“Dünya Mətbuat azadlığı günü” tədbirindən izlənimlər
2-4
May 2016-cı il tarixləri arasında Finlandiyanın paytaxtı Helsinkidə UNESCO-nun
təşkilatçılığı ilə təşkil olunan “Dünya
Mətbuat azadlığı günü” tədbirlərində iştirak imkanı əldə etdim. Hər bir tədbirdə
iştirak etdikdən sonra, mümkün qədər müşahidələrimi paylaşaraq, qalıcı olmasına
çalışıram.
Bu səfər
də mənim üçün çox məhsuldar və yaddaqalan oldu. Xeyli maraqlı ikitərəfli görüşlərim
oldu. Effektiv oturumlarda iştirak edib həm öz təcrübələrimizi paylaşmaq, həm də
müxtəlif təcrübələri yaxından öyrənmək imkanı əldə etdik.
Tədbirlərin
ilk günü Helsinkinin önməli məkanlarından biri olan Finlandiya Hall`da bir neçə
paralel oturumlar, müzakirələr təşkil edilmişdi. Mən
bizim regionu və xüsusilə ölkəmizi də yaxından ilgiləndirən mövzulardan biri
olan “iki ölkə, tək peşə” adlı panelə qatılaraq, orda xüsusilə Ukrayna və
Rusiya jurnalistlərinin Ukraynanın bir hissəsini və Kırımı işğal edib sonra ilhaq
edən, on mindən çox insanın ölümünə, 20 min insanın yaralanmasına, yüzminlərlə
insanın evini, yurdunu tərk etməsinə səbəb olan hərbi münaqişədən sonrakı “dialoq”
mühitini yaxından müşahidə imkanı əldə etdim. Paneli İREX Avropa ilə birlikdə
Rusiya və Ukrayna Jurnalistlər İttifaqı birlikdə təşkil etmişdi.
Doğrudur, panel iki ölkə arasında münasibətlərə
aid kimi görünsə də, bizim də, ermənistandan olan nümayəndələrin də, Belarusdan
gələn jurnalistlərin də iştirakı ilə panel daha geniş yelpazə qazandı və çox
maraqlı müzakirələr alındı. Xüsusilə, paneldə Azərbaycandan olan jurnalist və
keçmiş siyasi məhbus Əvəz Zeynallının, Belarusan olan jurnalist və keçmiş
siyasi məhbus Natalia Rodinanın orda olması Moderatorun diqqətini bu iki ölkədəki
ifadə azadlığına, mətbuat azadlığına və jurnalistlərin problemlərinə də yönəltdi.
Bu istiqamətdə ölkədəki vəziyyətə dair qısa çıxış etmək də mənə düşdü.
Bu tip tədbirlərdə insan üçün ən çətin olan
şey öz ölkəndəki problemlərdən danışmaqdır. Çünki mənəvi olaraq ölkənə olan
sevgi və sayğı, onun mənafeyini uca tutmaq istəyi, habelə insan olaraq dürüst olma və dürüst
qalma prinsipin bir-biri ilə adətən çarpışır. Qızıl ortanı tapmaq heç də asan
olmur. Xüsusilə, indiki İKT-nin inkişaf səviyyəsi, sosial şəbəkə gerçəyi ölkədə
baş verənlərin hər birinin bu sahəyə diqqəti olan hər kəs tərəfindən
bilindiyini göstərir. Mən də çalışdım ki, dürüst olum. Ölkədəki son illər
yaradılan süni problemlərdən, habelə çox dəyər verdiyimiz Xədicə İsmayıl kimi,
Seymur Həzi kimi jurnalistlər başda olmaqla bəzi jurnalist və blogerlərin hələ
də həbsdə olmasından duyduğumuz üzüntünü dilə gətirdim. Amma əsas çağırışım BMT-nin
çətiri altında olan, mədəni, mülki, siyasi, sosial, iqtisadi məsələləri əhatə
edən Konvensiyaya qoşulan, UNESCO-nun tədbirlərində iştirak edən ölkə yönətimlərinə
oldu. Onlara səsləndim ki, jurnalistləri
rahat buraxın, onları sırf jurnalist fəaliyyətinə görə təqib etməyin, həbsə
atmayın, aşağılamayın, həyatlarına təhlükə yaradanlarla mübarizə aparın,
diffamasiyaya görə qorxutmayın.
Növbəti gün 3 may idi-Dünya Media Azadlığı günü.
Min nəfərlik salon demək olar ki dolu idi. Dünyanın əksər ölkələrindən, bütün
qitələrdən insanlar-ekspertlər, hüquqşünaslar, jurnalistlər, siyasıtçilər bura toplaşmışdı. Bədii bir səhnə ilə-baletlə
başlayan açılış, sonra siyasi çıxışlarla davam etdi. UNESCO-nun baş direktoru
İrina Bokova (hansı ki bu günlərdə onun Nyu Yorkda 3 milyonluq daşınmaz aldığı
və bunun korrupsiya nəticəsi ilə olduğu faktı dünya mediasının gündəmindədir),
ardınca Finlandiyanın Baş Naziri Juha Sipilia sonra isə Helsinki Şəhər Meri
Jussi Pajunen çıxış edib, media azadlığından, jurnalist haqlarından, beynəlxalq
qorumalardan bəhs edən çıxışlar etdi. Bir saat davam edən açılış Finlandiya mədəniyyət
nümunəsi olan bir opera səhnəsi ilə yekunlaşdı.
Açılışdan dərhal sonra çox önəmli üç panel
vardı. Mən onlardan ən çox mənim diqqətimi çəkən birində “Qaçqın böhranının İctimai
yayım mediası dəyərlərinə təsiri” panelinə qatıldım. Panelin təşkilatçıları
Media Fərqlilik İnstitutu, Avropa Yayım Birliyi və Finlandiya Yayım Birliyi
idi. İndoneziya Universitetindən Professor Ade Armandonun moderatorluğunda
İrandan, Brazilyadan, Danimarkadan, Ruminyadan, Böyük Britaniyadan və
İrlandiyadan panelistlər son dönəm gedərək artan münaqişələrdən əziyyət çəkən və
yurd-yuvasından dünyanın dörd bir tərəfinə yayılan qaçqınların yaşadıqları
dramı, mediaların xüsusilə spesfik qaydaları olan ictimai mediaların bu artan insanlıq
dramına yanaşmasını müzakirə etdilər. Ümumiyyətlə mayin 3-də və 4-də çox
maraqlı panellər oldu. Hər biri geniş baxış acısı yaradan müzakirələrə səhnə
oldu.
Amma
bu ilki tədbirə mənə görə möhür vuran məqam Azərbaycanlı araşdırmaçı jurnalist Xədicə
İsmayılın “Dünya Mətbuat Azadlığı Mükafatı” 2016 laureatı olması idi. Xədicə
xanımın bu mükafata layiq görülməsi qürur hissi yaradan məqam idi. Lakin Onun günahsız
yerə həbsdə saxlanması, mükafatı almağa gələ bilməməsi üzücü və utancverici məqam
idi. Xüsusilə 80-li yaşlarını haqlamış, yaşlı və xəstə Anasının onun mükafatını
almaq üçün çox əziyyətlə Helsinkiyə gəlməsi, tribunaya çıxıb həyacanla, nisgillə
Xədicənin məktubunu oxuması çox duyğulu anlar yaşatdı. Əslində arzu olunan o
idi ki, Xədicə İsmayıl həbsdən azad edilərək mükafat almağa özü yollanaydı. Beləliklə,
həm ölkədə ifadə azadlığı və mətbuat azadlığının vəziyyətinin yaxşılaşmasına
bir işarə olardı, həm də o yüksək tribunada ölkənin, onun yönətiminin imicinə müsbət
çalar qatardı. Amma olmadı. Ölkənin və onun yönətiminin imicinə zərbə üstünə zərbə
vuran davranışdan vazkeçilmədi. Yanlışa davam edildi. Xədicənin həbsdə saxlanması Xədicənin dəyərinə,
imicinə dəyər qatdıqca, onun həbsdə saxlanmasının tərfdarı olanları dəyərdən
salır, imiclərinə sağalmaz yaralar vurur. Əlbəttə daha çox ölkə itirir. Həm
jurnalist azadlığı indekslərinə görə hər il daha da sonlara doğru sürətlə irəliləyir
həm də çox dəyərli jurnalistlər təcrid edilərək ölkə mediasına verdiyi müsbət
qatqıdan mərhum edilir. Bir an öncə bu yanlış yanaşma tərk edilməli, Xədicə
İsmayıl qeyd-şərtsiz azad edilməli, digər siyasi məhbus siyahısına düşmüş şəxslər
də azadlıqlarına qovuşmalıdır.
B
u səfərdə Avropada yaşayan və işləyən Azərbaycanlı
jurnalistlər və media qurumlarının təmsilçiləri ilə də görüşmək, müzakirələr
aparmaq imkanım oldu. Azadlıq radiosundan Kənan Kazımoğlu, “Meydan Tv”-nin
qurucularından Emin Milli, RATİ-nin qurucularından olan və Avropa oyunları ərəfəsində
ölkə vətəndaşlığından çıxarılaraq İsveçrəyə
göndərilən Emin Hüseynov, Danimarkanın Beynəlxalq Mediaya Dəstək təşkilatının
departament rəhbəri Gülnarə Axundova bu qəbildən şəxslər idi.
Hər
bir səfərdə yol yoldaşları səfəri maraqlı və yaddaqalan edən məqamlardan
biridir. Bu səfərdə Əvəz Zeynallı və Xanımı Məlahət Xanım, Azər Həsrət və Ayaz
Mirzəyev yaxşı yol yoldaşı kimi yaddaqaldılar. Onlara səmimi təşəkkürümü
bildirirəm.
Bir
az da Finlandiyanın paytaxtındakı müşahidələrimi yazmaq istəyirəm. Helsinki
gözlədiyimin əksinə Bakıdan isti oldu. Bakıda getdiyimdə havanın temperaturu 14-15
dərəcə aralığında və soyuq küləkli idi. Amma Helsinkiyə enəndə günəşli və 18 dərəcə
isti vardı. Sonrakı günlər də günəşli və isti oldu. Diqqətimi çəkən məqam sadəcə
temperatur deyildi. Helsinki infrastrukturu yaxşı qurulmuş və insana xidmət
üçün ideal vəziyyətə gətirilmiş bir şəhərdir. Yolları demək olar ki geniş və
boş idi.
Tıxac görmədim. Nə yol polis partulu və də polis rastıma çıxmadı. 5
günlük müddətdə ümumiyyətlə bəzi binalarda olan özəl güvənlik istinsa olmaqla
heç uniformada insan rastıma çıxmadı. Şəhərdə müşahidə kameraları da yox deyiləcək
qədər az idi. 20 km-lik havalimanı yolunda və şəhər içi yollarda radar yox idi.
Amma həyat çox düzənli axıb gedir. İnsanlar onlar üçün ayrılmış velisoped
yollarından, tramvaylardan, elektrikli qatardan gen-bol istifadə edir. Bizim Bakıda görməyə
alışdığımız iri həcmli
cip maşınlar heç qarşıma çıxmadı. Daha çox digər Avropa ölkələrində olduğu kimi
xırda avtomobillərə üstünlük verirlər. Sonda bir müşahidəmi də deyim ki, bizdə
yüksək çinli məmurların gəzdiyi qara rənkli 2015 model Mercedeslər orda taxsi
xidməti göstərir. Biz də hava limanından ilk mindiyimiz taksi məhz belə maşınlardan idi.
Amma bizim tədbirdə iştirak edən Finlandiya Prezidentinin, Baş Nazirinin,
Xarici işlər Nazirinin və Mədəniyyət Nazirinin heç birinin maşını son model
Mercedes və ya BMW deyildi. Daha köhnə
model Audilər idi və onların ətrafında ətdən hörülmüş qoruma divarı yox idi...
Hiç yorum yok:
Yorum Gönder