8 Nisan 2017 Cumartesi

Hərbi vəziyyət haqqında Qanun Konstitusiyaya zidd qəbul edildi

14 Fevral 2017-ci il tarixdə Milli Məclisdə demək olar ki müzakirəsiz qəbul edilən Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu Aprelin 5-də imzalanaraq, qüvvəyə minib.


Bu Qanun qəbul edilmədən öncə layihəyə də münasibət bildirmiş, Konstitusiyaya zidd məqamların olduğunu demişdim. Təəssüf ki, Qanun bu ziddiyyət aradan qaldırılmadan qəbul edildi.
Konstitusiyanın 50-ci maddəsi heç bir istisnasız birmənalı senzuranı qadağan edir:
Maddə 50
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
"Qəbul edilən Qanun isə hərbi senzura anlayışını qanuna gətirir və hərbi vəziyyət rejimində senzura tətbiq ediləcəyini göstərir:
1.0.3. hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışmaya, televiziya və radio yayımına, telefon və radio danışıqlarına, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə verilən məlumatlara nəzarətin həyata keçirilməsi;
Maddə 10. Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər
10.1.22. kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;"
Qeyd edim ki, senzura Konstitusiyanın 50-ci maddəsində açıq şəkildə qadağan edildiyinə görə bunu hətta istisna kimi məhdudlaştırma sanksiyası olaraq da heç bir halda tətbiq etmək olmaz. Hərbi vəziyyət rejimində KİV azadlığına məhdudiyyətlər tətbiq edilə bilsə də, senzura tətbiqi mümkün deyil.
Milli Məclis ilk dəfə deyil ki Konstitusiyanı pozaraq onun müddəasına zidd tənzimləmə gətirir. Sonra bəlli bir müddətdən sonra referendum keçirilərək Konstitusiya qanunlara uyğunlaşdırılır. 26 Sentyabr 2016-cı ildə olduğu kimi. Konstitusiyanın 53-cü maddəsində heç bir halda vətəndaşlıqdan mərhumetmə mümkün olmadığına baxmayaraq, 2015-ci ildə MM vətəndaşlıqdan çıxarmanı qanuna gətirdi, bir il sonra Konstitusiyanı dəyişdilər.
Anlaşılan növbəti referendumda Konstitusiyanın 50-ci maddəsini hərbi vəziyyət haqqında qanuna uyğunaşdıracaqlar...
Bu hüquqi rəzilliyin baş verməsinin təməl səbəbindən biri də Konstitusiya məhkəməsi hakimlərinin o posta maaş və imtiyaz postu kimi baxmaları, Konstitusiyanın üstünlüyününü qorunmasına heç bir qatqı qatmamalarıdır. 

Hiç yorum yok:

Yorum Gönder