30 Nisan 2016 Cumartesi

REAL hərəkatının rəhbəri İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılmasına davam edilməsi Azərbaycan məhkəmə-hüquq sisteminin iflasın eşiyində olduğunun açıq göstəricisidir

REAL hərəkatının rəhbəri İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılmasına davam edilməsi Azərbaycan məhkəmə-hüquq sisteminin iflasın eşiyində olduğunun açıq göstəricisidir və Azərbaycanın beynəlxalq miqyasda dövlət imicinə, mənafeyinə zərbədir.

Dövlət beynəlxalq münasibətlərdə qoşulduğu Konvensiyalara sadiq qaldıqda, atdığı imzaya hörmət etdikdə başqaları tərəfindən də sayğı görür. Əgər Dövlətin qurumlarının, hökumətinin atdığı imzaya öz məhkəmə sisteminin, hakimlərinin hörməti yoxsa, başqalarının həmin imzaya və ya iradəyə sayğı göstərməsini gözləmək ağılsızlıqdır.
Azərbaycan AŞ İnsan Haqları Konvensiyasını Hökuməti səviyyəsində imza edib, Parlamenti səviyyəsində isə ratifikasiya edib. Həmin Konvensiyaya əsasən AİHM qərarları Azərbaycan üçün bağlayıcıdır.  Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının məcburi qüvvəsi və icrasını göstərən 46-cı maddəsində bildirilib ki,  “Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.”
İlqar Məmmədov 2013-cü il Fevralda qanunsuz həbs edildikdən qısa müddət sonra daxili Məhkəmələrin hüquqazidd davranışlarından AİHM-ə şikayət göndərildikdə,  Avropa İnsan Hüquqları Məhkəməsi həmin şikayətə prioritet verərək çox qısa müddətdə baxaraq  22 May 2014-cü ildə “həbsin qanunsuz olduğu və qeyd-şərtsiz azadlığa çıxmasını tələb edən qərarını elan etmişdir. Hökumətin qərarın icrasını ləngitmək üçün 3 aylıq müddətin sonunu gözləyərək verdiyi şikayətə baxmayaraq, Böyük Palata şikayəti rədd etmiş və 13 Oktyabr 2014-cü ildə bu qərar hüquqi qüvvəyə minmişdir.
Normal öhdəliklərinə və daxili və xarici hüquqa hörməti olan istənilən ölkə hökuməti bu halda qərarı 3 ay ərzində icra etməlidir. Lakin təəssüf ki 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq , İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılmasına israrla davam edirlər. Avropa Şurası formalaşdığından bugünədək kecən 66 ildə AHİM-in bir qərarının icrasına görə AŞ Nazirlər Komitəsinin 6 qərarının olmasına baxmayaraq bir ölkənin öz vətəndaşını, üstəlik də həmin vətəndaşın cinayətkar olmadığını bilməsinə rağmən həbsdə tutmasının anologu yoxdur. Şəxsi intiriqa istisna olmaqla məntiqi atqumenti də yoxdur.
Bu yanaşma ölkədə hüququn işləmədiyinin göstəricisi olmaqla bərabər, şəxsə görə fərqli davranıldığı və hüquq qarşısında şəxsin bərabərliyi prinsipinin də tanınmadığı anlamına gəlir.

Hökumət İlqar Məmmədovu “həbsdə saxlayacağam”- deməklə əslində başqa tablonu-ölkə “hüquq sisteminin iflas etdiyini daha aydın sərgiləyir. Bu prosesdə İlqar Məmmədov öz azadlığını barmaqlıqlar arxasında “itirərkən”, ölkənin hüquq sisteminə inam daha geniş miqyasda yox olur və beynəlxalq miqyasda dövlətin imicinə sağalmaz zərbələr vurulur.   

12 Nisan 2016 Salı

"iki təpəyə bu qədər itki dəyərdi mi"-sualını ünvanlayanlara

3 günlük hərbi əməliyyatlarda hərbi texniki və mülki obyektlərdən əlavə xeyli canlı itkimiz olduğu məlum olur. 


Əməliyyatlar bitib, şəhidlərin gəlməsi bitmədiyinə görə cəmiyyətin müxtəlif təbəqələrində qızğınlığın olması, sorğulamaların başlaması normaldır. Əlbəttə rəsmilərin təzadlı açıqlamaları, yersiz susqunluqları, informasiya siyasətlərinin demək olar ki olmamaları ciddi sorğulanmalıdır. Ayrıca, əməliyyatlarda itkilərin minimuma endirilməsi yollarının bir daha nəzərdən keçirilməsi, buraxılan səhvlərdən dərs alınması çox zəruridir. 

Lakin unutmamalıyıq, düşmən 23 ildir işğal etdiyi yerlərdə ciddi möhkəmlənmiş, rusların səxavəti ilə müasir silahlarla silahlanmış, ərazilər ciddi şəkildə minalanmış, istehkamlar, səngərlər, tələlər hazırlanmışdı. Bu zaman səngərlərdən çıxıb, düşmənin üzərinə atıldığımız zaman itkilərin olması təbiidir. Bizim yermizdə qalmadığımız, irəli hərəkət etdiyimiz bu gün artıq mübahisə doğrumur. Təmas xəttinini iki önəmli hissəsində əhəmiyyətli yüksəklik almışıq. 

Bu gün şəhidlərin xatirəsinə hörmətsizlik göstərərək, "iki təpəyə bu qədər itki dəyərdi mi"-sualını ünvanlayanlara səəslənirəm.
Hər il avtomobil yollarında min nəfərədək insan həyatı itirilir, minlərlə insan xəsarət alır, bir çoxu əmək qabiliyyətini əbədilik itirir. Yüz şəhidin qanınının axıdılması nəticəsində hətta iki təpənin alınması nəticə etibarı ilə böyük uğurdur. 


Bu statusa İki şəkil əlavə edirəm .
 1-ci şəkil Google-dan alınıb, Ağdam şəhərini qırmızı cizgilərlə ayırmışam. Bu cizginin uzunluğu 6 min metrdir. 6 min insan əl-ələ tutsa bu dairəni yaradar. Yəni Ağdam və ətrafını ermənilərdən qorumaq üçün şəhid olanların sayı 6 min nəfərdir. Amma nəticədə Ağdam bu gün nəzarətimizdə deyil. Hətta bir xırda Göytəpəni belə əldə saxlaya bilməmişik. 

ikinci şəkil bu gün çəkilən şəkildir. Mor rəngdə olan ərazilər sadəcə Tərtər istiqamıtində son 3 günlük əməliyyatda irəlilədiyimiz və nəzarət etdiyimiz ərazini göstərir. Bu şəkilin altında coğrafi olaraq məsafəni göstərən KM işarəsinə baxdıqda təmas xətti boyunca təxminən 35-40 km məsafədə bir hərəkət etdiyimiz və 4-6km dərinliyə hərəkət etdiyimiz görünür. Fizuli istiqamətdə olanları da daxil etsək, Qarabağın unudulmadığını, xalqımızın intiqam hissinin itmədiyini, işğalçıları açıq dəstəkləyən Rusiyaya nifrətin 20 yanvardan sonrakı durumdan heç nə ilə fərqlənmədiyini əlavə etdikdə, yuxarıdakı suala cavab müsbətdir. 
Bəli, dəyər!

7 Nisan 2016 Perşembe

Ələsgər Məmmədli ifadə azadlığı barədə Amerikanın Səsinə müsahibə verir

http://www.amerikaninsesi.org/a/media/3261017.html

Ələsgər Məmmədli ifadə azadlığı barədə Amerikanın Səsinə müsahibə verir


Ələsgər Məmmədli ifadə azadlığı barədə Amerikanın Səsinə müsahibə verir

5 Nisan 2016 Salı

ATƏT-in Minsk qrupu bu problemi çözə bilər mi?

Yaxud Təmas xəttindəki son atışmalardan sonraya bir baxış

Qarşılıqlı atəşkəsdən sonra sosial şəbəkədə və mediamızda bir ümid yaranıb ki, bu qısamüddətli hərəkətlilik və iki yerdə ermənilərin təmas xəttindəki ilk sipərinin aşılması böyük qələbədir və erməniləri Qarabağın dağlıq hissəsi, Laçın və Kəlbəcər  istisna olmaqla digər rayonlardan çıxarmağa yetəcək. Hətta bəzi yorumlarda bu fikrə rast gəlirəm ki, guya Rusiya da gizlində bunu istəyirmiş, ATƏT-in Mİnsk qrupunun həmsədrləri də buna erməniləri məcbur edəcək.


Bu fikrə qatılıram ki, 22 ildən sonra ilk dəfə cəbhə xəttində mövqe üstünlüyü qazandıq. Bu tabloda həyatını verən bütün qəhrəman şəhidlərə Allah rəhmət eləsin və mübarizədə yuxusuz gecələr keçirən digər əsgərlərimizə Allah qüvvət versin!
  Lakin yuxarıdakı digər yorumların heç heç birinə qatılmıram. Çünki, ATƏT-in həmsədrləri ermənilərə nəyisə məcbur etmək istəsələr geridə qalan 22 ildə edərdilər. Yəni, Minsk qrupunun 22 ildə etdikləri önümüzdəki ay və illərdə edəcəklərinin də təminatıdır...  Bir sözlə xüsusilə Rusiyanın arxa baxçası sayılan Qafqazda digər iki həmsədr ölkə Rusiyanın açıq dəstəkləmədiyi çözümü tərəflərə məcbur etməz. Hələ bu məcbur edəcəkləri tərəf Ermənistandırsa heç etməz.  Rusiyanın tutumunu isə müzakirə etmək sadəlöhvlükdən başqa bir şey deyil. Bu gün torpağa tapşırdığımız 16 şəhidi, dünən, daha öncəki günlər, aylar illər ərzində bu münaqişədə həyatını itirən 30 mindən çox şəhidimizi məhz bu həmsədr ölkə Rusiyanın silahları həyatlarından edib. Üstəlik bu silahları ermənilər qazancları ilə almayıblar, onlara hər dəfə kütləvi şəkildə bağışlanıb. Bzim pulumuzu alıb, bizə silah satdıqları halda, ermənilərə bağışlayıblar.

Yəqin ki, yaxın günlərdə ATƏT-in təşəbbüsü ilə tərəfləri danışıq masasına gətirəcəklər. Fərqli Avropa ölkələrində bir araya gəlib, yenə sonu görünməyən danışıq proseslərinin davam etdiyi hekayələrini eşidəcəyik. ATƏT hər dəfə “sülh danışıqlarından başqa münaqişənin çözümü yoxdur”-açıqlamasını verəcək və irəliyə doğru bir addımın atıldığını bildirəcək. Biz də cəmiyyət olaraq nəticəyə gedən addımların sayını bilmədən “irəliyə atılmış” hər addımı saymaqla Qarabağa  uzaqdan baxmağa davam edəcəyik.
Amma bu dediklərimin olmaması üçün çox ciddi bir xətt müəyyən olunmalıdır. Azərbaycan bündan öncə bir prinsiplə masaya otururdu: “Münaqişə ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır”. İndi bu prinsipin yanına bir digər prinsip əlavə olunmalıdır:  “Münaqişə ərazi bütövlüyü prinsipi çərçivəsində və konkret bir ay müddət ərzində öz həllini tapmalıdır, əks halda sorumluluq ATƏT-in Minsk qrupundadır”.

Əgər son rəsmi açıqlamalar yalan deyilsə belə bir şərti irəli sürməyimizi  indiki mövqeyimiz tələb edir. Unutmayaq, 22 ildən sonra xalqda da bu prosesin yekunlaşa biləcəyinə və orduya böyük İNAM var. Bunu boşuna xərcləmək xəyanət olar!