4 Aralık 2023 Pazartesi

Jurnalistlərin həbsinin əsl səbəbləri

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli də Medianews.az-a açıqlamasında jurnalistlərin həbsini çox üzücü bir hal kimi qiymətləndirib və bu həbslərin elan olunan səbəblərinin cəmiyyətə inandırıcı gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, jurnalistlərə yönəlik həbslər baş verdiyi zaman hər kəs bilir ki, ilk növbədə onlar cəmiyyətin diqqət mərkəzinə düşdükləri üçün, peşə fəaliyyətləri ilə əlaqədar belə münasibətlə qarşılaşırlar: “Abzas Media”nın təqib olunması arasında onların araşdırma istiqamətində xeyli materiallar hazırlamalarıdır. Bunu həmin jurnalistlərin özləri də iddia edirdilər. Böyük ehtimalla bu, gerçəkdir. Çünki Azərbaycan qanunvericiliyinə görə, hər bir kəs bəyan etmədən ölkəyə on min dollara qədər vəsait gətirə bilər. “Abzas Media”dan dörd nəfəri həbs ediblər və bu media qurumunun ofisindən də toplam 40 min pul götürüblər. O məbləği dörd nəfər arasında bölsək, görərik ki, əslində hər bir adama qanunla icazə verilən məbləğ düşür. Digər tərəfdən, bunu gömrük orqanları aşkar etməyib. Bu faktın özü də məsələnin ciddiliyini şübhə altına alır. Əgər söhbət qaçaqmalçılıqdan gedirsə, mahiyyət etibarilə ilk növbədə bunu gömrük orqanları sübut etməliydi. Daha doğrusu, həmin vətəndaşlar gömrük nəzarətindən keçərkən suç üstündə, yəni fakt üzrə yaxalanmalıydılar. Amma baş verən hadisə onu sübut edir ki, bütün bunlar kifayət qədər qurama, sonradan təşkil olunmuş bir işdir. Ona görə də bu məsələ çox ciddi şəkildə jurnalistin peşə fəaliyyətinə yönəlik məhdudlaşdırılma kimi qiymətləndirilə bilər”. Media eksperti Ə.Məmmədli jurnalist Əziz Orucovun həbs olunma səbəbinə də diqqət çəkib. Bildirib ki, “Kanal 13” Azərbaycanın ilk internet televiziyalarından biridir və informasiya resursu olaraq onun “YouTube” üzərində 1 milyon 600 mindən çox abunəçisi var. Ekspertin qənaətincə, internet üzərindən belə bir böyük resursu olan televiziyanın rəhbəri uydurma ittihamla həbs olunursa, deməli məsələnin kökündə qanunsuz ev tikmək dayanmır: “Biz bilirik ki, Azərbaycanda 500 mindən çox qanunsuz tikililər, evlər var. Bu gerçəklik rəsmi şəkildə də qəbul olunb. Həmin qanunsuz tikililərin legetimləşdirilməsi istiqamətində müvafiq addımların atılması üçün rəsmi qərarlar da mövcuddur. Əgər “Kanal 13”ün rəhbərinin əməli cinayətdirsə, o zaman 500 mindən çox qanunsuz tikilinin sakinləri də həbs olunmalıdır. Hər qanunsuz tikilinin ən azı bir nəfərə mənsub olduğunu nəzərə alsaq, bu, 500 mindən çox insanın, ümumilikdə isə ölkə əhalisinin beş faizinin həbs olunması deməkdir. Bu aspektdən yanaşsaq, Əziz Orucovun həbsi ciddi suallar doğurur. Nəyə görə 500 mindən çox insanın içində məhz “Kanal 13”ün rəhbəri seçilib, həbsə atılıb? Bütün bunlar Əziz Orucovun həbsinin onun peşə fəaliyyəti ilə əlaqədar olmasına dair qənaət formalaşdırır. Onun həbsindən sonra kanalın internet üzərindəki resursuna müdaxilə olundu, oradan bir neçə video silindi. Bunun ardınca “Kanal 13” əməkdaşları önləyici tədbirlər gördü və təhlükəsizlik tədbirləri gücləndirildi”. Ə.Məmmədli qeyd edib ki, Ə.Orucovun həbsinə etiraz edən, bu hadisəni ictimai müzakirəyə çıxaran şəxslərdən biri də internet televiziyanın aparıcısı Rüfət Muradlı olub. Ekspertin fikrincə, R.Muradlının bu addımlarına cavab olaraq, o da süni ittihamlarla həbs olunub: “Bu faktın özü də sübut edir ki, kimlərisə jurnalistlərin fəaliyyəti narahat edir. Rüfət Muradlı mədəni insandır, işinin peşəkarı olan jurnalistdir, ali təhsilli hüquqşünasdır. İndiyə qədər kimsə onun kobud, qaba hərəkətini müşahidə etməyib. Dostları ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin heykəlini ziyarət edib qayıtdıqdan sonra o, guya polisin qanuni tələbinə əməl etməyib və bu əsasda həbs olunub. Ən ciddi problemlərdən biri də budur ki, həmin inzibati sanksiyaya görə 200 manat cərimə də var. İstisna hallarda, müvafiq qanunun pozulma dərəcəsi nəzərə alınaraq bir aya qədər həbs cəzası tətbiq oluna bilər. Hökm çıxaran hakim və “əmrləri pozulan” polislər belə hesab ediblər ki, Rüfət Muradlı kimi ziyalı, partiya sədrinin müavini, jurnalist, aparıcı əgər hər hansı qaydanı pozubsa, residivist kimi qanunun yol verdiyi ən ağır cəza ilə cəzalandırılmalıdır. Bu da açıq şəkildə göstərir ki, burada qərəz var. Baş verən həbslərin heç biri ölkədə media və ifadə azadlığına xidmət etmir, əksinə, ölkənin beynəlxalq imicinə ciddi xələl gətirir”. Hüquqşünas Ə.Məmmədli söyləyib ki, Azərbaycan həm öz Konstitusiyası, həm də qoşulduğu beynəlxalq insan hüquqları konvensiyası ilə birmənalı olaraq media, ifadə azadlıqlarının toxunulmaz olduğunu, eyni zamanda məhdudlaşdırılmayacağını qəbul edib. Onun sözlərinə görə, buna müdaxilə yalnız legitim şərtlərdə mümkündür: “İndi baş verənlərin heç biri legitim səbəb deyil, hüquqi baxımdan əsaslandırılması qeyri-mümkündür. Baş verənlərin heç biri demokratik cəmiyyətdə zərurilik daşımır. Jurnalistin işi tənqid etmək, yanlışları göstərmək olmalıdır. Jurnalist sadəcə tərif deyəndə jurnalist olmur, əksinə, cəmiyyəti bilgiləndirəndə, dövlətin və idarəetmə strukturlarının fəaliyyətinə nəzarət həyata keçirəndə jurnalist olur. Ola bilər ki, cəmiyyəti bilgiləndirmək, ictimai nəzarət həyata keçirmək kimlərisə narahat etsin, amma bu, jurnalistikanın tələbidir, jurnalistin işidir. Əgər jurnalist nəyisə yalan deyirsə, dezinformasiya yayırsa, buyurun verin məhkəməyə, onun yalanını sübut edin, buna görə də tədbir görün. Lakin qaçaqmalçılıq, qanunsuz ev tikmək, polisi söymək kimi gülünc iddialarla jurnalistin fəaliyyətini dayandırmaq doğru yanaşma deyil və bu ittihamlar heç kimə, hətta bunu irəli sürənlərə də inandırıcı gəlmir. Cəmiyyətdə kimsəni buna inandırmaq mümkün deyil. Mən təəssüf edirəm ki, Azərbaycanda bu baş verir. Fikrimcə ən qısa müddətdə bu yanlış yoldan geri dönüləcək, adları çəkilən şəxslər azad olunacaqlar. Çünki zəruriliyi, legitim əsası olmayan müdaxilələrə yol verənlərin Azərbaycanın milli maraqlarına xidmət etmədiyi ortadadır. Belə şəxslərin məsuliyyətə cəlb olunması yaxşı hal olardı”. https://medianews.az/2023/12/04/jurnalistl%C9%99rin-h%C9%99bsinin-%C9%99sl-s%C9%99b%C9%99bl%C9%99ri-arasdirma-fotolar

23 Ekim 2023 Pazartesi

Azərbaycan Respublikası “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü YEKUN HESABAT. 2023

The Initiative of Information Transparency Measurement in the Government Bodies of the Republic of Azerbaijan FINAL REPORT 2023

ANALYSIS OF THE RIGHT OF ACCESS TO INFORMATION IN AZERBAIJANI LEGISLATION AND RECOMMENDATIONS

Azərbaycan qanunvericiliyndə informasiya əldə etmək hüququnun təhlili və təkliflər

Azərbaycan qanunvericiliyndə informasiya əldə etmək hüququnun təhlili və təkliflər





Hazırladı: Ələsgər Məmmədli, Hüquqşünas ekspert 



Bakı-2023I. Giriş

İnformasiya əldə etmək hüququ müstəqil hüquq kimi ortaya çıxmazdan öncə daha çox İfadə azadlığının ayrılmaz hissəsi kimi təqdim edilib. İfadə azadlığına insanların informasiyaları axtarması, əldə etməsi və yayması da daxil edilib. 

İnformasiyanın əldə olunması bir hüquq kimi xüsusi əhəmiyyət daşıyır. Dövlətin idarə olunmasında, cəmiyyətdəki problemlərin həllində bilgili vətəndaşların mövcud olması problemlərin ortadan qaldırılmasına mühüm dəstək verir. Təsadüfi deyil ki, informasiya əldə etmək hüququnun önəmi hər gün daha da artmaqdadır. İnformasiya əldə etmək hüququ cəmiyyətdə və idarəetmədə şəffaflığın təmin olunmasına, korrupsiyanın qarşısının alınmasına, hesabatlılığa, yoxsulluğun aradan qaldırılmasına, idarəetmənin səmərəliyinin təmin olunmasına xidmət edir. 

Hazırda 27 dövlətin birliyi kimi formalaşan Avropa Birliyinin 2000-ci ildə qəbul etdiyi “Əsas İnsan Hüquqları Konvensiyası”nın 11-ci maddəsində göstərilir ki: “Hər kəs ifadə (söz) azadlığına sahibdir. Bu haqq dövlət səlahiyyətlilərinin müdaxiləsi olmadan və ölkələrarası sərhədlər diqqətə alınmadan fikir sahibi olmaq, bilgi və düşüncəyə çatım və yayma azadlığını əhatə edir. Media azadlığına və plüralizmə (fikir rəngarəngliyinə) hörmət ediləcəkdir. Bu Konvensiya birbaşa informasiya əldə etmək hüququna yer verməsə də, bundan öncə qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu və BMT-nin Mülki və Siyasi Hüquqlara dair Paktının 19-cu maddələrinin mahiyyətinə uyğun davranmışdır.  

Həmin Konvensiyanın 41-ci maddəsi informasiya əldə etmək hüququ ilə əlaqəli  başqa bir hüquqa - “Yaxşı idarəolunma hüququ”na yer verməklə, bu hüququ daha da genişləndirir. İnformasiya əldə etmək hüququnun olmadığı yerdə yaxşı idarəetmənin olmasından danışmaq mümkün olmaz.   

İnformasiya azadlığının əhəmiyyətini ilk qavrayan cəmiyyətlərdən biri dünyada isveçlilər olub. 257 il bundan öncə - 1766-cı ildə  İsveçdə  informasiya azadlığını da əhatə edən “Mətbuat azadlığı haqqında” ilk hüquqi sənəd qəbul olunub. 

1945-ci ildə yaranan BMT-nin 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu Maddəsi hər bir şəxsin ifadə hüququna malik olduğunu bildirdikdən sonra qeyd edir ki, “bu hüquqa maneə olmadan öz rəyində qalmaq və dövlət sərhədlərindən asılı olmayaraq istənilən vasitə ilə informasiya və ideyalar axtarmaq, əldə etmək və onları yaymaq azadlığı daxildir.” 19-cu maddə ifadə azadlığını əsas götürsə də, informasiya əldə etmək hüququnu da bu əhatədə göstərib. 

1966-cı ildə qəbul edilən və 1976-cı ildən BMT-nin üzv dövlətləri tərəfindən ratifikasiya edilərək, qüvvəyə minən, habelə qəbul edən dövlətlər üçün bağlayıcı olan “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın” 19-cu maddəsində də eyni məzmun yer alıb: “Hər kəs ifadə azadlığı hüququna malikdir; bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq, hər cür informasiya və ideyaları şifahi, yazılı şəkildə və ya mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.

BMT-nin İnsan Hüquqları Komitəsinin 34 saylı Ümumi Şərhində də bu hüquqa toxunulur. Şərhin 18.19-cu Maddəsinin 2-ci paraqrafı dövlət orqanlarında olan informasiyanı əldə etmək hüququnu əhatə edir və bu cür informasiyaya: “hansı formada saxlanmasından, mənbəyindən və yaranma tarixindən asılı olmayaraq, dövlət orqanı tərəfindən saxlanan sənədlər də daxildir”- deyir. Daha sonra vurğulanır ki: “İnformasiya əldə etmək hüququnun həyata keçirilməsinin təmin olunması üçün, iştirakçı Dövlətlər ictimai əhəmiyyətli Dövlət məlumatlarını fəal şəkildə ictimaiyyətə açıqlamalıdır. İştirakçı dövlətlər bu cür məlumatların asan, çevik, səmərəli və praktiki şəkildə əldə edilə bilməsini təmin etmək üçün hər cür səy göstərməlidir. İştirakçı dövlətlər hər kəsin informasiya əldə etməsinə imkan verən zəruri prosedurlar, informasiya azadlığı haqqında qanunvericilik də qəbul etməlidir. Həmin prosedurlar informasiya sorğularının Pakta zidd olmayan aydın qaydalara uyğun olaraq icra edilməsini təmin etməlidir. İnformasiya sorğuları üzrə rüsumlar elə müəyyən olunmalıdır ki, informasiya əldə edilməsinə əsassız maneə yaratmasın. Dövlət orqanları informasiya əldə edilməsi üçün verilən sorğunu təmin etməkdən imtina etdikdə, bunu əsaslandırmalıdır. Həm informasiya əldə edilməsi üçün verilən sorğununun təmin olunmasından imtina edilməsinə qarşı, həm də sorğulara cavab verilməməsindən apelyasiya şikayəti verilməsini mümkün edən mexanizmlər yaradılmalıdır”.

BMT-nin  Avropa İqtisadi Komissiyası tərəfindən 25.06.1998-ci ildə qəbul edilmiş "Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" BMT-nin Konvensiyası (qısa adı Aarhus Konevensiyası) ətraf mühitə dair informasiyaların əldə olunması, ətraf mühitlə bağlı məsələlərdə qərar qəbul edilməsi prosesində iştirak imkanını və ətraf mühitlə bağlı məsələlərdə məhkəməyə müraciət imkanını tanıyır. 

Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu Maddəsi də hər kəsin öz fikrini ifadə etmək azadlığı hüququna malik olduğunu bildirdikdən sonra, “Bu hüquqa öz rəyində qalmaq azadlığı,dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.”- deməklə informasiya əldə etmək hüququnun ifadə azadlığının ən əsas şərtlərindən olduğunu göstərir informasiya əldə etmək hüququ şəxsin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün bir vasitə rolunu oynayır. 

 2002-ci ildə qəbul edilən Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə rəsmi sənədlərə çatım (çıxış) barədə REC (2002) Tövsiyəsi də informasiya əldə etmək hüququnun tənzimlənməsi və rəsmi sənədlərin hər kəsə çatımlı olması məqsədi ilə gündəmə gəlib. Sənəddə müxtəlif anlayışların necə qəbul edilməli olduğu izah edilib və dövlət orqanı dedikdə “hökumət və milli, regional və ya yerli səviyyəli inzibati orqanların” habelə, “qanunvericiliyə uyğun olaraq dövlət funksiyalarının və inzibati hakimiyyətin həvalə olunduğu fiziki və hüquqi şəxslərin” - anlaşılmalı olduğunu göstərilib. Tövsiyə rəsmi sənədlər anlayışına da aydınlıq gətirib: “«Rəsmi sənədlər» dedikdə, hələ hazırlanmaqda olan sənədlər istisna olmaqla, dövlət və inzibati funksiyalarla bağlı dövlət orqanları tərəfindən hər hansı formada tərtib edilən və ya alınan bütün informasiyalar başa düşülür.”

18 iyun 2009-cu ildə informasiya azadlığı üçün mühüm əhəmiyyət daşıyan daha bir sənəd razılaşdırılıb. Bu, “Rəsmi sənədlərə çatım (əldə etmə) haqqında Tromso Konvensiyası”dır. Bu Konvensiya informasiya azadlığına dair bir sira əsas prinsipləri müəyyən edir və rəsmi sənədlərin əldə edilməsi üzrə mütəxəssislər qrupu yaradılır. Sənəd dövlət orqanlarının qəbul etdiyi rəsmi sənədlərə çıxışa ümumi hüququ tanıyan ilk məcburi beynəlxalq hüquqi vasitədir. Məqsəd dövlət orqanlarında şəffaflığı təmin etmək, yaxşı idarəetmənin əsas xüsusiyyətini yerləşdirmək, cəmiyyətdə həqiqətən demokratik və plüralist standartları yerləşdirməyə dəstək olmaqdır. Konvensiyada rəsmi sənədlərdən istifadə etmək hüququnun xalqın özünü inkişaf etdirmə və fundamental insan hüquqlarının həyata keçirilməsi üçün zəruri olduğu vurğulanır, həmçinin ictimaiyyətin gözündə dövlət orqanlarının legitimliyini və onların etibarını gücləndirdiyi qeyd edilir. Bu Konvensiya rəsmi sənədlərdən istifadə etmək hüququnu müəyyən edir və yalnız milli təhlükəsizlik, müdafiə və özəl həyatın toxunulmazlığı kimi legitim mənafelərin qorunmasını  təmin etmək məqsədi ilə  məhdudiyyətlərin  tətbiqinə icazə verir. Sənəddə rəsmi sənədləri əldə etmək haqqında mütəxəssislər qrupu tərəflərin bu Konvensiyanın həyata keçirilməsinə nəzarət edəcəyi nəzərdə tutulur.

Konvensiya rəsmi sənədlərə çıxış üçün sorğuların (rəsmi sənədlərin formaları və əldə edilməsinə görə ödənişlərin) işlənməsi zamanı tətbiq ediləcək minimum standartları, nəzərdən keçirmə prosedurunu və tamamlayıcı tədbirləri müəyyən edir və milli qanunların aşağıdakılara əsaslanmasını təmin etmək üçün tələb olunan çevikliyə malikdir. Bu sənəd təməl və rəsmi sənədlərə daha geniş çıxış təmin edir.

01 Dekabr 2020-ci ildə Tromso Konvensiyası 10 üzv dövlət tərəfindən ratifikasiya edildiyinə görə rəsmi şəkildə qüvvəyə minib. Hazırda bu sənədi ratifikasiya edən dövlət sayı 14-ə çatıb. Daha 6 dövlət imzalayıb, lakin ratifikasiya etməyib. Ukrayna, Ermənistan, Moldova, Litva kimi postsovet ölkələri bu sənədi ratifikasiya edənlər arasndadır, Gürcüstan isə 2009-dan imzalasa da hələ ratifikasiya etməyib. 

 Azərbaycan tərəfi təəssüf ki bu Konvensiyanı nə imzalamış, nə də ratifikasiya etmişdir. Bu istiqamətdə hər hansı müzakirələr də mövcud deyil. Yaxın vaxtlarda belə müzakirənin olacağı da gözlənilmir. Çünki, informasiya əldə etmək hüququnun tanınmasından keçən müddətdə bu sahədəki rəsmi siyasət bunu deməyə əsas verir. 



II. Milli qanunvericilikdə informasiya əldə etmək hüququ və bu sahədəki normativ sənədlər

1. Azərbaycan Respublikasının Konstitusiyası

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyanın 47-ci maddəsi ifadə azadlığını, 50-ci maddəsi hər kəsin məlumat azadlığını təminat altına alıb. Beləliklə, məlumat azadlığı ifadə azadlığından müstəqil bir hüquq kimi Konstitusiyada qoruma altına alınıb.  

Məlumat azadlığı başlığı altında Konstitusiyanın 50-ci maddəsi hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı olduğunu, kütləvi informasiyanın azadlığına konstitusion təminat verildiyini bəyan edir və kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasını qadağan edir. 

1995-ci ildə  Konstitusiya qəbul edilərkən “ifadə azadlığı” və “informasiya azdlığı”nın təminat altına alınmasını tənzimləyən bu müddəanın gətirilməsi təsadüfi olmayıb. Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk hədəflərindən biri Avropa dəyərlərinə inteqrasiya etmək, Avropa ailəsinin bərabərhüquqlu bir üzvü olmaq idi. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi habelə 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi ifadə azadlığının müəyyən standartını formalaşdırdığından, Konstitusiyanı qəbul edən zaman bu çərçivəyə sadiq qalınmış, 47-ci maddədə “İfadə azadlığı”nı qoruma altına almış, lakin “İnformasiya əldə etmək hüququ »nu əhatə edən “Məlumat azadlığı” anlayışını da müstəqil hüquq kimi Konstitusiyaya daxil etmişdir.

Təəssüf ki, 2009-cu il mart referendumu ilə 50-ci maddəyə, bu maddənin mahiyyəti ilə uyğunlaşmayan və konstitusion mahiyyət daşımayan, məlumat azadlığına adekvat olmayan 3-cü bənd əlavə edildi. Əlavəyə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Yuxarıda sadalanan beynəlxalq sənədlərlə yanaşı, sonradan qəbul edilən "Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" BMT-nin (Aarhus) Konvensiyası və  Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə rəsmi sənədlərə çatım barədə 2002-ci ildə qəbul edilən REC (2002) Tövsiyəsi bütünlükdə hər kəsin ifadə azadlığının tərkib hissəsi olaraq informasiya əldə etmək hüququnu - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu qoruyur.

 Beynəlxalq Konvensiyaların hər biri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müxtəlif vaxtlarda Qanunla ratifikasiya edilib. Konstitusiyanın 151-ci maddəsinin tələbinə əsasən  qanunla ratifikasiya edilən beynəlxalq sənədlər qanunlardan üstün hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 6-cı bəndində “Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədə” olduğu göstərilib. “İnformasiya əldə etmək” hüququ insan hüquqları içərisində önəmli yer tutur və bu baxımdan birbaşa hüquqi qüvvədədir. 


2. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında  Konstitusiya Qanunu

Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının, o cümlədən məlumat azadlığının məhdudlaşdırılacağı əsaslar çox məhdud sayılıb. 71-ci maddənin 3-cü bəndində bildirilib ki, “müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər”.

Bu müddəadan başqa Konstitusiyada insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutan hər hansı müddəa olmasa da, 24 dekabr 2002-ci ildə Milli Məclis № 404-IIKQ saylı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”  Konstitusiya Qanunu qəbul edərək bir sıra məhdudiyyətlər gətirdi. Bunların bir hissəsi də 47-ci və 50-ci maddədə qoruma altına alınan ifadə azadlığı ilə məlumat azadlığını məhdudlaşdıran müddəlardır. Konstitusiya Qanununun 3.6 maddəsində ifadə və məlumat azadlığı aşağıdakı əsaslarla məhdudlaşdırıla bilər:

    • dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə;
    • iğtişaşların qarşısının alınması üçün; 
    • ictimai təhlükəsizliyin qorunması, ictimai qaydanın təmin edilməsi üçün;
    • ölkənin iqtisadi rifahı mənafeləri üçün; 
    • dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə; 
    • digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiәsi üçün;
    • mәxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; 

Yuxarıda sayılan əsasların bir çoxu Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində göstərilən əsaslara uyğun olsa da, “ölkənin iqtisadi rifahı mənafeləri üçün”- məhdudlaşdırmanı legitim əsas hesab etmək mümkün deyil. 


3. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Resublikasının Konstitusiya Qanunu

İnformasiya əldə etmək hüququnun təminatı baxımından qanunvericilikdə nəzərdə tutulan müstəqil nəzarət mexanizmini hərəkətə keçirən qurum olan İnformasiya Müvəkkilliyi ayrıca institut nəzərdə tutulsa da 2011-ci ildəək bu həyata keçirilmədi. 24 iyun 2011-ci il tarixli Konstutusiya Qanununa dəyişikliklə informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətlərini özündə əksetdirən 13-1 maddə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Resublikasının Konstitusiya Qanununa əlavə olundu. Bununla yalnız konkret informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində şikayətlərə Ombudsmanın baxacağı nəzərdə tutuldu.


4. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanunu

30 sentyabr 2005-ci il tarixində Milli Məclis tərəfindən qəbul edilən və 9 dekabr 2005-ci ildə Prezident tərəfindən imzalanaraq qüvvəyə minən  “İnformasiya əldə etmək haqqında” AR Qanununun qəbul edilməsindəki məqsəd beynəlxalq hüquqla və Konstitusiya ilə hər kəsin təminat altına alınan informasiya əldə etmək hüququnu qanuni şəkildə tənzimləmək, azad, demokratik cəmiyyət quruculuğu prosesində idarəetmədə şəffaflığı təmin etməkdir.

Bu Qanunun əsas məqsədi isə məhz informasiyanı əldə etmək, onu hər kəs üçün çatımlı etməkdir. Bu qanunun qəbul edilməsi və tətbiq edilməsi hüquqi və fiziki şəxslərin məlumat almaq hüququnu təmin etməklə bərabər, dövlətin hüquqi, demokratik dəyərləri mənimsəyən və şəffaf yönətilməsinə səbəb olan bir vasitədir. Dövlət ən böyük İctimai İnstitutdur. Onun yaranması insanların birgə iradəsinin məhsulu olduğundan  dövlətin idarə olunması və bu zaman səlahiyyət verilmiş dövlət məmurlarının qanuna uyğun davranıb-davranmaması ictimai rəy üçün önəmlidir. Bu baxımdan bütün idarəetmə ilə bağlı informasiyalar ictimai yükü olan informasiyalardır və bu istiqamətdəki fəaliyyətlər ictimai vəzifələrin icrası olaraq qəbul edilməlidir. 

Cəmiyyətdə fərdlərin informasiyalı olması, onların idarəetməyə müsbət təsir imkanlarını yaradır və informasiyalı cəmiyyətin quruculuğuna təkan verir. Eyni zamanda informasiyalı cəmiyyətdə dövlət idarəetməsində neqativ hallar minimum olur və korrupsiya, vəzifədən sui-istifadə, özbaşınalıq yox deyiləcək qədər azalır. Hesabat verən idarəçilik yaranır. Dövlət qulluğunda olmaq, vəzifə sahibi kimi özünü qanunların üstündə görmək yox, insanlara qulluq edən, xidmət edən və hesabat verən bir xidmət kimi dəyərləndirilir. 

Dövlətlə paralel olaraq, cəmiyyətdə elə qurumlar var ki, onların funksiyaları cəmiyyətin həyatında önəmli yer tutur. Xüsusilə, qloballaşmanın gətirdiyi yeni münasibətlərdə elə kooperasiyalar var ki, onların həm fəaliyyəti, həm də xidmət sahəsi toplumla yaxından bağlıdır. Bu nəzərə alındığında ictimai informasiyaların sadəcə dövlət qurumlarında və dövlət məmurlarında yox, hər bir ictimai fəaliyyətlə məşğul olan qurumda olacağı şübhəsizdir. Belə qurumların əlində olan informasiyalar toplumun diqqət mərkəzində olan və ictimai yükü olan informasiyalardır. Bu baxımdan “İnformasiya əldə etmək haqqında”  Qanun həm də ictimai informasiyalar kimin əlində olmasından asılı olaraq, onlar üçün informasiyaları hazırlama və vermə vəzifəsi müəyyən edir.


5. Məlumat azadlığı haqqında Qanun

 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2005-ci ildə qəbuluna qədər bu sahədəki tənzimləmə yetərsiz idi. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 19 iyun 1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib və 16 sentyabr 1998-ci il tarixdə qüvvəyə minsə də, əhatəli və yetərli deyildi.

 Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməli idi. “Məlumat azadlığı haqqında” Qanunda informasiya sorğularının verilməsi, informasiyanı yaradan və ya əlində tutan tərəfin vəzifələri və digər zəruri məqamlar nəzərdə tutulmamışdı. 1998-2005-ci ildəki praktika gösərdi ki, həmin qanunla informasiya əldə etmək praktik olaraq mümkün deyil. Lakin, bu qanun deklarativ xarakterli oldu və informasiya əldə edilməsinin praktik problemlərini həll edə bilmədi. Bu gün də qüvvədə olan qanun 2005-ci ilə qədər 7 il tək norma olaraq da faktiki işləmədi. Məhz yeni qanunun qəbul olması zərurəti də buradan qaynaqlandı. “Məlumat azadlığı haqqında” Qanun hal-hazırda da qüvvədə olsa da, lakin informasiyanın əldə olunmasına dair əsas prosedurları “İnformasiya əldə etmək haqqında” Qanun tənzimləməkdədir. Bu səbəbdən də “Məlumat azadlığı haqqında” Qanunun tənzimləmə sahəsi qalmamaqdadır. 


6. İnformasiya əldə etmək hüququnun təminatı olan və ifadə azadlığı ilə birbaşa əlaqəli olan  digər qanunvericilik aktları 

Azərbaycan Respublikası Konstitusiyasının və 50-ci maddəsində təsbit edilən məlumat azadlığı müxtəlif qanunlarda geniş şəkildə praktik tətbiq imkanı əldə edib.

6.1. Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikası Qanunu 

Informasiya əldə etmək hüququ ilə əlaqəli olan normativ sənədlərdən biri də  12 mart 2002-ci il tarixdə qəbul edilən № 270-IIQ saylı “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu Qanun ətraf mühitin vəziyyətinə və təbii ehtiyatlardan istifadəyə dair dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, həmçinin məsul şəxslərdən tam, dəqiq, vaxtında informasiya almaqla bağlı yaranan münasibətləri tənzimləyir.

6.2. Media haqqında Azərbaycan Respublikasının Qanunu

Media haqqında Azərbaycan Respublikası Qanunu 30 dekabr 2021-c1 ildə qəbul edilib, 8 fevral 2022-ci ildə imzalanaraq hüquqi qüvvəyə minib. 20 İyun 2022-ci ildə Avropa Şurasının Venesiya Komissiyası (Avropa hüquq yolu üçün demokratiya Komissiyası) Media Qanununun Avropa standartlarına uyğun olmadığını və dəyişdirilməsinin zəruriliyini bildirən ətraflı rəy hazırlayıb, yayıb. 

Qanun Azərbaycan Respublikasında media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Bu qanunla media sahəsində dövlətin nəzarəti və müdaxiləsi ciddi artırılıb, jurnalistlərin fəaliyyətinə, media subyektlərinin formalaşması və fəaliyyətinə cidi məhdudiyyətlər, maneələr gətirilib. 

Qanun bütün media sferasını və media subyektlərini əhatə edir. Çap mediası, elektron media,  televiziya və radio yayımı, internet mediası, o cümlədən bütün platforma yayımçılarının fəaliyyəti bu qanunla tənzimlənməkdədir. 


6.3. İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikası Qanunu

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunu 28 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib və 5 noyabr 2004-cü il tarixdə qüvvəyə minib. İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

6.4. İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu 3 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib. 10 mart 2017-ci ildə Bu Qanuna xeyli məhdudiyyətləri özündə ihtiva edən yeni fəsl əlavə edilib və qanun informasiya sferasında ciddi məhdudiyyətlər üçün baza rolu oynamağa başlayıb. 

Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən etməkdədir.


6.5. Biometrik informasiya haqqında Azərbaycan Respublikası Qanunu

“Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanunu biometrik informasiya ehtiyatlarının formalaşdırılmasını və onlara dair tələbləri, biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili və təyinatını, biometrik texnologiyaların tətbiqi sahələrini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.


6.6. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanunu

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunu fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

Bu Qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir.


6.7. Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanunu

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu 7 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib və 5 noyabr 2004-cü il tarixdə qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. 


6.8. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanunu

Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edən bu qanun, hərbi senzuranı, kütləvi informasiya matreallarının hərbi senzuradan keçiirlməsini, hərbi zonada informasiya subyektlərinin xüsusi rejimini müəyyən edir. 


6.9. Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikası Qanunu


6.8. Azərbaycan Respublikasının Seçki Məcəlləsi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi 27 may 2003-cü il tarixli 461 nömrəli Qanun ilə Milli Məclis tərəfindən qəbul edilmişdir. Bu Məcəllə Azərbaycan Respublikası parlamentinin Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və Bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Bu prosesdə media xüsusi rol oynayır. Cəmiyyətin informasiya ehtiyaclarının qarşılanması məqsədi ilə medianın funksiyası bu Məcəllədə  geniş tənzimlənib. 


6.9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən  01 mart 2016-cı il tarixdə qəbul edilmişdir.  Məcəllədə digər inzibati xətalarla bərabər, kütləvi informasiya vasitələrinin informasiya əldə etməsi əleyhinə davranışlar, informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar, kütləvi informasiya vasitələrinin yayılmasına mane olma, jurnalistin hüquqlarının pozulması, seçkilərdə qaydaların pozulması və digər media fəaliyyəti ilə əlaqəli olan inzibati xətalar öz əksini tapmışdır. 


6.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Milli Məclis tərəfindən  28 dekabr 1999-cu il tarixli, 779-IQ nömrəli Qanun ilə təsdiq edilmiş, 26 may 2000-ci il tarixli, 886-IQ nömrəli Qanuna əsasən 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmişdir. Bu Məcəllədə mülki hüquq münasibətlərinin bütün məqamları tənzimlənməklə bərabər, kütləvi informasiya vasitələrinin insanların şərəf və ləyaqətinə, o cümlədən işgüzar nüfuzuna toxunan çıxışlara şərait yaratdığı zaman verdiyi ziyanın qarşısının alınması məsələləri öz əksini tapıb.


6.11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Milli Məclis tərəfindən  30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir. Məcəllə ümumilikdə cinayət əməllərinə görə cəzaları müəyyən etməkdədir. Bu məcəllədə də kütləvi informasiya vasitələrinin fəaliyyəti zamanı qarşılaşılan problemlər, jurnalistin qanuni peşə fəaliyyətinə mane olma, şəxslərin böhtana, təhqirə məruz qalması zamanı kütləvi informasiya vasitələrindən istifadə, milli, irqi, sosial və dini nifrətin salınmasının yolverilməzliyi, təcavüzkar müharibənin başlaması çağırışlarının yolverilməzliyi, Prezidentin şərəf və ləyaqətinin qorunması, habelə sosial şəbəkədə anonim hesabla böhtan və təhqir cinayət əməlləri bu Məcəllə ilə müəyyən olunan qaydada cəzalandırılır. 

Kütləvi informasiya vasitələrinin fəaliyyətini birbaşa tənzimləməsə də, jurnalistlərin və medianın gündəlik fəaliyyətlərində qarşılaşdıqları məsələlərin həllində əlaqəli qanunlar da vardır. Bunlar, “Müəlliflik haqqında və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu,  və digər qanunvericilik aktlarıdır. Adları çəkilən qanunvericilik aktlarının hər birinin media ilə əlaqəli bölümləri vardır və bunlar medianın fəaliyyətinin tənzimlənməsində mühüm yer tutur.


7. İnformasiya əldə etmək hüququnun təminatı baxımından digər normativ hüquqi aktlar


7.1. Sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair Qaydalar 

“İnformasiya əldə etmək haqqında” Qanunun qəbulundan sonra bəzi normativ aktların qəbul edilməsinə start verildi. Bu çərçivədə, ilk dəfə, Sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli, 38 saylı qərarı ilə təsdiq edilmiş Qaydalar  qəbul edildi. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq informasiya sahibləri tərəfindən sənədlərin saxlanmasını, komplektləşdirilməsini və mühafizəsini nizamlayır. Qaydalar İnformasiya sahiblərinin əhatə dairsini ə müəyyən edir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət orqanları və bələdiyyələr, habelə ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən, publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri sayılır. Qaydalara əsasən bu hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.

Qaydalarda əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə, tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri isə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə informasiya sahiblərinə bərabər tutulurlar.


7.2. Sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi Qaydaları

Eyni tarixdə qəbul edilən 2006-cı il 7 fevral tarixli, 38 saylı bir digər sənəd, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi Qaydaları oldu. Bu sənədlə, qanunda nəzərdə tutulan reyestrlə bağlı məqamların tənzimlənməsi nəzərdə tutur və informasiya sahibləri tərəfindən sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi məsələlərini tənzimləyir.


7.3. Sənədlərin reyestrindən istifadəyə dair Qaydalar

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən eyni tarixdə qəbul edilən başqa bir sənəd, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli, 38 saylı qərarı ilə təsdiq edilmiş, Sənədlərin reyestrindən istifadəyə dair Qaydalardır. 

Sənədlərin reyestrindən istifadənin və sənədin axtarılmasının asanlaşdırılmasına yönəldilmiş Qaydalar, hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur.  İnformasiya sahibi internet informasiya ehtiyatı vasitəsilə reyestri ümumi istifadəyə verir. Bundan başqa, informasiya sahibi informasiya texnologiyalarından istifadə etməklə, reyestrdən bilavasitə vətəndaşların, o cümlədən informasiya sorğularının qəbul edildiyi məkanda operativ surətdə istifadə etmək imkanını yaradır.


7.4. Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 fevral tarixli, 33 saylı qərarı ilə Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları müəyyən edildi. Qaydalarla dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsi, ondan istifadə və həmin şəbəkədə informasiyanın yerləşdirilməsi, hər bir dövlət orqanının domen ünvanının forması, internet resurslarının texniki tələbləri və s. müəyyən edilir.


7.5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 158 saylı Qərarı

26 iyul 2012-ci il tarixdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti № 158 saylı Qərarı ilə “Haqq  ödənilməklə  göstərilən  informasiya  xidmətlərinin Siyahısı”nın, “İnformasi-yanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”nın, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”nın,  “Ödəniş  zamanı  edilə biləcək güzəştin Şərtləri”nin və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları”nı təsdiq etdi. Bununla da hansı hallarda informasiyanın ödənişli təqdim olunacağı, ödəniş şərtləri, güzəştləri və s. müəyyən edildi.


III. İnformasiya əldə etmək hüququ   


1. İnformasiya əldə etmək hüququnun təməl prinsipləri

İnformasiya əldə etmək hüququnu təmin etmək üçün hər bir dövlətin üzərinə bəzi pozitiv öhdəliklər düşür. Beynəlxalq miqyasda bunların çərçivəsini müəyyən edən prinsiplərə informasiya azadlığı prinsipləri də deyilir. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə rəsmi sənədlərə çatım (çıxış) barədə REC (2002) Tövsiyəsində bu prinsipləri ümumi çərçivədə görmək mümkündür.  informasiya azadlığını qoruyan və müdafiə edən beynəlxalq təşkilatlar əsasən bu prinsiplər önə çəkir.  

İnformasiya azadlığının qorunması və dəstəklənməsi məqsədi ilə dünyada geniş fəaliyyət göstən təşkilatlardan biri də adını BMT-nin qəbul etdiyi “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın” 19-cu maddəsindən alan Article-19 təşkilatıdır. Bu təşkilat informasiya azadlığının və informasiya əldə etmək hüququnun təmini baxımından 9 mühüm prinsip müəyyən edib. Bu prinsiplər aşağıdakı kimi sıralanıb:

  1. İnformasiyanın maksimum açıqlığı prinsipi; -Bu prinsipə görə informasiya  azadlığı haqqında qanunvericiliyin əsasında informasiyanın  maksimum açıqlığı prinsipi durmalıdır. İnformasiya sahibləri ictimai funksiya həyata keçirdiklərindən onların əllərində olan informasiyalar əsasən ictimai əhəmiyyət daşıyan informasiya olduğundan cəmiyyətə açıq olmalıdır.
  2. İnformasiyanı dərc etmə öhdəliyi; -Bu prinsipə görə dövlət orqanları mühüm bilgilərı dərc etməlidir. Burada dərc etmək deyəndə söhbət mövcud İKT resurslarının inkişaf prosesini də nəzərə alaraq, onların ən geniş auditoriyada yayılması mənasına gəlir. Məsələn, dərc etmək çap mediasında, elektron mediada, online mediada və online resurslarda ola bilər. 
  3. Açıq hökumətin dəstəklənməsi; - Bu prinsipə əsasən, dövlət orqanları açıq hökuməti aktiv şəkildə dəstəkləməli, ictimai maarifləndirmə aparmalı və rəsmi gizlilik sindromuna qarşı effektiv mübarizə aparmalıdır. 
  4. İstisnaların məhdud siyahısı; -Bu prinsipə görə informasiya üzərində məhdudiyyət tətbiq edilərkən bu məhdudiyyət az və dar olmalıdır. Ayrıca, məhdudiyyətlər tətbiq edilərkən informasiya üç hissəli yoxlamadan keçirilməli, tətbiq edilən məhdudiyyət qanunda göstərilən qanuni məqsədə aid olmalı, informasiyanın açıqlanması nəticəsində həmin məqsədə mühüm ziyan vurma təhlükəsi yaranmalı, informasiyanın açılması nəticəsində bu məqsədə vurulan ziyanın dərəcəsi həmin informasiyaya olan ictimai maraqdan yüksək olmalıdır. 
  5. İnformasiyaya çatımlılığı asanlaşdıran qaydaların tətbiqi; - Bu prinsipə əsasən informasiya almaq üçün verilən sorğulara çevik və ədalətli baxılmalı və hər hansı imtina cavabının müstəqil qurum tərəfindən yenidən baxılması mümkün olmalıdır.
  6. İctimai informasiyanın ödənişsiz olması; - Bu prinsipin əsas qayəsi ictimai əhəmiyyət daşıyan informasiyaların ödənişsiz verilməsinin zəruriliyidir. İstisna hallarda informasiya vermə xidmətinə görə ödəniş müəyyən edilə bilər. Bu zaman müəyyən edilən ödəniş həddindən çox məbləğdə olmamalı, bu metodla insanların bilgi almasına mane törədilməməlidir.
  7. Açıq toplantıların keçirilməsi; - Bu prinsipə əsasən, dövlət orqanlarının yığıncaqları ictimaiyyət üçün açıq olmalıdır.
  8. İnformasiyanın açıqlığının üstünlüyü; - Bu prinsipin məramı budur ki, informasiyanın maksimal açıqlığı prinsipinə zidd qanunlar dəyişilməli və ya ləğv edilməlidir. Baxmayaraq ki, bütün qanunlar bərabərdir, buradakı yanaşma belədir ki, informasiya əldə etmək üstün hüquqdur və bu digər hüquqları qorumaq üçün zəruri açardır. 
  9. “Xəbərçilərin” qorunması; - Bu sonuncu prinsipə görə, hüquq pozuntuları barədə informasiyanı qurum daxilindən yayan şəxslərin qanuni müdafiəsi olmalı, bu şəxsləri qanunvericilik xüsusi qoruma altına almalıdır. 


2. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanunun tənzimləmə sahəsi 

Bu qanun informasiyanın əldə olunmasının şərtlərini, qaydalarını və formalarını, informasiyaların informasiya sahibi tərəfindən açıqlaması formalarını və bunun yerinə yetirilməməsi zamanı yaranacaq məsuliyyəti, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtina hallarını və əsaslarını əhatə edir. 

Bununla bərabər bu qanun, informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi məqsədi ilə müəyyən səlahiyyətlər insan hüquqları üzrə  Müvəkkilə verilib.  Müvəkkillin prosesə daxil edilməsi  və nəzarətin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi informasiya subyektlərinin daha məsuliyyətli şəkildə informasiya verməklə və açıqlamaqla bağlı vəzifələrini icra etmələrinə kömək edən amildir. 

Qanunda ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları da öz əksini tapmışdır.  

Başqa qanunlarla tənzimlənən münasibətlər bu qanunun təsir dairəsindən uzaq tutulmuşdur. Belə ki, “Dövlət Sirri Haqqında” Qanunda nəzərdə tutulan dövlət sirri təşkil edən məlumatlar, onlarla işləməyə buraxılma, həmin məlumatların mühafizəsi xüsusi tənzimləndiyindən bu qanunun təsir dairəsindən kənarda saxlanmışdır. Arxiv sənədləri ilə işləməyə buraxılma "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  aparıldığından o qanunun təsir dairəsi ilə bu qanunun təsir dairələri üst-üstə düşməməkdədir. “Fərdi  məlumatlar haqqında” Qanunla tənzimlənən məqamlar da bu qanundan kənar proseduralar ilə həll olunur. 

Şəxslərin dövlət qurumlarına və vəzifəli şəxslərə müraciətinə əsas verən Konstitusiyanın 57–ci maddəsində təsbit edilmiş müraciət hüququnu təminat altına alan  "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə, şikayət və s. münasibətlər də həmin qanunla tənzimləndiyindən, bu qanunun təsir dairəsində deyil. Son olaraq, beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlər olduqda bunların bu qanundan istisna tutulacağı göstərilmişdir. 


2.1. İnformasiya əldə etmək haqqında Qanunda informasiya əldə olunmasının əsas prinsipləri 

İnformasiya azadlığının prinsipləri əsasən demokratik cəmiyyətlər üçün standartlaşmışdır və bütün dünyada  bunlar əsas kimi qəbul edilmişdir. “19 MADDƏ” (Article 19) təşkilatının model qanununda nəzərdə tutulan prinsiplərə yaxın prinsiplər bu qanunda da nəzərdə tutulub və onların sayı artırılaraq 9 yox, 11-ə çıxarılıb. Prinsiplər aşağıdakı kimi təqdim edilib:

Birinci prinsip, informasiya sorğusunun hər kəs üçün bərabərlik prinsipi qorunaraq  sərbəst və maneəsiz şəkildə təmin edilməsi  zəruriliyi qeyd edilib. 

İkinci prinsip, informasiyanın əldə olunmasının qanuniliyi prinsipinə toxunulub. Bununla hər kəsin informasiya alma hüququnun qanuni əsaslarda qorunduğunu vurğulamaqdadır.

Üçüncü prinsip, dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsinin olduğu qeyd edilib. Bu prinsiplə, bilginin açıqlığı vurğulanmaqla bərabər, əslində ictimai funksiyalar həyata keçirən qurumların informasiyaları açıqlamaq vəzifəsi xatırladılır və bu vəzifə olaraq onların üzərinə qoyulur. 

Dördüncü prinsip, informasiyanın maksimum açıqlığı prinsipi qeyd edilib. Bu təməl prinsiplərdəndir. 

Beşinci prinsip, informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi göstərilib. Bu sorğulara cavab verilməsinə dair müddətlərin müəyyən edilməsində önəmli rol oynayır. Bu prinsipin varlığı sorğuların süründürməçiliklə cavablandırılmasının qarşısını alan önəmli sədlərdən biridir. 

Altıncı prinsip, iki mənafenin toqquşması zamanı nəzərə alınması zəruri məqamdır. İnformasiyalar təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi diqqətə alınmalı, və eyni zamanda cəmiyyətin informasiya almaq haqqı da bütünlüklə tapdanmamalıdır. Hansı mənafe ağır gəlirsə, o qorunmalıdır.    

Yeddinci prinsip, informasiya  əldə etmək hüququnun dövlət tərəfindən qorunmasını nəzərdə tutur və pozulan hüquqların məhkəmə yolu ilə müdafiəsinin yolverilən olduğunu qeyd edir. Bu baxımdan İnformasiya Məsələləri üzrə Müvəkkilin nəzərdə tutulması da əlavə qoruyucu amildir.

Səkkizinci prinsip, ictimai yükü olan informasiyaların əldə edilməsinin ödənişsiz həyata keçirilməsidir. Ödəniş olacaq halların isə Qanunda açıq müəyyən edilməsidir. 

Doqquzuncu prinsip, informasiya sahiblərinin məsuliyyətini artıran amildir. İnformasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması bu prinsipdə vurğulanır. 

Onuncu prinsip, əslində altıncı prinsipin davamıdır. İnformasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi vacibliyi bu prinsiplə vurğulanıb. 

Onbirinci prinsip, xəbərçilərin qorunması prinsipidir. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması əsas olaraq qəbul edilib.

Bu prinsiplər baxımından Azərbaycan qanunvericiliyinə nəzər saldıqda bəzi çatışmazlıqların mövcud olduğunu görürük. Belə ki, qanunvericilikdə müəyyən prinsiplər sayılsa da müəyyən prinsiplər nəzərə alınmayıb. Xüsusilə, açıq hökumətin dəstəklənməsi, açıq toplantıların keçirilməsi və məhdudiyyətlərin məhdud siyahısı prinsiplərinin üzərindən sükutla keçilib və qanunda bunlara toxunulmayıb.


2.2. İnformasiya sahibləri 

Qanunda informasiya sahibləri anlayışı geniş tənzimlənib və bir neçə təsnifata ayrılıb:

1. Hər hansı bir məhdudlaşdırılma aparılmadan dövlət orqanları və bələdiyyələr birbaşa informasiya sahibləridir. Dövlət orqanları sırasına bütün icra, qanunverici və məhkəmə hakimiyyəti qurumları və bu hakimiyyət qollarından birbaşa asılılıqda olmayan, lakin qanunla qurulan və fəaliyyət göstərən dövlət qurumları daxildir. 

2. İnformasiya sahibləri anlayışı dövlət və bələdiyyələrlə məhdud deyil. Bura ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər daxildir. İctimai önəmli informasiyalar qanunlarla və ya başqa normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən və ya topluma açıq olması toplumun qanuni maraqları baxımından gərəkli olan bilgilərdir. 

İctimai vəzifələrin yerinə yetirilməsi ilə məşğul olan, eləcə də cəmiyyətin nəzarət etməyə haqlı olduğu fəaliyyət sahələrində çalışan bütün qurumlar ictimai önəmli bilgi sahibləri sayılırlar. Qanunun 9-cu maddəsinə görə aşağıda göstərilən qurumlar öz fəaliyyətləri gedişində yaratdıqları və əldə etdikləri bilgiləri bu Qanuna uyğun açıq tutmağa, bilgi verməyə borcludur. 

1 fevral 2017-ci il tarixdə informasiya sahibləri anlayışına publik hüquqi şəxslər də əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, Publik hüquqi şəxslər 2015-ci ildə yaradılmışdır.

3. Normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət edən özəl hüquqi və fiziki şəxslər. Burada hüquqi şəxslər dedikdə, hüquqi şəxs olaraq təsis olunmuş, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçmiş kommersiya və qeyri-kommersiya qurumları nəzərdə tutulur. Fiziki şəxslər deyəndə isə kommersiya fəaliyyəti ilə şəxsən məşğul olan sahibkarlar və vəzifəli şəxslər başa düşülür.  

Özəl səhiyyə, təhsil, mədəniyyət və sosial xidmət müəssisələri: özəl klinikalar, tibb mərkəzləri, hospitallar, özəl məktəblər, uşaq evləri, universitetlər, əlillərə, yaşlılara, kimsəsiz uşaqlara, əhalinin ayrıca qruplarına sosial xidmətlər edən müəssisələr və s. bu sıradandır.   

İctimai funksiyaları yerinə yetirən belə özəl hüquqi və fiziki şəxslər heç də sahib olduqları bütün informasiyaları yox, ictimai işlərin icrası sırasında yaratdıqları və əldə etdikləri bilgiləri bu Qanuna uyğun olaraq yaymağa və ya verməyə borcludurlar.  

4. Əmtəə bazarında hökmran mövqe tutan, təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti, xüsusi və ya müstəsna hüquqları olan, yaxud təbii inhisarçı olan hüquqi şəxslər də Qanuna görə informasiya sahiblərinə bərabər tutulur. 

Özü birbaşa və ya ona məxsus törəmə və ya asılı təsərrüfat cəmiyyətləri ilə birlikdə ümumi bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyektləri bazarda hökmran mövqe tutan sayılırlar. Dövlətdən aldığı lisenziyalar, sifarişlər, idxal kvotaları vasitəsi ilə bazara əhəmiyyətli təsir göstərə bilən təsərrüfat subyektləri də inhisarçı sayılırlar. Təbii inhisarçılar da istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə işlədiklərindən bazarda hökmran mövqe tuturlar. Bunlar istehsal, satış və xidmətlər bazarındakı üstün mövqeləri sayəsində istədikləri zaman bazarda qıtlıq yarada, mallarının və xidmətlərinin qiymətlərini süni olaraq qaldıra, keyfiyyətcə aşağı olan mallarını istehlakçılara sırıya bilirlər. İnhisarçı fəaliyyət qanunla qadağandır. Hökumət inhisar riski olan halları nəzarətdə saxlamağa, rəqabətin süni olaraq məhdudlaşdırılmasının qarşısını almağa borcludur. Belə hallara İqtisadiyyat Nazirliyinin “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” nəzarət edir. Bu qurum inhisar potensiallı təsərrüfat subyektlərinin uçotunu aparmaqla onların antiinhisar tənzimlənməsinə uyğun olmayan fəaliyyətinin qarşısını alır. Bununla belə həmin şirkətlərin fəaliyyətinin müəyyən aspektləri üzərində ictimai nəzarətin də olması zəruridir. Belə şirkətlər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid bilgiləri cəmiyyətə açıq tutmalı, bununla bağlı qərarlar qəbul edərkən cəmiyyətin  rəyini nəzərə almalıdır. 

5. a) Tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar məsələn, Media İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Dövlət Neft Fondu və s. qurumlar da informasiya sahibi hesab edilirlər.   

b) Dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri (Azərsutikinti, Azəraqrartikinti, Kapitalbank, Azərbaycan Beynəlxalq Bankı, Azərsığorta, Azərlotereya və s) – dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair bilgilər üzrə informasiya sahibi sayılır və informasiya sahiblərinin üzərinə qoyulan vəzifələri daşıyır. 


2.3. İnformasiya sahibinin vəzifələri 

Öncəliklə, informasiya sahibləri öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə faydalanmasına şərait yaratmalıdır. Bu zaman mövcud Qanunla müəyyənləşdirilmiş qaydalara əməl edilməli, informasiya azadlığına xələl gətirilməməlidir. İnformasiya sahibi İnformasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli və ya gərək olduqda İnformasiya məsələləri üzrə struktur bölmə yaratmalıdır. Qanunun 58-ci maddəsinin tələbinə görə İnformasiya məsələləri üzrə vəzifəli şəxs təyin edilməsi üçün qanunun qəbulundan sonra 3 ay vaxt verilib, lakin bu müddət keçməsinə baxmayaraq, informasiya sahiblərinin bir çoxu hələ də bu vəzifəni icra etməyib. 

İnformasiya sahibləri informasiya məsələləri ilə məşğul olan işçilərini vaxtaşırı təlimatlandırmağa, onların qanundan irəli gələn vəzifələrini yerinə yetirmələri üçün şərait yaratmağa borcludurlar. Vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya verməkdən imtina üçün əsas ola bilməz. 

İnformasiya sahibi, sahibi olduğu sənədlərin uçotunu aparmalı, onları sənədlərin reyestrinə yazmalı, həm informasiyalara, həm də sənədlərin reyestrindəki yazılara azad çatımı təmin etməlidir. 

İnformasiya sahibi sahib olduğu sənədləri qanunda göstərilən müddətdə saxlamalı, dağılmaqdan və ya dağıdılmaqdan, təhrif olunmaqdan qorumalıdır. Sənədlərin salamatlığına görə informasiya sahibi məsuliyyət daşıyır.

İnformasiya sahibi informasiyalara çatım işini təşkil etməli, sorğu verənlərə aydın formada informasiyaya çatımın qaydasını, şərtlərini və üsullarını izah etməlidir. İnformasiya sorğularının verilməsinə, sorğu verənlər üçün hansı informasiyanın zəruri olduğunu, onun yerini aydınlaşdırmaqda və informasiyaya çatımın sorğu verən üçün daha yararlı və asan üsulunun seçilməsində hərtərəfli yardım etməlidir. 

İnformasiya sahibi topluma açıqlamalı olduğu informasiyaları qanunda göstərilən qaydada, vaxtında yaymalı, öz ictimai funksiyalarını yerinə yetirməsi barədə topluma ardıcıl informasiya verməlidir.  

İnformasiya sahibləri informasiyaları çatımın məhdudluqlarına əməl olunmasını təmin etməyə, sorğu verənlərə qüvvədə olan məhdudluqlar barədə informasiya verməyə borcludurlar. 

Doğru, tam və dəqiq olmayan informasiyaların verilməsi yolverilməzdir. İnformasiya sahibi verdiyi informasiyaların doğruluğuna və etibarlılığına görə məsuliyyət daşıyır.


2.4. Məhdud informasiyalar

Informasiya əldə etmək hüququnun təməl prinsiplərindən biri informasiyaların maksimum açıq olmasıdır. Əsas olan açıqlıqdır və hər hansı legitim səbəb yoxdursa informasiyaların üzərinə məhdudiyyət qoyula bilməz. 

Məhdudiyyətlərin qoyulması müəyyən hallarda mümkündür. Bu hallar hökmən qanunla müəyyən olunan hallar olmalı və hüquqlara balanslı şəkildə tətbiq edilməlidir. 

Mövcud Qanunun 6-cı maddəsində yer alan prinsiplərdən 6-cı və 10-cu prinsiplər məhdud informasiyalara dair məqamlara həsr edilib.  Altıncı prinsip, iki mənafenin toqquşması zamanı nəzərə alınması zəruri məqamdır. İnformasiyalar təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi diqqətə alınmalı, və eyni zamanda cəmiyyətin informasiya almaq haqqı da bütünlüklə tapdanmamalıdır. Qarşılaşan iki mənafedən hansı mənafe ağır gəlirsə, o qorunmalıdır.    

Onuncu prinsip isə əslində altıncı prinsipin davamıdır. İnformasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi zəruriliyi bu prinsiplə vurğulanıb. 

Informasiya sahibinin vəzifələrinin göstərildiyi 10-cu maddədə əgər informasiya üzərində məhdudiyyət varsa informasiya sahibləri informasiyaları çatımın məhdudluqlarına əməl olunmasını təmin etməyə, sorğu verənlərə qüvvədə olan məhdudluqlar barədə informasiya verməyə borcludurlar. Doğru, tam və dəqiq olmayan informasiyaların verilməsi yolverilməzdir. İnformasiya sahibi verdiyi informasiyaların doğruluğuna və etibarlılığına görə məsuliyyət daşıyır.

Sənədlərin reyestrinin aparılmasını tənzimləyən 12-ci maddədə Reyestrdə ən azı gələn və ya çıxan sənədlərin kimdən gəlməsi və kimə göndərilməsi, gəlmə və çıxma tarixi, sənədin gəlmə və çıxma üsulu (adi poçt, elektron poçt, faks, kuryer, sənədin şəxsən verilməsi və s), sənədin rekvizitləri və növü (informasiya sorğusu, təklif, ərizə və şikayət, raport, normativ xarakterli akt, hesabat, qərar və s.), sənədə çatımın qüvvədə olan məhdudluqları yazılmalıdır. 

19-cu maddənin tələbinə görə informasiya sahibi sorğunu qeydə aldıqdan sonra onu hərtərəfli öyrənməlidir. İnformasiya məsələləri üzrə işçi sorğuda verilmiş bütün bilgiləri, o sıradan soruşulan bilginin məzmununu, sənədin rekvizitləri ilə bağlı bilgiləri  öyrəndikdən sonra soruşulan bilginin onda olub-olmadığını, soruşulan bilgi, bilgi sahibində yoxdursa sorğunun hara göndəriləcəyini aydınlaşdırır. Soruşulan bilginin məhdud çatımlı olub-olmadığı, sənədin bir hissəsinə çatımın məhdud olduğu halda onun sənədin qalan hissəsindən ayrılıb verilməsi də araşdırılır.

Qanunun 21-ci maddəsi informasiya sorğusunun icra edilməsindən imtinanı tənzimləyərkən, bildirir ki, sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sahibi sorğunun icrasından imtina etməlidir. 

Tələb olunan informasiya əldə olunması qanunla məhdudlaşdırılan sənədin tərkibinə daxildirsə, onun ancaq açıq hissəsi verilə bilər. Natamam və ya qeyri-dəqiq informasiya təqdim edən informasiya sahibi sorğuçunun əsaslandırılmış tələbi üzrə informasiyaya ödənişsiz əlavələr edərək onu sorğuçuya çatdırmalıdır. 

Qanunun 34-cü maddəsi informasiyanı təsnifatlandırıb. İnformasiyalar əldə olunma növünə görə  açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.  Əldə olunması qanunla məhdudlaşdırılmayan bütün informasiyalar açıq informasiyalar sayılır. 

Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar isə iki yerə ayrılır: məxfi və gizli (konfidensial). Məxfi informasiyalara dövlət sirri təşkil edən məlumatlar aid edilir.

Vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır. 

Hüquqi rejiminə görə istər məxfi olsun, istərsə konfidensial bütün informasiyalara çatım məhduddur və onlara çatımın digər qanunvericiliklə istisna formada çatımları tənzimlənmişdir. Məsələn, “Dövlət Sirri haqqında” Qanunda dövlət sirri ilə hansı hallarda və kimlərin işləyə biləcəyi göstərilib.   


2.4.1. Dövlət Sirri

7 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib və 5 noyabr 2004-cü il tarixdə qüvvəyə minən “Dövlət Sirri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi dövlət sirri təşkil edən məlumatların siyahısını 4 ana başlıq altında toplayıb. Bunlar:

  1. Hərbi sahədə dövlət sirrini təşkil edən məlumatlar;
  2. İqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatlar;
  3. Xarici siyasət sahəsində dövlət sirrini təşkil edir məlumatlar;
  4. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlardır.

Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2005-ci il tarixli, № 248 saylı “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında Fərmanında dövlət sirri təşkil edən məlumatların siyahısı müəyyən edilmişdir. Həmin siyahıda dövlət sirri təşkil edən məlumatların siyahısı 39 başlıq altında toplanıb və bu sirlərin mühafizəsi demək olar ki bütün dövlət qurumlarına, dövlət müəssisələrinə tapşırılıb.


2.4.2. Hərbi vəziyyət  

İnformasiyanın əldə olunmasına və yayılmasına məhdudiyyət gətirilməsini nəzərdə tutan hallardan biri də hərbi vəziyyətdir. Hərbi vəziyyət haqqında Aərbaycan Respublikası Qanunu dörd qrupda məhdudiyyət müəyyən edib. 

  • hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışmaya, televiziya və radio yayımına, telefon və radio danışıqlarına, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə verilən məlumatlara nəzarətin həyata keçirilməsi; 
  • kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi; 
  • hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi; 
  • cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi; 

Hərbi vəziyyət haqqında Qanunla gətirilən hərbi senzura Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulan “Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır”- norması ilə ziddiyət təşkil edir. Konstitusiyada informasiya azadlığına gətiriləcək məhdudiyyətləri nəzərdə tutan Konstitusiya Qanununda da məhdudiyyət gətiilə biləcəyinin əsasları bildirilsə də, bu məhdudiyyətin senzura olacağı nəzərdə tutulmayıb. Üstəlik senzuranın tətbiqi Avropa İnsan Hüquqlarına dair Konvensiyanın 10-cu maddəsinə və 10-cu maddənini tətbiqini həyata keçirən Avropa Məhkəməsi president hüququna ziddir. 


2.4.3. Fövqəladə vəziyyət

İnformasiya əldə etmək hüququna məhdudiyyət gətirilən bir digər hal, fövqəladə vəziyyət halıdır. Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikası Qanununa əsasən fövqəladə vəziyyət zamanı:

  • şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə ilkin senzuranın tətbiqi vasitəsilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti götürülməsi, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilir; 
  • hərbi komendant fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasını və onların iş rejimini müəyyənləşdirir. 

Media haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi Hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti müvafiq olaraq Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimləndiyini bildirir.


2.4.4.  Dini ekstremizmə qarşı mübarizə

İnformasiya azadlığına o cümlədən informasiya əldə etmək hüququna məhdudiyyət nəzərdə tutuan bir digər hal dini ekstremizmlə mübarizə sahəsindəki qanuni tənzimləmələrdir. Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunu spesfik məhdudiyyətlərə yer verib. Bunlar qanunun 9.3-cü maddəsində aşağıdakı kimi sıralanıb:

  • dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması; 
  • dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar; 
  • dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar; 
  • dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar; 
  • dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu
    əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar. 

Media haqqında Azərbaycan Respublikası Qanununu 8-ci maddəsi də media azadlığına məhdudiyyət kimi dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsini məhdudlaşdırır və aşağıdakı normaları zəruri hesab edir:

  • Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir;
  • Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir;
  • Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir və yaydıqları halda kütləvi informasiya vasitələri işçilərinin məsuliyyət daşıdığı bildirilir. 


2.4.5. Terrorizmlə mübarizə 


İnformasiyanın toplanması və yayılması baxımından bir digər məhdudiyyət terrorizmlə mübarizə sahısindədir. Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən terror əleyhinə aparılan əməliyyat zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat qərargahının rəhbəri tərəfindən müəyyən edilir.  Terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir. Aşağıdakı məlumatların yayılmasına yol verilmir:

  • terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;
  • terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;
  • terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;
  • terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Media haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyətiinin Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyerini bildirir. Bununla da bütün məhdudiyyətləri medianın fəaliyyətinə tətbiqinə imkan tanıyır. Həmin Qanunun 72.6- cı maddəsinin tələbinə əsasən, hərbi və fövqəladə vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə), dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında və terror əleyhinə aparılan əməliyyat zonasında kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı yalnız Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər, habelə fəaliyyətinə bu Qanunun 70.2-ci maddəsində nəzərdə tutulmuş qaydada razılıq verilmiş xarici jurnalistlər tərəfindən həyata keçirilə bilər. Bu norma məhdudlaşdıırlmış xüsusi rejimli zonalarda işləyən jurnalistlərin çərçivəsini akreditasiya olunmuşlarla daha da məhdudlaşdırıb. 

2.4.6. Əməliyyat-axtarış fəaliyyəti ilə əlaqəli sirlər

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır. Bu maddənın məqsədi İnsan və vətəndaş hüquq və azadlıqlarını təminat altına almaq, əsassız müdaxilələrdən qorumaqdır. Bəzən, əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan şəxslər cinayətkarlığa qarşı mübarizə adı altında şəxslərin özəl həyatına, yaxud intim həyatına dair əməliyyat məlumatlarını, çəkilişlərini media qurumlarna təqdim edir və yayılmasına səbəb olurlar. Qanunvericilik bu davranışı qadağan edir və buna yol verənlərin məsuliyyət daşıdığını bildirir. Şəxsi həyat sirlərini yaymaq və ya şəxsin şərəf və ləyaqətinə toxunan məlumatları yaymaq mülki və cinayət məsuliyyəti yaradır. 


2.5. Konfidensial (gizli) İnformasiyalar

Vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, habelə şəxsi həyat sirləri çərçivəsində fərdi məlumatlar konfidensial xarakter daşıyır. Bu informasiyaların alınması məhdudlaşdırılır. 


2.5.1. Peşə (vəkil, notariat, həkim) sirləri

2.5.1.1. Vəkil sirri 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə görə vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. Vəkil sirlərinin alınması və yayılması məhdudlaşdırılmış informasiyalardır.  


2.5.1.2. Notariat sirri 

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinə görə notariat hərəkətləri barədə məlumatlar, arayışlar və digər sənədlər notariat sirridir. Notariat sirlərinin toplanması və yayılması məhdud informasiya olduğundan yolverilməzdir.  


2.5.1.3. Həkim sirri 

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun  29-cu maddəsinə əsasən, süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. 

Həmin Qanunun 53-cü maddəsi həkim sirrinin nədən ibarət olduğunu göstərir. Buna görə, şəxsin tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar həkim sirrini təşkil edir. 

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə  şəxsin psixi sağlamlığının vəziyyəti və ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatlardan istifadə hüququ həmin şəxsin özünə və buna qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxslərə məxsusdur. 

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (QİÇS) mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində insan immunçatışmazlığı virusunu konfidensial müayinə nəzərdə tutulmuş, müayinə və onun nəticələri barədə məlumatın gizli saxlanılmasına zəmanət verməklə insan immunçatışmazlığı virusuna tibbi müayinə aparılması nəzərdə tutlmuşdur.

Həmin Qanunun 8-ci maddəsinə əsasən, işəgötürən işçinin insan immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.

Qanunun 11-ci maddəsinə əsasən, insan immunçatışmazlığı virusuna tibbi müayinə, insan immunçatışmazlığı virusuna müsbət status, eləcə də insan immunçatışmazlığı virusu ilə yaşayan şəxs vəfat etdikdən sonra onun insan immunçatışmazlığı virusuna müsbət statusu haqqında məlumatlar konfidensial saxlanılır və qanunvericiliklə müəyyən olunmuş qaydada qorunur. Bu məlumatlara malik olan şəxslər onları sirr olaraq saxlamağa borcludurlar.

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən narkoloji xidməti və nəzarəti həyata keçirən, habelə xidməti vəzifələri həyata keçirərkən qulluq mövqeyinə görə narkoloji xəstələr bərəsində məlumatları əldə edən digər şəxslər həmin məlumatların yayılmasına yol verməməlidirlər. 


2.5.2. Kommersiya və bank sirri

Kommersiya sirri gerçək və ya potensial maddi dəyəri olan məlumatlardır. Onların yayılması məlumat sahibinin qanunla qorunan kommersiya maraqlarına əhəmiyyətli ziyan vura bilər. Kommersiya sirrinin yayılması ilə həmin məlumatların sahibi üçün bu məlumatların kommersiya dəyəri azalır, beləliklə ona ziyan dəymiş olur. 

“Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunu, Vergi Məcəlləsi, Cinayət Məcəlləsi və digər normativ hüquqi aktlar kommersiya sirlərini qoruyan normalar müəyyən edir. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə kommersiya sirri  hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa sahibkarlıq fəaliyyəti ilə bağlı olan, məlumat sahibinin razılığı olmadan açıqlanması şəxsin qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. 

Kommersiya sirri olan sənədləri oğurlamaq, fotoşəklini çəkmək, surətini çıxarmaq, zor tətbiq etmək və ya hədələmək, rüşvət vermək, kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq və ya pozmağa təhrik (vadar) etmək, məlumatların ötürülmə kanallarına qoşulmaq, danışıqlara qulaq asmaq və müşahidə aparmaq kimi qeyri-qanuni üsullarla əldə edilməsi “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun2.0.8-ci maddəsinə əsasən kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsulları hesab edilir. Həmin Qanunun 17.1-ci maddəsində kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edən və ya yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqları bildirilir.

 “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 41.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə müvafiq olaraq, bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.8-ci maddəsinin tələbinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar  məxfi məlumat hesab edilir və onların verilməsi qadağandır. Bu müddəa 2012-ci ildə korrupsiya faktlarını ictimailəşdirən  müxtəlif jurnalist araşdırmalarının yayılmasından sonra qanunvericiliyə salınaraq, jurnalist araşdırmalarının önünü kəsməyə hesablanmışdır və legitim hüquqi əsası yoxdur.

Mülki Məcəllənin 43.6-cı maddəsinə görə qeyri-kommersiya təşkilatları qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün kommersiya fəaliyyəti ilə məşğul ola bilərlər. Qeyri-kommersiya təşkilatları kommersiya fəaliyyəti ilə məşğul olduqda onların kommersiya fəaliyyəti ilə bağlı kommersiya dəyəri olan məlumatlar  kommersiya sirri kimi qoruna bilər.


2.5.3. Statistika sirri

Statistika müşahidələrinin aparılması üçün hüquqi və fiziki şəxslərin təqdim etdikləri ilkin statistika məlumatları (fərdi məlumatlar) statistika sirri sayılır. İlkin statistika məlumatları konkret müəssisə, idarə və ya təşkilatın, habelə fiziki şəxslərin fəaliyyətinə dair (məsələn, istehsal etdiyi məhsulların, göstərdiyi xidmətlərin adı, həcmi, ümumi məbləği, gəlirinin miqdarı, işçilərin ümumi sayı, ayrı-ayrı göstəricilər üzrə sayı və s.) məlumatlardır. Ümumiləşdirilmiş statistikadan fərqli olaraq xam datalar, ilkin fərdi məlumatlar məhdud informasiyalardır.


2.6. Şəxsin özəl həyat sirləri-fərdi məlumatlar


Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu təminat altına alıb. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına həyata müdaxilə etmək qadağandır.

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. 

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var.

 “Avropa İnsan Hüquq və Azadlıqlarının qorunmasına dair Konvensiya”nın 8-ci maddəsi də şəxsin özəl həyat toxunulmazlığını təminat altına alıb. “Şəxsi həyata və ailə həyatına hörmət” hüququ başlığı daşıyan bu maddədə bildirilir ki: “Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir”

BMT tərəfindən qəbul edilən və Azərbaycan tərəfinin də ratifikasiya etdiyi  “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 17-ci maddəsi də şəxsin özəl həyatını qoruyur. Maddədə bildirilir ki, “Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyri-qanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz. 2. Hər bir insan belə müdaxilə və belə qəsdlərdən qanunla qorunmaq hüququna malikdir”

Özəl həyata aid məlumatlar kareqoriyasına fərdi məlumatları da daxıldır. Bu məlumatlar informasiya əldə etmək haqqında Qanunun 38-ci maddəsində göstərilibdir. Qanuna əsasən fərdi məlumat dedikdə aşağıdakılar anlaşılır:  

  • Şəxslərin siyasi baxışları, dini etiqadları və dünya görüşlərini əks etdirən məlumatlar; 
  • etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar; 
  • cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar - açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda; 
  • sağlamlıq vəziyyəti haqqında məlumatlar; 
  • şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar; 
  • sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar; 
  • ruhi və fiziki əzablara dair məlumatlar; 
  • vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar.   

"İnformasiya əldə etmək haqqında” qanunda fərdi məlumatlar kateqoriyasına aid edilərək, verilməsinə məhdudiyyət tətbiq edilən informasiyalara ailə həyatına dair məlumatlar da daxildir.  Bunlar aşağıdakılardır:

cinsi həyat haqqında məlumatlar; 

  • vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar; 
  • ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar; 
  • övladlığa götürmə ilə bağlı məlumatlar. 

Qanunvericiliyə əsasən sirr kimi müəyyən edilən alınması məhdud informasiyaların hər birində olduğu kimi fərdi məlumatlarda da müəyyən müddət ərzində məhdudiyyət tətbiq edilir. 

Fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyət həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddətinədək və ya şəxsin vəfatından sonra 30 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il müddətinədək qüvvədədir. 

“Media haqqında“ Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyalar üçün müəyyən tələblər gətirilib və bu məlumatların  yayılmasına yol verilmir:

    • şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatlar;
    • qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatlar;
    • yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılması;

Şəxsin özəl həyatına qanunsuz müdaxilə hüquqi məsuliyyət yaradır. “Media haqqında“ Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsinə əsasən Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Ayrıca, fiziki şəxs, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların yalan olduğu halda məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməni, açıqlanması qanunla qadağan edilən məlumatların açıqlanmasını inzibati hüquq pozuntusu hesab edir və fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1 maddəsinə əsasən İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması da inzibati hüquq pozuntusu hesab edilir və fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasını inzibati hüquq pozuntusu hesab edir və 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutur. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci maddəsində şəxsin yazışma sirrini pozma, 156-cı maddəsində isə şəxsi həyatın toxunulmazlığını pozma cinayət məsuliyyəti yaradır. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz  toplanılması 1000 manatdan 2000  manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, habelə, məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə cəzaya görə sanksiya daha ağır müəyyən edilib. Bu zaman üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma cəzası verilə bilər.


2.7. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyalar

İnformasiyanın açıqlığının qarşısını alan məhdudlaşdırmalardan biri də İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsidir. Lakin bu zaman bütün informasiyaların bu metodla açıqlığının qarşısını almaq olmaz. Qanunda müəyyən edilmiş informasiyalar üçün bu addım atıla bilər. Bu zaman məhdudiyyətin qanuni müddəti keçməməlidir.

Xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilən informasiyalar bunlardır:

  • cinayət işi və ya inzibati xətalar haqqında iş üzrə toplanmış informasiya; - bu informasiyalar üçün tətbiq edilən məhdudiyyət  iş məhkəməyə verilənədək və ya işin icraatına xitam verilməsi barədə qərar qəbul edilənədəkdir.
  • dövlət nəzarəti gedişində toplanan informasiya; - həmin məsələ üzrə qərar qəbul edilənədək məhdudiyyət tətbiq edilir, qərar qəbul edildikdən dərhal sonra məhdudiyyət aradan qaldırılır.
  • vaxtından əvvəl açıqlanması dövlət siyasətinin formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə başa çatdırılmasına mane olan və ya mane ola bilən informasiya - prosesin başa çatması barədə razılaşma əldə edilənədək; - bu müddəanın tətbiqində bəzi problemlərin olması mümkündür. Çünki, ”dövlət siyasətinin formalaşdırılması, inkişafı və müvəffəqiyyətlə başa çatdırılması” anlayışı geniş anlayışdır və tətbiq edildiyində informasiya azadlığına zərər verməməlidir.
  • vaxtından əvvəl açıqlanması dövlət orqanı tərəfindən testləşdirmə və ya maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə yaradacaq və ya təhlükə yarada biləcək informasiya - test və ya maliyyə yoxlaması başa çatanadək; 
  • vaxtından əvvəl açıqlanması dövlət orqanında fikir mübadiləsini, məsləhətləşmə prosesini pozacaq və ya poza biləcək informasiya - son qərar qəbul edilənədək;
  • vaxtından əvvəl açıqlanması dövlət orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilən informasiya - iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti ilə bağlı konkret əməliyyat başa çatanadək;
  • ədalət mühakiməsinin həyata keçirilməsinə əngəl törədəcək və ya törədə biləcək informasiya - məhkəmə qərarı qəbul edilənədək; 
  • xarici ölkələrdən və ya beynəlxalq təşkilatlardan daxil olan sənədlər - sənədin açıqlanması üçün qarşılıqlı razılıq əldə edilənədək;
  • ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya zərər vura biləcək informasiya - bu təhlükəni törədən səbəblər aradan qalxanadək;
  • açıqlanması informasiya sahibinin qanuni maraqlarına ziyan vurursa, yaxud ictimai funksiyaları yerinə yetirən özəl hüquqi şəxslərlə bağlanan müqavilədə informasiyanın xidməti istifadə üçün nəzərdə tutulması qeyd olunubsa - texniki həllər barədə informasiya. 

Bundan əlavə, dövlət orqanları və bələdiyyələr, o cümlədən ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər,  əmr, sərəncam və qərarlarının layihələrini - əmr, sərəncam və qərarlar qəbul edilməyə təqdim olunanadək gizli qalma zərurətini əsaslandırdıqları hallarda xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilərlər.

Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər, habelə, tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri qanunda nəzərdə tutulan vəzifələrin icrasına dair  aktları və onlara aid sənədləri - bu aktlar qəbul edilənədək və ya imzalananadək gizli tutma zərurətini əsaslandırdıqları təqdirdə onları imzalananadək xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilərlər.

İnformasiya sahiblərinin informasiyaları xidməti istifadə üçün nəzərdə tutulması o zaman legitim hesab edilir ki, informasiyanın yayılmasından dəyə biləcək ziyan həmin informasiyaya olan ictimai marağı üstələsin.

Bütün konfidensial xidməti informasiyaların, sənədlərin üzərində onların qapalı olduğunu bildirən rekvizitləri olmalıdır. Belə rekviziti olmayan sənəd qapalı sayıla bilməz. Qanuna görə informasiya sahibi xidməti istifadə üçün olan sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərinə “Xidməti istifadə üçün” qeydini yazmalıdır.

Fərdi bilgiləri özündə birləşdirən sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərinə “Xidməti istifadə üçün. Fərdi məlumatlar” qeydi yazılır.

Hər iki halda sənədlərin və ya onların saxlandığı qovluğun üzərində məhdudiyyətin qüvvəyə mindiyi və qüvvədən düşməli olduğu tarix göstərilməlidir.


2.8. İnformasiya əldə olunmasının təşkilinə görə məsuliyyət 

Hər bir informasiya sahibi öz qurumunda informasiya xidmətini təşkil etmək məqsədi ilə daxili icraat qaydası müəyyən edir. İnformasiya sahibi bu prosesin qanunauyğun formada aparılmasına nəzarət etməli, buna görə məsuliyyət daşımalıdır. Əgər, informasiya xidməti yaradılıbsa yaranan mübahisələr üçün bu xidmət,  bu yaradılmayıbsa birbaşa informasiya sahibinin özü-vəzifəli şəxs məsuliyyət daşıyır.

İnformasiya sorğusuna əsassız rədd cavabının verilməsinə, yaxud sorğuya qanunda nəzərdə tutulan müddətdə cavab verilməməsinə, o cümlədən yayılması Qanunla zəruri olan informasiyanın yayılmamasına və ya üsuluna uyğun olaraq yayılmamasına görə informasiya sahibi məsuliyyət daşıyır. 

Sorğuda tələb edilən informasiyanın verilməsindən imtinanın qanunsuzluğu və əsassızlığı ortaya çıxarsa, İnformasiya sahibi hər şeydən əvvəl, istənən bilgini verməyə məcbur edilir. Bundan başqa bilgi verilməməsi nəticəsində iddiaçıya zərər dəydiyi isbat olunarsa, bu zərərin əvəzi İnformasiya sahibi tərəfindən tələb edilə bilər. İddiaçı işin məhkəməyə verilməsi və məhkəmədə baxılması ilə bağlı xərclər çəkmişdirsə həmin xərclərin əvəzini də bilgi sahibindən tələb edə bilər. 

İnformasiya sahibinin vəzifəli şəxsləri informasiya əldə edilməsini təşkil etməməyə, bilgi verməkdən qanunsuz imtinaya görə hüquqi məsuliyyət daşıyırlar Bu, inzibati xətalar məcəlləsində nəzərdə tutulub. 


IV. İnformasiya əldə etmək haqqında Qanunun tətbiqi zamanı müşahidə edilən problemlər

Bütün pozitiv qeydlərə baxmayaraq, bu Qanunun tətbiqi zamanı müəyyən problemlərin olduğu və bu problemlər aradan qaldırılmadan informasiya əldə etmək hüququnun reallaşmasındakı maneələrin ortadan qaldırılmasının mümkün olmayacağı aydın şəkildə ortaya çıxır.  

Bu problemləri üç  yerə ayırmaq olar:

Qanunun özündəki problemlər; 

  1. Qanunun tətbiqində yanlış təfsirdən yaranan problemlər;
  2. Qanunun mahiyyətinə zidd olan dəyişikliklərə məruz qalması.


Qanun özündəki problemlər; 


  1. Qanun qəbul edilən zaman bəzi məqamlar ictimaiyyət nümayəndələrinin haqlı tələblərinə baxmayaraq nəzərə alınmadı və qanunda bəzi “boşluqlara” imkan verildi. Bu Qanunun mətnində olan və dəyişdirilməsi zəruri olan, habelə, Qanunda nəzərdə tutulduğuna baxmayaraq müvafiq icra hakimiyyəti tərəfindən tənzimləmələri ləngidilən məqamlardır. Bunları aşağıdakı kimi sıralaya bilərik:
    1.   Qanunun 8.3-cü maddəsində “İnformasiya sahibi fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlarda dəqiqləşdirmələr aparılması üçün bu Qanunun tələblərinə uyğun qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edir” deməklə,  informasiya sahibləri üzərinə vəzifə qoymaqdadır. Lakin, bu maddənin tələbi də bu günə qədər yerinə yetirilməmişdir.  Fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olmasını tənzimləyən hər hansı qayda Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilməmiş, qanunun tələbinə biganə yanaşılmışdır. 
    2. Praktikada qarşıya çıxan ciddi problemlərdən biri də bəzi informasiya sahiblərinin informasiya sorğularını cavablandırmaqdan imtina etmələri və bu zaman Qanunun konkret 21-ci maddəsinə isnad etmələridir. 

İnformasiya sorğularının cavablandırılmasını monitorinq etdikdə, özəlliklə bəzi nazirliklərdən və digər informasiya sahiblərindən informasiya sorğularına verilən cavablarda bu ifadələrə yer verilir: “Sizin sorğunun həcmi iri olduğundan sorğunun icrası informasiya sahibi kimi  üzərimizə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdığından sorğunuza cavab verə bilmirik“. 

Bu cavab qanunun 21.2.3-cü maddəsinə istinad edilərək verilən cavabdır. 21-ci maddənin göstərilən  digər iki bəndi də (sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə) və (sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə) bu kimi bəhanələrlə informasiya sorğusuna cavab verməkdən yayınmağa informasiya sahibinə imkan verir və bunun praktikada məhkəmə mübahisələndirilməsini aparmaq, informasiya tələb edən tərəf üçün heç də asan deyil. Bu maddələrin qanunda sorğuların cavablandırılmasından imtinaya əsas kimi salınması, bütünlüklə, qanunun məqsədlərinə ziddir və qanundan çıxarılmalıdır. Sorğunun icrasının bir dəfəyə mümkün olmamasının, bütünlüklə sorğunu cavablandırmaqdan imtina üçün əsasa çevrilməsi tamamilə qeyri hüquqi və məqsədi aşan bir tənzimləmədir. 

Əslində informasiyanın maksimum açıqlığı prinsipinə söykənsək, sorğunu bir dəfəyə cavablamaq mümkün deyilsə, iki dəfəyə, üç dəfəyə cavablamaq lazımdır,  lakin ictimai əhəmiyyət daşıyan informasiyanı bu sadə bəhanə ilə gizləmək olmaz. Bu, informasiyanın maksimum açıqlığı prinsipini çiynəməkdir. Günümüzdəki İKT-nin inkişafı, xırda bir fleş karda onlarla GB həcmində informasiya yükləmək mümkünkən, belə bir bəhanə legitim hüquqi məqsəd daşımır.

İnformasiya sahibi ictimai əhəmiyyət daşıyan bəzi informasiyaları özü sistemləşdirməli, təhlil etməli və funksiyalarına uyğun olaraq hazır vəziyyətə gətirməlidir. Bu davranış bəzən onun ictimai funksiyalarının ayrılmaz hissəsidir. Lakin, praktikada çox maraqlı hadisələr qarşıya çıxır. Məsələn, Təhsil Nazirliyinin rəsmisinə verilən “Azərbaycanda neçə sinif otağı var, neçə şagirdə bir sinif düşür” sualına əsəbi verdiyi “mən bunu bilmək və sizə vermək məcburiyyətində deyiləm, bu informasiyaların təhlilini tələb edir, Qanunda mənim belə bir öhdəliyim yoxdur”-deməsi tamamilə  qanunverici orqanın qanuna yerləşdirdiyi məqsədi aşan rədd səbəbindəndir. 

Sorğulara rədd cavabı verməyə əsas kimi göstərilən bu müddəa  Qanunun girişində təsvir edilən məqsədlərə habelə, informasiya əldə olunmasının əsas prinsiplərinə ziddir, eyni zamanda əsassız olaraq informasiya əldə etmək hüququnu məhdudlaşdırır. Hər bir azərbaycanlı onun ölkəsində neçə şagirdə bir sinif otağının düşdüyünü bilmə haqqına sahibdir. Bu bilgi, təhsilin keyfiyyəti haqqında müəyyən nəticələrin əldə edilməsi üçün zəruridir və ciddi ictimai əhəmiyyət daşıyan informasiyadır. Ancaq, Qanuna yerləşdirilən bir müddəa rahatlıqla informasiya sahiblərinin ictimai funksiyaları istiqamətində vəzifələrini yerinə yetirmələrinin qarşısını kəsməyə kömək edən bəhanə rolu oynayır və ictimai əhəmiyyət daşıyan informasiya sorğularının cavablandırılmasından imtinaya əsas təşkil edə bilir.  


  1. Qanunun tətbiqində yanlış təfsirindən yaranan problemlər.


  1. Praktikada qarşıya çıxan ciddi problemlərdən biri ictimai informasiya sahibləri olan və ictimai əmlakın idarə olunması ilə məşğul olan informasiya sahiblərinin bəzilərinin informasiya sahibliyindən imtina edərək informasiya sorğularına cavab verməmələridir.  Təəssüf ki, sorğularına cavab ala bilməyən sorğuçular məhkəmələrə müraciət etdikdə  çox zaman məhkəmələr də bu yanlışa dəstək verməkdə, informasiya sahibi anlayışını Qanunun müəyyən etdiyi çərçivədən daha dar anlamaqdadırlar.  


İctimai əmlakın idarə olunmasında şəffaflığı ölçmək məqsədi ilə aparılan monitorinqlərdə müxtəlif dövlət şirkətlərinə və dövlətin səhmlərini əlində tutduğu səhmdar cəmiyyətlərə də sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının  Dövlət Neft Şirkəti digər bu tip qurumlardan fərqli olaraq, özünü informasiya sahibi kimi görmür və sorğulara cavab vermir. 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti adından da göründüyü kimi bütünlüklə dövlətə məxsusdur. O, milli sərvət olan neftin-qazın və digər karbohidrogen ehtiyatların idarə olunması işini həyata keçirir və bu səlahiyyəti normativ hüquqi aktla əldə edib. Bu şirkətin rəhbəri Prezidentin sərəncamı ilə vəzifəyə təyin edilir. Şirkətin sahibi 100% dövlətdir. Buna baxmayaraq ARDNŞ-nə yönələn bütün informasiya sorğularına tək cavab verilməkdədir: ARDNŞ İnformasiya əldə etmək haqqında Qanunun 9-cu maddəsinə əsasən informasiya sahibi deyil və sorğularınıza cavab vermək vəzifəsi yoxdur

Azərbaycan məhkəmələri də təəssüf ki, informasiya açıqlığını anlayışını tam qəbul etmək iqtidarında deyil. Məhkəməyə çıxan hüquqi çəkişmələrdə hüququn tətbiqinin yox, informasiya sahiblərinin  “gizlilik mədəniyyətinin” dəstəkləndiyi daha çox müşahidə edilir. Bu davranış özlüyündə ciddi korrupsiya faktlarını aşkarlamaq və şəffaflığı təmin etmək istəyən ictimai institutların, KİV-in və fəal vətəndaşların əl-qolunu bağlan və hər kəsin informasiya əldə etmək hüququnu pozan yanaşmalardandır.  

Qanunda göstərilən informasiya sahibi kimlərdir? Bu suala cavab axtardıqda, öncəliklə, Qanunun 9.1-ci maddəsinə əsasən dövlət orqanları birmənalı olaraq informasiya sahibləridir. ARDNŞ digər kommersiya subyektlərindən fərqli olaraq, müəyyən vaxtlarda dövləti təmsil etmək səlahiyyəti ilə çıxış etməkdədir. Böyük neft sazişləri imzalanarkən, qaz müqavilələri bağlanarkən Azərbaycan hökumətini təmsil etmək səlahiyyəti ARDNŞ-ə və onun rəhbərinə verilib və verilməyə davam edir. Bunu təsdiq edən xeyli sayda normativ hüquqi akt mövcuddur. Bunu nəzərə aldıqda, ARDNŞ birbaşa informasiya sahibi kimi (dövlət orqanı kimi) çıxış etdiyindən onun informasiya sahibliyi şübhə yaratmamalıdır. 

İkinci olaraq, Qanunun 9.1.2.- maddəsində  “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər” də informasiya sahibi hesab edilirlər. “İctimai funksiyaları yerinə yetirən hüquqi şəxslər” ifadəsi olduqca açıq və hər hansı yozuma ehtiyacı olmayan ifadədir. Karbohidrogen ehtiyatları milli sərvətdir və rəsmi olaraq dövlətə məxsusdur. Onun idarə edilməsi, çıxarılması, satılması, emalı, xərcləmələri, satınalmaları ictimai əhəmiyyət daşıyan funksiyalardır və bu dövlətin hər bir fərdinə, hər bir vətəndaşa birbaşa  aid olan məsələdir. Deməli, ARDNŞ “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərkateqoriyasındadır. 

Qanunun   9.2.-ci maddəsində çox aydın ifadə edilmişdir ki, “Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.” Dövlətə məxsus olan karbohidrogen ehtiyatlarının idarə edilməsi, çıxarılması, satılması, emalı, xərcləmələri, satınalmaları dövlətin təsis etdiyi və dövlət vəsaitləri ilə funksiyasını sürdürən şirkət üçün ictimai funksiya hesab edilməlidir və açıq informasiyalar hesab edilməlidir. 

Rəsmi sənədlərə çatımla bağlı Avropa Şurasının Tromso Konvensiyasının 1-ci maddəsi də bu məsələyə aydınlıq gətirir. 2 Bu Konvensiyanın məqsədləri üçün “dövlət orqanları” dedikdə minumum aşağıdakılar anlaşılmalıdır:

  • 1. milli, regional və yerli səviyyədə hökumət və idarəetmə;
  • 2 milli qanunvericiliyə uyğun olaraq inzibati funksiyaları yerinə yetirən qanunverici orqanlar və məhkəmə orqanları;
  • 3 inzibati səlahiyyətləri həyata keçirdikləri həddə fiziki və ya hüquqi şəxslər.
  1. Praktikada qarşıya çıxan ciddi problemlərdən digəri, müxtəlif normativ aktlarla təşkil edilən və müxtəlif icra hakimiyyətinin rəhbərlərini və ya nümayəndələrini birləşdirən, verdikləri qərarlarla bütün cəmiyyətin əməl etməsi zəruri olan normalar yaradan qurumların informasiya sahibləri olduqlarını inkar etmələri və yenə bu davranışların məhkəmələr tərəfindən “dəstəklənməsidir”. Məsələn, Tarif Şurası kollegial qurum görüntüsü versə də, Azərbaycanda hökumətin tənzimlənən xidmət və malların qiymət siyasətini müəyyən edən və verdiyi qərarları bağlayıcı olan bir icraedici qurumdur. Bu qurumun informasiya əldə etmək hüququnu pozan qərarlarına qarşı məhkəmə yolu faktiki bağlıdır və Azərbaycan məhkəmələri müxtəlif instansiyalarda “bu qurumun müvafiq icra hakimiyyəti orqanı olmadığı səbəbindən məhkəmədə ona qarşı iddia qaldırılmayacağı” - qənaətində birləşir və iddiaları rədd edirlər. Tromso Konvensiyasının 1-ci maddəsində bu məsələ də aydın müəyyən edilib. Milli qanunvericiliyə uyğun olaraq dövlət funksiyalarını yerinə yetirən və ya dövlət vəsaitləri ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər informasiya sahibidirlər və rəsmi sənədlərin əldə edilməsi hüququnun təmin edilməsində borcludurlar. 

Praktikada qanunu tətbiq edənlərin onu məhdud təfsir etməsi, gördüyümüz bu mənzərəni ortaya çıxarır. Bu, öz növbəsində Qanunun 9-cu maddəsindəki dövlət orqanları anlayışını Tromso Konvensiyasının müəyyən etdiyi çərçivədə yenidən daha aydın ifadə etmək ehtiyacının olduğunu göstərir.     


  1. İnformasiya əldə etmək hüququnu pozan məqamlar və qanunvericiliyə gətirilən əsassız məhdudlaşdırıcı normalar


  1. 3.1.İnformasiya əldə etmək haqqında Qanunun dəyişmə tendensiyası

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildiyi vaxt xeyli pozitiv normalar gətirməklə informasiya əldə etmək hüququnun təminatı baxımından, ictimai informasiyaların çatımlılığı baxımından yeni münasibətlər gətirdi. 

İlk dəfə informasiya sahibi konkret müəyyən edildi, onların vəzifələri göstərildi. İctimai informasiyaların nə olduğu müəyyənləşdi. Sorğularla necə davranılmalı olduğu, hansı müddətdə və necə sorğuların cavablandırılması zəruriliyi bildirildi. İnformasiya sahiblərinin hansı informasiyaları, hansı metodlarla yayması vacibliyi vəzifə olaraq üzərilərinə qoyuldu. 

İnternet resurslarının yaradılması zəruriliyi və hansı müddət ərzində yaradılmalı olduğu dəqiq təqvimlə müəyyən edildi. İnformasiya əldə etmək hüququnu məhdudlaşdıran digər normaların qəbul edilə bilməyəcəyi təminat altına alındı. 

Qanunda bir fəsil informasiyaların verilməsinə nəzarət mexanizmlərinə həsr olundu. Birbaşa İnformasiya Məsələləri ilə məşğul olan Müvəkkillik İnstitutunun yaradılması nəzərdə tutuldu və Qanunun son fəslində  keçid müddəalarında isə bu İnstitutun yaradılması üçün dəqiq 6 aylıq müddət müəyyən edildi.

Qanunun qəbulundan sonra sürətlə zaman keçməsinə baxmayaraq icrasının ləng getməsi, ciddi problemlərdən biri oldu. Faktiki olaraq qanunda nəzərdə tutulan heç bir müddət şərtinə əməl edilmədi. Mərkəzi icra hakimiyyət orqanlarının İnternet resurslarının  yaradılması prosesi, 5-6 il sonra bəlli bir ölçüdə tamamlanıb. Yerli icra hakimiyyəti orqanları, məhkəmələr üçün bu proses daha zəif getdi. Bələdiyyələr və digər informasiya sahibləri isə hələ də onlar üçün nəzərdə tutulan vəzifələri tam icra etməməkdə davam edirlər. 

Qanunda informasiyaların verilməsinə nəzarət etməsi nəzərdə tutulan İnformasiya Məsələləri ilə məşğul olan Müvəkkillik İnstitutunun yaradılması prosesi qanun qəbul edildiyi 2005-ci ildən 6 il keçənədək yaradılmadı, daha sonra 20 aprel 2012-ci il tarixli 323-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu nəzarət mexanizmini nəzərdə tutan müddəalar, bir fəsil bütünlüklə qanundan çıxarıldı və nəticədə, qanunun əsas məqsədinə çatmaq yolları demək olar ki, bağlandı. Bundan əlavə informasiya sahiblərinin vəzifələri arasında göstərilən İnformasiya Məsələləri üzrə müvəkkilə təqdim olunacaq hesabatların hazırlanması və İnformasiya Məsələləri üzrə müvəkkilə ildə iki dəfə - hər cari ilin birinci və yeddinci aylarında hesabatlar təqdim olunması habelə Müvəkkil tələb edərsə, informasiya sahibi bu cür hesabatları əlavə olaraq təqdim etməli olduğunu nəzərdə tutan vəzifəsi də qanundan çıxarıldı.



3.2 Qanunvericilikdə edilən düzəlişlər və dəyişikliklər onların hüquqa uyğunluğu 


“İnformasiya əldə etmək haqqında” Qanunun qəbulundan sonra bu Qanunun icrası məqsədi ilə bəzi qanunvericilik aktları qəbul edildiyi kimi, bu Qanunun mahiyyətinə uyğun gəlməyən və onun imkanlarını məhdudlaşdıran xarakterdə də müddəalar və aktlar qəbul edilib. 

      

  1. Belə dəyişikliklərdən biri, 18 mart 2009-cu il tarixdə Ümumxalq səsverməsi (referendum) ilə Konstitusiyanın 50-ci maddəsinə ”hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilməsi barədə III hissə əlavə edildi. Burada ilk baxışdan hər hansı problemin olmadığı görünsə də, əlavənin mahiyyətinə diqqətlə nəzər saldıqda,  ”hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatın” “yalan” olması tələb olunmur. Doğru olan, amma şəxsin mənafeyini zədələyən məlumatın təkzibinin Konstitusiya kimi mötəbər sənəddə təkzib edilməsinin tələb edilməsi, bir konstitusion norma deyil və informasiya azadlığına daha geniş məhdudiyyət gətirməkdədir. 
  2. 24 iyun 2011-ci il tarixdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 38.2.7-1-ci maddə əlavə edildi: 
    “38.2.7-1. şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar”. 

Bu müddəanın qəbul edilməsində məqsəd, məişət zorakılığının qarşısının alınması məqsədi ilə qəbul edilən qanunvericiliyə uyğun olaraq, bu qanunda fərdi məlumatlar kimi nəzərdə tutulan və verilməsinə məhdudiyyət qoyulan informasiyaların miqyası genişləndirildi. Halbuki, zorakılığın törədilməsinə dair məlumatlar ictimai əhəmiyyət daşıyan, hüquq pozuntusuna dair məlumatlardır və şəxsin adı identifikasiya edilmədən yayılması mümkün olan məlumatlardır. Bu məlumatların yayılması zamanı media etikası çərçivəsində davranaraq, qurbanların qorunması mümkündür və qanunla belə məlumatların qadağan edilməsi ciddi ictimai əhəmiyyət daşıyan faktların cəmiyyətdən gizlədilməsi və zorakılıqla mübaricəyə cəmiyyətin cəlb edilməsinin mümkünsüzlüyü ilə nəticələnə bilər. 

Qeyd etmək lazımdır ki, daha əvvəl qanunun 38.2.7-ci maddəsində  sadəcə “ruhi və fiziki əzablara dair məlumatlar” şəxsi məlumat hesab edilərək məhdudlaşdırılmasına yol verilirdi.

  1. Milli Məclis tərəfindən 20 aprel 2012-ci il tarixdə qəbul edilən və 12 iyun 2012-ci il tarixdə qüvvəyə minən bir digər dəyişikliklə, Qanunun İnformasiya əldə etmək azadlığı başlığını daşıyan maddəsinin  2.4-cü bəndinə  aşağıdakı məzmunda yeni müddəa əlavə edildi:

“2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin  təmin edilməsi məqsədlərinə zidd olmasın”.

Bu əlavə, bütünlüklə bu qanunun ruhuna, məqsədinə ziddir. Konstitusiyada informasiya azadlığının olduğu əsas kimi qəbul edilib və bu azadlığın konkret məqsədlərlə, qismən və müvəqqəti məhdudlaşdırıla biləcəyi qeyd edilib. “İnformasiya əldə etmək haqqında” Qanunda  da azadlıq əsas kimi vurğulanmışdı və məhdudiyyətlər qismən və konkret səbəblərlə mümkün olacağı qeyd edilmişdir. Yeni əlavə olunan müddəada İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, - deməklə, informasiyanın azad olmadığı, əsasən məhdud olduğu, sadəcə bəlirli hallarda və şərtlərdə bu informasiyaların əldə edilməsinə “icazə” verildiyi bildirilmişdir. Beləliklə, Konstitusiyanın 50-ci maddəsinin tələbi və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 10-cu maddəsi, habelə, BMT –nin “Mülki və Siyasi Hüquqlara dair Konvensiyası”nın 19-cu maddələrinin tələbi olan “Azadlığın əsas kimi qəbul edilməsi və məhdudiyyətlərin dar və istisna kimi məhdud məqamlarda tətbiq edilməsinin mümkünlüyünü” göstərən fundamental prinsiplər zədələnmişdir. 

Ayrıca, burada məhdudlaşdırmağa əsas kimi göstərilən halların bir çoxu, beynəlxalq hüquq normaları kimi illərdir formalaşan və “Avropa İnsan Hüquqları Məhkəməsi” president hüququ ilə tətbiq imkanı və məkanı qazanan məqamlarla ciddi ziddiyyət təşkil etməkdədir. Bu dəyişikliklə, qanunda informasiya verilməsinin önlənməsi üçün yeni legitim olmayan məqsədlər göstərilmiş və bu məqsədlər aydın olmayan bir dillə ifadə edilərək, informasiya sahiblərinə sorğulardan imtina etmək üçün sərhədsiz manevrlər imkanı tanımış, beləliklə, qanunlar üçün zəruri olan dəqiqlik, aydınlıq, anlaşılırlıq kimi əsas prinsiplərdən uzaqlaşılmışdır. “Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması”- şəklində bir ifadənin qanunda informasiya verilməsindən imtina səbəbi kimi göstərilməsi yolverilməzdir. 

Qanunda hansı informasiyaların verilməyəcəyi onsuz da göstərilmişdi. Bunlar rəsmi qaydada məxfiləşdirilən və sirlər kateqoriyasına aid edilən, habelə xidməti istifadə üçün nəzərdə tutulan və ya şəxsi həyat sirləri kateqoriyasına aid edilən informasiyalardır. Burada isə dövlət sirləri ifadəsi işlətmədən, birbaşa “siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqların qorunması”- yaxud, şəxsi həyat sirləri ifadəsi işlətmədən, “digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqların qorunması,” adı altında informasiyaların verilməsindən imtina üçün uydurma “qanuni səbəblər” yaratmaq, informasiya azadlığına böyük bir zərbədir və ölkənin beynəlxalq hüquq üzrə ratifikasiya etdiyi aktlara, habelə Konstitusiyamıza  birbaşa ziddir. 

  1. Qanunun 6.1.6-cı maddəsində yer alan  “informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması”- prinsipi, dəyişdirilərək, mücərrəd bir prinsip gətirildi; -“6.1.6. informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması”; 

Beləliklə, informasiyaları verməmək üçün uydurulan qondarma əsaslar “İnformasiya əldə olunmasının əsas prinsipləri “-  kimi təqdim edildi və “şərtli icazə” əsas prinsiplər kimi qanuna salındı.

  1. 20 aprel 2012-ci ildə Milli Məclisdə qəbul edilən və  10 may 2012-ci ildə qüvvəyə minən dəyişikliklər “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda bu qanunun qəbul edildiyi zaman nəzərdə tutulan məqsədlərdən xeyli uzaqlaşdırdı və ən ciddi və məhdudlaşdırıcı dəyişikliklər kimi tarixə düşdü. 
  2. Bu dəyişikliklə, “İnformasiya əldə etmək haqqında” Qanunun 10.5.4-cü maddəsində informasiya sahibinin vəzifələrindən olan hesabat hazırlama vəzifəsi  (10.5.4. İnformasiya Məsələləri üzrə müvəkkilə təqdim olunacaq hesabatları hazırlayır); 10.6-cı maddədə nəzərdə tutulan bu hesabatların ildə iki dəfə olması tələbi (10.6. İnformasiya Məsələləri üzrə müvəkkilə hesabatlar ildə iki dəfə - hər cari ilin birinci və yeddinci aylarında təqdim olunur. Müvəkkil tələb edərsə, informasiya sahibi bu cür hesabatları əlavə olaraq təqdim etməlidir) 57-ci müvəkkilin seçilməsi müddətini göstərən maddə və  43-55-ci maddələr ləğv edildi. Beləliklə, 7-ci fəsildə olan 14 maddənin 13-ü qanundan çıxarıldı, 42-ci maddə isə; “42.1.2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirir”- şəklində dəyişdirildi. 

Bu addımla, qanunda informasiyaların verilməsinə nəzarət mexanizmasına həsr olunduğu bir fəsil ortadan qaldırıldı və informasiyaların verilməsinə nəzarət imkanları minimuma endirildi. 

Daha öncə qanunda İnformasiya Məsələləri ilə məşğul olan Müvəkkillik İnstitutunun yaradılması nəzərdə tutulurdu ki, bu informasiyaların açıqlığı baxımından xüsusilə informasiya sahibi sayılan bütün kateqoriya üzrə hesabatlar tələb etmə, onların üzərinə öhdəlik qoyma, sorğularla iş, informasiya sahiblərinin vəzifələrinə uyğun davranması, ictimai informasiyaların internetdə yerləşdirilməsi baxımından çox önəmli səlahiyyətləri özündə birləşdirirdi və bu qanun qəbul edildiyi 2005-ci ildə məhz bu müddəaların mövcudluğu qanuna beynəlxalq təşkilatların ekspertləri tərəfindən müsbət rəy verilməsinə səbəb olmuşdur. 

  1. İnformasiya əldə etmək hüququnun təminatı kimi nəzərdə tutulan İnformasiya Müvəkkili institutu yaradılmadan ləğv edildikdən sonra,  24 iyun 2011-ci ildə “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulan səlahiyyətlərin bir hissəsi İnsan Hüquqları üzrə Müvəkkilə verildi və bu Müvəkkil haqqında Konstitusiya Qanununa 13-1 ci maddə kimi daxil edildi. Bu zaman Müvəkkilə verilən səlahiyyətlər çox məhdudlaşdırıldı. Belə ki, Müvəkkilin önləyici səlahiyyətləri ortadan qaldırıldı. Hesabatlar qəbul etmək və qanunun icrasına  bu formada nəzarət etmək hüququ ləğv edildi. Sadəcə şikayətlərə baxma səlahiyyətləri saxlanıldı. Artıq Müvəkkil bütün informasiya sahiblərindən gələn şikayətlərə yox, sadəcə informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun bəzi tələblərinə riayət edilib-edilmədiyini ancaq araşdıra bilər.

Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 gün müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil yalnız müvafiq yuxarı orqana müraciət edir. Bu isə faktiki olaraq pozuntuya səbəb olan tərəfin özündən özünə şikayət edilməsidir. Praktikada da bu aydın müşahidə edilir.

  1. 12 fevral 2010-cu il tarixdə “İnformasiya əldə etmək haqqında” Qanunun 6-cı maddəsində  “6.0.- 6.0.11-ci maddələr müvafiq olaraq 6.1.-6.1.11-ci maddələr hesab edildi və 2009-cu il mart referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə olan əlavəyə uyğun olaraq, aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edildi:
    “6.2. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.

İlk baxışda hər hansı problemli məsələ kimi görünməsə də, əslində maddənin içərisində “şəxsin özəl həyatına aid” qeydi olmadığından, praktikada bu tənzimləmə ciddi səhv anlaşılmalara səbəb olur. Əslində, Konstitusiyanın 32-ci maddəsinin adı “şəxsi həyatın qorunması” olduğundan, bu qanuna əlavə edilən mövcud bənd, şəxsin özəl həyatına müdaxilə edilməməsi kimi anlaşılır. Lakin, bu qanunda şəxsin özəl həyatı və ya ümumi həyatı məqamları ayırd edilmədən, birmənalı olaraq “şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması”nın qadağan edilməsi elə təsəvvür yaradır ki, şəxsin ictimai vəzifələrini icra edərkən hüquq pozuntusu etməsi halında belə, öncə ona xəbər vermək və ya icazəsini almaqla ancaq çəkiliş aparıla bilər. Halbuki, bu şərt ancaq özəl həyatı qorumaq məqsədi ilə ola bilər, bütün hallara şamil edilə bilməz. Beləliklə, informasiya azadlığına adekvat olmayan bir məhdudiyyət qarşımıza çıxır. 

  1. Yuxarıda qeyd edildiyi kimi, “İnformasiya əldə etmək haqqında” Qanunda 11-ci prinsip “Xəbərçilərin qorunması” prinsipidirBu sonuncu prinsipə görə, qurum daxilindən hüquq pozuntuları barədə informasiyanı yayan şəxslərin qanuni müdafiəsi olmalı, bu şəxsləri qanunvericilik xüsusi qoruma altına almalıdır. “İnformasiya əldə etmək haqqında” Qanunun 6.1.11-ci bəndində “ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması” –prinsipi göstərilib. Hətta qanun qəbul edildikdən müəyyən müddət sonra o zaman qüvvədə olan “İnzibati Xətalar Məcəlləsi”nə 181-3-cü maddə əlavə edildi və həmin maddənin 5-ci bəndində göstərildi ki: “181-3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə”- inzibati məsuliyyət yaranır. 

1 mart 2016-cı ildə yeni redaksiyada qüvvəyə minən “İnzibati Xətalar Məcəlləsi”nin 374-cü maddəsi İnformasiya əldə etmək hüququnun pozuntularına görə inzibati məsuliyyəti nəzərdə tutsa da, həmin maddədə əvvəlki əhatə daraldılaraq, buradan iki məsələ çıxarıldı. Bunlardan biri informasiya sahibinin informasiyanı əldə etməni  təşkil etməməyə görə müəyyən olunan məsuliyyət, digəri isə xəbərçilərin qorunması prinsipinin təminatı olan informasiya sahiblərinin ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasının qarşısını alan müddəa oldu.  Beləliklə, 2016-cı ildə Milli Məclis informasiya əldə etmək hüququnun təminatlarından daha ikisini qanunvericilikdən çıxardı. Dövlət qurumlarının, vəzifəli şəxslərin, informasiya sahiblərinin  informasiya əldə olunmasını təşkil etməməsi, habelə ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə informasiya sızdıran “xəbərçilər”in təqib olunması cəzasız qaldı. Bununla, informasiya sahiblərinin daha az şəffaf olması və daha sərt davranması bir növ təşviq edildi

  1. 29 iyun 2018-ci il tarixli 1203-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə İnformasiya əldə etmək haqqında Qanunun 30.1-ci maddəsində nəzərdə tutulan informasiya sahiblərinin internet informasiya resurslarını yaratma və bəlirli informasiyaları paylaşma öhdəliyini zədələyən yeni norma qanuna pərçimləndi. Əlavə edilən normaya görə Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir”. Bununla bu informasiya sahiblərinin üzərinə qanunla qoyulan vəzifə götürülərək, icra orqanının insiyativinə verildi. 26 Noyabr 2018-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 504 saylı Qərarı ilə “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası” təsdiq edildi. Qaydalara əsasən iki fərqli forma müəyyən edilib və bu formalara uyğun olaraq hər il bitdikdən sonra növbəti ilin 30 aprel tarixinədək həmin məlumatlar açıqlanmalıdır. Bu norma qanunda nəzərdə tutulan informasiyanın operativ təqdim olunması prinsiinə ziddir. 


    1. 10.3. İnformasiya əldə etmək haqqında Qanunun tətbiqini reallaşdırmaq məqsədi ilə qəbul edilən normativ hüquqi aktlar

“İnformasiya əldə etmək haqqında” Qanunun qəbulundan sonra bəzi normativ aktların qəbul edilməsinə start verildi. Bu çərçivədə, ilk dəfə, Sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli, 38 saylı qərarı ilə təsdiq edilmiş Qaydalar  qəbul edildi. 

2006-cı il 7 fevral tarixli, 38 saylı bir digər sənəd, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi Qaydalarıdır. Bu sənədlə, qanunda nəzərdə tutulan reyestrlə bağlı məqamların tənzimlənməsi nəzərdə tutulub. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli, 38 saylı qərarı ilə təsdiq edilmiş, Sənədlərin reyestrindən istifadəyə dair Qaydalar rəsmi sənədlərin istifadəsi tənzimləyir.  

Bu sənədlərin qəbulundan bir il sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 fevral tarixli, 33 saylı qərarı ilə təsdiq edilmiş, Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları müəyyən edildi. 

26 iyul 2012-ci il tarixdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti № 158 saylı Qərarı ilə “Haqq  ödənilməklə  göstərilən  informasiya  xidmətlərinin Siyahısı”nın, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”nın, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”nın,  “Ödəniş  zamanı  edilə biləcək güzəştin Şərtləri”nin və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları”nın təsdiq etmişdir. 

Bu Qaydalar hazırlanarkən, İ”nformasiya əldə etmək haqqında” Qanunun tələbinə əhəmiyyət verilməmiş, Qanunda açıq-aşkar mövcud olan müddəalar nəzərə alınmadan, məhdudlaşdırıcı tənzimləmələr nəzərdə tutulmuşdur. 

“İnformasiya əldə etmək haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən,  ictimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur. Bu açıq müddəanın olmasına baxmayaraq, Nazirlər Kabinetinin bəhs edilən qərarında bu məqama toxunulmamış, ictimai informasiyaların bütün hallarda ödənişsiz təqdim ediləcəyinə dair qanunun müddəası pozulmuş, ictimai informasiya və digər informasiya ayrılmamışdır. Halbuki, “İnformasiya əldə etmək haqqında” Qanunun 3.0.3-cü maddəsində  ictimai informasiyanın nə olduğu bildirilmiş, “ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər;”- olaraq göstərilmişdir. 

Nazirlər Kabinetinin bəhs edilən qərarında “İnformasiya əldə etmək haqqında” Qanunun müddətlərə dair tələbi də ciddi şəkildə pozulmuş, Qanunun 24.1-ci maddəsində  çox açıq şəkildə göstərilən “24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir” və  “Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir”- .müddəlarının tələbi nəzərə alınmamış, yeni, uzun müddətlər gətirilmişdir.

“Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları”nı tənzimləyən Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulan müddətlər birbaşa “İnformasiya əldə etmək haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərini aşıb.  

Bu qaydalarda ödənişli informasiyanın verilməsi üçün müqavilə bağlanması proseduru 13 iş günü müddətində nəzərdə tutulur, yalnız 13 iş günündən sonra ödəniş həyata keçirildikdən sonra informasiyanın verilməsinin mümkünlüyü bildirilir. Beləliklə, informasiyanın ödənişli verilməsi zamanı rəsmi şəkildə 7 iş günü yox, 20 günədək müddətin keçməsi “hüquqi” prosedura kimi təsdiqlənib. Bununla, Konstitusiyanın 149-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulan “V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır” -tələbi də açıq şəkildə pozulub. 


    1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa gətirilən son dəyişikliklər 

10 mart 2017-ci il tarixli, № 539-VQD saylı qanunla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa xeyli məhdudlaşdırıcı normalar daxil edilib. Bu normaların məhdudlaşdırıcı normalar kimi xarakterizə olunmasına əsas verən bir neçə amil var. 

Öncəliklə, bəhs edilən Qanun 1998-ci ildə qəbul edilən zaman qanunun təsir dairəsi adlanan 1-ci maddəsində göstərilir ki, “Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir”.  Ayrıca, bildirilir ki, “Bu Qanun “Kütləvi informasiya vasitələri haqqında” və “Müəlliflik hüququ  və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlərə şamil edilmir”.

Öncəliklə, vurğulamaq zəruridir ki, 8 fevral 2022-ci ildən etibarən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşməsinə və onun yerinə münasibətləri “Media haqqında” Azərbaycan Respublikası Qanunu tənzimləməsinə baxmayaraq, hələ də qanunda qüvvədən düşmüş qanuna isnad mövcuddur. 

10 mart 2017-ci il tarixli dəyişiklikliyin problematik tərəfi odur ki, məhz informasiyanın yayılmasına dair münasibətləri tənzimləyəcək dəyişiklikləri və məhdudlaşdırıcı normaları qanuna əlavə edib. Bilindiyi kimi “Media haqqında “ Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində (1.1.7. onlayn media, 1.1.18 platforma yayımçısı, 1.1.30. İPTV yayımı, 1.1.31. OTT yayımı və s.) nəzərdə tutulan media subyektlərinin internetdə yayımına dair münasibətlər məhz həmin qanunla tənzimlənməkdədir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun isə texniki məsələləri, informasiyanın mühafizəsini və informasiya prosesində iştirak edən subyektlərin hüquqlarını tənzimləməkdə idi. 

2017-ci il tarixli dəyişikliklə Qanuna əlavə edilən maddələr və anlayışlar Qanunun mahiyyətini dəyişərək texniki tənzimləmədən məzmun tənzimlənməsinə keçərək,  “Media haqqında” Qanunla tənzimlənən münasibətlərə kobud şəkildə müdaxilə etməkdədir. 

Qanuna əlavə edilən internet informasiya ehtiyatı başlıqla 3-cü fəsil tamamilə məhdudlaşdırıcı xarakterdədir və nə Konstitusiyanın, nə ölkənin qoşulduğu beynəlxalq Konvensiyaların nə də mövcud “Media haqqında” Qanunun tələblərinə uyğun gəlmir.

 13-1-ci maddədə  “13-1.3. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”- deməklə domen adlarının internet ictimaiyyətinin tərəflərinin iştirakı ilə deyil, müvafiq nazirlik tərəfindən tənzimlənməsi beynəlxalq normalara, o cümlədən ICAN-in bununla bağlı tövsiyələrinə ziddiyyət təşkil edir.

13-2-ci maddə birbaşa “internet informasiya ehtiyatında informasiyanın yayılması”- başlığı  daşımaqla “Media haqqında” Qanunun tənzimləmə sahəsinə müdaxilə etdiyini təsdiq edir. Çünki, yayma funksiyası media subyektlərinə xas funksiyadır və münasibətlər məhz media subyektlərinin fəaliyyətini tənzimləyən baza qanunla tənzimlənməkdədir. 

13-2.3-cü maddədə tam 11 müxtəlif bənddə daha öncələri müxtəlif qanunlarda olan bütün hüquqi və etik məsələlər sayılaraq, bunların qadağan olunmuş məlumatlar olduğu bildirilir yayılmasının qadağan edildiyi vurğulanır. İnternet informasiya ehtiyatı sahibi ilə domen adı sahibinin bunları yaymamalı olduğu, buna görə məsuliyyət daşıdığı bildirilir. Ən diqqət çəkən və hüquqi baxımdan ziddiyyətli olan məqam 13-2.4 və 13-2.5-ci maddələrin mahiyyətidir. 

Maddəyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi özü yayılması qadağan olunan informasiyaları aşkar edərək yaxud hər hansı kənar müraciətlə internet resursda yayılan informasiyanı məhkəmə qərarı olmadan silməlidir. Bu vəzifə resurs sahibi  və domen adı sahibi ilə məhdudlaşmır. Host provayder  də öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görməlidir. 

Müvafiq icra hakimiyyəti orqanı olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyi yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına girişin məhdudlaşdırılması barədə müraciət edir.

Maraqlı məqam budur ki, ilk növbədə Nazirlik bilavasitə özü ekspert rolu alaraq, informasiyanın yayılması qadağan edilmiş informasiya olması qənaətinə gələrək, bu addımı atır. İkincisi, hər hansı 3-cü şəxsin müraciəti də informasiyanın silinməsi öhdəliyini tərəflərin üzərinə qoya bilir. 

Ən mübahisəli məqamlardan biri də 13-3.3-cü bəndin tələbidir. Belə ki, “Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına giriş birbaşa Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinin qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Bu zaman məhdudiyyət məhkəmə qərarı olmadan reallaşır. Daha sonra məhkəməyə də müraciət edilir, lakin Məhkəmə müraciətinə baxılanadək və ya həmin qərar ləğv edilənədək bağlanma qərarı qüvvədə qalır. 

Məhkəmənin bu tip müraciətə baxmasına qanunda 5 günlük vaxt məhdudiyyəti qoyulsa da, məhkəmə qərarı olmadan internet resursuna girişin məhdudlaşdırılması ifadə azadlığına, habelə, informasiya azadlığına legitim və adekvat olmayan müdaxilə kimi qiymətləndirilə bilər. Ayrıca, məhkəmə qərarı olmadan internet informasiya resursuna girişin məhdudlaşdırılması Konstitusiyanın 47, 50, 71, 151-ci maddələrinə habelə, Media haqqında Qanunun 5-ci maddəsində nəzərdə tutulan senzuranın yolverilməzliyi müddəasına ziddir. 5-ci maddədə qeyd edilir ki, “2. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır”. Bu qədər açıq norma varkən Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinə media resursuna girişi qadağan etmə vəzifəsi yükləmək aydın şəkildə media azadlığına legitim olmayan müdaxilədir. 

Bundan əlavə, Qanuna əlavə edilən 13-3.6-cı bənddə bəhs edilən Nazirlik tərəfindən yaradılan və saxlanan “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”nın mövcudluğundan bəhs edilir. Bununla da anlaşılır ki, məqsəd sadəcə yayılması qadağan olunmuş informasiyanı resursdan çıxarmaq yox, bütünlüklə internet informasiya resursunun “qara siyahıya” salaraq ona girişi tamamilə məhdudlaşdırmaqdır. Beləliklə, bütün host və internet provayderlərə bu resurslara girişi əngəlləmə öhdəliyi gətirilir.

 Qanuna əlavə edilən sonuncu 13-4-cü maddədə birbaşa 3-cü fəslin  müddəalarının pozulmasına görə, yəni yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar internet informasiya ehtiyatının sahibinin, domen adının sahibinin, host və internet provayderlərin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqları bildirilir. 

Bu məsuliyyət İXM-nin 388-1-ci maddəsidir. Media Qanunun 14-cü maddəsində də göstərildiyi kimi, bu məsuliyyət məhz onlayn resurslarda yayılan məlumatlar üçün məsuliyyət yaradır. İnzibati məsuliyyət İnternet informasiya ehtiyatında və ya informasiya- telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması üçün nəzərdə tutulub. 

  • informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə; 
  • İnternet informasiya ehtiyatında yerləşdirilmiş, yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə -
    - fiziki şəxslər 500 (beş yüz) manatdan 1000 (min) manatadək, vəzifəli şəxslər 1000 (min) manatdan 1500 (min beş yüz) manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 (bir) ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 (min beş yüz) manatdan 2000 (iki min) manatadək məbləğdə cərimə edilir. Qeyd etmək lazımdır ki, İXM-nin bu maddəsində göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 

Lakin, yayılan informasiyanın məzmununa görə texniki infrastruktura cavabdeh olan tərəflərin məsuliyyət daşıması hüquqi baxımdan problematik məqamdır və legitim yanaşma deyil. 


Nəticə

Nəticə olaraq, müşahidələr və sənədlərin dəyişmə tendensiyası, habelə tənzimləmə adı altında qəbul edilən yeni aktların mahiyyəti göstərir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun qəbul edildiyi dövrdə qarşıda duran məqsədlə, bu gün gəlinən yer arasında ciddi bir fərq var. 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Qanun qəbul olunan zaman daha liberal bir tənzimləmə hədəf kimi götürülmüş, həmin hədəfə çatmanın hüquqi mexanizmi Qanunun ilkin mətnində mümkün qədər nəzərə alınmışdır. 

Lakin Qanunun icrasına başlamalı olan hökumət, bu istiqamətdə müntəzəm gecikmələrə yol vermiş, mərhələli həlli nəzərdə tutulan məsələləri vaxt keçsə də həll etməmiş, xüsusilə Qanunun 29-cu maddəsində 34 bənddə sayılan ictimai informasiyaların açıqlılığını təmin etməmişdir. Habelə, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr informasiya resurslarını qanunvericiliyin tələbinə uyğun qurmamış, qanunla üzərilərinə qoyulan vəzifələrin icrasını ləngitmiş, bir çox halda, ümumiyyətlə, qanuni vəzifələrin icrasına başlamamış, əksinə mühiti qanuna uyğunlaşdırmaq əvəzinə, qanunu mühitə uyğunlaşdırmaq məqsədi ilə qanunun dəyişməsi səylərini gücləndirmişdir. Nəticədə qanunu kifayət qədər məhdudlaşdıraraq, çox mütərəqqi olan məqamların, o cümlədən İnformasiya məsələləri üzrə ayrıca  Müvəkkillik institutunun təşkil olunması ideyasını reallaşdırmadan qanundan çıxarmışdır.


İnformasiya əldə etmək hüququnun pozulmasına yol verən tərəflərin məsuliyyəti məsələsi ilkin əhatə dairəsindən daraldılmış, informasiyanın verilməsini təşkil etməməyə, xəbərçilərin təqib edilməsinə görə müəyyən olunan inzibati məsuliyyət qanunvericilikdən səssizcə çıxarılmış, informasiya verilməsindən imtina səbəbləri genişləndirilmiş, məhdudiyyətlərin siyahısı şişirdilmiş, effektiv nəzarət imkanları qanunvericilikdən çıxarılmışdır. 

Xüsusilə, İnformasiya məsələləri üzrə Müvəkkilə verilən bütün informasiya sahiblərinə nəzarət etmə imkanı, İnsan Hüquqları üzrə Ombudsmana verilməmiş, sadəcə onun nəzarət etdiyi informasiya sahiblərinin əhatəsi  “dövlət qurumlarına və bələdiyyələrə, habelə vəzifəli şəxslərə”- ifadəsi ilə xeyli məhdudlaşdırılmış, ictimai informasiya sahibi olan kommersiya qurumları, hüquqi şəxslər, inhisarçılar və digər özəl şəxslər Ombudsmanın nəzarətindən kənara çıxarılmışdır.

Ayrıca, qanunun ilkin qəbul edilən versiyasında İnformasiya məsələləri üzrə Müvəkkilə verilən önləyici nəzarət mexanizmi, informasiya sahiblərindən ildə iki dəfə hesabatların qəbul edilməsi mexanizmi Ombudsmana verilməmiş, sadəcə şikayətlərə baxma səlahiyyəti dar formada saxlanılmış, aradan 6 il vaxt keçməsinə baxmayaraq, bu İnstitut da işləməmişdir. Beləliklə, informasiya açıqlığı baxımından dövlət qurumlarına nəzarət edilməsinin istənmədiyi reallığı aydın şəkildə ortaya çıxmışdır.  Bu yanaşma ilə, “İnformasiya əldə etmək haqqında” Qanunun 1-ci maddəsində nəzərdə tutulan “Qanunun məqsədi”  reallaşmamış, ümumiyyətlə bu məqsədin qoyulmasındakı iradə ilə qanunun tətbiqi arasındakı iradə faktiki ziddiyyət təşkil etmişdir.

 Halbuki, bu Qanunun əsas məqsədi məhz informasiyanı əldə etmək, onu hər kəs üçün çatımlı etməkdən ibarət idi. Bu qanunun qəbul edilməsi və tətbiq edilməsi hüquqi və fiziki şəxslərin məlumat almaq hüququnu təmin etməklə bərabər, dövlətin hüquqi, demokratik dəyərləri mənimsəyən və şəffaf idarə edilməsinə səbəb olan bir vasitəyə çevrilməli idi.

Dövlət  qurumlarının funksionallığı baxımından səlahiyyət verilmiş dövlət qurumlarının, qurumları idarə edən məmurlarının qanuna uyğun davranıb-davranmaması ictimai rəy üçün önəmlidir. Bu baxımdan bütün idarəetmə ilə bağlı informasiyalar ictimai yükü olan informasiyalardır və bu istiqamətdəki fəaliyyətlər ictimai vəzifələrin icrası olaraq qəbul edilməli, onlara şəffaf nəzarət imkanı təmin edilməli idi. Bu eyni zamanda demokratik prinsiplərə sədaqətin də göstəricisi ola bilərdi. 


Təkliflər

  1. İnformasiya azadlığı ilə əlaqəli olan qanunlara beynəlxalq standartlar nəzərə alınaraq dəyişiklik təkliflərinin hazırlanmalı, qanunvericiliyə sonradan əlavə edilən bütün məhdudlaşdırıcı normalar qanunvericilikdən təmizlənməli və beynəlxalq hüquq prinsiplərinə, habelə Avropa Konvensiyasına, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinə uyğun olan zəruri yeni normalar qanunlara əlavə edilməlidir. (Xüsusilə İnformasiya məsələləri üzrə Müvəkkilin ayrıca institut kimi formalaşması üzərində ayrıca durulmalıdır).
  2. İnformasiya sorğusunun icra edilməsindən imtina səbəbləri informasiyanın açıqlığı və çatımlılığı prinsipinə uyğunlaşdırılmalı, informasiya sahibləri anlayışını geniş və konkret ifadə edərək praktikada yaranan problemlər nəzərə alınaraq dövlət resurslarından istifadə edən, dövlətin təsis etdiyi, pay sahibi olduğu, vəzifəyə təyin etdiyi hər kəsi bu əhatədə təsvir edilməli, habelə zəruri digər dəyişikliklər edilməli;
  3. İnformasiya əldə etmək hüququnun təmin edilməsi məqsədi ilə “açıq toplantıların dəstəklənməsi” istiqamətində əməli addımların atılması, qanunvericiliyin uyğunlaşdırılması və dövlət qurumlarına, məhkəmələrə, parlamentə sərbəst girişlərin təmini; 
  4. “Hökumətin, yerli və ölkə səviyyəli icra orqanlarının, bələdiyyələrin, parlamentin, məhkəmələrin habelə digər informasiya sahiblərinin fəaliyyəti haqqında məlumatların əldə edilməsi”ni müəyyən edən normativ sənəd qəbul edilməli; (sayılan qurumların xüsusiyyətləri nəzərə alınaraq, açıqlanması zəruri olan informasiyaların geniş siyahısının müəyyən edilməsi və təsdiqlənməsi də bura daxil edilməli);
  5. Əldə olunması məhdudlaşdırılan informasiyaların məhdudlaşdırılmasının əsasları (siyahı) haqqında normativ sənəd qəbul edilməli;
  6. Əldə olunması məhdudlaşdırılan informasiyaların dəqiq siyahısının təsdiq edilməsi haqqında normativ sənəd olmalı;
  7. Fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlarda dəqiqləşdirmələr aparılması üçün qanunların tələblərinə uyğun qaydaların müəyyənləşdiilməsi və qəbulu;
  8. Sorğular əsasında informasiyanın təqdim edilməsinin uçotu və işlənməsi sisteminin hazırlaması haqqında normativ sənədin qəbulu;
  9. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş məhdudlaşdırıcı bütün normalardan imtina edilməli;
  10. Dövlət orqanlarının informasiyalaşması ilə bağlı büdcə xərclərinin vahid “İnformasiya xərcləri” kimi müəyyənləşdirilməsi həll edilməli, “Büdcə sistemi haqqında” Qanuna dəyişiklik edilməli ( Büdcənin xərclər bölməsində “İnformasiya təminatı” ilə bağlı bəndin daxil  edilməsi);
  11. Qanunda nəzərdə tutulan, lakin mövcud olmayan İctimai İnformasiya Mərkəzlərinin yaradılması, habelə, kitabxanaların və bu mərkəzlərin kompüter-internetlə təchizi və xalqın geniş təbəqələrinin ödənişsiz istifadəsinə verilməsi, bu yerlərdə hüquqi sənədlərin elektron bazalarının, reyestrlərin çatımlılığının təmini; 
  12. “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamədə nəzərdə tutulan səlahiyyətlərin və vəzifələrin icrasına uyğun olaraq yayılması zəruri olan məlumatların vahid nümunəvi siyahısının təsdiq olunması və yerli internet resurslarına yerləşdirilməsinin təmini; 
  13. Dövlət orqanlarının Əsasnamələrinə şəxslərin informasiya təminatına cavab verən struktur bölmələr (vəzifəli şəxslər) və onların fəaliyyət istiqamətləri haqqında müddəaların daxil edilməsi;
  14. Bələdiyyə qurumları tərəfindən İnternetdə yerləşdirilməsi məcburi olan informasiyaların nümunəvi siyahısının müəyyənləşdirilməsi;
  15. Daha əhatəli və effektiv surətdə informasiya əldə edilməsi məqsədi ilə müxtəlif istiqamətlərdə ümumi əhəmiyyətli informasiya resursları, müxtəlif sahələr üzrə portalların yaradılması davam etdirilməli və həmin resursların geniş istifadəçi təbəqəsinə tanıtımı aparılmalı;
  16. Məhkəmələrdə informasiya əldə etmək hüququnun təmini ilə bağlı işlərə baxarkən, qanunların istisnasız tətbiqi və süni məhdudiyyətlərin aradan qaldırılması;
  17. İnformasiya sahiblərinin inzibati hüquqpozmalara görə müəyyən olunan inzibati cərimələrin həddinin vətəndaşlar tərəfindən bənzəri hüquqların pozulması zamanı nəzərdə tutulan cərimələrlə balansladırılması və məsuliyyətə cəlb edilməsi məsələsinin və qanunvericiliyin sistematik tətbiqi;
  18. Qəbul edilmiş qanun və aktların icrasına ciddi nəzarət; (Müvəkkil, məhkəmə nəzarəti və vətəndaş cəmiyyəti nəzarətini təmin edən ümumi normaların tətbiqi)
  19. İctimai informasiyaların internet informasiya ehtiyatlarında açıqlanmasının maksimum təşkili, sistematik monitorinqi, hessabatlılığının təmini;
  20. İnternet üzərindən sorğuların qəbulu və cavablandırılması üçün vahid sistemin müəyyən edilməsi və bütün inforrmasiya sahibləri üçün bunun məcburi tətbiqinin təşkili (Bu zaman qanunvericilikdə olmayan informasiyaların tələb olunmasının önlənməsi və sorğu formalarının sadə təşkili)
  21. İnformasiya sahibləri tərəfindən informasiyanın aktuallığına və tamlığına cavabdehliyə görə  inzibati məsuliyyətin müəyyən edilməsi;