Bu gün Brüssel səfərini başa vurub
ölkəyə qayıtdım. Belə rəsmi səfərlərdən
sonra bir qayda olaraq iki istiqamətdə fikirlərimi paylaşmaq istəyirəm. Birinci,
rəsmi tədbir və onun nəticələri, ikincisi isə həmin ölkə haqqında təəssüratlarım.
Bu
yazıda rəsmi tədbirdən təssüratlarımı paylaşmağa çalışacağam. Çünki, Avropa
İttifaqı və Avropa Komissiyasından birlikdə dəvət aldığım “Şərq Tərəfdaşlıq ölkələri
və Rusiyada Medianın vəziyyəti” mövzusunda iki günlük seminarda diqqətimi çəkən
maraqlı məqamlar oldu.
Bu dəvəti
alanda Azərbaycandan daha kimlərin iştirak edəcəyinə dair heç bir məlumatım yox
idi. Ora çatdıqda mənə məlum oldu ki, əsas iştirakçılardan biri və seminarın
2-ci günündə məruzəçi olması planlaşdırılan şəxsin Azərbaycandan çıxışı mümkün
olmayıb. Onun çıxışına inzibati orqanların məhdudiyyət gətirdiyini yüksək
tribunadan seminarın moderatoru cənab Andris Kesteris səsləndirdi. Bu addım ölkəm
adına şəxsən məni çox utandırdı. Seminarda məruzəçi olaraq bütün ölkələrdən,
Rusiyadan, Belarusdan, Ukraynadan, Gürcüstandan,
Ermənistandan, Moldovadan xüsusi məruzə ilə çıxış edən olsa da ölkəmizdən məruzəçinin
gedişinə icazə verilmədiyindən, bu səviyyədə təmsil olmadı. Bu son anda məlum
olduğundan, proqramda əvəzləmənin də aparılması mümkün olmamışdı. Yaranmış boşluğu doldurmaq tam mümkün olmasa
da, mən sual adı altında xırda arayışla çıxış edib, qismən də olsa ölkənin təmsil
olunduğunu göstərməyə çalışdım.
Çox
aydın səviyyədə hiss olunur ki, Azərbaycan sürətlə Avropa ilə əməkdaşlıqdan
uzaqlaşır. Bunu iki gün ərzindəki müzakirələrdən, çıxışların mahiyyətindən, həyata
keçirilən proqramların əhatəsindən də aydın görmək olurdu.
Tədbirin
ana mövzusu Şərq tərəfdaşlığı ölkələrində və Rusiyada medianın vəziyyəti olsa
da, mənim şəxsi müşahidələrim göstərir ki, Rusiya daha önə çıxmışdı. Demək olar
ki, bütün panellərdə ana mövzu Rusiya, onun aqressiv politikaları, mediada propaqanda siyasəti və rusdilli məkanda
dominantlıq həvəsi müzakirə predmeti idi.
Xüsusilə
şərqi Avropa ölkələrindən və Baltikyanı respublikalarından olan məruzəçilər
Rusiyanın siyasətindən çox narahat idilər. Bunu çox tez-tez hiss etdirirdilər.
Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsi Avropanı, xüsusilə şərqi
Avropalıları çox “qorxudub”.
Tədbirdə
aydın görünən xətlərdən biri Gürcüstan hökuməti və vətəndaş cəmiyyətinin ciddi
şəkildə Avropa Birliyinə inteqrasiya yolunda olması idi. Şərq tərəfdaşlığı çərçivəsində
istər Avropa İttifaqının parlamenti, istərsə də Avropa Komissiyası ilə əməkdaşlıq
etməsinin mövcudluğu idi. Bu ölkədə ciddi irəliləyişlər var. Avropa Birliyi, Avropa Komissiyası burada əhatəli
proqramlar həyata keçirir. Xüsusilə Gürcüstanda özəl media sektoruna maddi və
material dəstək verilir, yeni vərdişlərin öyrədilməsi, yeni münasibətlərin
formalaşması hərtərəfli dəstəklənir.
Rusiyanın
əlaltısı olmasına baxmayaraq Ermənistanla, Gürcüstan qədər olmasa da, münasibətlərdə
irəliləyişlər var. Bu ölkədə qərblə bağını qoparmaq istəməyənlərə ciddi dəstək
verildiyi bəlli oldu. Xüsusilə Avropa Birliyinin geniş proyektlərinin bu ölkəni
də əhatə etdiyi səsləndi. Cənubi Qafqazda Gürcüstanla bərabər Ermənistan
da Şərq tərəfdaşlığı layihələrində
birlikdə koordinasiya edilir. Şərq Strateji Kommunikasiya Hədəf Grupunun rəhbəri
xanım Anneli Kimber də bu layihələri kordinasiya edir.
Cənubi
Qafqazın bu iki ölkəsi Avropa ilə münasibətdə sürətlə bizi üstələyir. Azərbaycan isə Avropa Komissiyasının bütün
layihələrini ölkədə dayandırdı. Xarici donorların ölkədə fəaliyyətinə məhdudiyyət
gətirdi. Qanunvericilikdə dəyişiklik edərək, xarici mənbədən gələn qrantların
ölkənin inkişafına dəstək verməsinin önünü kəsdi. Ölkəmizdə hər hansı sosial,
humanitar layihələri dəstəkləmək istəyən donorların rəsmi olaraq qeydiyyatdan
keçmələrini tələb etdi. Üstəlik də, bu tələbi tənzimləyən qaydalar 23 aydır ki
yaradılmadı. Yəni, qısası “biz sizi istəmirik!”- deyildi. Bu geişat gələcək
nöqteyi-nəzərindən çox təhlükəli məcaraya yönəlir. Gələcəkdə regional problemlərin həllində
bizim qarşımızda bu iki ölkənin mütləq üstünlüyünün formalaşması indidən gedir.
Özünü təcridlə biz gələcəyimizə ciddi balta vururuq. Avropa qurumları ilə sıx əməkdaşlıq
edilməməsi, bizim adımızın artıq çox geridə olan Orta Asiya ölkəsi Özbəkistanla
bir çəkilməsinə aparıb çıxarır. Təsadüfi deyil ki, 17 noyabrda tədbirin ilk
panelində “Azad medinın, ifadə azadlığının, demokratiya və insan haqlarının dəstəklənməsində
Avropa Parlamentinin rolu” –mövzusu müzakirə edilərkən, xanım Heidi Hautala
Gürcüstanda Rustavi telekanalı ətrafındakı problemlərdən danışdıqdan sonra Ermənistanda
Rusiyanın təsirinin Azərbaycana qarşı ciddi nifrət və aqresivlik yaratdığını
vurğuladı və bu ölkələrdə media azadlığına müəyyən problemlər yaradıldığını
bildirdi. Sonra isə Azərbaycandakı vəziyyətlə bağlı danımağın mənasız olduğunu
bildirərək, ölkəni və rəhbərini Özbəkistanla eyni səviyyədə “diktatura-diktator” adlandırdı. Yüksək səviyyədə keçirilən tədbirlərdə
ölkəmizin adına deyilən hər mənfi fikir
hansısa bir fakta söykənəndə deyəcək bir söz tapmaq olmur. Araşdırmaçı
jurnalist Xədicə İsmayıl başda olmaqla, Tofiq Yaqublu, Seymur Həziyev, Rauf
Mirqədirov, Pərviz Həşimov, Hilal Məmmədov, Nidaçı blogerlər və digər həbsdə
olan ondan çox ifadə azadlığı carçılarının adları sıralandığında, ödürülən
jurnalistlərdən Elmar Hüqeynovun, Rafiq Tağının qatillərinin azadlıqda gəzdiklərini
bildikdə “bizdə ifadə azadlığının problemi yoxdur”, “Media azaddır”- demək sadəcə
ağlı yerində olmamaq kimi qəbul edilə bilər...
Seminar
sadəcə problemləri deməklə bitmədi. Avropa Parlamentinin, Avropa Komissiyasının
bu ölkələrdə demokratiyanın dəstəklənməsi və media azdlığının vəziyyətinin
yaxşılaşdırılması istiqamətində yaxın planları, habelə, strateji kommunikasiya
vasitələrinin işlədilməsi də müzakirə mövzusu oldu. Çox aydın ifadə edilən bir
fikir vardı. Avropa yaşadığı dəyərləri “ixrac”- edə bilməz. Bu sadəcə yaşana
bilə, yaşanaraq göstərilə bilər, anlatıla bilər.
Kim daha yaxşı olmaq istəyirsə, onunla əməkdaşlıq etmək, onu dəstəkləmək
mümkündür. Kim bunu istəmirsə, bunu zorla ora aparmaq nə mümkündür, nə də zəruridir.
Hətta, son vaxtlar sürətlə artan Rusya
mediasındakı propaqandanın önlənməsinin metodları müzakirə edilərkən,
Avropa rəsmilərinin bu mövqeyi çox önə çıxdı. “Biz propaqandaya propaqanda ilə
cavab verə bilmərik. Bizim öz prinsiplərimiz var. Biz plüralizmi,
çoxfikirliliyi, alternativliyi təşviq və təbliğ edə bilərik, amma təbliğata təbliğatla
cavab verə bilmərik”. Odur ki, planlar açıqlanırkən, layihələrin
coğrafiyası müzakirə edilərkən demək olar ki Azərbaycan adı ortada olmadı.
Bunun səbəbi, Azərbaycanın rəsmi
mövqeyinin Avropadan uzaqlaşmaq olduğudur.
Azərbaycana xarici mənbədən gələcək
bu istiqamətli layihələrə 2013-cü ildən yollar bağlanıb. Siyasi körpülərə isə
2015-ci ilin sentyabrının 10-dan sonra “od vurulub”. Yanmaqda olan bu körpünün
atəşini hələ ki söndürmək istəyən yoxdur.
Bir
sözlə cəmiyyət olaraq istehlak etdiyimiz
mallarda, texnikada, sürdüyümüz maşınlarda, ev alətlərində, mebellərdə, tibb
sektorunda, xidmətdə, tətildə, müalicədə
Avropaya üstünlük versək də, davranışlarımızda, düşüncəmizdə, ifadəmizdə, başqalarının hüquqlarına və haqlarına sayğıda,
hüquqa əməldə, idarəetmədə “şərqli”
olaraq qalmağı seçmişik. Siyasi olaraq Avropaya, coğrafi olduğumuzdan çox-cox
uzaqlaşmaqdayıq!