11 Aralık 2019 Çarşamba

«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir»

'Problem var ki, Miyatoviç 

onları dilə gətirib'

4 saat öncə

Ə.Məmmədli
«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir», – hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna bildirir. Onun sözlərinə görə, hesabatda ifadə azadlığı ilə bağlı cəmiyyəti ən çox narahat edən məqamlara toxunulub.
«Burda deyildiyi kimi, ifadə azadlığına yönəlik həbslər, son zamanlar məhkəmələrin veb-resursları bloklaması və ya ictimai-siyasi aktivlərin hansısa səbəblərdən inzibati və ya uzunmüddətli həbslərə atılması faktdır. Faktların dilə gətirilməsi onun obyektivliyindən xəbər verir. Hökumət bununla razılaşmasa da, bu belədir. Tutalım, hesabatda Seymur Həzinin, Əfqan Muxtarlının adları çəkilib. Seymur Həzi həbsdən çıxandan 39 gün sonra yenidən şərləndi və bir ay inzibatı həbsdə yatdı. Problem var ki, Miyatoviç onları dilə gətirib», – hüquqşünas qeyd edir.
Ə.Məmmədli daha bir məqamı önə çəkir, diffamasiya məsələsinə prezident İlham Əliyevin moratorium qoymağına baxmayaraq, onun geniş şəkildə tətbiq edildiyini bildirir. O, videobloqer Mehman Hüseynovun məhz bu səbəbdən 2 il həbs cəzası aldığını yada salır. Hətta ona ötən ilin sonunda əlavə ittihamların irəli sürüldüyünü, ancaq cəmiyyətin daha sərt etirazından sonra bu ilin əvvəlində onların ləğv edildiyini vurğulayır.
Hüquqşünas bəzi internet resursların bloklanmasına da toxunur. O, ölkədə «situasiya dəyişsə belə, bloklanmış resurslara çıxış məhduddur» deyir: «Məsələn, hamı bilir ki, AzadlıqRadiosu saytı obyektiv, alternativ resurs olduğuna görə məhdudlaşdırılıb. Meydan TV, Turan TV və başqa resurslar da onun kimi...».

«Yalandır» deməkdənsə...

Ə.Məmmədli də Azərbaycanda vəkil qıtlığı yaşandığını qeyd edir: «İki mənada vəkil qıtlığı var, həm fiziki, həm də tutum baxımından. Yəni, gerçək hüquq və azadlıqları müdafiə edənlər barmaqla sayılır. Vəkillərin özünün də ifadə azadlığına basqı var. Müvəkkilinin və ya pozulan hüquqları gündəmə gətirən vəkillərin ifadə azadlığına geniş basqı var. Hər hansı məsələ ilə bağlı açıqlamadan sonra dərhal onların Vəkillər Kollegiyasına üzvlük məsələsi müzakirəyə çıxarılır. Ən son Şəhla Hümbətova bu çərçivədə uzaqlaşdırılan vəkillərdən oldu və ya Elçin Sadıqlı, Nemət Kərimli ilə bağlı işlər başlayıb, onların uzaqlaşdırılması gündəmdədir».
Ümumilikdə Ə.Məmmədli hesab edir ki, Azərbaycan cəmiyyəti illərdir Avropa Şurası insan haqları komissarının hesabatda toxunduğu məsələlərin həllini gözləyir. Ona görə də hökumətin «Bu problem bizdə yoxdur, yalandır» deməkdənsə, vəd etdiyi islahatlar paketinə daxil edərək həll etməli olduğunu düşünür. O, həm media, həm məhkəmə-hüquq sistemində fundamental dəyişiklik gözləyir: «Hesabatdakı neqativlər düzəlməlidir, onları inkar etmək evdəki zibili palazın altına süpürməyə bənzəyir. Situasiya dəyişmədikcə, biz zibilin fəsadını ciyərlərimizdə hiss edəcəyik».
Ə.Kərimli
Ə.Kərimli

«Komissar Azərbaycan hökumətinin şantajından çəkinməməlidir»

«Dunya Miyatoviçin hesabatı korrektdir, ancaq həqiqətin hamısı deyil», – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə söyləyir. Onun yanaşmasına görə, hesabatda «həm siyasi məhbuslar, həm ifadə azadlığı ilə bağlı daha çox şey deyilməlidir».
«Təkcə bu il AXCP-nin 100 nəfərə yaxın fəalı şərlənərək inzibati həbs alıb. Onlar mitinq təşkilatçısı olduqlarına, ya da sosial şəbəkədə yazdıqlarına görə tutulublar. Fikirlərini ifadə etdiklərinə görə repressiyaya, cəzaçəkmə yerlərində işgəncəyə məruz qalıblar. Müxalif fikirli insanlar linc edilir, dözümsüzlük şəraiti yaradılır. Komissarın siyasi məhbuslar, ifadə azadlığı haqqında dedikləri doğrudur, amma hamısı deyil. Hökumətin bu məsələlərlə bağlı mövqeyi isə, əlbəttə, əsassızdır», – partiya sədri deyir.
Ə.Kərimli Vəkillər Kollegiyası haqda ayrıca danışır, bu qurumun repressiya aparatının tərkib hissəsinə çevrildiyini, Avropa Şurası insan haqları komissarının daha sərt mövqe nümayiş etdirməli olduğunu düşünür.
Partiya sədrinin iddiasına görə, dövlət səviyyəsində və Vəkillər Kollegiyasının iştirakıyla azadfikirli vəkillərə qarşı məqsədyönlü, planlı mübarizə aparılır. Ə.Kərimli bunu vəkil çatışmazlığı və ya bir neçə vəkilə təzyiq kimi göstərməyi doğru saymır.
O hesab edir ki, komissar Azərbaycan hökumətinin şantajlarından çəkinməməli, həqiqəti olduğu kimi ifadə etməlidir. Ə.Kərimli D.Miyatoviçin növbəti hesabatlarda sərbəst toplaşmaq azadlığının tamamilə aradan qaldırılması, işgəncənin xüsusi dövlət siyasətinə çevrilməsi haqda uca səslə danışacağını gözləyir.

Xatırlatma

Dekabrın 11-də Avropa Şurasının İnsan Haqları Komissarı Dunya MiyatoviçAzərbaycanda ifadə azadlığı, vəkillərlə bağlı son baş verənləri, məcburi köçkünlərin hüquqlarını əhatələyən hesabatını açıqlayıb. Komissar Azərbaycanda ifadə azadlığının qorunması üzrə böyük irəliləyiş əldə olunmadığını təəssüflə qeyd edir. Miyatoviç Azərbaycanda kəskin vəkil çatışmazlığının yaşandığını, bunun özəlliklə paytaxtdan kənarda hiss olunduğunu bildirir. O, bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqət çəkir, onların, əsasən, siyasi baxımdan həssas hesab olunan işlərə çıxdıqlarını vurğulayır.
Azərbaycan hökumətinin hesabata rəsmi münasibətində isə bu tənqidlər, əsasən, rədd olunur, qeyd edilir ki, «hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi hallar əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır».

Red Line- Fərhad Mehdiyevlə Konstitusiya Məhkəməsinin növbədənkənar Parlament seçkilərinə dair qərarını müzakirə etdik.

https://youtu.be/A_H60tZc2vw

Parlament anaxronizmi

Parlament anaxronizmi
Müsahibə 

2019 Dekabr 07 ( Şəmbə )  12:29:55

ASTNA.biz
Dekabrın 5-də prezidentin sərəncamı ilə Azərbaycanda 2020- ci il fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin edildi. Dekabrın 4-də Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri keçirilməsi xahişi ilə ölkə prezidentinə müraciətinin Konstitusiyaya uyğun olduğunu təsdiq edib.Parlamentinin buraxılması təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb, bunu islahatları dəstəkləmək və Milli Məclisin tərkibini yeniləmək zərurəti ilə əsaslandırıb.Dekabrın 2-də parlament bu təşəbbüsü dəstəkləyib və prezidentə müvafiq müraciəti qəbul edib. Bir sözlə, Azərbaycanda 5-ci çağırış Milli Məclis buraxıldı və çox yaxın zamanda növbədənkənar parlament seçkiləri gözlənilir. Görəsən, bütün bunlar niyə baş verir? Parlamentin tez-tələsik buraxılmasının səbəbi nədir? Və bütün bu proseslər Konstitusiyaya və qanunvericiliyə uyğun baş verirmi?Müstəqil hüquqşünas Ələsgər Məmmədli prosesin hüquqi və siyasi tərəfləri barədə ASTNA-nın suallarını cavablayıb.
***
-Ələsgər bəy, hakim Yeni Azərbaycan Partiyası parlamentin buraxılması təşəbbüsünü irəli sürdü, bunu islahatları dəstəkləmək və Milli Məclisin tərkibini yeniləmək zərurəti ilə əsaslandırdı. Hakim partiyanın belə bir təşəbbüslə çıxış etmək səlahiyyəti varmı?
-Siyasi baxımdan Yeni Azərbaycan Partiyasının proqramını həyata keçirmək üçün hansısa addımlar atması təbiidir və mümkündür. Hüquqi baxımdan bu, mübahisələndirilə bilməz. Bu, siyasi konyektur, ehtiyac baxımından qiymətləndirilə bilər. YAP belə bir siyasi çıxış edə bilər ki, o, tutalım ki, parlamentdə mövcud olan millət vəkillərini yeniləmək istəyir. Amma istənilən siyasi çıxış nəticə etibarı ilə bir arqumentə söykənməlidir. Həmin arqument əsaslı olmalıdır.  YAP-ın “prezident islahat aparır, parlament bu addımlarla ayaqlaşmır” arqumenti kifayət qədər inandırıcı bir iddia deyil və cəmiyyət bu iddiaları qəbul etmir. Normalda hər kəs görür ki, parlamentin, ümumiyyətlə, fəaliyyəti prezidentinkindən daha sürətlidir. Yəni, prezidentdən gələn bütün qərarlar heç bir sorğu olmadan, əleyhinə kimsə çıxmadan, hətta 100 faiz səslə parlamentdə qəbul olunur.  Hətta həmin 100 faizə əsasən özünə bitərəf deyənlər də daxil olur. Eyni zamanda hətta müxalif partiya kimi və ya digər partiya kimi parlamentdə qeydiyyatdan keçmişlər də həmin qərarların əleyhinə çıxmayıblar və ya bitərəf qalmayıblar. Dolayısı ilə belə bir siyasi qərara ehtiyac yox idi və əsaslandırılmamışdı. Amma, ümumiyyətlə, əgər belə bir ehtiyac hiss edirdilərsə, bunun yolu ilk növbədə bir siyasi partiya kimi özünün qurultayında və ya səlahiyyətli orqanında qərar qəbul etmək idi. Sonra həmin qərarı öz üzvləri olan millət vəkillərinə təqdim etmək idi. Həmin üzv millət vəkilləri parlamentin erkən seçkiyə getmək mühitini  hüquqi baxımdan formalaşdırmaq üçün bir hissəsi və ya hamısı fərdi olaraq  istefa verə bilərdi. Həmin istefa ərizələri Milli Məclisdə qiymətləndirilib, Mərkəzi Seçki Komissiyasına təqdim olunandan sonra MSK-nın qərarı ilə onların millət vəkilliyi statusu ləğv olunardı. Beləliklə də parlamentdə 83 və daha yüksək səs çoxluğu ilə qərar qəbul etmə və parlamentin, ümumiyyətlə, yetərsay olma baxımından lazım olan millət vəkili sayı azalmış olardı. Bu halda prezidentə parlamenti buraxma hüququ verən Konstitusiyanın 98-1-ci maddəsinin şərti formalaşardı. Və bu proses Konstitusiyaya uyğun şəkildə baş verərdi.
-Dekabrın 2-də parlament hakim partiyanın təşəbbüsünü dəstəklədi  və prezidentə müvafiq müraciəti qəbul etdi. Elə həmin gün dövlət başçısı parlamentin müraciətinin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi. Azərbaycan Konstitusiya Məhkəməsi dekabrın 4-də Milli Məclisin parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri keçirilməsi xahişi ilə ölkə prezidentinə müraciətinin Konstitusiyaya uyğun olduğunu təsdiq edib. Sizcə, bütün baş verənlər Konstitusiyaya və ya qanuna uyğun olaraq baş verirmi?
-Konstitusiya Məhkəməsinin verdiyi qərarın hüquqi baxımdan əsaslandırılması, ümumiyyətlə, yoxdur və verilən qərar siyasi qərardır. Çünki Konstitusiya Məhkəməsi Konstitusiyanın bütün müddəlarına uyğun və sadiq olan şərh verə bilər. Konstitusiyanın müddəaları dedikdə prezidentin parlamenti buraxması ilə bağlı 98-1-ci maddənin şərtlərinin mövcud olub-olmadığı yoxlanmalı idi. Yoxlanılmadı,  tam tərsi YAP-dan olan millət vəkillərinin müraciətini parlamenti buraxmaq üçün yetərli hesab etdi. Sadəcə, burada yenə Konstitusiya Məhkəməsinin əslində funksiyasına aid olmayan bir məsələ müzakirə olundu. Hansı ki  prezident bunu ondan istəməmişdi. Bu da parlamentin, ümumiyyətlə, buraxılması halında onun funksionallığının saxlanması məsələsi idi. Bu, ümumiyyətlə, hüquqi məntiq baxımından keçərsiz bir ifadədir. Çünki parlament yararsız olduğu üçün buraxılırsa, o zaman parlamentin funksionallığını saxlamaq və onu seçki gününə qədər səlahiyyətli saxlamaq məntiqli və hüquqauyğun yanaşma deyil. O, ayrı məsələdir ki, bu, krizis yaradır. Bu, doğrudur. Çünki prezidentin parlamenti buraxması özlüyündə Konstitusiyanın bütünlüyünə zidd bir müddəadır. 2016-ci il referendumu ilə Konstitusiyaya prezidentə bu səlahiyyəti verən müddəa əlavə olunub. Bu, özü parlamentin funksionallığını zədələyən məqamdır. İndiki halda bunu guya Konstitusiyanın 111 və 112-ci maddəsi ilə əlaqələndirdilər.  Həmin maddələrə görə, fövqəladə vəziyyət və müharibə vəziyyəti elan ediləndən sonra 24 saat içində  prezident bu qərarı Milli Məclisə təqdim etməlidir, parlament də onu ya qəbul, ya da rədd edə bilər. Əgər qəbul edərsə, parlament buraxılarsa, belə bir situasiyada parlament yox ikən ciddi şəkildə dövlət krizisi yarana bilər. Və dövlət böhranı yaranmasın deyə Konstitusiya Məhkəməsi guya buna da bir açıqlama gətirib. Mövcud Məclisi qanun və qərar qəbul etmədən, sadəcə, istisna halda lazım olarsa toplanma və beynəlxalq təmsilçiliyi davam etməyi qərara aldı. Yəni, Avropa Şurasının yanvarda nəzərdə tutulan qış sessiyasında təmsil etmək hüququ saxlanma şərti istisna olmaqla digər halda parlamenti buraxmış hesab etdi. Baş verən prosessual hüquq baxımından da, məzmun baxımından da Konstitusiyaya zidd baş verdi.
-Əslində prosedur necə olmalı idi? Konstitusiyaya və ya qanunvericiliyə uyğun olaraq parlament hansı halda buraxıla bilərdi? Və ya növbədənkənar parlament seçkisi hansı halda elan oluna bilərdi?
-Konstitusiyada parlamentin buraxılması üçün hökmən birincisi siyasi böhran yaşanmalıdır. Parlamentdə ciddi şəkildə fikir ayrılığı yaranmalıdır.  Ya prezidentdən gələn qanun təklifləri zamanında müzakirəyə çıxarılmasın (bu normalda iki ay və ya istisna hallarda təcili elan olunubsa 20 gün) və yaxud da prezidentə imzalanmaq üçün 14 gün içərisində göndərilməli olan qanunlar həmin müddət çərçivəsində göndərilməsin. Bu zaman parlamentin funksionallığı zədələnir.  Digər hal isə Konstitusiyanın 98-1-ci maddəsində aydın şəkildə göstərilib. Bu, prezident tərəfindən təklif olunan baş nazirin iki dəfədən artıq səsvermə zamanı təsdiq olunmaması və yaxud Mərkəzi Bank sədrinin, baş prokurorun təsdiq olunmaması. Bu, Konstitusiyada aydın şəkildə göstərilən hallardır. İndiki situasiyada məhz siyasi baxımdan, yəni funksionallıq baxımından prezidentin göndərdiyi təkliflərdən imtina edən və yaxud onu ləngidən hər hansı bir vəziyyət yoxdur. Nə də belə bir şərt hüquqi baxımdan formalaşmayıb. Bu baxımdan növbədənkənar parlament seçkisinin elan olunması hüquqi çərçivədə mümkün deyildi. Amma bu, baş verdi.
-Bu formada tez-tələsik parlamenti buraxmaq, növbədənkənar seçki keçirmək nəyə görə lazım idi? İqtidar niyə bunu edir?
-Üst-üstə götürsək, yeni seçkinin elan olunmasına 9 aydan bir az artıq vaxt qalmışdı. Bu 9 ayı gözləmədən belə bir addım atmasının səbəbi, ictimaiyyətə açıqlanan səbəb keçərli deyil. Çünki deyildiyi kimi, parlament prezidentin addımları ilə ayaqlaşa bilməsəydi, o zaman parlamentin sədri Oqtay Əsədovun elan etdiyi kimi il ərzində 1700-dən artıq qərar və qanun qəbul etməzdi. Bu, həqiqətən rekorddur. Belə bir rekorda imza atan bir parlamentə hansısa bir islahatı zəiflədir deyilməsi keçərli arqument deyil. Bu, daha çox hakimiyyətin üst səviyyədə əl dəyişməsinə hazırlanan bir prosesdir. Bu, heç kimə sirr deyil ki, hakimiyyətin üst ranqlı məmurlarının bir çoxu artıq göndərilib. Bura Prezident Administrasiyasının rəhbəri, ictimai-siyasi şöbənin rəhbəri daxildir. Eyni zamanda digər önəmli postlardakı insanların rolu cəmiyyətdə azaldılıb. Keçən parlamentdə qanunvericilikdə rəsmi şəkildə belə bir şey nəzərdə tutulmasa da, faktiki olaraq hamı bilirdi ki, parlamentdəki təmsilçilik daha çox oliqarxların cəmiyyətdəki təmsilçiliyinə uyğun formalaşdırılmışdı. Həmin o vurulan, işdən azad olunan, artıq idarəetmədən uzaqlaşdırılan şəxslərin dolaylı olaraq təsdiqlədikləri şəxslərin parlamentdə oturması arzuolunan deyil. Artıq parlamentə yeni komandanın təmsilçilərinin oturdulması düşünülür. Çünki bizdə parlament formalaşarkən cəmiyyətin iştirakçılığı ən geri planda olan məsələdir. Əsasən seçki yuxarıdan hazır siyahıların təqdim olunması və MSK-nın siyahıya uyğun şəkildə seçkini qeyri- şəffaf və qanuna zidd şəkildə formalaşdırması ilə yekunlaşır. Bu da onu göstərir ki, yaxın vaxtlarda ən üst şəkildə dəyişiklik baş verəcək və onun istəyinə uyğun parlamentin formalaşması siyasi tərcihdir. Və bu reallaşır.
-Ümumiyyətlə, parlament həqiqətənmi gedən proseslərlə ayaqlaşa bilmirdi?
-Dediyim kimi, vurulmuş məmurların “təmsilçiləri” olan deputatlar (bir çox hallarda bunlar çoxluq təşkil edirdi), uzun müddətdə prosesi arzulamayan ola bilərlər. Düzdür, onların formal olaraq yenə də prezidentə, onun apardığı bu dəyişimə ya yerdəyişmə siyasətinə ayaq uydurduqları görünür. Amma ola bilsin ki, arzuları və istəkləri daxillərində o yöndə deyil. Hər halda ən azından burada bir əminlik yaradırlar. Çünki parlament nəticə etibarı ilə önəmli bir institutdur. Və parlamentin əlində prezidentin impiçment edilməsi kimi səlahiyyət var. Belə olan halda həmin parlament hansısa anda hökumətin üst səviyyədə boykot edilməsinə və ya müəyyən problem yaşamasına gətirib çıxara bilər. Oradakı çoxluq arzu olunmayan çoxluqdursa. Yəqin bu,  parlamentin buraxılmasında rol oynadı.
-Bu dəfəki seçkilərdən nə gözləyirsiniz? İqtidarla, hakim partiyanın atdığı addımlarla ayaqlaşan parlament formalaşa biləcəkmi? Və sizin həmin parlamentdən gözləntiləriniz nədir?
-Bu seçkidən nə prosedur baxımdan ciddi bir şəkildə fərqli dəyişiklik gözləyirəm, nə də formal olmasa da əsas baxımından. Çünki mövcud seçki eyni ilə 2003-ci ildə qəbul olunan Seçki Məcəlləsi və 2005-ci ildə formalaşan seçki komissiyaları ilə həyata keçirilir. Faktiki olaraq eyni icra hakimləri, eyni polis strukturu, eyni təhlükəsizlik strukturu və eyni siyasi komanda ilə seçkiyə gedilir. Belə olan halda o gözlənti haradan formalaşa bilər ki, seçki fərqli olacaq? Belə bir impuls verən heç bir addım yoxdur. Hətta son 1-2 aylıq bir prosesi incələdikdə 19 oktyabr hadisələri və ondan öncəki və sonrakı sərbəst toplaşma ilə bağlı, siyasi fəaliyyətlə bağlı piket cəhdləri çox aydın şəkildə göstərdi ki, hökumətin xüsusi ilə rəqiblərə və siyasi mübarizə istiqamətinə yönələn hər hansı bir dəyişikliyi yoxdur. Tam əksinə, daha aqressivdir. Əvvəllər bu qədər aqressiv deyildi. Hətta 2-3 həftə ərzində prezidentin son açıqlamalarına diqqət etsək, daha çox müxalifətə yönələn nifrət nitqindən  istifadə edib. Bu da dəyişimin nəinki müsbət, hətta mənfi istiqamətdə getdiyini göstərir. Qaldı ki, parlamentin iqtidarın atdığı addımlarla ayaqlaşmasına, partiya heç bir addım atmır. Partiya prosesdə yoxdur. Sadəcə, üst səviyyədə, prezident və ya vitse-prezident səviyyəsində dəyişikliklərin təqdimatı və icrası var. Amma bunların hətta partiya ilə məsləhətləşmədiyi aydın şəkildə bəllidir. Pariyanın özünün əsas funksioner olan şəxslərinin son açıqlamalarından hiss olunur ki, partiya bu proseslərdə yoxdur. Arif Rəhimzadənin parlamentdəki “məgər biz yararsızıqmı ki, özümüzü buraxırıq” deyərək etdiyi son etirazı və bunu ciddi şəkildə mübahisələndirməsi, Oqtay Əsədovun isə guya onu sakitləşdirirmiş kimi göstərib, amma eyni zamanda altdan sətiraltı parlamentin proseslərə ayaq uydurduğunu deməsi və il ərzində 1700-dən çox qanun layihəsini qəbul etməsini deməsi bunu sübut edir. Sadəcə, onun rəsmiləşdirilməsində formal bir qatar rolu oynayır. Amma bu proseslər partiyadan formalaşmır. Bunu göstərən hər hansı bir ipucu yoxdur. Yeni formalaşan parlament adil, ədalətli formada formalaşmırsa, komissiyalar tərəfindən obyektiv bir seçki sistemi ilə keçirilmirsə, ümumiyyətlə, seçkiyə aid normalar, standartlar ATƏT-in müşahidə missiyasının, Venesiya Komissiyasının tələbləri çərçivəsində formalaşmırsa, oradan formalaşacaq parlamentin də hansısa formada böyük bir gözlənti yaradacağını düşünmürəm.

Mənbə: http://www.turan.az/ext/news/2019/12/free/Interview/az/85726.htm?fbclid=IwAR2m0bZjbyxRIYdhTHnRFvdgedSAuHWxjQKvo9oVKr2At6t9Qxi-hhI4eS0 

3 Eylül 2019 Salı

Ələsgər Məmmədli: Diffamasiya ittihamları qorxu mühiti yaratmaq deməkdir

Özbaşınalıqları gizlətmək olmadı - Ələsgər Məmmədli

Ələsgər Məmmədli: Azərbaycanda medianın durumu

Tofiq Yaqubluya edilən xəbərdarlıq nə qədər hüquqa uyğundur?

22 Avqust 2019-cu il tarixdə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama ilə[1] belə bir informasiya yaydı:"Baş Prokurorluqda aparılmış araşdırmalarla Bakı şəhər sakini Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyətəhrik olunmasına, habelə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyənləşdirilib." Sonra qeyd edilir ki: "bununla əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilib. Ona "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib." 
Daha sonra istiqamət bir az da genişləndirib: "Daxili İşlər Nazirliyi və Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edərək nəzərə çatdırır ki, ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıçağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır".
Açıqlama çox ciddi hüquqi mübahisələrə açıqdır. Bunların hər birini ayrıca qiymətləndirmək zəruridir. 
1. Prokurorluq və DİN sıradan vətəndaşı yox, Müsavat Partiyasının Divan üzvü və Mİlli Şuranın üzvünün fikirlərini təftiş edərək, ona xəbərdarlıq edib. Bu zaman "Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməsini"-əsas götürüb. Məlumdur ki, dövlətin icra qolu hökumətdir. Hökumətin siyasi apponenti isə müxalifət. Bir müxalifət siyasətçisi hökumətin həyata keçirdiyi tədbirləri təftiş edə, hətta daha sərt şəkildə tənqid edə bilər. Bu demokratik cəmiyyətdə ifadə azadlığının çərçivəsində olan davranışdır. Prokurorluğun hökumətin tənqidçisi olan müxalifət siyasətçisinə xəbərdarlıq etməsi siyasi proseslərə müdaxilə olmaqla bərabər, hüquqi çərçivədə müəyyən olunmuş səlahiyyətlərindən sui-istifadədir və ifadə azadlığına qanunsuz müdaxilə hesab edilir.
2. Konstitusiyanın 63-cü maddəsinin tələbi Prokurorluq orqanları və DİN əməkdaşları üçün də bağlayıcıdır. 63-cü maddənin V-ci bəndi: "Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz"- deyir. Halbuki, Prokurorluq və DİN-in birgə yaydığı bəyanatda: "Tofiq Yaqublunun ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyənləşdirilib"- deyilir. Bu əməl cinayət əməli hesab olunur. O, cəmiyyətə cinayət törətmiş şəxs kimi təqdim edilir. Onun pozduğu iddia edilən və prokurorluq tərəfindən sadalanan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci fəslində yer alan cinayətlərin təsvirinə uyğun gəlməkdədir. Prokurorluq məhkəmə araşdırması və qərarı olmadan Tofiq Yaqublunun "qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan məlumatlar yayan"- biri kimi cəmiyyətə təqdim edib və onun suçlu obrazını yaradıb.
3. Prokurorluq yəqin ki, xəbərdarlıq etmək təşəbbüsünü onun fəaliyyətini tənzimləyən Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununun 21-ci və 22-ci maddələrinə əsaslanıb. Lakin bir məqamı unutmaq olmaz ki, 21-ci maddədə nəzərdə tutulan xəbərdarlığı "Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada" - edə bilər. Müxalifətin siyasi simalarının iqtidarın fəaliyyətini tənqid etməsi, onu bəyənməməsi, hətta ona qarşı kontur-arqumentlər gətirərək, cəmiyyətə, öz tərəfdaşlarına fərqli mesaj verməsi ifadə azadlığı çərçivəsində qiymətləndirilməlidir. İfadə azadlığının çərçivəsini müəyyən edən qanunların heç birində məhkəmə istisna olmaqla, heç bir qurumun şəxslərin ifadə azadlığına birbaşa müdaxilə səlahiyyəti yoxdur, o cümlədən prokurorluğun. Müdaxilə, yalnız qanunla müəyyən edilən çərçivədə mümkündür.
4. Qanunla müəyyən edilən çərçivə Konstitusiyanın 47 və 50-ci maddələrinin məhdudlaşdırmasını nəzərdə tutan 2002-ci ildə qəbul edilmiş "İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair" Konstitusiya Qanununda müəyyən edilib. Avropa İnsan Hüquqları Konvensiyası da Azərbaycan Parlamenti tərəfindən ratifikasiya edildiyinə görə onun 10-cu maddəsi birbaşa ölkəmizdə hüquqi qüvvədədir. 30 mart 2006-cı il tarixli, 5 saylı Azərbaycan Respublikası Ali Məh­kə­mə­sinin Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hü­quq­la­rı­nın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müd­dəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin pre­se­dentlərinin tətbiqi haqqında" Qərarı da məhkəmələrə bu çərçivəyə sadiq qalmağı tövsiyə edir.
5. 10-cu maddənin qoruduğu ifadə azadlığı Avropa İnsan Hüquqları Məhkəməsinin yurdiksiyası altında olduğuna görə, ifadə azadlığına müdaxilələr həm də AHİM-in qərarları çərçivəsində qiymətləndirilməlidir. Avropa Məhkəməsinin 10-cu maddədə qorunan ifadə azadlığı ilə bağlı təcrübəsinə nəzər saldıqda, aydın görünür ki, Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsindəki fikirləri ifadə azadlığı çərçivəsində qiymətləndirilməlidir. Çünki, AİHM-in 2009-cu ildə "Times Newspapers Ltd Birləşmiş Krallığa qarşı (№1 və №2)" işində elektron informasiya sistemlərini də informasiya yayılan məkan kimi ifadə azadlığının əhatə dairəsində qiymətləndirib. Avropa İnsan Hüquqları Məhkəməsi ifadə azadlığını onun əhəmiyyətini yalnız birbaşa deyil, həmçinin demokratiya və digər insan hüquqlarının təməli olmasını vurğulamaqla, fundamental insan hüququ kimi qiymətləndirir. Məhkəmə tez-tez (Lingens Avstriyaya qarşı, 1986, §42) işinə isnad edir və bildirir ki: "Umumiyyətlə, siyasi müzakirələr azadlığı Konvensiya vasitəsilə üstün tutulan demokratik cəmiyyətin əsas özəyini təşkil edir" və "10-cu maddənin 2-ci paraqrafı təkcə təhqiramiz və ya laqeyidlik halı kimi qəbul edilən və ya hesab edilən "informasiya" və ya "ideyalara" deyil, həm də təhqir edən, şoka salan və ya narahat edən informasiya və ideyalara şamil edilir. Plüralizm, tolerantlıq və liberallığın tələbləri bu şəkildədir və bunlarsız "demokratik cəmiyyət" mövcud ola bilməz...". 
Avropa İnsan Hüquqları Məhkəməsi siyasi xarakterli bəyanatların, həmçinin qanuni ictimai maraq doğuran geniş məsələlərlə bağlı bəyanatların qorunmasını xüsusilə vurğulayır. Bir çox işlərdə Məhkəmə hökumətin məsuliyyətini təşviq edən bəyanatlar, siyasi müzakirələr və pozuntularla bağlı sərt və açıq tənqidi məlumatların verilməsi hüququnu dəstəkləyir.
6. Birgə açıqlamanın sonunda bildirilib ki, "...dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib". Burada bir sual yaranır: "dövlətin (oxu: hökumətin) həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılması əgər cinayət məsuliyyəti yaradan əməldirsə, nədən şəxs barəsində dərhal cinayət işi başlanmır, gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmə ilə hədələnir? Prokuroruq orqanları qanunların tələbinə istisnasız əməl etməlidirlər. Əgər ortada cinayət əməli varsa dərhal həmin əmələ görə cinayət işi başlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 38.1 maddəsinin tələbi də bu yöndədir: "Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar".
7. Birgə açıqlamada "Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə" bir sıra hüquq pozuntusuna yol verdiyi və hətta gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə biləcək pozuntulara yol verdiyi iddia edilsə də, konkret olaraq Tofiq Yaqublunun hansı tarixli ifadəsinin, hansı yazısının, hansı düşüncəsinin bu nəticəni yaratdığına dair heç bir sübut təqdim edilmir. Heç bir çıxarışdan, məqalədən sitat gətirilmir. Bu da aydın şəkildə göstərir ki, ortada sübut olmadan, ümumi şəkildə şəxsin günahlandırılması var və bu xəbərdarlıq əslində siyasi məqsəd daşıyır. Şəxsin siyasi ifadə azadlığına açıq şəkildə müdaxiləyə yol verilir.
Ələsgər Məmmədli
http://www.turan.az/ext/news/2019/9/free/analytics/az/121129.htm