14 Aralık 2021 Salı

Referendum aktı ifadə azadlığını və informasiyaya çatımlılığı təhlükəyə atır

 Konstitusiyaya əlavə və dəyişiklik üçün 26 sentyabr 2016-cı ildə referendum təyin edilməsi və Referendum aktının səsverməyə çıxarılması bir çox istiqamətdə ciddi müzakirələrin aparılmasını zəruri edir.
Konstitusiya dövlətin vətəndaşla dövlət hakimiyyəti qurumlarının münasibətini tənzimləyən, fərdlərin hüquqlarının sərhədlərini və qurumların səlahiyyət çərçivəsini müəyyən edən əsas toplumsal müqavilədir. Bu sənəd cəmiyyətdə mövcud olan münasibətlərin təməli olduğuna görə ona ANA YASA da deyilir. Belə demək mümkündürsə, bütün qanunların ANASI.  Odur ki, bu sənədi güncəl siyasi qayğılarla tez-tez zədələmək, onun ruhuna uyğun olmayan əlavə və dəyişiklik etmək yolverilməzdir. Xüsusilə də bu sənədə hər hansı dəyişiklik, əlavə ehtiyacı yaranarsa, bu ancaq cəmiyyətin sifarişi kimi ortaya çıxmalı, cəmiyyət tərəfindən ciddi müzakirə edilməlidir.
Təklif edilən referendum aktı bir çox aspektlərdən Konstitusiyanın özünə və Azərbaycanın qoşulduğu, rəsmi şəkildə ratifikasiya edib, qanunvericiliyinin mənbəyi halına gətirdiyi Konvensiyalarla ziddiyyət təşkil edir. Məhz bunu nəzərə alaraq, bu yazımla Konstitusiya aktının ifadə və informasiya azadlığı baxımından yaradacağı problemləri açmaq, toplumun diqqətinə çatdırmaq istəyirəm.

Referendum aktı ilə Konstitusiyaya 29 müxtəlif dəyişiklik və ya əlavə nəzərdə tutulur. Onların 14-ü birbaşa Konstitusiyanın III fəslində yer alan əsas insan hüquq və azadlıqlarını hədəf alıb. Bu fəslin ən təməl özəlliyi onu kənar müdaxilələrdən qoruyan immunitetin Konstitusiyanın özündə nəzərdə tutulmasıdır. Konstitusiyanın 155-ci maddəsi referenduma çıxarılacaq dəyişikliklərə dair təklif təşəbbüsünün məhdudlaşdırılmasını nəzərdə tutur və “Konstitusiyanın III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”-deyərək bu imuniteti yaradır.

Dəyişiklik və əlavələrin nəzərdə tutulduğu 32-ci maddə şəxsi toxunulmazlıq hüququna, 47-ci maddə fikir və söz azadlığına, 49-cu maddə sərbəst toplaşmaq azadlığına, 57-ci maddə müraciət etmək hüququna, 59-cu maddə birləşmək hüququna, habelə  68 və 71-ci maddələr birbaşa yaxud dolayısı ilə ifadə və informasiya azadlığına toxunur. 

32-ci maddəyə əlavə edilməsi nəzərdə tutulan VI-cı bənd: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”-deyərək, informasiya açıqlığı prinsipi anlayışını alt-üst edir. Məsələ bundadır ki, qanunla göstərilən məhdudiyyətlər istisna olmaqla informasiyalar açıq olmalıdır. Açıqlıq təməl prinsipdir. Açıqlığın istisnası qanunla qorunan mənafeləri göstərən məhdudiyyətlərdir. Qanun məhdudiyyətlərin siyahısını və sərhəddini müəyyən edə bilər. Bu sərhədlərdən biri də şəxsin özəl həyatına dair informasiyalardır.
Konstitusiyanın 32-ci maddəsinin 3-cü bəndində bu aydın göstərilib: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir”. Belə olan halda, hər hansı özəl həyat qeydi olmadan “üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”- demək və üçüncü şəxslər haqqında harada (elektron formada və ya kağız üzərində) olmasından asılı olmayaraq məlumat almanı qadağan etmək, bütünlüklə 3-cü şəxslər haqqında ictimai əhəmiyyət daşıyan informasiyaların da alınmasını məhdudlaşdırmağa şərait yaradacaq. Ayrıca, buradakı üçüncü “şəxslər” ifadəsi hüquqda çox geniş anlaşılır və həm fiziki şəxsləri, həm də hüquqi şəxsləri əhatə edir. Halbuki, 32-ci maddənin adı “şəxsi toxunulmazlıq hüququ”dur və burada məqsəd şəxslərin (hüquqi və fiziki şəxslər) yox, fərdin (individual şəxsin) toxunulmazlıq hüququnu təminat altına almaqdır.  
Bu bəndin 32-ci maddəyə əlavə edilmə qayğısının haradan gəldiyini təxmin etmək çətin deyil. Bilindiyi kimi, 12 iyun 2012-ci il tarixli 381-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Kommersiya sirri haqqında Qanuna və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanuna məhdudlaşdırıcı norma gətirildi. “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə” - məlumatlar kommersiya sirri hesab edildi. Təsisçilər, iştirakçılar fiziki şəxs olduqda bunların adları fərdi məlumatlardır. Deməli, konkret bu halda fərdi məlumatları qanun kommersiya sirri kimi əlavə qoruma altına alıb.
Bəllidir ki, son vaxtlar müasir İKT-dan istifadə edən beynəlxalq jurnalist şəbəkələri və qrupları dünyanın müxtəlif ölkələrində xüsusilə siyasətçilərin və idarəetmə səlahiyyəti olan şəxslərin qanunsuz gəlirlərini, korrupsiya faktlarını aşikar edən sənədələri ortaya çıxararaq, onların “ictimai nüfuz”unu ciddi zərbə altında qoya bilirlər. Bu “gizli” sənədlərin əldə olunması ilə müxtəlif qanunsuz biznes şəbəkələrinin, qara pul axınının ifşa olunması asanlaşır. 32-ci maddəyə belə bir bəndin əlavə edilməsi yəqin ki, daha sonra bu davranışların ciddi hüquqi, o cümlədən cinayət məsuliyyəti yaratması ilə nəticələnəcək və ictimai əhəmiyyət daşıyan informasiyalara çıxışı məhdudlaşdırmanı hədəfləyəcək.
İnformasiya əldə etmək hüququ bir çox təməl insan hüquq və azadlığı üçün açar rolu oynayan ifadə azadlığı hüququnun ayrılmaz parçasıdır. Legitim hüquqi əsas olmadan bu azadlığın məhdudlaşdırılması yolverilməzdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi birbaşa ifadə azadlığını qoruyur və demokratik cəmiyyətlərdə ona hansı əsaslarda müdaxilə edilə biləcəyinin zəruriliyini və bu müdaxilənin sərhədlərini göstərir.
3-cü şəxslərin özəl həyatına aid olmayan, ictimai əhəmiyyət daşıyan məlumatlarına çatımlılığı məhdudlaşdıran istənilən tənzimləmə Konvensiyaya ziddir.
İnformasiya toplamaq və yaymaq istəyən hər hansı jurnalist yaxud QHT aktivisti üçün korrupsiyaya bulaşmış siyasətçi və ya məmur 3-cü şəxsdir. Həmin 3-cü şəxsin qanunsuz əməlini üzə çıxarmaq istəyən araşdırmaçı jurnalist, onun qanunsuz təsisçiliyi, yaxud hansısa terroru maliyyələşdirmədə şübhəli qurumdakı payını öyrənmək məqsədi ilə elektron bazada olan və ciddi ictimai əhəmiyyət daşıyan informasiyaları əldə edə bilməlidir. Yerli qanunvericilik bu informasiyaları  legitim əsas olmadan məhdudlaşdırıb. Bəzən jurnalistlər dolayılı yollarla bu qanunsuz əməlləri aşikarlayan informasiyaları əldə edərək, bu şəxslərin  kirli bağlarını ortaya çıxara bilər.
İndiki bu tənzimləmə ictimai əhəmiyyət daşıyan və qanunsuzluqların önlənməsinə xidmət edən bu tip halların da qarşısını almağa, ictimai informasiyaya çatımlılığı aradan qaldırılmağa xidmət edir. 32-ci maddəyə bunun əlavə edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmaqdır. Konstitusiyanın 155-ci maddəsinə görə bu mahiyyətdə olan müddəa referenduma çıxarıla bilməz.  
32-ci maddəyə əlavə ədilən VII-ci  bəndin mahiyyəti də tam aydın ifadə edilməyib və hansı məqsədlə Konstitusiya maddəsi halına gətirildiyi anlaşılmır. Çünki, mövcud 32-ci maddənin  mətnin III-cü bəndində çox açıq şəkildə “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir” deyərək, bütünlüklə şəxsi həyata dair informasiyalara çıxışı və onların toplanıb yayılmasını məhdudlaşdırıb.  Belə olan halda şəxsi həyatın bir hissəsini yenidən xüsusi vurğulamaq və İKT  vasitələrini saymaqla göstərməyin heç bir konstitusion anlamı yoxdur. Məlumatın toplanması qadağandırsa, bütün vasitələr qadağandır. Belə anlaşılır ki, bu gün informasiya texnologiyalarının qeyd edilməsi, bir ildən sonra fərqli bir dəyişiklik ehtiyacı yarada bilər. Məsələn, “məlumatın saxlandığı otağa girərək” əldə edilməsi kimi bir qadağa təklifi.
Məsələnin bir başqa aspekti də budur ki, əgər siz Konstitusiyaya yazırsınızsa ki, “...informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz”, o zaman belə çıxır ki, “şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatlar”- informasiya texnologiyaları istifadə edilməyən vasitələrlə, məsələn yazılı mətbuatda, çap vərəqələrində, şifahi formada toplantılarda və s. formalarda yayıla bilər.  
32-ci maddənin adından da göründüyü kimi burada məqsəd şəxsi toxunulmazlıq hüququnun sərhəddini və dövlət təminatı altında olmasını göstərməkdir. Vasitələrin sayılması bu maddənin və ümumiyyətlə konstitusiyanın  mahiyyətindən  uzaqlaşmaqdır.


Azərbaycan qanunvericiliyndə Diffamasiya məsələləri


 Azərbaycan qanunvericiliyndə Diffamasiya məsələləri

Hazırladı: Ələsgər Məmmədli, müstəqil ekspert                  25 Yanvar 2017

  
Azərbaycan Respublikasının Milli Məclisi 2001-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasıya etdikdən 4 ay sonra 15 Aprel 2002-ci ildən etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin yuridiksiyasını qəbul etdi. Beləliklə, Azərbaycan məhkəmələrində  hüquq və azadlıqlarının qorunmasına cəhd edib, nail ola bilməyənlərin son çarə olaraq Avropa Məhkəməsinə getmək yolu açıldı.

Əlbəttə, Avropa məhkəməsi yerli məhkəmə kimi birbaşa hər hansı pozulan hüququ dərhal bərpa etmir, bir az başqa yol seçir. Konvensiyada və ona əlavə olaraq imzalanan əlavə Protokollarda qorunması zəruri olan hüquq və azadlıqların yerli məhkəmələrdə bərpa edilmədiyi qənaətinə gəldiyində ilkin olaraq, pozuntunu tanıyır və şəxsə maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə qərar verir. İkincisi, həmin pozuntu əgər hüququ doğru tətbiq etməkdən sonra ortaya çıxıbsa, o zaman pozuntuya səbəb olan hüquq qaydasının Konvensiyaya uyğun düzəldilməsini nəzərdə tutur. Üçüncüsü, əgər pozuntu hüququn qeyri-legitimliyindən yox, qanunsuz tətbiqindən törədilibsə, o zaman həmin hüquq pozuntusuna yol verib, vətəndaşın hüquq və azadlığına qanunsuz müdaxilə edən şəxslərin hüquqi məsuliyyətinin müəyyən edilməsi zəruriliyini nəzərdə tutur. Konvensiyanın 46-cı maddəsinə əsasən Konvensiyanı ratifikasiya edib, Avropa Məhkəməsinin yuridiksiyasını qəbul edən üzv dövlətlərin məhkəmə qərarını icra etməkdən başqa manevr imkanı yoxdur.

Ölkəmiz Avropa İnsan Hüquqları Konvensiyasını  ratifikasiya etdikdən sonra hökumət müəyyən öhdəliklərə imza ataraq, bəlli zaman dilimində qanunvericilikdə və praktikada müsbət islahatlar etməyi üzərinə götürdü. Bunlardan biri də media qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması idi. 

Bir çox Avropa ölkəsinin qanunvericiliyində birbaşa diffamasiyaya görə cinayət məsuliyyətini qadağan edən norma olmasa da, son illər  Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığına müdaxiləyə əsas verən məhdudlaşdırıcı hallara görə şəxsin nüfuzuna, şərəf və ləyaqətinə toxunmaya görə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini qəbuledilməz hesab edir.  Nifrətli nitqə görə belə məsuliyyətin müəyyən olunmasında problem görməyən Avropa Məhkəməsi, şəxsin hüquqları aspektində cinayət məsuliyyətini Konvensiyanın 10-cu maddəsinin pozuntusu hesab edir. Bu səbəbdəndir ki, bir çox Avropa ölkələri son illər xüsusi “diffamasiya haqqında qanun” qəbul edərək, diffamativ ifadələrin mühakimə sistemini dəyişmiş, məhkəmələrin bu məsələdə spesifik davranmalı olduğuna dair qaydalar gətirmişdir.

Azərbaycan hüquq sistemində müəyyən islahatlar aparılsa da, Cinayət Məcəlləsində şərəf və ləyaqətin qorunmasını nəzərdə tutan 3 maddəyə toxunulmadı. Bunlar böhtana görə nəzərdə tutulan 147-ci, təhqirə görə 148-ci və Prezidentin şərəf və ləyaqətinə görə nəzərdə tutulan 323-cü maddələr idi.

Bu maddələrin qanunvericilikdə olması ona görə problem kimi media ictimaiyyətini geniş narahat edirdi ki, həmin maddələrin tətbiqinə tez-tez rast gəlinirdi. 1998-ci ildə rəsmi dövlət senzurasını ləğv edən o zamankı Prezident Heydər Əliyev, 2002-ci ilədək difamasiyaya görə məmurların jurnalistlərə qarşı məhkəmə iddiaları qaldırmasını rəsmi bəyanı ilə dayandırmışdı. O dövrdə bu maddələrin tətbiqinə seyrək rast gəlinirdi. Məhkəmələrə müraciət edən azsaylı  şəxslər isə rəsmi dövlət qulluqçuları, məmurlar, hökumət təmsilçiləri deyildi. 2004-cü ildən sonrakı statistikaya baxdıqda bu mənzərənin sürətlə dəyişdiyi görülür.
2005-ci ildə 6 cinayət işi olmaqla cəmi 14 diffamasiya işi olduğu halda, 2006-cı ildə bu rəqəm 12-29, 2007-ci ildə 37-103, 2008-də 38-63, 2009-da 31-70, 2010-da 31-71, 2011-də 8-41, 2012-də 10-41 nisbətlərində oldu. 2005-2012-ci ilərdəki statistikaya əsasən diffamasiya işlərinin cəmi 441 olmuş, bunlardan da 173-ü birbaşa Cinayət Məcəlləsinin tətbiqi iddiaları olmuşdur.[1]

2013-cü ildə mediaya qarşı böhtana, təhqirə, şəxsi həyat məzmunlu informasiyaların yayılmasına görə 36 məhkəmə iddiası (şikayəti) qaldırılıb. İddiaların 32-si mülki qaydada, 4-ü xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlbetmə ilə bağlı olub. Həmin işlərdə iddiaçılar cavabdehlərdən cərimə, təkzib və üzr istənilməsini tələb ediblər. Yalnız bir işdə (Səbail rayon İcra Hakimiyyəti “Yeni Müsavat” qəzetinə qarşı) cavabdehdən təkzib verilməsi tələb olunub. İddiaçılar mediyadan, jurnalistlərdən mənəvi zərər əvəzi olaraq 4 240 000 (dörd milyon qırx min) AZN-dən artıq təzminat istəyiblər. Bu iddialar üzrə medianın, jurnalistlərin üzərinə 125 min AZN-dən artıq təzminat ödəmə yükü qoyulub.
2014-cü ildə diffamasiya iddialarının sayı, mediadan tələb olunan təzminatların məbləği əvvəlki illə müqayisədə xeyli artıb. Həmin il məmurlar, digər ictimai fiqurlar, özəl qurumlar şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı medianı azı 59 dəfə məhkəməyə veriblər. Məhkəməyə çəkilən qəzetlər tənqidi məzmunu ilə tanınan “Azadlıq”, “Yeni Müsavat”, “Gündəm Xəbər” qəzetləri, xəbər saytları və sosial şəbəkə fəalları olublar. Mediadan ümumilikdə 2,5 milyon AZN-dən artıq təzminat tələb edilib. Məhkəmə baxışı keçirilən işlər üzrə iddiaların əksəriyyəti təmin olunub. Medianın üzərinə 180 000 AZN-dən artıq cərimə yükü qoyulub. Mediaya qarşı qaldırılan 59 iddiadan 11-i xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb etməyə dair olub. Məhkəmələr həmin şikayətləri təmin etməyiblər.
2015-ci ilin ən yaddaqalan işlərindən biri Access Bank-ın keçmiş işçisi  Mikayıl Talıbovun Facebook sosial şəbəkəsində yazdığı statusuna görə cəzalandırılması oldu. Həmin il maddi baxımdan ən ağır məhkəmə qərarı “Yeni Müsavat” qəzetinə qarşı çıxarılıb. Məhkəmə qəzetdən 1 milyon AZN tələb edən “Gilan” Qəbələ Konserv Zavodunun iddiasını qismən təmin edərək “Yeni Müsavat”ın üzərinə iddiaçıya 50 min AZN cərimə ödəmək vəzifəsi qoyub. 2015-ci il birbaşa diffamasiyaya görə göstərilməsə də 17 jurnalist-bloger həbsdə olub, 1 jurnalist-Rasim Əliyev isə öldürülüb.[2] Ümumilikdə, 2015-ci ildə daha diffamasiyaya görə məhkəmə çəkişmələrinin çox olduğu illərdən olub.  
2016-cı ildə çoxsaylı mükli diffamasiya iddiaları ilə yanaşı, cinayət təqibi istəyi ilə 6 şəxsə cinayət iddiası qaldırılıb. Professor, jurnalist, Qulu Məhərrəmli, Bloger- Mehman Hüseynov, yazıçı - Əkrəm Əylisli, jurnalist, “Yüksəliş naminə” qəzetinin redaktor müavini - Elçin Həsənov, jurnalist, “AzPolitika.info” saytının rəhbəri - Elnur Məhərrəmli və “Gündəm Xəbər” qəzetinin təsisçisi - Şirin Cəfəri  müxtəlif ittihamlar əsasında, saxta, əsassız olduğu iddia edilən cinayət təqiblərinə məruz qalıb,onlar barəsində müxtəlif cinayət-prosessual məhdudiyyət tədbirləri həyata keçirilib.
Ümumiyyətlə diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutulan maddələrin tətbiqinə görə Azərbaycan tərəfinin ilk “başağrısı” 2007-ci ildə yarandı.  Avropa Məhkəməsi  “Mahmudov, Ağazadə - Azərbaycana qarşı”[3] - işində Konvensiyanın 10-cu maddəsinin pozulduğu qərarını verdi. Buna səbəb 2003-cü ildə o zamankı prezident Heydər Əliyevin qardaşı, deputat Cəlal Əliyevin şərəf və ləyaqətini qoruyan Azərbaycan məhkəməsi “Müxalifət qəzeti”nin baş redaktoru Rövşən Mahmudov və Yaşar Ağazadəni CM 147 və 148-ci maddələri ilə suçlu elan edərək, həbs cəzası verməsi idi. Hər iki jurnalist bu cəzanı çəkməyib, məhkəmə salonundan amnistiyaya düşmələrinə baxmayaraq,  Avropa Məhkəməsinin mövqeyi barışmaz olmuşdu.
Hökumət zərərçəkənlərə kompensasiya versə də qanunvericilikdə hər hansı müsbət dəyişiklik etməyə, yaxud cinayət məsuliyyətinə cəlb etməyə moratorium qoymağa tələsmədi. Halbuki, hökumət məhz 2007-ci ildə Avropada 11 jurnalist və blogeri həbsə atmaqla lider mövqeyinə çıxmışdı. Həmin il 37-si cinayət məcəlləsinin müvafiq böhtan və təhqirə görə məsuliyyət müəyyən edən maddələri olmaqla, mülki işlər də daxil olmaqla cəmi diffamasiyaya görə 108 məhkəmə işi olmuşdu.
2010-cu ildə səsli-küylü daha bir qərar ölkə əleyhinə verildi. Bu əvvəlkindən daha sərt və tələbləri də Avropa Məhkəmə təcrübəsində daha öncələri sıx tətbiq edilməyən bir tonda idi. Məhkum edilən və həbsdə saxlanan “Gündəlik Azərbaycan” və “Realnoe Azerbaidjana” qəzetlərinin baş redaktoru, jurnalist Eynulla Fətullayevin dərhal azadlığı tələb olunurdu. Söhbət “Fətullayev-Azərbaycana qarşı”[4]- işindən gedir. Eynulla Fətullayevi həbsə aparan cəzalar təkrar Konvensiyanın 10-cu maddəsində qoruma altında olan ifadə azadlığına qəsd kimi təfsir edildi. Cəmi 3 ildən sonra Avropa Məhkəməsi tərəfindən yenidən və daha sərt tonda bu qərarın gəlməsinin bir səbəbi də 2009 və 2010-cu illərdə jurnalistlərə qarşı diffamasiyaya görə ardıcıl olaraq 70 və 71 məhkəmə işinin başladılması olmuşdu. Bu iki il ərzində hər il 31 olmaqla 62 iş birbaşa xüsusi ittiham qaydasında başladılan cinayət işi olmuşdur.
Avropa İnsan Hüquqları Məhkəməsinin Fətullayev-Azərbaycana qarşı işindəki qərarının ardından bu dəfə kompensasiya ilə bərabər jurnalistin azadlığa buraxılması tələbi də icra edildi.
Qanunvericilikdə belə bir hüquqi səlahiyyət və yol olmasa da böhtan və təhqirə görə CM-nin 147 və 148-ci maddələrinə jurnalistlərin həbs edilməsinə qarşı ölkə Prezidenti tərəfindən 2010-cu ildə moratorium qoyulduğu bəyan edildi. Bunun da təsiri ilə diffamasiyaya görə 2011-ci ildə cinayət işlərinin sayı 31-dən 8-dək aşağı endi. Hətta toplumda müsbət bir gözlənti də yarandı. Media sahəsində fəaliyyət göstərən ictimai institutların Diffamasiya haqqında Qanun layihələri təşəbbüsləri, ictimai vəkillik kampaniyaları artdı. Media Hüququı İnstitutu, Yeni Nəsil Jurnalistlər Birliyi kimi Media sahəsində ixtisaslaşan qurumlarla bərabər, Mətbuat Şurası da bu istiqamətdə layihələr hazırladı və ictimai müzakirələrə çıxardı. ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə  Mətbuat Şurasının hazırladığı “Diffamasiya haqqında Qanun” layihəsi hətta Milli Məclisə təqdim edildi.
27 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında”     № 1938 saylı  Sərəncam imzaladı.
Prezidentin  imzaladığı Sərəncamın 1.2.7-ci bəndində[5] Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır və 2012-ci ildə icra edilməli olduğu vurğulanırdı.

2012-ci il başa çatanda təəssüf ki, diffamasiyanın dekriminallaşması gözləntiləri reallaşmadı. 30 aprel 2013-cü ildə Avropa Məhkəməsi qərarlarının icrası gözləntilərinin və digər bütün öhdəliklərin əslində “boş vədlər” olduğu bəlli oldu. Həmin tarixdə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin Məcəllədən çıxarılması gözləndiyi halda Prezident Administrasiyasından əks həmlə gəldi. Yeni qanun layihəsi ilə bu maddələrin dispozisiyası daha da sərtləşdirildi. Cərimədən sonrakı sanksiya kimi nəzərdə tutulan “240 saat ictimai işlərə cəlb etmə” cəzası iki dəfə ağırlaşdırılaraq, 480 saatadək yüksəldildi. Ayrıca, hakimlər üçün həbsdən daha yüngül cəza olan “azadlığın məhdudlaşdırılması” sanksiyasını tətbiq etmə imkanı cəzalar arasından çıxarılaraq,  “480 saat ictimai işlərə cəlb etmə” cəzasından sonrakı cəza kimi birbaşa həbs cəzası saxlanıldı.[6]

Bu addımdan cəmi iki həftə sonra, 14 may 2013-cü ildə yenidən məhz bu maddələr Milli Məclisin gündəmində idi. Bu dəfə cəzalandırılması nəzərdə tutulan hərəkətlərin kateqoriyası genişləndirildi. Daha öncə böhtan və təhqirin KİV-də yayılmasının cəzalandırması nəzərdə tutulurdusa, bu dəfə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatındayayılmanın da cəzalandırmaq üçün əaslardan olduğu müəyyənləşdi.[7] Beləliklə, “internet” bütünlüklə diffamasiyanın cəzalandırıldığı yerlər arasında altı cizilərək göstərildi və əslində sosial şəbəkələrə, online mediaya açıq qorxuducu mesaj göndərildi.

Qanunvericiliyin mövcud vəziyyətinə görə məntiqlə belə bir əlavəyə ehtiyac yox idi.  KİV haqqında Qanunun 3-cü maddəsində anlayışlar hissəsində “kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları;[8] – deməklə, interneti də KİV olaraq göstərdiyi üçün, internetdə şəxslərə qarşı yayılan böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutulmuşdu. Hətta yuxarıda bəhs etdiyimiz Avropa İnsan Hüquqları Məhkəməsinin “Fətullayev-Azərbaycana qarşı” işində görürük ki, Eynulla Fətullayevin ilk həbsi məhz 2007-ci ildə bir internet forumda yazdığı fikirlərə görə baş verib. Deməli, bu dəyişiklik olmadan da internetdə diffamasiyaya görə Azərbaycan məhkəmələri həbs cəzası verə bilirdilər və vermişdilər.

Düşünmək olardı ki, diffamasiyaya görə bütün arzular qanunvericiliyə salınib, artıq hökumət məqsədinə çatıb, qorxuducu müddəalar qanunvericilikdə əksini tapıb və hər hansı manevrə ehtiyac olmayacaq. Lakin 21 Noyabr 2016-cı ildə Milli Məclisin gündəminə gələn[9] və ildırım surəti ilə qanunlaşan yeni layihə göstərdi ki, diffamasiyanın dekriminallaşması vədləri hökumət tərəfindən tamam “unudulub” və gündəmdən çıxarılıb.

İfadə azadlığına görə Cinayət Məcəlləsində olan maddələrin sayı son dəyişikliklə ilə 3-dən 4-ə çıxarıldı və Prezidentin şərəf və ləyaqətini qoruyan 323-cü maddənin dispozisiyası daha da sərtləşdirildi.

Son dəyişikliklə Məcəlləyə əlavə edilən  “İnternet informasiya ehtiyatında saxta istifadəçi” adlı   148-1-ci maddədə böhtan və təhqir bir arada birləşdirildi və bu şəkildə ifadə edildi: İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə”ni cinayət əməli elan etdilər və  min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin ən anlaşılmaz tərəflərindən biri də, nəzərdə tutulan cəza ilə konkret kimin qorumasının qeyri müəyyənliyidir. Cinayət Məcəlləsində daha öncədən mövcud olan 147 və 148-ci maddələrdə konkret “şəxsin” şərəf və ləyaqəti təhqir və böhtandan qorunduğu halda, 148-1-ci maddədə “şəxsin” sözündən istifadə edilməyib. Beləliklə, konkret şəxsə yönəlməyən istənilən təhqir və ya ümumi bəlli qrupa yönələn böhtan cəzalandırıla biləcək. Burda konkret şəxslərin nüfuzunun qorunmasından söhbət getmədiyinə görə hər bir təhqiramiz ifadə cinayət işinin predmetinə çevriləcək.

Maddənin sonuna  bir “qeyd” əlavə edilib. Bu qeyd, ayrıca geniş təhlilin mövzusudur və xüsusi araşdırılma tələb edir. Sosial şəbəkədəki profilində şəxsin adı, soyadı və ya ata adından hər hansı biri şəxsiyyət vəsiqəsində göstərildiyi kimi olmaması, yaxud, anonim saxlanılaraq gizlətməsi və ya təxəllüs ilə göstərilməsi “saxta istifadəçi” elan etmək üçün yetərli olacaq və maddənin tətbiqi dairəsinə düşəcək.

Ümumiyyətlə, anonim mənbənin kimliyinin açıqlanması ciddi hüquqi problem yaradacaq. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında jurnalistlərin anonim mənbələrininn açıqlanması ifadə azadlığının pozuntusu olaraq görülür və yolverilməz hesab edilir. Bizim qanunvericiliyimizdə də anonim mənbənin gizliliyinin qorunması zəruridir. KİV haqqında Qanunun 11-ci maddəsinin 2-ci bəndində informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallarda adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsi” də sayılmışdır.[10] 

Günümüzdə sosial şəbəkələr media üçün geniş mənbə rolu oynayır. Bəzən ciddi korrupsiya faktlarının məhz anonim mənbələr vasitəsi ilə ötürülməsi mümkündür. Xüsusilə ölkədə hər bir şəxsin qorxmadan, öz şəxsiyyətini  identifikasiya edərək bu tip məlumatları ictimailəşdirməsi, yayması ciddi problemdir. Şəxslərin faktları öz şəxsiyyətini gizlətmədən açmaları onların daha sonra müxtəlif təzyiqlərlə, basqılarla üzləşməsi ilə nəticələnə bilər. Yeni tənzimləmə imkan verəcək ki, korrupsiya faktlarında adı çəkilən şəxslər korrupsiya faktlarını mediaya sızdıranları tapıb, cəzalandırmaq üçün bu iddiaları qəsdən “anonim şəxslər tərəfindən atılan böhtan”  kimi xarakterizə edib şikayət versin, həmin şəxslərin müəyyən edilməsi və cəzalandırılması metodundan gen-bol istifadə etsinlər.

Cinayət Məcəlləsinə 148-1 -ci maddəsinin əlavə edilməsi 14 oktyabr 2016-cı il tarixdə, № 334-VQD saylı qanunla Korrupsiyaya qarşı mübarizə haqında Qanuna əlavə edilən 11-2 -ci “ Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” maddəsinin  mahiyyətini aşağı salır. Çünki, bu maddənin 11-2.1-ci bəndində göstərilir ki, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər.”[11] 

Cinayət Məcəlləsinin 148-1-ci maddəsini 147 və 148-ci maddələrindən əsaslı şəkildə fərqləndirən məsələlərdən biri də, bu maddənin xüsusi ittiham qaydasında işləməyib, birbaşa prokuror tərəfindən işlədiləcəyidir. Bu yanaşma hər bir diffamasiya faktına görə cinayət işinin başladılmasını tələb edir. Beləliklə, diffamasiya işlərinin sayı sürətlə artacaq. Çünki, xüsusi ittiham qaydasında şəxslərin özü tərəfindən bu maddələr işlədiləndə son illər il ərzində ortalama cinayət işlərinin sayı onu keçmirdi.

Halbuki, yeni maddə qüvvəyə mindikdən sonra sosial şəbəkədə hər söyüş və təhqir, habelə böhtan kimi görünəcək hər bir hal üçün prokurorluq cinayət işi başlatmalıdır. Çünki, Cinayət Prosesual Məcəlləsinin 46.2-ci maddəsinə əsasən “ Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.[12]

Ölkə əhalisinin 2 milyondan çoxunun  istifadə etdiyi sosial şəbəkələrdən gün ərzində yüzlərlə diffarmativ ifadələr olan statuslar ola bilər. Bu qanun işləsə Prokurorluğun işçi heyəti indikinin 10 misli artırılsa belə qanunun tələbini tam əhatə edə bilməyəcək.

Digər bir problem, sosial şəbəkədə təhqirə və böhtana  yol verən hər hansı ad və soyadın saxta olub-olmamasını ilkin olarak kimin müəyyən edəcəyi məsələsidir. Çünki, bu ad və soyad saxta deyilsə, bu zaman prokurorun araşdırmaq səlahiyyəti yoxdur, təhqir edilən və ya böhtana tuş gələn tərəf bunun üçün özü məhkəmədə xüsusi ittiham qaydasında cinayət işi başlatmalıdır. Əgər ad və soyadın arxasında gerçək şəxs dayanmayıbsa, o zaman prokurorluq devrəyə girməlidir. Bu isə CMP-nin 46.2-ci maddəsi ilə ciddi ziddiyyət təşkil edir.
Bu maddənin ən trajikomik tərəfindən biri də cinayətin yer baxımından tətbiqi problemidir. Cinayət Məcəlləsinin 11-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir”.[13]

Qarşımıza çıxan ən ciddi sual budur: Virtual məkanı Azərbaycan ərazisi hesab edə bilərikmi? Sosial şəbəkələrin əksəriyyəti “com” domenində yerləşir. “Com” domeninin qeydiyyat yeri Azərbaycan yox, ABŞ-dır. Fiziki baxımdan Azərbaycan ərazisində olmayıb, bu şəbəkələrdə olan və Azərbaycan dilində yazan minlərlə istifadəçi var. Onların yazdıqları təhqir və böhtanlar yer baxımından immunitetli olacaq. Çünki, onlar fiziki baxımdan cinayət təqibinə məruz qala bilməyəcək. Yaşadıqları və fəaliyyət göstərdikləri yer ölkə ərazisi deyil.

Ayrıca, domen Azərbaycan domeni olsa belə, statusu yazdığı zaman şəxs Azərbaycanda yox, başqa bir ölkədədirsə və onun həmin yerdə olduğu İP-dən də məlumdursa, o zaman həmin şəxsin Azərbaycan vətəndaşı olması və az domenində olması yenə də ərazi baxımından cinayət yerini Azərbaycan hesab etməyəcək və cəzalanması mümkün olmayacaq. Beləliklə, ölkədən hər hansı bir yerə gedib orda saxta profil açan və elə oradan təhqir və böhtana yol verən şəxs, sonradan ölkəyə gəlsə belə, hadisə zamanı və yeri Azərbaycan olmadığına görə cəzalandırılması hüquqi baxımdan mümkün olmayacaq.

Bir də məsələnin texniki tərəfi var. Bu gün basqıcı sistemlərdə yaşayan insanların identifikasiya edilməsini önləyən müxtəlif anonim brauzerlər mövcuddur. Məsələn, https://www.torproject.org bunlardan biridir. Toru və ya bənzəri sistemləri yükləməklə şəxsin internetə giriş yerini dəyişməsi və İP-sini ölkədən kənarda göstərməsi mümkündür. Faktiki olaraq bütün texniki izlər İP-ni Azərbaycan olaraq göstərməyəcək. Belə bir metoddan istifadə edən şəxsi 148-1-ci maddə ilə cinayət məsuliyyətinə cəlb etmək hüquqi baxımdan mümkün olmayacaq. Çünki, İP məlumatlarına əsasən şəxs CM-nin 11-ci maddəsinin əhatəsinə girməyəcək.

Bütün sadalanan məqamlardan da aydın görünür ki, Cinayət Məcəlləsinə belə bir əlavənin edilməsi, diffamasiyaya görə cəzaların əhatəsinin genişləndirilməsi və sanksiyalarının sərtləşdirilməsi, cinayətin qurbanının mücərrədləşdirilməsi tək bir şeyə hesablanıb: -virtual azadlığı azaltmaq, insanlarda özünü senzuranı gücləndirmək və qorxu mühiti yaradaraq, gerçəkləri aydın ifadə etməkdən, sərt tənqiddən və sərt ifadələrdən çəkindirmək. Bu addımla verilən başqa digər mesaj isə Avropa İnsan Hüquqları Konvensiyasının müəyyən etdiyi çərçivədən sürətlə uzaqlaşmaqda olduğumuzun etirafıdır.



[1] Bu statistika Media Hüququ İnstitunun illik hesabatlarından götürülmüşdür.
[2] 2014-cü ildə Media Hüququ İnstitunin, RATİ-nin fəaliyyəti cinayət işləri açılaraq, dayandırıldığından 2014, 2015 və 2016-cı illərin sistemli hesabatları cəmiyyətə təqdim edilməmişdir. Bu hissədəki məlumatlar şəxsən mediadan toplanna informasiyalardan toplanmışdır.


 

"MEDİA HAQQINDA" YENİ QANUN: JURNALİSTLƏRİ HANSI SÜRPRİZLƏR GÖZLƏYİR? Toplum TV

 Toplum Tv-də Şəmşad Ağanın təqdimatında yeni media qanunu layihəsinin cəmiyyəti gözləyən sürprizlərini müzakirə etdik.



Media qanunu layihəsinin ictimai müzakirəsi

13 Dekabr 2021-ci il tarixdə yeni media qanunu layihəsinin ictimai müzakirəsi aparıldı. Müzakirədə qanun layihəsinin problemlərinə dair müxtəlif fikirlər səsləndi və yekunda mövqe sənədi qəbul edildi.

Müzakirənin tamamını aşağıdakı linkdən izləmək mümkündür.   

https://www.facebook.com/toplumtvbaku/videos/1257198641468301 

Gələn ildən yutub kanallarının Azərbaycanda yayımı bloklana bilər?

  Biz tv-də Qubad İbadoğlunun moderatorluğunda yeni media qanunu layihəsini  geniş müzakirə etdik. 



İndi hakimiyyətin əsas hədəfində internet kanallarıdır

 Kanal 13 internet tv-də Rüfət Muradlı ilə yeni media qanunu layihəsini geniş müzakirə etdik.