9 Mart 2016 Çarşamba

Öz yanlışlarını görməyən hökumət uçurumun kənarında olduğunun da fərqində olmayacaq...

Jurnalist Aynurə Heydərovanın  Suallarını cavabladıq

Ələsgər Müəllim, Ədliyyə Nazirliyinin kollegiyası “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları”nı təsdiq edib. Bununla bağlı mövqeyinizi öyrənmək istəyirik. 

ədliyyə nazirliyi ile ilgili görsel sonucu    SualƏdliyyə Nazirliyinin qeyri-hökumət təşkilatlarının, xarici QHT-lərin nümyəndəliklərinin  fəaliyyəti ilə bağlı hazırladığı qaydalar barədə fikriniz maraqlıdı. Sizcə bu nə deməkdi və bu dəfə niyə dəyişikliklərə ehtiyac duyuldu?
Ələsgər Məmmədli: Bu Qaydaların bu şəkildə təsdiq olunması son 2 ildə ölkədə QHT sektoruna qarşı başladılan məhdudlaşdırma prosesinin dayanmadığını, son sürətlə davam etdiyini göstərir. Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən hazırlanan bu Qaydalar birmənalı olaraq qanunvericiliyin müəyyən etdiyi sərhəddi aşır və QHT və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə əlavə öhdəliklər, vəzifələr yükləyir. Bu isə QHT-lərin fəaliyyət sferasını qanunla nəzərdə tutulduğundan artıq məhdudlaşdırmaq deməkdir. Deməli, ölkədə birləşmək azadlığına ciddi müdaxilə edilir. Bu müdaxilə həm Konstitusiyanın 58-ci maddəsində göstərilən birləşmək azadlığına, həm də ratifikasiya etdiyimiz Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinə (birləşmək azadlığı) ziddir.   
     Sual:  2011-ci ildən, əvvəl sənəd üzərində müstəqil QHT-lərə olan basqaılar, sonra həm sənəd həm də real həyatdakı basqılar  bəzil QHT rəhbərlərinin həbsinə, digərlərinin bağlanmasına səbəb oldu. Sizcə hakimiyyətin istəyi nədi? Problemi eşitməməkdirsə, hazırda yenə problemlər səslənir. Özü də daha qabarıq. Bunu şərh edərdiz?
Ələsgər Məmmədli: 20014-cü ilə gəldiyimizdə Azərbaycanda demək olar ki siyasi fəaliyyət imkanları maksimum daraldılmış, sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmışdı. Siyasi partiyalar, siyasi fəaliyyət göstərən şəxslər bu və ya digər formada ciddi çərçivəyə salınmışdır. Media da bu prosesdən nəsibini almış, bütün teleradiolar tək iradəyə, hökumətin iradəsinə tabe edilmiş, bir çox müstəqil qəzet sıradan çıxarılmış, internet üzərindən də çoxsaylı maliyyələşmə mənbəyi şübhəli olan, amma hökumətin gizli əli ilə maliyyələşən online mətbuat yaradılmışdır. Tək istisna,  müəyyən QHT-lər və Xarici QHT-lərin nümayəndəlikləri vətəndaş cəmiyyətinin inkişafı üçün səy göstərir, müstəqil fəaliyyət üçün müəyyən qrantlar ayırır və bu çərçivədə tam olmasada qismən hökumətə ictimai nəzarəti həyata keçirirdi. Hökumət, yeganə fəaliyyət göstərən bu sektoru da susduraraq, öz yanlışlarını göstərən güzgünü qırmaq qərarına gəldi. 2013-cü ilin 17 dekabrında Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna edilən məhdudlaşdırıcı dəyişikliklər 2014-cü ilin fevralında qüvvəyə mindi və dərhal QHT və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə qarşı başladılan məşhur cinayət işinə start verildi. Çox sayda QHT-nin hesabına həbs qoyuldu, ofisləri bağlandı, məsul şəxslər qondarma ittihamlarla həbsə atıldı, onlarla QHT fəalının ölkədən çıxışına qadağa qoyuldu, qrantların icrası dayandırıldı, yeni qrant alma yolu bağlandı, bank əməliyyatlarına blok və məhdudiyyət qoyuldu. Beləliklə, illik 50-60 milyon dollarlıq qrant alıb, vətəndaş cəmiyyətinin inkişafına, hökumətin şəffaflığına, korrupsiyanın önlənməsinə nəzarət edən, vətəndaşları maarifləndirən, peşəkarlığı artıran, yeni vərdişlər öyrədən, xeyriyyəçilik edən, sosial problemləri həll edən QHT sektoru iflic edildi və mövcud olma mübarizəsinə tərk edildi.
Hökumət düşündü ki, onun problemlərini deyən QHT sektorunu da sıradan çıxarmaqla, problemi bitirəcək və hər kəs onu tərifləyəcək. Amma bu özünü aldatmaqdan başqa bir şey deyil. İndi artıq problemləri yerli QHT-lər bəlkə yüksək səslə deyə bilmir, hesabatlar ortaya qoya bilmir. Lakin bu dəfə beynəlxalq tribunalarda bunu birbaşa məsul qurumların rəsmiləri dilə gətirir, dünya mətbuatı bunu yazır, yayır. Ayrıca, QHT sektorunu bitirməklə, problem bitməz. Çünki, problemlərin böyük əksəriyyəti idarəetmədəki problemdir, məmur özbaşınalığı, qanunların heçə sayılmasının, korrupsiyanın yaratdığı problemlərdir. Belə olmasa, ölkədə bir ildə manat 100% dəyərdən düşməz, işsizlik baş alıb getməz, iş yerləri bağlanmaz, sadə əhali etirazlarla küçələrə çıxmazdı. Bunları QHT-lər etmirdi. Tam tərsi, QHT-lər əlavə vəsaitlər ölkəyə cəlb edir, hökumətin həll etmədiyi, yaxud resurs ayıra bilmədiyi sferalara, icmalara vəsait ayırır, problemlərin həllinə yardımçı olurdu...       


  Sual: Qayıdaq qaydalara, QHT-lərlə bağlı 30-cu maddəyə əlavələr edilənə kimi (səhv eləmirəmsə) bu yoxlamalar zatən Ədliyyə Nazirliyininn Qeydiyyat və Notariat baş idarəsi tərəfindən aparılırdı. Bu dəfə iştirak edən qurumlar hansılardı və  əvvəlki yoxlamalardan hazırkılar nə ilə fərqlənir?

Ələsgər Məmmədli: Əslində, Qanunda nəzarət funksiyası Ədliyyə Nazirliyinə tanınıb. Burda bir ziddiyyət yoxdur. Bilirsiniz ki,  17 Dekabr 2013-cü ildə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna 30-1 maddə əlavə edildi. Diqqət edilməsi zəruri məsələ budur ki, qanuna əlavə edilən maddə bütünlükdə QHT-lərin fəaliyyətini öyrənmək və onlara yeni öhdəliklər yükləmək yox, onların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsini nəzərdə tuturdu. Əslində bu normanın özü də birləşmək azadlığı konteksindən baxdıqda, qanunvericiliyə gətirilməsi üçün demokratik cəmiyyətdə nə qədər zəruridir sualına cavab vermir. Amma məsələ bundadır ki, Ədliyyə Nazirliyinin yazdığı “Qaydalar” sanki hansısa dövlət qurumunun kargüzarlığının aparılması qaydalarıdır. O qədər detallı və müdaxiləçi.
Məsələn, qanunda QHT-nin fəaliyyətinin öz nüzamnaməsinə uyğunluğunun öyrənilməsindən bəhs etdiyi halda, Qaydaların 1.8-ci bəndi “fəaliyyəti öyrənilərkən hüquqpozuntularına şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması ilə yanaşı, onların təhlilinə və qabaqlayıcı tədbirlərə də diqqət yetirilməlidir”- deyir. Bu Qanunda nəzərdə tutulmadığı halda, Ədliyyə Nazirliyi tərəfindən qanunverici orqanın yerinə keçib yaratdığı yeni normadır.  Yaxud, Ədliyyə Nazirliyi tərəfindən  “QHT-lərə fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin olunması ilə əlaqədar dövri təlimlər təşkil edilir”- deməklə, sanki QHT-lər dövlət idarəetməsində icranın aşağı qoludur və onlar təlimləndirilir. Halbuki, QHT-lər məhz həmin Ədliyyə Nazirliyinin də fəaliyyətinə ictimai nəzarət həyata keçirə bilməlidir. İndiki halda elə yanaşılır ki, QHT-lər icradan asılı, onların tabeliyində olan bir aşağı qurumdur.
Qaydaların 2.3-bəndi ümumiyyətlə absurddur. “2.3.QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim etmək üçün öz yazışmaları üzrə kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq olunmuş surətlərini ayrıca qovluqda saxlamalıdırlar.” Ədliyyə Nazirliyinə soruşmaq lazımdır ki, QHT-nin Nizamnaməsində, Əsasnaməsində habelə, QHT-lərə belə bir məsuliyyət yükləyən heç bir Qanunda belə bir norma olmadığı halda, siz hansı əsas və səlahiyyətlə qanunverici səlahiyyətini mənimsəyərək, QHT-lər üçün belə “vəzifə” müəyyən edirsiniz? Sizə bu səlahiyyəti kim və hansı qanunvericiliklə verib?
Bu Qaydaları bu formada qəbul edən Ədliyyə Nazirliyi həm Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunun 30-1 maddənin tələbini pozub, həm də  Milli Məclisin səlahiyyətini mənimsəyib. Bu birbaşa konstitusiyanın 94-cü maddəsinin 1 və 10-cü bəndlərinin pozulmasıdır və mən düşünürəm ki, QHT-lər bu normanı məhkəmədə mübahisələndirməli, Konstitusiya məhkəməsinə götürməlidirlər.
Qaydaların 2.4-cü bəndi də eyni mahiyyətdədir və Ədliyyə Nazirliyinin səlahiyyətlərini aşmasıdır. Müddətlərlə bağlı müddəalar da konkret QHT-lərin fəaliyyətinə maneə yaradan normalardır. Aylarla yoxlama tədbirləri davam edə bilər. İctimai funksiya həyata keçirən, könüllü birləşərək, öz resursunu yaradan və fəaliyyət göstərən ictimai birliklər üçün belə normaların gətirilməsinin legitim hüquqi dayanağı yoxdur.
Ümumiyyətlə, Ədliyyə Nazirliyi dərk etməli idi ki, onlar öz qurumlarının rəsmilərinin davranışı üçün qayda hazırlaya bilər, QHT-lər üçün yox. Çünki, QHT-lər Qanunlarla və öz Nizamnamə və əsasnamələri ilə fəaliyyət göstərir. Onlar yanlız Qanunlarda və daxili sənədlərində mövcud olan vəzifələri icra etməlidir. Əsasnamə Ədliyyə Nazirliyinin əməkdaşlarının yoxlama ilə bağlı prosedurlarını tənzimləməlidir, QHT-yə vəzifə yükləməməlidir.  

  Sual: Necə düşünürsüz bu qaydalarla xarici təşkilatlar niyə Azərbaycanla əməkdaşlıqda maraqlı olsun? Ümumiyyətlə xarici təşkilatların bu sərtləşmələrlə bağlı hər hasnı bir fikri ilə qarşılaşıbsız?

     Ələsgər Məmmədli:  Mən Sizə səmimi deyim ki, heç bir beynəlxalq təşkilat, donor fəaliyyətlərə bu qədər məhdudiyyət tətbiq olunan ölkəyə yardım etmək, donor kimi fəaliyyət göstərmək, ictimai sektora investisiya qoymaqda maraqlı olmaz. Artıq Donorların qeydiyyatını tələb edən sənəd xeyli vaxtdır ki qüvvədədir. Amma hələ heç bir rəsmi məlumat yoxdur ki, kimsə gəlib Azərbaycan Hökumətinin istədiyi kimi Donor olaraq qeydiyyatdan keçib. Yəqin ki, heç olmayacaq da. Bu proses regionda qonşu ölkələrə donorların yönəlməsinə səbəb olur. Artıq 2 ildir ki, Azərbaycan QHT-ləri böyük vəsaitlərdən mərhum olub və daha əvvəllər azı ildə ayrılan 30-40 milyon dollarlıq vəsait Gürcüstan və Ermənistan vətəndaş cəmiyyətinə yönəldilir. Beləliklə, qısa müddətdən sonra biz bütün beynəlxalq platformalarda bu ölkələrin vətəndaş cəmiyyətinə uduzacağıq. Çünki, onlar vəsaitləri cəlb edir, fərdi inkişafı təmin edir, biz yerimizdə sayır, bu sektorda yetişənlərin də getməsinə səbəb oluruq. Bu bizim rəqabət gücümüzü ortadan qaldıracaq. 
 Sual: Sonuncu dəyişikliklər nəsə vəd edir?
Resim yazısı ekle
Ələsgər Məmmədli: Bu normaların qəbul edilməsi, cəmiyyətdə vətəndaş cəmiyyətinə yönələn basqıların dayandığı, yaxud səngidiyi fikrinin səhv olduğunu göstərdi. Anlaşıldı ki, vətəndaş cəmiyyətinin fəaliyyətində hökumət maraqlı deyil və bu sektoru tamamilə ram edib, özünə bağlamadıqca, dayanmayacaq. Onsuz da, bu sferada sayca böyük əksəriyyət qurumlar hökumətin yanında və yedəyində idi. Müxtəlif Dəstək Fondları adı altında dövlət büdcəsindən ayrılan vəsaitdən pay almaq üçün, öz simalarını dəyişib “qeyri hökumət” funksiyalarını, “hökumət yanında” funksiyası ilə əvəzləmiş bu qurumlara rağmən, müstəqilliyini qoruyan, həqiqətən də vətəndaş cəmiyyətinin inkişafına töhfə verən, hökumətin yanlışlarını deyən, yol göstərən, neqativ halları aşkarlayan QHT-lərin sayı barmaqla sayılacaq qədər az idi. İndi məqsəd bunarın  heç olmamasıdır. Məqsədə çox yaxındırlar. 2 ildir ki, ölkədə önəmli sahələrdə, media sferasında, insan hüquq və azadlıqları sferalarında ciddi hesabatlar yoxdur, araşdırmalar aparıla bilmir. Müstəqil vətəndaş cəmiyyəti institutlarının axırına çıxılmaq üzərədirlər. Amma unudurlar ki, bu yanaşma qısa müddətdə hökumətin özünə də mənfi təsir edəcək. Öz yanlışlarını görməyən hökumət uçurumun kənarında olduğunun da fərqində olmayacaq. Belə durumlarda  ani bir yanlış bütünlüklə cəmiyyəti uçuruma sürükləyə bilər. 

Hiç yorum yok:

Yorum Gönder