Dünən (25 aprel 2017) Milli Məclis Dövlət qulluğu haqqında Qanuna dəyişiklik etdi. Vəzifələrin təsnifatını tənzimləyən normalardan "Prezident Administrasiyası" sözü çıxarılaraq, Prezidentin fəaliyyətini tənzimləyən orqan kimi dəyişdirildi və onunla eyni statusda yeni vəzifələr yaradıldı. İlk baxışdan bunu son Konstitusiya dəyişikliyindən sonrakı normal prosedur kimi təqdim etmək olardı. Lakin dərin araşdırdıqda xeyli problemli məqamlar ortaya çıxır.
Konstitusiyanın 109 cu maddəsinin 13-cü
bəndində Prezidentin səlahiyyətlərindən biri də “13) Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin
edir;”- cümləsi ilə göstərilib.
Burada “Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasını” sözü böyük hərflərlə göstərildiyinə
görə xüsusi isim kimi qəbul edilir və konkret qurumdan bəhs edildiyi anlaşılır.
Əgər administrasiyası sadəcə idarəetmə anlayışı kimi nəzərdə tutulsa idi, bu söz xırda hərflərlə yazılar və ümumi isim
kimi göstərilərdi. Ümumi isim kimi nəzərdə
tutulsa Prezidentin müstəsna səlahiyyəti kimi bu qurumu özünün qəbul etdiyi
Yerli İcra hakimiyyəti haqqında Əsasnamədə istədiyi kimi adlandırma səlahiyyəti
olardı. Təsadüfi deyil ki, 2009-cu il mart referendumuna qədər bu anlayış “İcra Aparatı" formasında
Konstitusiyada mövcud idi və məhz buna görə Prezidentin fəaliyyətini tənzimləyən
orqan o zaman “Prezidentin İcra Aparatı” adlanırdı. Həmin qurum referendumdan
sonra adını “Prezident Administrasiyası” olaraq dəyişdi.
Bunu
vurğulamaqda məqsədim, Konstitusiyada mövcud olan bir qurumun adının istər
İcranın başı kimi Prezidentin aktlarında, istərsə də hakimiyyətin digər qolu Milli
Məclisin qəbul etdiyi sənədlərdə (qanunlarda) olduğu kimi istifadəsi zəruridir.
Çünki bu qurum konstitusion qurum halına gətirilib.
İkinci diqqət çəkən məqam, Prezident tərəfindən
vitse-prezidentin səlahiyyətlərinin çərçivəsini açıq şəkildə müəyyən edən sənəd
qəbul edilmədən, yəni Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə bu istiqamətdə
hər hansı düzəliş, dəyişiklik yaxud əlavə edilmədən, Milli Məclisin Dövlət qulluğu
haqqında Qanunda vəzifə təsnifatı bölməsində yeni vəzifələr əlavə etməsi və
mövcud Əsasnamədəki vəzifənin adını dəyişdirməsidir.
Mövcud Konstitusiya buna yol vermir. Çünki, 7-ci
maddənin son cümləsi: “- icra hakimiyyəti Azərbaycan
Respublikasının Prezidentinə mənsubdur;”- deyir və 99-cü maddədə bir
daha “Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan
Respublikasının Prezidentinə mənsubdur”- deyərək prinsipi norma halına gətirir.
93 cü maddənin
4-cü bəndi: “ IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında
icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.”-
norması ilə hakimiyyət bölgüsü çərçivəsində səlahiyyətlərin ayrıldığını
vurğulayır.
Prezidentin səlahiyyətlərinin geniş formada göstərildiyi
109-cu maddədə 7-ci bənddə aydın göstərir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yaratma” səlahiyyəti
Prezidentin müstəsna səlahiyyətindədir və yaradılan orqanların səlahiyyətlərini
də 124-cü maddənin 3-cü bəndində göstərildiyi kimi “124 III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir. ”
İndi yaranan hüquqi durum belədir:
Milli Məclis
Prezidentin səlahiyyətlərinə müdaxilə edərək Prezident tərəfindən yaradılmalı
olan lakin, hələlik yaradılmayan bir
qurumun vəzifələrini yaradıb və hətta Dövlət qulluğu haqqında Qanunda təsnifata
salıb. (Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin
vəzifəsi, Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən
struktur bölmənin rəhbərinin müavini) .
Halbuki, http://www.e-qanun.az/framework/23701
bu linkdə də görə bilrəsiz ki, hazırda qüvvədə olan Əsasnamədə belə vəzifələr
yoxdur və bunlar yaradılmadan Qanundakı təsnifata salınmamalıdır. Deməli, Milli
Məclis Konstitusiyada prezidentə məxsus səlahiyyətlərə qanunsuz müdaxilə edib.
Eyni zamanda
Prezident Administrasiyası sözünün Əsasnamədən çıxarılmadan, Qanundan
çıxarılması da eyni səviyyədə hüquq pozuntusudur.
Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə görə yuxarıda bəhs etdiyin Əsasnamə fərmanla qəbul edildiyinə görə normativ hüquqi akt hesab olunur. Ona olna dəyişikliklər 85.2-ci maddəyə əsasən “Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir”. Yəni kimsə deməməlidir ki, hansısa sənəd mövcuddur lakin yayılmayıb, yaxud sistemdə yoxdur.