lisenziya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
lisenziya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

29 Ağustos 2015 Cumartesi

Nazirlik mobil rabitə şirkətlərinin gəlirlərinin azalmasından narahat olub

Nazirlik mobil rabitə şirkətlərinin gəlirlərinin azalmasından narahat olub
Ələsgər Məmmədli: «Nə mobil operatorlardan, nə də internet provayderlərindən sosial şəbəkələri açmaq mümkün olmayacaq»
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdıracaq. Bu barədə jurnalistlərə açıqlama verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb: "Məlumdur ki, bu gün Azərbaycanda sosial şəbəkələr və internet messencerlərdən aktiv şəkildə istifadə olunur. Bundan başqa onlardan bir neçəsi internet şəbəkəsi üzərindən xidmət göstərir. Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər Azərbaycan qanunlarına əsasən fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdır. Bu sertifikat nazirlik tərəfindən verilir".

Ə.Abbasov qeyd edib ki, hazırda nazirlik "Viber", "WhatsApp", "Skype" şirkətləri və sosial şəbəkələrlə danışıqlara başlayıb: "Bu təcrübə yalnız Azərbaycanda deyil, bir sıra Avropa ölkələrində də tətbiq edilir. Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır. Sözsüz, bu bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, Nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır".

Nazir bildirib ki, "Viber", "WhatsApp", "Skype" şirkətləri və sosial şəbəkələrlə aparılan danışıqlar müsbət nəticə verib: "Onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq".

"Sertifikatlaşdırma" nədir və nəyə xidmət edir?

Hüquqşünas, media eksperti Ələsgər Məmmədli "Bizim Yol"a şərhində bildirdi ki, sertifikatlaşdırma mahiyyət etibarilə lisenziyalaşdırmadır.  "Bu, kommunikasiya vasitələrinin lisenziyalaşdırılmasıdır. Yəni icazə sistemidir və nəticəsi də odur ki, icazə verilməzsə, burada fəaliyyət göstərə bilməzlər". 

Bəs sosial şəbəkələrin fəaliyyətinə hansısa formada qadağa qoyma mexanizmi mümkündür? Bu suala cavab olaraq hüquqşünas bildirdi ki,  əgər söhbət internetin bağlanmasından gedirsə, hökumət Şimali Koreya kimi bunu edə bilər. "Əgər interneti bağlamaq, yaxud filtrləmək istəmirsə, o zaman buna getməz. Bütün hallarda, hökumət lisenziyalaşmamış sosial şəbəkələrin Azərbaycanda fəaliyyətinə maneə yaratmaq istəsə, o zaman provayderlər vasitəsilə onlara girişi məhdudlaşdıracaq. Bu məhdudlaşdırma olarsa, nə mobil operatorlardan, nə də internet provayderlərindən sosial şəbəkələri açmaq mümkün olmayacaq. Əlbəttə, bunun da istisnaları var. Əgər siz hansısa "Tor Browser" kimi brauzerdən istifadə etsəniz, sizin İP ünvanınız dəyişdiyi üçün Azərbaycan görünməyəcək və siz yenə də həmin sosial şəbəkədən istifadə edə bilərsiniz. Amma bu zaman daha sürətli internet lazımdır və s. problemlərlə qarşılaşmaq mümkündür" - deyə hüquqşünas bildirdi.

Siyasi, yoxsa iqtisadi məqsəd?

Ələsgər Məmmədli bildirdi ki, internetdə lisenziyalaşdırmaların həm siyasi, həm də iqtisadi amilləri var. Ekspert bu gün təklif olunan sertifikatlaşdırmanın əsasən iqtisadi amillərlə bağlı olduğunu güman edir.   

"Siyasi maraqlar odur ki, Azərbaycanda televiziyalardan, radiolardan və çap mətbuatından fərqli olaraq, plüralist düşüncə mərkəzi sosial şəbəkələrdir. Yəni burada həm hökumət, vəzifəli  şəxslər tənqid oluna bilir, həm televiziyaların göstərmədiyi sosial problemləri həm video, həm yazılı şəkildə görə bilirik. Bu baxımdan sosial şəbəkələrdəki plüralizm real şəkildə bir demokratik mühit yaradır. Bu, əlbəttə müəyyən siyasi dairələri narahat edə bilər. Lakin iqtisadi səbəblər də var. Bu gün lisenziyalaşdırma üşünsöhbət "Viber", "WhatsApp", "Skype"dan gedirsə, bu messencerlər üzərində siyasi müzakirələr çox olmur. Məncə, əsas narahatçılıq iqtisadi qayğıdır"

Mobil telefonla xaricə bir dəqiqə zəngin qiymətinə "Skype"da 1 ay danışmaq olur

Ələsgər Məmmədli vurğulayr ki, Azərbaycanda üç mobil operator var və kiminsə qəbul edib-etməməsindən asılı olmayaraq, bu şirkətlər monopolistdirlər. "Yəni onlar bazar şərtlərində işləmir, qiymət müəyyən edir və məcburən vətəndaşlara öz qiymətlərini sırıyırlar. Məsələn, "Azercell"də bu gün rouminq qiyməti normalda bir dəqiqə üçün 1 manat 28 qəpikdir. Yəni Moskvaya, yaxud İstanbula zəng etmək istəsəniz, hər dəqiqə üçün 1.28 manat ödəməlisiniz. Amma əgər siz bu zəngi "Skype" vasitəsilə etsəniz və "Skype"ın aylıq abunəsinə qoşularaq 1 dollar 79 qəpik ödəyirsinizsə, 1 ay ərzində Moskva ilə bir ay danışa bilərsiniz. Yəni mobil operatorlardan 1 dəqiqə üçün ödədiyiniz məbləğə 1 ay danışa bilirsiniz. Bu da rəqabət mühiti yaratdığı üçün mobil operatorlardan istifadə aşağı düşüb. Böyük ehtimalla, nə qədər beynəlxalq zənglərə olan qiymətlərdə endirim olsa da,  "Aztelekom"dan zənglərdə  azalma meydana çıxıb.  Ayrıca bu kimi messencerlər görüntülü xidmət təklif edir. Üzbəüz danışmaq, videomesaj göndərmək olur və s. Bunların hamısı da pulsuzdur. Belə olan halda, əlbəttə ki, vətəndaş pulsuzu qoyub, pullu xidmətdən istifadə etmir. Bu da istər "Aztelekom"un, istərsə də digər mobil operatorların xüsusən beynəlxalq danışıqlarına ciddi təsir edir. Düşünrəm ki, onların gəlirləri azaldığı üçün, RYTN bir növ messencerlərə məhdudiyyəti gətirmək, yaxud müəyyən prosedurlara cəlb etmək məqsədilə lisenziyalaşdırmanı gündəmə gətirir".

"Com"un Azərbaycanda sertifikatlaşdırılmasının özü qeyri-müəyyən hüquqi normadır"

Ekspert qeyd edir ki, sosial mesencerlərin lisenziyalaşdırılmasının hansı formada olacağını demək çətindir. "Bununla bağlı konkret meyar da yoxdur. Çünki qanun Azərbaycanda fəaliyyət göstərənləri sertifikatlaşdırır və "com" üzərində fəaliyyət göstərənlərin Azərbaycanda sertifikatlaşdırılmasının özü qeyri-müəyyən hüquqi normadır. Yəni hüquqda elə bir müddəa yoxdur. Hökumət "az" domenində olanları sertifikatlaşdıra bilər, "com" domeni isə onsuz da öz ölkəsində lisenziyalaşıb və sertifikat alaraq fəaliyyət göstərir" - deyə Ə.Məmmədli bildirdi. Ekspert hesab edir ki, vətəndaşlar internet messencerləri üzərindən sərfəli danışsalar da, bu, tam pulsuz da deyil və buna görə bu və ya digər şəkildə - istər internet provayderləri, istərsə də mobil operatorlara internet haqqı ödəyir. 
"Biz "Viber", "WhatsApp", "Skype" kimi messencerlərdən istifadə edərkən buna görə internet pulu ödəyirik. Yəni mobil operatordan paket alırıq və buna görə də çox yüksək miqdarda pul ödəyirik. "Skype" bizə kompüterdə görüntülü danışığı pulsuz verə bilər. Amma bu, internetə qoşulduqdan sonra mümkündür. Biz bu qoşulma üçün "Aztelekom" üzərindəndirsə, provayderə, "Delta"ya, yaxud  mobil operatorlardan internet alırıqsa, onlara haqq ödəyirik. Yəni biz əslində pulsuz heç bir xidmətdən istifadə etmirik ki, bu kiməsə qayğı yaratsın".

Mobil oreratorlar tərəfindən "WhatsApp"a qoyulan məhdudiyyət qanunsuzdur

"Bəs sertifikatlaşdırmadan sonra messencerlər vasitəsilə danışıqda hansı dəyişikliklər ola bilər" - sualına cavab olaraq ekspert bildirdi ki, böyük ehtimalla məhdudiyyətlər tətbiq edilə bilər. "Məsələn, son vaxtlar "WhatsApp" üzərindən edilən zənglərə mobil olperatorlar tərəfindən məhdudiyyət qoyulub və zəng etmək mümkün deyil. Bu qanunsuz bir qadağadır və lisenziyalaşdırma ilə buna qanuni don geyindirmək istəyirlər. Yəni faktiki olaraq, həmin messencerlərin istifadəsinə mane yaradacaqlar və biz də guya məcbur olub bu operatorların təklif etdiyi rouminq və ya beynəlxalq zəng tarifləri ilə danışmalı olacağıq. Yəni internet üzərindən xəbərləşməmiz önlənmiş olacaq" - deyə hüquqşünas Ə.Məmmədli bildirdi.  

Bəxtiyar Hacıyev: "RYTN-in açıqlamasını doğru hesab edirəm"

Harvard universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev isə"Bizim Yol"a açıqlamasında RYTN-in açıqlamasının sosial şəbəkələrə qoyulan məhdudiyyət kimi qəbul edilməsinin yanlış olduğunu bildirdi. 

"Bu məsələni bir çox dostumuz sosial şəbəkələrə qadağa, məhdudiyyət kimi anlayırlar və ya təqdim etməyə çalışırlar. Ancaq, RYTN-nin bu məsələdəki açıqlaması doğru yanaşmadır. Məsələ burasındadır ki, "Facebook", "Twitter" və "Skype" ABŞ şirkətləridir. Bu şirkətlər dünyanın bütün ölkələrindən milyardlarla insanın şəxsi məlumatlarına, yazışmalarına malikdirlər. ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş işçisi E.Snoudenin mətbuata sızdırdığı məlumatda qeyd edilirdi ki, MKA (CIA) zaman-zaman ayrı-ayrı insanlarla bağlı məlumatları, yazışmaları bu şirkətlərdən əldə edib. Bundan sonra bir çox ölkədə, xüsusilə də Avropa İttifaqında ayrı-ayrı vətəndaşlar, qruplar öz məlumatlarının təhlükəsizliyi, kimlərlə paylaşılıb-paylaşılmaması ilə bağlı məsələ qaldırdılar. Avropa Komissiyası da artıq bu istiqamətdə işlərə başlayıb və Avropa İttifaqı üçün vahid "Məlumatların Mühafizəsi Qanunu" (Data Protection Law) qəbul etməyə və bu məsələni tənzimləməyə çalışır" - deyə B.Hacıyev bildirdi.

"Microsoft Azerbaijan"ın mütəxəssisi: "Skype"ın işini yalnız tam bloka almaqla dayandırmaq olar"

Qeyd edək ki, nazir Əli Abbasov bir müddət öncə də "Skype", "WhatsApp" və "Viber" kimi servislərin lisenziyalaşdırılacağı ilə bağlı açıqlama ilə çıxış etmişdi. "Microsoft Azerbaijan" şirkətinin strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda "Skype" internet-telefoniyasının işini yalnız bir halda - onu tam bloka almaqla dayandırmaq olar.

Onun sözlərinə görə, "Skype"ı bloka almaq texniki baxımdan zəhmətli işə çevrilə bilər, belə ki, bu servis internet-brauzerlərdə istifadə edilən adi internet-portlar (80 və 442) üzrə işləyir: "Bununla da bu portların bloka alınması faktiki olaraq bütün AzNET seqmentinin iş qabiliyyətinə mənfi təsir edə bilər. "Skype"ın lisenziyalaşdırılmasına gəlincə, bildiyim qədərilə dünyanın heç bir yerində belə təcrübə tətbiq edilməyib".

Mütəxəssisin fikrincə, hazırda bir çox şirkətlər rabitə xidmətlərini son istifadəçilərə daha əlçatan etməyə çalışır ki, onların xərclərini minimuma endirsin: "Skype", "WhatsApp", "Viber" və digər servislərin rabitə xidmətlərinə çəkilən xərcləri dəfələrlə azaltmağa imkan verməsi bunun bariz nümunəsidir. Mobil rabitə xidmətləri tarifləri ilə müqayisədə bu servislər vasitəsilə ünsiyyət dəfələrlə ucuz başa gəlir. Onların lisenziyalaşdırılmasından danışsaq, bu, olduqca çətin, zəhmətli və demək olar, mümkünsüz iş olacaq. Bunun üçün yalnız onlara girişi bloklamaq lazımdır".

RYTN-in açıqlamasında isə qeyd edilir ki, bu məsələ hazırda aktualdır, buna görə də onun həlli yolları tapıla bilər. Nazirlikdən deyiblər ki, telekommunikasiya xidmətlərində texnologiyalar və servislər məsələsi qanunvericilikdə əksini tapmadığı üçün Azərbaycanda "Skype", "WhatsApp" və "Viber" kimi əlavələrin işinin hüquqi tənzimlənməsi nəzərdə tutulmayıb: "Buna baxmayaraq, IP-telefoniya, 3G, beynəlxalq rabitə və s. xidmətlərin göstərilməsi kimi ümumi müddəalar var və onların lisenziyalaşdırılması tələb olunur".

Rəşad VAQİFOĞLU / Bizimyol.info

27 Ağustos 2015 Perşembe

Şəbəkələrin Azərbaycanda lisenziyalaşmasının həqiqi səbəbləri


Beynəlxalq messengerlərin lisenziyalaşdırılması istəyinin arxasındakı səbəblərdən birini xırda bir araşdırma apararaq sizinlə paylaşıram. Pulsuz xidmət təklif edənləri qoydum kənara. Pullu xidmət təklif edən Skype`ı araşdırdım və müqaisə etdim. Buyurun tanış olun. 
Skype vasitəsi ilə Amerikadakı sabit və mobil telefonlara limitsiz zəngin aylıq qiyməti 6,99$, İngiltərədəki sabit xətlərə aylıq 1.19$, mobilə 2,09, Fransada və Almaniyadakı sabit xətlərə aylıq 0.59$, Rusiyadakı sabit xətlərə aylıq 1,79,Türkiyədəki sabit xətlərə 1.79$, Gürcüstandakı sabit xətlərə aylıq 2,79, Ukraynadakı sabit xətlərə aylıq 5.79$, Azərbaycandakı sabit xətlərə aylıq 12,49$ danışmaq mümkündür. Yəni onsuz da Azərbaycandakı yüksək telefon danışıq tarifləri Skype qiymətlərini də yüksəldir. Biz skype ilə qapı qonşumuza, Nyu-Yorka danışdığımızdan iki dəfə, Kiyevə danışdığımızdan 2,2 dəfə,Tbilisiyə 4,5 dəfə, İstanbula və Moskvaya 7 dəfə, Londona 10,5, Paris və Berlinə 21 dəfə baha danışırıq.Təkcə Yeravanla müqaisə etsək, qonşuya zəng etmək, Yeravana zəng etməkdən 3,2 dəfə ucuz olar. smile ifade simgesi
Skype`ın öz qiymətlərindəki fərqi gördünüz. Bir də bizim daxili qiymətlərlə, Skype arasında uçurum var.
Hər bir fərq müqayisədə ortaya çıxır. Bizim mobil operatorlarda ölkə daxilinə zənglərin dəqiqəsi 4-10 qəpik arasında dəyişir. Azərcelldə Xaricə zənglər sabit abunəli xətlərdən dəqiqəsi 1man.28 qəpik, simkart abunəçilərindən 64 qəpik müəyyən edilib. Rominglərin qiyməti də çox yüksəkdir.
Məsələn, mən abunəçisi olduğum Azərcelldən abunə xəttimlə Moskvaya zəng etsəm, 1 dəq=1.220$, Skype ilə zəng etsəm, 1 dəq=0.023$ yəni 53 dəfə ucuz danışacağam. Azərcelin simkartı ilə zəng etsəm bu fərq 27 dəfə olacaq. (Skype`ın aylıq abunəsinə qoşulsam Azercellin bir dəqiqəsinin qiyməti olan 1.22$`a fasiləsiz 30 min dəqiqə Moskvaya bir ev telefonuna danışa bilərəm). Digər mobil operatorlarımızda da durum bənzərdir. Messengerlərin lisenziyalaşmasının gizli səbəblərindən biri də bu deyilmi?