Bu günkü əfv fərmanından sonra siyasi məhbusların sayı daha bir nəfər artdı. Jurnalist Rauf Mirqədirova 6 il həbs cəzası verdilər. İştə gerçək humanizm nümunəsi!
Bu günkü əfv fərmanında 13 ölkənin 18 vətəndaşı da əfv edilib. Bu ölkələr sırasında, Kamboça, Kamerun, Nİgeriya, Suriya, Pakistan, İran, Çin, Əfqanistan, Gürcüstan, Qazaxıstan, Türkiyə, İrlandiya, Böyük Britaniya vətəndaşları var. Amma bu siyahıda az qala bu məhkumların toplamının çəkisindən çox hüquq kitabı nəşr etdirən İntiqam müəllimin adı yoxdur. Digər günahsız təcrid edilən siyasi intriqa qurbanlarının adları yoxdur...Əfv edilənlər arasında 8 nəfər cəmi bir neçə ay öncə, 74 nəfər bir il öncə, 55 nəfər iki il öncə qalanları isə 2 ildən bir az çox müddətdə məhkum ediliblər.. Bunların içərisində həqiqətən də toplum üçün təhlükəli olduğuna görə təcrid edilmişlər də yəqin ki var...Amma daha yaxın zamana qədər bizimlə çiyin-çiyinə ölkə problemlərinin həllinə baş sındıran, vətəndaşları marifləndirən, hesabatlar hazırlayan, naqisliklərin ortaya çıxmasına çalışan onlarla ziyalımız, gəncimiz (İlqar Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədov, Rəsul Cəfərov, Xədicə İimayıl, Seymur Həzi, Pərviz Həşimli....və digərləri) yoxdur!
Hər kəs bilir ki, Azərbaycan məhkəmə sistemi ədalətdən uzaq olduğuna görə həbsə düşənlərin heç də hamısı bunu haqq etmiş şəxslər deyil. Odur ki, bunların azad olmasına təbii hal kimi baxıram. Amma hər bayramda kütləvi əfv gözləntisinin olması, hər il bir və ya birdən çox belə fərmanların imzalanması o dövlətdə məhkəmə sisteminin tıxanıqlığının, hətta bağımlılığının, ədalətsizliyinin, hüquqazidd davranışının qeyd-şərtsiz təsdiqi- etirafıdır.
Bu gün cəmiyyətin ümidsiz gözləntiləri də suya düşdü. 210 nəfərlik bu siyahıya "siyasi məhbus" siyahısına düşmüş, beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən "vicdan məhbusu" statusu verilmiş heç bir nəfərin adının salınmaması, onsuz da iqtisadi, siyasi, hərbi krzislərin təsirindən son zamanlar gərginləşən, ümidsizləşən cəmiyyəti bir az da ümidsizliyin dibinə yuvarladı. 3 gün öncə şəxsi blogumda "Çox vaxtımız qalmayıb, ağlımızla qərar vermək vaxtıdır..." -yazmışdım. Çox təəssüf ki, çox önəmli bir fürsəti, çöx dəyərli bir zamanı əldən verdik. Sonra "kaş ki!" nidaları ilə bu gün tez-tez xatırlanacaq.
Hiç yorum yok:
Yorum Gönder