Bu gün Baş Prokurorluq tərəfindən yayılan informasiya
diqqətimi çəkdi. Məlumatda bildirilir ki, bir neçə KİV-də “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci
maddələrinin tələbləri kobud surətdə pozularaq cari ilin yanvar ayında
respublikanın müxtəlif bölgələrində ayrı-ayrı şəxslər tərəfindən təşkil edilməklə
keçirilmiş aksiyaların ölkədə guya sosial-iqtisadi vəziyyətin pisləşməsi, əhalinin
mövcud vəziyyətdən narazı olması kimi qiymətləndirilməsi, eləcə də həmin
aksiyalarla əlaqədar heç bir dəqiqləşdirmə aparılmadan və dövlət orqanlarının rəsmi
mövqeyi öyrənilmədən açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilməklə məlumatlar
yayımlanıb, buna görə onlara xəbərdarlıq elan edilib”
Doğrusu son vaxtlar Azərbaycan hüquq sistemində,
qanunvericiliyin tətbiqində o qədər normal olmayan məsələlərlə rastlaşırıq ki,
bunu da sıradan bir xəbər kimi qəbul edib, üzərində durmamaq olardı. Lakin,
KİV-ın cəmiyyətdə oynadığı rol, onun hakimiyyət və dövlət qurumları ilə münasibətdə
azad və müstəqil olması zərurilyi bu məsələyə gözucu da olsa nəzər salmağı məcbur
edir.
Prokurorluq bu hərəkətini Prokurorluq
haqqında Qanunun 22-ci maddəsinə söykənərək etdiyini bildirir. Bu maddə “Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror
və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir”-şəklindədir.
Burda diqqət çəkən məqam KİV-ə və ya
KİV-in redaktorlarına xəbərdarlıq edir- şəklində bir normanın yoxluğudur.
Çünki, eyni ilə Prokurorluq haqqında Qanun kimi KİV haqqında Qanun da Milli
Məclis tərəfindən qəbul edilib və burda KİV-in konstitusion hüquq və azadlıqlarının
pozulmaması, demokratik cəmiyyətdə önəmli rol alan tərəf olduğu üçün onun
azadlıq və məsuliyyətinin dəqiq sərhədlər müəyyən edilib. Bu sərhədlərin
içərisində Prokurorluq orqanlarına xüsusi vəzifə verilməyib.
KİV haqqında Qanunun icrasına dair "Kütləvi
informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərnanına nəzər salsaq, burda KİV haqqında Qanuna nəzarət etməli olan
orqanların adları göstərilib. Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin,
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinin, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adlarını burada
müxtəlif maddələrin icrası zamanı görə bilərik. Hətta, təşkilati-hüquqi forması
ictimai birlik olan Mətbuat Şurasının da adı müvafiq icra hakimiyyəti orqanı (!)
olaraq, Qanunun 19-cu maddəsi ilə bağlı səlahiyyətli qurum kimi Fərmanda göstərilib.
Amma 10 və 11-ci maddələrin icrasına nəzarətdə Prokurorluq orqanının adı göstərilməyib.
Gələk məsələnin
ikinci tərəfinə, hətta bütün qanunlara prokurorluğun nəzarət etmə səlahiyyəti
olduğunu düşünərək məsələyə yanaşsaq, KİV haqqında Qanunun 10-cu və 11-ci maddələrdə
yol verilən pozuntular nədir?
10-cu maddənin mətninə baxsaq, Kütləvi informasiya
azadlığından sui-istifadənin yolverilməzliyini təsvir edir. “Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət
quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni,
zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ
etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan
şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək,
böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi
informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”.
Burda nəzərdə tutulan
hərəkətlərin heç biri xəbərdarlıqla cəzalandırılacaq qədər bəsit hərəkətlər
deyil. Əgər “qanunla qorunan sirlər” yayılıbsa
o zaman konkret cinayət işi başlamalıdır. Əgər “Konstitusiyalı quruluşu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə
qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti,
yaxud dözülməzliyi təbliğ etmək”- suçu sabitdirsə yenə xəbərdarlıqla bu işi
“bağlamaq” olmaz və cinayət işi açılması hökmən lazımdır. Yox əgər “mötəbər mənbə adı altında vətəndaşların
şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik
materiallar çap etdirmək, böhtan atmaq,- hadisəsi baş veribsə o zaman hüququ
pozulan vətəndaş xüsusi ittiham qaydasında CM 147 və 148-ci maddələri ilə
məhkəməyə müraciət etməlidir. Yəni,
burda da prokurorluğa vəzifə düşmür.
11-ci maddənin mətninə
baxsaq, burda “İnformasiyanın yayılmasına, informasiya mənbəyinin
açıqlanmasına yol verilməyən xüsusi hallar” göstərilib. Yəni burda yalan məlumatdan, qərəzli
məlumatdan, natamam məlumatdan söhbət getmir. Burda yayılan məlumatın özü
həqiqi məlumatdır, lakin onu ya icazəsiz yaymaq olmaz, ya da mənbənin gizliliyi
qorunaraq yayılmalıdır. Deməli, Prokurorluğun açıqladığı hal 11-ci maddəyə
aidiyyatı ola bilməz. Çünki Prokurorluq demir ki, istintaqın icazəsi olmadan
məlumat yayılıb, deyir ki “natamam və
yalan məlumatlar” yayıblar. Əslində aksiyaların səbəbi iqtisadi və sosial
problemlərdən əziyyət çəkənlərin məsələni ictimailəşdirməsi olmayıb. Görünür, həmin
insanların devoliasiyanı sevindirici hal kimi qeyd etmək istədikləri halda,
jurnalistlər bunu etiraz kimi qələmə veriblər. Hər halda Prokurorluğun
açıqlamasında bu deyilməsə də anlaşılan budur.
11-ci Maddənin
mətnini olduğu kimi göstərirəm:
“Kütləvi informasiya
vasitəsi redaksiyasının və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq
şərt ilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına;
2) adının bildirilməməsi
şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə;
3) təhqiqatçının,
müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat
məlumatlarını yaymasına;
4) cinayət etməkdə
təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin
razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol
verilmir.
Kütləvi informasiya
vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və
(və ya) jurnalist istintaqda yaxud məhkəmə icraatında olan işlə əlaqədar
qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa
məcbur edilə bilməz. Bu halda müəllif açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və
ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun yaxud jurnalistin
üzərinə düşür.
Redaktor və ya jurnalist
aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə
bilər:
1) insan həyatının
müdafiəsi üçün;
2) ağır cinayətin qarşısını
almaq məqsədi ilə;
3) ağır cinayət törətməkdə
ittiham olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.
Bu maddənin birinci
hissəsinin 3-cü bəndinin tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq
hüququnu məhdudlaşdırmır.
Prokurorluq
orqanları Qanunlara nəzarət edirlərsə, qanunların bütününə baxmalı, qanunları tam
tətbiq etməlidirlər. KİV haqqında Qanunun 62-ci maddəsi yalan və ya natamam
məlumat yayan KİV-in hansı hallarda məsuliyyətdən azad olduğunu da göstərir. Bu
KİV-in spesifik fəaliyyət göstərən sahədə olan oyunçu olduğuna görə nəzərdə
tutulur. KİV məlumat yayarkən digər prinsiplərə əməl etməklə bərabər, həm də
operativ olmalıdır. Bəzən operativ olan KİV obyektiv olmayan məlumatlar da yaya
bilər. Məhz qanunvericilik bu zaman KİV-in və jurnalistin qəsdi yoxdursa, onu
məsuliyyətdən azad edir.
62-ci maddənin
mətni belədir:
Kütləvi informasiya vasitəsində
yayılmış həqiqətə uyğun olmayan məlumat;
1) rəsmi dövlət orqanları və ya onların
mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya
idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat
xidmətlərindən alınmışdırsa;
3) digər
kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət
orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin
nümayəndələrinin, habelə siyasi xidmətlərin və vəzifəli şəxslərin rəsmi
çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda
deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə
getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət
daşımır.
Belə bir deyim var: “Quş çoxbilmişliyindən dimdiyindən tora düşər”. Bizim bəzi
parlamentarilər, rəsmi şəxslər və Prokurorluğun bugünkü açıqlamasını verməyə
səbəb olan “media başbilənləri” bütün yayılan ifadələri kontrol altına almaq
üçün KİV haqqında Qanunun 3-cü maddəsinə bir dəyişiklik edib, interneti də KİV
olaraq anlayışlara saldılar. İndi 62-ci
maddənin 3-cü bəndində “3) digər kütləvi
informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa; halı
bütün interneti də əhatə etdiyindən daha öncə İnternetdə, sosial şəbəkələrdə
yayılmış və təkzib olunmamış, buna görə də digər KİV-lərdə də buna isnad
olunaraq yayılmış məlumatlar yalan olsa belə, sonra yayanlar məsuliyyətdən azad
olunurlar. Çünki, qanunvericilik onların qərəzli olmadığını düşünür. Yəni, bu
gün xəbərdarlıq edilən KİV-lər əgər bu məlumatları yayan ilk tərəf deyildirlərsə,
ki məncə bu belədir, o zaman onların məsuliyyətini Qanun nəzərdə tutmur.
Sonda bunu qeyd etməyi özümə borc bilirəm. Mətbuat
Şurası son vaxtlar ölkədə media azadlığına, medianın inkişafına ciddi zərər
verməyə başlayıb. Mətbuat Şurası ictimaiyyət və Media təmsilçilərindən
formalaşan, bu tərəflər arasında zaman-zaman arbitr rolu oynayan bir qurum
olmalı, jurnalistlərin mənafeyinə, azadlığına, yaradıcılığına müdaxilə
imkanları verməməlidir. Heç bir qanuni analiz aparılmadan, normalara isnad
edilmədən, bunun nəticələrini, hesabatını, monitorinq texnologiyasını, monitorinq
aparanların peşəkarlığını cəmiyyətə açıqlamadan hansısa siyahılar tərtib edib, prokurorluq
orqanlarına göndərilməsi bu qurumun funksiyaları ilə uyğun gəlmir. Papağın önünə
qoyulub düşünmə zamanı gəlib, cənablar. Az-çox plüralizmi formalaşdıran yerli
medianı və jurnalistləri bu qədər sıxıb-boğarsınız, bu ölkədə yerli mənbələri
tamamən sıradan çıxararsınız. Bu isə ölkənin informasiya təhlükəsizliyinə daha
böyük zərbə vurar.