Ələsgər MƏMMƏDLİ
İnternet
İnternetin ortaya çıxması ilə müasir insan həyatında
da inanılmaz dəyişikliklər ortaya çıxır. Bu sahədəki dəyişikliklər nəticəsində əvvəllər
heç kimin xəyalını qura bilməyəcəyi fürsət və imkanlarla yanaşı təhdidlər, təhlükələr,
yeni risklər də ortaya çıxıb. İnternetin istifadə olunduğu yeni bir həyat tərzi,
yeni qaydalar, tənzimləmələr, etik dəyərlər və buna bağlı davranışların
formalaşdırılmasını zəruri edən ilkin amillərdəndir.
İnternetin azad qalması, heç bir buxova salınmasının
yolverilməzliyini düşünənlər az deyil və bu düşüncələrinin haqlı olduğunu əsaslandıran
çoxsaylı arqumentlər gətirirlər. Lakin, bu düşüncənin qarşısında olan,
İnternetin düzənlənməsini dəstəkləyən, hüquq çətiri
altında saxlanılmasının və bəlli çərçivəyə salınmasının vacibliyini
vurğulayanların arqumentləri də zəif deyil. Əsas arqumentlərdən biri, İnternetdən
əxlaqdan kənar məqsədlər üçün istifadə edilməsinin qarşısının alınması,
azyaşlıları qorumaq məqsədi ilə, müəllif hüquqlarına müdaxilələri önləmək məqsədi
ilə müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruriliyidir.
Doğrudan da İnternetin ortaya çıxması ilə insan həyatının
rahatladığı, xəbərləşmədəki sürətin milyonlarla dəfə sürətləndiyi, dünyanın bir
yumaq kimi çox xırda və bir-birinə hörümçək kimi bağlandığı, elmdə, təhsildə,
sosial həyatda əvəzsiz imkanlar yaratdığı və digər önəmli gerçəklərlə yanaşı, bu
vasitənin inkişaf etməsi ilə bərabər ciddi etik problemləri yaratdığı da acı
gerçəklərdəndir. Xəbərçiliyin əsas vəzifələrindən olan xəbər vermə, bilgiləndirmə,
ictimai rəyi sərbəstcə formalaşdırma, xidmətlər və mallar alma, ödəmə haratlılığı kimi faydalarla
yanaşı, zərərlər də göz önündədir.
İnternet ilk meydana çıxdığında bu sahədə
heç bir sərhəddin yoxluğu, xaos olduğu anlayışı müəyyən çevrələrdə formalaşsa
da, əslində bunun yeni bir kommunikasiya vasitəsi olması ilə yanaşı, heç də
tamamilə anlaşılmayan yeni bir vasitə olmadığı dərk edildi. Bu mövcud
kommunikasiya vasitələrindən sadəcə yeni
biri idivə bu səbəbdən də klassik tənzimləmələrin içərisində yerini tapması
mümkün idi. İnternet, infrastruktur kimi telekommunikasiya vasitəsi olduğundan,
dərhal həmin bazaya oturduldu. Amma, onun kütləvi olması və informasiya
paylaşım imkanlarının çox geniş və asan, habelə əks qütblü olması onu kütləvi informasiya
vasitələrinə də yaxınlaşdırırdı. Bu baxımdan, məzmun baxımından internet Kütləvi
informasiya vasitəsi olaraq qəbul görməyə başladı.
Belə bir gerçəkliyi hamı qəbul edib ki,
İnternet toplumlara üstünlüklər qazandırdığı qədər də neqativ sui-istifadələrə
də yol aça bilir. Bu səbbədən, nə qədər sərhədsiz və süzgəcsiz görünsə də hər
bir KİV-də olduğu qədər İnternetdə də idarəetmə və düzənləmə qaçılmazdır. Bu
düzənləmə, özünütənzimləmə xarakterində olduğu zaman, onun azadlığına kölgə
düşməyəcək və eyni zamanda üçüncü tərəflərə də zərər verməkdən qaçınacaq.
İnternetdə düzənləmənin vacibliyini şərtləndirən
arqumentləri aşağıdakı formada təsnifləndirmək olar:
-
İctimai maraqlar;
-
Qorxu və
-
İnternet yayımlarında ardıcıllıq
İctimai maraqlar
Toplum üçün İnternet istənilən halda ən
qiymətli bilgi qaynağıdır. Bu səbəbdən həmin qiymətli qaynağı ictimaiyyətin
adına və faydasına olan bir mexanizmin düzənləməsi vacibdir. Bu bir dövlət
hakimiyyəti gücü ilə olarsa, o zaman azadlıqlar yox olar, amma özünütənzimləmə,
öz standartlarını yaratma və əməletmə çərçivəsində olarsa, effektivliyi artar və
cəmiyyətə faydası çoxalar. İctimai maraqlar qorunar, lakin zərərli elementlər
azalıb-yox olar.
Qorxu
Kütləvi informasiya vasitələrinin hər
biri, istər televiziyalar, istər radiolar, istərsə də qəzet və jurnallar, habelə
informasiya agentlikləri çox güclü və təsirlidir. Ancaq həmin vasitələr məsuliyyətsizcəsinə
istifadə edildiyində eyni dərəcədə güclü və təsirli təhlükə potensialına çevrilə
bilir. İnternet mediyasında da yanlış bilgilər yaymaqla, məsuliyyətsiz yayınlar
gerçəkləşdirməklə topluma, habelə ayrı-atyrı şəxslərə zərər verilə bilər.
İnternet yayınlarında ardıcıllıq
İnternet yayınlarında ardıcıllıq gözlənilməlidir.
Amma bu ardıcıllığın vacibliyi mövzulara, yayınlara müdaxilə anlamı
daşımamalıdır. Ardıcıllığın məqsədi bütün media növlərində olduğu kimi,
İnternet mediasında da əsas qaydalara əməl olunmasının nəzarət altına alına
bilməsidir.
Düzənləmə
zəruridirmi
Azərbaycanda İnternet azadlığından bəhs edərkən, görünən mənzərə heç
də birmənalı deyil. İlk baxışdan ele bir ciddi məhdudiyyət olmadığını müşahidə
etmək olar. İstənilən şəxs İnternet domeni ala bilər. İnternet üzərindən istədiyi
veb səhifəni yarada bilərlər. Tək istisna iki hərfli olan və “az” sonluğu ilə
qurtaran domen adlarına qeyri rəsmi qoyulan məhdudiyyətdir. Bundan başqa, istənilən
şəxs İnternet ünvanı ala bilər və öz istədiyi istiqamətdə fəaliyyət göstərə bilər. İnternet daha fərqli,
geniş və yeni bir sahədir. İnternetin medianın digər qollarından fərqli olan
yanı, onun ikitərəfli qarşılıqlı (interaktiv) əlaqə imkanlarının olmasıdır.
Klassik televiziya, radio yayımı hər hansı mərkəzdən tək tərəfli şəkildə
ötürücü qurğularla müəyyən radiotezlik zolağında ötürülən siqnalların qəbuledici
televizor, yaxud radio qurğusu vasitəsi ilə alınması formasında idi və eyni
metodla əks rabitə imkanları yox idi. İnternetdə isə əks rabitənin olması,
informasiyanı qəbul etmək imkanı ilə paralel ötürmə imkanının da olması,
tamamilə yeni münasibətlər zənciri yaradır. Günümüzdə, İnternet üzərindən
görüntülü və səsli yayım imkanının olması çoxsaylı “İnternet TV”, “İnternet
radio” açılmasına səbəb olmuşdur. Eyni zamanda sadəcə İnternet üzərindən fəaliyyət
göstərən “elektron qəzetlər”, “elektron informasiya bülletenləri” geniş və sərhədsiz
auditoriya toplamaqdadır. İnternet üzərində görüntülü və ya səsli fəaliyyət
göstərən “televiziya” və “radiolar” bu günə qədər bilinən və
lisenziyalaşdırılan teleradio fəaliyyətinin eynisi deyildir.
Azərbaycan Respublikası televiziya və radio yayımı haqqında Qanunun
1.0.4-cü maddəsində teleradio yayımının anlayışı verilmişdir. Bu anlayışa görə,
“elektromaqnit dalğaları ilə açıq və ya
kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsilə
kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul
edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin
ötürülməsi” teleradio yayımı hesab edilir. Bu anlayışa həmçinin yayımın
kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər
tərəfindən peyk vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsi və digər
yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. «Teleradio
yayımı» anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul
edilən informasiyaları, yaxud digər materialları (faksla əlaqədar, elektron məlumat
bankları və bu tipli digər xidmətlər) ehtiva etmir. Odur ki, İnternet üzərindən fəaliyyət göstərən və
yerüstü qurğular ilə radiotezliklərdə yayımlanmayan “televiziya və radiolar”
klassik mənada anlaşılan teleradiolarla eyni mahiyyətdəki yayım deyillər və bu
yayımları qanunda qeyd edilən formada “teleradio
qəbuledicilər tərəfindən” qəbul edilməsi mümkün deyil. Bu səbəbdən İnternet
ortamında yayılan “İnternet TV” və “İnternet radio”ların
lisenziyalaşdı-rılmasına gərək yoxdur.
Ancaq bu müzakirələrə son nöqtənin
qoyulduğunu iddia etmək doğru olmaz. Son vaxtlar İnternetin sürətli inkişafı və
geniş auditoriya tərəfindən tətbiq edilməsi, eyni zamanda yeni nəsil televizorların
eyni vaxtda həm teleqəbuledici olmaları ilə paralel, bir kompüterr kimi
interneti də qəbul edə bilməsi və internet üzərindən yayılan TV və digər
audio-video yayımları göstərə bilməsi, habelə əks əlaqə imkanı verərək,
televizor istifadəçısınə öz məlumatlarını da ötürə bilmə imkanlarını təqdim etməsi,
bu imkanlardan istifadə edərək məhdud imkanlarla geniş kütlələr tərəfindən izlənə
biləcək yayımların yayılmasına imkan verib. Bunun gətirdiyi rahatlıqla İnternet
üzərindən yayımlarını “İnternet TV” və ”İnternet Radio” adı altında yayan
çoxsaylı insan kütləsi peyda olub və heç də onların hamısı hamılıqla qəbul
edilmiş prinsiplər çərçivəsində yayımçı deyil. Bunlara son vaxtlar sayları
milyardların sərhəddinə dayanan Facebook, tweeter, you tube və bənzəri
resursları da əlavə etsək, bu yeni “yayımçılar” İnternetin verdiyi rahatlıqla
mövcud qanunlarla yayımına icazə verilməyən pornoqrafiya və digər qadağan
olunmuş mahiyyətli yayımları rahatlıqla yayır. Hər hansı lisenziya tələb
olunmadığı üçün bu yayımların içəriliyi təftiş edilə bilmir. Bu isə yeni
müzakirələri doğurur; İnternet media tənzimlənməlidirmi?
Son vaxtlar Avropa məkanında bu istiqamətdə ciddi
müzakirələr gedir. Bir qrup mühafizəkar qisim İnternet üzərindən yayılan
yayımların, istər radio olsun, istərsə də televiziya lisenziyalaşdırılmasının zəruriliyini
vurğulayır və yeni düzənləmələr ilə bunun qanuni çərçivəyə salınmasını müdafiə
edir. Başqa bir qrup, bu məsələyə daha liberal yanaşmanın zəruriliyini qeyd
edir və bu düşüncəni onunla əsaslandırır ki, İnternet üzərindən yayılan istənilən
yayım, formasından asılı olmayaraq, istər görüntülü olsun, istərsə də səsli (TV
və ya radio), tezlik resursları ilə açıq yayılmır və istənilən teleradio qəbuledicisi
vasitəsi ilə izlənə bilməz. Bu yayımların izlənməsi üçün onu izləmək istəyən
qarşı tərəf hökmən yayıcının veb resursuna könüllü olaraq girməli və bu
görüntülü və ya səsli yayımı izləməlidir. Kabel TV üzərindən də bu tip mahiyyətdə
yayımlar aparıla bilir və bunları qəbul edən təbəqə bu sistemə abunə olaraq,
onun üçün pul ödəyərək bu yayımları izləyə bilir. Belə olan halda, İnternet
istifadəçisi də İnternet üzərindən istədiyi yayımı reallaşdıra bilməlidir.
Son günlər Amerikada İnternetin filtirlənməsini nəzərdə
tutuan qanunvericilik aktının layihəsinin müzakirələrə çıxarılması da bu
baxımdan ciddi müzakirələri paralelində gətirir. Müəllif hüquqlarının qorunması
zəruriliyi əsas gətirilərək, bu istiqamətdə filtirlərin tətbiqinə imkan tanıyan
təşəbbüslər, ümumilikdə internet azadlığının məhdudlaşdırılmasına gətirib
çıxaracağı narahatçılığı ilə dünyada müxtəlif etiraz aksiyalarına səbəb
olur.
Təbii ki, bu müzakirələrə son nöqtə qoyulmayıb.
Lakin artıq formalaşmaya başlayan bir düşüncə sistemindən bəhs etmək mümkündür.
Böyük ehtimalla yaxın gələcəkdə bu məsələ hüquqi düzənləmələrlə qarşımıza
çıxacaq. Bu gün formalaşmaya başlayan əsas düşüncə ondan ibarətdir ki, İnternet
üzərindən yayılan bütün görüntülü və ya səsli yayım televiziya və ya radio kimi
qiymətləndirilməməlidir. Bu yayımlar iki hissəyə ayrılmalıdır. Birincisi,
İnternet resurslarında yerləşdirilən və sistemli şəkildə proqramlaşdırılan
yayımlar. Yəni, proqram ardıcıllığı olan və öncədən planlaşdırılaraq təqdim
edilən yayımlar. İkincisi, proqram ardıcıllığı olmayan və rastgələ təqdim
olunan yayımlar.
Proqram ardıcıllığı olmayan yayımların heç bir halda
televiziya və radio yayımı kimi qiymətləndirilməsi mümkün hesab edilmir və tənzimlənməsinə
ehtiyac olmadığı bildirilir. Ancaq, proqram ardıcıllığı olan və öncədən
planlaşdırılaraq təqdim edilən yayımların tənzimlənməsinin mümkün olduğu qənaətində
çoxluq ortaq fikirdə birləşir. Yaxın gələcəkdə bu istiqamətdə səylərin güclənəcəyi
və İnternet üzərindən təqdim edilən yayımların xüsusi tənzimləməyə tabe
olacağının görsək buna hazırlıqlı olmalıyıq.
Milli qanunvericilik sistemində „Kütləvi informasiya vasitələri
haqqında” Azərbaycan Respublikası Qanununda İnternetin ayrı-ayrı komponentlərinə
yönəlik normalar nəzərdə tutulmayıb. Qanunun 3-cü maddəsində “anlayışlar”
bölümündə bütövlükdə İnternet kütləvi
informasiya vasitəsindən biri kimi göstərilir. Qanun, ənənəvi media nümunələrinə
ünvanlanmaqla, informasiya texnologiyalarının sürətli inkişafının tempini
ehtiva etmir. Belə durum yalnız, Azərbaycan üçün xarakterik deyil, keçmiş sovet
ölkələrinin əksəriyyətinin qanunvericilik sistemində eyni tendensiya nəzərə
çarpır. Məhz bu tendensiyalar İnternet yayımı ilə bağlı, həm məzmun, həm
texniki nüanslar, həm də istifadəçilərlə bağlı çoxsaylı suallara rəvac verir. İnternet
sadəcə media deyil, həm də bir infrastruktur, bir müstəvidir, bir rabitə vasitəsidir.
Keçmiş sovet ölkələrindən Rusiya Federasiyasında İnternet yayımı ilə
bağlı nisbətən aydın, ancaq qabaqcıl ölkələrin təcrübəsi ilə müqayisədə mübahisəli
hüquqi normalar qəbul edilib. Həmin ölkənin „Kütləvi informasiya vasitələri
haqqında” Qanununda İnternet saytlarının kütləvi informasiya vasitəsi sayılması
üçün şərtlər müəyyən olunub. Həmin qanuna görə, o sayt kütləvi informasiya
vasitəsi hesab olunur ki, onun ən azı 1000 istifadəçisi olsun. Bu şərtə uyğun gələn
saytın dövlət qeydiyyatına alınması da tələbdir. Bu tələblər İnternetin təbiətinə
uyğun gəlməməklə yanaşı, məhkəmə təcrübəsində də ciddi problemlər yaradır.
Qabaqcıl Avropa ölkələrinin, Amerika Birləşmiş Ştatlarının təcrübəsi
isə kifayət qədər aydın, anlaşıqlıdır. Bu təcrübə İnternet yayımının statusunu
dəqiqləşdirmək üçün düsturlar müəyyən edir. Bu təcrübəyə görə, İnternet
yayımının hüquqi statusunu, mediadakı yerini dəqiqləşdirmək üçün 3 çərçivə
vasitəsilə incələmə aparılması obyektiv nəticəyə gəlməyə imkan verir:
-
Kütləvi informasiyanın dövrilik əlamətlərini səciyyələndirən
normalara əlavə düzəlişlər artırmaq olar;
-
İnternet yayımını kütləvi informasiya vasitəsi
anlayışına daxil etmək olar;
-
Kütləvi informasiya vasitəsi anlayışını əsas götürməmək
şərti ilə informasiya mübadiləsi sahəsində kateqoriya və anlayışların yeni
sistemini yaratmaq olar;
Azərbaycanda Telekommunikasiya
sektorunun qanunvericilik bazası
Azərbaycan
Respublikasında Telekommunikasiya sektorunda hüquqi tənzimləmələrin dairəsi
xeyli genişdir. Bu sənədlər aşağıdakılardır;
- Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu gəlir. Qanun 14 İyun 2005-ci
ildə Milli Məclis tərəfindən qəbul edilmiş və 9 Avqust 2005-ci il tarixli,
277 saylı Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə Qanununun
tətbiq edilməsi qərarlaşdırılmışdır. Bundan öncə, bu sahədəki münasibətlər Rabitə haqqında Qanunla tənzimlənmişdir.
2.
Azərbaycan 14 may 2000-ci ildə Beynəlxalq
Telekommunikasiya İttifaqının Nizamnaməsinə və Konvensiyasına, habelə düzəliş
sənədlərinə qoşulmaq barədə Azərbaycan
Respublikasının Qanununu qəbul etməklə, beynəlxalq tənzimləmələri ölkə
ərazisində rəsmən qəbul etmişdir.
3. “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri
telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində
üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra
və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli
dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 2006-cı il tarixli, 417 saylı Fərmanı digər
bir sənəddir.
4. Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429
saylı Fərmanı bu sahənin tənzimlənməsinə aid olan sənədlərdən biridir.
5. “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron
informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli,
385 saylı Fərmanı digər mühüm sənədlərdən biridir. Bu Qaydaya əsasən dövlət
orqanlarının aktlarının 2012-ci il yanvarın 1-dək, yerli özünüidarə
orqanlarının aktlarının 2014-cü il yanvarın 1-dək internet informasiya ehtiyatlarında
açıqlanmasının təşkili başa çatdırılmalıdır.
6. "Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci
illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il
tarixli 1056 saylı Sərəncamı xüsusilə internetdən istifadə edərək elektron
xidmətlərin verilməsi və vətəndaşların elektron xidmətlər alması baxımından
mühüm əhəmiyyət kəsb etməkdədir.
7. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və
telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında Azərbaycan
Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli 27 saylı Sərəncamı bu
sahədə ilk addımların atılmasına yardım etməkdədir. 2012-ci ildə orbitə çıxması
gözlənilən milli peykin idarə olunması bu baxımdan zəruridir.
8. Bir digər sənəd, Azərbaycan
Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydalarının
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21
avqust 1998-ci il tarixli, 175 saylı Qərarıdır. Bu Qərarla rabitə vasitələrinin
sertifikatlaşması şərtləri, qaydaları müəyyən edilmişdir.
9. Başqa bir sənəd, yenə Nazirlər Kabineti tərəfindən 6 aprel 2006-cı il tarixdə, təsdiq edilmiş,
98 saylı Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı,
təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam
verilməsi Qaydasıdır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il
tarixli, 18 saylı "Universal telekommunikasiya xidmətlərinin göstərilməsi
üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf
olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları"nın təsdiq
edilməsi haqqında Qərarı digər bir sənəddir.
11. "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya
ehtiyatlarının yaradılması Formaları və Qaydaları"nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2007-ci il
tarixli, 33 saylı Qərarı
12. “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in
formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may
2010-cu il tarixli, 136s saylı Sərəncamı Hökumətin elektron infrastrukturunu
tamamlaması baxımından zəruri addımlardan biridir.
13. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin AzStateNet
Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin tarifləri barədə12 aprel 2006-cı
il tarixli, 04 saylı Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Qərarı
qiymət təmnzimləməsini əhatə etməkdədir.
14. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin 64 saylı Əmri ilə 03 aprel 2009-cu il tarixdə təsdiq edilən “Azərbaycan Respublikasının
ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət
göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı
müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası GSM operatorları
arası münasibətləri tənzimləməkdədir.
15. Azərbaycan Respublikası Rabitə Nazirliyinin
46 saylı "24" fevral 2000-ci il
tarixli İnternet rabitəsi
xidmətlərindən istifadə Qaydaları Provayderlər,
operatorlar və abonentlər arası münasibətləri tənzimləməməkdədir.
16. Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya
şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 12 aprel
2006-cı il tarixli, 09 saylı Qərarı
nömrə rəsurslarının ayrılması və istifadəsi məsələlərini əhatə etməkdədir.
17.
"Universal telekommunikasiya xidmətlərinin göstərilməsi
üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf
olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları"nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar
2006-cı il Tarixli, 18 sasylı Qərarı hökumətin bi sektora verdiyi maliyyə
vəsaitləri və onların geri qaytarılması məsələsini əhatə etməkdədir.
Azərbaycan Respublikasında internetin
telekommunikasiya vasitəsi olaraq tənzimlənməsinin hüquqi əsası və problemləri
9 avqust 2005-ci il tarixdə qəbul edilən
Telekommunikasiya haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində
telekommunikasıya anlayışı genış mənadə əks olunub və bu anlayışa internetin də
daxil olduğu şübhə yeri qoymur. Həmin Qanunun 3-cü maddəsində telekommunikasiya fəaliyyətinin əsas prinsipləri
və istiqamətləri göstərilmişdir. Bu prinsiplər aşağıdakılardan ibarətdir;
- operatorların, provayderlərin,
istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması;
- xüsusi təyinatlı telekommunikasiya şəbəkələri
və vasitələri ilə məlumatların qəbulunun və ötürülməsinin qanunvericilikdə nəzərdə
tutulan qaydada məxfiliyinin təmin edilməsi;
- şəbəkə əməliyyatlarının təhlükəsizliyinin
təmin edilməsi;
- tarif siyasətinin tənzimlənməsi;
- telekommunikasiya şəbəkəsinin
bütövlüyünün qorunması;
- telekommunikasiya şəbəkələrinin
qarşılıqlı fəaliyyətinin operativliyi;
- radiotezliklərin, nömrə resurslarının
və qısa kodların səmərəli istifadəsi;
- telekommunikasiya xidmətləri
bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin
edilməsi;
- qərarların qəbul edilməsində şəffaflıq
və aşkarlığın təmin edilməsi;
- telekommunikasiya sahəsində dövlət tənzimləmə
funksiyalarının təsərrüfat funksiyalarından ayrılması;
- telekommunikasiya sahəsində beynəlxalq
əməkdaşlıq.
Qanunvericilikdə xüsusilə
operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin
qorunmasının nəzərdə tutulması zəruridir. Lakin, praktikada bu prinsipə ciddi əməl
olunmadığını hər addımda görmək mümkündür. Çünki, dövlət pravayderi ilə xüsusi
pravayder hər nə qədər bərabər olmalıdır deyilsə də, reallıqda dövlət
resursları birbaşa bu pravayder və operatorlara təqdim edilməkdə, onlara bir
çox halda üstünlük tanınmaqdadır.
Abunəçılərlə digər tərəflərin arasında
mövcud olan münasibət də də bunu aydın şəkildə görmək imkanımız var. Xüsusilə tənzimləyici
qaydalarda bu prinsipin ciddiyə alınmadığını aydın şəkildə görmək mümkündür və
irəlidə bu məsələlərə daha geniş yer veriləcək.
Bu prinsiplərin özündə də ziddiyyətli məqamların
olduğu müşahidə edilməkdədir. Məsələn, tarif siyasətinin tənzimlənməsi prinsipi
ilə telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və
sağlam rəqabət mühitinin təmin edilməsi prinsipi bir-biri ilə uyğunlaşmır. Əgər
dövlət tarifləri tənzimləmək səlahiyyətini əlində tutursa, o zaman sağlam rəqabət
və azad bazar prinsipləri ilə bu ziddiyyət təşkil etməkdədir. Çünki, tarif siyasıtinin tənzimlənməsi anlayışına, tariflərin
dövlət qurumu tərəfindən müəyyən edilməsi daxil olur. Belə olan halda, sərbəst
bazardan, rəqabətə dayanıqlı inkişafdan danışmaq və bunun da prinsip kimi qəbul
etmək səmimi görünmür.
Telekommunikasiya haqqında Qanunun 4-cü
maddəsində telekommunikasiya fəaliyyətinin
obyektləri və subyektləri göstərilmişdir. Burada ən diqqətçəkici məqamlardan
biri, dövlətin tənzimləmə funksiyası olmaqla bərabər, bazar subyekti də
olmasıdır. Yəni Dövlət sadəcə tənzimləmə səlahiyyətindən istifadə etməməkdə,
eyni zamanda bazarın rəqabət aparan qurumlarından biri kimi çıxış etməkdədir.
Əlbəttə, bu bazarda həm oyunçu olmaq, həm də hakim olmaq anlamına gəlməkdədir və
bu zaman tərəflərin bərabərliyindən, onların hüquq və imkanlarının bərabər
olmasından danışmaq yersizdir. Çünki, Dövlət qurumlarının imkanları ilə özəl
qurumların imkanları bir deyildir. Təsadüfi deyil ki, bu gün Rabitə və
İnformasiya Nazirliyinin tabeçiliyində olan müəssisə, MMC və digər kommersiya
qurumlarının sayı əllidən çoxdur. Dövlət
həm xidmət verən tərəf kimi – operator kimi, praavayder kimi çıxış etməkdə, həm
də eyni zamanda nəzarət funksiyası həyata keçirməkdə, lisenziyalar, istifadə
hüquqları verməkdədir. Bütün telekommunikasiya infrastrukturu dövlət
qurumlarının nəzarətindədir və onlardan istifadə olduqca bahalıdır. Bu aspektdən
tərəflərin hüquq bərabərliyi tamamilə formal anlam daşımaqdadır və reallıqla
uyğun gəlmir. Qanunun 6-cı maddəsinə nəzər saldıqda bunu aydın şəkildə görürük:
Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi
dövlətin səlahiyyətindədir və aşağıdakı istiqamətlərdə həyata keçirilir:
1. nömrə resursundan istifadənin təşkili;
2. telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması;
3. telekommunikasiya sahəsində sertifikatlaşdırma;
4. telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə
tariflərin tətbiqi;
5. telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və
antiinhisar fəaliyyətin tənzimlənməsi;
6. radiotezliklərdən istifadənin təşkili;
7. operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi;
8. qanunvericiliklə müəyyən edilmiş digər tənzimləmə istiqamətləri.
Telekommunikasiya haqqında Qanunun
7.3-cü maddəsində qeyd edilir ki; “Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında
bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi
istifadəyə verilir.” Praktikada bu normanın gətirdiyi xeyli problemlərlə üzləşilir.
İnternet provayderləri yerli ATS-lərlə ciddi problemlər yaşayır, bu səbəbdən də
regionlarda demək olar ki, dövlət provayderlərindən başqa, özəl provayderlər
xidmət verməkdə maraqlı görünmürlər.
Telekommunikasiya haqqında Qanunun
7.9-cü maddəsində qeyd edilir ki; “Ölkənin qarşılıqlı əlaqədə olan vahid
telekommunikasiya şəbəkələrinin nömrə resurslarının, o cümlədən beynəlxalq
telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə
resurslarının ayrılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir. Həmin orqan təsdiq edilmiş nömrələmə sistemini və
planını, həmçinin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların
tövsiyələrini nəzərə alır.
Həmin Qanunun 7.10-cu maddəsinin tələbi
isə bu gün ciddi şəkildə mübahisələndirilən
məqamlardandır. İlk baxışdan aydın şəkildə anlaşılır ki, bu maddənin tələbinə
görə müvafiq icra hakimiyyəti orqanı təkbaşına ölkə kodlu domen adlarının
qeydiyyatı və istifadəsi qaydalarını müəyyən etməməli və aidiyyəti qurumların birgə iştirakı ilə
bu tənzimləməni həyata keçirməlidir. Lakin, Qanunda bu ifadənin olması praktikada yetərincə
məqsədəuyğun qəbul edilmir və bu istiqamətdə tənzimləmənin həyata keçirilməsi
zamanı “aidiyyəti qurumların birgə iştirakı” nəzərə alınmır. “Telekommunikasiya haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, № 277 saylı Fərmanı ilə
Müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən edilən Rabitə və Informasiya
Texnologiyaları Nazirliyi Qanunun bu müddəasındakı ilk şərti qəbul etsə də,
ikinci şərti “aidiyyəti qurumların birgə iştirakı”- şərtini qəbul
etmir və bu istiqamətdə mübahisələrin başlamasına şərait yaradır. Məsələnin
mahiyyəti bundan ibarətdir ki, müvafiq icra hakimiyyətinin yanında “aidiyyəti
qurumların” kimlər olduğuna dair yuxarıda adı keçən Fərmanda heç bir göstəriş
yoxdur. Qanunun qəbulu prosesindəki ictimai diskusiyalara və o dövrdə yaradılan
işçi qrupundakı müzakirələrə döndükdə, bu “aidiyyəti qurumların” mahiyyəti
müzakirəyə ehtiyac olmayacaq qədər açıqdır və bu icra qurumları ilə bərabər,
internet ictimaiyyətini təmsil edən mülki cəmiyyət institutları, provayderlərin
birlikləri və digər maraqlı tərəflər olmalıdır. Təəssüfki, bütün aidiyyati
qurumlar kənarda tutulmaqda, tənzimləmə sadəcə Rabitə və İnformasiya
Texnologilaları Nazirliyi tərəfindən, onun direktivləri əsasında aprımaqdadır.
Telekommunikasiya sahəsində sağlam rəqabət
mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi
Qanuna əsasən, telekommunikasiya sahəsində
fəaliyyət göstərən operatorlar, provayderlər, digər hüquqi və fiziki şəxslər,
habelə avadanlıqların istehsalçıları və təchizatçıları telekommunikasiya şəbəkələrinin
yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin göstərilməsində bərabərhüquqlu
subyektlər hesab edilirlər. Buna baxmayaraq, telekommunikasiya sahəsində demək
olar ki, ciddi inhisar mövcuddur. Ölkəyə gətirilən internet trafikinin önəmli
hissəsinə dövlətin yaratdığı yaxud iştirak etdiyi qurumlar nəzarət edir.
Ayrıca, istər Bakıda, istər regionlarda internet provayderlərinin əksəriyyəti
dövlət provayderləridir.
Qanunun 11.2-ci maddəsinənə əsasən, müvafiq
telekommunikasiya xidməti bazarında antiinhisar qanunvericiliyə əsasən hökmran
mövqe tutan operator, provayder fəaliyyətində aşağıdakı şərtlərə riayət etməlidir:
1. telekommunikasiya xidməti bazarına bərabərhüquqlu
daxilolmanı təmin etmək məqsədilə hökmran mövqe tutan operator eyni xidməti
göstərən digər operatorlar arabağlantı məqsədləri üçün şəbəkələrin qoşulması və
trafik mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur;
2. qanunvericilikdə nəzərdə tutulmuş
hallar istisna olunmaqla,
hökmran mövqe tutan operator, provayder
arabağlantı məqsədləri üçün öz şəbəkəsinə digər operatorun, provayderin müvafiq
müqavilə əsasında qoşulmasından imtina edə bilməz;
3. qanunvericilikdə nəzərdə tutulmuş
hallar istisna olunmaqla, hökmran mövqe tutan operator, provayder öz şəbəkəsi
vasitəsilə xətləri (kanalları) digər operatorlara, provayderlərə ümumi müqavilə
əsasında icarəyə verir;
4. müvafiq icra hakimiyyəti orqanı
hökmran mövqe tutan operatorun, provayderin uyğun fəaliyyəti üzrə xüsusi tələblər
müəyyən edir.
Ayrıca qeyd olunur ki, müvafiq icra
hakimiyyəti orqanları telekommunikasiya sahəsində haqsız rəqabətin və inhisarçı
fəaliyyətin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlər
görməli, haqsız rəqabətə, istifadəçilərin maraq və hüquqlarının pozulmasına,
yaxud qanuna zidd olan hər hansı digər əməllərə yol verən şəxslər
qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Burada yuxarıda
qeyd edildiyi kimi, tənzimləməni, nəzarəti həyata keçirən qurum əslində, özü
haqsız rəqabəti yaratmaqdadır. Belə olan halda, qanunun bu müddəasının icrası
faktiki olaraq mümkün görünmür.
İnternet rabitəsi xidmətlərindən
istifadə Qaydaları
İnternet rabitəsi xidmətlərindən
istifadə Qaydaları Telekommunikasiya haqqımda Qanunun qəbulundan 5 il öncə,
2000-ci ilin 24 fevral tarixində Azərbaycan Respublikası
Rabitə Nazirinin əmri ilə qəbul
edilmişdir. Bu əmr qəbul edilən zaman Nazirliyin adı sadəcə Rabitə Nazirliyi
idi və münasibətlər köhnə Rabitə haqqında Qanuna görə müəyyən edilməyə
çalışılmışdır. Bu Qaydaya əsasən, Azərbaycan Respublikasında İnternet Provayderləri əsasında tənzimlənir. İnternet
Provayderləri bu lisenziyanı əldə etmədən fəaliyyət göstərə bilməzlər. Bu
norma, Telekommunikasiya haqqında Qanunun 6-cı maddəsində bu sahə üzrə dövlət tənzimlənməsinin
mahiyyətini göstərən bənddə, telekommunikasiya
fəaliyyətinin lisenziyalaşdırılmasını da vurğulamışdır. Lakin bu çox ümumi bir
ifadə olduğu üçün daha ətraflı tənzimləmənin olması zəruri idi. Qanunun 8-ci
maddəsi mahiyyət etibarı ilə bu tənzimləmənin mahiyyətini, əsaslarını, çərçivəsini
göstərməli olduğu halda, bu maddə daha da ümumi ifadə seçərək, məsələni ümumi
olaraq qanunveriviciliyin üzərinə atmışdır. 8-ci maddədə Telekommunikasiya fəaliyyətinin
lisenziyalaşdırılması başlığı altında, “Telekommunikasiya fəaliyyəti sahəsində
lisenziyalaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir”-deməklə
yetinilmişdir. Çox maraqlıdır ki, bu Qanunun qəbulndan 5 il öncə Nazirin əmri
kimi təqdim olunan sənəddə lisenziyasız fəaliyyətin mümkünsüzlüyü daha aydın
ifadə edilmişdir.
Təqdim edilən Qaydalarda müəyyən məqamlar
hüquqi baxımdan problematik görünür. Qaydanın 4.2-ci bəndində İnternet Provayderləri, müəyyən
hallarda İnternet xidmətinin göstərilməsini abonentin razılığını almadan
dayandıra biləcəyi qeyd edilir:
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara və Telekommunikasiya haqqında qanuna zidd hərəkətlərə yol verildikdə;
- hərbi və ya fövqəladə
vəziyyət elan edildikdə;
- təbii fəlakət və
qəza baş verdikdə;
- lisenziyası olmadan 3-cü şəxsə xidmət göstərildikdə;
- sertifikatı olmayan və nasaz sistemlər şəbəkəyə qoşulduqda;
Bu hallardan bəziləri obyektiv hüquqi səbəblər kimi görünsə də, bəzi
məqamlar müqavilə tərəflərinin hüquq bərabərliyi baxımından mübahisəli görünür.
Müqavilə tərəflərindən biri olan provayder, digər müqavilə tərəfi olan istifadəçinin
Qanuna zidd fəaliyyətini təkbaşına müəyyən edib, oz öhdəliyini buna görə
dayandırması doğru qəbul edilə bilməz. Tərəflərdən hər hansı biri qarşı tərəfin
hüquqa zidd davrandığını iddia edə bilər. Buna qərar verəcək tərəf isə bu tərəflərin
heç biri yox, müstəqil məhkəmə olmalıdır. Bu baxımdan təktərəfli provayderə bu
hüququn verilməsi həm Telekommunikasiya haqqında Qanuna, həm də Konstitusiyanın
25-ci maddəsinin tələblərinə-bərabərlik hüququna ziddir.
Burada internetin verilməsinin dayandırılmasına əsas kimi göstərilən
hallardan biri də, - lisenziyası olmadan 3-cü şəxsə xidmət göstərilməsi
halıdır. Bu müddənın mahiyyəti aydın deyıl. Çünki, porvayder abunəçiyə xidmət
göstərirsə, lisenziyanı abunəçı nədən almalıdır? Abunəçi internetdən istifadə
edir. Bu baxımdan 3-cü şəxslərə lisenziyasız xidmət göstərilməsinə görə
internetin təktərəfli dayandırılmasının məntiqi aydın deyil. Bu müddənın mahiyyətindən
belə anlaşılır ki, korperativ müştərilər olan abonentlər, məsələn internet kafelərdə
3-cü şəxslərə xidmət göstərən abonentlər bu fəaliyyət üçün lisenziya
almalıdır.! Əslində, bu müddəa anlaşılmaz olaraq qalmaqdadır. Burada, həqiqətən
də, belə bir mahiyyət varsa, bu tamamilə mənasız və yetsiz bir tənzimləmədir.
Qaydalarda diqqət çəkən məqamlardan biri isə, 4.5-ci bənddə, Provayderin
üzərinə vəzifə olaraq;
İnternet Provayderləri, respublika internet şəbəkəsinə qlobal
internet şəbəkəsindən giriş trafikini
artırmaq üçün respublikanın həyatını, onun siyasətini, iqtisadiyyatının ayrı-ayrı
sahələrini, rabitəni və s. əks etdirən Web səhifələrinin yaradılması və onların
serverlərdə yerləşdirilməsini təşkil etmək- öhdəliyinin qoyulmasıdır. Belə bir
öhdəyiyin provayderin üzərinə qoyulmasının hüquqi məntiqi anlaşılmır. Ölkənin
“həyatını, onun siyasətini, iqtisadiyyatının ayrı-ayrı sahələrini, rabitəni və
s. əks etdirən Web səhifələrinin yaradılması” nədən provayderin vəzifəsi kimi
müəyyən edildiyi qeyri-müəyyəndir. Ayrıca, bunu təqib edən növbəti bənddə, respublikadaxili
İnternet mübadiləsini təmin etmək üçün İnternet Provayderləri, Milli İnternet Şəbəkəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq direktiv və
normativ sənədləri əsasında qoşulmalı olduğu vurğulanıb. Burada pərdə arxası məqsədin
nə olduğu da anlaşılmamaqdadır.
Qaydalarda bir digər ziddiyətli məqam da, abunəçinin üzərinə qoyulan
vəzifədir. Burada qeyd edilir ki, abunəçi qazanc məqsədi ilə 3-cü şəxsə
internet xidməti göstərməməlidir. Bu şərtin qoyulması, interneti kommersiya məqsədli
istifadə edən qurumların internetsiz qalmasına gətirib çıxara bilər.
Abunəçilər üzərinə qoyulan bir digər vəzifə də İnternetə və Web səhifələrinə
fiziki və hüquqi şəxsi təhqiredici məlumatların və dövlət əhəmiyyətli sirlərin
verilməməsi öhdəliyidir. Təhqiredici məlumatların verilməməsi kimi bir şərt
ümumi olaraq, anlaşılan olsa da, bunun provayderə məzmuna nəzarət imkanının
verilməsi kimi başa düşülür ki, bu da sadəcə texniki funksiya həyata keçirən tərəfin,
bir anda senzora çevrilməsi və internet azadlığına zərər verməsinə gətirib
çıxara bilər. Bu müddəanın ikinci tərəfi isə ümumiyyətlə anlaşılan deyil. Abunəçıdə
dövlət sirrinin olması və bu sirrə məhdudiyyət gətirilməsi bu tərəflər
arasındakı münasibətlərin mövzusu olmamalıdır. Bu daha çox, qanuni tələb kimi
qarşıya çıxmalı idi.
Qaydalarda tərəflər arasında nəzərdə tutulan müqaviləni dayandırmağa
dair tələb də hüquqi baxımdan tərəflərdən provayderin lehinə doğru müəyyən
edilmişdir. Qaydaya əsasən, abonentlərə xidmət tariflərinin dəyişməsi ilə əlaqədar
5 gün əvvəl İnternet Provayderləri tərəfindən yazılı şəkildə və ya email-lə xəbərdarlıq edilir. Əgər, Abonent dəyişiklikləri qəbul etməzsə,
Provayder-Abonent arasında imzalanmış müqavilənin pozulması haqqında yazılı şəkildə,
( faksla və e-mail-lə) Provayderə bildirməli və bu barədə Provayderin təsdiq
cavabını almalıdır. Burada provayder təsdiq cavabını göndərmədiyi təqdirdə,
müqavilə davam edəcək və bu halda abonent istəmədiyi halda yeni qaydalarda ödəniş
həyata keçirməli olacaqdır. Abunəçi tərəfin
müqaviləni təktərəfli dayandırması bu amilə görə mümkün görünmür. Halbuki, bu
qaydalarda Provayderə bu istiqamətdə daha geniş manevr imkanı tanınıb.
Qaydanın 6-cı bəndinin (ö) yarımbəndində qeyd edilir ki, “Əgər,
müqavilə Provayderin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ucbatında
ləğv edilərsə, bu zaman Provayder-Abonentə göstərəcəyi xidmətlərə görə əvvəlcədən
ödənilmiş məbləği tam olaraq geri qaytarır”. Lakin burada Provayderin üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməməsi ucbatından Abonentə dəyən zərərin
Provayder tərəfindən ödənilməsinə dair hər hansı bir şərt yoxdur.
AZ domeynindən istifadə
Telekommunikasiya
haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 10-cu bəndinə əsasən, “Ölkə kodlu domen adlarının
qeydiyyatı, istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir”.
Burada AZ domeninin qeydiyyatının və istifadə qaydalarının təkbaşına Nazirlik tərəfindən
aparılmayacağı göstərilib. Buna baxmayaraq, İnternet rabitəsi xidmətlərindən istifadə
Qaydalarının 8.1-ci maddəsində bu normaya uyğun gəlməyən, sadəcə Rabitə və
İnformasiya Nazirliyinin səlahiyyətli olduğunu göstərən müddəa əsas tənzimləyici
norma kimi təqdim edilir. Qaydalarda göstərilir ki, Azərbaycan Respublikasının
coğrafi məkanı və rəsmi Dövlət adına uyğun olaraq AZ domeynindən istifadə və bu
domeynin administratorluğu, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin müəyyən etdiyi və Beynəlxalq İnternet
Təşkilatlarının texniki tələblərinə uyğun fəaliyyət göstərən hüquqi şəxsə
verilir. Daha sonrakı cümlə, bu müddəani tamamilə heçə sayan bir mahiyyətdədir.
Son cümlədə bildirilir ki, Rabitə Nazirliyinin razılığı olmadan hər hansı bir şəkildə
AZ domeynindən istifadə etməyə icazə verilmir. Bununla da, Telekommunikasiya
haqqında Qanunda nəzərdə tutulan aidiyyəti qurumlar anlayışı tamamilə kənarda
saxlanılır və üstəlik, domenin administratorluğu sadəcə Nazirliyin müəyyən etdiyi şərtlərdə və müəyyən
etdiyi hüquqi şəxsə verilir. Ayrıca,
administrator olan bu hüquqi şəxsin sərbəst olaraq müəyyən edilmiş
qaydalarda fəaliyyətinə də kölgə salınır və bütünlüklə Nazirliyin icazəsinin əsas
olduğunu, onun razılığının bütün şərtlərdən və qaydalardan daha keçərli
olduğunu göstərir. İnternet rabitəsi xidmətlərindən istifadə
Qaydalarının 8.1-ci maddəsi bu baxımdan Telekommunikasiya Qanunu ilə ziddiyyət
təşkil edir və onun müddəasının tələblərinə ziddir.
İnternet xidmətləri
üçün Nümunəvi MÜQAVİLƏ
İnternet rabitəsi xidmətlərindən istifadə
Qaydalarına 1 Saylı Əlavədə İnternet xidmətləri Müqaviləsinin nümunəvi forması
verilmişdir. Bu formada, Qaydaların özündə olduğundan daha ciddi problemlər
diqqət çəkir.
Müqavilənin 1-ci maddəsində nəzərdə tutulan Müqavilə Məqsədlərini tənzimləyən
hissəsində bildirilir ki, Provayderin razılığı olmadan əlavə
müqavilə əsasında Abonentin üçüncü tərəfə İnternet rabitəsi təşkil etməyə
hüququ yoxdur və buna görə məsuliyyət daşıyır. Burada məqsəd aydın deyil.
Ümimiyyətlə, maddənin ifadə tərzində problem var. “...Üçüncü tərəfə İnternet
rabitəsi təşkil etməyə hüququ yoxdur”- deməklə qorunan hüquqi mənafe qeyri-müəyyəndir.
İstənilən şəxs aldığı internetin haqqını ödədikdən sonra, istər özü, istər
özünün müəyyən etdiyi 3-cü tərəflər bu internetdən istifadə etsin, Provayderə zərər
vurmuş olmayacaq. Belə olan halda, bir məhdudiyyətin qoyulması hüquqi baxımdan
doğru deyil.
İstənilən müqavilədə tərəflərin hüquq bərəbərliyi önəmlidir. Müqavilədə
hər iki tərəfin hüquqları və vəzifələri, yaxud öhdəlikləri, habelə məsuliyyətləri
öz əksini tapmalıdır. İnternet rabitəsi
xidmətlərindən istifadə Qaydalarına 1 Saylı Əlavədə İnternet xidmətləri Müqaviləsinin
nümunəvi formasının 5-ci maddəsində Tərəflərin
məsuliyyəti göstərilib. Burada göstərilir ki, Abonent şəxsən özü və ya onun şəbəkə
rekvizitlərindən istifadə edən tərəfdən 3-cü şəxsə ( fiziki və hüquqi
şəxslərə) internet xidmətlərindən istifadə qaydaları üzrə qəsdən vurduğu
maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır.
Daha sonra bildirilir ki;
Provayder, Abonenti müvəqqəti olaraq aşağıdakı hallarda İnternet xidmətlərinin göstərilməsindən məhrum
edə bilər:
a) Abonent tərəfindən digər abonentlərin (hüquqi və fiziki şəxslərin) və Provayder işçi personalının nüfuzuna zərər
gətirən məlumatın şəbəkəyə ötürülməsi halında;
b) Abonent, Telekommunikasiya
haqqında qanuna və digər qanunvericilik aktlarına zidd hərəkətlərə yol verdikdə;
v) Provayder və onun abonentlərini kompüterlərinin
proqram hissəsinə icazəsiz
qoşulması və onu ziyana məruz qoyması durumunda;
Burada diqqət çəkən məqam
ondan ibarətdir ki, 5-ci maddənin adı tərəflərin məsuliyyəti olduğu halda, maddənin
içində sadəcə tərəflərdən birinin, abonentin məsuliyyəti ətraflı müəyyən
edilmiş, əsas xidməti təqdim edən tərəf olan Provayderin məsuliyyətindən bir kəlmə
olsun bəhs edilməmişdir. Bu yanaşma, istər Konstitusiyanın bərabərlik hüququ
baxımından, istərsə də mülki hüquqda müqavilə tərəflərinin bərabərliyi
baxımından hüquqa ziddir. İstənilən Müqavilə tərfələrinin öhdəliklərinə görə məsuliyyətləri
göstərilməlidir. Ola bilməz ki, tərəfləridən birinin sadəcə hüququ, digər tərəfin
isə sadəcə məsuliyyəti olsun. Bu birmənalı olaraq abonentin əleyhinə tərtib
edilmiş Müqavilə görüntüsü yaradır.
Şəbəkə təhlükəsizliyi
Telekommunikasiya haqqında Azərbaycan Respublikası Qanununun 39-cu
maddəsində şəbəkə təhlükəsizliyini əhatə edən məsələyə toxunulmuşdur. Maddəyə əsasən,
Operatorların,
provayderlərin əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən orqanlarla
qarşılıqlı əlaqəsini zəruri edir. Burada göstərilir ki, operatorlar, provayderlər qanunla müəyyən edilmiş
qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi
üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll
etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli
saxlamağa borcludur. Bu maddənin mübahisəli tərəfi ondan ibarətdir ki, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat
tədbirlərinin keçirilməsi adı altında, məhkəmə qərarı tələb olunmadan “müvafiq
icra hakimiyyəti orqanına” telekommunikasiya şəbəkələrinə əlavə texniki vasitələr qoşdurma imkanı verilməkdədir. Bu, şəbəkədə
fərdi məlumatların və özəl həyat sirlərinin məhkəmə qərarı olmadan qurumlar tərəfindən
əldə edilməsinə, hüquqi səbəb tələb edilmədən, və məhkəmə nəzarəti olmadan şəxslərin
telefon danışıqlarına, internet yazışmalarına qanunsuz və əsassız müdaxilə
imkanlarının yolunu açmaqdadır. Hər
hansı konkret faktın araşdırılması, ya da konkret şübhəli şəxsin təqib edilməsi
halları olmadan, birbaşa şəbəkəyə xüsusi xidmət orqanlarının istəyinə uyğun
qurğunun yerləşdirilməsi, bununla da, məhkəmə qərarının olmasına gərək qalmadan
istənilən şəxsin rabitəsinə müdaxilə imkanının Qanunda yaradılması əsas insan
hüquq və azadlıqlarına hüquq prinsiplərinə zidd müdaxilə imkanı verməkdədir.
Eyni zamanda, bu halın Qanunda nəzərdə tutlması, Azərbaycan Respublikası
Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulan Şəxsi həyatın toxunulmazlığı
prinsipi ilə ziddiyyət təşkil etməkdədir. Ayrıca, icra orqanlarının istəyinə
uyğun olaraq belə bir müdaxiləyə imkan verilməsi, heç bir məhkəmə və digər nəzarət
imkanının verilməməsi, icra qurumlarına hansı məqsədlə olursa – olsun, geniş və
sərhədsiz səlahiyyət verməkdə, bu səlahiyyətlərin istifadəsi zamanı sui-istifadə
hallarının qaşısının alınmasına yönələn heç bir hüquqi imkan tanımamaqdadır.
Qanunun 39-cu maddəsinin 2-ci bəndində, məhkəmə
qərarına ehtiyac olmadan, şəbəkəyə icra qurumunun istədiyi qurğunu yerləşdirməməyə
görə, operator və ya provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı
bildirilir. Bununla da, operator və ya provayderin heç bir manevr imkanı
qalmır. Üstəlik, onlar, “bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları
gizli saxlamağa borcludur”- deyilərək, hətta, qanunsuz dinləmələrin və ya təqiblərin
ictimailəşməsinə imkan verəcək sızmaları da qorxudaraq, önləmiş olurlar.
Məlumdur
ki, bütün inkişaf etmiş ölkələrdə qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış,
kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün xüsusi xidmət
orqanları və strukturları müasir kommunikasiya vasitələrinin sürətli
inkişafından, yerətincə bəhrələnməkdə, bu ümumi istifadə olunan şəbəkələrə
xüsusi texniki qurğular yerləşdirərək, cinayət əməllərinin qarşısını almağa yönələn
səylər etməkdədirlər. Lakin, bu zaman izlənən yol, yenə qanunların imkan
verdiyi ölçüdə, və hüquqa uyğun olaraq həyata keçirilməlidir. Yəni, çox bariz
cinayət ehtimalı varsa, əməliyyat məlumatları bu şəbəkə üzərində hansısa şübhəli
şəxsin rabitəsini nəzarətə götürülməsini zəruri edirsə, məhkəmədən həmin hadisəni
aydınlatmağa kömək edəcək, həmin şübhəli şəxsin davranışlarını nəzarət altına
alacaq, müddətli tədbirlərin görülməsi tələb edilə bilər. Lakin, bu zaman məhkəmə
sadəcə iddiaları yetərli görməz, həqiqətən ciddi şübhələr bu tədbiri görməyə əsas
verirsə və qanunla qorunan hüquqi mənafe ilə, müdaxil edilməli olan hüquqi mənafe
arasında balans müdaxiləni zəruri edən mənafenin lehinədirsə, bu halda ancaq
müddətli texniki təqibə qərar verməlidir. Müddət bitdikdən sonra isə bu
“texniki təqib” aradan qalxmalıdır. Belə texniki təqib ancaq konkret hadisəyə və
şəxsə, yaxud şəxs qrupuna tətbiq edilə bilər.
Bizim
qanunvericilikdə isə, bütün bu prosedur qaydalara gərək qalmadan, birbaşa bu səlahiyyət
“əbədiyyən” müvafiq qurumlara verilmişdir. Bu formada bir tənzimləmənin nəzərdə
tutulması, istər-istəməz bu səlahiyyətlərdən sui-istifadəni gündəmə gətirməkdədir.
Müvafiq icra hakimiyyətində bu səlahiyyətləri əlində tutan şəxs və ya şəxslər məhkəmə
nəzarəti olmadan, tamamilə öz insiyativlərində olan bu qurğulardan sadəcə cinayətlərin
qarşısını almaq üçün yox, eyni zamanda siyasi düşüncəsini qəbul etmədiyi siyasi
rəqiblərini sıradan çıxarmaq üçün, yaxud, qeyri-rəsmi məşğul olduqları biznes
maraqlarını qorumaq məqsədi ilə rəqiblərini sıradan çıxarmaq üçün də bu
imkanlardan istifadə edə bilərlər. 2005-ci ildə hüquq mühafizə orqanlarının
“Qara kəmər əməliyyatı” ilə aşkara çıxardıqları rəsmi şəxslərdən ibarət cinayətkar
şəbəkənin də məhz bu nəzarətsiz “hüquqi imkanlardan” gen-bol istifadə etdikləri,
bununla da çoxsaylı insanları təqib edərək, onları öldürdükləri və ya onlara
müxtəlif formada zərər verdikləri ortaya çıxmışdır.
Bir məqama da diqqət yetirmək lazımdır.
Qanunun 39-cu maddəsində olan müddəadan başqa, 15-ci maddədə Hərbi və fövqəladə vəziyyət şəraitində
telekommunikasiya şəbəkələrinin idarə olunması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Hərbi və fövqəladə vəziyyətin elan
olunmasına səbəb olmuş hadisələrin və onların nəticələrinin aradan qaldırılması
məqsədilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq
telekommunikasiya sahəsində müvəqqəti idarəetmə orqanları yaradıla bilər. Bu
müddəalar onu göstərir ki, 39-cu maddənin tələbi, fövqəladə hallarda onsuz da
bütün səlahiyyətlər icra qurumlarına verilmişdir. Belə olan halda, adi hallarda
müdaxilələr yalnız məhkəmə nəzarəti ilə, məhkəmə qərarları ilə mümkün
olmalıdır. Lakin, 39-cu maddənin müddəası internetin azadlığını ciddi şəkildə təhdid
edən xarakterdədir.
Yekun
Araşdırmadan aydın olur ki, Azərbaycanda
İnternet azadlığına maneə yaradan yuxarıda qeyd edilən hüquqi maneələr daha
liberal tənzimləmələrlə əvəz olunmalıdır. İnternetə müvafiq icra hakimiyyəti
orqanlarının müdaxilə imkanları minimuma endirilməlidir. Dövlət qurumları sadəcə
qanuni nəzarət funksiyasını saxlamalı, xidmət sektorundan kənarda olmamalıdır.
Özəl qurumların inkişafına şərait yaradılmalı, Nazirliyə tabe olan bütün
qurumlar şəffaf qaydada özəlləşdirilməlidir. İnternetin bütün ölkədə çatımlı
olması üçün bütün yaşayış massivlərinə, qəsəbələrə, kəndlərə sürətli internetin
verilməsini təmin edən optik kabel infrastrukturları çəkilməlidir. Bu günə qədər
dövlət vəsaitləri hesabına çəkilmiş kommunikasıya infrastrukturlarından
provayderlərin maneəsiz və ucuz istifadəsinin yolu açılmalıdır.
İnternetin tənzimlənməsi İnternet
ictimaiyyətinin geniş iştirakı ilə müəyyən olunan qurum tərəfindən, internet
ictimaiyyətinin - provayderlərin, istifadəçilərin ortaq mənafelərin qorunmasını
təmin edən qaydalar çərçivəsində həyata keçirilməlidir.
İnternet provayderləri ilə abonentlər
arasında hüquqi münasibətləri tənzimləyən müqavilələrdə tərəflərin hüquq bərabərliyi
təmin edilməli, xidmətin keyfiyyəti
artırılmalı, buna görə məsuliyyət müəyyən edilməlidir.
İnsanların istifadə etdiyi internetə
qanunsuz müdaxilələr olmamalı, məhkəmə qərarı olmadan heç kimin İnternetdə xəbərləşmə
gizliliyi pozulmamalıdır. Məhkəmə qərarı olmadan birbaşa icra orqanlarının öz təşbbüsləri
ilə internetin xəbərləşmə gizliliyini poza biləcək vasitələrin provayder və ya
operatorlara təzyiq edilərək şəbəkəyə quraşdırılması, inteqrasiyası önlənməlidir.
Xüsusilə AZ domen adlarının qeydiyyatı
və istifadə qaydalarının formalaşmasında geniş İnternet ictimaiyyətinin
iştirakı təmin edilməli, qaydaların şəffaf və hüquqa uyğun formalaşmasına və tətbiq
edilməsinə ictimai nəzarət imkanları artırılmalıdır.
Hiç yorum yok:
Yorum Gönder