Online media etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Online media etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14 Aralık 2021 Salı

Media qanunu layihəsinin ictimai müzakirəsi

13 Dekabr 2021-ci il tarixdə yeni media qanunu layihəsinin ictimai müzakirəsi aparıldı. Müzakirədə qanun layihəsinin problemlərinə dair müxtəlif fikirlər səsləndi və yekunda mövqe sənədi qəbul edildi.

Müzakirənin tamamını aşağıdakı linkdən izləmək mümkündür.   

https://www.facebook.com/toplumtvbaku/videos/1257198641468301 

25 Temmuz 2018 Çarşamba

Onlayn internet resursları qanuna zidd bloklanır

Son günlər onlayn xəbər resurslarının bir-birinin ardınca qanunsuz bloklanması prosesinin davam etdiyini müşahidə edirik. Niyə qanunsuz deyirəm, çünki mövcud qanuna ilyarım öncə gətirilən müddəaları da nəzərə almayan bir davranış görürük. Özbaşına bloklanan resursların sayı artıq 60-dan çoxdur.
2017-ci ilin fevral ayının əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə internet resurslarını bloklamaq səlahiyyəti verən qanunvericilik dəyişikliyi media mühitinə bomba kimi düşmüşdü. Bu dəyişikliklə internet mediasının bloklanması və bağlanmasına hüquqi zəmin yaradıldı. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni bir fəsil əlavə edildi. Bu əlavələrin demək olar hamısı hüquqi münasibətlərdən kənara çıxan, legitim mənafelərə cavab verməyən, media azadlığının üstünlüyü prinsipini aradan qaldıran, habelə Azərbaycan Konstitusiyasının 47, 50 və 71-ci maddələrini pozan müddəalardır.
Dəyişiklik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məhkəmə qərarı olmadan medianın internet resursunu bağlamaq hüququ verərək konvensional hüquq olan ifadə azadlığına məhkəməsiz senzura qoymaq səlahiyyəti qazandırdı. Doğrudur, bu səlahiyyət istisna səlahiyyət kimi təxirəsalınmaz tədbirlər görmə ehtiyacı zamanı istifadə edilməli idi. Lakin geridə qalan 17 aylıq praktika göstərir ki, bu səlahiyyət istisna səlahiyyət kimi yox, birbaşa əsas səlahiyyət kimi və yarımçıq tətbiq edilərək fundamental hüquq olan ifadə azadlığını yox edir.
Normal bloklama proseduru qanunda necə nəzərdə tutulub?
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun yeni əlavə edilən 13-3-cü maddəsində bu prosedur əhatəli təsvir olunub.
Öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir.
Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət etməlidir. Yəni normal prosedurda bloklama nazirliyin qərarı ilə deyil, məhkəmə qərarı ilə olmalıdır. Yalnız istisna hal kimi təxirəsalınmaz tədbirə müraciət oluna bilər.
Təxirəsalınmaz bloklama proseduru qanunda necə nəzərdə tutulub?
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun yeni əlavə edilən 13-3.3 və 13-3.4-cü maddəsində məhz təxirəsalınmaz hallarda internet resursunun bloklanma proseduru göstərilib. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.
İlk baxışdan son bloklama qərarlarının hamısının bu bəndə isnadən normal prosedur tətbiq edilərək bloklandığı düşüncəsi yarana bilər. Lakin bu belə deyil. Məhz qanunun sonrakı 13-3.4-cü bəndində əsas məqam vurğulanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklama qərarını qəbul etdikdə eyni zamanda əziyyət çəkib bir də məhkəməyə müraciət etməli və məhkəmədən blokladığı internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qərar çıxarmasını xahiş etməlidir. Qanun bu iki addımı birgə addım kimi nəzərdə tutur. Yəni bloklama qərarı varsa, məhkəməyə müraciət də olmalıdır. Bizdə problem məhz burdadır. Bu qanun qüvvəyə minəndən bəri sadəcə bir dəfə – qanunun qəbulundan dərhal sonra, 2017-ci il martın 27-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Səbail məhkəməsinə müraciət edərək, Azadlıg.org, Azadlıq.info, Azerbaycansaatı.com, Turan.tv və Meydan.tv saytlarına girişin qadağan olunmasını xahiş etmiş, məhkəmə isə yenə də qanunun bir başqa müddəasının (13-3.5-ci maddə) tələbini pozaraq, 5 gün ərzində yox, 15 gündən sonra əsassız qərarla bloklamanı qüvvədə saxlamışdı.
“Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet resurslarının siyahısı”
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qulaqardına vurduğu digər funksiyası qanunun 13-3.6-cı maddəsində göstərilib. Nazirlik əgər bir saytı bloklayıb və məhkəmə də həmin resursa girişi öz qərarı ilə qadağan edibsə (Səbail məhkəməsinin Azadlıg.org, Azadlıq.info, Azerbaycansaatı.com, Turan.tv və Meydan.tv saytlarına girişin qadağan olunması qərarı kimi) bu zaman “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”nı tərtib etməli və həmin siyahını hər kəs üçün çatımlı tutmalıdır. Nədənsə nazirlik son 17 ayda 60-dan çox resursu bloklasa da nə məhkəməyə müraciət edib, nə də bu qanunda tələb olunan siyahını və onun şərtlərini hazırlayıb. Beləliklə, mövcud qanunu kobud şəkildə pozaraq media azadlığına və ifadə azadlığına qanunsuz, məhkəmə qərarı olmadan müdaxilə edib və bu təcavüzü davam etdirir.
Nazirlik qanunun 13-3.6-cı bəndindəki vəzifəsini icra etmədiyinə görə 13-3.7-ci bənd də icra edilmir. Çünki host provayder və internet provayderlər məhz həmin siyahıya daxil edilmiş internet resursuna girişi qadağan edən filtr qoyub, resurs sahibinə rəsmi yazılı məlumat göndərməlidir. Bu səbəbdəndir ki, praktikada bütün host provayder və internet provayderlər oğurluq bloklama əməliyyatı edib, susur və həqiqi haqq sahibi olan resurs sahibinə məlumat verməkdən qaçır.
Beləliklə, hər gün onlayn resursları məsuliyyətsizlikdə suçlayan, onları qeyri-peşəkar adlandıran dövlət qurumlarının təmsilçiləri və nazirlik əməkdaşları özləri hər gün mövcud qanunları pozmaqda və tam qeyri-peşəkar davranmaqda, cəmiyyətə neqativ nümunə olmaqdadırlar.
Üzücü olan isə bu özbaşınalığa nəzarət edən üst qurum və şəxslərin olmaması, səlahiyyət sahibi olan qurumların və ombudsmanın isə ağzına su alıb susmasıdır.
http://www.turan.az/ext/news/2018/7/free/Want%20to%20Say/az/73798.htm 
https://novator.az/2018/07/25/onlayn-internet-resurslari-qanuna-zidd-bloklanir/