27 Ağustos 2015 Perşembe

Şəbəkələrin Azərbaycanda lisenziyalaşmasının həqiqi səbəbləri


Beynəlxalq messengerlərin lisenziyalaşdırılması istəyinin arxasındakı səbəblərdən birini xırda bir araşdırma apararaq sizinlə paylaşıram. Pulsuz xidmət təklif edənləri qoydum kənara. Pullu xidmət təklif edən Skype`ı araşdırdım və müqaisə etdim. Buyurun tanış olun. 
Skype vasitəsi ilə Amerikadakı sabit və mobil telefonlara limitsiz zəngin aylıq qiyməti 6,99$, İngiltərədəki sabit xətlərə aylıq 1.19$, mobilə 2,09, Fransada və Almaniyadakı sabit xətlərə aylıq 0.59$, Rusiyadakı sabit xətlərə aylıq 1,79,Türkiyədəki sabit xətlərə 1.79$, Gürcüstandakı sabit xətlərə aylıq 2,79, Ukraynadakı sabit xətlərə aylıq 5.79$, Azərbaycandakı sabit xətlərə aylıq 12,49$ danışmaq mümkündür. Yəni onsuz da Azərbaycandakı yüksək telefon danışıq tarifləri Skype qiymətlərini də yüksəldir. Biz skype ilə qapı qonşumuza, Nyu-Yorka danışdığımızdan iki dəfə, Kiyevə danışdığımızdan 2,2 dəfə,Tbilisiyə 4,5 dəfə, İstanbula və Moskvaya 7 dəfə, Londona 10,5, Paris və Berlinə 21 dəfə baha danışırıq.Təkcə Yeravanla müqaisə etsək, qonşuya zəng etmək, Yeravana zəng etməkdən 3,2 dəfə ucuz olar. smile ifade simgesi
Skype`ın öz qiymətlərindəki fərqi gördünüz. Bir də bizim daxili qiymətlərlə, Skype arasında uçurum var.
Hər bir fərq müqayisədə ortaya çıxır. Bizim mobil operatorlarda ölkə daxilinə zənglərin dəqiqəsi 4-10 qəpik arasında dəyişir. Azərcelldə Xaricə zənglər sabit abunəli xətlərdən dəqiqəsi 1man.28 qəpik, simkart abunəçilərindən 64 qəpik müəyyən edilib. Rominglərin qiyməti də çox yüksəkdir.
Məsələn, mən abunəçisi olduğum Azərcelldən abunə xəttimlə Moskvaya zəng etsəm, 1 dəq=1.220$, Skype ilə zəng etsəm, 1 dəq=0.023$ yəni 53 dəfə ucuz danışacağam. Azərcelin simkartı ilə zəng etsəm bu fərq 27 dəfə olacaq. (Skype`ın aylıq abunəsinə qoşulsam Azercellin bir dəqiqəsinin qiyməti olan 1.22$`a fasiləsiz 30 min dəqiqə Moskvaya bir ev telefonuna danışa bilərəm). Digər mobil operatorlarımızda da durum bənzərdir. Messengerlərin lisenziyalaşmasının gizli səbəblərindən biri də bu deyilmi?

20 Ağustos 2015 Perşembe

Azərbaycanda İnternetin hüquqi tənzimlənməsi və problemlər

Ələsgər MƏMMƏDLİ
 
İnternet

İnternetin ortaya çıxması ilə müasir insan həyatında da inanılmaz dəyişikliklər ortaya çıxır. Bu sahədəki dəyişikliklər nəticəsində əvvəllər heç kimin xəyalını qura bilməyəcəyi fürsət və imkanlarla yanaşı təhdidlər, təhlükələr, yeni risklər də ortaya çıxıb. İnternetin istifadə olunduğu yeni bir həyat tərzi, yeni qaydalar, tənzimləmələr, etik dəyərlər və buna bağlı davranışların formalaşdırılmasını zəruri edən ilkin amillərdəndir.

İnternetin azad qalması, heç bir buxova salınmasının yolverilməzliyini düşünənlər az deyil və bu düşüncələrinin haqlı olduğunu əsaslandıran çoxsaylı arqumentlər gətirirlər. Lakin, bu düşüncənin qarşısında olan, İnternetin   düzənlənməsini dəstəkləyən, hüquq çətiri altında saxlanılmasının və bəlli çərçivəyə salınmasının vacibliyini vurğulayanların arqumentləri də zəif deyil. Əsas arqumentlərdən biri, İnternetdən əxlaqdan kənar məqsədlər üçün istifadə edilməsinin qarşısının alınması, azyaşlıları qorumaq məqsədi ilə, müəllif hüquqlarına müdaxilələri önləmək məqsədi ilə müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruriliyidir.
Doğrudan da İnternetin ortaya çıxması ilə insan həyatının rahatladığı, xəbərləşmədəki sürətin milyonlarla dəfə sürətləndiyi, dünyanın bir yumaq kimi çox xırda və bir-birinə hörümçək kimi bağlandığı, elmdə, təhsildə, sosial həyatda əvəzsiz imkanlar yaratdığı və digər önəmli gerçəklərlə yanaşı, bu vasitənin inkişaf etməsi ilə bərabər ciddi etik problemləri yaratdığı da acı gerçəklərdəndir. Xəbərçiliyin əsas vəzifələrindən olan xəbər vermə, bilgiləndirmə, ictimai rəyi sərbəstcə formalaşdırma, xidmətlər və mallar  alma, ödəmə haratlılığı kimi faydalarla yanaşı,  zərərlər də göz önündədir.

İnternet ilk meydana çıxdığında bu sahədə heç bir sərhəddin yoxluğu, xaos olduğu anlayışı müəyyən çevrələrdə formalaşsa da, əslində bunun yeni bir kommunikasiya vasitəsi olması ilə yanaşı, heç də tamamilə anlaşılmayan yeni bir vasitə olmadığı dərk edildi. Bu mövcud kommunikasiya vasitələrindən sadəcə  yeni biri idivə bu səbəbdən də klassik tənzimləmələrin içərisində yerini tapması mümkün idi. İnternet, infrastruktur kimi telekommunikasiya vasitəsi olduğundan, dərhal həmin bazaya oturduldu. Amma, onun kütləvi olması və informasiya paylaşım imkanlarının çox geniş və asan, habelə əks qütblü olması onu kütləvi informasiya vasitələrinə də yaxınlaşdırırdı. Bu baxımdan, məzmun baxımından internet Kütləvi informasiya vasitəsi olaraq qəbul görməyə başladı.  
 Belə bir gerçəkliyi hamı qəbul edib ki, İnternet toplumlara üstünlüklər qazandırdığı qədər də neqativ sui-istifadələrə də yol aça bilir. Bu səbbədən, nə qədər sərhədsiz və süzgəcsiz görünsə də hər bir KİV-də olduğu qədər İnternetdə də idarəetmə və düzənləmə qaçılmazdır. Bu düzənləmə, özünütənzimləmə xarakterində olduğu zaman, onun azadlığına kölgə düşməyəcək və eyni zamanda üçüncü tərəflərə də zərər verməkdən qaçınacaq.

İnternetdə düzənləmənin vacibliyini şərtləndirən arqumentləri aşağıdakı formada təsnifləndirmək olar:

-                      İctimai maraqlar;
-                      Qorxu və
-                      İnternet yayımlarında ardıcıllıq


İctimai maraqlar

Toplum üçün İnternet istənilən halda ən qiymətli bilgi qaynağıdır. Bu səbəbdən həmin qiymətli qaynağı ictimaiyyətin adına və faydasına olan bir mexanizmin düzənləməsi vacibdir. Bu bir dövlət hakimiyyəti gücü ilə olarsa, o zaman azadlıqlar yox olar, amma özünütənzimləmə, öz standartlarını yaratma və əməletmə çərçivəsində olarsa, effektivliyi artar və cəmiyyətə faydası çoxalar. İctimai maraqlar qorunar, lakin zərərli elementlər azalıb-yox olar.

Qorxu

Kütləvi informasiya vasitələrinin hər biri, istər televiziyalar, istər radiolar, istərsə də qəzet və jurnallar, habelə informasiya agentlikləri çox güclü və təsirlidir. Ancaq həmin vasitələr məsuliyyətsizcəsinə istifadə edildiyində eyni dərəcədə güclü və təsirli təhlükə potensialına çevrilə bilir. İnternet mediyasında da yanlış bilgilər yaymaqla, məsuliyyətsiz yayınlar gerçəkləşdirməklə topluma, habelə ayrı-atyrı şəxslərə zərər verilə bilər.
 
İnternet yayınlarında ardıcıllıq
İnternet yayınlarında ardıcıllıq gözlənilməlidir. Amma bu ardıcıllığın vacibliyi mövzulara, yayınlara müdaxilə anlamı daşımamalıdır. Ardıcıllığın məqsədi bütün media növlərində olduğu kimi, İnternet mediasında da əsas qaydalara əməl olunmasının nəzarət altına alına bilməsidir.



Düzənləmə zəruridirmi

Azərbaycanda İnternet azadlığından bəhs edərkən, görünən mənzərə heç də birmənalı deyil. İlk baxışdan ele bir ciddi məhdudiyyət olmadığını müşahidə etmək olar. İstənilən şəxs İnternet domeni ala bilər. İnternet üzərindən istədiyi veb səhifəni yarada bilərlər. Tək istisna iki hərfli olan və “az” sonluğu ilə qurtaran domen adlarına qeyri rəsmi qoyulan məhdudiyyətdir. Bundan başqa, istənilən şəxs İnternet ünvanı ala bilər və öz istədiyi istiqamətdə  fəaliyyət göstərə bilər. İnternet daha fərqli, geniş və yeni bir sahədir. İnternetin medianın digər qollarından fərqli olan yanı, onun ikitərəfli qarşılıqlı (interaktiv) əlaqə imkanlarının olmasıdır.

Klassik televiziya, radio yayımı hər hansı mərkəzdən tək tərəfli şəkildə ötürücü qurğularla müəyyən radiotezlik zolağında ötürülən siqnalların qəbuledici televizor, yaxud radio qurğusu vasitəsi ilə alınması formasında idi və eyni metodla əks rabitə imkanları yox idi. İnternetdə isə əks rabitənin olması, informasiyanı qəbul etmək imkanı ilə paralel ötürmə imkanının da olması, tamamilə yeni münasibətlər zənciri yaradır. Günümüzdə, İnternet üzərindən görüntülü və səsli yayım imkanının olması çoxsaylı “İnternet TV”, “İnternet radio” açılmasına səbəb olmuşdur. Eyni zamanda sadəcə İnternet üzərindən fəaliyyət göstərən “elektron qəzetlər”, “elektron informasiya bülletenləri” geniş və sərhədsiz auditoriya toplamaqdadır. İnternet üzərində görüntülü və ya səsli fəaliyyət göstərən “televiziya” və “radiolar” bu günə qədər bilinən və lisenziyalaşdırılan teleradio fəaliyyətinin eynisi deyildir.

Azərbaycan Respublikası televiziya və radio yayımı haqqında Qanunun 1.0.4-cü maddəsində teleradio yayımının anlayışı verilmişdir. Bu anlayışa görə, “elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi” teleradio yayımı hesab edilir.  Bu anlayışa həmçinin yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. «Teleradio yayımı» anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyaları, yaxud digər materialları (faksla əlaqədar, elektron məlumat bankları və bu tipli digər xidmətlər) ehtiva etmir. Odur ki,  İnternet üzərindən fəaliyyət göstərən və yerüstü qurğular ilə radiotezliklərdə yayımlanmayan “televiziya və radiolar” klassik mənada anlaşılan teleradiolarla eyni mahiyyətdəki yayım deyillər və bu yayımları qanunda qeyd edilən formada “teleradio qəbuledicilər tərəfindən” qəbul edilməsi mümkün deyil. Bu səbəbdən İnternet ortamında yayılan “İnternet TV” və “İnternet radio”ların lisenziyalaşdı-rılmasına gərək yoxdur.

Ancaq bu müzakirələrə son nöqtənin qoyulduğunu iddia etmək doğru olmaz. Son vaxtlar İnternetin sürətli inkişafı və geniş auditoriya tərəfindən tətbiq edilməsi, eyni zamanda yeni nəsil televizorların eyni vaxtda həm teleqəbuledici olmaları ilə paralel, bir kompüterr kimi interneti də qəbul edə bilməsi və internet üzərindən yayılan TV və digər audio-video yayımları göstərə bilməsi, habelə əks əlaqə imkanı verərək, televizor istifadəçısınə öz məlumatlarını da ötürə bilmə imkanlarını təqdim etməsi, bu imkanlardan istifadə edərək məhdud imkanlarla geniş kütlələr tərəfindən izlənə biləcək yayımların yayılmasına imkan verib. Bunun gətirdiyi rahatlıqla İnternet üzərindən yayımlarını “İnternet TV” və ”İnternet Radio” adı altında yayan çoxsaylı insan kütləsi peyda olub və heç də onların hamısı hamılıqla qəbul edilmiş prinsiplər çərçivəsində yayımçı deyil. Bunlara son vaxtlar sayları milyardların sərhəddinə dayanan Facebook, tweeter, you tube və bənzəri resursları da əlavə etsək, bu yeni “yayımçılar” İnternetin verdiyi rahatlıqla mövcud qanunlarla yayımına icazə verilməyən pornoqrafiya və digər qadağan olunmuş mahiyyətli yayımları rahatlıqla yayır. Hər hansı lisenziya tələb olunmadığı üçün bu yayımların içəriliyi təftiş edilə bilmir. Bu isə yeni müzakirələri doğurur; İnternet media tənzimlənməlidirmi?

Son vaxtlar Avropa məkanında bu istiqamətdə ciddi müzakirələr gedir. Bir qrup mühafizəkar qisim İnternet üzərindən yayılan yayımların, istər radio olsun, istərsə də televiziya lisenziyalaşdırılmasının zəruriliyini vurğulayır və yeni düzənləmələr ilə bunun qanuni çərçivəyə salınmasını müdafiə edir. Başqa bir qrup, bu məsələyə daha liberal yanaşmanın zəruriliyini qeyd edir və bu düşüncəni onunla əsaslandırır ki, İnternet üzərindən yayılan istənilən yayım, formasından asılı olmayaraq, istər görüntülü olsun, istərsə də səsli (TV və ya radio), tezlik resursları ilə açıq yayılmır və istənilən teleradio qəbuledicisi vasitəsi ilə izlənə bilməz. Bu yayımların izlənməsi üçün onu izləmək istəyən qarşı tərəf hökmən yayıcının veb resursuna könüllü olaraq girməli və bu görüntülü və ya səsli yayımı izləməlidir. Kabel TV üzərindən də bu tip mahiyyətdə yayımlar aparıla bilir və bunları qəbul edən təbəqə bu sistemə abunə olaraq, onun üçün pul ödəyərək bu yayımları izləyə bilir. Belə olan halda, İnternet istifadəçisi də İnternet üzərindən istədiyi yayımı reallaşdıra bilməlidir.
Son günlər Amerikada İnternetin filtirlənməsini nəzərdə tutuan qanunvericilik aktının layihəsinin müzakirələrə çıxarılması da bu baxımdan ciddi müzakirələri paralelində gətirir. Müəllif hüquqlarının qorunması zəruriliyi əsas gətirilərək, bu istiqamətdə filtirlərin tətbiqinə imkan tanıyan təşəbbüslər, ümumilikdə internet azadlığının məhdudlaşdırılmasına gətirib çıxaracağı narahatçılığı ilə dünyada müxtəlif etiraz aksiyalarına səbəb olur.  
Təbii ki, bu müzakirələrə son nöqtə qoyulmayıb. Lakin artıq formalaşmaya başlayan bir düşüncə sistemindən bəhs etmək mümkündür. Böyük ehtimalla yaxın gələcəkdə bu məsələ hüquqi düzənləmələrlə qarşımıza çıxacaq. Bu gün formalaşmaya başlayan əsas düşüncə ondan ibarətdir ki, İnternet üzərindən yayılan bütün görüntülü və ya səsli yayım televiziya və ya radio kimi qiymətləndirilməməlidir. Bu yayımlar iki hissəyə ayrılmalıdır. Birincisi, İnternet resurslarında yerləşdirilən və sistemli şəkildə proqramlaşdırılan yayımlar. Yəni, proqram ardıcıllığı olan və öncədən planlaşdırılaraq təqdim edilən yayımlar. İkincisi, proqram ardıcıllığı olmayan və rastgələ təqdim olunan yayımlar.

Proqram ardıcıllığı olmayan yayımların heç bir halda televiziya və radio yayımı kimi qiymətləndirilməsi mümkün hesab edilmir və tənzimlənməsinə ehtiyac olmadığı bildirilir. Ancaq, proqram ardıcıllığı olan və öncədən planlaşdırılaraq təqdim edilən yayımların tənzimlənməsinin mümkün olduğu qənaətində çoxluq ortaq fikirdə birləşir. Yaxın gələcəkdə bu istiqamətdə səylərin güclənəcəyi və İnternet üzərindən təqdim edilən yayımların xüsusi tənzimləməyə tabe olacağının görsək buna hazırlıqlı olmalıyıq.    
      
Milli qanunvericilik sistemində „Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda İnternetin ayrı-ayrı komponentlərinə yönəlik normalar nəzərdə tutulmayıb. Qanunun 3-cü maddəsində “anlayışlar” bölümündə  bütövlükdə İnternet kütləvi informasiya vasitəsindən biri kimi göstərilir. Qanun, ənənəvi media nümunələrinə ünvanlanmaqla, informasiya texnologiyalarının sürətli inkişafının tempini ehtiva etmir. Belə durum yalnız, Azərbaycan üçün xarakterik deyil, keçmiş sovet ölkələrinin əksəriyyətinin qanunvericilik sistemində eyni tendensiya nəzərə çarpır. Məhz bu tendensiyalar İnternet yayımı ilə bağlı, həm məzmun, həm texniki nüanslar, həm də istifadəçilərlə bağlı çoxsaylı suallara rəvac verir. İnternet sadəcə media deyil, həm də bir infrastruktur, bir müstəvidir, bir rabitə vasitəsidir. 

Keçmiş sovet ölkələrindən Rusiya Federasiyasında İnternet yayımı ilə bağlı nisbətən aydın, ancaq qabaqcıl ölkələrin təcrübəsi ilə müqayisədə mübahisəli hüquqi normalar qəbul edilib. Həmin ölkənin „Kütləvi informasiya vasitələri haqqında” Qanununda İnternet saytlarının kütləvi informasiya vasitəsi sayılması üçün şərtlər müəyyən olunub. Həmin qanuna görə, o sayt kütləvi informasiya vasitəsi hesab olunur ki, onun ən azı 1000 istifadəçisi olsun. Bu şərtə uyğun gələn saytın dövlət qeydiyyatına alınması da tələbdir. Bu tələblər İnternetin təbiətinə uyğun gəlməməklə yanaşı, məhkəmə təcrübəsində də ciddi problemlər yaradır.

Qabaqcıl Avropa ölkələrinin, Amerika Birləşmiş Ştatlarının təcrübəsi isə kifayət qədər aydın, anlaşıqlıdır. Bu təcrübə İnternet yayımının statusunu dəqiqləşdirmək üçün düsturlar müəyyən edir. Bu təcrübəyə görə, İnternet yayımının hüquqi statusunu, mediadakı yerini dəqiqləşdirmək üçün 3 çərçivə vasitəsilə incələmə aparılması obyektiv nəticəyə gəlməyə imkan verir:
-          Kütləvi informasiyanın dövrilik əlamətlərini səciyyələndirən normalara əlavə düzəlişlər artırmaq olar;
-          İnternet yayımını kütləvi informasiya vasitəsi anlayışına daxil etmək olar;
-          Kütləvi informasiya vasitəsi anlayışını əsas götürməmək şərti ilə informasiya mübadiləsi sahəsində kateqoriya və anlayışların yeni sistemini yaratmaq olar;

Azərbaycanda Telekommunikasiya sektorunun qanunvericilik bazası
Azərbaycan Respublikasında Telekommunikasiya sektorunda hüquqi tənzimləmələrin dairəsi xeyli genişdir. Bu sənədlər aşağıdakılardır;

  1. Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu gəlir. Qanun 14 İyun 2005-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş və 9 Avqust 2005-ci il tarixli, 277 saylı  Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qanununun tətbiq edilməsi qərarlaşdırılmışdır. Bundan öncə, bu sahədəki  münasibətlər Rabitə haqqında Qanunla tənzimlənmişdir.

2.      Azərbaycan 14 may 2000-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnaməsinə və Konvensiyasına, habelə düzəliş sənədlərinə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu qəbul etməklə, beynəlxalq tənzimləmələri ölkə ərazisində rəsmən qəbul etmişdir.
3.       “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2006-cı il tarixli, 417 saylı Fərmanı digər bir sənəddir.
4.      Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanı bu sahənin tənzimlənməsinə aid olan sənədlərdən biridir.
5.      “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 385 saylı Fərmanı digər mühüm sənədlərdən biridir. Bu Qaydaya əsasən dövlət orqanlarının aktlarının 2012-ci il yanvarın 1-dək, yerli özünüidarə orqanlarının aktlarının 2014-cü il yanvarın 1-dək internet informasiya ehtiyatlarında açıqlanmasının təşkili başa çatdırılmalıdır.
6.      "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli 1056 saylı Sərəncamı xüsusilə internetdən istifadə edərək elektron xidmətlərin verilməsi və vətəndaşların elektron xidmətlər alması baxımından mühüm əhəmiyyət kəsb etməkdədir.
7.      Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli 27 saylı Sərəncamı bu sahədə ilk addımların atılmasına yardım etməkdədir. 2012-ci ildə orbitə çıxması gözlənilən milli peykin idarə olunması bu baxımdan zəruridir. 
8.      Bir digər sənəd, Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 1998-ci il tarixli, 175 saylı Qərarıdır. Bu Qərarla rabitə vasitələrinin sertifikatlaşması şərtləri, qaydaları müəyyən edilmişdir.
9.      Başqa bir sənəd, yenə Nazirlər Kabineti tərəfindən 6 aprel 2006-cı il tarixdə, təsdiq edilmiş, 98 saylı Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydasıdır.
10.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli, 18 saylı "Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarı digər bir sənəddir.
11.  "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli, 33 saylı Qərarı
12.  “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2010-cu il tarixli, 136s saylı Sərəncamı Hökumətin elektron infrastrukturunu tamamlaması baxımından zəruri addımlardan biridir.
13.  Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin AzStateNet Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin tarifləri barədə12 aprel 2006-cı il tarixli, 04 saylı Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Qərarı qiymət təmnzimləməsini əhatə etməkdədir.
14.  Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 64 saylı Əmri ilə 03 aprel 2009-cu il tarixdə təsdiq edilən “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası GSM operatorları arası münasibətləri tənzimləməkdədir. 
15.  Azərbaycan Respublikası Rabitə Nazirliyinin 46 saylı "24" fevral 2000-ci il  tarixli İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları Provayderlər, operatorlar və abonentlər arası münasibətləri tənzimləməməkdədir.
16.  Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 12 aprel 2006-cı il  tarixli, 09 saylı Qərarı nömrə rəsurslarının ayrılması və istifadəsi məsələlərini əhatə etməkdədir.
17.  "Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il Tarixli, 18 sasylı Qərarı hökumətin bi sektora verdiyi maliyyə vəsaitləri və onların geri qaytarılması məsələsini əhatə etməkdədir.

Azərbaycan Respublikasında internetin telekommunikasiya vasitəsi olaraq tənzimlənməsinin hüquqi əsası və problemləri

9 avqust 2005-ci il tarixdə qəbul edilən Telekommunikasiya haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində telekommunikasıya anlayışı genış mənadə əks olunub və bu anlayışa internetin də daxil olduğu şübhə yeri qoymur. Həmin Qanunun 3-cü maddəsində telekommunikasiya fəaliyyətinin əsas prinsipləri və istiqamətləri göstərilmişdir. Bu prinsiplər aşağıdakılardan ibarətdir;
- operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması;
- xüsusi təyinatlı telekommunikasiya şəbəkələri və vasitələri ilə məlumatların qəbulunun və ötürülməsinin qanunvericilikdə nəzərdə tutulan qaydada məxfiliyinin təmin edilməsi;
- şəbəkə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi;
- tarif siyasətinin tənzimlənməsi;
- telekommunikasiya şəbəkəsinin bütövlüyünün qorunması;
- telekommunikasiya şəbəkələrinin qarşılıqlı fəaliyyətinin operativliyi;
- radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi;
- telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi;
- qərarların qəbul edilməsində şəffaflıq və aşkarlığın təmin edilməsi;
- telekommunikasiya sahəsində dövlət tənzimləmə funksiyalarının təsərrüfat funksiyalarından ayrılması;
- telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlıq.

Qanunvericilikdə xüsusilə operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunmasının nəzərdə tutulması zəruridir. Lakin, praktikada bu prinsipə ciddi əməl olunmadığını hər addımda görmək mümkündür. Çünki, dövlət pravayderi ilə xüsusi pravayder hər nə qədər bərabər olmalıdır deyilsə də, reallıqda dövlət resursları birbaşa bu pravayder və operatorlara təqdim edilməkdə, onlara bir çox halda üstünlük tanınmaqdadır.
Abunəçılərlə digər tərəflərin arasında mövcud olan münasibət də də bunu aydın şəkildə görmək imkanımız var. Xüsusilə tənzimləyici qaydalarda bu prinsipin ciddiyə alınmadığını aydın şəkildə görmək mümkündür və irəlidə bu məsələlərə daha geniş yer veriləcək.
Bu prinsiplərin özündə də ziddiyyətli məqamların olduğu müşahidə edilməkdədir. Məsələn, tarif siyasətinin tənzimlənməsi prinsipi ilə telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi prinsipi bir-biri ilə uyğunlaşmır. Əgər dövlət tarifləri tənzimləmək səlahiyyətini əlində tutursa, o zaman sağlam rəqabət və azad bazar prinsipləri ilə bu ziddiyyət təşkil etməkdədir. Çünki, tarif  siyasıtinin tənzimlənməsi anlayışına, tariflərin dövlət qurumu tərəfindən müəyyən edilməsi daxil olur. Belə olan halda, sərbəst bazardan, rəqabətə dayanıqlı inkişafdan danışmaq və bunun da prinsip kimi qəbul etmək səmimi görünmür. 
Telekommunikasiya haqqında Qanunun 4-cü maddəsində telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri göstərilmişdir. Burada ən diqqətçəkici məqamlardan biri, dövlətin tənzimləmə funksiyası olmaqla bərabər, bazar subyekti də olmasıdır. Yəni Dövlət sadəcə tənzimləmə səlahiyyətindən istifadə etməməkdə, eyni zamanda bazarın rəqabət aparan qurumlarından biri kimi çıxış etməkdədir. Əlbəttə, bu bazarda həm oyunçu olmaq, həm də hakim olmaq anlamına gəlməkdədir və bu zaman tərəflərin bərabərliyindən, onların hüquq və imkanlarının bərabər olmasından danışmaq yersizdir. Çünki, Dövlət qurumlarının imkanları ilə özəl qurumların imkanları bir deyildir. Təsadüfi deyil ki, bu gün Rabitə və İnformasiya Nazirliyinin tabeçiliyində olan müəssisə, MMC və digər kommersiya qurumlarının sayı əllidən çoxdur.  Dövlət həm xidmət verən tərəf kimi – operator kimi, praavayder kimi çıxış etməkdə, həm də eyni zamanda nəzarət funksiyası həyata keçirməkdə, lisenziyalar, istifadə hüquqları verməkdədir. Bütün telekommunikasiya infrastrukturu dövlət qurumlarının nəzarətindədir və onlardan istifadə olduqca bahalıdır. Bu aspektdən tərəflərin hüquq bərabərliyi tamamilə formal anlam daşımaqdadır və reallıqla uyğun gəlmir. Qanunun 6-cı maddəsinə nəzər saldıqda bunu aydın şəkildə görürük:
Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və aşağıdakı istiqamətlərdə həyata keçirilir:
1. nömrə resursundan istifadənin təşkili;
2. telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması;
3. telekommunikasiya sahəsində sertifikatlaşdırma;
4. telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi;
5. telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi;
6. radiotezliklərdən istifadənin təşkili;
7. operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi;
8. qanunvericiliklə müəyyən edilmiş digər tənzimləmə istiqamətləri.

Telekommunikasiya haqqında Qanunun 7.3-cü maddəsində qeyd edilir ki; “Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.” Praktikada bu normanın gətirdiyi xeyli problemlərlə üzləşilir. İnternet provayderləri yerli ATS-lərlə ciddi problemlər yaşayır, bu səbəbdən də regionlarda demək olar ki, dövlət provayderlərindən başqa, özəl provayderlər xidmət verməkdə maraqlı görünmürlər.

Telekommunikasiya haqqında Qanunun 7.9-cü maddəsində qeyd edilir ki; “Ölkənin qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkələrinin nömrə resurslarının, o cümlədən beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin orqan təsdiq edilmiş nömrələmə sistemini və planını, həmçinin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır.
Həmin Qanunun 7.10-cu maddəsinin tələbi isə bu gün ciddi şəkildə mübahisələndirilən  məqamlardandır. İlk baxışdan aydın şəkildə anlaşılır ki, bu maddənin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı təkbaşına ölkə kodlu domen adlarının qeydiyyatı və istifadəsi qaydalarını müəyyən etməməli və  aidiyyəti qurumların birgə iştirakı ilə bu  tənzimləməni həyata keçirməlidir.  Lakin, Qanunda bu ifadənin olması praktikada yetərincə məqsədəuyğun qəbul edilmir və bu istiqamətdə tənzimləmənin həyata keçirilməsi zamanı “aidiyyəti qurumların birgə iştirakı” nəzərə alınmır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, № 277 saylı Fərmanı ilə Müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən edilən Rabitə və Informasiya Texnologiyaları Nazirliyi Qanunun bu müddəasındakı ilk şərti qəbul etsə də, ikinci şərti aidiyyəti qurumların birgə iştirakı”- şərtini qəbul etmir və bu istiqamətdə mübahisələrin başlamasına şərait yaradır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, müvafiq icra hakimiyyətinin yanında “aidiyyəti qurumların” kimlər olduğuna dair yuxarıda adı keçən Fərmanda heç bir göstəriş yoxdur. Qanunun qəbulu prosesindəki ictimai diskusiyalara və o dövrdə yaradılan işçi qrupundakı müzakirələrə döndükdə, bu “aidiyyəti qurumların” mahiyyəti müzakirəyə ehtiyac olmayacaq qədər açıqdır və bu icra qurumları ilə bərabər, internet ictimaiyyətini təmsil edən mülki cəmiyyət institutları, provayderlərin birlikləri və digər maraqlı tərəflər olmalıdır. Təəssüfki, bütün aidiyyati qurumlar kənarda tutulmaqda, tənzimləmə sadəcə Rabitə və İnformasiya Texnologilaları Nazirliyi tərəfindən, onun direktivləri əsasında aprımaqdadır.

Telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi
Qanuna əsasən, telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorlar, provayderlər, digər hüquqi və fiziki şəxslər, habelə avadanlıqların istehsalçıları və təchizatçıları telekommunikasiya şəbəkələrinin yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin göstərilməsində bərabərhüquqlu subyektlər hesab edilirlər. Buna baxmayaraq, telekommunikasiya sahəsində demək olar ki, ciddi inhisar mövcuddur. Ölkəyə gətirilən internet trafikinin önəmli hissəsinə dövlətin yaratdığı yaxud iştirak etdiyi qurumlar nəzarət edir. Ayrıca, istər Bakıda, istər regionlarda internet provayderlərinin əksəriyyəti dövlət provayderləridir. 
Qanunun 11.2-ci maddəsinənə əsasən, müvafiq telekommunikasiya xidməti bazarında antiinhisar qanunvericiliyə əsasən hökmran mövqe tutan operator, provayder fəaliyyətində aşağıdakı şərtlərə riayət etməlidir:
1. telekommunikasiya xidməti bazarına bərabərhüquqlu daxilolmanı təmin etmək məqsədilə hökmran mövqe tutan operator eyni xidməti göstərən digər operatorlar arabağlantı məqsədləri üçün şəbəkələrin qoşulması və trafik mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur;
2. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla,
hökmran mövqe tutan operator, provayder arabağlantı məqsədləri üçün öz şəbəkəsinə digər operatorun, provayderin müvafiq müqavilə əsasında qoşulmasından imtina edə bilməz;
3. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe tutan operator, provayder öz şəbəkəsi vasitəsilə xətləri (kanalları) digər operatorlara, provayderlərə ümumi müqavilə əsasında icarəyə verir;
4. müvafiq icra hakimiyyəti orqanı hökmran mövqe tutan operatorun, provayderin uyğun fəaliyyəti üzrə xüsusi tələblər müəyyən edir.
Ayrıca qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanları telekommunikasiya sahəsində haqsız rəqabətin və inhisarçı fəaliyyətin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görməli, haqsız rəqabətə, istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanuna zidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Burada yuxarıda qeyd edildiyi kimi, tənzimləməni, nəzarəti həyata keçirən qurum əslində, özü haqsız rəqabəti yaratmaqdadır. Belə olan halda, qanunun bu müddəasının icrası faktiki olaraq mümkün görünmür.
 
İnternet rabitəsi xidmətlərindən istifadə  Qaydaları
İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları Telekommunikasiya haqqımda Qanunun qəbulundan 5 il öncə, 2000-ci ilin 24 fevral tarixində Azərbaycan Respublikası Rabitə Nazirinin əmri ilə qəbul edilmişdir. Bu əmr qəbul edilən zaman Nazirliyin adı sadəcə Rabitə Nazirliyi idi və münasibətlər köhnə Rabitə haqqında Qanuna görə müəyyən edilməyə çalışılmışdır. Bu Qaydaya əsasən, Azərbaycan Respublikasında İnternet Provayderləri əsasında tənzimlənir. İnternet Provayderləri bu lisenziyanı əldə etmədən fəaliyyət göstərə bilməzlər. Bu norma, Telekommunikasiya haqqında Qanunun 6-cı maddəsində bu sahə üzrə dövlət tənzimlənməsinin mahiyyətini göstərən bənddə, telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılmasını da vurğulamışdır. Lakin bu çox ümumi bir ifadə olduğu üçün daha ətraflı tənzimləmənin olması zəruri idi. Qanunun 8-ci maddəsi mahiyyət etibarı ilə bu tənzimləmənin mahiyyətini, əsaslarını, çərçivəsini göstərməli olduğu halda, bu maddə daha da ümumi ifadə seçərək, məsələni ümumi olaraq qanunveriviciliyin üzərinə atmışdır. 8-ci maddədə  Telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması başlığı altında, “Telekommunikasiya fəaliyyəti sahəsində lisenziyalaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir”-deməklə yetinilmişdir. Çox maraqlıdır ki, bu Qanunun qəbulndan 5 il öncə Nazirin əmri kimi təqdim olunan sənəddə lisenziyasız fəaliyyətin mümkünsüzlüyü daha aydın ifadə edilmişdir.
Təqdim edilən Qaydalarda müəyyən məqamlar hüquqi baxımdan problematik görünür. Qaydanın 4.2-ci bəndində İnternet Provayderləri, müəyyən hallarda İnternet xidmətinin göstərilməsini abonentin razılığını almadan dayandıra biləcəyi qeyd edilir:
-    Azərbaycan Respublikasının qanunvericiliyi ilə  müəyyən  edilmiş qaydalara və Telekommunikasiya haqqında qanuna zidd hərəkətlərə yol verildikdə;
-  hərbi və ya fövqəladə vəziyyət elan edildikdə;
 təbii fəlakət və qəza baş verdikdə;
- lisenziyası olmadan 3-cü şəxsə xidmət göstərildikdə;
- sertifikatı olmayan və nasaz sistemlər şəbəkəyə qoşulduqda;
Bu hallardan bəziləri obyektiv hüquqi səbəblər kimi görünsə də, bəzi məqamlar müqavilə tərəflərinin hüquq bərabərliyi baxımından mübahisəli görünür. Müqavilə tərəflərindən biri olan provayder, digər müqavilə tərəfi olan istifadəçinin Qanuna zidd fəaliyyətini təkbaşına müəyyən edib, oz öhdəliyini buna görə dayandırması doğru qəbul edilə bilməz. Tərəflərdən hər hansı biri qarşı tərəfin hüquqa zidd davrandığını iddia edə bilər. Buna qərar verəcək tərəf isə bu tərəflərin heç biri yox, müstəqil məhkəmə olmalıdır. Bu baxımdan təktərəfli provayderə bu hüququn verilməsi həm Telekommunikasiya haqqında Qanuna, həm də Konstitusiyanın 25-ci maddəsinin tələblərinə-bərabərlik hüququna ziddir.
Burada internetin verilməsinin dayandırılmasına əsas kimi göstərilən hallardan biri də, - lisenziyası olmadan 3-cü şəxsə xidmət göstərilməsi halıdır. Bu müddənın mahiyyəti aydın deyıl. Çünki, porvayder abunəçiyə xidmət göstərirsə, lisenziyanı abunəçı nədən almalıdır? Abunəçi internetdən istifadə edir. Bu baxımdan 3-cü şəxslərə lisenziyasız xidmət göstərilməsinə görə internetin təktərəfli dayandırılmasının məntiqi aydın deyil. Bu müddənın mahiyyətindən belə anlaşılır ki, korperativ müştərilər olan abonentlər, məsələn internet kafelərdə 3-cü şəxslərə xidmət göstərən abonentlər bu fəaliyyət üçün lisenziya almalıdır.! Əslində, bu müddəa anlaşılmaz olaraq qalmaqdadır. Burada, həqiqətən də, belə bir mahiyyət varsa, bu tamamilə mənasız və yetsiz bir tənzimləmədir.
Qaydalarda diqqət çəkən məqamlardan biri isə, 4.5-ci bənddə, Provayderin üzərinə vəzifə olaraq;     
İnternet Provayderləri, respublika internet şəbəkəsinə qlobal internet şəbəkəsindən giriş  trafikini artırmaq üçün respublikanın həyatını, onun siyasətini, iqtisadiyyatının ayrı-ayrı sahələrini, rabitəni və s. əks etdirən Web səhifələrinin yaradılması və onların serverlərdə yerləşdirilməsini təşkil etmək- öhdəliyinin qoyulmasıdır. Belə bir öhdəyiyin provayderin üzərinə qoyulmasının hüquqi məntiqi anlaşılmır. Ölkənin “həyatını, onun siyasətini, iqtisadiyyatının ayrı-ayrı sahələrini, rabitəni və s. əks etdirən Web səhifələrinin yaradılması” nədən provayderin vəzifəsi kimi müəyyən edildiyi qeyri-müəyyəndir. Ayrıca, bunu təqib edən növbəti bənddə, respublikadaxili İnternet mübadiləsini təmin etmək üçün İnternet Provayderləri,  Milli İnternet Şəbəkəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq direktiv və normativ sənədləri əsasında qoşulmalı olduğu vurğulanıb. Burada pərdə arxası məqsədin nə olduğu da anlaşılmamaqdadır.
Qaydalarda bir digər ziddiyətli məqam da, abunəçinin üzərinə qoyulan vəzifədir. Burada qeyd edilir ki, abunəçi qazanc məqsədi ilə 3-cü şəxsə internet xidməti göstərməməlidir. Bu şərtin qoyulması, interneti kommersiya məqsədli istifadə edən qurumların internetsiz qalmasına gətirib çıxara bilər.
Abunəçilər üzərinə qoyulan bir digər vəzifə də İnternetə və Web səhifələrinə fiziki və hüquqi şəxsi təhqiredici məlumatların və dövlət əhəmiyyətli sirlərin verilməməsi öhdəliyidir. Təhqiredici məlumatların verilməməsi kimi bir şərt ümumi olaraq, anlaşılan olsa da, bunun provayderə məzmuna nəzarət imkanının verilməsi kimi başa düşülür ki, bu da sadəcə texniki funksiya həyata keçirən tərəfin, bir anda senzora çevrilməsi və internet azadlığına zərər verməsinə gətirib çıxara bilər. Bu müddəanın ikinci tərəfi isə ümumiyyətlə anlaşılan deyil. Abunəçıdə dövlət sirrinin olması və bu sirrə məhdudiyyət gətirilməsi bu tərəflər arasındakı münasibətlərin mövzusu olmamalıdır. Bu daha çox, qanuni tələb kimi qarşıya çıxmalı idi.    
Qaydalarda tərəflər arasında nəzərdə tutulan müqaviləni dayandırmağa dair tələb də hüquqi baxımdan tərəflərdən provayderin lehinə doğru müəyyən edilmişdir. Qaydaya əsasən, abonentlərə xidmət tariflərinin dəyişməsi ilə əlaqədar 5 gün əvvəl İnternet Provayderləri tərəfindən yazılı şəkildə və ya email-lə xəbərdarlıq edilir. Əgər, Abonent dəyişiklikləri qəbul etməzsə, Provayder-Abonent arasında imzalanmış müqavilənin pozulması haqqında yazılı şəkildə, ( faksla və e-mail-lə) Provayderə bildirməli və bu barədə Provayderin təsdiq cavabını almalıdır. Burada provayder təsdiq cavabını göndərmədiyi təqdirdə, müqavilə davam edəcək və bu halda abonent istəmədiyi halda yeni qaydalarda ödəniş həyata keçirməli olacaqdır.  Abunəçi tərəfin müqaviləni təktərəfli dayandırması bu amilə görə mümkün görünmür. Halbuki, bu qaydalarda Provayderə bu istiqamətdə daha geniş manevr imkanı tanınıb.
Qaydanın 6-cı bəndinin (ö) yarımbəndində qeyd edilir ki, “Əgər, müqavilə Provayderin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ucbatında ləğv edilərsə, bu zaman Provayder-Abonentə göstərəcəyi xidmətlərə görə əvvəlcədən ödənilmiş məbləği tam olaraq geri qaytarır”. Lakin burada Provayderin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ucbatından Abonentə dəyən zərərin Provayder tərəfindən ödənilməsinə dair hər hansı bir şərt yoxdur.

AZ domeynindən istifadə
Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 10-cu bəndinə əsasən, “Ölkə kodlu domen adlarının qeydiyyatı, istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir”. Burada AZ domeninin qeydiyyatının və istifadə qaydalarının təkbaşına Nazirlik tərəfindən aparılmayacağı göstərilib. Buna baxmayaraq, İnternet rabitəsi xidmətlərindən istifadə Qaydalarının 8.1-ci maddəsində bu normaya uyğun gəlməyən, sadəcə Rabitə və İnformasiya Nazirliyinin səlahiyyətli olduğunu göstərən müddəa əsas tənzimləyici norma kimi təqdim edilir. Qaydalarda göstərilir ki, Azərbaycan Respublikasının coğrafi məkanı və rəsmi Dövlət adına uyğun olaraq AZ domeynindən istifadə və bu domeynin administratorluğu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəyyən etdiyi və Beynəlxalq İnternet Təşkilatlarının texniki tələblərinə uyğun fəaliyyət göstərən hüquqi şəxsə verilir. Daha sonrakı cümlə, bu müddəani tamamilə heçə sayan bir mahiyyətdədir. Son cümlədə bildirilir ki, Rabitə Nazirliyinin razılığı olmadan hər hansı bir şəkildə AZ domeynindən istifadə etməyə icazə verilmir. Bununla da, Telekommunikasiya haqqında Qanunda nəzərdə tutulan aidiyyəti qurumlar anlayışı tamamilə kənarda saxlanılır və üstəlik, domenin administratorluğu sadəcə Nazirliyin müəyyən etdiyi şərtlərdə və müəyyən etdiyi hüquqi şəxsə verilir. Ayrıca,  administrator olan bu hüquqi şəxsin sərbəst olaraq müəyyən edilmiş qaydalarda fəaliyyətinə də kölgə salınır və bütünlüklə Nazirliyin icazəsinin əsas olduğunu, onun razılığının bütün şərtlərdən və qaydalardan daha keçərli olduğunu göstərir. İnternet rabitəsi xidmətlərindən istifadə Qaydalarının 8.1-ci maddəsi bu baxımdan Telekommunikasiya Qanunu ilə ziddiyyət təşkil edir və onun müddəasının tələblərinə ziddir.

İnternet xidmətləri üçün Nümunəvi MÜQAVİLƏ

 İnternet rabitəsi xidmətlərindən istifadə Qaydalarına 1 Saylı Əlavədə İnternet xidmətləri Müqaviləsinin nümunəvi forması verilmişdir. Bu formada, Qaydaların özündə olduğundan daha ciddi problemlər diqqət çəkir.
Müqavilənin 1-ci maddəsində nəzərdə tutulan Müqavilə Məqsədlərini tənzimləyən hissəsində bildirilir ki,  Provayderin razılığı olmadan əlavə müqavilə əsasında Abonentin üçüncü tərəfə İnternet rabitəsi təşkil etməyə hüququ yoxdur və buna görə məsuliyyət daşıyır. Burada məqsəd aydın deyil. Ümimiyyətlə, maddənin ifadə tərzində problem var. “...Üçüncü tərəfə İnternet rabitəsi təşkil etməyə hüququ yoxdur”- deməklə qorunan hüquqi mənafe qeyri-müəyyəndir. İstənilən şəxs aldığı internetin haqqını ödədikdən sonra, istər özü, istər özünün müəyyən etdiyi 3-cü tərəflər bu internetdən istifadə etsin, Provayderə zərər vurmuş olmayacaq. Belə olan halda, bir məhdudiyyətin qoyulması hüquqi baxımdan doğru deyil.
İstənilən müqavilədə tərəflərin hüquq bərəbərliyi önəmlidir. Müqavilədə hər iki tərəfin hüquqları və vəzifələri, yaxud öhdəlikləri, habelə məsuliyyətləri öz əksini tapmalıdır.  İnternet rabitəsi xidmətlərindən istifadə Qaydalarına 1 Saylı Əlavədə İnternet xidmətləri Müqaviləsinin nümunəvi formasının 5-ci maddəsində  Tərəflərin məsuliyyəti göstərilib. Burada göstərilir ki,   Abonent şəxsən özü və ya onun şəbəkə rekvizitlərindən istifadə edən tərəfdən 3-cü şəxsə ( fiziki və hüquqi şəxslərə) internet xidmətlərindən istifadə qaydaları üzrə qəsdən vurduğu maddi  mənəvi zərərə görə məsuliyyət daşıyır. Daha sonra bildirilir ki;
 Provayder, Abonenti müvəqqəti olaraq aşağıdakı hallarda İnternet xidmətlərinin göstərilməsindən məhrum edə bilər:
a) Abonent tərəfindən digər abonentlərin (hüquqi və fiziki şəxslərin) və Provayder işçi personalının nüfuzuna zərər gətirən məlumatın şəbəkəyə ötürülməsi halında;
b) Abonent, Telekommunikasiya haqqında qanuna və digər qanunvericilik aktlarına zidd hərəkətlərə yol verdikdə;
v) Provayder və onun abonentlərini kompüterlərinin proqram hissəsinə icazəsiz qoşulması və onu ziyana məruz qoyması durumunda;
 Burada diqqət çəkən məqam ondan ibarətdir ki, 5-ci maddənin adı tərəflərin məsuliyyəti olduğu halda, maddənin içində sadəcə tərəflərdən birinin, abonentin məsuliyyəti ətraflı müəyyən edilmiş, əsas xidməti təqdim edən tərəf olan Provayderin məsuliyyətindən bir kəlmə olsun bəhs edilməmişdir. Bu yanaşma, istər Konstitusiyanın bərabərlik hüququ baxımından, istərsə də mülki hüquqda müqavilə tərəflərinin bərabərliyi baxımından hüquqa ziddir. İstənilən Müqavilə tərfələrinin öhdəliklərinə görə məsuliyyətləri göstərilməlidir. Ola bilməz ki, tərəfləridən birinin sadəcə hüququ, digər tərəfin isə sadəcə məsuliyyəti olsun. Bu birmənalı olaraq abonentin əleyhinə tərtib edilmiş Müqavilə görüntüsü yaradır.

Şəbəkə təhlükəsizliyi

Telekommunikasiya haqqında Azərbaycan Respublikası Qanununun 39-cu maddəsində şəbəkə təhlükəsizliyini əhatə edən məsələyə toxunulmuşdur. Maddəyə əsasən, Operatorların, provayderlərin əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən orqanlarla qarşılıqlı əlaqəsini zəruri edir. Burada göstərilir ki, operatorlar, provayderlər qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludur. Bu maddənin mübahisəli tərəfi ondan ibarətdir ki,  əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi adı altında, məhkəmə qərarı tələb olunmadan “müvafiq icra hakimiyyəti orqanına” telekommunikasiya şəbəkələrinə əlavə texniki vasitələr qoşdurma imkanı verilməkdədir. Bu, şəbəkədə fərdi məlumatların və özəl həyat sirlərinin məhkəmə qərarı olmadan qurumlar tərəfindən əldə edilməsinə, hüquqi səbəb tələb edilmədən, və məhkəmə nəzarəti olmadan şəxslərin telefon danışıqlarına, internet yazışmalarına qanunsuz və əsassız müdaxilə imkanlarının yolunu açmaqdadır.  Hər hansı konkret faktın araşdırılması, ya da konkret şübhəli şəxsin təqib edilməsi halları olmadan, birbaşa şəbəkəyə xüsusi xidmət orqanlarının istəyinə uyğun qurğunun yerləşdirilməsi, bununla da, məhkəmə qərarının olmasına gərək qalmadan istənilən şəxsin rabitəsinə müdaxilə imkanının Qanunda yaradılması əsas insan hüquq və azadlıqlarına hüquq prinsiplərinə zidd müdaxilə imkanı verməkdədir. Eyni zamanda, bu halın Qanunda nəzərdə tutlması, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı prinsipi ilə ziddiyyət təşkil etməkdədir. Ayrıca, icra orqanlarının istəyinə uyğun olaraq belə bir müdaxiləyə imkan verilməsi, heç bir məhkəmə və digər nəzarət imkanının verilməməsi, icra qurumlarına hansı məqsədlə olursa – olsun, geniş və sərhədsiz səlahiyyət verməkdə, bu səlahiyyətlərin istifadəsi zamanı sui-istifadə hallarının qaşısının alınmasına yönələn heç bir hüquqi imkan tanımamaqdadır.
 Qanunun 39-cu maddəsinin 2-ci bəndində, məhkəmə qərarına ehtiyac olmadan, şəbəkəyə icra qurumunun istədiyi qurğunu yerləşdirməməyə görə, operator və ya provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı bildirilir. Bununla da, operator və ya provayderin heç bir manevr imkanı qalmır. Üstəlik, onlar, “bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludur”- deyilərək, hətta, qanunsuz dinləmələrin və ya təqiblərin ictimailəşməsinə imkan verəcək sızmaları da qorxudaraq, önləmiş olurlar.
Məlumdur ki, bütün inkişaf etmiş ölkələrdə qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün xüsusi xidmət orqanları və strukturları müasir kommunikasiya vasitələrinin sürətli inkişafından, yerətincə bəhrələnməkdə, bu ümumi istifadə olunan şəbəkələrə xüsusi texniki qurğular yerləşdirərək, cinayət əməllərinin qarşısını almağa yönələn səylər etməkdədirlər. Lakin, bu zaman izlənən yol, yenə qanunların imkan verdiyi ölçüdə, və hüquqa uyğun olaraq həyata keçirilməlidir. Yəni, çox bariz cinayət ehtimalı varsa, əməliyyat məlumatları bu şəbəkə üzərində hansısa şübhəli şəxsin rabitəsini nəzarətə götürülməsini zəruri edirsə, məhkəmədən həmin hadisəni aydınlatmağa kömək edəcək, həmin şübhəli şəxsin davranışlarını nəzarət altına alacaq, müddətli tədbirlərin görülməsi tələb edilə bilər. Lakin, bu zaman məhkəmə sadəcə iddiaları yetərli görməz, həqiqətən ciddi şübhələr bu tədbiri görməyə əsas verirsə və qanunla qorunan hüquqi mənafe ilə, müdaxil edilməli olan hüquqi mənafe arasında balans müdaxiləni zəruri edən mənafenin lehinədirsə, bu halda ancaq müddətli texniki təqibə qərar verməlidir. Müddət bitdikdən sonra isə bu “texniki təqib” aradan qalxmalıdır. Belə texniki təqib ancaq konkret hadisəyə və şəxsə, yaxud şəxs qrupuna tətbiq edilə bilər.
Bizim qanunvericilikdə isə, bütün bu prosedur qaydalara gərək qalmadan, birbaşa bu səlahiyyət “əbədiyyən” müvafiq qurumlara verilmişdir. Bu formada bir tənzimləmənin nəzərdə tutulması, istər-istəməz bu səlahiyyətlərdən sui-istifadəni gündəmə gətirməkdədir. Müvafiq icra hakimiyyətində bu səlahiyyətləri əlində tutan şəxs və ya şəxslər məhkəmə nəzarəti olmadan, tamamilə öz insiyativlərində olan bu qurğulardan sadəcə cinayətlərin qarşısını almaq üçün yox, eyni zamanda siyasi düşüncəsini qəbul etmədiyi siyasi rəqiblərini sıradan çıxarmaq üçün, yaxud, qeyri-rəsmi məşğul olduqları biznes maraqlarını qorumaq məqsədi ilə rəqiblərini sıradan çıxarmaq üçün də bu imkanlardan istifadə edə bilərlər. 2005-ci ildə hüquq mühafizə orqanlarının “Qara kəmər əməliyyatı” ilə aşkara çıxardıqları rəsmi şəxslərdən ibarət cinayətkar şəbəkənin də məhz bu nəzarətsiz “hüquqi imkanlardan” gen-bol istifadə etdikləri, bununla da çoxsaylı insanları təqib edərək, onları öldürdükləri və ya onlara müxtəlif formada zərər verdikləri ortaya çıxmışdır.
Bir məqama da diqqət yetirmək lazımdır. Qanunun 39-cu maddəsində olan müddəadan başqa, 15-ci maddədə Hərbi və fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrinin idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Hərbi və fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş hadisələrin və onların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq telekommunikasiya sahəsində müvəqqəti idarəetmə orqanları yaradıla bilər. Bu müddəalar onu göstərir ki, 39-cu maddənin tələbi, fövqəladə hallarda onsuz da bütün səlahiyyətlər icra qurumlarına verilmişdir. Belə olan halda, adi hallarda müdaxilələr yalnız məhkəmə nəzarəti ilə, məhkəmə qərarları ilə mümkün olmalıdır. Lakin, 39-cu maddənin müddəası internetin azadlığını ciddi şəkildə təhdid edən xarakterdədir.


Yekun
Araşdırmadan aydın olur ki, Azərbaycanda İnternet azadlığına maneə yaradan yuxarıda qeyd edilən hüquqi maneələr daha liberal tənzimləmələrlə əvəz olunmalıdır. İnternetə müvafiq icra hakimiyyəti orqanlarının müdaxilə imkanları minimuma endirilməlidir. Dövlət qurumları sadəcə qanuni nəzarət funksiyasını saxlamalı, xidmət sektorundan kənarda olmamalıdır. Özəl qurumların inkişafına şərait yaradılmalı, Nazirliyə tabe olan bütün qurumlar şəffaf qaydada özəlləşdirilməlidir. İnternetin bütün ölkədə çatımlı olması üçün bütün yaşayış massivlərinə, qəsəbələrə, kəndlərə sürətli internetin verilməsini təmin edən optik kabel infrastrukturları çəkilməlidir. Bu günə qədər dövlət vəsaitləri hesabına çəkilmiş kommunikasıya infrastrukturlarından provayderlərin maneəsiz və ucuz istifadəsinin yolu açılmalıdır.
İnternetin tənzimlənməsi İnternet ictimaiyyətinin geniş iştirakı ilə müəyyən olunan qurum tərəfindən, internet ictimaiyyətinin - provayderlərin, istifadəçilərin ortaq mənafelərin qorunmasını təmin edən qaydalar çərçivəsində həyata keçirilməlidir.
İnternet provayderləri ilə abonentlər arasında hüquqi münasibətləri tənzimləyən müqavilələrdə tərəflərin hüquq bərabərliyi təmin edilməli,  xidmətin keyfiyyəti artırılmalı, buna görə məsuliyyət müəyyən edilməlidir.
İnsanların istifadə etdiyi internetə qanunsuz müdaxilələr olmamalı, məhkəmə qərarı olmadan heç kimin İnternetdə xəbərləşmə gizliliyi pozulmamalıdır. Məhkəmə qərarı olmadan birbaşa icra orqanlarının öz təşbbüsləri ilə internetin xəbərləşmə gizliliyini poza biləcək vasitələrin provayder və ya operatorlara təzyiq edilərək şəbəkəyə quraşdırılması, inteqrasiyası önlənməlidir.
Xüsusilə AZ domen adlarının qeydiyyatı və istifadə qaydalarının formalaşmasında geniş İnternet ictimaiyyətinin iştirakı təmin edilməli, qaydaların şəffaf və hüquqa uyğun formalaşmasına və tətbiq edilməsinə ictimai nəzarət imkanları artırılmalıdır.