan edib. Deməli, “Hərbi vəziyyət haqqında” qanunda senzuranın nəzərdə tutulması konstitusiyanın kobud şəkildə pozulmasıdır. Buna qədər hərbi vəziyyət rejimində KİV azadlığına məhdudiyyətlər tətbiq edilə bilsə də, senzuranın tətbiqi mümkün deyildi. Yeni qəbul olunan “Hərbi vəziyyət haqqında” qanunun 1.0.3-cü maddəsində isə kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması tələbi qoyulur. Beləliklə, medianın nəyi yayacağı, nəyi yaymayacağı öncədən dövlət qurumlarının və vəzifəli şəxslərin düşüncələrinə, dünyagörüşünə, hüquq bilgisinə və nəhayət, demokratiya anlayışına bağlı olacaq. Həmin qanunun 10-cu maddəsi isə hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər içərisində kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsini də nəzərdə tutur. Ayrıca, cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsinin də bu çərçivədə səlahiyyətlər içərisində olduğunu vurğulayır.
2017-ci ilin may ayında Milli Məclis jurnalistlərin əsas hüquqi münasibətlərini tənzimləyən “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavələr etdi. Yuxarıda bəhs edilən və hüquqi baxımdan legitim sayılmayan dəyişikliklər bu qanuna da salındı. Üstəlik, 3-cü maddədə, anlayışlar qismində internet informasiya resursları da mətbuat halqasına əlavə edildi, sui-istifadə hallarının çevrəsi genişləndirildi. Aydın ifadə edilən və yayılmasına yol verilməyən şəxsi həyat sirləri, qanunla qorunan sirlər hissəsinə qeyri-müəyyən və nə olduğu bilinməyən “yayılması qadağan edilən digər informasiya” da əlavə olundu, bulanıq tənzimləmə gətirildi. Avropa Məhkəməsinin qərarlarında da çox aydın ifadə edilir ki, qanun açıq, aydın, anlaşılan olmalıdır. “Digər informasiya”nın içərisinə hər şeyi əlavə etmək olar. Bu maddə məhz məsuliyyət yaradan halları müəyyən etdiyi üçün jurnalist bilməlidir ki, konkret nə məsuliyyət yaradır. “Qanunla qadağan edilən digər informasiya”nın adı, qoruduğu hüquqi mənafe bəlli deyil. Bu formada məhdudlaşdırma ilə məsuliyyətin yaradılması hüquq nəzəriyyəsini alt-üst edir.
“KİV haqqında” qanuna edilən digər bir dəyişiklik də bu qanunun mahiyyətini geri plana atdı və müasir medianın əslində internetin üzərində olduğunu gözardı edərək, internet informasiya ehtiyatlarının məhdudlaşdırılmasını “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna həvalə etdi. Yəni fevralda gətirilən məhdudlaşdırıcı və qeyri-legitim tənzimləmələrin “KİV haqqında” qanunun üzərində olduğunu göstərmiş oldu. Beləliklə, 1999-cu ildə Azərbaycanın Avropa Şurasına qəbulu ilə bağlı geniş müzakirələrə səbəb olan və hüquqi ekspertizalardan keçirilən, sonda da bir sıra pozitiv dəyişikliklərə məruz qalan “KİV haqqında” qanunun mahiyyəti sürətlə eybəcərləşməyə və jurnalistləri qurumamaqdan çıxıb, təhdid edən forma almağa başladı.
2017-ci ilin sonlarına doğru Milli Məclis “əkdiklərini biçmək” məsədi ilə oktyabr və dekabr aylarında inzibati və cinayət məsuliyyəti yaradan normalara əl gəzdirdi. Cəzaları və cərimələri artırıb, yeni cəza növləri gətirdi. Həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə jurnalistləri və ifadə azadlığından istifadə edən hər kəsi çərçivələyəcək, qurxudacaq, çəkindirəcək müddəalar daxil edildi.
Dekabrın 1-də İnzibati Xətalar Məcəlləsinə məsuliyyət yaradan iki fərqli maddə (388-1 və 370-1-ci maddələr) əlavə olundu. Bunlardan biri yuxarıda qeyd etdiyim internet informasiya ehtiyatında “yayılması qadağan edilən informasiya”nın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına görə məsuliyyəti nəzərdə tutur. Bu maddə ilə internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər 2000-2500 manat manatadək məbləğdə cərimə edilir. Ayrıca həmin maddədə bir qeyd də var: “Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”. Yəni bu əməl cinayət məsuliyyəti də yaradır.
Yeni əlavə edilən 370-1-ci maddə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sözünə dərhal baxmayan provayder və operatorların cəzalandırılmasını nəzərdə tutur. Burda provayder və operatorların fiziki şəxslərdən daha az pul qazandığını (!) nəzərə alan parlament cərimələrin məbləğini fiziki şəxslərə nisbətdə daha az qoyub. Vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir. Məsələn, “Azercell” qaydanı pozsa 1500 manat, vətəndaş Azər qaydanı pozarsa 2000-2500 manat cərimə olunacaq. Əslində bu fərq də göstrərir ki, əsas hədəf vətəndaşı və informasiya resursları sahiblərini hədəf alıb, qorxutmaqdır.
Haşıyəyə çaxaraq bir məqamı da vurğulamaq istəyirəm. Vətəndaşa və jurnalistə qarşı tətbiq edilən cərimələrin miqdarında parlament çox səxavətlidir və yüksək cərimələri nəzərdə tutur. Lakin nədənsə İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsində kütləvi informasiya vasitələrinin yayılmasına mane olmaya, yaxud 382-ci maddədə jurnalistlərin hüquqlarının pozulmasına görə tətbiq edilən cərimələrin miqdarı 100-150, 300-500 manat arası dəyişir və 2017-ci ildə bu cərimələrin miqdarı artırılmadı. Halbuki əsas hədəfi jurnalistlər olan Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir) və 148-1-ci (sosial mediada böhtan və təhqir) maddələrində nəzərdə tutulan cərimələrin miqdarı 2017-ci ilin may və oktyabr aylarında 3 dəfədən çox artırılıb və 300-1000 manat arası cərimələr 1000-1500 manat olub. Cinayət Məcəlləsinin 155-ci və 156-cı maddələri də əslində yazışma və özəl həyat sirlərinin yayılmasına görə cəzaları nəzərdə tutduğundan bu maddələr də birbaşa media və jurnalistləri təhdid edən maddələrdir. 2017-ci il həm də bu maddələrdəki sanksiyaların 5-10 dəfə atrırılması ilə yadda qaldı. 100-500 manat arasında olan cərimələrin miqradı 1000-2000 manatadək artırıldı.
Cinayət məsuliyyətindən söz düşmüşkən, 2017-ci il jurnalistlərin diffamasiyaya (böhtan və təhqirə) görə cəlb edildikləri məsuliyyət növlərinə yenisinin əlavə olunması ilə də yadda qaldı. Təəssüf ki, diffamasiyanın dekriminallaşması məsələsi illərdir növbəti – qeyri-müəyyən illərə təxirə salınır. 20 oktyabr 2017-ci ildə Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyalarına 3 ilədək azadlığın məhdudlaşdırılması sanksiyası da əlavə edildi. Anoloji dəyişiklik 156.2-ci maddədə də oldu, sanksiyalar arasına 2 il azadlığın məhdudlaşdırılması əlavə edildi. Beləliklə, hər iki sanksiyanın tətbiq dairəsi birbaşa ifadə azadlığı daşıyıcılarıdır. Təsadüfi deyil ki, 2017-ci ildə bloqçu Mehman Hüseynov məhz 147.2-ci maddə ilə 2 il azadlıqdan mərhum edilib.
Yekunda vurğulamaq istərdim ki, məqsədim medianın praktik vəziyyətindəki problemləri saymaq yox, hüquqi mühitdəki yenilik və dəyişiklikləri canlandırmaq idi. 2017-ci ildə medianın hüquqi mühitinin mənzərəsi budur. Və əlbəttə ki, bu, 2018-ci ilə ümid vəd edən bir mənzərə deyil.
https://novator.az/2017/12/31/media-2017-də-əyri-duzəlislər/ 

15 Haziran 2017 Perşembe

Ölkədə media azadlığının vəziyyəti kritik həddə çatıb


Ölkədə media azadlığının vəziyyəti hər gün bir az daha ağırlaşır. Son günlər ard-arda baş verən hadisələr prosesin normal axınından uzaqlaşdığını aydın göstərir. 

Dünya mətbuat azadlığı günü ərəfəsində Azərbaycanın ilk internet tv-lərindən biri olan Kanal 13-ün rəhbəri Əziz Orucova qarşı çox gülünc bir iddia ilə 30 gün inzibati həbs verildi. Guya onu axratışda olan  kiminləsə oxşar olduğuna görə polis saxlayıb, lakin o polisə müqavimət göstərib. Halbuki Əziz  Orucov jurnalist xanımı Lamiyyə Çerpanova ilə birlikdə işə gedərkən onları təqib edən polis saxlamış və şöbəyə aparmışdı. Hər hansı qarşıdurma, müqavimət olmamış, buna baxmayaraq saxlanmasına “hüquqi səbəb” uydurmaq üçün belə bir fərziyə qondarılaraq həbsə atıldı.

Bizdə çox yerində atalar sözləri var. Onlardan biri də “oğurluqla, quldurluq 40 gün çəkməz, açılar!”-məsəlidir. Əzizin həbsində də belə oldu. 30 günlük inzibati həbsin son günündə onu yenidən istintaqa çəkdilər və bu dəfə ağır cinayətlə suçlayaraq,  Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət məsuliyyətinə cəlb etdilər. Bu dəfə də Əzizi hüquqi baxımdan heç bir məsuliyyəti olmayan və heç bir vaxt heç bir imza səlahiyyəti olmadığı, sadəcə həmtəsisiçisi olduğu “Qafqaz Media Resurs Mərkəzi”  İctimai Birliyinin hansısa “fəaliyyətinə görə” 2014-cü ildə açılmış məşhur QHT cinayət işi çərçivəsində suçladılar. Lakin rəsmi ittiham bu olsa da Kanal 13-ün digər jurnalistlərinin də istintaqa cəlb olunması xoruzun quyruğunu göstərdi. Əzizin birbaşa Kanal 13-ün fəaliyyətinə görə həbs edildiyi danılmaz fakt kimi ortadadır.

Mayın 22-də daha bir inzibati həbslə regionda fəaliyyəti ilə təqdir toplayan, qorxmadan həqiqətləri
söyləyən, bir neçə müstəqil media qurumu ilə sərbəst əməkdaşlıq edən jurnalist-bloger Nicat Əmraslanov yenə uydurma səbəblə yaşadığı Qazax rayonunda eyni “növbətçi maddə ilə” polisə müqavimət maddəsi ilə 30 sutkalıq inzibati həbsə məhkum edildi.  Nicata qarşı pis rəftara və işgəncəyə yol verildiyini söyləyən vəkili Elçin Sadıqovdan Gəncə Apelyasiya Məhkəməsində vəkilin və jurnalist Xədicə İsmayılın gözü qarşısında hakim köməkçisi imtina ərizəsi yazdırdı. Xədicə İsmayıl mobil telefonu ilə bu görüntüləri lentə alıb paylaşaraq ictimailəşdirsə də heç bir qurum, o cümlədən Omdudsman buna reaksiya verməyərək, bunu adi hal kimi qarşıladı. Nicatın dişlərinin tökülməsi, sağ əlinin qıc olması müşahidə olunsa da bununla bağlı prokurorluq nədənsə araşdırma aparmaq, yaxud hətta ənənəyə çevrilən “bəyanat” vermək kimi davranışlardan uzaq qaldı.
Belə gedərsə, 30 günlük inzibati həbsin yekunlaşmasına günlər qala yeni bir qondarma “cinayət işinin” açılması və Nicatı da Əziz kimi “cinayətkar” elan edərək, ağır cinayətdə suçlamaları artıq sürpriz olmayacaq.

Mayın 29-da daha böyük “bomba” partladıldı. Araşdırmaçı jurnalist Əfqan Müxtarlı yaşadığı Tbilisi şəhərində gecə evinin önündən q yoxa çıxdı. Hər kəs onun axtarışına başladıqdan sonra, məlum oldu ki, Gürcüstanın rəsmi uniformada olan şəxsləri onun başına torba keçirib, oğurlayıb, sonra vəhşicə  döyüb  və 3 saatlıq müddətdə 2 avtomobil və heyət dəyişərək, Azərbaycan DSX-ə təhvil veriblər. DSX isə guya Əfqanın  sərhəddi könüllü qanunsuz keçdiyi və qaçaqmalçılıqla məşğul olduğu üçün saxlayıb, Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürdü. Bu qondarma cinayət işi də uzun sürmədən cəmiyyətə məlum oldu ki quramadır. Tamamilə qanunsuz adam oğurluğu baş verib. Gürcüstanın Prezidenti səviyyəsində bu etiraf edildi. Qısa müddət keçməmiş Azərbaycanın Milli Məclisinin deputatı Elman Nəsirov da istintaqın versiyasının saxta olduğunu bilmədən etiraf etmiş oldu. Doğrudur, Baş Prokurorluq Elman Nəsirovun “yalan” danışdığını bir Bəyanatla bəyan etsə də, əməli ilə Elman Nəsirovun doğru dediyini təsdiqləyən addımlar atdı.

Dünən, 14 iyun tarixində jurnalist Sevinc Vaqifqızı məhz Əfqan Müxtarlı işinə görə bir neçə saat Prokurorluqda dindirildi. Müstəqil jurnalistin istintaqa cəlb edilməsinin  rəsmi ittiham olan “sərhəddi qanunsuz keçmək, bəyan etmədən pul daşımaq və yaxalanarkən rəsmi şəxslərə müqavimət göstərmək”-lə heç bir məntiqi və hüquqi əlaqə qurmaq mümkün deyil. Amma Elman Nəsirovun qeyri-rəsmi iddiası ilə birbaşa bu əlaqə mümkündür. Çünki, deputat məhz bunu iddia etmiş, Əfqanın hansısa şəbəkəyə xidmət etdiyini bu məqsədlə iki ölkənin təhlükəsizlik gücləri tərəfindən “uğurlu əməliyyatla” gətirldiyini bəyan etmişdi.

Qeyd etməliyəm ki, dünən daha bir tanınmış  jurnalist Şahvələd Çobanoğlu da yenə istintaqa dəvət edilmiş və başqa oxşar bir işlə bağlı Gözəl Bayramlı işi ilə əlaqəli dindirilmişdir.
Dünən media və jurnalistlər üçün ümumiyyətlə ağır günlərdən biri kimi geridə qaldı. 2016-cı ilin 30 iyun tarixində xüsusi əməliyyat qurularaq həbs edilən  və Cinayət Məcəlləsinin 182-ci maddə ilə ittiham olunan Fikrət Fərəməzoğlu 7 il azadlıqdan mərhum edildi. Onun “3000 manat almasına görə” 7 il məhkum edilməsi ayrıca, 2 illik də jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağasının gətirilməsi açıq göstərir ki, bu həbslərin əsas istiqaməti media fəaliyyətlərinə yönəlib.

Görüldüyü kimi ifadə azadlığına qarşı, onun təmsilçiləri olan jurnalistlər və blogerlərə qarşı gedərək artan bir basqı müşahidə olunur. Jurnalist və blogerlərə qarşı qondarma-qurama cinayət işləri, qanunsuz həbslər, pis rəftara və işgəncələrə yol vermələr artan nisbətdə davam edir.

Burda məhkəmə və hakimlərin davranışını xüsusi qeyd etmək yerinə düşər. Daha əvvəllər də hakimlər əsasən jurnalistlərə qarşı olan sifarişli işlərdə notarius funksiyası yerinə yetirirdilər. Prokurorun hazırladığı ittiham aktını təsdilqəməklə işlərini bitirirdilər. İndi isə hakimlərin davranışı artıq ikrahdoğurucu dərəcədədir. Hətta, rəsmi ittiham üçün lazım olan “formallığa” belə əhəmiyyət vermədən, suçsuz insanları həbsə göndərməkdən vicdan əzabı çəkmir, eyni ilə hüquqsuzluğa yol verərək, yeni sağalmaz yaralar açır, hakim adını ləkələyirlər.

Yuxarıda qeyd edilənlər sadəcə basqıların istiqamətlərindən biridir. Media azadlığını, ifadə azadlığını
təhdid edən fəaliyyətlərin miqyası daha genişdir.   Xüsusilə may ayında Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinin iddiası ilə cəmiyyəti alternativ informasiyalarla təmin edən, tənqidi istiqamətləri qabardan internet resursları, azadlıg.orq, azadlıq.info, azərbaycansaatı.com, turan.tv və meydan.tv saytları “konstitusiyalı quruluşu devirməkdə” ittiham edilərək Səbayil məhkəməsinin qərarı ilə bağlandı.
Bir ay boyunca heç bir hüquqi normaya isnad edilmədən bütün səsli-görüntülü internet xidməti göstərən whatsapp, facebook massanger, skype, viber və  digər resurslar məhkəmə qərarı olmadan nazirlik tərəfindən əngəlləndi.


Son bir ayda bir neçə media resursun rəhbəri, redaktoru prokurorluğa çağırılaraq xəbərdarlıq edildi və xüsusilə ordudan yazmamaları tənbeh edildi. Bir sözlə, medianın  hökumətə ictimai nəzarət etmək funksiyası hökuməti gedərək daha çox narahat etdiyi müşahidə edilir. Hətta daha neytral fəaliyyət göstərən qurumlar belə təzyiq altına düşməyə başlayıb. 
Belə gedərsə, yaxın zamanlarda bütün səslərin kəsilməsi sürpriz olmayacaq.  

20 Ağustos 2015 Perşembe

Jurnalistlərin cəbhəboyu zonaya getməsini məhdudlaşdıran Nazirlər Kabineti Qaydası qanunvericiliyə ziddir.

Bu gün Nazirlər Kabinetinin
"Jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası" adlı 14 avqust tarixli 279 nömrəli qərarı qüvvəyə minib.
Ölkədə hüquq yaratma sistemində ciddi problem hiss olunur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri ola bilər. Lakin mənə görə bir subyektiv səbəb də hökumət üçün işləyən hüquqşünasların ola bilsin ki, digər kommersiya fəaliyyətlərinə başları qarışdığından hüquq prinsiplərini "unutmasıdır". 
Konstitusiyanın 149-cu maddəsinə görə aşağı norma yuxarı normalara zidd ola bilməz. Konstitusiyanın 148-ci maddəsinə əsasən Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar sistemində 6-cı sırada durur. Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanunun 8-ci maddəsi Normayaratma fəaliyyətinin əsas prinsiplərinı sayıb. Norma yaradan tərəf kim olmasından asılı olmayaraq bunlara əməl etməlidir. 
- Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;
- aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;
- beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;
- mütənasiblik;
- dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;
- normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;
- normativ hüquqi aktların ziddiyyətsizliyi;
- insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;
- ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi. 
Nazirlər Kabinetinin bu qərarı əsas hüquq və azadlıqlardan olan məlumat azadlığı hüququnu məhdudlaşdır. Hansı ki bunun təminatı Konstitusiyanın 50-ci, 71-ci maddələrində çox açıq var. 
Qaydaları oxuyanda, bu sənədin media qanunvericiliyindən xəbəri olmayan birinin hazırladığı açıq ortaya çıxır. Qaydanı qəbul etməkdə əsas kimi bu səbəb göstərilib: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (bundan sonra - cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri (bundan sonra - KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir
Məsələnin mahiyyəti bundadır ki, Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanununda hərbi vəziyyət elan edilmədən, KİV-lərə məhdudiyyət gətirilə bilməz. Heç bir norma hərbi vəziyyət elan edilmədən, belə bir məhdudlaşdırmanı mümkün hesab etmir. Bu Konstitusiyanın 71-ci maddəsinə də ziddir. 24 sentyabr 2014-cü il tarixli Prezident Sərəncamında da “2.1. 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;-şəklində bir bənd vardı. Yəni 2014-cü ilin dekabr ayının sonunda bu qanun layihəsi hazır olmalı idi. Amma Parlament Qanunu dəyişmədən, Nazirlər Kabineti məhdudlaşdırıcı normanı tətbiq etməyə başlayıb. Yəni qanunsuz məhdudiyyət tətbiq edib. 
Ayrıca “cəbhəboyu zona” ifadəsinin içərisi doldurulmalıdır. Cəbhəboyu dedikdə, təmas xəttinin eni nədir?, neçə metr və ya kilometr bitişik ərazi təmas xətti hesab olunur?, təmas xətti dedikdə dövlətlər arası sərhəddən söhbət gedib-getmədiyi necə aydınladılmalıdır?- sualları cavabını tapmalıdır.
Biz öz ərazimizin daxilində, işğal edilmiş ərazilərin arasındakı xətti bununla rəsmiləşdirmirik mi? O zaman Kəlbəcərə yaxınlarının qəbrini ziyarətə gedib, ermənilər tərəfindən həbs edilənlərə hüquqi problem yaratmayacağıq mı? 
Bir digər hüquqi problem, hərbi vəziyyət elan etmədən, təmas xətti ilə, həmin xəttin dıbındə olan kəndlərlə Bakının hüquqi durumunun fərqləndirilməsinin mümkünsüzlüyüdür. Bakıda X saylı hərbi hissənin divarının bitişiyindəki yaşayış evi, məhəlləsi ilə həmin təmas xəttinin dibindəki kəndin ərazisinində informasiya toplamanın hüquqi fərqi nədən olmalıdır? 
Konstitusiyanın 111-ci maddəsi deyir ki, “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda,... Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir”.
Konstitusiyanın bu norması “verə bilər” yox “verir” ifadəsindən istifadə edir. Bu əmredici normadır. Bu gün Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunmayıb mı? O zaman Konstitusiyanın 111-ci maddəsi nədən tətbiq edilmir? Buyurub həmin ərazilərdə “hərbi vəziyyət” elan edib, istənilən məhdudiyyəti tətbiq edin. Hüquqi yol budur. Amma bunu tətbiq etmədən, ölkənin içində informasiya alma rejimini fərqləndirmək həm Konstitusiyaya, həm Konvensiyaya həm də KİV haqqında qanuna ziddir. 
Ayrıca, akkreditasiya lisenziya demək deyil. Bunu dərk etmək lazımdır. Akreditasiya KİV-ə və jurnalistə üstünlük verir amma informasiya almasını məhdudlaşdırmır. Akreditasiya olmayan jurnalistin də məlumat alma hüququ qorunur. Çünki, Konstitusiya hər kəsə bu hüququ 50-ci maddə ilə verib. 
Qaydalarda akkreditasiya olunmaq da bölgədən informasiya almağa yetmir ayrıca 5-gün öncədən Müdafiə Nazirliyinə müraciət olunmalı, icazə verilərsə gedib informasiya toplamaq mümkün görünür. Bu norma KİV-haqqında qanunun 8-ci madddəsinə birbaşa ziddir. Jurnalist məlumatı dərhal mümkün olmadıqda 24 saat içərisində əldə etməlidir. Düşünün ki operativ hadisə baş verib, siz dərhal hadisə yerinə gedə bilməzsiniz, 5 gün gözləməlisiz ki sizə cavab versinlər, "hə" desələr gedə bilərsiniz, "yox" desələr gedə bilməyəcəksiniz. Bu hüquqi rejimin adı nədir? Hara gedirik?
Məsələni hüquqi baxımdan daha ciddi ələ almaq lazımdır. Ölkənin imicini bu qədər zərbə altına qoymaq olmaz.