Bu gün Türkiyədə Referendum keçirilir və böyük ehtimalla axşam nəticə Başkanlıq sisteminin gəlməsi ilə yekunlaşacaq.
Mən Türkiyədəki bu sistem dəyişikliyini mediada bir dəfə qiymətləndirməm xaricində burda dəyərləndirmədim. Çünki, bu sistem dəyişikliyi nəticədə birbaşa bizə təsiri olan bir dəyişiklik deyil, Türkiyənin, türkiyə vətəndaşlarının tərcihidir.Mənim diqqətimi çəkən bu oldu ki, Azərbaycanda böyük bir sosial şəbəkə istifadəçisi günlərlə bu məsələni öz gündəmlərində saxladılar və hətta şişirtmədən deməliyəm ki 26 Sentyabr 2016-cı il bizim Konstitusiyamıza gətirilən dəyişikliklər heç də Türkiyədəkindən az mübahisə yaradan dəyişikliklər olmasa da, həmin insanlar konkret əməl etməli olduqları normaların dəyişməsinə bu qədər diqqət ayırmadılar.
Şəxsi qənaətimi deyim ki, Türkiyədə “Evet” və ya “Hayır” çıxmasından asılı olmayaraq, ciddi bir dəyişim olmayacaq. Çünki, son 15 ildə Türkiyədə Hakimiyyət birliyi mövcuddur və mütləq siyasi söz sahibi Erdoğandır. Sistemin dəyişməsi Erdoğanın onsuz da de- fakto mütləq istifadə etdiyi səlahiyyətləri de-jure ona vermiş olacaq. Beləliklə, hazırda siyasi məsuliyyəti olmadığı halda istifadə etdiyi səlahiyyətlərə görə bundan sonra siyasi məsuliyyət də gündəmə gələcək.
Türkiyə ilə bağlı bizim toplumda bəzi bilgilər dərin deyil. Əslində Türkiyədə hakimiyyət bölgüsü klassik mənada demək olar ki olmayıb. Hakimiyyət əsasən parlamentdəki çoxluqda toplanıb və onlar həm qanun çıxarıb, həm də qurduqları hökumətlə çıxardıqları qanunları icra ediblər. Hakimiyyətə hakimiyyət qolları arası nəzarət yox, məclis daxili siyasi müxalif partiya nəzarəti olub. Bu da hər zaman dişsiz və zəif olub.
Digər məsələ budur ki, Türkiyədə Anayasanı heç vaxt xalq sözün həqiqi mənasında müzakirə edərək, qəbul etməyib. Onu həmişə siyasi iradə diktə edib.1921 və 1924-cü il Konstitusiyalarını TBMM qəbul edib. 1924 Anayasası 1960-cı il hərbi çevrilişə qədər qüvvədə olub. 1960 hərbi cunta bir komissiya qurub və onlara Anayasa hazırladıb. Həmin Anayasa 1980 çevrilişinə qədər qüvvədə qalıb. Yenə hərbi rejim bu dəfə başqa bir komissiyaya Anayasa hazırladıb və fövqəladə vəziyyət rejimində 1982-də səsverməyə çıxararaq “90% -dən çox səslə” qəbul edib. Yəni bu prosedur Erdoğana qədər də məsum bir proses olmayıb.
Atatürkün zamanında ilk 1921 Anayasasında hakimiyyətin hər üç qolunun səlahiyyətləri Məclisdə Birləşmiş, 1924 Anayasasında Məhkəmə ayrılaraq, qanunverici və icra səlahiyyəti Yenə Məclisdə qalmışdır. Bu həm də çoxluqda olan siyasi gücün hakimiyyət qollarına nəzarəti demək idi.
1961-ci il 9 iyul referendumu bu günkü referendum sürəcinə çox bənzəyir. Hərbi çevrilişi edən tərəf və onun başında duran Camal Gürsəl “Evet” kampaniyasını aparmış, İndiki MHP-nin keçmişi olan “Cumhuriyetçi Köylü Millet Partisi” və CHP onu dəstəkləmiş, bütün dövlət qurumları “Evet” üçün səfərbər olmuşdur.
Edam edilən Menderesin Demokrat partiyasınə bağlı olanlar “Hayır” kampaniyasına dəstək vermişdir. Referendum öncəsi hər iki tərəf üçün hüquqi baxımdan təşviqat sərbəst olsa da, praktik olaraq “Hayır”çılara fəaliyyət imkanı verilməmişdir. Nəticədə, 38,3 % “Hayır” səsinə qarşı 61,7% səslə referendumla yeni Anayasa qəbul edilmişdir. “Hayırda hayır vardır” deyimi məhz o zaman Demokrat partiyanın mənsubları tərəfindən səslənmişdir.
1982-ci il Anayasanının qəbul edildiyi 7 noyabr Referendumu da təxminən eyni senari ilə baş tutub. Öncə Kənan Evren hərbi çevrliş edərək hakimiyyəti mənimsəyib, sonra bir Anayasa yazdıraraq onu səsverməyə təqdim edib. Üstəlik özünün Prezidentliyini də bu referendumda xalqa təsdiqlədib. Nəticədə 91% səslə bu sənəd Anayasaya çevrilib.
Ayrıca, bilməliyik ki, Türkiyənin 1924 Konstitusiyasında “Dövlətin dini islamdır” ifadəsi vardı. 1928-də TBMM bunu çıxardı və Atatürkün ölümündən bir il öncə 1937-də “Layiklik” (dünyəvilik) prinsipi yenə TBMM tərəfindən Anayasaya əlavə edildi.
Bunları xatırlatmaqda məqsədim tarixi proseslərin işığında güncəl olaya baxmaqdır.
1938-də başlayan “Milli Şef” siyasi iradəsi 1950-də ilk demokratik seçkilərlə kəsildi. Adnan Menderes siyasi rüzgarını 1960 hərbi çevrilişi kəsdi və Camal Gürsəllərin iradəsi 1970-lərdə bu dəfə Menderes gələnəyinin davamçıları o cümlədən Dəmirəlin yüksəlməsi ilə kəsildi.
Bu trendi yenə 1980 hərbi çevrilişi dayandırdı. Demokratların davamı olan siyasilərə siyasi yasaqlar gəldi amma 1990-lardan sonra siyasi yasaqlar qalxan kimi yenidən bu trend geri döndü və 2002-də Erdoğanla təkrar yüksəlişini sürdürdü. 2016 hərbi çevrilişin baş tutmaması Erdoğanin siyasi məqsədlərini reallaşdırmaq fürsəti verdi.
Bu gün keçirilən referenduma bir də bu baxış bucağından baxmada fayda olduğunu düşünürəm.
Hiç yorum yok:
Yorum Gönder