13 Mayıs 2017 Cumartesi

Saytların bağlanması qərarı Konstitusiyanın kobud pozuntusudur

Səbayıl məhkəməsi Konstitusiyanı ayaqlar altına atdı

12 may 2017-ci ildə Səbayıl Məhkəməsi çox ciddi hüquq pozuntusuna yol verərək, cəmiyyətdə plüralizm üçün önəmli funksiya yerinə yetirən, rəsmi mənbələrə alternativ informasiya mənbəyi kimi tanınan, tənqidi mövqeləri ilə digərlərindən fərqlənən resursları (azadlıq radiosunun, azadlıq qəzetinin, meydan Tv-nin, Turan tv-nin və Azərbaycan saatı proqramının rəsmi saytlarını) hüquqi əsasları olmayan iddia ilə ədalət mühakiməsi aparmadan sifarişli qərarla bağladı. 
Bu zaman məhkəmə sistemli hüquq pozuntusuna yol verdi.1. Belə ki, hətta mövcud İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunun tələbinə belə uyğun hərəkət etməyərək, bu qanunun da pozdu və bunun kölgəsində qanunsuz nəticəyə gəldi. Həmin qanuna əsasən bu iddia 5 gün ərzində yekunlaşmalı idi. Halbuki, 27 apreldən 16 gün sonra qətnamə çıxdı. Beləliklə, hakim çox açıq şəkildə prosessual hüququ pozdu. Bu isə öz növbəsində məhkəmənin qərarının mahiyyətinə baxmadan belə hüquq pozuntusunun baş verdiyinin sübutudur.

2. Hakim iddiaya əsas kimi göstərilən NRTYN-nin 27 mart 2017-ci il tarixli, QM0001 saylı qərarında AR Baş Prokurorluğunun 13-1\18 saylı məktubunda iddia edilən məqalələrdə “Konstitusiya quruluşunu zorla dəyişməyə, ictimai asayişi pozmaya yönələn destruktiv “hərəkətlərə” yol verməsinə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların edilməsinə, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinə, yayılması qadağan olunan informasiyaların yerləşdirilməsinə”- yol verildiyini müəyyən etmədən, bu “iddiaların” təsdiqini göstərən konkret sübutları ortaya çıxarmadan belə bir qətnaməyə imza atması, konkret Konstitusiyanın 63-cü maddəsinin təqsirsizlik prizumpsiyasının pozulmasıdır və bu saytlara qarşı məhkəmə qətnaməsi ilə böhtan atıldığının təsdiqidir. Çünki, bu bəhs edilən saytların bağlanması üçün bəhanə edilən hərəkətlər əslində birbaşa cinayət əməlidir və tərəfləri məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan cinayətdə ittiham etmək yuxarıda dediyim hüquqların pozulmasıdır. Bir məktubla saytların 5-6 cinayət işlədiyi irəli sürülür və Səbayıl məhkəməsinin “savadlı” hakimi də bu iddinın həqiqiliyini müəyyən etmədən, öz qərarında buna söykənir. Beləliklə, Öncə NRYTN-yi bir məktuba əsaslanaraq heç bir araşdırma aparmadan, sonra isə Səbayıl Məhkəməsi yenə araşdırma aparmadan, iddiaların mövcud olub-olmadığını sübut etmədən təməl hüquq olan ifadə azadlığına qanunsuz müdaxilə etdi. Bununla da Konstitusiyanın 71-ci maddəsini ayaq altına atır.

3. Məhkəmənin hakimi qərar qəbul edərkən məhdudlaşdırdığı hüququn mahiyyətinə də xüsusi diqqət etməlidir. Məhdudlaşdırılması istənilən təməl insan hüquq və azadlıqlarından olan ifadə azadlığıdır. İfadə azadlığının məhdudlaşdırılması tələbini qiymətləndirərkən bunu demokratik cəmiyyətdə nə qədər zəruri olub-olmadığını müəyyən edərək, azadlığın mahiyyətini zədələmədən balanslı tətbiq etmək lazımdır. Deməli hakim bu məsələni qiymətləndirərkən sadəcə bir ay öncə qüvvəyə minən və Konstitusiyanın bir çox normalarına (47-ci, 50-ci, 71-ci, 151-ci maddələrinə) zidd qəbul edilən qanundan öncə Konstitusiyaya, 151-ci maddənin tələbi olan Beynəlxalq aktların hüquqi qüvvəsinin üstünlüyü prinsipini nəzərə almalı, bütünlüklə üstün hüquq normalarına istinad etməli idi. 

Eyni zamanda hakim heç olmasa Konstitusiyanın 12-ci maddəsini oxuyub, dərk etməli idi. Həmin maddədə birbaşa göstərilir ki, “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Yəni hakim işə baxarkən, normaları Konvensiyanın 10-cu maddəsinə uyğun tətbiq etmək zorundadır. Bu istəyə və ya keyfə bağlı bir imkan deyil, konstitusiyanın əmridir, hakimin borcudur. 71-ci maddədə deyilir ki: “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.

Konstitusiyaya zidd qərar qəbul edən məhkəmə və onun hakimi özünü hüquqdan üstün görməməli, hüquqa hörmət etməlidir. Bu gün hüquqa zidd qərar verən hakimlər bunun məsuliyyətini dərk etməlidirlər. Onlar sifarişləri icra edərkən bir gün hüquq qarşısında dayananda həmin sifariş verənlərin müdafiəsindən mərhum qalacaqlarını ağılla dərk etməlidirlər.



Qeyd: Bloklanmış saytlara giriş üçün:
Azadlıq radiosu - www.157751.info
Azadlıq qəzeti - www.121212.ga
Meydan TV - www.meydantv.tk

2 Mayıs 2017 Salı

26 Nisan 2017 Çarşamba

Prezident Administrasiyası ləğv olundu mu?

Dünən (25 aprel 2017) Milli Məclis Dövlət qulluğu haqqında Qanuna dəyişiklik etdi. Vəzifələrin təsnifatını tənzimləyən normalardan "Prezident Administrasiyası" sözü çıxarılaraq, Prezidentin fəaliyyətini tənzimləyən orqan kimi dəyişdirildi və onunla eyni statusda yeni vəzifələr yaradıldı.  İlk baxışdan bunu son Konstitusiya dəyişikliyindən sonrakı normal prosedur kimi təqdim etmək olardı. Lakin dərin araşdırdıqda xeyli problemli məqamlar ortaya çıxır.

Image result for Qanunvericilik       Konstitusiyanın 109 cu maddəsinin 13-cü bəndində Prezidentin səlahiyyətlərindən biri də  “13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;”- cümləsi ilə göstərilib.
Burada “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını” sözü böyük hərflərlə göstərildiyinə görə xüsusi isim kimi qəbul edilir və konkret qurumdan bəhs edildiyi anlaşılır. Əgər administrasiyası sadəcə idarəetmə anlayışı kimi nəzərdə tutulsa idi,  bu söz xırda hərflərlə yazılar və ümumi isim kimi göstərilərdi.  Ümumi isim kimi nəzərdə tutulsa Prezidentin müstəsna səlahiyyəti kimi bu qurumu özünün qəbul etdiyi Yerli İcra hakimiyyəti haqqında Əsasnamədə istədiyi kimi adlandırma səlahiyyəti olardı. Təsadüfi deyil ki, 2009-cu il mart referendumuna qədər bu anlayış “İcra Aparatı" formasında Konstitusiyada mövcud idi və məhz buna görə Prezidentin fəaliyyətini tənzimləyən orqan o zaman “Prezidentin İcra Aparatı” adlanırdı. Həmin qurum referendumdan sonra adını “Prezident Administrasiyası” olaraq dəyişdi.
Bunu vurğulamaqda məqsədim, Konstitusiyada mövcud olan bir qurumun adının istər İcranın başı kimi Prezidentin aktlarında, istərsə də hakimiyyətin digər qolu Milli Məclisin qəbul etdiyi sənədlərdə (qanunlarda) olduğu kimi istifadəsi zəruridir. Çünki bu qurum konstitusion qurum halına gətirilib.

Image result for dövlət gerbi              İkinci diqqət çəkən məqam, Prezident tərəfindən vitse-prezidentin səlahiyyətlərinin çərçivəsini açıq şəkildə müəyyən edən sənəd qəbul edilmədən, yəni Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə bu istiqamətdə hər hansı düzəliş, dəyişiklik yaxud əlavə edilmədən, Milli Məclisin Dövlət qulluğu haqqında Qanunda vəzifə təsnifatı bölməsində yeni vəzifələr əlavə etməsi və mövcud Əsasnamədəki vəzifənin adını dəyişdirməsidir.
Mövcud Konstitusiya buna yol vermir. Çünki,   7-ci maddənin son cümləsi: “- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;”- deyir və 99-cü maddədə bir daha  “Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur”- deyərək prinsipi norma halına gətirir.
93 cü maddənin 4-cü bəndi: “ IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.”- norması ilə hakimiyyət bölgüsü çərçivəsində səlahiyyətlərin ayrıldığını vurğulayır.
Prezidentin səlahiyyətlərinin geniş formada göstərildiyi 109-cu maddədə 7-ci bənddə aydın göstərir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yaratma” səlahiyyəti Prezidentin müstəsna səlahiyyətindədir və yaradılan orqanların səlahiyyətlərini də 124-cü maddənin 3-cü bəndində göstərildiyi kimi “124 III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
      İndi yaranan hüquqi durum belədir:
Image result for milli məclisMilli Məclis Prezidentin səlahiyyətlərinə müdaxilə edərək Prezident tərəfindən yaradılmalı olan lakin,  hələlik yaradılmayan bir qurumun vəzifələrini yaradıb və hətta Dövlət qulluğu haqqında Qanunda təsnifata salıb.  (Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,  Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini) .
 Halbuki, http://www.e-qanun.az/framework/23701 bu linkdə də görə bilrəsiz ki, hazırda qüvvədə olan Əsasnamədə belə vəzifələr yoxdur və bunlar yaradılmadan Qanundakı təsnifata salınmamalıdır. Deməli, Milli Məclis Konstitusiyada prezidentə məxsus səlahiyyətlərə qanunsuz müdaxilə edib.
Eyni zamanda Prezident Administrasiyası sözünün Əsasnamədən çıxarılmadan, Qanundan çıxarılması da eyni səviyyədə hüquq pozuntusudur.    

 Yekunda bir məqamı da vurğulamaq istərdim.













Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə  görə yuxarıda bəhs etdiyin Əsasnamə fərmanla qəbul edildiyinə görə normativ hüquqi akt hesab olunur. Ona olna dəyişikliklər 85.2-ci maddəyə əsasən “Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir”. Yəni kimsə deməməlidir ki, hansısa sənəd mövcuddur lakin yayılmayıb, yaxud sistemdə yoxdur.