məhv edildi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
məhv edildi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2 Ağustos 2018 Perşembe

"Məhv edildi" yanaşması doğrudurmu?

Son vaxtlar Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə yaydıqları press-relizlərdə, ayrıca da bu qurumların ayrılıqda hər birinin mətbuat açıqlamalarında belə məlumatlara tez-tez rast gəlirik:
"...silahlı müqavimət göstərən şəxs cavab tədbiri olaraq məhv edilmişdir", "..(Şəxsn adı)...məhv edildiyi bildirilmişdir", "...Polis əməkdaşları xidməti silahdan istifadə edərək ...(şəxslərin adı).. məhv ediblər.", "...terror hazırlayan şəxs məhv edildi". 
Ağla ilk gələn sual budur, polisin, yaxud digər hüquq mühafizə orqanları işçilərinin vəzifələri arasında "məhv etmə" səlahiyyəti varmı, varsa hansı hallarda, kimə qarşı və necə tətbiq edilməlidir?
Təbii ki, belə halda baxacağımız ilk yer ölkə qanunları olmalıdır. Polis haqqında Qanunda xırda bir axtarış edib "məhv etmə" səlahiyyətinin kimə qarşı və hansı hallarda verildiyini axtardıqda, yalnız bir yerdə məhv etmə sözünun qanunda keçdiyini görmək olur. Lakin bu insana qarşı yox, heyvana qarşı olan səlahiyyətdir.
Məsələ belədir, Qanunun 26-cı maddəsi Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqini tənzimləyir və maddənin IV. hissəsində "Polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aşağıdakı hallarda odlu silah tətbiq edə bilər": - deyir, 7-ci bənddə "insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə", deməklə "məhv etmə" nin insana hücum edən heyvan olduqda mümkün olduğunu bildirir.
Deməli "məhv edildi" ifadəsini qurumlar və media insana deyil, digər canlılara, heyvana və ya bitkilərə (narkotik tərkibli) işlədə bilər.
O zaman sual yaranır, polis terrorda (yaxud cinay"td') şübhəli bilinən şəxsi yaxud silahlı müqavmət göstərən silahlını zərəsizləşdirmək üçün silah istifadə etməməlidirmi?
Cavab yuxarıda qeyd etdiyim 26-cı maddədədir. Qanun məhdud olmaqla bir neçə halda silah tətbiqini mümkün hesab edir. Lakin qanun silahlı şəxsi, yaxud şübhəlini məhv etmək yox, onu zərərsizləşdirmək üçün bu səlahiyyəti verib. Zərərsizləşdirmə məhv etmə deyil, müqavimətini qırmadır. Polisin və digər hüquq mühafizə orqan işçilərinin vəzifəsi şübhəlini məhv edərək cəzalandırmaq deyil, onu zərərsizləşdirərək məhkəmə önünə çıxarmaqdır.
Yalnız, məhkəmələr həmin şəxsin terrorist, cinayətkar və ya məsum biri olduğuna qərar verməlidir. Bu səbədəndir ki, qanunda silah istifadə edildiyində şərtli istifadə anlayışı var. Silah tətbiqindən öncə şifahi xəbərdarlıq edilməsi sonra xəbərdarlıq atəşinin açılması göstərişi var. Bu xəbərdarlıq atəşi şəxsə yox, havaya atılmalı və silah tətbiqinin son zərurət olduğunu qarşıda müqavimət göstərən şəxsə göstərməlidir.
Ayrıca, şəxslərin vurularaq zərərsizləşdirilməsi zəruri olduqda, bu vurulmada ilk hədəf baş, yaxud ürək yox, aşağı ətraflar olmalı, mümkün qədər şübhəlinin sağ olaraq ədalətə təslim edilməsi təmin edilməlidir. Vurulan şəxsin bir neçə güllə ilə vurulması, yaxud qanaxmadan ölməsi konkret olaraq onu vuranların səlahiyyətlərini aşdığı və adekvat davranmadıqlarının göstəricisi ola bilər. Təsadüfi deyil ki, Qanunun 27-ci maddəsində vurulan şəxsə dərhal tibii yardım göstərilməsi göstərişi var.
Odur ki, hüquq mühafizə orqanları silahlı müqavimət göstərən (yaxud göstərmək istəyən) şəxsləri zərərsizləşdirərkən onları "MƏHV ETMƏLİ" deyillər, zərərsizləşdirərək məhkəmə önünə çıxara bilməlidirlər. Polislər yalnız şübhəlini yaralı da olsa sağ ələ keçirmək və ədalətə təslim etməklə öz vəzifələrini icra etmiş sayılarlar.
Düşünürəm ki, güc qurumlarının mətbuat xidmətləri mətbuat açaqlamalarını qanuni səlahiyyətləri çərçivəsində hazırlamalı, zərərsizləşdirərkən ölən şübhəli varsa bundan təəssüf hissini qeyd etməlidirlər. Çünki, həmin şübhəlilərin cəmiyyətin gözundə və hüquqda terrorist (cinayətkar) olması üçün məhkəmə qərar verməli idi. Məhkəmə qərar vermədən məhv edilmiş biriləri Konstitusiyanın 63-cü maddəsi ilə məsum hesab edilir. Çünki haqqında məhkəmə qərarı olmadan öldürülüblər.

http://www.turan.az/ext/news/2018/7/free/Want%20to%20Say/az/73935.htm