28 Aralık 2015 Pazartesi

Kaş ki....

Bu günkü əfv fərmanından sonra siyasi məhbusların sayı daha bir nəfər artdı. Jurnalist Rauf Mirqədirova 6 il həbs cəzası verdilər. İştə gerçək humanizm nümunəsi!

Bu günkü əfv fərmanında 13 ölkənin 18 vətəndaşı da əfv edilib. Bu ölkələr sırasında, Kamboça, Kamerun, Nİgeriya, Suriya, Pakistan, İran, Çin, Əfqanistan, Gürcüstan, Qazaxıstan, Türkiyə, İrlandiya, Böyük Britaniya vətəndaşları var. Amma bu siyahıda az qala bu məhkumların toplamının çəkisindən çox hüquq kitabı nəşr etdirən İntiqam müəllimin adı yoxdur. Digər günahsız təcrid edilən siyasi intriqa qurbanlarının adları yoxdur... 
Əfv edilənlər arasında 8 nəfər cəmi bir neçə ay öncə, 74 nəfər bir il öncə, 55 nəfər iki il öncə qalanları isə 2 ildən bir az çox müddətdə məhkum ediliblər.. Bunların içərisində həqiqətən də toplum üçün təhlükəli olduğuna görə təcrid edilmişlər də yəqin ki var...Amma daha yaxın zamana qədər bizimlə çiyin-çiyinə ölkə problemlərinin həllinə baş sındıran, vətəndaşları marifləndirən, hesabatlar hazırlayan, naqisliklərin ortaya çıxmasına çalışan onlarla ziyalımız, gəncimiz (İlqar Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədov, Rəsul Cəfərov, Xədicə İimayıl, Seymur Həzi, Pərviz Həşimli....və digərləri) yoxdur!
Hər kəs bilir ki, Azərbaycan məhkəmə sistemi ədalətdən uzaq olduğuna görə həbsə düşənlərin heç də hamısı bunu haqq etmiş şəxslər deyil. Odur ki, bunların azad olmasına təbii hal kimi baxıram. Amma hər bayramda kütləvi əfv gözləntisinin olması, hər il bir və ya birdən çox belə fərmanların imzalanması o dövlətdə məhkəmə sisteminin tıxanıqlığının, hətta bağımlılığının, ədalətsizliyinin, hüquqazidd davranışının qeyd-şərtsiz təsdiqi- etirafıdır. 
Bu gün cəmiyyətin ümidsiz gözləntiləri də suya düşdü. 210 nəfərlik bu siyahıya "siyasi məhbus" siyahısına düşmüş, beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən "vicdan məhbusu" statusu verilmiş heç bir nəfərin adının salınmaması, onsuz da iqtisadi, siyasi, hərbi krzislərin təsirindən son zamanlar gərginləşən, ümidsizləşən cəmiyyəti bir az da ümidsizliyin dibinə yuvarladı. 3 gün öncə şəxsi blogumda "Çox vaxtımız qalmayıb, ağlımızla qərar vermək vaxtıdır..." -yazmışdım. Çox təəssüf ki, çox önəmli bir fürsəti, çöx dəyərli bir zamanı əldən verdik. Sonra "kaş ki!" nidaları ilə bu gün tez-tez xatırlanacaq.

25 Aralık 2015 Cuma

Çox vaxtımız qalmayıb, ağlımızla qərar vermək vaxtıdır...

      Çox vaxtımız qalmayıb, ağlımızla qərar vermək vaxtıdır...

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayevin “ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı” hazırladığı qanun layihəsinin dünəndən sosial şəbəkələrdə tragikomedik müzakirələri gedir.
Mən, bu layihənin ortaya çıxmasının qeyri-ciddiliyi üzərində durmayacağam. Çünki, MM sədrinin son cümə günü çıxışı başqa tonda idi və ABŞ Konqresi tərəfindən atılması planlaşdırılan addımın ciddiliyinin dərk edildiyi mesajı verilmişdi. Hətta siyasi məhbusların  əfv ediləcəyinə dair ilk işartılar da bu çıxışda var idi. Vəziyyətin ciddiliyini izah edən yazılar, çıxışlar, açıqlamalar həm hökuməti dəstəkləyən şəxslərin içindən, həm də müstəqil ekspertlərdən gəldi.  Məsələ ciddidir və fevralda bu layihə qanunlaşa bilər.
 ABŞ-ın belə bir addım atması önlənə bilərdimi və ya bundan sonra önlənə bilərmi?
Bu suala birmənalı cavab vermək çətindir. Amma bizim hökumət tərəfindən zamanla bəzi addımlar atılmasaydı əminəm ki, Azərbaycanın daxilində insan hüquq və azadlığına olan basqılar təkbaşına bu layihənin ortaya çıxması ilə nəticələnmiyəcəkdi. Bu mənim qənaətimdir.
ABŞ-Azərbaycan münasibətlərinə ilk zərbələr keçən ilin yazından etibarən  ABŞ tərəfindən yox, Azərbaycan tərəfindən tam əsassız olaraq vurulmuşdu. İndi hər kəsin gülərək keçdiyi R.Rzayev layihəsinin “qərar” hissəsində göstərilən aşağıdakı  müddəalar artıq ABŞ QHT-lərinə tətbiq edilib və onların layihələri, proqraramları dayandırılıb, bank hesablarına həbs qoyulub, cinayət işləri açılıb, ofisləri bağlanıb və təşkilatlar ölkədən çıxarılıb.
Qərar layihəsindən stat: Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilsin:
“ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;"
 
Yəni ilk atəş hələ 2014-cü ilin aprelindən etibarən “uzaqgörən” siyasətçilərimiz və onların əlaltısı olan media qurumları tərəfindən atılıb. Hüquq-mühafizə orqanları tərəfindən dərinləşdirilib, məhkəmələr tərəfindən icra edilib və proses bitmək üzrədir. Rusiyaya xoş getsin deyə, ölkədaxili ictimaiyyətə “ABŞ-ın Azərbaycanda destruktiv fəaliyyət göstərdiyi” mesajı verilərək sistemli şəkildə ABŞ və onun rəsmi qurumları şantaj edildi. Ölkədə humanitar fəaliyyət göstərən çoxsaylı qurum və şəxslər hədəfə çevrildi. Bununla bərabər, Azərbaycan vətəndaş cəmiyyəti fəalları, jurnalistlər hədəfə götürüldü, Konqresin maliyyələşdirdiyi radionun ofisi onurqırıcı şəkildə bağlandı.  Hətta bir az da irəli gedilərək müxtəlif bəhanələrlə cəmiyyətin dəyər verdiyi şəxslərə cinayət işi açıldı, həbslər ard-arda gəldi. Üstəlik bu şəxslərə qarşı “5-ci kalon” adı altında davamlı olaraq ittihamlar irəli sürüldü. Əsasən başda ABŞ olmaqla qərb dairələrinin suçlanması davam etdirildi. Yəni, hafizəmizi təzələsək görərik ki, bu vaxtadək təktərəfli “atəş” açan sadəcə bizim tərəf olub. Hətta vətəndaş cəmiyyəti, demokratik qüvvələr ABŞ-ı adekvat olmamaqda suçladı. ABŞ demokratik dəyərləri neft və təhlükəsizlik  mənafelərinə qurban verməkdə ittihamlar edildi. Yəni oxun yaydan çıxmasından çox vaxt keçib.
Amma hələ də gec deyil. Azərbaycan tərəfi məntiqli hərəkət etməli, problemi yaradan tərəfin əslində özü olduğunu başa düşməli, dərhal səmimi addımlar atmalıdır. Çünki, yaxın bir-iki ildə Azərbaycan  çox kəskin iqtisadi, maliyyə problemləri ilə mübarizə etməlidir.  Qarabağ problemi yeni daha təhlükəli mərhələyə keçə bilər. Neft qiymətinin yaxın zamanda yüksəlmə ehtimalı çox zəifdir.  Son 7 ildə sabit rəqəmlərə öyrənmiş cəmiyyətdə 10 ay ərzində milli manatın 100% dəyər itirməsi, qiymətlərin 70-100% artması ictimai narazılığın çox ciddi olacağını indidən göstərir. Ayrıca, müstəqiilliyimizi həzm edə bilməyən İran, Rusiya və Ermənistan üçbucağının bizə hansı sürprizlər yaradacağı bir digər müəmmadır.
                            Səmimi və ciddi addımlar nələr olmalıdır?
1.      Heç bir ön şərt olmadan siyasi səbəblərlə tutulan və məhkum edilən bütün şəxslər qeyd-şərtsiz dərhal azad edilməlidir. Bunların bir hissəsi, yaxud müraciət edən anlayışı rədd edilməli, təktərəfli olaraq hər kəsin azad edilməsi təmin edilməlidir. (Bunların sayı son rəqmlərə görə yüzə çatmır və ölkə üçün əminəm ki bu insanlar təhlükəli deyil, əksinə onların mövcudluğu faydalıdır).
2.      90-cı illərin sonundan etibarən  ölkədə faydalı humanitar layihələr icra edən və ölkəmizdə minlərlə iş yeri açan, ölkəyə qarşılıqsız olaraq valyuta gətirib, müxtəlif srefalara, təhsilə, tibbə, mədəniyyətə, kənd təsərrüfatına və s. sektorlara dəstək verən ABŞ QHT-ləri də daxil olmaqla digər beynəlxalq humanitar qurumların haqqında başladılan bütün süni suçlamalar ləğv edilməli, bank hesablarındakı həbslər qaldırılmalı, ofislərinin bərpa olunması üçün şərait yaradılmalı, onların fəaliyyəti üçün 2001-ci ildə mövcud olan qanunvericilik normalarına geri dönülməlidir.
3.      Fəaliyyətinə mane yaradılan media qurumlarına təkrar iş şəraiti yaradılmalı, ölkədə azad media mühiti formalaşdırılmalı, TV və radio lisenziyaları verilməsi məsələsi liberallaşmalı, siyasi plüralizm mühiti dəstəklənməli, qanunvericilikdə mövcud olan məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır.
4.      Yerli QHT-lərin fəaliyyət imkanları təkrar bərpa edilməli, bütün saxta cinayət işləri ləğv edilməli, hətta haqsız şəkildə zərər görən tərəflərin zərərləri kompensasiya edilməlidir. Qanunvericilik Avropa Konvensiyası prinsipləri çərçivəsinə gətirilməlidir. 
5.      Siyasi fəaliyyət sferasında liberallaşmaya start verilməli, siyasi fəaliyyət imkanları genişləməli, təqiblər aradan qaldırılmalı, siyasi dialoq mədəniyyəti inkişaf edilməlidir.
6.      Digər islahatlar, iqtisadi liberallaşma, seçki islahatı, inhisarçılığın və korrupsiyanın aradan qaldırılmasını zəruri edən addımlar, xüsusilə məhkəmə islahatı da paralel başlamalıdır.

Bu zəruri addımların atıması ölkə büdcəsinə, iqtisadiyyatına bir qəpik yük gətirməyəcək. Cəmiyyət bu addımlardan qazanacaq. Hökumətin imici müsbətə dəyişəcək və əminəm ki, hər hansı sanksiya istəyi bu addımların kölgəsində yox olub gedəcək. Tarixdə radikal islahatlara imza atan şəxsiyyətlər hər zaman cəmiyyət tərəfindən müsbət dəyərə çevrilir və xatırlanır.

Çox vaxtımız qalmayıb, duyğularımızla, hislərimizlə yox, ağlımızla qərar vermək vaxtıdır. Boş-boş şüarlarla, pafoslu çıxışlarla, saxta bəyanatlarla vəziyyətimizi bir az da pisləşdirə bilərik. Səmimi olaraq imkanlarımızı, potensialımızı yox etməyə deyil, inkişaf etdirməyə yönələk. O zaman itirən olmaz, hər kəs qazanar. Buna inanın. 

23 Aralık 2015 Çarşamba

Azərbaycan qəzetində gedən bir məqaləyə reaksiya


Parlamentin smi orqanı olan Azərbaycan qəzetində gedən bu məqaləyə reaksiyam!


http://www.azerbaijan-news.az/index.php?mod=3&id=86552 Avropa Məhkəməsinin hökmü yerli məhkəmələr üzərində üstünlüyə malik deyil
22 Dekabr 2015
 Azərbaycan da Avropa ölkələri kimi davranaraq öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməlidir”

Bu məqalənin müəllifinin  Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşması və funksiyası haqqında əhatəli bilgiyə malik olması şübhə doğurur. AİHM-i əslində heç bir dövlətə məcburi nəyisə qəbul etdirməyib. Bu qurum sadəcə Avropa İH Konvensiyasının tətbiqinə nəzarət həyata keçirir. Konvensiyanın tətbiqi isə hər bir dövlətin milli qanunvericiliyinə daxil olduqdan və AİHM-nin yurdiksiyası tanındıqdan sonra tətbiq olunmağa başlayır. Azərbaycan könüllü olaraq AİHK-nı qəbul edib və ölkədə bu sənəddə tanınan hüquqların qorunmasını öz üzərinə öhdəlik kimi götürüb. Hətta Konstitusiyaya 2002-ci ildə dəyişiklik edib Konvensiyadakı hüququları təminat altına alıb. Milli Hüquqa görə (Konstitusiyanın 151-ci maddəsi) ratifikasiya olunan beynəlxalq aktların hüquqi qüvvəsi qanunlardan üstündür. Odur ki, hüququ  vəziyyəti bilmədən, bəzi qeyri-dəqiq "misallar" çəkərək oxucuları yanıltma durumu aydın görünür. İstənilən Konvensiyaya qoşulan Avropa ölkəsi AİHM-nini qərarlarını qeyd-şərtsiz icra edir və pozuntuya səbəb olan norma varsa onu dərhal Konvensiyadakı şəklə salmaq üçün tədbirlər görür. LAkin Azərbaycan neçə ildir ki, AİHM-nin qərarlarını yarımçıq icra edir. Sadəcə kompensasiya verilir, lakin pozuntuya səbəb olan normalar dəyişmir və pozuntuna yol verən məmurlar cəzalandırılmır. Əslində AİHM-nin qərarlarına ən biganə ölkələrdən biri də Azərbaycan tərəfidir. Rusiyaya gəldikdə, Rusiyanın AŞ-dakı vəziyyəti bəllidir. Artıq bu ölkə Avropa məkanından təcrid edilib. Odur ki, nə qərar qəbul etməsindən asılı olmayaraq bu qərarlar sadəcə ölkə vətəndaşlarının hüquqlarının tapdanması ilə bitir. Müəllif nədənsə belə bir ortam arzu edir. Yəni vətəndaşın hüquqlarını kim necə istər pozsun, incitsin, amma AİHM-yə getmək imkanını əlindən alaq. Bu məntiq totalitar məntiqdir. Çox təəssüf ki, belə bir məntiqlə Azərbaycanın Parlamentinin rəsmi orqanı olan qəzet və onun yazarları çıxış edir. Bu qanunlara qarşı ciddi sayğısızlıqdır. Ölkə qanunlarının pozulmasına səsləmək, onun üstün norma hesab etdiyi Konvensional hüquqların müdafiəsindən imtinaya səsləmək ən azından  nəşrin öz statusuna hörrmətsizlikdir.  

15 Aralık 2015 Salı

Jurnalistika fakultələrinə qəbulun kəskin azalmasına dair

Bu linkdəki məqalədən çıxarış...
http://www.sherg.az/site/id-13040/Jurnalistika_fak%C3%BClt%C9%99sin%C9%99_maraq_niy%C9%99_azal%C4%B1b?#.VnA_Rkp97Dc 
Media hüquqşünası Ələsgər Məmmədli isə hələ jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanının tətbiq olunması ilə bağlı qərar qəbul edilən zaman bunun çox sərt bir addım olduğunu dediyini xatırladıb: "Universitet özü peşə öyrədilən yerdir. Həkimliyi bilib sonra gedib həkim olunmur, yəni həkimliyi gedib Tibb Universitetində öyrənirsən. Hüquqşünas əvvəl hüquqşünas olub, sonra gedib oxumur. Öncə gedib imtahan verirsən, sonra hüquqşünas olursan. Jurnalistika da elədir. Məqalə yazmağı bilməyən abituriyent 4-5 il jurnalistika fakültəsində təhsil aldıqdan sonra yazmağı öyrənməlidir. Hətta bu müddət ərzində o, jurnalistikanın bütün nəzəriyyəsini, peşə kodeksini mükəmməl mənimsəyən bir mütəxəssisə də çevrilə bilər. Hesab edirəm ki, "yazı qabiliyyəti olmayan abituriyentlər jurnalistikaya gəlməsin” kimi düşüncə absurddur. Əgər orta məktəb şagirdi məqalə yazmağı bilirsə, onda ali məktəbə niyə hazırlaşır? Öyrənəcək bir şey qalmayıbsa, 4-5 ilini gəlib, jurnalistika fakültəsində niyə itirməlidir? Universitetin işi bilməyəni öyrətməkdir. Ona görə də, öz fikrimdə qalaraq jurnalistikada qabiliyyət imtahanının tətbiqini kifayət qədər anormal bir qərar hesab edirəm. Bu qərarın verilməsi başından yanlış idi və artıq nəticələr də özünü göstərməkdədir. Bir neçə ali məktəbdə jurnalistika fakültələri bağlandı və ölkə üzrə bir qrupda olan uşaqların sayı qədər jurnalist hazırlanır. Bu isə artıq gələcəkdə jurnalistika üzrə peşəkarların sayının çox az və yaxud da heç olmayacağı deməkdir. Amma bir məsələ var ki, zərərin harasından dönsən xeyirdir”.
Ekspertin sözlərinə görə, qabiliyyət imtahanının tətbiqi jurnalistikanın gələcək inkişafı üçün mənfi bir addımdır: "Jurnalistika peşədir. Bu peşə ilə məşğul olmaq istəyənləri ayrı-seçkilik edərək ikiqat imtahana salmaq çox ciddi yanlışdır. Bu, hər hansı bir şeir yazmaq deyil ki, fitri istedad olsun. Müəllim inşa yazmağı öyrəndiyi kimi jurnalist də peşə etikasına uyğun şəkildə yazını hazırlamağı öyrənəcək. Ona görə bu imtahanın başından təsdiq olunması ciddi ayrı-seçkilik və konstitusiyanın 25-ci maddəsinə də zidd idi. Və mən bununla bağlı mediada öz fikrimi bildirmişdim. Bu gün də nəticə göstərir ki, bəli, jurnalistika fakültələri boş qalacaq. İndiki halda cəmisi 57 nəfər gələcəkdə jurnalistika təhsili almaq şansı əldə edib. Düşünürəm ki, bu əlbəttə, Azərbaycanın, xüsusilə, ifadə azadlığına və jurnalistikanın inkişafı baxımından gələcəyinə yönəlik mənfi bir addımdır. Bir an öncə bu səhvdən dönülməlidir və qabiliyyət imtahanı məsələsini ortadan qaldırmaq lazımdır. Əvvəlcə "KİV haqqında” qanuna dəyişiklik edərək ali təhsili olmayan şəxslərin redaktor olmasına qadağa qoydular, daha sonra isə jurnalistika fakültəsinə qabiliyyət imtahanı tətbiq etməklə mediaya balta vurdular”.
Jurnalistikaya marağın azalmasına gəldikdə isə Ə.Məmmədli deyib ki, jurnalistikaya maraq azalmayıb. Sadəcə olaraq, bu sektora qəbul üçün keçirilən qəbul imtahanı diskriminasiyaya məruz qaldığı üçün tələbə qəbulu azalıb: "Həkimlik, hüquqşünaslıq kimi mürəkkəb ixtisaslara və çətin fakültələrə tələbələr bir imtahan verməklə daxil olduqları halda jurnalistikaya 2 imtahan verirlər. Bu ayrıseçkiliyin nə mənası var? Deməli, 57 nəfərin fakültəyə qəbulu jurnalistikaya marağın azalmasının yox, sadəcə ikiqat imtahanın risk tələb etməsi ilə bağlıdır. Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanına girmək üçün aprel ayından qeydiyyatdan keçməsi həmin uşaqların digər ixtisasları seçmək şansını əlindən alır. Bu da böyük riskdir. Heç bir abituriyent yüzdə yüz bir ixtisası seçib gəlmir ali məktəbə. Amma jurnalistikanı seçən tələbə bəri başdan bütün imkanlarını məhdudlaşdırmış olur. Yəni ya jurnalistika, ya da heç. Buna rəğmən 57 nəfər tələbə jurnalistikaya qəbul ola bilibsə, bu da böyük işdir. Yəqin ki, gələn il heç bu qədər də olmayacaq. Uşaqları buna məcbur etmək doğru deyil. Çünki orta məktəbi bitirən məzunların 90 faiz hədəfi ali məktəbə qəbul olmaqdır”.

8 Aralık 2015 Salı


Gənclər üçün intelektual platforma olan AFU-da Sosial Mediada azadlıq və məsuliyyət mövzusunda 17 Fevral 2013 tarixli çıxışdan bir hissə. 
Əslində hər zaman aktualdır. 


"İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında " qanun layihəsi təşəbbüsünu tənqid etdik. 19 Fevral 2014-cü ildə yayılıb.


7 Aralık 2015 Pazartesi

25 Noyabr 2015 tarixində yayıldı.
"2015 ci ildə Milli Məclisdə son 20 səsvermədə bütün hallarda qərarlar 99 faiz lehinə olmaqla qəbul edilib. Indiyə qədər parlamentin hökumətdən əvvəl təklif irəli sürdüyünü görməmişəm" - Ələsgər Məmmədli