Azərbaycan qanunvericiliyndə Diffamasiya məsələləri
Hazırladı: Ələsgər Məmmədli, müstəqil ekspert 25 Yanvar 2017
Azərbaycan Respublikasının Milli Məclisi 2001-ci
ildə Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasıya etdikdən 4 ay sonra 15
Aprel 2002-ci ildən etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin
yuridiksiyasını qəbul etdi. Beləliklə, Azərbaycan məhkəmələrində hüquq və azadlıqlarının qorunmasına cəhd
edib, nail ola bilməyənlərin son çarə olaraq Avropa Məhkəməsinə getmək yolu
açıldı.
Əlbəttə, Avropa məhkəməsi yerli məhkəmə kimi
birbaşa hər hansı pozulan hüququ dərhal bərpa etmir, bir az başqa yol seçir.
Konvensiyada və ona əlavə olaraq imzalanan əlavə Protokollarda qorunması zəruri
olan hüquq və azadlıqların yerli məhkəmələrdə bərpa edilmədiyi qənaətinə gəldiyində
ilkin olaraq, pozuntunu tanıyır və şəxsə maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə
qərar verir. İkincisi, həmin pozuntu əgər hüququ doğru tətbiq etməkdən sonra
ortaya çıxıbsa, o zaman pozuntuya səbəb olan hüquq qaydasının Konvensiyaya
uyğun düzəldilməsini nəzərdə tutur. Üçüncüsü, əgər pozuntu hüququn
qeyri-legitimliyindən yox, qanunsuz tətbiqindən törədilibsə, o zaman həmin
hüquq pozuntusuna yol verib, vətəndaşın hüquq və azadlığına qanunsuz müdaxilə
edən şəxslərin hüquqi məsuliyyətinin müəyyən edilməsi zəruriliyini nəzərdə
tutur. Konvensiyanın 46-cı maddəsinə əsasən Konvensiyanı ratifikasiya edib,
Avropa Məhkəməsinin yuridiksiyasını qəbul edən üzv dövlətlərin məhkəmə qərarını
icra etməkdən başqa manevr imkanı yoxdur.
Ölkəmiz Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etdikdən sonra hökumət müəyyən
öhdəliklərə imza ataraq, bəlli zaman dilimində qanunvericilikdə və praktikada
müsbət islahatlar etməyi üzərinə götürdü. Bunlardan biri də media
qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması idi.
Bir çox Avropa ölkəsinin qanunvericiliyində birbaşa
diffamasiyaya görə cinayət məsuliyyətini qadağan edən norma olmasa da, son illər Konvensiyanın 10-cu maddəsində nəzərdə
tutulan ifadə azadlığına müdaxiləyə əsas verən məhdudlaşdırıcı hallara görə şəxsin
nüfuzuna, şərəf və ləyaqətinə toxunmaya görə şəxslərin cinayət məsuliyyətinə cəlb
edilməsini qəbuledilməz hesab edir. Nifrətli
nitqə görə belə məsuliyyətin müəyyən olunmasında problem görməyən Avropa Məhkəməsi,
şəxsin hüquqları aspektində cinayət məsuliyyətini Konvensiyanın 10-cu maddəsinin
pozuntusu hesab edir. Bu səbəbdəndir ki, bir çox Avropa ölkələri son illər
xüsusi “diffamasiya haqqında qanun” qəbul
edərək, diffamativ ifadələrin mühakimə sistemini dəyişmiş, məhkəmələrin bu məsələdə
spesifik davranmalı olduğuna dair qaydalar gətirmişdir.
Azərbaycan hüquq sistemində müəyyən islahatlar aparılsa
da, Cinayət Məcəlləsində şərəf və ləyaqətin qorunmasını nəzərdə tutan 3 maddəyə
toxunulmadı. Bunlar böhtana görə nəzərdə tutulan 147-ci, təhqirə görə 148-ci və
Prezidentin şərəf və ləyaqətinə görə nəzərdə tutulan 323-cü maddələr idi.
Bu maddələrin qanunvericilikdə olması ona görə
problem kimi media ictimaiyyətini geniş narahat edirdi ki, həmin maddələrin tətbiqinə
tez-tez rast gəlinirdi. 1998-ci ildə rəsmi dövlət senzurasını ləğv edən o
zamankı Prezident Heydər Əliyev, 2002-ci ilədək difamasiyaya görə məmurların
jurnalistlərə qarşı məhkəmə iddiaları qaldırmasını rəsmi bəyanı ilə
dayandırmışdı. O dövrdə bu maddələrin tətbiqinə seyrək rast gəlinirdi. Məhkəmələrə
müraciət edən azsaylı şəxslər isə rəsmi
dövlət qulluqçuları, məmurlar, hökumət təmsilçiləri deyildi. 2004-cü ildən
sonrakı statistikaya baxdıqda bu mənzərənin sürətlə dəyişdiyi görülür.
2005-ci ildə 6 cinayət işi olmaqla cəmi 14
diffamasiya işi olduğu halda, 2006-cı ildə bu rəqəm 12-29, 2007-ci ildə 37-103,
2008-də 38-63, 2009-da 31-70, 2010-da 31-71, 2011-də 8-41, 2012-də 10-41 nisbətlərində
oldu. 2005-2012-ci ilərdəki statistikaya əsasən diffamasiya işlərinin cəmi 441
olmuş, bunlardan da 173-ü birbaşa Cinayət Məcəlləsinin tətbiqi iddiaları
olmuşdur.[1]
2013-cü ildə mediaya qarşı böhtana, təhqirə,
şəxsi həyat məzmunlu informasiyaların yayılmasına görə 36 məhkəmə iddiası
(şikayəti) qaldırılıb. İddiaların 32-si mülki qaydada, 4-ü xüsusi ittiham
qaydasında cinayət məsuliyyətinə cəlbetmə ilə bağlı olub. Həmin işlərdə
iddiaçılar cavabdehlərdən cərimə, təkzib və üzr istənilməsini tələb ediblər.
Yalnız bir işdə (Səbail rayon İcra Hakimiyyəti “Yeni Müsavat” qəzetinə qarşı)
cavabdehdən təkzib verilməsi tələb olunub. İddiaçılar mediyadan, jurnalistlərdən
mənəvi zərər əvəzi olaraq 4 240 000 (dörd milyon qırx min) AZN-dən artıq təzminat
istəyiblər. Bu iddialar üzrə medianın, jurnalistlərin üzərinə 125 min AZN-dən
artıq təzminat ödəmə yükü qoyulub.
2014-cü ildə diffamasiya iddialarının sayı,
mediadan tələb olunan təzminatların məbləği əvvəlki illə müqayisədə xeyli
artıb. Həmin il məmurlar, digər ictimai fiqurlar, özəl qurumlar şərəf və ləyaqətin,
işgüzar nüfuzun müdafiəsi ilə bağlı medianı azı 59 dəfə məhkəməyə veriblər. Məhkəməyə
çəkilən qəzetlər tənqidi məzmunu ilə tanınan “Azadlıq”, “Yeni Müsavat”, “Gündəm
Xəbər” qəzetləri, xəbər saytları və sosial şəbəkə fəalları olublar. Mediadan
ümumilikdə 2,5 milyon AZN-dən artıq təzminat tələb edilib. Məhkəmə baxışı
keçirilən işlər üzrə iddiaların əksəriyyəti təmin olunub. Medianın üzərinə 180
000 AZN-dən artıq cərimə yükü qoyulub. Mediaya qarşı qaldırılan 59 iddiadan
11-i xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb etməyə dair olub. Məhkəmələr
həmin şikayətləri təmin etməyiblər.
2015-ci
ilin ən yaddaqalan işlərindən biri Access Bank-ın keçmiş işçisi Mikayıl Talıbovun Facebook sosial şəbəkəsində
yazdığı statusuna görə cəzalandırılması oldu. Həmin il maddi baxımdan ən ağır məhkəmə qərarı “Yeni Müsavat” qəzetinə
qarşı çıxarılıb. Məhkəmə qəzetdən 1 milyon AZN tələb edən “Gilan” Qəbələ
Konserv Zavodunun iddiasını qismən təmin edərək “Yeni Müsavat”ın üzərinə
iddiaçıya 50 min AZN cərimə ödəmək vəzifəsi qoyub. 2015-ci il birbaşa
diffamasiyaya görə göstərilməsə də 17 jurnalist-bloger həbsdə olub, 1
jurnalist-Rasim Əliyev isə öldürülüb.[2] Ümumilikdə, 2015-ci ildə
daha diffamasiyaya görə məhkəmə çəkişmələrinin çox olduğu illərdən olub.
2016-cı
ildə çoxsaylı mükli diffamasiya iddiaları ilə yanaşı, cinayət təqibi istəyi ilə
6 şəxsə cinayət iddiası qaldırılıb. Professor,
jurnalist, Qulu Məhərrəmli, Bloger- Mehman Hüseynov, yazıçı - Əkrəm Əylisli,
jurnalist, “Yüksəliş naminə” qəzetinin redaktor müavini - Elçin Həsənov,
jurnalist, “AzPolitika.info” saytının rəhbəri - Elnur Məhərrəmli və “Gündəm Xəbər”
qəzetinin təsisçisi - Şirin Cəfəri müxtəlif
ittihamlar əsasında, saxta, əsassız olduğu iddia edilən cinayət təqiblərinə məruz
qalıb,onlar barəsində müxtəlif cinayət-prosessual məhdudiyyət tədbirləri həyata
keçirilib.
Ümumiyyətlə
diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutulan maddələrin tətbiqinə görə
Azərbaycan tərəfinin ilk “başağrısı” 2007-ci ildə yarandı. Avropa Məhkəməsi “Mahmudov, Ağazadə - Azərbaycana qarşı”[3] - işində Konvensiyanın
10-cu maddəsinin pozulduğu qərarını verdi. Buna səbəb 2003-cü ildə o zamankı
prezident Heydər Əliyevin qardaşı, deputat Cəlal Əliyevin şərəf və ləyaqətini
qoruyan Azərbaycan məhkəməsi “Müxalifət qəzeti”nin baş redaktoru Rövşən
Mahmudov və Yaşar Ağazadəni CM 147 və 148-ci maddələri ilə suçlu elan edərək, həbs
cəzası verməsi idi. Hər iki jurnalist bu cəzanı çəkməyib, məhkəmə salonundan
amnistiyaya düşmələrinə baxmayaraq,
Avropa Məhkəməsinin mövqeyi barışmaz olmuşdu.
Hökumət zərərçəkənlərə
kompensasiya versə də qanunvericilikdə hər hansı müsbət dəyişiklik etməyə,
yaxud cinayət məsuliyyətinə cəlb etməyə moratorium qoymağa tələsmədi. Halbuki,
hökumət məhz 2007-ci ildə Avropada 11 jurnalist və blogeri həbsə atmaqla lider
mövqeyinə çıxmışdı. Həmin il 37-si cinayət məcəlləsinin müvafiq böhtan və təhqirə
görə məsuliyyət müəyyən edən maddələri olmaqla, mülki işlər də daxil olmaqla cəmi
diffamasiyaya görə 108 məhkəmə işi olmuşdu.
2010-cu ildə
səsli-küylü daha bir qərar ölkə əleyhinə verildi. Bu əvvəlkindən daha sərt və tələbləri
də Avropa Məhkəmə təcrübəsində daha öncələri sıx tətbiq edilməyən bir tonda
idi. Məhkum edilən və həbsdə saxlanan “Gündəlik Azərbaycan” və “Realnoe
Azerbaidjana” qəzetlərinin baş redaktoru, jurnalist Eynulla Fətullayevin dərhal
azadlığı tələb olunurdu. Söhbət “Fətullayev-Azərbaycana qarşı”[4]- işindən gedir. Eynulla Fətullayevi
həbsə aparan cəzalar təkrar Konvensiyanın 10-cu maddəsində qoruma altında olan
ifadə azadlığına qəsd kimi təfsir edildi. Cəmi 3 ildən sonra Avropa Məhkəməsi tərəfindən
yenidən və daha sərt tonda bu qərarın gəlməsinin bir səbəbi də 2009 və 2010-cu
illərdə jurnalistlərə qarşı diffamasiyaya görə ardıcıl olaraq 70 və 71 məhkəmə
işinin başladılması olmuşdu. Bu iki il ərzində hər il 31 olmaqla 62 iş birbaşa
xüsusi ittiham qaydasında başladılan cinayət işi olmuşdur.
Avropa
İnsan Hüquqları Məhkəməsinin Fətullayev-Azərbaycana qarşı işindəki qərarının
ardından bu dəfə kompensasiya ilə bərabər jurnalistin azadlığa buraxılması tələbi
də icra edildi.
Qanunvericilikdə
belə bir hüquqi səlahiyyət və yol olmasa da böhtan və təhqirə görə CM-nin 147 və
148-ci maddələrinə jurnalistlərin həbs edilməsinə qarşı ölkə Prezidenti tərəfindən
2010-cu ildə moratorium qoyulduğu bəyan edildi. Bunun da təsiri ilə
diffamasiyaya görə 2011-ci ildə cinayət işlərinin sayı 31-dən 8-dək aşağı endi.
Hətta toplumda müsbət bir gözlənti də yarandı. Media sahəsində fəaliyyət göstərən
ictimai institutların Diffamasiya haqqında Qanun layihələri təşəbbüsləri,
ictimai vəkillik kampaniyaları artdı. Media Hüququı İnstitutu, Yeni Nəsil
Jurnalistlər Birliyi kimi Media sahəsində ixtisaslaşan qurumlarla bərabər, Mətbuat
Şurası da bu istiqamətdə layihələr hazırladı və ictimai müzakirələrə çıxardı.
ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə
Mətbuat Şurasının hazırladığı “Diffamasiya haqqında Qanun” layihəsi hətta
Milli Məclisə təqdim edildi.
27
dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında” № 1938 saylı Sərəncam imzaladı.
Prezidentin imzaladığı Sərəncamın 1.2.7-ci bəndində[5] Diffamasiyaya
görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə
dair təkliflərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına tapşırılır və 2012-ci ildə icra edilməli olduğu
vurğulanırdı.
2012-ci il başa çatanda təəssüf ki, diffamasiyanın
dekriminallaşması gözləntiləri reallaşmadı. 30 aprel 2013-cü ildə Avropa Məhkəməsi
qərarlarının icrası gözləntilərinin və digər bütün öhdəliklərin əslində “boş vədlər”
olduğu bəlli oldu. Həmin tarixdə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin
Məcəllədən çıxarılması gözləndiyi halda Prezident Administrasiyasından əks həmlə
gəldi. Yeni qanun layihəsi ilə bu maddələrin dispozisiyası daha da sərtləşdirildi.
Cərimədən sonrakı sanksiya kimi nəzərdə tutulan “240 saat ictimai işlərə cəlb etmə” cəzası iki dəfə
ağırlaşdırılaraq, 480 saatadək yüksəldildi. Ayrıca, hakimlər üçün həbsdən daha
yüngül cəza olan “azadlığın məhdudlaşdırılması” sanksiyasını tətbiq etmə imkanı
cəzalar arasından çıxarılaraq, “480 saat ictimai işlərə cəlb etmə” cəzasından
sonrakı cəza kimi birbaşa həbs cəzası saxlanıldı.[6]
Bu addımdan cəmi iki həftə sonra, 14 may 2013-cü
ildə yenidən məhz bu maddələr Milli Məclisin gündəmində idi. Bu dəfə cəzalandırılması
nəzərdə tutulan hərəkətlərin kateqoriyası genişləndirildi. Daha öncə böhtan və
təhqirin KİV-də yayılmasının cəzalandırması nəzərdə tutulurdusa, bu dəfə “kütləvi
nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” yayılmanın da cəzalandırmaq üçün əaslardan olduğu müəyyənləşdi.[7] Beləliklə, “internet” bütünlüklə
diffamasiyanın cəzalandırıldığı yerlər arasında altı cizilərək göstərildi və əslində
sosial şəbəkələrə, online mediaya açıq qorxuducu mesaj göndərildi.
Qanunvericiliyin
mövcud vəziyyətinə görə məntiqlə belə bir əlavəyə ehtiyac yox idi. KİV haqqında Qanunun 3-cü maddəsində
anlayışlar hissəsində “kütləvi informasiya
vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları,
informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım
formaları;”[8] – deməklə, interneti də KİV olaraq göstərdiyi
üçün, internetdə şəxslərə qarşı yayılan böhtan və təhqirə görə məsuliyyət nəzərdə
tutulmuşdu. Hətta yuxarıda bəhs etdiyimiz Avropa İnsan Hüquqları Məhkəməsinin
“Fətullayev-Azərbaycana qarşı” işində görürük ki, Eynulla Fətullayevin ilk həbsi
məhz 2007-ci ildə bir internet forumda yazdığı fikirlərə görə baş verib. Deməli,
bu dəyişiklik olmadan da internetdə diffamasiyaya görə Azərbaycan məhkəmələri həbs
cəzası verə bilirdilər və vermişdilər.
Düşünmək
olardı ki, diffamasiyaya görə bütün arzular qanunvericiliyə salınib, artıq
hökumət məqsədinə çatıb, qorxuducu müddəalar qanunvericilikdə əksini tapıb və hər
hansı manevrə ehtiyac olmayacaq. Lakin 21 Noyabr 2016-cı ildə Milli Məclisin
gündəminə gələn[9] və ildırım surəti ilə qanunlaşan yeni
layihə göstərdi ki, diffamasiyanın dekriminallaşması vədləri hökumət tərəfindən
tamam “unudulub” və gündəmdən çıxarılıb.
İfadə
azadlığına görə Cinayət Məcəlləsində olan maddələrin sayı son dəyişikliklə ilə
3-dən 4-ə çıxarıldı və Prezidentin şərəf və ləyaqətini qoruyan 323-cü maddənin
dispozisiyası daha da sərtləşdirildi.
Son dəyişikliklə
Məcəlləyə əlavə edilən “İnternet informasiya ehtiyatında saxta istifadəçi” adlı 148-1-ci maddədə
böhtan və təhqir bir arada birləşdirildi və bu şəkildə ifadə edildi: “İnternet
informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan
istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə”ni
cinayət əməli elan etdilər və min manatdan min beş yüz manatadək
miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə
ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin ən anlaşılmaz tərəflərindən
biri də, nəzərdə tutulan cəza ilə konkret kimin qorumasının qeyri müəyyənliyidir.
Cinayət Məcəlləsində daha öncədən mövcud olan 147 və 148-ci maddələrdə konkret
“şəxsin” şərəf və ləyaqəti təhqir və böhtandan qorunduğu halda, 148-1-ci maddədə
“şəxsin” sözündən istifadə edilməyib. Beləliklə, konkret şəxsə yönəlməyən istənilən
təhqir və ya ümumi bəlli qrupa yönələn böhtan cəzalandırıla biləcək. Burda
konkret şəxslərin nüfuzunun qorunmasından söhbət getmədiyinə görə hər bir təhqiramiz
ifadə cinayət işinin predmetinə çevriləcək.
Maddənin sonuna bir “qeyd”
əlavə edilib. Bu qeyd, ayrıca geniş təhlilin mövzusudur və xüsusi araşdırılma tələb
edir. Sosial şəbəkədəki profilində şəxsin adı, soyadı və ya ata adından hər
hansı biri şəxsiyyət vəsiqəsində göstərildiyi kimi olmaması, yaxud, anonim
saxlanılaraq gizlətməsi və ya təxəllüs ilə göstərilməsi “saxta istifadəçi” elan
etmək üçün yetərli olacaq və maddənin tətbiqi dairəsinə düşəcək.
Ümumiyyətlə, anonim mənbənin kimliyinin
açıqlanması ciddi hüquqi problem yaradacaq. Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarlarında jurnalistlərin anonim mənbələrininn açıqlanması ifadə azadlığının
pozuntusu olaraq görülür və yolverilməz hesab edilir. Bizim qanunvericiliyimizdə
də anonim mənbənin gizliliyinin qorunması zəruridir. KİV haqqında Qanunun 11-ci
maddəsinin 2-ci bəndində informasiya mənbəyinin açıqlanmasına yol verilməyən
xüsusi hallarda “adının bildirilməməsi şərtilə məlumat vermiş
şəxsin kimliyini göstərməsi” də sayılmışdır.[10]
Günümüzdə sosial şəbəkələr media üçün
geniş mənbə rolu oynayır. Bəzən ciddi korrupsiya faktlarının məhz anonim mənbələr
vasitəsi ilə ötürülməsi mümkündür. Xüsusilə ölkədə hər bir şəxsin qorxmadan, öz
şəxsiyyətini identifikasiya edərək bu
tip məlumatları ictimailəşdirməsi, yayması ciddi problemdir. Şəxslərin faktları
öz şəxsiyyətini gizlətmədən açmaları onların daha sonra müxtəlif təzyiqlərlə,
basqılarla üzləşməsi ilə nəticələnə bilər. Yeni tənzimləmə imkan verəcək ki,
korrupsiya faktlarında adı çəkilən şəxslər korrupsiya faktlarını mediaya
sızdıranları tapıb, cəzalandırmaq üçün bu iddiaları qəsdən “anonim şəxslər tərəfindən atılan böhtan” kimi xarakterizə edib şikayət versin, həmin şəxslərin
müəyyən edilməsi və cəzalandırılması metodundan gen-bol istifadə etsinlər.
Cinayət Məcəlləsinə 148-1 -ci maddəsinin əlavə
edilməsi 14 oktyabr 2016-cı il tarixdə, № 334-VQD saylı qanunla
Korrupsiyaya qarşı mübarizə haqında Qanuna əlavə edilən 11-2 -ci “ Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət
müdafiəsi” maddəsinin mahiyyətini aşağı salır. Çünki, bu maddənin
11-2.1-ci bəndində göstərilir ki, “Korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın
açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və
ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış
orqanlar onun konfidensiallığını təmin etməlidirlər.”[11]
Cinayət Məcəlləsinin 148-1-ci maddəsini
147 və 148-ci maddələrindən əsaslı şəkildə fərqləndirən məsələlərdən biri də,
bu maddənin xüsusi ittiham qaydasında işləməyib, birbaşa prokuror tərəfindən
işlədiləcəyidir. Bu yanaşma hər bir diffamasiya faktına görə cinayət işinin
başladılmasını tələb edir. Beləliklə, diffamasiya işlərinin sayı sürətlə
artacaq. Çünki, xüsusi ittiham qaydasında şəxslərin özü tərəfindən bu maddələr
işlədiləndə son illər il ərzində ortalama cinayət işlərinin sayı onu keçmirdi.
Halbuki, yeni maddə qüvvəyə
mindikdən sonra sosial şəbəkədə hər söyüş və təhqir, habelə böhtan kimi görünəcək
hər bir hal üçün prokurorluq cinayət işi başlatmalıdır. Çünki, Cinayət
Prosesual Məcəlləsinin 46.2-ci maddəsinə əsasən “ Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan
cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli
şəxsin) və ya kütləvi informasiya vasitəsinin
məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən
bilavasitə aşkar edilməsi ola bilər.[12]
Ölkə əhalisinin 2 milyondan
çoxunun istifadə etdiyi sosial şəbəkələrdən
gün ərzində yüzlərlə diffarmativ ifadələr olan statuslar ola bilər. Bu qanun
işləsə Prokurorluğun işçi heyəti indikinin 10 misli artırılsa belə qanunun tələbini
tam əhatə edə bilməyəcək.
Digər bir problem, sosial şəbəkədə təhqirə
və böhtana yol verən hər hansı ad və
soyadın saxta olub-olmamasını ilkin olarak kimin müəyyən edəcəyi məsələsidir.
Çünki, bu ad və soyad saxta deyilsə, bu zaman prokurorun araşdırmaq səlahiyyəti
yoxdur, təhqir edilən və ya böhtana tuş gələn tərəf bunun üçün özü məhkəmədə
xüsusi ittiham qaydasında cinayət işi başlatmalıdır. Əgər ad və soyadın
arxasında gerçək şəxs dayanmayıbsa, o zaman prokurorluq devrəyə girməlidir. Bu
isə CMP-nin 46.2-ci maddəsi ilə ciddi ziddiyyət təşkil edir.
Bu maddənin ən trajikomik tərəfindən biri də cinayətin yer baxımından
tətbiqi problemidir. Cinayət Məcəlləsinin 11-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində cinayət
törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir”.[13]
Qarşımıza çıxan ən ciddi sual budur:
Virtual məkanı Azərbaycan ərazisi hesab edə bilərikmi? Sosial şəbəkələrin əksəriyyəti
“com” domenində yerləşir. “Com” domeninin qeydiyyat yeri Azərbaycan yox,
ABŞ-dır. Fiziki baxımdan Azərbaycan ərazisində olmayıb, bu şəbəkələrdə olan və
Azərbaycan dilində yazan minlərlə istifadəçi var. Onların yazdıqları təhqir və
böhtanlar yer baxımından immunitetli olacaq. Çünki, onlar fiziki baxımdan cinayət
təqibinə məruz qala bilməyəcək. Yaşadıqları və fəaliyyət göstərdikləri yer ölkə
ərazisi deyil.
Ayrıca, domen Azərbaycan domeni olsa
belə, statusu yazdığı zaman şəxs Azərbaycanda yox, başqa bir ölkədədirsə və
onun həmin yerdə olduğu İP-dən də məlumdursa, o zaman həmin şəxsin Azərbaycan vətəndaşı
olması və az domenində olması yenə də ərazi baxımından cinayət yerini Azərbaycan
hesab etməyəcək və cəzalanması mümkün olmayacaq. Beləliklə, ölkədən hər hansı
bir yerə gedib orda saxta profil açan və elə oradan təhqir və böhtana yol verən
şəxs, sonradan ölkəyə gəlsə belə, hadisə zamanı və yeri Azərbaycan olmadığına
görə cəzalandırılması hüquqi baxımdan mümkün olmayacaq.
Bir də məsələnin texniki tərəfi var. Bu
gün basqıcı sistemlərdə yaşayan insanların identifikasiya edilməsini önləyən
müxtəlif anonim brauzerlər mövcuddur. Məsələn, https://www.torproject.org bunlardan biridir. Toru və ya bənzəri sistemləri yükləməklə şəxsin
internetə giriş yerini dəyişməsi və İP-sini ölkədən kənarda göstərməsi
mümkündür. Faktiki olaraq bütün texniki izlər İP-ni Azərbaycan olaraq göstərməyəcək.
Belə bir metoddan istifadə edən şəxsi 148-1-ci maddə ilə cinayət məsuliyyətinə
cəlb etmək hüquqi baxımdan mümkün olmayacaq. Çünki, İP məlumatlarına əsasən şəxs
CM-nin 11-ci maddəsinin əhatəsinə girməyəcək.
Bütün sadalanan məqamlardan da aydın
görünür ki, Cinayət Məcəlləsinə belə bir əlavənin edilməsi, diffamasiyaya görə
cəzaların əhatəsinin genişləndirilməsi və sanksiyalarının sərtləşdirilməsi,
cinayətin qurbanının mücərrədləşdirilməsi tək bir şeyə hesablanıb: -virtual
azadlığı azaltmaq, insanlarda özünü senzuranı gücləndirmək və qorxu mühiti
yaradaraq, gerçəkləri aydın ifadə etməkdən, sərt tənqiddən və sərt ifadələrdən
çəkindirmək. Bu addımla verilən başqa digər mesaj isə Avropa İnsan Hüquqları
Konvensiyasının müəyyən etdiyi çərçivədən sürətlə uzaqlaşmaqda olduğumuzun
etirafıdır.
[2]
2014-cü ildə Media Hüququ İnstitunin, RATİ-nin fəaliyyəti cinayət işləri
açılaraq, dayandırıldığından 2014, 2015 və 2016-cı illərin sistemli hesabatları
cəmiyyətə təqdim edilməmişdir. Bu hissədəki məlumatlar şəxsən mediadan toplanna
informasiyalardan toplanmışdır.
Hiç yorum yok:
Yorum Gönder