22 Ağustos 2016 Pazartesi

"Bələdiyyə" adlı referendum təşəbbüs qrupunun yaradılması və qeydə alınması hüquq pozuntusudur


Avqustun 20-də Mərkəzi Seçki Komissiyası (MSK) bir qrup bələdiyyənin təşəbbüsü ilə “Bələdiyyə” referendum üzrə təşviqat qrupunu qeydə aldığına dair informasiya yayıb.  Bu məlumat bir hüquq adamı kimi məni şoka saldı.

Azərbaycan Konstitusiyasında IX fəsil “Bələdiyyə” adlanır və idarəetmənin yerli əhəmiyyətli funksiyası məhz Konstitusiya ilə bu quruma həvalə edilib. Konstitusiyanın 144-cü maddəsi ilə bu qurumun səlahiyətlərinin çərçivəsini dəqiq sayaraq məhdud müəyyən edib. Yəni bu səlahiyyət çərçivəsindən kənara çıxmaq Bələdiyyələr üçün Konstitusiyanı pozmaqdır.
Ayrıca, Seçki Məcəlləsində seçkiləri idarə edən qurum kimi nəzərdə tutulan komissiyaların məhz bu bələdiyyələrlə sıx əməkdaşlıq etməsi nəzərdə tutulub. Yəni bələdiyyələr seçki və referendumların keçirilməsi prosesində inzibati orqan funksiyası da daşıyır.
Konstitusiyada müəyyən səlahiyyətlər verilən Prezident institutu, Baş Nazirlik, məhkəmə qurumları kimi bələdiyyələr də konstitusion qurumlardır. Seçki  və referendumlarda bunlar təşəbbüskar kimi çıxış edə bilməzlər. Bunların səlahiyyət çərçivəsi Konstitusiya ilə məhdudlaşdırılıb. Konstitusiyada isə 144-cü maddədə səlahiyyətlər 9 bənd üzrə aydın göstərilib. Bu səlahiyyətlər içərisində referendumda tərəf kimi təşəbbüs göstərmək konkret nəzərdə tutulmayıb.
“Qanunla qadağan olunmayan hər şey sərbəstdir” - prinsipi vətəndaşların hüquq və azadlıqların həyata keçirilməsində tətbiq oluna bilər. Lakin konkret səlahiyyət dairəsi Konstitusiya ilə müəyyən edilən qurumların, Milli Məslisin, Məhkəmələrin, Bələdiyyələrin səlahiyyəti müəyyən edildiyi sərhədlərlə məhduddur. Bu qurumlara verilməyən səlahiyyətləri icra etməyə təşəbbüs göstərsələr, başqa sahələrə qanunsuz müdaxilə etmiş olarlar.
Konstitusiyanın IX fəslindən aydın göründüyü kimi, bələdiyyələr qurum kimi təşəbbüs göstərə bilməz, prosesdə onlrın tərəf kimi çıxış etməsi qanunla qadağandır. Bələdiyyə üzvləri də, bələdiyyə vəzifələrində olan şəxslər də bu qurumda olmalarını üstünlük kimi təqdim edib, referendum üzrə təşəbbüs qrupunun təsisçisi ola bilməzlər.
Təşəbbüs qrupunun adının “Bələdiyyə” olaraq seçilməsi təşəbbüskarların vətəndaş olması halında belə yolverilən deyil. MSK bu adı qeydə almamalı idi. Çünki Bələdiyyə konstitutsion qurumdur. Eyni ilə “Prezident”, “Milli Məclis”, “Ali Məhkəmə”, Konstitusiya Məhkəməsi”, “Baş Nazir” kimi adlar altında təşəbbüs qrupunun yaradılması necə mümkünsüzdür və buna təşəbbüs edənlər qeydə alınmırlarsa, “Bələdiyyə” adı da məhz konstitusion qurum olduğundan həmin addan sui-istifadəyə MSK yol verməməli idi.
 Seçki Məcəlləsinin 61-ci maddəsi təşəbbüs hüququnu sadəcə vətəndaşlara verir. Lakin bunların da dairəsini məhdudlaşdırır. Məsələn, Seçki Məcəlləsinin 69.3-cü maddəsində bildirilir ki, bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər. Təsadüfi deyil ki, 69.5-ci maddədə açıq şəkildə bildirilir: “...bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılması təşəbbüsçülərinin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır”.
Sonda onu da vurğulamaq istərdim ki, Bələdiyyələr Seçki Məcəlləsinə əsasən seçici siyahılarının formalaşması, habelə komissiyaların harada formalaşmasına görə müəyyən səlahiyyətlər icra edir. Yəni seçicilərin şəxsi məlumatlarına malikdirlər. Belə olan halda, təşəbbüs qrupunda yer alan bələdiyyənin, onun vəzifəli şəxslərinin imza  toplaması zamanı əlində tutduğu  həmin şəxsi məlumatlardan qanunsuz istifadəsi necə önlənə bilər?
Bu, özlüyündə hüquq pozuntusuna birbaşa dəvətnamə vermək deyilmi?
Göründüyü kimi, MSK Konstitusiyaya zidd olaraq, “Bələdiyyə” adlı təşviqat qrupunu qeydə alıb. Bu, Referendumun nəticələrinin bəri başdan şübhə altına düşməsi ilə qiymətləndiriləcək.  


20 Ağustos 2016 Cumartesi

Fövqəladə vəziyyət elan etmədən, KİV-in fəaliyyətinə qanunlara zidd məhdudiyyət gətirilə bilməz

Tam bir il öncə bu yazı ilə https://www.facebook.com/elesger/posts/10153536409824738 -da hüquq yaratma sistemimizdəki problemlərə diqqət çəkmişəm. Aktuallığı heç dəyişməyib. 

Azad medianın nəzərinə!!
Bu gün Nazirlər Kabinetinin "Jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası" adlı 14 avqust tarixli 279 nömrəli qərarı qüvvəyə minib.
Ölkədə hüquq yaratma sistemində ciddi problem hiss olunur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri ola bilər. Lakin mənə görə bir subyektiv səbəb də hökumət üçün işləyən hüquqşünasların ola bilsin ki, digər kommersiya fəaliyyətlərinə başları qarışdığından hüquq prinsiplərini "unutmasıdır".
Konstitusiyanın 149-cu maddəsinə görə aşağı norma yuxarı normalara zidd ola bilməz. Konstitusiyanın 148-ci maddəsinə əsasən Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar sistemində 6-cı sırada durur. Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanunun 8-ci maddəsi Normayaratma fəaliyyətinin əsas prinsiplərinı sayıb. Norma yaradan tərəf kim olmasından asılı olmayaraq bunlara əməl etməlidir.
- Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;
- aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;
- beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;
- mütənasiblik;
- dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;
- normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;
- normativ hüquqi aktların ziddiyyətsizliyi;
- insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;
- ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.
Nazirlər Kabinetinin bu qərarı əsas hüquq və azadlıqlardan olan məlumat azadlığı hüququnu məhdudlaşdır. Hansı ki bunun təminatı Konstitusiyanın 50-ci, 71-ci maddələrində çox açıq var.
Qaydaları oxuyanda, bu sənədin media qanunvericiliyindən xəbəri olmayan birinin hazırladığı açıq ortaya çıxır. Qaydanı qəbul etməkdə əsas kimi bu səbəb göstərilib: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (bundan sonra - cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri (bundan sonra - KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir
Məsələnin mahiyyəti bundadır ki, Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanununda hərbi vəziyyət elan edilmədən, KİV-lərə məhdudiyyət gətirilə bilməz. Heç bir norma hərbi vəziyyət elan edilmədən, belə bir məhdudlaşdırmanı mümkün hesab etmir. Bu Konstitusiyanın 71-ci maddəsinə də ziddir. 24 sentyabr 2014-cü il tarixli Prezident Sərəncamında da “2.1. 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;-şəklində bir bənd vardı. Yəni 2014-cü ilin dekabr ayının sonunda bu qanun layihəsi hazır olmalı idi. Amma Parlament Qanunu dəyişmədən, Nazirlər Kabineti məhdudlaşdırıcı normanı tətbiq etməyə başlayıb. Yəni qanunsuz məhdudiyyət tətbiq edib.
Ayrıca “cəbhəboyu zona” ifadəsinin içərisi doldurulmalıdır. Cəbhəboyu dedikdə, təmas xəttinin eni nədir?, neçə metr və ya kilometr bitişik ərazi təmas xətti hesab olunur?, təmas xətti dedikdə dövlətlər arası sərhəddən söhbət gedib-getmədiyi necə aydınladılmalıdır?- sualları cavabını tapmalıdır.
Biz öz ərazimizin daxilində, işğal edilmiş ərazilərin arasındakı xətti bununla rəsmiləşdirmirik mi? O zaman Kəlbəcərə yaxınlarının qəbrini ziyarətə gedib, ermənilər tərəfindən həbs edilənlərə hüquqi problem yaratmayacağıq mı?
Bir digər hüquqi problem, hərbi vəziyyət elan etmədən, təmas xətti ilə, həmin xəttin dıbındə olan kəndlərlə Bakının hüquqi durumunun fərqləndirilməsinin mümkünsüzlüyüdür. Bakıda X saylı hərbi hissənin divarının bitişiyindəki yaşayış evi, məhəlləsi ilə həmin təmas xəttinin dibindəki kəndin ərazisinində informasiya toplamanın hüquqi fərqi nədən olmalıdır?
Konstitusiyanın 111-ci maddəsi deyir ki, “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda,... Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir”.
Konstitusiyanın bu norması “verə bilər” yox “verir” ifadəsindən istifadə edir. Bu əmredici normadır. Bu gün Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunmayıb mı? O zaman Konstitusiyanın 111-ci maddəsi nədən tətbiq edilmir? Buyurub həmin ərazilərdə “hərbi vəziyyət” elan edib, istənilən məhdudiyyəti tətbiq edin. Hüquqi yol budur. Amma bunu tətbiq etmədən, ölkənin içində informasiya alma rejimini fərqləndirmək həm Konstitusiyaya, həm Konvensiyaya həm də KİV haqqında qanuna ziddir.
Ayrıca, akkreditasiya lisenziya demək deyil. Bunu dərk etmək lazımdır. Akreditasiya KİV-ə və jurnalistə üstünlük verir amma informasiya almasını məhdudlaşdırmır. Akreditasiya olmayan jurnalistin də məlumat alma hüququ qorunur. Çünki, Konstitusiya hər kəsə bu hüququ 50-ci maddə ilə verib.
Qaydalarda akkreditasiya olunmaq da bölgədən informasiya almağa yetmir ayrıca 5-gün öncədən Müdafiə Nazirliyinə müraciət olunmalı, icazə verilərsə gedib informasiya toplamaq mümkün görünür. Bu norma KİV-haqqında qanunun 8-ci madddəsinə birbaşa ziddir. Jurnalist məlumatı dərhal mümkün olmadıqda 24 saat içərisində əldə etməlidir. Düşünün ki operativ hadisə baş verib, siz dərhal hadisə yerinə gedə bilməzsiniz, 5 gün gözləməlisiz ki sizə cavab versinlər, "hə" desələr gedə bilərsiniz, "yox" desələr gedə bilməyəcəksiniz. Bu hüquqi rejimin adı nədir? Hara gedirik?
Məsələni hüquqi baxımdan daha ciddi ələ almaq lazımdır. Ölkənin imicini bu qədər zərbə altına qoymaq olmaz.
.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmişdir 1. Ümumi müddəalar 1.1. “Jurnalistlərin…
AZERBAİJAN-NEWS.AZ