20 Kasım 2015 Cuma

Brüssel səfəri təssüratlarım

Bu gün Brüssel səfərini başa vurub ölkəyə qayıtdım. Belə rəsmi  səfərlərdən sonra bir qayda olaraq iki istiqamətdə fikirlərimi paylaşmaq istəyirəm. Birinci, rəsmi tədbir və onun nəticələri, ikincisi isə həmin ölkə haqqında təəssüratlarım.

Bu yazıda rəsmi tədbirdən təssüratlarımı paylaşmağa çalışacağam. Çünki, Avropa İttifaqı və Avropa Komissiyasından birlikdə dəvət aldığım “Şərq Tərəfdaşlıq ölkələri və Rusiyada Medianın vəziyyəti” mövzusunda iki günlük seminarda diqqətimi çəkən maraqlı məqamlar oldu.
Bu dəvəti alanda Azərbaycandan daha kimlərin iştirak edəcəyinə dair heç bir məlumatım yox idi. Ora çatdıqda mənə məlum oldu ki, əsas iştirakçılardan biri və seminarın 2-ci günündə məruzəçi olması planlaşdırılan şəxsin Azərbaycandan çıxışı mümkün olmayıb. Onun çıxışına inzibati orqanların məhdudiyyət gətirdiyini yüksək tribunadan seminarın moderatoru cənab Andris Kesteris səsləndirdi. Bu addım ölkəm adına şəxsən məni çox utandırdı. Seminarda məruzəçi olaraq bütün ölkələrdən, Rusiyadan, Belarusdan, Ukraynadan,  Gürcüstandan, Ermənistandan, Moldovadan xüsusi məruzə ilə çıxış edən olsa da ölkəmizdən məruzəçinin gedişinə icazə verilmədiyindən, bu səviyyədə təmsil olmadı. Bu son anda məlum olduğundan, proqramda əvəzləmənin də aparılması mümkün olmamışdı.  Yaranmış boşluğu doldurmaq tam mümkün olmasa da, mən sual adı altında xırda arayışla çıxış edib, qismən də olsa ölkənin təmsil olunduğunu göstərməyə çalışdım.
Çox aydın səviyyədə hiss olunur ki, Azərbaycan sürətlə Avropa ilə əməkdaşlıqdan uzaqlaşır. Bunu iki gün ərzindəki müzakirələrdən, çıxışların mahiyyətindən, həyata keçirilən proqramların əhatəsindən də aydın görmək olurdu.
Tədbirin ana mövzusu Şərq tərəfdaşlığı ölkələrində və Rusiyada medianın vəziyyəti olsa da, mənim şəxsi müşahidələrim göstərir ki, Rusiya daha önə çıxmışdı. Demək olar ki, bütün panellərdə ana mövzu Rusiya, onun aqressiv politikaları, mediada  propaqanda siyasəti və rusdilli məkanda dominantlıq həvəsi müzakirə predmeti idi.
Xüsusilə şərqi Avropa ölkələrindən və Baltikyanı respublikalarından olan məruzəçilər Rusiyanın siyasətindən çox narahat idilər. Bunu çox tez-tez hiss etdirirdilər. Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsi Avropanı, xüsusilə şərqi Avropalıları çox “qorxudub”. 
Tədbirdə aydın görünən xətlərdən biri Gürcüstan hökuməti və vətəndaş cəmiyyətinin ciddi şəkildə Avropa Birliyinə inteqrasiya yolunda olması idi. Şərq tərəfdaşlığı çərçivəsində istər Avropa İttifaqının parlamenti, istərsə də Avropa Komissiyası ilə əməkdaşlıq etməsinin mövcudluğu idi. Bu ölkədə ciddi irəliləyişlər var.  Avropa Birliyi, Avropa Komissiyası burada əhatəli proqramlar həyata keçirir. Xüsusilə Gürcüstanda özəl media sektoruna maddi və material dəstək verilir, yeni vərdişlərin öyrədilməsi, yeni münasibətlərin formalaşması hərtərəfli dəstəklənir.
Rusiyanın əlaltısı olmasına baxmayaraq Ermənistanla, Gürcüstan qədər olmasa da, münasibətlərdə irəliləyişlər var. Bu ölkədə qərblə bağını qoparmaq istəməyənlərə ciddi dəstək verildiyi bəlli oldu. Xüsusilə Avropa Birliyinin geniş proyektlərinin bu ölkəni də əhatə etdiyi səsləndi. Cənubi Qafqazda Gürcüstanla bərabər Ermənistan da  Şərq tərəfdaşlığı layihələrində birlikdə koordinasiya edilir. Şərq Strateji Kommunikasiya Hədəf Grupunun rəhbəri xanım Anneli Kimber də bu layihələri kordinasiya edir.

Cənubi Qafqazın bu iki ölkəsi Avropa ilə münasibətdə sürətlə bizi üstələyir.  Azərbaycan isə Avropa Komissiyasının bütün layihələrini ölkədə dayandırdı. Xarici donorların ölkədə fəaliyyətinə məhdudiyyət gətirdi. Qanunvericilikdə dəyişiklik edərək, xarici mənbədən gələn qrantların ölkənin inkişafına dəstək verməsinin önünü kəsdi. Ölkəmizdə hər hansı sosial, humanitar layihələri dəstəkləmək istəyən donorların rəsmi olaraq qeydiyyatdan keçmələrini tələb etdi. Üstəlik də, bu tələbi tənzimləyən qaydalar 23 aydır ki yaradılmadı. Yəni, qısası “biz sizi istəmirik!”- deyildi. Bu geişat gələcək nöqteyi-nəzərindən çox təhlükəli məcaraya yönəlir.  Gələcəkdə regional problemlərin həllində bizim qarşımızda bu iki ölkənin mütləq üstünlüyünün formalaşması indidən gedir. Özünü təcridlə biz gələcəyimizə ciddi balta vururuq. Avropa qurumları ilə sıx əməkdaşlıq edilməməsi, bizim adımızın artıq çox geridə olan Orta Asiya ölkəsi Özbəkistanla bir çəkilməsinə aparıb çıxarır. Təsadüfi deyil ki, 17 noyabrda tədbirin ilk panelində “Azad medinın, ifadə azadlığının, demokratiya və insan haqlarının dəstəklənməsində Avropa Parlamentinin rolu” –mövzusu müzakirə edilərkən, xanım Heidi Hautala Gürcüstanda Rustavi telekanalı ətrafındakı problemlərdən danışdıqdan sonra Ermənistanda Rusiyanın təsirinin Azərbaycana qarşı ciddi nifrət və aqresivlik yaratdığını vurğuladı və bu ölkələrdə media azadlığına müəyyən problemlər yaradıldığını bildirdi. Sonra isə Azərbaycandakı vəziyyətlə bağlı danımağın mənasız olduğunu bildirərək, ölkəni və rəhbərini Özbəkistanla eyni səviyyədə “diktatura-diktator”  adlandırdı. Yüksək səviyyədə keçirilən tədbirlərdə ölkəmizin adına deyilən hər mənfi  fikir hansısa bir fakta söykənəndə deyəcək bir söz tapmaq olmur. Araşdırmaçı jurnalist Xədicə İsmayıl başda olmaqla, Tofiq Yaqublu, Seymur Həziyev, Rauf Mirqədirov, Pərviz Həşimov, Hilal Məmmədov, Nidaçı blogerlər və digər həbsdə olan ondan çox ifadə azadlığı carçılarının adları sıralandığında, ödürülən jurnalistlərdən Elmar Hüqeynovun, Rafiq Tağının qatillərinin azadlıqda gəzdiklərini bildikdə “bizdə ifadə azadlığının problemi yoxdur”, “Media azaddır”- demək sadəcə ağlı yerində olmamaq kimi qəbul edilə bilər...
Seminar sadəcə problemləri deməklə bitmədi. Avropa Parlamentinin, Avropa Komissiyasının bu ölkələrdə demokratiyanın dəstəklənməsi və media azdlığının vəziyyətinin yaxşılaşdırılması istiqamətində yaxın planları, habelə, strateji kommunikasiya vasitələrinin işlədilməsi də müzakirə mövzusu oldu. Çox aydın ifadə edilən bir fikir vardı. Avropa yaşadığı dəyərləri “ixrac”- edə bilməz. Bu sadəcə yaşana bilə, yaşanaraq  göstərilə bilər,  anlatıla bilər. Kim daha yaxşı olmaq istəyirsə, onunla əməkdaşlıq etmək, onu dəstəkləmək mümkündür. Kim bunu istəmirsə, bunu zorla ora aparmaq nə mümkündür, nə də zəruridir. Hətta, son vaxtlar sürətlə artan Rusya  mediasındakı propaqandanın önlənməsinin metodları müzakirə edilərkən, Avropa rəsmilərinin bu mövqeyi çox önə çıxdı. “Biz propaqandaya propaqanda ilə cavab verə bilmərik. Bizim öz prinsiplərimiz var. Biz plüralizmi, çoxfikirliliyi, alternativliyi təşviq və təbliğ edə bilərik, amma təbliğata təbliğatla cavab verə bilmərik”.   Odur ki, planlar açıqlanırkən, layihələrin coğrafiyası müzakirə edilərkən demək olar ki Azərbaycan adı ortada olmadı. Bunun səbəbi, Azərbaycanın rəsmi  mövqeyinin Avropadan uzaqlaşmaq olduğudur.
Azərbaycana xarici mənbədən gələcək bu istiqamətli layihələrə 2013-cü ildən yollar bağlanıb. Siyasi körpülərə isə 2015-ci ilin sentyabrının 10-dan sonra “od vurulub”. Yanmaqda olan bu körpünün atəşini hələ ki söndürmək istəyən yoxdur.
Bir sözlə cəmiyyət olaraq  istehlak etdiyimiz mallarda, texnikada, sürdüyümüz maşınlarda, ev alətlərində, mebellərdə, tibb sektorunda,  xidmətdə, tətildə, müalicədə Avropaya üstünlük versək də, davranışlarımızda, düşüncəmizdə,  ifadəmizdə,  başqalarının hüquqlarına və haqlarına sayğıda, hüquqa əməldə,  idarəetmədə “şərqli” olaraq qalmağı seçmişik. Siyasi olaraq Avropaya, coğrafi olduğumuzdan çox-cox uzaqlaşmaqdayıq!             


12 Kasım 2015 Perşembe

MTN-RİYTN "əməkdaşlığının" qanunu səbəbləri

Bu gün Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun işdən çıxarılması ilə 25 gündür “Eldar Mahmudovun işi” ətrafında davam edən müzakirələrə yeni məqamlar əlavə edildi. Dərhal hökumətin kor-koranə təbliğatçısı olan TV-lər və digər media orqanları müxtəlif “xəyanət” iddiaları ilə öz efirlərini, səhifələrini bəzəməyə başladılar.
Əslində problemin kökünə heç kim baxmaq istəmir. Heç kim soruşmur ki, nəyə görə MTN rabitə sisteminə bu qədər geniş müdaxilə edə bilib və bunun hüquqi səbəbi varmı? Varsa səbəb nədən qaynaqlanır? “Heç kimin ağlına gəlmir,” yaxud  heç kimə sərf etmir ki, bu prosesə təkan verən Telekommunikasiya haqqında Qanundakı olan antidemokratik, nə ictimai nə də hüquqi  nəzarətə imkan verməyən müddəalardan danışsın.
Mən bir neçə dəfə telekommunikasiya sahəsinin hüquqi tənzimləməsi ilə bağlı araşdırmalar aparmış və bu məsələni gündəmə gətirmişəm. Bunun gələcəkdə ciddi problemlər yaradacağını, hüquqi və ictimai nəzarət imkanları olmayan sistemin bir gün hər kəsə zərər verəcək vəziyyətə gələcəyini yüksək tribunalarda, beynəlxalq və milli konfranslarda söyləmişəm. Məhkəmə qərarına ehtiyac olmadan şəbəkələrə müvafiq qurumların istəyi ilə qurğular yerləşdirmək və onların istəyinə uyğun olaraq, dinləmə və izləmə həyata keçirmək ciddi hüquqi pozuntudur.
Məsələnin mahiyyəti bundadır ki,  14 iyun 2005-ci il tarixdə № 927-IIQ saylı Telekommunikasiya haqqında Qanunun 39-cu maddəsi MTN-ə geniş səlahiyyət vermişdir. Maddə belədir:
“Maddə 39. Operatorların, provayderlərin əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən orqanlarla qarşılıqlı əlaqəsi
39.1. Operatorlar, provayderlər qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludur. [9]
39.2. Bu tələblərin pozulmasına görə operator, provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.”

Qanun çox aydın şəkildə Operatorlar, provayderlərə məcbur edir ki,  MTN-in müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etsin, təşkilati məsələləri həll etsin və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlasın. Hətta, Bu tələblərin pozulmasına görə operator, provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Hər hansı məhkəmə qərarı olmadan bu qurğuların istifadəsi MTN-in müəyyən etdiyi çərçivədə hər kəsə yönəlməkdə sərbəstdir. Heç bir nəzarət mexanizmi yoxdur.

2006-cı il 27 sentyabr tarixli 465 nömrəli Fərmanda qanundakı səlahiyyət təkbaşına MTN-ə verilmişditr. Son 9 ildə bu belə davam etdi.   2 oktyabr 2015-ci il də Prezidentin Fərmanı ilə MTN-dən əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə də bu səlahiyyət verilmişdir. Beləliklə, Eldar Mahmudovun vəzifədən alınmasından 15 gün öncə onun səlahiyyətləri XDMX ilə paylaşılmışdır. Beləliklə, yenə də beynəlxalq standartlarda olduğundan fərli olaraq məhkəmənin qərarına ehtiyac olmadan, proses davam edəcək. Yəni gələcəkdə də bənzər, şəxslərin keyfinə uyğun dinləmələr, izləmələrin olduğuna dair informasiyalar eşidəcəksiniz. İndidən buna hazır olun ki, şok olmayasınız. Sadəcə bir fərq olacaq, gələcəkdə daha çox qurumun əməkdaşları haqqında bunu eşidə bilərik.  

8 Kasım 2015 Pazar

Seçkiləri saxtalaşdırmaq cinayətdir

Son günlər sosial şəbəkələri seçkilərin kobud saxtalaşdırması faktları bəzəyir.

 MSK-nın öz resurslarında iki rəqəmi bir-birindən kəskin fərqlənir. Eyni dairə üzrə (35 Dairə) seçkilər bitdikdən sonra seçici aktivliyini göstərən mənbə ilə, protokolda seçici aktivliyini göstərən qrafa arasında bir dairə üzrə mindən çox seçici fərqi var. Ümumiyyətlə, 60-dan çox dairədə heç bir alternativ görüşlü namizədlərin olmaması, seçkilərin əsas müxalif partiya\lar, qurum və topluluq tərəfindən baykot edilməsinə baxmayaraq, yenə də nəticələrə mərkəzləşmiş müdaxilələrin olduğunu təsdiqləyən çoxsaylı sübutlar paylaşılmaqda, pozuntulara yol verən bir nəfər də məsuliyyətə cəlb edilməməkdədəir. Bu da öz növbəsində yeni müzakirə açır.
Cəmiyyət sonsuzadək onun rəyinə hörmət etməyib, seçki nəticələrinə müdaxilə edənləri seyr etməlidirmi? Yoxsa buna dur! demək üçün bir legitim haqq vardır? Bu suala cavab olaraq xırda hüquqi araşdırma aparıb bunun nəticəsini sizinlə də paylaşıram.

 Seçkilərin demokratik keçirilməsini diktə edəcək mexanizmlər hər zaman vardır. Bu mexanizmləriin legitimliyinin mənbəyi 1995-ci ildə Azərbaycan xalqı tərəfindən referendum yolu ilə təsdiq edilən Azərbaycan Respublikası Konstitusiyasının müddəalarıdır
Konstitusiyanın 1-ci maddəsinin 1-ci bəndində göstərilir ki: " Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır."
Konstitusiyanın 6-cı maddəsi “Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi” başlığını daşıyır və maddədə “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”- deyir. Ardınca 2-ci bənddə “Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir”-deyərək, bu əmələ qol qoyan şəxsləri cinayətkar kimi göstərir. Konstitusiyanın 7-ci maddəsi dövlət hakimiyyətini həyata keçirən 3 qoldan 2-nin seçkilərlə formalaşdırıldığını bildirir. 
Yəni bizim nümunəmizdə parlamentin formalaşmasına müdaxilə edib, seçkini saxtalaşdıran sosial qruplar, şəxslər (bura inzibati vəzifə tutan şəxslər, komissiyalarda üzv və ya rəhbər olan şəxslər, partiya nümayəndələri, jek işçiləri, məktəb müəllimləri, səhiyyə işçiləri, müşahidəçi kimliyində gizlənənlər, icraçı rolunda olan qruplar və s. daxildir) bu əmələ qoy qolduqları andan konkret olaraq cinayətkar hesab edilirlər. Konstitusiya sadəcə olmazları göstərib, nəzəri duruş müəyyən etməklə işini bitmiş hesab etmir. Bu zaman hakimiyyətin mənbəyi olan xalqa qurduğu dövləti, konstitusion quruluşu, hakimiyyəti mənimsəyən tərəfə qarşı müqavimət hüququ tanıyır. Konstitusiyanın 54-cü maddəsi: “Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.”-deyərək, müqavimət göstərməyi şəxsin legitim hüququ olaraq tanıyıb. Hakimiyyəti qeyri-legitim yolla (seçkiləri saxtalaşdırmaq yolu ilə) dəyişmək, yaxud əldə saxlamaq dövlət çevrilişinin bir formasıdır. Buna müqavimət göstərmək isə konstitusion hüquqdur. Siyasi tərəflər Konstitusion hüquqlara hörmət göstərməlidir.