Ələsgər Məmmədli: Dini ekstremizmə qarşı qanunvericiliyə edilmiş yeniliklərdə çoxsaylı qeyri-müəyyənliklər var
Azərbaycan Milli Məclisinin birinci oxunuşda qəbul etdiyi "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsində çoxsaylı qeyri-müəyyənliklər var. Bu barədə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib.
Sənədə əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.
“Bu artıq dini ekstremizmə qarşı mübarizə zamanı xəbərdarlıq edilmədən insanın həyatına, əmlakına ziyan vura biləcək hərəkərlərə yol açır və ziyan vuran şəxsə qarşı məsuliyyət müəyyən edilməyib. Qanun layihəsində göstərilməli idi ki, ancaq zəruri müdafiə halında və qarşıdurma halı olduqda öncədən xəbərdarlıq etmək şərti ilə silahdan istifadə oluna bilər. Sənəddə dini ekstermizmin, dini radikalizmin aydın anlayışı verilməlidir. Bu əməliyyata hüquqi qiymətin kimin verəcəyi də qanunda əksini tapmalıdır. Çünki burada insan həyatı, mülkiyyətə ziyan vurulması kimi konstitusion hüquqların məhdudlaşdırılmasından söhbət gedir-, o qeyd edib.
Eyni zamanda, qanun layihəsində xaricdə dini təhsil alan şəxslərin dini mərasimləri aparmasına qadağa qoyulması nəzərdə tutulur.
“Bu qanun qüvvəyə minəndən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri və onun müavini də dini mərasim idarə edə bilməyəcək. Çünki Allahşükür Paşazadə və onun müavini Azərbaycanda təhsil almayıb. Bu, düzgün hüquqi yanaşma deyil. Harada təhsil almanın ekstremizmə və ya radikalizmə hər hansı aidiyyatı yoxdur. Burada şəxslərə fərdi yanaşma olmalıdır, dini ekstremizmlə məşğul olanlar cəzalandırlmalıdır”, o qeyd edib.
“Vətəndaşlıq haqqında” qanuna edilmiş əlavəyə görə, Azərbaycanda terrorda iştirak etmək, konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi vətəndaşlığın itirilməsi ilə nəticələnəcək.
Sənəddə deyilir ki, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəbləri yayarsa, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa vətəndaşlıqdan məhrum ediləcək.
“Əvvəla konstitusiyaya görə, heç kim Azərbaycan vətəndaşını vətəndaşlıqdan məhrum edə bilməz. Vətəndaşlığın itirilməsi anlayışı hüquqda yoxdur və bunun hüquqi nəticəsi vətəndaşlıqdan məhrum etmədir. Azərbaycan konstitusiyasının 53-cü maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşı heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycandan qovula və ya xarici dövlətə verilə bilməz. Konstitusiya norması qanuna bu əlavəni qeyri-mümkün edir. Ona görə də qanun qəbul edilməmişdən öncə Konstitusiya Məhkəməsinin rəyinin alınması zəruri idi.
İndi düşünmək lazımdır ki, Azərbaycan vətəndaşı vətəndaşlıqdan məhrum edildikdən sonra onu hansı ölkə qəbul edəcək? Onun gələcək taleyi necə olacaq? Bu insanın yaşamaq hüququna birbaşa təhlükə yaradır. Qanuna bu dəyişikliyin məntiqi ümumiyyətlə başa düşülmür”, Məmmədli qeyd edib.
Hiç yorum yok:
Yorum Gönder