25 Aralık 2015 Cuma

Çox vaxtımız qalmayıb, ağlımızla qərar vermək vaxtıdır...

      Çox vaxtımız qalmayıb, ağlımızla qərar vermək vaxtıdır...

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayevin “ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı” hazırladığı qanun layihəsinin dünəndən sosial şəbəkələrdə tragikomedik müzakirələri gedir.
Mən, bu layihənin ortaya çıxmasının qeyri-ciddiliyi üzərində durmayacağam. Çünki, MM sədrinin son cümə günü çıxışı başqa tonda idi və ABŞ Konqresi tərəfindən atılması planlaşdırılan addımın ciddiliyinin dərk edildiyi mesajı verilmişdi. Hətta siyasi məhbusların  əfv ediləcəyinə dair ilk işartılar da bu çıxışda var idi. Vəziyyətin ciddiliyini izah edən yazılar, çıxışlar, açıqlamalar həm hökuməti dəstəkləyən şəxslərin içindən, həm də müstəqil ekspertlərdən gəldi.  Məsələ ciddidir və fevralda bu layihə qanunlaşa bilər.
 ABŞ-ın belə bir addım atması önlənə bilərdimi və ya bundan sonra önlənə bilərmi?
Bu suala birmənalı cavab vermək çətindir. Amma bizim hökumət tərəfindən zamanla bəzi addımlar atılmasaydı əminəm ki, Azərbaycanın daxilində insan hüquq və azadlığına olan basqılar təkbaşına bu layihənin ortaya çıxması ilə nəticələnmiyəcəkdi. Bu mənim qənaətimdir.
ABŞ-Azərbaycan münasibətlərinə ilk zərbələr keçən ilin yazından etibarən  ABŞ tərəfindən yox, Azərbaycan tərəfindən tam əsassız olaraq vurulmuşdu. İndi hər kəsin gülərək keçdiyi R.Rzayev layihəsinin “qərar” hissəsində göstərilən aşağıdakı  müddəalar artıq ABŞ QHT-lərinə tətbiq edilib və onların layihələri, proqraramları dayandırılıb, bank hesablarına həbs qoyulub, cinayət işləri açılıb, ofisləri bağlanıb və təşkilatlar ölkədən çıxarılıb.
Qərar layihəsindən stat: Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilsin:
“ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;"
 
Yəni ilk atəş hələ 2014-cü ilin aprelindən etibarən “uzaqgörən” siyasətçilərimiz və onların əlaltısı olan media qurumları tərəfindən atılıb. Hüquq-mühafizə orqanları tərəfindən dərinləşdirilib, məhkəmələr tərəfindən icra edilib və proses bitmək üzrədir. Rusiyaya xoş getsin deyə, ölkədaxili ictimaiyyətə “ABŞ-ın Azərbaycanda destruktiv fəaliyyət göstərdiyi” mesajı verilərək sistemli şəkildə ABŞ və onun rəsmi qurumları şantaj edildi. Ölkədə humanitar fəaliyyət göstərən çoxsaylı qurum və şəxslər hədəfə çevrildi. Bununla bərabər, Azərbaycan vətəndaş cəmiyyəti fəalları, jurnalistlər hədəfə götürüldü, Konqresin maliyyələşdirdiyi radionun ofisi onurqırıcı şəkildə bağlandı.  Hətta bir az da irəli gedilərək müxtəlif bəhanələrlə cəmiyyətin dəyər verdiyi şəxslərə cinayət işi açıldı, həbslər ard-arda gəldi. Üstəlik bu şəxslərə qarşı “5-ci kalon” adı altında davamlı olaraq ittihamlar irəli sürüldü. Əsasən başda ABŞ olmaqla qərb dairələrinin suçlanması davam etdirildi. Yəni, hafizəmizi təzələsək görərik ki, bu vaxtadək təktərəfli “atəş” açan sadəcə bizim tərəf olub. Hətta vətəndaş cəmiyyəti, demokratik qüvvələr ABŞ-ı adekvat olmamaqda suçladı. ABŞ demokratik dəyərləri neft və təhlükəsizlik  mənafelərinə qurban verməkdə ittihamlar edildi. Yəni oxun yaydan çıxmasından çox vaxt keçib.
Amma hələ də gec deyil. Azərbaycan tərəfi məntiqli hərəkət etməli, problemi yaradan tərəfin əslində özü olduğunu başa düşməli, dərhal səmimi addımlar atmalıdır. Çünki, yaxın bir-iki ildə Azərbaycan  çox kəskin iqtisadi, maliyyə problemləri ilə mübarizə etməlidir.  Qarabağ problemi yeni daha təhlükəli mərhələyə keçə bilər. Neft qiymətinin yaxın zamanda yüksəlmə ehtimalı çox zəifdir.  Son 7 ildə sabit rəqəmlərə öyrənmiş cəmiyyətdə 10 ay ərzində milli manatın 100% dəyər itirməsi, qiymətlərin 70-100% artması ictimai narazılığın çox ciddi olacağını indidən göstərir. Ayrıca, müstəqiilliyimizi həzm edə bilməyən İran, Rusiya və Ermənistan üçbucağının bizə hansı sürprizlər yaradacağı bir digər müəmmadır.
                            Səmimi və ciddi addımlar nələr olmalıdır?
1.      Heç bir ön şərt olmadan siyasi səbəblərlə tutulan və məhkum edilən bütün şəxslər qeyd-şərtsiz dərhal azad edilməlidir. Bunların bir hissəsi, yaxud müraciət edən anlayışı rədd edilməli, təktərəfli olaraq hər kəsin azad edilməsi təmin edilməlidir. (Bunların sayı son rəqmlərə görə yüzə çatmır və ölkə üçün əminəm ki bu insanlar təhlükəli deyil, əksinə onların mövcudluğu faydalıdır).
2.      90-cı illərin sonundan etibarən  ölkədə faydalı humanitar layihələr icra edən və ölkəmizdə minlərlə iş yeri açan, ölkəyə qarşılıqsız olaraq valyuta gətirib, müxtəlif srefalara, təhsilə, tibbə, mədəniyyətə, kənd təsərrüfatına və s. sektorlara dəstək verən ABŞ QHT-ləri də daxil olmaqla digər beynəlxalq humanitar qurumların haqqında başladılan bütün süni suçlamalar ləğv edilməli, bank hesablarındakı həbslər qaldırılmalı, ofislərinin bərpa olunması üçün şərait yaradılmalı, onların fəaliyyəti üçün 2001-ci ildə mövcud olan qanunvericilik normalarına geri dönülməlidir.
3.      Fəaliyyətinə mane yaradılan media qurumlarına təkrar iş şəraiti yaradılmalı, ölkədə azad media mühiti formalaşdırılmalı, TV və radio lisenziyaları verilməsi məsələsi liberallaşmalı, siyasi plüralizm mühiti dəstəklənməli, qanunvericilikdə mövcud olan məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır.
4.      Yerli QHT-lərin fəaliyyət imkanları təkrar bərpa edilməli, bütün saxta cinayət işləri ləğv edilməli, hətta haqsız şəkildə zərər görən tərəflərin zərərləri kompensasiya edilməlidir. Qanunvericilik Avropa Konvensiyası prinsipləri çərçivəsinə gətirilməlidir. 
5.      Siyasi fəaliyyət sferasında liberallaşmaya start verilməli, siyasi fəaliyyət imkanları genişləməli, təqiblər aradan qaldırılmalı, siyasi dialoq mədəniyyəti inkişaf edilməlidir.
6.      Digər islahatlar, iqtisadi liberallaşma, seçki islahatı, inhisarçılığın və korrupsiyanın aradan qaldırılmasını zəruri edən addımlar, xüsusilə məhkəmə islahatı da paralel başlamalıdır.

Bu zəruri addımların atıması ölkə büdcəsinə, iqtisadiyyatına bir qəpik yük gətirməyəcək. Cəmiyyət bu addımlardan qazanacaq. Hökumətin imici müsbətə dəyişəcək və əminəm ki, hər hansı sanksiya istəyi bu addımların kölgəsində yox olub gedəcək. Tarixdə radikal islahatlara imza atan şəxsiyyətlər hər zaman cəmiyyət tərəfindən müsbət dəyərə çevrilir və xatırlanır.

Çox vaxtımız qalmayıb, duyğularımızla, hislərimizlə yox, ağlımızla qərar vermək vaxtıdır. Boş-boş şüarlarla, pafoslu çıxışlarla, saxta bəyanatlarla vəziyyətimizi bir az da pisləşdirə bilərik. Səmimi olaraq imkanlarımızı, potensialımızı yox etməyə deyil, inkişaf etdirməyə yönələk. O zaman itirən olmaz, hər kəs qazanar. Buna inanın. 

Hiç yorum yok:

Yorum Gönder