29 Ocak 2016 Cuma

Ölkənin informasiya təhlükəsizliyini zərbə altında qoymaq olmaz

Bu gün Baş Prokurorluq tərəfindən yayılan informasiya diqqətimi çəkdi. Məlumatda bildirilir ki, bir neçə KİV-də “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq cari ilin yanvar ayında respublikanın müxtəlif bölgələrində ayrı-ayrı şəxslər tərəfindən təşkil edilməklə keçirilmiş aksiyaların ölkədə guya sosial-iqtisadi vəziyyətin pisləşməsi, əhalinin mövcud vəziyyətdən narazı olması kimi qiymətləndirilməsi, eləcə də həmin aksiyalarla əlaqədar heç bir dəqiqləşdirmə aparılmadan və dövlət orqanlarının rəsmi mövqeyi öyrənilmədən açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilməklə məlumatlar yayımlanıb, buna görə onlara xəbərdarlıq elan edilib”

Doğrusu son vaxtlar Azərbaycan hüquq sistemində, qanunvericiliyin tətbiqində o qədər normal olmayan məsələlərlə rastlaşırıq ki, bunu da sıradan bir xəbər kimi qəbul edib, üzərində durmamaq olardı. Lakin, KİV-ın cəmiyyətdə oynadığı rol, onun hakimiyyət və dövlət qurumları ilə münasibətdə azad və müstəqil olması zərurilyi bu məsələyə gözucu da olsa nəzər salmağı məcbur edir.
Prokurorluq bu hərəkətini Prokurorluq haqqında Qanunun 22-ci maddəsinə söykənərək etdiyini bildirir. Bu maddə “Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir”-şəklindədir. Burda diqqət çəkən məqam KİV-ə və ya  KİV-in redaktorlarına xəbərdarlıq edir- şəklində bir normanın yoxluğudur. Çünki, eyni ilə Prokurorluq haqqında Qanun kimi KİV haqqında Qanun da Milli Məclis tərəfindən qəbul edilib və burda KİV-in konstitusion hüquq və azadlıqlarının pozulmaması, demokratik cəmiyyətdə önəmli rol alan tərəf olduğu üçün onun azadlıq və məsuliyyətinin dəqiq sərhədlər müəyyən edilib. Bu sərhədlərin içərisində Prokurorluq orqanlarına xüsusi vəzifə verilməyib.

KİV haqqında Qanunun icrasına dair "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin  Fərnanına nəzər salsaq, burda KİV haqqında Qanuna nəzarət etməli olan orqanların adları göstərilib. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adlarını burada müxtəlif maddələrin icrası zamanı görə bilərik. Hətta, təşkilati-hüquqi forması ictimai birlik olan Mətbuat Şurasının da adı müvafiq icra hakimiyyəti orqanı (!) olaraq, Qanunun 19-cu maddəsi ilə bağlı səlahiyyətli qurum kimi Fərmanda göstərilib. Amma 10 və 11-ci maddələrin icrasına nəzarətdə Prokurorluq orqanının adı göstərilməyib.

Gələk məsələnin ikinci tərəfinə, hətta bütün qanunlara prokurorluğun nəzarət etmə səlahiyyəti olduğunu düşünərək məsələyə yanaşsaq, KİV haqqında Qanunun 10-cu və 11-ci maddələrdə yol verilən pozuntular nədir?
10-cu maddənin mətninə baxsaq, Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyini təsvir edir.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”.
Burda nəzərdə tutulan hərəkətlərin heç biri xəbərdarlıqla cəzalandırılacaq qədər bəsit hərəkətlər deyil. Əgər “qanunla qorunan sirlər” yayılıbsa o zaman konkret cinayət işi başlamalıdır. Əgər “Konstitusiyalı quruluşu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək”- suçu sabitdirsə yenə xəbərdarlıqla bu işi “bağlamaq” olmaz və cinayət işi açılması hökmən lazımdır. Yox əgər “mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq,- hadisəsi baş veribsə o zaman hüququ pozulan vətəndaş xüsusi ittiham qaydasında CM 147 və 148-ci maddələri ilə məhkəməyə müraciət etməlidir.  Yəni, burda da prokurorluğa vəzifə düşmür.
11-ci maddənin mətninə baxsaq, burda “İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar” göstərilib.  Yəni burda yalan məlumatdan, qərəzli məlumatdan, natamam məlumatdan söhbət getmir. Burda yayılan məlumatın özü həqiqi məlumatdır, lakin onu ya icazəsiz yaymaq olmaz, ya da mənbənin gizliliyi qorunaraq yayılmalıdır. Deməli, Prokurorluğun açıqladığı hal 11-ci maddəyə aidiyyatı ola bilməz. Çünki Prokurorluq demir ki, istintaqın icazəsi olmadan məlumat yayılıb, deyir ki “natamam və yalan məlumatlar” yayıblar. Əslində aksiyaların səbəbi iqtisadi və sosial problemlərdən əziyyət çəkənlərin məsələni ictimailəşdirməsi olmayıb. Görünür, həmin insanların devoliasiyanı sevindirici hal kimi qeyd etmək istədikləri halda, jurnalistlər bunu etiraz kimi qələmə veriblər. Hər halda Prokurorluğun açıqlamasında bu deyilməsə də anlaşılan budur.

11-ci Maddənin mətnini olduğu kimi göstərirəm:

“Kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq şərt ilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına;
2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə;
3) təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat məlumatlarını yaymasına;
4) cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir.
Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllif açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun yaxud jurnalistin üzərinə düşür.
Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər:
1) insan həyatının müdafiəsi üçün;
2) ağır cinayətin qarşısını almaq məqsədi ilə;
3) ağır cinayət törətməkdə ittiham olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.
Bu maddənin birinci hissəsinin 3-cü bəndinin tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq hüququnu məhdudlaşdırmır.

Prokurorluq orqanları Qanunlara nəzarət edirlərsə, qanunların bütününə baxmalı, qanunları tam tətbiq etməlidirlər. KİV haqqında Qanunun 62-ci maddəsi yalan və ya natamam məlumat yayan KİV-in hansı hallarda məsuliyyətdən azad olduğunu da göstərir. Bu KİV-in spesifik fəaliyyət göstərən sahədə olan oyunçu olduğuna görə nəzərdə tutulur. KİV məlumat yayarkən digər prinsiplərə əməl etməklə bərabər, həm də operativ olmalıdır. Bəzən operativ olan KİV obyektiv olmayan məlumatlar da yaya bilər. Məhz qanunvericilik bu zaman KİV-in və jurnalistin qəsdi yoxdursa, onu məsuliyyətdən azad edir.
62-ci maddənin mətni belədir:
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat;
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xidmətlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

Belə bir deyim var: “Quş çoxbilmişliyindən dimdiyindən tora düşər”. Bizim bəzi parlamentarilər, rəsmi şəxslər və Prokurorluğun bugünkü açıqlamasını verməyə səbəb olan “media başbilənləri” bütün yayılan ifadələri kontrol altına almaq üçün KİV haqqında Qanunun 3-cü maddəsinə bir dəyişiklik edib, interneti də KİV olaraq anlayışlara saldılar.  İndi 62-ci maddənin 3-cü bəndində “3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa; halı bütün interneti də əhatə etdiyindən daha öncə İnternetdə, sosial şəbəkələrdə yayılmış və təkzib olunmamış, buna görə də digər KİV-lərdə də buna isnad olunaraq yayılmış məlumatlar yalan olsa belə, sonra yayanlar məsuliyyətdən azad olunurlar. Çünki, qanunvericilik onların qərəzli olmadığını düşünür. Yəni, bu gün xəbərdarlıq edilən KİV-lər əgər bu məlumatları yayan ilk tərəf deyildirlərsə, ki məncə bu belədir, o zaman onların məsuliyyətini Qanun nəzərdə tutmur.


Sonda bunu qeyd etməyi özümə borc bilirəm. Mətbuat Şurası son vaxtlar ölkədə media azadlığına, medianın inkişafına ciddi zərər verməyə başlayıb. Mətbuat Şurası ictimaiyyət və Media təmsilçilərindən formalaşan, bu tərəflər arasında zaman-zaman arbitr rolu oynayan bir qurum olmalı, jurnalistlərin mənafeyinə, azadlığına, yaradıcılığına müdaxilə imkanları verməməlidir. Heç bir qanuni analiz aparılmadan, normalara isnad edilmədən, bunun nəticələrini, hesabatını, monitorinq texnologiyasını, monitorinq aparanların peşəkarlığını cəmiyyətə açıqlamadan  hansısa siyahılar tərtib edib, prokurorluq orqanlarına göndərilməsi bu qurumun funksiyaları ilə uyğun gəlmir. Papağın önünə qoyulub düşünmə zamanı gəlib, cənablar. Az-çox plüralizmi formalaşdıran yerli medianı və jurnalistləri bu qədər sıxıb-boğarsınız, bu ölkədə yerli mənbələri tamamən sıradan çıxararsınız. Bu isə ölkənin informasiya təhlükəsizliyinə daha böyük zərbə vurar. 

Hiç yorum yok:

Yorum Gönder