QHT qanunvericiliyi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
QHT qanunvericiliyi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Ocak 2017 Cumartesi

Sivil Toplum Platformasının Qrantların qeydiyyatına dair Nazirlər Kabinetinin qərarı barədə mövqe sənədi

Son günlər Nazirlər Kabinetinin (NK) 4 saylı, 11 yanvar tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydaları”na dəyişikliklər edilməsi barədə Qərarına istinad edilərək belə bir ictimai rəy yaradılmağa çalışılır ki, QHT-lərin qrant almasının və onu qeydiyyatdan keçirməsinin qarşısındakı sədlər götürülüb və artıq bu istiqamətdə problemlər aradan qaldırılır.
Bu yanaşma kökündən yanlışdır və cəmiyyəti çaşdırmağa yönəlik addımdır. Belə ki, bəhs edilən Qərar 2013-cü ilin dekabr ayında və 2014-cü ildə müxtəlif vaxtlarda “Qrant haqqında Qanun”a 4 dəfə müdaxilə edilərək gətirilən 18 müxtəlif məhdudlaşdırıcı normanı dəyişmir.
Azərbaycan Konstitusiyasının 147-ci maddəsinə əsasən NK-nin qərarları Qanunlardan və Fərmanlardan aşağı hüquqi qüvvəyə malikdir və qanunların icrasına dair tənzimləmə xarakterlidir. Qərarlar qanunlarda olan məhdudlaşdırıcı normaları dəyişmək və ya başqa formada yüngülləşdirmək gücündə deyil.
Xüsusilə, 2013-cü ilin dekabrından başlayan və QHT-lərin normal fəaliyyət göstərməsini, istənilən mənbədən qrant və ya ianə kimi vəsaitlər cəlb etməsini məhdudlaşdıran heç bir norma son qərarla ortadan qalxmır. Yenə də:
1. Qrant və ianələrin qeydiyyatını nəzərdə tutan normalar qüvvədə qalır;
2. Qrant müqavilələrinin və əlavə müqavilələrin surətinin yox, əslinin bir nüsxəsini təqdim etmə şərti olduğu kimi qalır;
3. Qrant Müqaviləsindən əlavə qrant layihəsinin (bu bəzən yüz səhifədən çox ola bilir)imzalı əslinin bir nüsxəsini təqdim etmək şərti qüvvədə qalır; 
 4. qrant və ianələrin qeydiyyatı zamanı qeydiyyata alınmağa dair bildiriş verilməsi şərti qüvvədə qalır;
5. Qrant və ianələrə dair banklarda əməliyyat aparmaq üçün tələb olunan bildirişin təqdim edilməsi qüvvədə qalır;
6. 200 manatdan çox ianənin və qrantın yalnız köçürmə yolu ilə qəbul edilməsinə dair tələb qüvvədə qalır;
7. Qrant içərisində ayrıca sub-qrant nəzərdə tutulubsa, sub-qrantın ayrıca qeydiyyata alınması şərti qüvvədə qalır;
8. Donorların ölkədə rezident olmaq (Nümayəndəliyini qeydiyyata aldırmaq) şərti qüvvədə qalır;
9. Donorların ölkədə qeydiyyatdan keçmək üçün hökumətlə Saziş bağlamaq şərti qüvvədə qalır;
10. Nizamnamələrində başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan donorların yalnız donor kimi qeydiyyatdan keçməsi mümkünlüyü qanunda qalır;
11. Donorların qrant vermək hüququnu əldə etmək üçün ayrıca qeydiyyatdan keçmək şərti qüvvədə qalır;
12. Donorun hər bir qrant elanı üçün ayrıca qeydiyyatdan keçmək şərti qüvvədə qalır;
13. Donorların qrant vermələri üçün Maliyyə Nazirliyindən hər bir qrant elanı üçün məqsədəmüvafiqliyə dair rəyin tələbi yerində qalır;
14. Qrant müqavilələrinin qrant alan tərəfindən qeydiyyata verilməsi şərti qanunda qalır;
15. sub-qrantlar və qrant müqavilələri (qərarlar) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarında təkrar qeydiyyatdan keçirilmə şərti qanunda qalır;
16. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların qadağan olmasına və buna görə müəyyən olunan hüquqi məsuliyyət qüvvədə qalır;
17. QHT-lər tərəfindən xarici mənbədən alınan vəsaitlərlə xidmət göstərilməsi zamanı xidmət müqavilələrinin qeydiyyatdan keçirilməsinə dair tələb qanunda qalır;
18. “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” haqqına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il taixli, № 216-saylı Qərarı yenə də qüvvədə qalır;
19. “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli, № 339 saylı Qərarı qüvvədə qalır;
20. “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2015-ci il taixli, № 336 saylı Qərarı qüvvədə qalır;
21. “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21oktyabr tarixli 337 nömrəli qərarı qüvvədə qalır;
22. Qrant verilməsi və alınmasına dair donorlar, respiyentlər üçün nəzərdə tutulan ağır (15000) manatadək inzibati cərimə sanksiyaları İnzibati Xətalar Məcəlləsində olduğu kimi qalır.
Qanunlarda bu qədər məhdudlaşdırıcı normalara toxunmadan bir qaydanın müddəaları ilə imitasiya edib mövcud mühiti düzəltmək olmaz. Bu qaydaların özü belə qanunda olan məhdudlaşdırıcı normalardan da artıq məhdudlaşdırıcı xarakterdə idi və legitim hüquqi məqsəd daşımırdı. İndi qaydalara edilən dəyişikliklər də ciddi problemlərdən xəbər verir. 
 Məsələn, Qaydaya əlavə edilən 1.10 bənddə göstərilir: “Qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər”.
Son “xidmət müqaviləsi kimi qeydiyyata alına bilər” ifadəsi qeydiyyata alan orqana ünvanlanan mesajdır. Yəni qeydiyyat orqanı müəyyən etsə ki, qrant müqaviləsində “iş görmə” və ya “xidmət” var, o zaman özü onun təyinatını qrant kimi yox, xidmət kimi dəyişəcək. Beləliklə, dərhal bu vəsaitdən sadələşdirilmiş vergi və nəzərdə tutulan işlərin görülməsi üçün ƏDV tutulacaq. Beləliklə, qrantın ciddi bir hissəsi məqsədlərə yox, büdcəyə yönələcək. Üstəlik, bütün bunlar qeydiyyat orqanının mülahizəsi reallaşa biləcək.
Digər bir dəyişiklikdə bildirilir: “Qaydaya 6 nömrəli əlavə - "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması" ləğv edilsin”. 
Bu bənd elə təqdim edilir ki, guya artıq bildiriş ləğv edilir, halbuki bildiriş deyil, 6 nömrəli forma ləğv edilir. Amma bildirişi təqdimetmə şərti qanunda qalır. İndi praktikada müraciət edən tərəfə deyiləcək ki, biz bildiriş verməliyik, lakin bildirişin forması Nazirlər Kabinetinin qərarı ilə ləğv olub, yeni forma olmadığı üçün gözləmək məcburiyyətindəsiniz. Bu daha öncə də baş vemişdi. 2014-cü ilin iyul ayında Qrant qeydiyyatı qaydası ləğv edildi və 2015-ci ilin iyun ayınadək yeni qayda olmadı. Ədliyyə Nazirliyi bu müddətdə qaydalar ləğv olunduğundan və yenisi qəbul olunmadığından heç bir qrant müqaviləsini qeydiyyata almadı.
Qaydalarda müsbət hal kimi təqdim olunan dəyişikliklərdən biri də guya müddətlərə dair dəyişiklikdir. Halbuki bu dəyişikliklər qrantın icraya başlaması müddətini gecikdirməyə xidmət edir. Qeydiyyat olmadan fəaliyyətə icazə verilmədiyindən, müqavilələr hökmən qeydiyyata alınmalıdır. Uzadılan müddətlər bu baxımdan sonda bildirişin daha gec verilməsinə, beləliklə, icraya gec başlamasına səbəb olacaq. Məsələn, Ədliyyə Nazirliyinə müraciət edildikdən sonra Qaydaların 4.1-ci bəndinə əsasən 15 gün müddətində, əlavə araşdırma lazımdırsa, daha 15 gün uzadılaraq son qərar qəbul edilməlidir. İndiki dəyişikliklə Ədliyyə Nazirliyi Maliyyə Nazirliyinə məqsədəmüvafiqlik üçün sənədləri göndərdiyi gündən etibarən müddət axımı dayanacaq və Maliyyənin cavabı geri gəldikdən sonra bu müddət davam edəcək. Beləliklə, maksimum 30 günlük müddətə Maliyyə Nazirliyində keçən vaxt da əlavə ediləcək və müddət ola bilsin ki, 2 ayadək uzansın.
Bütün bu sadalananlar göstərir ki, bəhs edilən qərara olan düzəlişlər hüquqi və praktik mühiti dəyişmək gücündə deyil. Odur ki, qanunvericilikdəki məhdudiyyətlər aradan qaldırılmadan, QHT-lərin, vətəndaş cəmiyyətinin normal fəaliyyətinə hüquqi və praktik zəmin yaradılmadan problemlər aradan qalxmayacaq.
Biz STP olaraq, hökuməti QHT-lərlə bağlı qanunvericilikdə ciddi islahatlar aparmağa və yaradılmış məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.

24 Ekim 2016 Pazartesi

Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin VAHİD TƏKLİFLƏR PAKETİ

Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin
VAHİD TƏKLİFLƏR PAKETİ


Giriş
Birləşmək azadlığı hüququ malik olduğumuz ən əhəmiyyətli insan hüquqları arasındadır. Dinc toplaşmaq azadlığı ilə yanaşı bu, insanların bir araya gələrək ümumi rifah (xeyir) üçün işləmək imkanını qorumaq məqsədilə nəzərdə tutulmuş əsas hüquqlardan biridir.
Bu hüquq bir çox digər mülki, mədəni, iqtisadi, siyasi və sosial hüquqların həyata keçirilməsi üçün önəmli bir vasitədir. Birləşmək azadlığı hüququ həmçinin dialoq, plüralizm, tolerantlıq və geniş dünyagörüşünə kanal olan, azlıqlara və ya müxalif fikirlərə və ya inanclara xüsusi hörmət edilən effektiv demokratik sistemlərin yaranmasında və mövcudluğunda həlledici rol oynayır.
Birləşmək hüququnu Azərbaycan üçün yeni saymaq olar. Azərbaycan müstəqillik əldə etdikdən sonra öz Konstitusiyasında bu hüququ təsbit edib, vətəndaşlar bu azadlığı ondan sonra dadmağa başlayıblar. Azərbaycanın Avropa Şurasına üzv olması ilə bu hüquq daha geniş yayılıb.
 Bu hüququn ayrılmaz hissəsini Qeyri-Hökumət Təşkilatlarında birləşmək haqqı təşkil edir. Azərbaycanda 2001-ci ildən başlayaraq daha geniş areala yayılan QHT-lərdə birləşmək hüququ uzun müddət ciddi maneələrə məruz qalıb.
Rəsmi bilgilərə görə, hazırda Azərbaycnda dörd mindən artıq QHT qeydiyyatdan keçib. Bu ilk baxışdı böyük rəqəm kimi  görünə bilər, ancaq qonşu, tərəqqidə olan ölkələrin durumu ilə müqayisədə olduqca kiçik rəqəmdir.
60 ildən artıq Azərbaycanla birgə Sovetlər Birliyinin daxilində olmuş, əhalisi 1.5 milyondan az olan Estoniyada 2015-ci ilin bilgilərinə görə, 34 mindən artıq QHT fəaliyyət göstərir. Başqa bir Sovetlər Birliyi ölkəsi, əhalisi 4 milyon civarında olan qonşu Gürcüstanda 20 mindən artıq QHT fəaliyyətdədir. Müqayəsədə Azərbaycandakı durum ürəkaçıcı deyil.
Ürəkaçıcı olmayan digər məqam ölkədə QHT mühitinin olduqca pisləşməsidir. 2013-cü ildən başlayaraq QHT mühitinə müdaxilələr hazırda olduqca gərgin vəziyyət yaradıb. Dövlət qeydiyyatına alınmış, özəlliklə gerçək fiunksiyalarını yerinə yetirən, toplumun ayrı-ayrı kəsimləri üçün faydalı olan QHT-lərin əksəriyyəti fəaliyyətini dayandırmaq zorunda qalıb.
 Bu təkliflərin təqdim edilməsinin məqsədi 2013-cü ildən başlayaraq QHT mühiti ilə bağlı yaşanan hüquqi və praktik problemləri aradan qaldırmaq, həmin problemləri yaradan qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə və demokratik hüquq prinsipləri çərçivəsində yeni qanunvericiliyin formalaşmasına hökumətin və ictimaiyyətin diqqətini çəkməkdir.



Ümumi mövqe
Azərbaycan Respublikası Konstitusiyanın 58-ci, habelə, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci, BMT-nin “Mülki, siyasi və mədəni hüquqlara dair” Paktının 22-ci maddələrinin mahiyyətinə uyğun olaraq, birləşmək hüququnun qanuni tənzimləməsini müəyyən edən ölkə qanunvericiliyi[1] son zamanlar yaranan hüquqi problemlər də nəzərə alınaraq monitorinq edilməli və yenidən işlənməlidir.
Konstitusiyanın 58-ci maddəsində birləşmək azadlığı daha geniş şəkildə qorunur və birləşmək azadlığının həyata keçirilməsi üçün hər hansı məhdudlaşdırıcı qanuni proseduraların zəruriliyi nəzərdə tutulmur. Konstitusiya ilə nəzərdə tutulmayan bir proseduranın qanunda nəzərdə tutulması və üstəlik bu proseduralarda çoxlu məhdudlaşdırıcı normaların olması Konstitusiyanın mahiyyətinə ziddir. Qanunla birləşmək azadlığının tənzimlənməsi müəyyən məhdudlaşdırıcı proseduralara tabe tutula bilər lakin, bu proseduralar demokratik cəmiyyətdə zərurilik testinə uyğun olmalı, azadlığı məhdudlaşdıran, onu təməldən yox edən normalar yox, onun reallaşmasını asanlaşdıran və tənzimləyən normalar olmalıdır.
QHT və fondların, ictimai birliklərin, qeyri-kommersiya qurumlarının, icmaların, bir sözlə vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktları demokratik dəyərlərə hörmət göstərən ictimaiyyətin iştirakı ilə (QHT sektorunun, siyasi partiyaların, media nümayəndələrinin, dini icmaların və müstəqil ekspertlərin aktiv iştirakı və konsensusu ilə) yenidən işlənməli, mövcud qanunlarda olan, eyni zamanda sonradan daxil edilən azadlıqları məhdudlaşdıran və daraldan, habelə onun həyata keçirilməsini çox qəliz proseduralara bağlayan normalarından təmizlənməli, azadlıqlar sadəcə Azərbaycanın qoşulduğu beynəlxalq hüquq normaları, Avropa İnsan Hüquqları Məhkəməsinin prisedent hüququ və beynəlxalq təşkilatların, o cümlədən Venetsiya Komissiyasının rəyləri nəzərə alınmaqla tənzimləyən qanunvericilik halına gətirilməlidir.
Məsələnin kökündən düzəlməsi üçün əslində bu sahədə qanunların artıq dəyişikliklər ilə düzəlmə ehtimalı çox azdır. Çünki azadlıqları nəzarət altına alıb, məhdudlaşdırmaq üçün edilən çoxsaylı dəyişiklik və əlavələrdən sonra qanunların təkrar müəyyən dəyişikliklə normal vəziyyətə gətirilməsindənsə, birbaşa yeni layihələr üzərində işləmək, azadlıqları daha çox qoruyan layihələr müzakirəyə çıxarıb qəbul etmək doğru olar. Bu addım atılanadək, ən azından birləşmək azadlığının bərpası, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin mümkün olması baxımından təxirəsalınmadıan aşağıdakı qanunlarda müəyyən dəyişikliklərin olması zəruridir.





“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu

A.              Qeydiyyat və fəaliyyət problemlərinin aradan qaldırılması

1.                 Konstitusiyada birləşmək azadlığı əvvəlcədən müvafiq dövlət orqanından icazə alınaraq həyata keçirilən azadlıq deyil. Odur ki, birləşmək azadlığını reallaşdırmaq istəyən və QHT, ictimai birlik quran şəxslərin, habelə xarici qeyri-kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyat proseduraları sadələşdirilməli, qeyri-kommersiya qurumlarının qeydiyyatı mətbu orqanlarda olduğu kimi bildiriş sisteminə keçirilməlidir. İstənilən hüquqi və fiziki şəxs və ya şəxslər qrupu öncədən icazə almadan birləşə bilməli və buna dair bir bildirişi müvafiq dövlət orqanına verərək, müəyyən vaxtdan sonra (ən çoxu 3 gün) sərbəst fəaliyyətə başlaya bilməlidir. Bu zaman ölkədə elektron hökumət sisteminin infrastrukturundan istifadə imkanları tam təmin edilməli, bildiriş elektron sistemə uyğunlaşdırılmalıdır. Müvafiq dövlət orqanı 3 gün ərzində eyni adda hüquqi şəxsin qeydiyyatda olması halı, habelə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin 2-ci bəndində göstərilən əsaslar istisna olmaqla, həmin təşkilatı rəsmi dövlət qeydiyyatına götürməli və təsisçilərə şəhadətnamə, habelə reyestrdən çıxarışı təqdim etməlidir. Bütün hallarda təşkilat 3 gün sonra hüquqi fəaliyyətə başlaya bilməlidir. Xarici qeyri-kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyat proseduraları da bu prinsiplərə uyğun olaraq, habelə aid olduğu ölkə qanunvericiliyində qeydiyyata alındığını təsdiqləyən və nümayəndəlik açılması, nümayəndə təyin edilməsinə dair qərarlar təqdim edilməklə qeydiyyata götürülməlidir.

2.                 QHT-lərdən tələb olunan sənədlərin dairəsi kəskin azaldılmalıdır. Təsis yığıncağının Qərarında təsisçilər haqqında  və  təşkilatın yerləşdiyi yer üzrə məlumatlar olduğundan əlavə sənədlərə zərurət faktiki olaraq yoxdur. Ümumi yığıncaq da təsisçilərə dair hər hansı dəyişiklik baş verməyib və qanuni təmsilçi dəyişməyibsə yeni məlumatların Ədliyyə Nazirliyinə təqdim olunmasının tələb edilməsi əsassız olduğundan qanunvericilikdən çıxarılmalıdır. Nümunəvi Nizamnamə qəbul edildikdən sonra nizamnamə dəyişikliyinə ehtiyac olmayacağına görə belə dəyişikliyin qeydə alınması da tələb oluna bilməz.
3.                 Qanunda QHT-lərin adına dair normaların olması, eyni adların mövcudluğu halı istisna olmaqla müəyyən adların seçilməsinin yolverilməzliyinin bildirilməsi, məqsədi ilə adın uyğunluğunun tələb edilməsi, dolaylı olaraq azadlığı məhdudlaşdıran və legitim əsaslardan birinə söykənməyən səbəblərdəndir. Qanunda belə məhdudiyyətlərin olması yolverilən deyil. Bu səbəblə adların seçilməsində gətirilən məhdudlaşdırıcı yanaşmadan imtina edilməlidir. Xüsusilə məşhur şəxslərin adının istifadəsinə görə onların yaxınlarından icazə alınması qəbuledilməzdir. Çünki, Nizami Gəncəvinin, yaxud Fizulinin, Nəsiminin irsini araşdıran bir ictimai birliyin təsisçiləri onların varislərini haradan tapıb icazə almalıdır? Bu məntiqli və icrası mümkün tələb deyil.
4.                 “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun ilə bərabər, QHT və Fondlar üçün Nümunəvi Nizamnamə təsdiq edilməli, bu Nizamnamədə istər birliyin, istərsə də fondun vahid idarəetmə forması müəyyən edilməli, bütün QHT-lər bu formaya uyğun idarəetmə sistemi mənimsəməlidir. Beləliklə, Nizamnamələrin qanunvericiliyə uyğunsuzluğuna dair bir iddianın ortaya çıxmasının qarşısı alınacaq. Ayrıca, bu Nümunəvi Nizamnamədə QHT-lərin Konstitusiyada və Avropa İnsan Hüquq və Azadlıqlarına dair Konvensiyada birləşmək azadlığının məhdudlaşdırılmasını tələb edən legitim əsaslar göstərilərək, QHT-lərin fəaliyyətinin çərçivəsi müəyyən edilməli, beləliklə, bu çərçivə hər kəs üçün öncədən müəyyən etdiyi və qəbul etdiyi fəaliyyət çərçivəsi olmalıdır. Nümunəvi Nizamnamədə QHT-lərin hüquqa uyğun fəaliyyət istiqamətlərini seçmək sərbəstliyi təmin edilməlidir. Beləliklə, QHT-lərin hüquqa uyğun fəaliyyəti təmin ediləcək.
5.                 QHT-lərin fəaliyyətini tənzimləyən birbaşa və əlaqəli normativ hüquqi aktlar yenidən nəzərdən keçirilməli, onların müddəaları QHT-lərin fəaliyyətini əngəlləyici olmamalı, tənzimləyici olmalıdır;
6.                 Qeyri-kommersiya qurumlarının, xarici qeyri-kommersiya qurumlarının filial və nümayəndəliklərinin fəaliyyətinə mane olan bütün legitim olmayan normalar aradan qaldıırılmalıdır. Qrant və ianələrin qeydiyyat sistemi ləğv edilməli, alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında təqdim edilməli, qrant və ianələrə dair banklarda əməliyyat heç bir ön şərtə bağlı olmadan tam sərbəst olmalı, qrant və ianə ödənişlərində qanunla yol verilən hər iki ödəniş sistemi, nağd və köçürmə sistemi mümkün olmalıdır.
7.                 Donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməli, donorların sərbəst fəaliyyətinə mane olan bütün normalar qanunvericilikdən çıxarılmalıdır.
8.                 Xarici mənbədən alınan vəsaitlərlə xidmət göstərilməsi zamanı xidmət müqavilələrinin qeydiyyatını nəzərdə tutan normalardan imtina edilməli, mənbədən asılı olmayaraq bütün gəlirlər vergi bəyanlarında nəzərdə tutulan sistem daxilində təqdim edilməlidir.
9.                 Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lərin filial və nümayəndəliklərinin Azərbaycandakı hər hansı fəaliyyətinə məhdudiyyət qoyulmamalı, birdən çox yerdə filial  açmasına əngəl yaradılan normalar ləğv edilməli, belə qurumlarda müavin vəzifəsinin məcburi qaydada Azərbaycan vətəndaşı olması şərti qaldırılmalı, qanunvericilikdə bu tip ayrı-seçkiliklərə yer verilməməlidir.
10.             Qanunvericilikdə xarici hüquq şəxslərin nümayəndəlik və filiallarının qeydiyyatı üçün tələb olunan əngəlləyici proseduralar sadələşdirilməli, xüsusilə saziş bağlama tələbi ləğv edilməli, Azərbaycan QHT-ləri ilə onların hüquqların eyniliyi təmin edilməlidir. Yerli QHT-lər üçün tələb olunan proseduradan əlavə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatı üçün öz ölkəsində hüquqi baxımdan fəaliyyət göstərdiyini təsdiq edən sənədin təsdiqlənmiş surəti və təşkilatın nümayəndəlik və ya filial açmasına dair qərarını təqdim etmək yetərli olmalıdır. “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı Sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nın təsdiq edilməsi haqqında 16 mart 2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 43 saylı qərarı ləğv edilməli, bu  mərhələdə hökumətin müdaxilə imkanları aradan qaldırılmalıdır.
11.             QHT-lərin, ictimai birliklərin fəaliyyət dairəsi qanunda legitim əsas olamadan məhdudlaşdırılmamalıdır. QHT-lərin hansı fəaliyyətlərlə məşğul ola biləcəyinin göstərilməsi birbaşa məhdudlaşdırıcı yanaşma olduğundan bu metoddan imtina edilməlidir. Fəaliyyətə məhdudiyyətlər yalnız ölkə Konstitusiyası, Konstitusiya Qanunu, AİHK-nın 11-ci maddəsinə göstərilən legitim məhdudlaşdırıcı hallar olduqda və demokratik cəmiyyətdə zəruri sosial basqıdan doğduqda balanslı şəkildə tətbiq edilə bilməlidir. Ümumiyyətlə, ada görə fəaliyyətin müəyyən edilməsi, yaxud fəaliyyətin adda da əks olunmasının tələb edilməsi, exit-poll keçirilməsinə qoyulan məhdudiyyətlər birbaşa azadlıqlara legitim olmayan müdaxilələrdir və bu metodun seçilməsi yolverilməzdir.

B.               Fəaliyyətə xitam verməyə dair problemlərinin aradan qaldırılması
            QHT-lərin fəaliyyətinə xitam verilməsi yalnız məhkəmə qaydasında olmalı:
·                     Xitam verilməyə əsas təşkil edəcək səbəb Konstitusiyon və Konvensional əsaslar göstərilməklə qanunda kifayət qədər aydın, dəqiq və ətraflı nəzərdə tutulmalı, qadağanları öncədən aydın görməyə imkan verməli və şərhində mülahizə sərbəstliyi verən qeyri-müəyyən ifadə və normalardan ibarət olmamalıdır;
·                     Xitam verilməyə əsas təşkil edəcək hüquqi səbəblərin məqsədi və nəticəsi yalnız, “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Həyata Keçirilməsinin Tənzimlənməsi haqqında Konstitusiya Qanunu”nun 3.5-ci və 3.6-cı maddələrində, habelə Avropa İnsan Huquqlarının və Əsas Azadlıqların Mudafiəsi Haqqında Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində  sadalanmış legitim ictimai mənafelərdən birinin və ya bir neçəsinin, yəni milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş və təhlükəsizlik, iğtişaşların və cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının mudafiəsi üçün olmalıdır;
·                     Xitam verilmə o zaman baş verməlidir ki, bu demokratik cəmiyyətin varlığı üçün zəruri olan ən mühüm dəyərlərin qorunmasına yönəlib və demokratik cəmiyyətdə son zərurət kimi tətbiq edilir. Yəni, legitim ictimai mənafeləri qorumaq üçün birləşmək azadlığını daha az məhdudlaşdıracaq başqa ağlabatan və səmərəli vasitələr tükənib;
·                     Birləşmək azadlığına son verərək QHT-nin fəaliyyətinə xitam vermə, yaxud digər cərimə sanksiyaları tətbiq etmə birləşmək azadlığına mütənasib olmalıdır, yəni legitim ictimai mənafeni qorumaqdan əldə olunan fayda məhdudlaşdırmanın (tətbiq ediləcək sanksiyalar nəzərə alınmaqla) birləşmək azadlığına vuracağı zərərdən daha üstün olmalıdır.
1.                 QHT-lərin fəaliyyətinə xitam verilməsinə əsas təşkil edən süni səbəblər Qanundan çıxarılmalıdır. QHT-nin yazılı xəbərdarlıq alması, yaxud inzibati qaydada cəzalandırılması təkbaşına onun ləğvinə əsas təşkil etməməlidir. İnzibati cərimələrin miqdarı 2008-ci ilədək olan limitlərə geri çəkilməli, ölkədə tətbiq olunan minimum əməkhaqqı indeksinə uyğunlaşdırılmalı, heç bir kommersiya məqsədi olmayan qeyri-kommersiya qurumlarının astronomik cərimələri İnzibati Xətalar Məcəlləsindən çıxarılmalıdır.

2.                 Ədliyyə Nazirliyinə QHT-lərin fəaliyyətinin qanunvericiliyə və Nizamnaməsinə uyğunluğunu yoxlanma səlahiyyətinin verilməsini tənzimləyən normalar qanunvericilikdən çıxarılmalı, QHT-lərin fəaliyyətini tamamilə məhdudlaşdıran Ədliyyə Nazirliyinin Kollegiyasının 28dekabr 2015-ci il tarixli, № 11-N saylı “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Qərarı ləğv edilməlidir.

C.              Qanunvericiliyin tətbiqini pozanlara görə məsuliyyət

1.                 QHT-lərin azadlıqlarına məhdudiyyət gətirən, əsassız olaraq qeydiyyat aparmayan, əlavə sənədlər tələb edən, süründürməçilik edən qanuni fəaliyyətinə süni maneələr yaradan hərəkətlər kim tərəfindən edilməsindən asılı olmayaraq, inzibati və cinayət məsuliyyəti yaratmalıdır. Müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilməli, QHT-lərin fəaliyyətinə mane olan, onun hüquqlarını qanunsuz məhdudlaşdıran, qanunsuz hərəkət və hərəkətsizliklərə yol verən rəsmi şəxslər və qurumlar inzibati və hüquqi məsuliyyət daşımalı, əgər bu hərəkətlər qəsdən yaxud tamah məqsədi ilə və ya vəzifə səlahiyyətlərindən sui-istifadə edərək edilərsə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.   

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
1.                 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda QHT-lərə dair normalar tamamilə yenilənməli, dövlət qeydiyyatı bildiriş sisteminə görə sadələşdirilmiş formada həyata keçirilməli, legitim hüquqi məqsədə söykənməyən normalar ləğv edilməlidir.

2.                 Komersiya və qeyri-kommersiya qurumlarına görə gətirilən fərqləndirmə qeyri-kommersiya qurumlarının lehinə tamamilə yenidən formalaşmalıdr. Xarici qeyri-kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyatı yuxarıda nəzərdə tuutlduğu kimi sadələşdirilməli, Saziş şərti, habelə süni problemlər yaradan digər normalar ləğv edilməlidir.

3.                 Ümumiyyətlə 2010-2016-cı illər ərzində bu Qanuna dəyişiklik edən on fərqli qanun qəbul edilib və bunların hər birində məqsəd məhdudlaşdırıcı olub. Odur ki, texniki dəyişikliklər istisna olmaqla bu qanunların gətirdiyi məhdudlaşdırıcı normalar da qanunvericilikdən çıxarılmalıdır. Xüsusilə, “nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyinin” tələb olunması hüququn siyasi mülahizəyə tabe edilməsidir və azadlıqları qeyri-legitim məhdudlaşdırmaqdadır.

“Qrant Haqqında” Azərbaycan Respublikası Qanunu
1.                 Bu qanuna 2009-cu ildə bir dəfə, 2013 və 2014-cü illərdə 4 dəfə müxtəlif qanunlarla 18 müxtəlif məhdudlaşdırıcı dəyişiklik və əlavələr edilib. Bunların demək olar ki hamısı məhdudlaşdırıcı xarakterli olub. Odur ki bunlardan imtina edilməlidir.
2.                 Qrant və ianələrin qeydiyyatını nəzərdə tutan normalar ləğv edilməli, alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında təqdim edilməli, qrant və ianələrə dair banklarda əməliyyat üçün tələb olunan bildiriş təqdim etmə şərti olmadan əməliyyatlar tam sərbəst aparıla bilməli, qrant və ianə ödənişlərində qanunla yol verilən hər iki ödəniş sistemi, nağd və köçürmə sistemi mümkün olmalıdır.
3.                 Donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməli, donorların yerləşmə yerindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən istənilən vətəndaş cəmiyyəti qurumlarına, şəxslərə sərbəst qrant vermə yolu açılmalıdır. Qrantların məqsədəmüvafiqliyinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini tələb edən normalar, habelə, fəaliyyətə mane olan digər bütün normalar da qanunvericilikdən çıxarılmalıdır. Qrant müqavilələrinin qeydiyyatını nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci iltaixli, № 216-saylı “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi” barədə Qərarı, habelə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli, № 339 saylı  “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsinə dair Qərarı ləğv edilməlidir.
4.                 “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2015-ci il taixli, № 336 saylı Qərarı ləğv edilməlidir.
5.                 Xarici mənbədən alınan vəsaitlərlə xidmət göstərilməsi zamanı xidmət müqavilələrinin qeydiyyatını nəzərdə tutan normalardan imtina edilməli, mənbədən asılı olmayaraq bütün gəlirlər vergi bəyannamələrində nəzərdə tutulan sistem daxilində təqdim edilməli, o cümlədən xarici mənbədən alınan qrantlardan xidməti müqavilələrin qeydə alınması”nı tənzimləyən qaydalar ləğv edilməlidir.
6.                 Qrant verilməsi və alınmasına dair donorlara, respiyentlər üçün nəzərdə tutulan bütün inzibati cərimə sanksiyaları ləğv edilməli və  İnzibati Xətalar Məcəlləsindən çıxarılmalıdır. 

“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 11-ci maddəsinə 2013-cü il 19 dekabrda əlavə edilən bənd təsbit edir: “Qeyri-hökumət təşkilatlarında köməkçilərin mövcudluğu və onların hüquqi statusu qeyri-hökumət təşkilatının təsis sənədləri və “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir”.  “Könüllü fəaliyyət haqqında” Qanunun 6-cı maddəsində könüllü fəaliyyətin təşkilatçıların vəzifələri sayılmış və QHT-lər əgər onlar könüllü cəlb etməli olsalar  hökmən könüllü ilə yazılı formada müqavilə bağlamalı, könüllünün həyat və sağlamlığını bütün hallarda sığorta etdirməli, zəruri olduqda onu təlimlərə cəlb etməli, könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Burada işin xarakterinə baxmadan, onun qısamüddətli, yaxud birdəfəlik olmasından asılı olmayaraq eyni standartın tələb olunması doğru yanaşma deyil. Bəzən QHT-lər hansısa bir neçə saatlıq tədbirdə könüllülərin köməyindən istifadə etməli olurlar. İndiki halda artıq bu mümkün deyil. Bu tələb faktiki olaraq QHT-lərin əl-qolunu bağlamağa xidmət edir.
Ayrıca, Qanunun 10-cu maddəsində “Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycan Respublikasının könüllü fəaliyyət təşkilatçıları ilə birgə məşğul ola bilərlər”. Bu yanaşma tam məhdudlaşdırıcı xarakterlidir. Ölkədə xarici dili könüllü tədris etmək istəyən müəyyən könüllü missiya iştirakçılarının beləliklə bütün fəaliyyət imkanları məhdudlaşdırılır. Odur ki, qanunvericilikdən bu məhdudlaşdırıcı müddəalar çıxarılmalı və mövcud normalar yumşaldılmalıdır.  

“Dini etiqad Azadlığı haqqında” Qanun və  “Dini ekstremizmlə mübarizə haqqında” Qanun

1.                 20 avqust 1992-ci ildə qəbul edilən “Dini etiqad Azadlığı haqqında” Qanun 16 dəfə fərqli qanunlarla dəyişiklik və əlavələrə məruz qalıb. Xüsusilə son 7 ildə 11 dəfə qanunla dəyişiklik və əlavə edilib. Bunların 6-ı bilavəsitə 2013-2015-ci illərdə baş verib.  Cəmi 31 maddədən ibarət olan Qanuna son 7 ildə 62 fərqli əlavə və dəyişiklik olub. Bu dəyişikliklərin mütləq əksəriyyəti məhdudlaşdırıcı xarakterlidir. Bu qanunla bərabər 2015-ci ildə “Dini ekstremizmlə mübarizə haqqında” Qanun da qəbul olunaraq, bu sahədə azadlıqları maksimum məhdudiyyət altına almağa xidmət edib. Odur ki, bu qanun bütün məhdudlaşdırıcı müddəalardan təmizlənməlidir.

2.                 Qanunda dini təyinatlı ədəbiyyatın dövlət qurumu tərəfindən xüsusi nəzarət markası ilə markalanma şərti gətirilmişdır. Bu vicdan və ifadə azadlığına ciddi məhdudityyət deməkdir və qanunvericilikdən çıxarılmalıdır. 

3.                 Ölkədə dinlərarası ayrı-seçkilik yaradan xeyli müddəa qanuna salınıb. Digər dinlərdən fərqli olaraq, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilib. Bütün bu müddəalar qanunvericilikdən çıxarılmalıdır.

4.                 Dini qurumların və dini icmaların qeydiyyata alınması qaydalarına dair müddəalar gülüncdür. Qeydiyyat üçün tələb olunan sənədlər arasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlərlə bərabər“azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, icmanın təsis protokolu və nizamnaməsi,  əlavə olunmuş  ərizə, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti,dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar”tələb edilir. Bu məlumatların böyük əksəriyyətinin birləşmək hüququnu həyata keçirmək üçün ön şərt olması legitim yanaşma deyil və qanunvericilikdə bu formada məhdudlaşdırıcı normalar ləğv edilməlidir.

5.                 Dini icmaların qeydiyyata alınması üçün bütün sənədlərdən əlavə Dini işlər üzrə Dövlət Komitəsinin rəyinin tələb olunması hüquqi prosedurları kilidləyən və azadlığı əsassız məhdudlaşdıran normadır və ləğv edilməlidir.

6.                 Dini icmaların yalnız qeydiyyat ünvanında fəaliyyətinə icazə verilməsi, ölkə üzrə fəaliyyətinə imkan verilməməsi bir başqa məhdudlaşdırıcı yanaşmadır və ləğv edilməlidir.

7.                 İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsinin qadağan olunması şəxslərin sərbəst toplaşmaq hüququna və ifadə azadlığına qeyri-legitim müdaxilədir və ləğv edilməlidir.

8.                 Dini qurumların aldıqları qrantları və ianələri qeydiyyata aldırmanı nəzərdə tutan normalar, habelə buna görə müəyyən olunan məsuliyyətlər ləğv edilməlidir. Sadəcə hesabatlılıq tələb edilə bilər.  


İnzibat Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi

1.                 Vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran normalar qanunvericiliyə daxi edildikdən sonra İnzibati Xətalar Məcəlləsinə əlavə edilən aşağıdakı normalar tamamilə qanunvericilikdən çıxarılmalıdır:
·     Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması”nı tənzimləyən 432-ci maddə;
·     “İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi”ni nəzərdə tutan 465-ci maddə;
·     “İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi”ni tənzimləyən 466-cı maddə;
·     “Qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulmasını” tənzimləyən 579-cu Maddə;
·     “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və qanunvericiliyə uyğunluğunun öyrənilməsinə maneələrin törədilməsi”ni tənzimləyən  580-ci Maddə;
·     “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmamasını” tənzimləyən  581-ci Maddə;
·     “Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin  fəaliyyət göstərməsi qaydalarının pozulmasını” tənzimləyən 582-ci Maddə.
2. Cinayət Məcəlləsinə yeni daxil edilən, birbaşa ifadə azadlığını icazəyə bağlayan və mahiyyət etibarı ilə cinayət əməli kimi tanınması demokratik hüquqi prinsiplərlə uyğun gəlməyən və 5 ilədək azadlıqdan mərhumetməni nəzərdə tutan aşağıdakı maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.
·     Maddə 167-2.  Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma;
·     Maddə 168. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə;
·     Maddə 168-1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması.

İmzalar:
1.      Ağaəliyev Xalid, hüquqşünas, Sivil Toplum Platforması
2.      Ağayev Rövşən, iqtisadçı-ekspert, Sivil Toplum Platforması
3.      Bağırov Xalid, hüquqşünas, Sivil Toplum Platforması
4.      Cəfərov Rəsul, İnsan Hüquqları Klubu
5.      Çobanoğlu Şahvələd, jurnalist, Sivil Toplum Platforması  
6.      Əliyev İntiqam, Hüquq Maarifçiliyi Cəmiyyəti
7.      Əliyev Mehman, Turan” İnformasiya Agentliyi, Sivil Toplum Platforması
8.      Əliyev Samir, Media və İctimai Təşəbbüslər İB
9.      Gülalıyev Oqtay, Demokratik İslahatlar uğrunda İB
10.  Hacıbəyli Rövşən, Demokratik Jurnalistika Məktəbi
11.  Hüseynov Emin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
12.  Quliyev Ziya, Hüquq Təşəbbüsləri Mərkəzi
13.  Qurbanov Akif, Demokratik Təşəbbüslər İnstitutu
14.  Kazımlı Samir, hüquq müdafiəçisi, Sivil Toplum Platforması
15.  Kazımov Seymur, jurnalist, Sivil Toplum Platforması
16.  İbadoğlu Qubad, iqtisadçı-ekspert
17.  İmranova Aynur, Media və Demokratiyanın İnkişafına Dəstək İB
18.  İsmayıl Şəhla, Rasional İnkişaf uğrunda Qadın Assosiasiyası
19.  Mahmudov Kamran, jurnalist, Sivil Toplum Platforması
20.  Mehtiyev Azər, İqtisadi Təşəbbüslərə Yardım İB
21.  Məmmədli Anar, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
22.  Məmmədli Ələsgər, hüquqşünas, Sivil Toplum Platforması
23.  Məmmədli Nəsimi, Yayımların Monitorinq Mərkəzi
24.  Mustafayev Əsabəli, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi
25.  Rəhimli Mehriban, Sivil Toplum Platforması
26.  Süleymanlı Bəşir, Vətəndaş Hüquqları İnstitutu
27.  Toğrul Qalib, İqtisadi Tədqiqatlar Mərkəzi
28.  Zeynallı Əvəz, “Xural” qəzeti, Sivil Toplum Platforması
29.  Zöhrab İsmayıl, İqtisadiyyatın İnkişafına Yardım İctimai Assosiasiyası
Əlaqələndiricilər:
Ələsgər Məmmədli, hüquqşünas, Sivil Toplum Platforması, +994 50 235 32 50, elesgerm@gmail.com
Rəsul Cəfərov, hüquq müdafiəçisi, İnsan Hüquqları Klubu, +99450 586 35 37, resul.j@gmail.com



[1]Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun, “Qrant haqqında” Qanun, “Dini etiqad azadlığı haqqında” Qanun, “Dini ekstremizmlə mübarizə haqqında” Qanun, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq normaları, Azərbaycan Respublikası Prezidentinin bu sahə üzrə Fərmanları, Nazirlər Kabinetinin, nazirliklərin və komitələrin bu sahə üzrə qərarları