Məhkəmə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Məhkəmə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6 Haziran 2019 Perşembe

“Məhkəmə-hüquq sistemində islahatlar”- islahat vəd edirmi?


“Məhkəmə-hüquq sistemində islahatlar”- islahat vəd edirmi?

Məhkəmə-hüquq islahatının labüdlüyü illərdir müxtəlif platformalarda, xüsusilə ədalət sisteminin problemlərinin hər addımda görüldüyü bütün çevrələrdə dilə gətirilsə də, bu istiqamətdə ciddi addımların atılmaması ədalətə olan inamı ciddi sarsır. 1 mart 2019-cu ildə Prezidentin incəsənət adamları ilə görüşündəki çıxışında belə bir islahata ehtiyac olduğunu səsləndirdikdən sonra, yaxın günlərdə bir addımın atılacağı gözləntisi yarandı. 3 aprel 2019-cu il tarixdə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” imzalandı. Beləliklə formal olaraq gözləntilər gerçəkləşdi. Mahiyyət olaraq da gözləntilər gerçəkləşdi mi, bu yöndən mövcud Fərman müxtəlif istiqamətlərdə qiymətləndirilməlidir. 

İlkin olaraq, fərmanın qəbulu prosesinə baxaq. 
Məhkəmə-hüquq sferasında islahata ehtiyac olduğunu illərdir hər kəs görür və dilə gətirir. Xüsusilə, müstəqil vətəndaş cəmiyyəti fəalları, müstəqil hüquqşünaslar, müstəqil vəkillər bu sferada problemləri dərindən müşahidə edib, mediada sistemli şəkildə dilə gətirib və atılmalı addımları göstərib. Buna baxmayaraq, fərman imzalandığı günə qədər nə vətəndaş cəmiyyəti sektorundan, nə müstəqil hüquq çevrələrindən heç kim bu prosesə daxil edilməyib. Hər hansı ictimai müzakirələr aparılmayıb və hazırlanmış Fərmanın layihəsi müzakirəyə çıxarılmayıb. Halbuki, cəmiyyətin böyük bir hissəsinin birbaşa marağında olan məhkəmə-hüquq sahəsində atılacaq addımlar, aparılacaq islahatlar vətəndaşların iştirakçılığı ilə olduqda, onun əhatəliliyi və effektivliyi artar, icra imkanları və cəmiyyətdə qəbuledilənliyi yüksək olar. 
Ayrıca, ölkədə qanunvericiliyin, xüsusilə, İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası Qanunun 3-cü və 19-cu maddələrinin göstərişi də  mühüm qərarların qəbulu prosesində vətəndaş iştirakçılığının zəruriliyini tələb edir.  İnformasiya əldə etmək haqqında Qanunun 29-cu maddəsi isə tələb edir ki, normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan dövlət qurumunun internet saytında açıqlansın. Təəssüf ki, bir qayda olaraq ölkədə yalnız imzalanıb, qüvvəyə minən normativ hüquqi aktlar yayılır. Qanunun tələbi olmasına baxmayaraq bu günədək fərman layihələrinin yayılması halı müşahidə edilməyib. Bu fərman da heç bir mərhələdə ictimai müzakirələrə çıxarılmayıb və bağlı qapılar ardında qəbul edilib. Bu səbəbdən də, çoxsaylı boşluqlar, təkrarlar və icrası mümkün görünməyən müddəalara yer verilib. Ayrıca, zəruri islahatlar kimi həllini gözləyən fundamental məsələlərə ümumiyyətlə toxulunlmayıb. 

Bu Fərman islahata yetərlidirmi?

Ümumiyyətlə, məhkəmə-hüquq sistemində ciddi  problemlərin olduğunun dərk edilməsi və bunun aradan qaldırması istiqamətində müəyyən addımların atılmasının planlaşdırılması müsbət  addımdır.  Fərmanın girişindəki ifadələri açaraq oxusaq, problemlərin bir qisminin adını fərmanın öz mətnində qoya bilərik: 
    • Məhkəmələr müasir dövrün tələblərinə cavab vermir;
    • Məhkəmələrin cəmiyyətdə nüfuzu yoxdur;
    • Ədalət mühakiməsi keyfiyyətli və səmərəli deyil, onun formalaşması prossesi çox ləng gedir;
    • Məhkəməyə müraciət imkanları dardır, məhduddur;
    • Məhkəmələrin fəaliyyətində şəffaflıq yoxdur, məhkəmə icraatlarının effektivliyi zəifdir;
    • Məhkəmələrdə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, qanun qarşısında bərabərlik prinsipləri pozulur;
    • Məhkəmə qərarları tam və vaxtında icra edilmir;
    • Məhkəmələrdə süründürməçilik və digər neqativ hallar baş alıb gedir;
    • Mühakimə mexanizmləri effektiv deyil;
    • Məhkəmə qərarları 5 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də tamlıqla elektron dərc edilmir;
    • Məhkəmələrdə 5 il öncə Fərmanda nəzərdə tuutlmasına baxmayaraq işlərin təsnifi və hakimlərin təyini hələ də bütünlüklə avtomatlaşdırılmış aparılmır;
    • Hakimlər ixtisaslaşmadığı üçün ciddi xatalara yol verir, savadsız qərarlar çıxarır;
    • Hakim və məhkəmə sədrlərinin peşəkarlığının qiymətləndirilməsi proseduru formaldır və aydın meyarlar mövcud deyil;
    • Məhkəmələrdə eyni hüquqi məsələlərə fərqli qərarlar çıxarılır, vahid məkhəmə təcrübəsi yoxdur və ədalət zədələnir;
    • Hakimlər müstəqil deyil, onlara hər cür (siyasi, inzibati və s.) müdaxilələr var və bu müdaxilələri edənlərə qarşı hər hansı məsuliyyət yoxdur; 
    • Hüquq pozuntusuna yol verən, qanunu pozan hakimlər doğru-dürüst bir məsuliyyətə cəlb edilmir;
    • Hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi çox zəifdir, onlar maddi ehtiyacdan fərqli yollara sövq edilə bilir;
    • Məhkəmə infrastrukturu hələ də yenilənib, başa çatmayıb;
    • Məhkəmə icraatında müasir informasiya texnologiyaları yerində və hərtərəfli tətbiq edilmir;
    • Cəza siyasəti hümanist deyil, kriminal əhatə çox geniş müəyyən edilib;
    • Dövlət rüsumu rastgələ müəyyən edilib;
    • Məhkəmə iclaslarında “qaydasızlıq” hökm sürür, iclasın protokolları daha çox senaryonu xatırladır, gerçək müzakirələrin əksəriyyətini protokollarda görmək mümkün deyil;
    • Məhkəmə ekspertizaları bir çox halda formal və qeyri-effektivdir;
    • Xüsusilə sahibkarlar daha çox süründürməçiliklə qarşılaşır, effektiv və ədalətli, obyektiv mühakimə prosesinə həsrətdirlər;
    • Məhkəmələrdə qeyri-prossesual hərəkətlər davam edir, vəkillər, hakimlər, müstəntiq və prokurorlar də bu prosesdə (oxu: “al-ver” prosesi) aktiv iştirakçıdır;
    • Elektron icra aparılmır, icra məmurları süründürməçilik edir, vəzifə səlahiyyətlərini sui-istifadə edir, qərarları icra etməmək və ya etmək üçün tərəflərdən şirnilik (oxu: rüşvət) alır;
    • 800 mindən çox icra edilməli olan məhkəmə qərarını toplam sayı 500-600 nəfər olan icra məmurları icra edə bilmir. Odur ki, özəl və pullu xidmət göstərən icraya ehtiyac var;
    • Məhkəmələrin icraatında olan məhkəmə işlərinin sayı sadəcə elektron məhkəmə portalına inteqrasiya edən 48 məhkəmə üzrə 780 mindən çox olmasına və bir çox işdə ekspertizaya ehtiyac olmasına baxmayaraq tək espertiza aparmaq səlahiyyəti olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi bu işin öhdəsindən gəlmir, alternatıv özəl ekspertizaya ehtiyac var (qeyd: e-məhkəmə portalına inteqrasiya etməyən məhkəmə sayı 63-dür);
    • 5 ildən çox vaxt keçib, hələ də elektron məhkəmə tam təmin edilməyib, 111 məhkəmənin sadə 48-i qismən sistemə inteqrasiya edilsə də 63 məhkəmə e-məhkəmə portalına inteqrasiya edilməyib, 5 il öncəki fərmanda nəzərədə tutulanların əksəriyyəti kağız üzərində qalıb;
    • 10 milyonluq ölkə əhalisinə xidmət göstərən, 1 milyonadək işə baxmalı olan fəaliyyətdəki 569 hakim yetərli gəlmir və onlar iş yükü altında əzilir.
Bu ifadə edilən problemlər fərmanda yazılanların tərsdən oxunuşudur. Bir də buna yazılmayanları əlavə etsək, əslində nələrin islahat sayılacağı sualına aydınlıq gələcək. Bu yuxarıda sayılanlar və fərmanda da etiraf edilən problemlər realdır amma problem bunlarla məhdudlaşmır. 
Hakimiyyətin bir qolu olan məhkəmə hakimiyyətinin müstəqilliyi problemi fərmanla yox, konstutsional yanaşma ilə islahata gedə bilər. Konstitusiyada məhkəmə hakimiyyəti icra hakimiyyətindən aslı olduğu müddətcə səthi addımlar fundamental problemləri doğuran məhkəmə hakimiyyəti müstəqilliyinin boşluğunu doldura bilməz. 
Məhkəmə-hüquq islahatlarının zəruri edən bir digər problem Məhkəmə-Hüquq Şurasının formalaşması və strukturudur. Hakimlərin qorxulu yuxusu halına gələn, onsuz da çox məhdud olan müstəqilliklərini təhdid edən bu qurumun formalaşmasını və fəaliyyətini tənzimləyən Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulan 15 üzvün 9-ü birbaşa, yaxud dolaylı olaraq icra hakimiyyəti tərəfindən təyin edilir. 2014-cü ildə ümumiyyətlə absurd olan bir Qanun dəyişikliyi ilə Şuranın 4 üzvünü Şuranın özü seçir. Yəni Məhkəmə-Hüquq Şurası formalaşmaqda ikən, mövcud olmadığı halda 4 üzvünü “səs verib” seçir. Ayrıca, qanunda tək demokratik senz olan üzvlərin 2 dəfədən çox seçilməsini önləyən maddə də 2010-cu ildə qanundan çıxarılıb. Məhkəmə-Hüquq Şurasının formalaşması və fəaliyyətini yenidən təftiş etməyən bir islahat, məhkəmə-hüquq islahatı kimi xarakterizə edilə bilməz.
Məhkəmə-hüquq islahatlarını zəruri edən başqa bir məsələ, polisin, prokurorluğun da yer aldığı istintaq orqanlarının içində olduğu problemlərin ədalət sistemini laxlatması, ədalətə olan inamı zədələməsidir. İbtidai istintaq zamanı yol verilən hüquq pozuntuları, qanunsuz yollarla sübutların toplanması, insanların günahsız həbsi, işgəncə görməsi, siyasi məhbus “istehsal edən” sistemdən imtina edilməməsi, müdafiə hüququna olan müdaxilələrin aradan qaldırılmaması kölgəsində təkbaşına məhkəmələrə yönəlik addımlar yetərli islahat sayıla bilməz. İslahat gərək istintaq orqanlarını, polisi, prokurorluğu da içərisinə alsın. 
Məhkəmə hüquq islahatı müdafiə institunun yenidən, demokratik və muxtar formalaşmasını zəruri edir. Müdafiə etdiyi şəxsin ailəsinə göndərdiyi məktubların yazışma gizliliyini pozaraq kitab yazan və 5 dilə tərcümə edənlərin idarə etdiyi, işgəncəyə məruz qalan müdafiə etdiyi şəxsə qarşı insanlıq suçu olan işgəncə cinayətini şikayət etmək əvəzinə gizlədərək: “cavansan, unudacaqsan”-deyən vəkilləri himayə edən, müdafiə etdiyi şəxsə qarşı qanunsuz hərəkətləri ifşa edib, ictimailəşdirən vəkilləri üzvlükdən çıxaran vəkillik institutu islahat etmədən  məhkəmə hüquq sistemi islahat keçirə bilməz. Bu sahədə islahat olacaqsa, hökmən vəkillikdə ciddi islahat aparılmalı, nümayəndəlik institutu bərpa edilməli, alternativ kollegiyaların yaradılması yolu açılmalı, vəkilliyə yazılı imtahandan sonra siyasi filtir rolu oynayan müsahibə mərhələsi ləğv edilməli, istintaq orqanlarının göstərişləri ilə vəkillikdən uzaqlaşdırmalar tarix olmalıdır. 
Təhsilə toxunmadan islahat olmaz. Dövlət universitetlərinin monopoliyasına alınan hüquq təhsili özəl universitetlərə açılmadan, təhsildə demokratik metodlar gətirilmədən, akademik azadlıqlar olmadan məhkəmə hüquq islahatı tam islahat sayılmaz.

Fərmanda yazılanların icrası mümkündürmü?

Fərmanda nəzərdə tutlan “islahatlara” nəzarət mexanizminin mövcud olmaması problemdir. Məhkəmə-hüquq sisteminə ictimai nəzarət olmadan, fərmandakı göstəriş və tövsiyalərin icra durumunu müstəqil monitorinq edib, qiymətləndirən tərəf olmadan hədəflənən məqsədə, şəffaflığa, ədalətin bərqərar olmasına çatmaq, məhkəmənin nüfuzunu qazanmaq mümkün olmaz.
Fərmanda nəzərdə tutulanlar və onları reallaşması ehtimalına gəldikdə, niyə belə bir fərmanın imzalanmasının əsaslandırılmasına baxmaq lazımdır. 3 aprel 2019 tarixli bu fərmanın giriş hissəsində fərmanı imzalamağı zəruri edən amil kimi:  “Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.” -göstərilir.
Maraqlıdır ki, bundan 5 il öncə 13 fevral 2014-cü ildə Prezidentin imzaladığı № 268 saylı məhkəmə islahatı kimi təqdim edilən bir başqa Fərmanda da buna bənzər ifadələr işlədilmiş, “məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsinə xidmət edəcəyi” bildirilmişdir.
Aradan 5 il keçmiş, məhkəmələrin islahatı məqsədi ilə yenə eyni səbəblərin və məqsədin aktuallığı təkrarlanmışdır. Bu zaman bir sual yaranır. 5 il öncə nəzərdə tutulan zəruri tədbirlər nələr olub, bu  addımlar atılıbmi, və onların icra vəziyyətinin nə yerdə olduğunun monitorinqi aparılıbmı, hesabatı cəmiyyətə verilibmi? 
Bu sualların cavabı həm də 3 apreldə islahat kimi təqdim edilən növbəti fərmanın icra olunub-olunmayacağına dair ipucu verir. Bir sözlə hökumətin 5 ildə etdikləri bundan sonra da edəcəklərinə təminat verəcək. Yaxud əks tərəfdən baxdıqda, etməli olub, etmədikləri bu fərmanın da icra edilməyəcəyinə dair şübhələri gücləndirəcək. 

5 il öncə nə nəzərdə tutulmuşdu? İndi nəzərəd tutulanlar onunla eynilik təşkil edirmi?
13 fevral 2014-cü ildə elektron məhkəmələr yaradılması və 12 fərqli tədbirlərin görülməsi nəzərdə tuutlurdu. Bunlar:
    • 1. ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu;
    • 2. cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini;
    • 3. məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;
    • 4. məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;
    • 5. məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;
    • 6. məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;
    • 7. işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;
    • 8. qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini;
    • 9. sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”nin yaradılmasını;
    • 10. “Elektron hökumət” portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;
    • 11. məhkəmə statistikasının elektron qaydada aparılmasını;
    • 12. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.
İstənilən şəxs bu sayılanların aradan keçən 5 ildə necə icra edildiyinə dair ilkin fikirə sahibdir. Çünki, məhkəmə ilə əksəriyyətin heç olmasa bir dəfə fəaliyyəti  kəsişib. Hər kəs bilir ki, sadəcə internet üzərindən məhkəmə işi açmaq, yaxud etiraz vermək, vəsatət irəli sürmək hansı vəziyyətdədir. Bu 5 ildə elektron məhkəmə portalı yaradılsa da, funksionallığı çox məhdudur. Ölkədəki mövcud 111 məhkəmənin 63-ü sistemə ineqrasiya edilməyib. İntiqrasiya edilən məhkəmələr isə tam elektron xidməti sistemli şəkildə vermir. Ölkə üzrə bütün məhkəmələrdə sənədlərin elektron dövriyyəsi aparılmır. Məhkəmələrin video və audio yazısı aparılmayıb. Məhkəmə prosesini online izləmək mümkün deyil. Bir sözlə, yuxarıdakı bəndlərin hər biri üzrə bu öhdəliklərin icra vəziyyətini və əslində tam icra edilmədiyini görürük. Belə olmasa, 3 aprel 2019 tarixli Fərmanın  bir hissəsi təkrar bu problemləri saymazdı.
Fərmanın müxtəlif bəndlərində bildirilir ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:
    • “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin edilsin;
    • “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görülsün;
    • Fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görülsün;
    • Məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilsin;
    • Məhkəmə qərarlarının elektron qaydada dərc edilsin;
    • Məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülsün;
Üstəlik, 2013-cü il Fərmanında icranın aşağı orqanı kimi bu işlərin görülməsi birbaşa Nazirlər Kabinetinə tapşırıldığı halda bunların əksəriyyəti icra edilməyib. Halbuki, icra orqanına yönələn  tapşırıqlarin icrası məcburidir.
İndi isə son Fərmanda icra orqanına tapşırıqların çoxu, icraya aidiyyatı olmayan qurumlara bu addımların atılması tövsiyə edilib. Tövsiyənin icrası məcburi deyil. İcra orqanı onlara yalnız tövsiyə verə bilər. Tövsiyənin icrası tərəflərin vicdanına qalır. Fərmanda 24 fərqli məsələ məhkəmələrə, Məhkəmə Hüquq Şurasına, Vəkillər Kollegiyasına, Sahibkarlar Təşkilatı Milli Konfederasiyasına tövsiyə edilib. Bu da həmin məsələlərin icrasına nəzarəti mümkünsüz edir. 
Yekunda vurğulamaq lazımdır ki, bu fərmanda sayılan və icra edilərsə qismən məhkəmə hüquq sistemində yaxşılaşdırmağa səbəb olacaq göstərişlər mövcuddur. Alternativ ekspetiza, məhkəmə protokollarının audio səs yazısına uyğun tərtib edilməsi kimi. Bunlar problemləri sayanda vurğulandı. Təəssüf ki, hökumətin daha öncəki yanaşmalarını xatırladıqda ciddi bir dəyişikliyin olacağına ümid etmək mümkün görünmür. Ayrıca, məhkəmə hüquq sisteminin problemi sadəcə texniki problemlər deyil ki, onları bir fərmanla, tövsiyələrlə yoluna qoymaq mümkün olsun.  Burda isə məsələlərə daha çox texniki yanaşıldığı görünür.


Ələsgər Məmmədli

30 Nisan 2016 Cumartesi

REAL hərəkatının rəhbəri İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılmasına davam edilməsi Azərbaycan məhkəmə-hüquq sisteminin iflasın eşiyində olduğunun açıq göstəricisidir

REAL hərəkatının rəhbəri İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılmasına davam edilməsi Azərbaycan məhkəmə-hüquq sisteminin iflasın eşiyində olduğunun açıq göstəricisidir və Azərbaycanın beynəlxalq miqyasda dövlət imicinə, mənafeyinə zərbədir.

Dövlət beynəlxalq münasibətlərdə qoşulduğu Konvensiyalara sadiq qaldıqda, atdığı imzaya hörmət etdikdə başqaları tərəfindən də sayğı görür. Əgər Dövlətin qurumlarının, hökumətinin atdığı imzaya öz məhkəmə sisteminin, hakimlərinin hörməti yoxsa, başqalarının həmin imzaya və ya iradəyə sayğı göstərməsini gözləmək ağılsızlıqdır.
Azərbaycan AŞ İnsan Haqları Konvensiyasını Hökuməti səviyyəsində imza edib, Parlamenti səviyyəsində isə ratifikasiya edib. Həmin Konvensiyaya əsasən AİHM qərarları Azərbaycan üçün bağlayıcıdır.  Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının məcburi qüvvəsi və icrasını göstərən 46-cı maddəsində bildirilib ki,  “Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.”
İlqar Məmmədov 2013-cü il Fevralda qanunsuz həbs edildikdən qısa müddət sonra daxili Məhkəmələrin hüquqazidd davranışlarından AİHM-ə şikayət göndərildikdə,  Avropa İnsan Hüquqları Məhkəməsi həmin şikayətə prioritet verərək çox qısa müddətdə baxaraq  22 May 2014-cü ildə “həbsin qanunsuz olduğu və qeyd-şərtsiz azadlığa çıxmasını tələb edən qərarını elan etmişdir. Hökumətin qərarın icrasını ləngitmək üçün 3 aylıq müddətin sonunu gözləyərək verdiyi şikayətə baxmayaraq, Böyük Palata şikayəti rədd etmiş və 13 Oktyabr 2014-cü ildə bu qərar hüquqi qüvvəyə minmişdir.
Normal öhdəliklərinə və daxili və xarici hüquqa hörməti olan istənilən ölkə hökuməti bu halda qərarı 3 ay ərzində icra etməlidir. Lakin təəssüf ki 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq , İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılmasına israrla davam edirlər. Avropa Şurası formalaşdığından bugünədək kecən 66 ildə AHİM-in bir qərarının icrasına görə AŞ Nazirlər Komitəsinin 6 qərarının olmasına baxmayaraq bir ölkənin öz vətəndaşını, üstəlik də həmin vətəndaşın cinayətkar olmadığını bilməsinə rağmən həbsdə tutmasının anologu yoxdur. Şəxsi intiriqa istisna olmaqla məntiqi atqumenti də yoxdur.
Bu yanaşma ölkədə hüququn işləmədiyinin göstəricisi olmaqla bərabər, şəxsə görə fərqli davranıldığı və hüquq qarşısında şəxsin bərabərliyi prinsipinin də tanınmadığı anlamına gəlir.

Hökumət İlqar Məmmədovu “həbsdə saxlayacağam”- deməklə əslində başqa tablonu-ölkə “hüquq sisteminin iflas etdiyini daha aydın sərgiləyir. Bu prosesdə İlqar Məmmədov öz azadlığını barmaqlıqlar arxasında “itirərkən”, ölkənin hüquq sisteminə inam daha geniş miqyasda yox olur və beynəlxalq miqyasda dövlətin imicinə sağalmaz zərbələr vurulur.