14 Mart 2016 Pazartesi

http://www.azadliq.info/124929.html 
Ələsgər Məmmədli: «Görünür, qanunların işləməsində maraqlı olmayan tərəf var»
elesger-memmedli“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Avstriyada Azərbaycan manatının çapı ilə bağlı korrupsiya qalmaqalı yenidən gündəmə gəlib. Söhbət manatın çapının məhz Avstriya şirkətinə həvalə olunması üçün Azərbaycan Mərkəzi Bankının rəhbər şəxslərilə korrupsiya razılaşmasına dair cinayət işindən gedir.
Xatırladaq ki, Avstriya Mərkəzi Bankının sədr müavini Volfanq Duçazek bankın pul əskinaslarının çapına məsul törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da daxil olmaqla, ümumilikdə 9 nəfərin ittiham olunduğu iş üzrə Vyana məhkəməsi bir müddət əvvəl qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyir. Ona görə də bu instansiyaya müraciət edib.
inayət işinin materiallarında göstərilib ki, 2005-2011-ci illərdə Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14 faizi, Azərbaycana isə 20 faizi qaytarılıb.
Bağlanmış müqavilələrdə Azərbaycan Mərkəzi Bankının Idarə Heyətinin sədri Elman Rüstəmov və onun müavini Abdulla Məlikaslanovun imzaları olduğu bildirilir.
Maraqlıdır, Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin baş bankı ilə bağlı, üstəlik, xaricdə qalmaqala səbəb olan bu korrupsiya olayına niyə heç bir reaksiya vermir? Dövlətin pulunun taleyi məsul qurumları və şəxsləri niyə maraqlandırmır?
Hüquqşünas Ələsgər Məmmədli də təəssüflə qeyd edir ki, qanunvericilik tələb etsə də, bu cür vacib məsələ ilə bağlı   araşdırma aparılmır. Hüquqşünas deyir ki, kütləvi informasiya vasitələrində yayımlanan istənilən hüquq pozuntusuna dair fakt hüquq-mühafizə orqanları, əsasən də prokurorluq tərəfindən araşdırılmalıdır.
“Hüququn üstün olduğu normal ölkələrdə məsələ belə tənzimlənməlidir. Lakin Azərbaycan kimi ölkədə hüquq-mühafizə institutları və siyasi fiqurların başı rüşvət və qalmaqala qarışıb. Manatın çapında baş verən olayların araşdırılması, onun sübutu sonrakı məsələdir. Zənnimcə, qanunların işləməsində maraqlı olmayan tərəf var. Bu da qanunları icra etməli olan tərəfdir. Həmçinin, cəmiyyətin də çox zəif olması onların qanunsuz fəaliyyətinə şərait yaradır”, – deyə Ələsgər Məmmədli bildirib.
Informasiya şöbəsi

9 Mart 2016 Çarşamba

Cənablar, öncə 661 milyon manatın hesabını vermək lazımdır



Bu gün məlum oldu ki, Azərbaycan Teleradio Şirkətinin 11 ildir rəhbəri kürsüsündə oturan Alışanov Azərbaycanda jurnalistika deyəndə ağıla ilk gələn adlardan biri olan Qulu Məhərrəmliyə qarşı Xüsusi ittiham qaydasında cinayət işi başladıb. 

O, Qulu müəllimin Cinayət Məcəlləsinin iki maddəsi ilə - 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Bu iddianın boş və cürük bir iddia olması bəri başdan məlumdur. Bu barədə sonra yəqin ki daha geniş yazacağam.
Lakin mənim diqqətimi çəkən Cənab A.Alışanovun bu günkü vəzifəsinə 16 avqust 2006-cı ildə təyin edən Prezidentin bir başqa sərəncamından “xəbərsiz” olmasıdır. Onu vəzifəyə təyin edən Prezident, 2011-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsinə dair başqa bir Sərəncam imzalayıb. Həmin proqramın 1.2.7.-bəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvələ olunub ki, 2012-ci il ərzində Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlasın və Parlamentə təqdim etsin. Məntiqlə Prezident bu Sərəncamı imzalamaqla Alışanovun Qulu müəllimi tutdurmaq istədiyi 147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını istəyib. İndi çox maraqlı vəziyyət yaranıb, Az TV-nin rəhbərinin bu təşəbbüsü həm də bir səmimiyyət testi olacaq. 


Bu xəbəri oxuyanda ağlıma gələn ilk məqam, Alışanovun vəzifədə olduğu 11 ildə dövlətdən nə qədər vəsait alıb, nə qədər hesabat verdiyini araşdırmaq oldu. Qarşıma çıxan rəqəmləri sizinlə də paylaşıram. 2006-2016-cı ilər ərzində, yəni 11 ildə Dövlət büdcəsindən bu günkü dollar dəyəri ilə tam 407 milyon 404 min 671 Amerikan dolları, yəni bu günkü manat kursu ilə 661 milyon132 min manat vəsait alıb. Bu bütünlükdə Dövlətin bütün mediaya, media dəstək fondlarına, nəşriyyata və s. ayırdığı pulun da 58,32% -i təşkil edir. Araşdırmada 661 milyon manatın heç olmasa bir hissəsinin hesabatını belə tapa bilmədim. 11 ildə 661 milyon manata hökm edən bir şəxsin sadə bir tənqidə belə reaksiya verib, cəmiyyətdə hörmət duyulan bir şəxsin həbsini istəməsi həm də hesab vermədiyi cəmiyyətə meydan oxumaqdır. Öncə 661 milyon manatın hesabını vermək lazımdır Cənablar!