9 Mayıs 2020 Cumartesi

İranla Azərbaycan arasında “Xudafərin müəmması”

Araz çayı üzərində tikilən su elektrik stansiyası və hidroqovşaq milli maraqlarımıza ziddir.


Son günlər Azərbaycanla İran arasında Araz çayı üzərində Xudafərinvə “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi gündəmdədir. Mövzu ətrafında müzakirələr davam edir və körpü keçidin hazırda torpaqlarımızı işğalda saxlayan işğalçı Ermənistan tərəfindən istifadəsi, bir sözlə, İranın ölkəmizin mənafelərinə zidd davranışlarına münasibət birmənalı deyil. 
Bu müzakirələrdə fikir bilirənlərin bir hissəsi, xüsusilə iki ölkə arasında 2016-cı ildə bağlanan Sazişin bəzi məqamlarını önə çəkənlər bütövlükdə olaya qiymət verməkdən çəkinirlər. Onların, sadəcə, Sazişdə yazılan bəzi pozitiv məqamları vurğulaması bəzi ciddi məqamların araşdırılmasını zəruri edir. 

Nədir zəruri məqamlar?

Azərbaycan hökuməti məntiqi baxımdan faktiki nəzarət edə bilmədiyi ərazidə erməni işğalçıları tərəfindən də istifadə edilə biləcəyi reallığını nəzərə alaraq, İranın hər hansı tikinti aparmasına razılıq verməməli, özü də həmin layihəyə investisiya qoymamamlı, investisya qoyuluşuna ortaq olmamalı, vəsait verməməli idi. Çünki Azərbaycan həmin ərazidəki mövcud su anbarına və elektrik stansiyasına, onun tərkib hissəsi olan nəzarət keçid körpüsünə faktiki nəzarət edə və ondan birbaşa istifadə edə bilmir. 

Bura investisiyanın yatırılması yalnız o ərazini istifadə edənlərə, tam olaraq İrana və ərazilərimizi faktiki işğalda saxlayan Ermənistana sərf edir. 

İran Azərbaycan arasında bu layihəni dəstəkləyən Sazişdə BMT-nin qətnamələrinin vurğulanması İranın Azərbaycanı razı salması üçün tələdən başqa bir şey deyil. Çünki bu gün biz İrana qarşı həmin ərazilərin və onun üzərində anbara nəzarət üçün tikilən keçid körpüsünün erməni işğalçıları ilə birgə istifadə etməsinə faktiki etiraz da edə bilmərik. Özümüz icazə vermişik və öz imzamızla onun müdafiəsini və istifadəsini işğalın sonunadək təktərəfli İrana vermişik. İran da Azərbaycanı, habelə Sazişin bəzi şərtlərini vecinə almadan erməni işğalçılarına bu anbara nəzarət keçid körpüsü üzərindən  tırlarla mal və silah daşıya biləcək və daşıdığı da istisna deyil.

Ölkəmizin maraqlarına ziddir…

Bu layihənin reallaşmasına tikintisi başa çatıb, istismara verilməsindən illər sonra icazə verilməsi kimi arqumentlərə diqqət etdikdə bunun birmənalı ölkəmizin mənafelərinə zidd olduğu görünür.

Araz çayı üzərində Xudafərin” və ”Qız Qalası” hidroqovşaqlarının, həmçinin su elektrik stansiyalarının tikintisi 1998-ci il Prezident seçkiləri öncəsi gündəmə gəldiyində o zamankı Prezident H. Əliyev buna sərt etiraz etmiş, yolverilməz olduğunu bildirmişdi. H. Əliyev haqlı idi. Azərbaycanla İran arasında olan Araz çayından və hər iki tərəfin ortaq istifadəsində olan çay yatağından yalnız hər iki tərəfin razılığı və mənafeləri təmin edilərək istifadə edilə bilərdi. Azərbaycanın əraziləri beynəlxalq hüquqa zidd olaraq işğalda olduğundan bizim bu ərazidən faydlanmaq imkanımız yox idi və orada baş verən istənilən layihə, sadəcə, təktərəfli İrana, habelə əraziləri faktiki işğal edib, nəzarətində və istifadəsində saxlayan Ermənistana xidmət edəcəkdi. Üstəlik, yan infrastrukturdan Ermənistan işğalçılarının istifadəsini önləmə imkanımız olmayacaqdı. 

Qeyd: Google earth proqramının müxtəlif görüntüləri ilə faktları təqdim edərək, Azərbaycanın mənafelərinə, suverenliyinə necə qəsd edildiyini göstərməyə çalışacağam. 


İran tikib, sonra Saziş bağlayıb

Aşağıdakı şəkildə məhz 1998-ci il və ondan sonrakı 3 ilin görüntülərini təqdim edirəm. Bu dövrdə ərazidə Azərbaycanın etirazından sonra hər hansı fəaliyyət olmayıb.  
 Amma sonradan görüntülər sürətlə dəyişib. “Google”un 31 dekabr 2006-cı ildəki görüntüsündən  görürük ki, İran Azərbaycanla razılaşmadan ərazidə tikintini başlayıb və hətta beton divarların tikintisini başa çatdırıb.

Növbəti görüntümüz 2008-ci ilin sonunda qeydə alınıb. 2 il sonrakı görüntülərdən məlum olur ki, İran “Xurafərin” su elektrik stansiyasının su anbarının tikintisini tam başa çatdırıb, Araz çayının önünü kəsib, anbarı tam su ilə doldurub və Azərbaycanın bu şəkildəki təxmini hesablama ilə 1300 hektardan çox ərazisini də su altında qoyaraq prossesi yekunlaşdırıb.
 
Bu görüntü “google” tərəfindən 31 dekabr 2008-ci ildə qeydə alınıb.

İranın bu hərəkəti, tərəflərin ortaq istifadə etmə hüququ olduğu ərazilərin təkbaşına istifadəsi Azərbaycanın beynəlxalq hüquqdan doğan haqqarama hüququnu gündəmə gətirməsinə səbəb olurdu. 2006-2008-ci illərin İrana qarşı BMT-nin, AB-nin, ABŞ-ın sanksiyalarını düşündükdə bu İrana yönəlik hüquqi addımlar atılmasına səbəb (və ya bəhanə) ola bilərdi. 

Yaddaşı təzələmək üçün xatırladım ki, bu o dönəmdir ki, Eynulla  Fətullayev 30 mart 2007-ci ildəRealnıy Azərbaycan” “Əliyevlər müharibəyə gedir” (rusca: Алиевы идут на войну”) başlıqlı məqalə dərc etdi.  Məqalədə “ABŞ İrana hücum edərsə İran Azərbaycanın strateji nöqtələrini hədəf alacaq” - yazdığına və müəyyən yerləri saydığına görə terrorizmi təbliğə görə 6 may 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsi tərəfindən məqalənin dərci ilə bağlı Cinayət Məcəlləsinin 214.1-ci maddəsinə (terrorçuluq və ya terrorun törədiləcəyi ilə hədələmə) əsasən cinayət istintaqına başladı. 30 oktyabr 2007-ci ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə Fətullayevi bütün ittihamlar üzrə təqsirli bildi və terrorla hədələməyə görə  8 il azadlıqdan məhrumetmə cəzası  ilə cəzalandırdı. (Qeyd: 22 aprel 2010-cu ildə AİHM-i Fətullayevin hüquqlarının pozulduğuna qərar verdi)

Bunu vurğulamaqda məqsədim, o dönəmin münasibətlərini və İranın hədəf olmasını aydın göstərməkdir. Yəni İran zatən beynəlxalq qısqaca alındığı bir vaxtda təktərəfli hərəkət etməsi və ölkəmizin icazəsi olmadan əraziləri istifadə etməsi, buna görə Azərbaycanın bu məsələni ciddi gündəmə gətirməsi halında əlavə problemlər yaşayacağını istisna etmirdi. Buna görə də tikib bitirdiyi və hətta şəkildən göründüyü kimi istifadə etdiyi layihənin hüquqi rəsmiləşdirilməsini etmək üçün Azərbaycanı razı salması zəruri idi. Baxmayaraq ki, tikintisinə zamanında Azərbaycan razılıq verməmişdi.


15 iyun 2014-cü ildə “google” tərəfindən qeydə alınmış görüntü

Sadəcə, kağız üzərində anlaşma…

İrana lazım olan fürsət 2016-cı ildə yarandı. 2016-cı il fevralda nə baş verdisə, Heydər Əliyevin qəti etiraz edib, tikintisinə icazə vermədiyi, onun ölümünə qədər də ərazidə hər hansı tikintiyə başlamayan İran sonradan Azərbaycanın mövqeyini saya salmadan başlayıb, yekunlaşdırdığı və illərlə istifadə etdiyi layihənin beynəlxalq hüquq baxımından problemsiz hala gətirmək məqsədi ilə Azərbaycan tərəfini razı saldı və sadəcə kağız üzərində prosesə qoşdu. 
23 fevral 2016-cı ildə Prezident İlham Əliyevin № 1803 saylı Sərəncamı ilə İqtisadiyyat naziri Şahin Abdulla oğlu Mustafayevə Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyəti verdi. Həmin gün Saziş imzalandı və 14 iyun 2016-cı ildə Saziş Milli Məclisdə 99 nəfərin lehinə səs verməsi ilə (əleyhinə və bitərəf olmadan) rəsmiləşdirildi.  

2016-da nə baş verdi ki, Azərbaycanın mövqeyi dəyişdi?

Parlamentdə bu məsələnin müzakirəsi zamanı Spikerin təqdimatından sonra heç bir deputat bu görüntüləri dilə gətirmədi, eyni zamanda heç kim sorğulamadı ki, 1998-ci ildə H. Əliyevin razılıq verməməsindən sonra nə dəyişdi? Razılıq verilməməsinə rəğmən, Azərbaycana, onun hökumətinin mövqeyinə hörmət göstərməyən və özbaşına tikinti başlayıb, bitirən İranın layihəsini nədən rəsmiləşdirirk? Nədən bizə hörmət göstərməyib təktərəfli tikdiyi layihəyə, onun xərclərinə ortaq olur, bizim razılığımız olmadan su altında buraxdığı ərazilərimizin haqqını həmin tikintinin xərcləri ilə kompensasiya etdiririk?  

Yuxarıda “2016-da nə baş verdisə, Azərbaycanın mövqeyi dəyişdi”, - deyə sorğulamışdım. Bəlkə, də bu sualın cavabını 2016-cı ildə bu Sazişin rəsmiləşdirilməsindən 1 ay sonra Azərbaycanda Konstitusiya dəyişikliyi referendumuna qərar verilməsində və hakimiyyətdə yeni yapılanmanın baş verməsində axtarmaq lazımdır. 

Günümüzdə ərazilərin son görüntüləri bu layihənin bizim mənafelərimizə xidmət etmədiyini aydın göstərir. Xüdafərin körpüsünü qarşısında xarabaya çevrilmiş kəndlərimiz əslində hər şeyi deyir.



Ələsgər Məmmədli

26 Aralık 2019 Perşembe

11 Aralık 2019 Çarşamba

APA TV-də Erkin Qədirli ilə seçki hüququ və növbədənkənar parlament seçkilərini dəyərləndirdik.


Məhkumluq maneədirmi?

Məhkumluq maneədirmi? 

Növbədənkənar parlament seçkisinə start veriləndən sonra mübahisə yaradan məsələlərdən biri ağır cinayətdə suçlanaraq həbsdə yatmış, məhkumluğu qalan siyasətçilərin namizədliyidir. Hüquqşünas Ələsgər Məmmədli özünün “Facebook” səhifəsində yazır ki, konstitusiyaya 2016-cı il referendumunda edilmiş yeniliklər fonunda şəxsin namizəd olmaq hüququnu məhdudlaşdırmaq yolverilməzdir: “Ana qanunun 85-ci maddəsində seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşın qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə biləcəyi qeyd olunur. “Seçkilərdə iştirak etmək hüququna malik” norması konstitusiyaya 2016-cı ildə əlavə edilib. Bəs seçkilərdə iştirak etmək hüququna malik olmağı necə müəyyən etməliyik? Konstitusiyada bir hüquqdan bəhs edilirsə, həmin hüququ tənzimləyən normaya baxmaq zəruridir. Ana qanunda olan hüququ və onun məhdudiyyətini aşağı normada, məsələn, Seçki Məcəlləsində axtarmaq legitim yanaşma deyil. Konstitusiyanın 56-cı maddəsinin birinci hissəsi seçki hüququnu, ikinci və üçüncü hissələri məhdudiyyətləri göstərir. Qeyd olunur ki, Azərbaycan vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
“Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur” norması isə ağır və ya xüsusilə ağır cinayətdə məhkum olumuşlara dair bir məhdudiyyət nəzərdə tutmur.
Üçüncü hissədə hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçilmək hüququnun qanunla məhdudlaşdırıla biləcəyi qeyd edilir. Azadlıqdan mərhum edilmiş şəxs deyəndə seçki zamanı həbsdə olan şəxslər nəzərdə tutulur. Belə olan halda Seçki Məcəlləsində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətdə məhkum olunmuş və cəzasını çəkmiş şəxslərin seçkiyə girişinə məhdudiyyət qoymaq konstitusiyaya, xüsusilə ana qanuna 2016-cı il referendumdan sonra gətirilən normaya ziddir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatını tənzimləyən 71-ci maddənin doqquzuncu hissəsi də bu arqumenti açıq şəkildə dəstəkləyir. “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”.
Burada “qanunla” dedikdə həm də qanunların legitim əsaslarla formalaşmış qanunlar olması nəzərdə tutulur. 71-ci maddənin birinci hissəsinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
Şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluğu ödəmiş hesab edilir.
Digər hallarda bu müddətlər qoyulub:
böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə;
az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə;
ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə;
xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə.
Məhkum edilmiş şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.



https://novator.az/2019/12/10/məhkumluq-maneədirmi/

«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir»

'Problem var ki, Miyatoviç 

onları dilə gətirib'

4 saat öncə

Ə.Məmmədli
«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir», – hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna bildirir. Onun sözlərinə görə, hesabatda ifadə azadlığı ilə bağlı cəmiyyəti ən çox narahat edən məqamlara toxunulub.
«Burda deyildiyi kimi, ifadə azadlığına yönəlik həbslər, son zamanlar məhkəmələrin veb-resursları bloklaması və ya ictimai-siyasi aktivlərin hansısa səbəblərdən inzibati və ya uzunmüddətli həbslərə atılması faktdır. Faktların dilə gətirilməsi onun obyektivliyindən xəbər verir. Hökumət bununla razılaşmasa da, bu belədir. Tutalım, hesabatda Seymur Həzinin, Əfqan Muxtarlının adları çəkilib. Seymur Həzi həbsdən çıxandan 39 gün sonra yenidən şərləndi və bir ay inzibatı həbsdə yatdı. Problem var ki, Miyatoviç onları dilə gətirib», – hüquqşünas qeyd edir.
Ə.Məmmədli daha bir məqamı önə çəkir, diffamasiya məsələsinə prezident İlham Əliyevin moratorium qoymağına baxmayaraq, onun geniş şəkildə tətbiq edildiyini bildirir. O, videobloqer Mehman Hüseynovun məhz bu səbəbdən 2 il həbs cəzası aldığını yada salır. Hətta ona ötən ilin sonunda əlavə ittihamların irəli sürüldüyünü, ancaq cəmiyyətin daha sərt etirazından sonra bu ilin əvvəlində onların ləğv edildiyini vurğulayır.
Hüquqşünas bəzi internet resursların bloklanmasına da toxunur. O, ölkədə «situasiya dəyişsə belə, bloklanmış resurslara çıxış məhduddur» deyir: «Məsələn, hamı bilir ki, AzadlıqRadiosu saytı obyektiv, alternativ resurs olduğuna görə məhdudlaşdırılıb. Meydan TV, Turan TV və başqa resurslar da onun kimi...».

«Yalandır» deməkdənsə...

Ə.Məmmədli də Azərbaycanda vəkil qıtlığı yaşandığını qeyd edir: «İki mənada vəkil qıtlığı var, həm fiziki, həm də tutum baxımından. Yəni, gerçək hüquq və azadlıqları müdafiə edənlər barmaqla sayılır. Vəkillərin özünün də ifadə azadlığına basqı var. Müvəkkilinin və ya pozulan hüquqları gündəmə gətirən vəkillərin ifadə azadlığına geniş basqı var. Hər hansı məsələ ilə bağlı açıqlamadan sonra dərhal onların Vəkillər Kollegiyasına üzvlük məsələsi müzakirəyə çıxarılır. Ən son Şəhla Hümbətova bu çərçivədə uzaqlaşdırılan vəkillərdən oldu və ya Elçin Sadıqlı, Nemət Kərimli ilə bağlı işlər başlayıb, onların uzaqlaşdırılması gündəmdədir».
Ümumilikdə Ə.Məmmədli hesab edir ki, Azərbaycan cəmiyyəti illərdir Avropa Şurası insan haqları komissarının hesabatda toxunduğu məsələlərin həllini gözləyir. Ona görə də hökumətin «Bu problem bizdə yoxdur, yalandır» deməkdənsə, vəd etdiyi islahatlar paketinə daxil edərək həll etməli olduğunu düşünür. O, həm media, həm məhkəmə-hüquq sistemində fundamental dəyişiklik gözləyir: «Hesabatdakı neqativlər düzəlməlidir, onları inkar etmək evdəki zibili palazın altına süpürməyə bənzəyir. Situasiya dəyişmədikcə, biz zibilin fəsadını ciyərlərimizdə hiss edəcəyik».
Ə.Kərimli
Ə.Kərimli

«Komissar Azərbaycan hökumətinin şantajından çəkinməməlidir»

«Dunya Miyatoviçin hesabatı korrektdir, ancaq həqiqətin hamısı deyil», – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə söyləyir. Onun yanaşmasına görə, hesabatda «həm siyasi məhbuslar, həm ifadə azadlığı ilə bağlı daha çox şey deyilməlidir».
«Təkcə bu il AXCP-nin 100 nəfərə yaxın fəalı şərlənərək inzibati həbs alıb. Onlar mitinq təşkilatçısı olduqlarına, ya da sosial şəbəkədə yazdıqlarına görə tutulublar. Fikirlərini ifadə etdiklərinə görə repressiyaya, cəzaçəkmə yerlərində işgəncəyə məruz qalıblar. Müxalif fikirli insanlar linc edilir, dözümsüzlük şəraiti yaradılır. Komissarın siyasi məhbuslar, ifadə azadlığı haqqında dedikləri doğrudur, amma hamısı deyil. Hökumətin bu məsələlərlə bağlı mövqeyi isə, əlbəttə, əsassızdır», – partiya sədri deyir.
Ə.Kərimli Vəkillər Kollegiyası haqda ayrıca danışır, bu qurumun repressiya aparatının tərkib hissəsinə çevrildiyini, Avropa Şurası insan haqları komissarının daha sərt mövqe nümayiş etdirməli olduğunu düşünür.
Partiya sədrinin iddiasına görə, dövlət səviyyəsində və Vəkillər Kollegiyasının iştirakıyla azadfikirli vəkillərə qarşı məqsədyönlü, planlı mübarizə aparılır. Ə.Kərimli bunu vəkil çatışmazlığı və ya bir neçə vəkilə təzyiq kimi göstərməyi doğru saymır.
O hesab edir ki, komissar Azərbaycan hökumətinin şantajlarından çəkinməməli, həqiqəti olduğu kimi ifadə etməlidir. Ə.Kərimli D.Miyatoviçin növbəti hesabatlarda sərbəst toplaşmaq azadlığının tamamilə aradan qaldırılması, işgəncənin xüsusi dövlət siyasətinə çevrilməsi haqda uca səslə danışacağını gözləyir.

Xatırlatma

Dekabrın 11-də Avropa Şurasının İnsan Haqları Komissarı Dunya MiyatoviçAzərbaycanda ifadə azadlığı, vəkillərlə bağlı son baş verənləri, məcburi köçkünlərin hüquqlarını əhatələyən hesabatını açıqlayıb. Komissar Azərbaycanda ifadə azadlığının qorunması üzrə böyük irəliləyiş əldə olunmadığını təəssüflə qeyd edir. Miyatoviç Azərbaycanda kəskin vəkil çatışmazlığının yaşandığını, bunun özəlliklə paytaxtdan kənarda hiss olunduğunu bildirir. O, bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqət çəkir, onların, əsasən, siyasi baxımdan həssas hesab olunan işlərə çıxdıqlarını vurğulayır.
Azərbaycan hökumətinin hesabata rəsmi münasibətində isə bu tənqidlər, əsasən, rədd olunur, qeyd edilir ki, «hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi hallar əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır».

Red Line- Fərhad Mehdiyevlə Konstitusiya Məhkəməsinin növbədənkənar Parlament seçkilərinə dair qərarını müzakirə etdik.

https://youtu.be/A_H60tZc2vw