Jurnalist Aynurə Heydərovanın Suallarını cavabladıq
Ələsgər Müəllim, Ədliyyə Nazirliyinin kollegiyası “Qeyri-hökumət təşkilatlarının, xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin
öyrənilməsi Qaydaları”nı təsdiq edib. Bununla bağlı mövqeyinizi öyrənmək istəyirik.
Sual: Ədliyyə Nazirliyinin
qeyri-hökumət təşkilatlarının, xarici QHT-lərin nümyəndəliklərinin fəaliyyəti ilə bağlı hazırladığı qaydalar
barədə fikriniz maraqlıdı. Sizcə bu nə deməkdi və bu dəfə niyə dəyişikliklərə
ehtiyac duyuldu?
Ələsgər Məmmədli: Bu
Qaydaların bu şəkildə təsdiq olunması son 2 ildə ölkədə QHT sektoruna qarşı
başladılan məhdudlaşdırma prosesinin dayanmadığını, son sürətlə davam etdiyini
göstərir. Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən hazırlanan bu Qaydalar
birmənalı olaraq qanunvericiliyin müəyyən etdiyi sərhəddi aşır və QHT və xarici
dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə əlavə öhdəliklər,
vəzifələr yükləyir. Bu isə QHT-lərin fəaliyyət sferasını qanunla nəzərdə
tutulduğundan artıq məhdudlaşdırmaq deməkdir. Deməli, ölkədə birləşmək
azadlığına ciddi müdaxilə edilir. Bu müdaxilə həm Konstitusiyanın 58-ci maddəsində
göstərilən birləşmək azadlığına, həm də ratifikasiya etdiyimiz Avropa İnsan Hüquqları
Konvensiyasının 11-ci maddəsinə (birləşmək azadlığı) ziddir.
Sual: 2011-ci
ildən, əvvəl sənəd üzərində müstəqil QHT-lərə olan basqaılar, sonra həm sənəd
həm də real həyatdakı basqılar bəzil QHT
rəhbərlərinin həbsinə, digərlərinin bağlanmasına səbəb oldu. Sizcə hakimiyyətin
istəyi nədi? Problemi eşitməməkdirsə, hazırda yenə problemlər səslənir. Özü də
daha qabarıq. Bunu şərh edərdiz?
Ələsgər Məmmədli: 20014-cü ilə
gəldiyimizdə Azərbaycanda demək olar ki siyasi fəaliyyət imkanları maksimum
daraldılmış, sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmışdı. Siyasi partiyalar,
siyasi fəaliyyət göstərən şəxslər bu və ya digər formada ciddi çərçivəyə
salınmışdır. Media da bu prosesdən nəsibini almış, bütün teleradiolar tək
iradəyə, hökumətin iradəsinə tabe edilmiş, bir çox müstəqil qəzet sıradan
çıxarılmış, internet üzərindən də çoxsaylı maliyyələşmə mənbəyi şübhəli olan,
amma hökumətin gizli əli ilə maliyyələşən online mətbuat yaradılmışdır. Tək
istisna, müəyyən QHT-lər və Xarici
QHT-lərin nümayəndəlikləri vətəndaş cəmiyyətinin inkişafı üçün səy göstərir,
müstəqil fəaliyyət üçün müəyyən qrantlar ayırır və bu çərçivədə tam olmasada
qismən hökumətə ictimai nəzarəti həyata keçirirdi. Hökumət, yeganə fəaliyyət
göstərən bu sektoru da susduraraq, öz yanlışlarını göstərən güzgünü qırmaq qərarına
gəldi. 2013-cü ilin 17 dekabrında Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında Qanuna
edilən məhdudlaşdırıcı dəyişikliklər 2014-cü ilin fevralında qüvvəyə mindi və
dərhal QHT və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinə qarşı
başladılan məşhur cinayət işinə start verildi. Çox sayda QHT-nin hesabına həbs
qoyuldu, ofisləri bağlandı, məsul şəxslər qondarma ittihamlarla həbsə atıldı,
onlarla QHT fəalının ölkədən çıxışına qadağa qoyuldu, qrantların icrası
dayandırıldı, yeni qrant alma yolu bağlandı, bank əməliyyatlarına blok və
məhdudiyyət qoyuldu. Beləliklə, illik 50-60 milyon dollarlıq qrant alıb,
vətəndaş cəmiyyətinin inkişafına, hökumətin şəffaflığına, korrupsiyanın
önlənməsinə nəzarət edən, vətəndaşları maarifləndirən, peşəkarlığı artıran,
yeni vərdişlər öyrədən, xeyriyyəçilik edən, sosial problemləri həll edən QHT
sektoru iflic edildi və mövcud olma mübarizəsinə tərk edildi.
Hökumət
düşündü ki, onun problemlərini deyən QHT sektorunu da sıradan çıxarmaqla,
problemi bitirəcək və hər kəs onu tərifləyəcək. Amma bu özünü aldatmaqdan başqa
bir şey deyil. İndi artıq problemləri yerli QHT-lər bəlkə yüksək səslə deyə
bilmir, hesabatlar ortaya qoya bilmir. Lakin bu dəfə beynəlxalq tribunalarda
bunu birbaşa məsul qurumların rəsmiləri dilə gətirir, dünya mətbuatı bunu yazır,
yayır. Ayrıca, QHT sektorunu bitirməklə, problem bitməz. Çünki, problemlərin
böyük əksəriyyəti idarəetmədəki problemdir, məmur özbaşınalığı, qanunların heçə
sayılmasının, korrupsiyanın yaratdığı problemlərdir. Belə olmasa, ölkədə bir
ildə manat 100% dəyərdən düşməz, işsizlik baş alıb getməz, iş yerləri
bağlanmaz, sadə əhali etirazlarla küçələrə çıxmazdı. Bunları QHT-lər etmirdi.
Tam tərsi, QHT-lər əlavə vəsaitlər ölkəyə cəlb edir, hökumətin həll etmədiyi,
yaxud resurs ayıra bilmədiyi sferalara, icmalara vəsait ayırır, problemlərin
həllinə yardımçı olurdu...
Sual: Qayıdaq
qaydalara, QHT-lərlə bağlı 30-cu maddəyə əlavələr edilənə kimi (səhv
eləmirəmsə) bu yoxlamalar zatən Ədliyyə Nazirliyininn Qeydiyyat və Notariat baş
idarəsi tərəfindən aparılırdı. Bu dəfə iştirak edən qurumlar hansılardı və əvvəlki yoxlamalardan hazırkılar nə ilə
fərqlənir?
Ələsgər Məmmədli: Əslində, Qanunda nəzarət funksiyası Ədliyyə Nazirliyinə tanınıb.
Burda bir ziddiyyət yoxdur. Bilirsiniz ki,
17 Dekabr 2013-cü ildə Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında Qanuna 30-1 maddə əlavə edildi. Diqqət
edilməsi zəruri məsələ budur ki, qanuna əlavə edilən maddə bütünlükdə QHT-lərin
fəaliyyətini öyrənmək və onlara yeni öhdəliklər yükləmək yox, onların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsini
nəzərdə tuturdu. Əslində bu normanın özü də birləşmək azadlığı konteksindən
baxdıqda, qanunvericiliyə gətirilməsi üçün demokratik
cəmiyyətdə nə qədər zəruridir sualına cavab vermir. Amma məsələ bundadır
ki, Ədliyyə Nazirliyinin yazdığı “Qaydalar” sanki hansısa dövlət qurumunun
kargüzarlığının aparılması qaydalarıdır. O qədər detallı və müdaxiləçi.
Məsələn, qanunda QHT-nin fəaliyyətinin öz
nüzamnaməsinə uyğunluğunun öyrənilməsindən bəhs etdiyi halda, Qaydaların 1.8-ci
bəndi “fəaliyyəti öyrənilərkən
hüquqpozuntularına şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması
ilə yanaşı, onların təhlilinə və
qabaqlayıcı tədbirlərə də diqqət yetirilməlidir”- deyir. Bu Qanunda nəzərdə
tutulmadığı halda, Ədliyyə Nazirliyi tərəfindən qanunverici orqanın yerinə
keçib yaratdığı yeni normadır. Yaxud,
Ədliyyə Nazirliyi tərəfindən “QHT-lərə fəaliyyətlərində qanunvericiliyin
tələblərinə əməl edilməsinin təmin olunması ilə əlaqədar dövri təlimlər təşkil
edilir”- deməklə, sanki QHT-lər dövlət idarəetməsində icranın aşağı qoludur
və onlar təlimləndirilir. Halbuki, QHT-lər məhz həmin Ədliyyə Nazirliyinin də
fəaliyyətinə ictimai nəzarət həyata keçirə bilməlidir. İndiki halda elə
yanaşılır ki, QHT-lər icradan asılı, onların tabeliyində olan bir aşağı
qurumdur.
Qaydaların 2.3-bəndi ümumiyyətlə absurddur. “2.3.QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim
etmək üçün öz yazışmaları üzrə
kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat
sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq olunmuş
surətlərini ayrıca qovluqda saxlamalıdırlar.” Ədliyyə Nazirliyinə
soruşmaq lazımdır ki, QHT-nin Nizamnaməsində, Əsasnaməsində habelə, QHT-lərə
belə bir məsuliyyət yükləyən heç bir Qanunda belə bir norma olmadığı halda, siz
hansı əsas və səlahiyyətlə qanunverici səlahiyyətini mənimsəyərək, QHT-lər üçün
belə “vəzifə” müəyyən edirsiniz?
Sizə bu səlahiyyəti kim və hansı qanunvericiliklə verib?
Bu Qaydaları bu formada qəbul edən Ədliyyə Nazirliyi həm Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında Qanunun 30-1 maddənin tələbini pozub, həm də Milli Məclisin səlahiyyətini mənimsəyib. Bu
birbaşa konstitusiyanın 94-cü maddəsinin 1 və 10-cü bəndlərinin pozulmasıdır və
mən düşünürəm ki, QHT-lər bu normanı məhkəmədə mübahisələndirməli, Konstitusiya
məhkəməsinə götürməlidirlər.
Qaydaların 2.4-cü bəndi də eyni mahiyyətdədir və Ədliyyə Nazirliyinin
səlahiyyətlərini aşmasıdır. Müddətlərlə bağlı müddəalar da konkret QHT-lərin
fəaliyyətinə maneə yaradan normalardır. Aylarla yoxlama tədbirləri davam edə
bilər. İctimai funksiya həyata keçirən, könüllü birləşərək, öz resursunu yaradan
və fəaliyyət göstərən ictimai birliklər üçün belə normaların gətirilməsinin legitim hüquqi dayanağı yoxdur.
Ümumiyyətlə, Ədliyyə Nazirliyi dərk etməli idi ki, onlar öz qurumlarının
rəsmilərinin davranışı üçün qayda hazırlaya bilər, QHT-lər üçün yox. Çünki,
QHT-lər Qanunlarla və öz Nizamnamə və əsasnamələri ilə fəaliyyət göstərir.
Onlar yanlız Qanunlarda və daxili sənədlərində mövcud olan vəzifələri icra
etməlidir. Əsasnamə Ədliyyə Nazirliyinin əməkdaşlarının yoxlama ilə bağlı
prosedurlarını tənzimləməlidir, QHT-yə vəzifə yükləməməlidir.
Sual: Necə
düşünürsüz bu qaydalarla xarici təşkilatlar niyə Azərbaycanla əməkdaşlıqda
maraqlı olsun? Ümumiyyətlə xarici təşkilatların bu sərtləşmələrlə bağlı hər
hasnı bir fikri ilə qarşılaşıbsız?
Ələsgər Məmmədli: Mən Sizə səmimi
deyim ki, heç bir beynəlxalq təşkilat, donor fəaliyyətlərə bu qədər məhdudiyyət
tətbiq olunan ölkəyə yardım etmək, donor kimi fəaliyyət göstərmək, ictimai
sektora investisiya qoymaqda maraqlı olmaz. Artıq Donorların qeydiyyatını tələb
edən sənəd xeyli vaxtdır ki qüvvədədir. Amma hələ heç bir rəsmi məlumat yoxdur
ki, kimsə gəlib Azərbaycan Hökumətinin istədiyi kimi Donor olaraq qeydiyyatdan
keçib. Yəqin ki, heç olmayacaq da. Bu proses regionda qonşu ölkələrə donorların
yönəlməsinə səbəb olur. Artıq 2 ildir ki, Azərbaycan QHT-ləri böyük
vəsaitlərdən mərhum olub və daha əvvəllər azı ildə ayrılan 30-40 milyon
dollarlıq vəsait Gürcüstan və Ermənistan vətəndaş cəmiyyətinə yönəldilir.
Beləliklə, qısa müddətdən sonra biz bütün beynəlxalq platformalarda bu
ölkələrin vətəndaş cəmiyyətinə uduzacağıq. Çünki, onlar vəsaitləri cəlb edir,
fərdi inkişafı təmin edir, biz yerimizdə sayır, bu sektorda yetişənlərin də
getməsinə səbəb oluruq. Bu bizim rəqabət gücümüzü ortadan qaldıracaq.
Sual: Sonuncu
dəyişikliklər nəsə vəd edir?
|
Resim yazısı ekle |
Ələsgər Məmmədli: Bu
normaların qəbul edilməsi, cəmiyyətdə vətəndaş cəmiyyətinə yönələn basqıların
dayandığı, yaxud səngidiyi fikrinin səhv olduğunu göstərdi. Anlaşıldı ki, vətəndaş
cəmiyyətinin fəaliyyətində hökumət maraqlı deyil və bu sektoru tamamilə ram
edib, özünə bağlamadıqca, dayanmayacaq. Onsuz da, bu sferada sayca böyük
əksəriyyət qurumlar hökumətin yanında və yedəyində idi. Müxtəlif Dəstək
Fondları adı altında dövlət büdcəsindən ayrılan vəsaitdən pay almaq üçün, öz
simalarını dəyişib “qeyri hökumət” funksiyalarını, “hökumət yanında” funksiyası
ilə əvəzləmiş bu qurumlara rağmən, müstəqilliyini qoruyan, həqiqətən də
vətəndaş cəmiyyətinin inkişafına töhfə verən, hökumətin yanlışlarını deyən, yol
göstərən, neqativ halları aşkarlayan QHT-lərin sayı barmaqla sayılacaq qədər az
idi. İndi məqsəd bunarın heç
olmamasıdır. Məqsədə çox yaxındırlar. 2 ildir ki, ölkədə önəmli sahələrdə,
media sferasında, insan hüquq və azadlıqları sferalarında ciddi hesabatlar
yoxdur, araşdırmalar aparıla bilmir. Müstəqil vətəndaş cəmiyyəti
institutlarının axırına çıxılmaq üzərədirlər. Amma unudurlar ki, bu yanaşma
qısa müddətdə hökumətin özünə də mənfi təsir edəcək. Öz yanlışlarını görməyən
hökumət uçurumun kənarında olduğunun da fərqində olmayacaq. Belə durumlarda ani bir yanlış bütünlüklə cəmiyyəti uçuruma
sürükləyə bilər.