20 Kasım 2015 Cuma

Brüssel səfəri təssüratlarım

Bu gün Brüssel səfərini başa vurub ölkəyə qayıtdım. Belə rəsmi  səfərlərdən sonra bir qayda olaraq iki istiqamətdə fikirlərimi paylaşmaq istəyirəm. Birinci, rəsmi tədbir və onun nəticələri, ikincisi isə həmin ölkə haqqında təəssüratlarım.

Bu yazıda rəsmi tədbirdən təssüratlarımı paylaşmağa çalışacağam. Çünki, Avropa İttifaqı və Avropa Komissiyasından birlikdə dəvət aldığım “Şərq Tərəfdaşlıq ölkələri və Rusiyada Medianın vəziyyəti” mövzusunda iki günlük seminarda diqqətimi çəkən maraqlı məqamlar oldu.
Bu dəvəti alanda Azərbaycandan daha kimlərin iştirak edəcəyinə dair heç bir məlumatım yox idi. Ora çatdıqda mənə məlum oldu ki, əsas iştirakçılardan biri və seminarın 2-ci günündə məruzəçi olması planlaşdırılan şəxsin Azərbaycandan çıxışı mümkün olmayıb. Onun çıxışına inzibati orqanların məhdudiyyət gətirdiyini yüksək tribunadan seminarın moderatoru cənab Andris Kesteris səsləndirdi. Bu addım ölkəm adına şəxsən məni çox utandırdı. Seminarda məruzəçi olaraq bütün ölkələrdən, Rusiyadan, Belarusdan, Ukraynadan,  Gürcüstandan, Ermənistandan, Moldovadan xüsusi məruzə ilə çıxış edən olsa da ölkəmizdən məruzəçinin gedişinə icazə verilmədiyindən, bu səviyyədə təmsil olmadı. Bu son anda məlum olduğundan, proqramda əvəzləmənin də aparılması mümkün olmamışdı.  Yaranmış boşluğu doldurmaq tam mümkün olmasa da, mən sual adı altında xırda arayışla çıxış edib, qismən də olsa ölkənin təmsil olunduğunu göstərməyə çalışdım.
Çox aydın səviyyədə hiss olunur ki, Azərbaycan sürətlə Avropa ilə əməkdaşlıqdan uzaqlaşır. Bunu iki gün ərzindəki müzakirələrdən, çıxışların mahiyyətindən, həyata keçirilən proqramların əhatəsindən də aydın görmək olurdu.
Tədbirin ana mövzusu Şərq tərəfdaşlığı ölkələrində və Rusiyada medianın vəziyyəti olsa da, mənim şəxsi müşahidələrim göstərir ki, Rusiya daha önə çıxmışdı. Demək olar ki, bütün panellərdə ana mövzu Rusiya, onun aqressiv politikaları, mediada  propaqanda siyasəti və rusdilli məkanda dominantlıq həvəsi müzakirə predmeti idi.
Xüsusilə şərqi Avropa ölkələrindən və Baltikyanı respublikalarından olan məruzəçilər Rusiyanın siyasətindən çox narahat idilər. Bunu çox tez-tez hiss etdirirdilər. Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsi Avropanı, xüsusilə şərqi Avropalıları çox “qorxudub”. 
Tədbirdə aydın görünən xətlərdən biri Gürcüstan hökuməti və vətəndaş cəmiyyətinin ciddi şəkildə Avropa Birliyinə inteqrasiya yolunda olması idi. Şərq tərəfdaşlığı çərçivəsində istər Avropa İttifaqının parlamenti, istərsə də Avropa Komissiyası ilə əməkdaşlıq etməsinin mövcudluğu idi. Bu ölkədə ciddi irəliləyişlər var.  Avropa Birliyi, Avropa Komissiyası burada əhatəli proqramlar həyata keçirir. Xüsusilə Gürcüstanda özəl media sektoruna maddi və material dəstək verilir, yeni vərdişlərin öyrədilməsi, yeni münasibətlərin formalaşması hərtərəfli dəstəklənir.
Rusiyanın əlaltısı olmasına baxmayaraq Ermənistanla, Gürcüstan qədər olmasa da, münasibətlərdə irəliləyişlər var. Bu ölkədə qərblə bağını qoparmaq istəməyənlərə ciddi dəstək verildiyi bəlli oldu. Xüsusilə Avropa Birliyinin geniş proyektlərinin bu ölkəni də əhatə etdiyi səsləndi. Cənubi Qafqazda Gürcüstanla bərabər Ermənistan da  Şərq tərəfdaşlığı layihələrində birlikdə koordinasiya edilir. Şərq Strateji Kommunikasiya Hədəf Grupunun rəhbəri xanım Anneli Kimber də bu layihələri kordinasiya edir.

Cənubi Qafqazın bu iki ölkəsi Avropa ilə münasibətdə sürətlə bizi üstələyir.  Azərbaycan isə Avropa Komissiyasının bütün layihələrini ölkədə dayandırdı. Xarici donorların ölkədə fəaliyyətinə məhdudiyyət gətirdi. Qanunvericilikdə dəyişiklik edərək, xarici mənbədən gələn qrantların ölkənin inkişafına dəstək verməsinin önünü kəsdi. Ölkəmizdə hər hansı sosial, humanitar layihələri dəstəkləmək istəyən donorların rəsmi olaraq qeydiyyatdan keçmələrini tələb etdi. Üstəlik də, bu tələbi tənzimləyən qaydalar 23 aydır ki yaradılmadı. Yəni, qısası “biz sizi istəmirik!”- deyildi. Bu geişat gələcək nöqteyi-nəzərindən çox təhlükəli məcaraya yönəlir.  Gələcəkdə regional problemlərin həllində bizim qarşımızda bu iki ölkənin mütləq üstünlüyünün formalaşması indidən gedir. Özünü təcridlə biz gələcəyimizə ciddi balta vururuq. Avropa qurumları ilə sıx əməkdaşlıq edilməməsi, bizim adımızın artıq çox geridə olan Orta Asiya ölkəsi Özbəkistanla bir çəkilməsinə aparıb çıxarır. Təsadüfi deyil ki, 17 noyabrda tədbirin ilk panelində “Azad medinın, ifadə azadlığının, demokratiya və insan haqlarının dəstəklənməsində Avropa Parlamentinin rolu” –mövzusu müzakirə edilərkən, xanım Heidi Hautala Gürcüstanda Rustavi telekanalı ətrafındakı problemlərdən danışdıqdan sonra Ermənistanda Rusiyanın təsirinin Azərbaycana qarşı ciddi nifrət və aqresivlik yaratdığını vurğuladı və bu ölkələrdə media azadlığına müəyyən problemlər yaradıldığını bildirdi. Sonra isə Azərbaycandakı vəziyyətlə bağlı danımağın mənasız olduğunu bildirərək, ölkəni və rəhbərini Özbəkistanla eyni səviyyədə “diktatura-diktator”  adlandırdı. Yüksək səviyyədə keçirilən tədbirlərdə ölkəmizin adına deyilən hər mənfi  fikir hansısa bir fakta söykənəndə deyəcək bir söz tapmaq olmur. Araşdırmaçı jurnalist Xədicə İsmayıl başda olmaqla, Tofiq Yaqublu, Seymur Həziyev, Rauf Mirqədirov, Pərviz Həşimov, Hilal Məmmədov, Nidaçı blogerlər və digər həbsdə olan ondan çox ifadə azadlığı carçılarının adları sıralandığında, ödürülən jurnalistlərdən Elmar Hüqeynovun, Rafiq Tağının qatillərinin azadlıqda gəzdiklərini bildikdə “bizdə ifadə azadlığının problemi yoxdur”, “Media azaddır”- demək sadəcə ağlı yerində olmamaq kimi qəbul edilə bilər...
Seminar sadəcə problemləri deməklə bitmədi. Avropa Parlamentinin, Avropa Komissiyasının bu ölkələrdə demokratiyanın dəstəklənməsi və media azdlığının vəziyyətinin yaxşılaşdırılması istiqamətində yaxın planları, habelə, strateji kommunikasiya vasitələrinin işlədilməsi də müzakirə mövzusu oldu. Çox aydın ifadə edilən bir fikir vardı. Avropa yaşadığı dəyərləri “ixrac”- edə bilməz. Bu sadəcə yaşana bilə, yaşanaraq  göstərilə bilər,  anlatıla bilər. Kim daha yaxşı olmaq istəyirsə, onunla əməkdaşlıq etmək, onu dəstəkləmək mümkündür. Kim bunu istəmirsə, bunu zorla ora aparmaq nə mümkündür, nə də zəruridir. Hətta, son vaxtlar sürətlə artan Rusya  mediasındakı propaqandanın önlənməsinin metodları müzakirə edilərkən, Avropa rəsmilərinin bu mövqeyi çox önə çıxdı. “Biz propaqandaya propaqanda ilə cavab verə bilmərik. Bizim öz prinsiplərimiz var. Biz plüralizmi, çoxfikirliliyi, alternativliyi təşviq və təbliğ edə bilərik, amma təbliğata təbliğatla cavab verə bilmərik”.   Odur ki, planlar açıqlanırkən, layihələrin coğrafiyası müzakirə edilərkən demək olar ki Azərbaycan adı ortada olmadı. Bunun səbəbi, Azərbaycanın rəsmi  mövqeyinin Avropadan uzaqlaşmaq olduğudur.
Azərbaycana xarici mənbədən gələcək bu istiqamətli layihələrə 2013-cü ildən yollar bağlanıb. Siyasi körpülərə isə 2015-ci ilin sentyabrının 10-dan sonra “od vurulub”. Yanmaqda olan bu körpünün atəşini hələ ki söndürmək istəyən yoxdur.
Bir sözlə cəmiyyət olaraq  istehlak etdiyimiz mallarda, texnikada, sürdüyümüz maşınlarda, ev alətlərində, mebellərdə, tibb sektorunda,  xidmətdə, tətildə, müalicədə Avropaya üstünlük versək də, davranışlarımızda, düşüncəmizdə,  ifadəmizdə,  başqalarının hüquqlarına və haqlarına sayğıda, hüquqa əməldə,  idarəetmədə “şərqli” olaraq qalmağı seçmişik. Siyasi olaraq Avropaya, coğrafi olduğumuzdan çox-cox uzaqlaşmaqdayıq!             


Hiç yorum yok:

Yorum Gönder