26 Nisan 2017 Çarşamba

Prezident Administrasiyası ləğv olundu mu?

Dünən (25 aprel 2017) Milli Məclis Dövlət qulluğu haqqında Qanuna dəyişiklik etdi. Vəzifələrin təsnifatını tənzimləyən normalardan "Prezident Administrasiyası" sözü çıxarılaraq, Prezidentin fəaliyyətini tənzimləyən orqan kimi dəyişdirildi və onunla eyni statusda yeni vəzifələr yaradıldı.  İlk baxışdan bunu son Konstitusiya dəyişikliyindən sonrakı normal prosedur kimi təqdim etmək olardı. Lakin dərin araşdırdıqda xeyli problemli məqamlar ortaya çıxır.

Image result for Qanunvericilik       Konstitusiyanın 109 cu maddəsinin 13-cü bəndində Prezidentin səlahiyyətlərindən biri də  “13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;”- cümləsi ilə göstərilib.
Burada “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını” sözü böyük hərflərlə göstərildiyinə görə xüsusi isim kimi qəbul edilir və konkret qurumdan bəhs edildiyi anlaşılır. Əgər administrasiyası sadəcə idarəetmə anlayışı kimi nəzərdə tutulsa idi,  bu söz xırda hərflərlə yazılar və ümumi isim kimi göstərilərdi.  Ümumi isim kimi nəzərdə tutulsa Prezidentin müstəsna səlahiyyəti kimi bu qurumu özünün qəbul etdiyi Yerli İcra hakimiyyəti haqqında Əsasnamədə istədiyi kimi adlandırma səlahiyyəti olardı. Təsadüfi deyil ki, 2009-cu il mart referendumuna qədər bu anlayış “İcra Aparatı" formasında Konstitusiyada mövcud idi və məhz buna görə Prezidentin fəaliyyətini tənzimləyən orqan o zaman “Prezidentin İcra Aparatı” adlanırdı. Həmin qurum referendumdan sonra adını “Prezident Administrasiyası” olaraq dəyişdi.
Bunu vurğulamaqda məqsədim, Konstitusiyada mövcud olan bir qurumun adının istər İcranın başı kimi Prezidentin aktlarında, istərsə də hakimiyyətin digər qolu Milli Məclisin qəbul etdiyi sənədlərdə (qanunlarda) olduğu kimi istifadəsi zəruridir. Çünki bu qurum konstitusion qurum halına gətirilib.

Image result for dövlət gerbi              İkinci diqqət çəkən məqam, Prezident tərəfindən vitse-prezidentin səlahiyyətlərinin çərçivəsini açıq şəkildə müəyyən edən sənəd qəbul edilmədən, yəni Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə bu istiqamətdə hər hansı düzəliş, dəyişiklik yaxud əlavə edilmədən, Milli Məclisin Dövlət qulluğu haqqında Qanunda vəzifə təsnifatı bölməsində yeni vəzifələr əlavə etməsi və mövcud Əsasnamədəki vəzifənin adını dəyişdirməsidir.
Mövcud Konstitusiya buna yol vermir. Çünki,   7-ci maddənin son cümləsi: “- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;”- deyir və 99-cü maddədə bir daha  “Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur”- deyərək prinsipi norma halına gətirir.
93 cü maddənin 4-cü bəndi: “ IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.”- norması ilə hakimiyyət bölgüsü çərçivəsində səlahiyyətlərin ayrıldığını vurğulayır.
Prezidentin səlahiyyətlərinin geniş formada göstərildiyi 109-cu maddədə 7-ci bənddə aydın göstərir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yaratma” səlahiyyəti Prezidentin müstəsna səlahiyyətindədir və yaradılan orqanların səlahiyyətlərini də 124-cü maddənin 3-cü bəndində göstərildiyi kimi “124 III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
      İndi yaranan hüquqi durum belədir:
Image result for milli məclisMilli Məclis Prezidentin səlahiyyətlərinə müdaxilə edərək Prezident tərəfindən yaradılmalı olan lakin,  hələlik yaradılmayan bir qurumun vəzifələrini yaradıb və hətta Dövlət qulluğu haqqında Qanunda təsnifata salıb.  (Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,  Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini) .
 Halbuki, http://www.e-qanun.az/framework/23701 bu linkdə də görə bilrəsiz ki, hazırda qüvvədə olan Əsasnamədə belə vəzifələr yoxdur və bunlar yaradılmadan Qanundakı təsnifata salınmamalıdır. Deməli, Milli Məclis Konstitusiyada prezidentə məxsus səlahiyyətlərə qanunsuz müdaxilə edib.
Eyni zamanda Prezident Administrasiyası sözünün Əsasnamədən çıxarılmadan, Qanundan çıxarılması da eyni səviyyədə hüquq pozuntusudur.    

 Yekunda bir məqamı da vurğulamaq istərdim.













Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə  görə yuxarıda bəhs etdiyin Əsasnamə fərmanla qəbul edildiyinə görə normativ hüquqi akt hesab olunur. Ona olna dəyişikliklər 85.2-ci maddəyə əsasən “Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir”. Yəni kimsə deməməlidir ki, hansısa sənəd mövcuddur lakin yayılmayıb, yaxud sistemdə yoxdur.   

16 Nisan 2017 Pazar

Türkiyədə Referendum sürəci

Image result for TC anayasası

Bu gün Türkiyədə Referendum keçirilir və böyük ehtimalla axşam nəticə Başkanlıq sisteminin gəlməsi ilə yekunlaşacaq. 

Mən Türkiyədəki bu sistem dəyişikliyini mediada bir dəfə qiymətləndirməm xaricində burda dəyərləndirmədim. Çünki, bu sistem dəyişikliyi nəticədə birbaşa bizə təsiri olan bir dəyişiklik deyil, Türkiyənin, türkiyə vətəndaşlarının tərcihidir. 
Mənim diqqətimi çəkən bu oldu ki, Azərbaycanda böyük bir sosial şəbəkə istifadəçisi günlərlə bu məsələni öz gündəmlərində saxladılar və hətta şişirtmədən deməliyəm ki 26 Sentyabr 2016-cı il bizim Konstitusiyamıza gətirilən dəyişikliklər heç də Türkiyədəkindən az mübahisə yaradan dəyişikliklər olmasa da, həmin insanlar konkret əməl etməli olduqları normaların dəyişməsinə bu qədər diqqət ayırmadılar. 
Şəxsi qənaətimi deyim ki, Türkiyədə “Evet” və ya “Hayır” çıxmasından asılı olmayaraq, ciddi bir dəyişim olmayacaq. Çünki, son 15 ildə Türkiyədə Hakimiyyət birliyi mövcuddur və mütləq siyasi söz sahibi Erdoğandır. Sistemin dəyişməsi Erdoğanın onsuz da de- fakto mütləq istifadə etdiyi səlahiyyətləri de-jure ona vermiş olacaq. Beləliklə, hazırda siyasi məsuliyyəti olmadığı halda istifadə etdiyi səlahiyyətlərə görə bundan sonra siyasi məsuliyyət də gündəmə gələcək.
Türkiyə ilə bağlı bizim toplumda bəzi bilgilər dərin deyil. Əslində Türkiyədə hakimiyyət bölgüsü klassik mənada demək olar ki olmayıb. Hakimiyyət əsasən parlamentdəki çoxluqda toplanıb və onlar həm qanun çıxarıb, həm də qurduqları hökumətlə çıxardıqları qanunları icra ediblər. Hakimiyyətə hakimiyyət qolları arası nəzarət yox, məclis daxili siyasi müxalif partiya nəzarəti olub. Bu da hər zaman dişsiz və zəif olub. 
Digər məsələ budur ki, Türkiyədə Anayasanı heç vaxt xalq sözün həqiqi mənasında müzakirə edərək, qəbul etməyib. Onu həmişə siyasi iradə diktə edib.1921 və 1924-cü il Konstitusiyalarını TBMM qəbul edib. 1924 Anayasası 1960-cı il hərbi çevrilişə qədər qüvvədə olub. 1960 hərbi cunta bir komissiya qurub və onlara Anayasa hazırladıb. Həmin Anayasa 1980 çevrilişinə qədər qüvvədə qalıb. Yenə hərbi rejim bu dəfə başqa bir komissiyaya Anayasa hazırladıb və fövqəladə vəziyyət rejimində 1982-də səsverməyə çıxararaq “90% -dən çox səslə” qəbul edib. Yəni bu prosedur Erdoğana qədər də məsum bir proses olmayıb. 
Image result for atatürk zamanı tbmm Atatürkün zamanında ilk 1921 Anayasasında hakimiyyətin hər üç qolunun səlahiyyətləri Məclisdə Birləşmiş, 1924 Anayasasında Məhkəmə ayrılaraq, qanunverici və icra səlahiyyəti Yenə Məclisdə qalmışdır. Bu həm də çoxluqda olan siyasi gücün hakimiyyət qollarına nəzarəti demək idi. 
1961-ci il 9 iyul referendumu bu günkü referendum sürəcinə çox bənzəyir. Hərbi çevrilişi edən tərəf və onun başında duran Camal Gürsəl “Evet” kampaniyasını aparmış, İndiki MHP-nin keçmişi olan “Cumhuriyetçi Köylü Millet Partisi” və CHP onu dəstəkləmiş, bütün dövlət qurumları “Evet” üçün səfərbər olmuşdur. 

Image result for mendresin edamı
Edam edilən Menderesin Demokrat partiyasınə bağlı olanlar “Hayır” kampaniyasına dəstək vermişdir. Referendum öncəsi hər iki tərəf üçün hüquqi baxımdan təşviqat sərbəst olsa da, praktik olaraq “Hayır”çılara fəaliyyət imkanı verilməmişdir. Nəticədə, 38,3 % “Hayır” səsinə qarşı 61,7% səslə referendumla yeni Anayasa qəbul edilmişdir. “Hayırda hayır vardır” deyimi məhz o zaman Demokrat partiyanın mənsubları tərəfindən səslənmişdir.
Related image1982-ci il Anayasanının qəbul edildiyi 7 noyabr Referendumu da təxminən eyni senari ilə baş tutub. Öncə Kənan Evren hərbi çevrliş edərək hakimiyyəti mənimsəyib, sonra bir Anayasa yazdıraraq onu səsverməyə təqdim edib. Üstəlik özünün Prezidentliyini də bu referendumda xalqa təsdiqlədib. Nəticədə 91% səslə bu sənəd Anayasaya çevrilib. 

Image result for siyasi yasaklılarAyrıca, bilməliyik ki, Türkiyənin 1924 Konstitusiyasında “Dövlətin dini islamdır” ifadəsi vardı. 1928-də TBMM bunu çıxardı və Atatürkün ölümündən bir il öncə 1937-də “Layiklik” (dünyəvilik) prinsipi yenə TBMM tərəfindən Anayasaya əlavə edildi. 
Bunları xatırlatmaqda məqsədim tarixi proseslərin işığında güncəl olaya baxmaqdır. 
1938-də başlayan “Milli Şef” siyasi iradəsi 1950-də ilk demokratik seçkilərlə kəsildi. Adnan Menderes siyasi rüzgarını 1960 hərbi çevrilişi kəsdi və Camal Gürsəllərin iradəsi 1970-lərdə bu dəfə Menderes gələnəyinin davamçıları o cümlədən Dəmirəlin yüksəlməsi ilə kəsildi. 
Bu trendi yenə 1980 hərbi çevrilişi dayandırdı. Demokratların davamı olan siyasilərə siyasi yasaqlar gəldi amma 1990-lardan sonra siyasi yasaqlar qalxan kimi yenidən bu trend geri döndü və 2002-də Erdoğanla təkrar yüksəlişini sürdürdü. 2016 hərbi çevrilişin baş tutmaması Erdoğanin siyasi məqsədlərini reallaşdırmaq fürsəti verdi. 
Bu gün keçirilən referenduma bir də bu baxış bucağından baxmada fayda olduğunu düşünürəm.

8 Nisan 2017 Cumartesi

Hərbi vəziyyət haqqında Qanun Konstitusiyaya zidd qəbul edildi

14 Fevral 2017-ci il tarixdə Milli Məclisdə demək olar ki müzakirəsiz qəbul edilən Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu Aprelin 5-də imzalanaraq, qüvvəyə minib.


Bu Qanun qəbul edilmədən öncə layihəyə də münasibət bildirmiş, Konstitusiyaya zidd məqamların olduğunu demişdim. Təəssüf ki, Qanun bu ziddiyyət aradan qaldırılmadan qəbul edildi.
Konstitusiyanın 50-ci maddəsi heç bir istisnasız birmənalı senzuranı qadağan edir:
Maddə 50
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
"Qəbul edilən Qanun isə hərbi senzura anlayışını qanuna gətirir və hərbi vəziyyət rejimində senzura tətbiq ediləcəyini göstərir:
1.0.3. hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışmaya, televiziya və radio yayımına, telefon və radio danışıqlarına, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə verilən məlumatlara nəzarətin həyata keçirilməsi;
Maddə 10. Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər
10.1.22. kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;"
Qeyd edim ki, senzura Konstitusiyanın 50-ci maddəsində açıq şəkildə qadağan edildiyinə görə bunu hətta istisna kimi məhdudlaştırma sanksiyası olaraq da heç bir halda tətbiq etmək olmaz. Hərbi vəziyyət rejimində KİV azadlığına məhdudiyyətlər tətbiq edilə bilsə də, senzura tətbiqi mümkün deyil.
Milli Məclis ilk dəfə deyil ki Konstitusiyanı pozaraq onun müddəasına zidd tənzimləmə gətirir. Sonra bəlli bir müddətdən sonra referendum keçirilərək Konstitusiya qanunlara uyğunlaşdırılır. 26 Sentyabr 2016-cı ildə olduğu kimi. Konstitusiyanın 53-cü maddəsində heç bir halda vətəndaşlıqdan mərhumetmə mümkün olmadığına baxmayaraq, 2015-ci ildə MM vətəndaşlıqdan çıxarmanı qanuna gətirdi, bir il sonra Konstitusiyanı dəyişdilər.
Anlaşılan növbəti referendumda Konstitusiyanın 50-ci maddəsini hərbi vəziyyət haqqında qanuna uyğunaşdıracaqlar...
Bu hüquqi rəzilliyin baş verməsinin təməl səbəbindən biri də Konstitusiya məhkəməsi hakimlərinin o posta maaş və imtiyaz postu kimi baxmaları, Konstitusiyanın üstünlüyününü qorunmasına heç bir qatqı qatmamalarıdır.