İran münasibətləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
İran münasibətləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

9 Mayıs 2020 Cumartesi

İranla Azərbaycan arasında “Xudafərin müəmması”

Araz çayı üzərində tikilən su elektrik stansiyası və hidroqovşaq milli maraqlarımıza ziddir.


Son günlər Azərbaycanla İran arasında Araz çayı üzərində Xudafərinvə “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi gündəmdədir. Mövzu ətrafında müzakirələr davam edir və körpü keçidin hazırda torpaqlarımızı işğalda saxlayan işğalçı Ermənistan tərəfindən istifadəsi, bir sözlə, İranın ölkəmizin mənafelərinə zidd davranışlarına münasibət birmənalı deyil. 
Bu müzakirələrdə fikir bilirənlərin bir hissəsi, xüsusilə iki ölkə arasında 2016-cı ildə bağlanan Sazişin bəzi məqamlarını önə çəkənlər bütövlükdə olaya qiymət verməkdən çəkinirlər. Onların, sadəcə, Sazişdə yazılan bəzi pozitiv məqamları vurğulaması bəzi ciddi məqamların araşdırılmasını zəruri edir. 

Nədir zəruri məqamlar?

Azərbaycan hökuməti məntiqi baxımdan faktiki nəzarət edə bilmədiyi ərazidə erməni işğalçıları tərəfindən də istifadə edilə biləcəyi reallığını nəzərə alaraq, İranın hər hansı tikinti aparmasına razılıq verməməli, özü də həmin layihəyə investisiya qoymamamlı, investisya qoyuluşuna ortaq olmamalı, vəsait verməməli idi. Çünki Azərbaycan həmin ərazidəki mövcud su anbarına və elektrik stansiyasına, onun tərkib hissəsi olan nəzarət keçid körpüsünə faktiki nəzarət edə və ondan birbaşa istifadə edə bilmir. 

Bura investisiyanın yatırılması yalnız o ərazini istifadə edənlərə, tam olaraq İrana və ərazilərimizi faktiki işğalda saxlayan Ermənistana sərf edir. 

İran Azərbaycan arasında bu layihəni dəstəkləyən Sazişdə BMT-nin qətnamələrinin vurğulanması İranın Azərbaycanı razı salması üçün tələdən başqa bir şey deyil. Çünki bu gün biz İrana qarşı həmin ərazilərin və onun üzərində anbara nəzarət üçün tikilən keçid körpüsünün erməni işğalçıları ilə birgə istifadə etməsinə faktiki etiraz da edə bilmərik. Özümüz icazə vermişik və öz imzamızla onun müdafiəsini və istifadəsini işğalın sonunadək təktərəfli İrana vermişik. İran da Azərbaycanı, habelə Sazişin bəzi şərtlərini vecinə almadan erməni işğalçılarına bu anbara nəzarət keçid körpüsü üzərindən  tırlarla mal və silah daşıya biləcək və daşıdığı da istisna deyil.

Ölkəmizin maraqlarına ziddir…

Bu layihənin reallaşmasına tikintisi başa çatıb, istismara verilməsindən illər sonra icazə verilməsi kimi arqumentlərə diqqət etdikdə bunun birmənalı ölkəmizin mənafelərinə zidd olduğu görünür.

Araz çayı üzərində Xudafərin” və ”Qız Qalası” hidroqovşaqlarının, həmçinin su elektrik stansiyalarının tikintisi 1998-ci il Prezident seçkiləri öncəsi gündəmə gəldiyində o zamankı Prezident H. Əliyev buna sərt etiraz etmiş, yolverilməz olduğunu bildirmişdi. H. Əliyev haqlı idi. Azərbaycanla İran arasında olan Araz çayından və hər iki tərəfin ortaq istifadəsində olan çay yatağından yalnız hər iki tərəfin razılığı və mənafeləri təmin edilərək istifadə edilə bilərdi. Azərbaycanın əraziləri beynəlxalq hüquqa zidd olaraq işğalda olduğundan bizim bu ərazidən faydlanmaq imkanımız yox idi və orada baş verən istənilən layihə, sadəcə, təktərəfli İrana, habelə əraziləri faktiki işğal edib, nəzarətində və istifadəsində saxlayan Ermənistana xidmət edəcəkdi. Üstəlik, yan infrastrukturdan Ermənistan işğalçılarının istifadəsini önləmə imkanımız olmayacaqdı. 

Qeyd: Google earth proqramının müxtəlif görüntüləri ilə faktları təqdim edərək, Azərbaycanın mənafelərinə, suverenliyinə necə qəsd edildiyini göstərməyə çalışacağam. 


İran tikib, sonra Saziş bağlayıb

Aşağıdakı şəkildə məhz 1998-ci il və ondan sonrakı 3 ilin görüntülərini təqdim edirəm. Bu dövrdə ərazidə Azərbaycanın etirazından sonra hər hansı fəaliyyət olmayıb.  
 Amma sonradan görüntülər sürətlə dəyişib. “Google”un 31 dekabr 2006-cı ildəki görüntüsündən  görürük ki, İran Azərbaycanla razılaşmadan ərazidə tikintini başlayıb və hətta beton divarların tikintisini başa çatdırıb.

Növbəti görüntümüz 2008-ci ilin sonunda qeydə alınıb. 2 il sonrakı görüntülərdən məlum olur ki, İran “Xurafərin” su elektrik stansiyasının su anbarının tikintisini tam başa çatdırıb, Araz çayının önünü kəsib, anbarı tam su ilə doldurub və Azərbaycanın bu şəkildəki təxmini hesablama ilə 1300 hektardan çox ərazisini də su altında qoyaraq prossesi yekunlaşdırıb.
 
Bu görüntü “google” tərəfindən 31 dekabr 2008-ci ildə qeydə alınıb.

İranın bu hərəkəti, tərəflərin ortaq istifadə etmə hüququ olduğu ərazilərin təkbaşına istifadəsi Azərbaycanın beynəlxalq hüquqdan doğan haqqarama hüququnu gündəmə gətirməsinə səbəb olurdu. 2006-2008-ci illərin İrana qarşı BMT-nin, AB-nin, ABŞ-ın sanksiyalarını düşündükdə bu İrana yönəlik hüquqi addımlar atılmasına səbəb (və ya bəhanə) ola bilərdi. 

Yaddaşı təzələmək üçün xatırladım ki, bu o dönəmdir ki, Eynulla  Fətullayev 30 mart 2007-ci ildəRealnıy Azərbaycan” “Əliyevlər müharibəyə gedir” (rusca: Алиевы идут на войну”) başlıqlı məqalə dərc etdi.  Məqalədə “ABŞ İrana hücum edərsə İran Azərbaycanın strateji nöqtələrini hədəf alacaq” - yazdığına və müəyyən yerləri saydığına görə terrorizmi təbliğə görə 6 may 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsi tərəfindən məqalənin dərci ilə bağlı Cinayət Məcəlləsinin 214.1-ci maddəsinə (terrorçuluq və ya terrorun törədiləcəyi ilə hədələmə) əsasən cinayət istintaqına başladı. 30 oktyabr 2007-ci ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə Fətullayevi bütün ittihamlar üzrə təqsirli bildi və terrorla hədələməyə görə  8 il azadlıqdan məhrumetmə cəzası  ilə cəzalandırdı. (Qeyd: 22 aprel 2010-cu ildə AİHM-i Fətullayevin hüquqlarının pozulduğuna qərar verdi)

Bunu vurğulamaqda məqsədim, o dönəmin münasibətlərini və İranın hədəf olmasını aydın göstərməkdir. Yəni İran zatən beynəlxalq qısqaca alındığı bir vaxtda təktərəfli hərəkət etməsi və ölkəmizin icazəsi olmadan əraziləri istifadə etməsi, buna görə Azərbaycanın bu məsələni ciddi gündəmə gətirməsi halında əlavə problemlər yaşayacağını istisna etmirdi. Buna görə də tikib bitirdiyi və hətta şəkildən göründüyü kimi istifadə etdiyi layihənin hüquqi rəsmiləşdirilməsini etmək üçün Azərbaycanı razı salması zəruri idi. Baxmayaraq ki, tikintisinə zamanında Azərbaycan razılıq verməmişdi.


15 iyun 2014-cü ildə “google” tərəfindən qeydə alınmış görüntü

Sadəcə, kağız üzərində anlaşma…

İrana lazım olan fürsət 2016-cı ildə yarandı. 2016-cı il fevralda nə baş verdisə, Heydər Əliyevin qəti etiraz edib, tikintisinə icazə vermədiyi, onun ölümünə qədər də ərazidə hər hansı tikintiyə başlamayan İran sonradan Azərbaycanın mövqeyini saya salmadan başlayıb, yekunlaşdırdığı və illərlə istifadə etdiyi layihənin beynəlxalq hüquq baxımından problemsiz hala gətirmək məqsədi ilə Azərbaycan tərəfini razı saldı və sadəcə kağız üzərində prosesə qoşdu. 
23 fevral 2016-cı ildə Prezident İlham Əliyevin № 1803 saylı Sərəncamı ilə İqtisadiyyat naziri Şahin Abdulla oğlu Mustafayevə Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyəti verdi. Həmin gün Saziş imzalandı və 14 iyun 2016-cı ildə Saziş Milli Məclisdə 99 nəfərin lehinə səs verməsi ilə (əleyhinə və bitərəf olmadan) rəsmiləşdirildi.  

2016-da nə baş verdi ki, Azərbaycanın mövqeyi dəyişdi?

Parlamentdə bu məsələnin müzakirəsi zamanı Spikerin təqdimatından sonra heç bir deputat bu görüntüləri dilə gətirmədi, eyni zamanda heç kim sorğulamadı ki, 1998-ci ildə H. Əliyevin razılıq verməməsindən sonra nə dəyişdi? Razılıq verilməməsinə rəğmən, Azərbaycana, onun hökumətinin mövqeyinə hörmət göstərməyən və özbaşına tikinti başlayıb, bitirən İranın layihəsini nədən rəsmiləşdirirk? Nədən bizə hörmət göstərməyib təktərəfli tikdiyi layihəyə, onun xərclərinə ortaq olur, bizim razılığımız olmadan su altında buraxdığı ərazilərimizin haqqını həmin tikintinin xərcləri ilə kompensasiya etdiririk?  

Yuxarıda “2016-da nə baş verdisə, Azərbaycanın mövqeyi dəyişdi”, - deyə sorğulamışdım. Bəlkə, də bu sualın cavabını 2016-cı ildə bu Sazişin rəsmiləşdirilməsindən 1 ay sonra Azərbaycanda Konstitusiya dəyişikliyi referendumuna qərar verilməsində və hakimiyyətdə yeni yapılanmanın baş verməsində axtarmaq lazımdır. 

Günümüzdə ərazilərin son görüntüləri bu layihənin bizim mənafelərimizə xidmət etmədiyini aydın göstərir. Xüdafərin körpüsünü qarşısında xarabaya çevrilmiş kəndlərimiz əslində hər şeyi deyir.



Ələsgər Məmmədli