Çox vaxtımız qalmayıb, ağlımızla qərar vermək vaxtıdır...
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədr müavini, deputat Rövşən Rzayevin “ABŞ-da insan hüquqlarının vəziyyəti
ilə bağlı” hazırladığı qanun layihəsinin dünəndən sosial şəbəkələrdə tragikomedik
müzakirələri gedir.
Mən, bu layihənin ortaya çıxmasının qeyri-ciddiliyi
üzərində durmayacağam. Çünki, MM sədrinin son cümə günü çıxışı başqa tonda idi
və ABŞ Konqresi tərəfindən atılması planlaşdırılan addımın ciddiliyinin dərk
edildiyi mesajı verilmişdi. Hətta siyasi məhbusların əfv ediləcəyinə dair ilk işartılar da bu
çıxışda var idi. Vəziyyətin ciddiliyini izah edən yazılar, çıxışlar,
açıqlamalar həm hökuməti dəstəkləyən şəxslərin içindən, həm də müstəqil
ekspertlərdən gəldi. Məsələ ciddidir və
fevralda bu layihə qanunlaşa bilər.
ABŞ-ın belə
bir addım atması önlənə bilərdimi və ya bundan sonra önlənə bilərmi?
Bu suala birmənalı cavab vermək çətindir. Amma
bizim hökumət tərəfindən zamanla bəzi addımlar atılmasaydı əminəm ki, Azərbaycanın
daxilində insan hüquq və azadlığına olan basqılar təkbaşına bu layihənin ortaya
çıxması ilə nəticələnmiyəcəkdi. Bu mənim qənaətimdir.
ABŞ-Azərbaycan münasibətlərinə ilk zərbələr keçən
ilin yazından etibarən ABŞ tərəfindən
yox, Azərbaycan tərəfindən tam əsassız olaraq vurulmuşdu. İndi hər kəsin gülərək
keçdiyi R.Rzayev layihəsinin “qərar” hissəsində göstərilən aşağıdakı müddəalar artıq ABŞ QHT-lərinə tətbiq edilib
və onların layihələri, proqraramları dayandırılıb, bank hesablarına həbs
qoyulub, cinayət işləri açılıb, ofisləri bağlanıb və təşkilatlar ölkədən
çıxarılıb.
Qərar layihəsindən stat: Müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilsin:
“ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;"
“ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;"
Yəni ilk atəş hələ 2014-cü ilin aprelindən etibarən
“uzaqgörən” siyasətçilərimiz və onların əlaltısı olan media qurumları tərəfindən
atılıb. Hüquq-mühafizə orqanları tərəfindən dərinləşdirilib, məhkəmələr tərəfindən
icra edilib və proses bitmək üzrədir. Rusiyaya xoş getsin deyə, ölkədaxili ictimaiyyətə
“ABŞ-ın Azərbaycanda destruktiv fəaliyyət göstərdiyi” mesajı verilərək sistemli
şəkildə ABŞ və onun rəsmi qurumları şantaj edildi. Ölkədə humanitar fəaliyyət
göstərən çoxsaylı qurum və şəxslər hədəfə çevrildi. Bununla bərabər, Azərbaycan
vətəndaş cəmiyyəti fəalları, jurnalistlər hədəfə götürüldü, Konqresin maliyyələşdirdiyi
radionun ofisi onurqırıcı şəkildə bağlandı. Hətta bir az da irəli gedilərək müxtəlif bəhanələrlə
cəmiyyətin dəyər verdiyi şəxslərə cinayət işi açıldı, həbslər ard-arda gəldi. Üstəlik
bu şəxslərə qarşı “5-ci kalon” adı altında davamlı olaraq ittihamlar irəli
sürüldü. Əsasən başda ABŞ olmaqla qərb dairələrinin suçlanması davam etdirildi.
Yəni, hafizəmizi təzələsək görərik ki, bu vaxtadək təktərəfli “atəş” açan sadəcə
bizim tərəf olub. Hətta vətəndaş cəmiyyəti, demokratik qüvvələr ABŞ-ı adekvat
olmamaqda suçladı. ABŞ demokratik dəyərləri neft və təhlükəsizlik mənafelərinə qurban verməkdə ittihamlar
edildi. Yəni oxun yaydan çıxmasından çox vaxt keçib.
Amma hələ də gec deyil. Azərbaycan tərəfi məntiqli
hərəkət etməli, problemi yaradan tərəfin əslində özü olduğunu başa düşməli, dərhal
səmimi addımlar atmalıdır. Çünki, yaxın bir-iki ildə Azərbaycan çox kəskin iqtisadi, maliyyə problemləri ilə
mübarizə etməlidir. Qarabağ problemi
yeni daha təhlükəli mərhələyə keçə bilər. Neft qiymətinin yaxın zamanda yüksəlmə
ehtimalı çox zəifdir. Son 7 ildə sabit rəqəmlərə
öyrənmiş cəmiyyətdə 10 ay ərzində milli manatın 100% dəyər itirməsi, qiymətlərin
70-100% artması ictimai narazılığın çox ciddi olacağını indidən göstərir.
Ayrıca, müstəqiilliyimizi həzm edə bilməyən İran, Rusiya və Ermənistan
üçbucağının bizə hansı sürprizlər yaradacağı bir digər müəmmadır.
Səmimi və ciddi
addımlar nələr olmalıdır?
1. Heç bir ön şərt olmadan siyasi səbəblərlə tutulan və məhkum edilən bütün
şəxslər qeyd-şərtsiz dərhal azad edilməlidir. Bunların bir hissəsi, yaxud
müraciət edən anlayışı rədd edilməli, təktərəfli olaraq hər kəsin azad edilməsi
təmin edilməlidir. (Bunların sayı son rəqmlərə görə yüzə çatmır və ölkə üçün əminəm
ki bu insanlar təhlükəli deyil, əksinə onların mövcudluğu faydalıdır).
2. 90-cı illərin sonundan etibarən ölkədə faydalı humanitar layihələr icra edən və
ölkəmizdə minlərlə iş yeri açan, ölkəyə qarşılıqsız olaraq valyuta gətirib,
müxtəlif srefalara, təhsilə, tibbə, mədəniyyətə, kənd təsərrüfatına və s.
sektorlara dəstək verən ABŞ QHT-ləri də daxil olmaqla digər beynəlxalq
humanitar qurumların haqqında başladılan bütün süni suçlamalar ləğv edilməli,
bank hesablarındakı həbslər qaldırılmalı, ofislərinin bərpa olunması üçün şərait
yaradılmalı, onların fəaliyyəti üçün 2001-ci ildə mövcud olan qanunvericilik
normalarına geri dönülməlidir.
3. Fəaliyyətinə mane yaradılan media qurumlarına təkrar iş şəraiti
yaradılmalı, ölkədə azad media mühiti formalaşdırılmalı, TV və radio lisenziyaları
verilməsi məsələsi liberallaşmalı, siyasi plüralizm mühiti dəstəklənməli,
qanunvericilikdə mövcud olan məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır.
4. Yerli QHT-lərin fəaliyyət imkanları təkrar bərpa edilməli, bütün
saxta cinayət işləri ləğv edilməli, hətta haqsız şəkildə zərər görən tərəflərin
zərərləri kompensasiya edilməlidir. Qanunvericilik Avropa Konvensiyası prinsipləri
çərçivəsinə gətirilməlidir.
5. Siyasi fəaliyyət sferasında liberallaşmaya start verilməli, siyasi fəaliyyət
imkanları genişləməli, təqiblər aradan qaldırılmalı, siyasi dialoq mədəniyyəti
inkişaf edilməlidir.
6. Digər islahatlar, iqtisadi liberallaşma, seçki islahatı,
inhisarçılığın və korrupsiyanın aradan qaldırılmasını zəruri edən addımlar,
xüsusilə məhkəmə islahatı da paralel başlamalıdır.
Bu zəruri addımların
atıması ölkə büdcəsinə, iqtisadiyyatına bir qəpik yük gətirməyəcək. Cəmiyyət bu
addımlardan qazanacaq. Hökumətin imici müsbətə dəyişəcək və əminəm ki, hər
hansı sanksiya istəyi bu addımların kölgəsində yox olub gedəcək. Tarixdə
radikal islahatlara imza atan şəxsiyyətlər hər zaman cəmiyyət tərəfindən müsbət
dəyərə çevrilir və xatırlanır.
Çox vaxtımız qalmayıb, duyğularımızla, hislərimizlə
yox, ağlımızla qərar vermək vaxtıdır. Boş-boş şüarlarla, pafoslu çıxışlarla,
saxta bəyanatlarla vəziyyətimizi bir az da pisləşdirə bilərik. Səmimi olaraq
imkanlarımızı, potensialımızı yox etməyə deyil, inkişaf etdirməyə yönələk. O
zaman itirən olmaz, hər kəs qazanar. Buna inanın.