27 Haziran 2020 Cumartesi

QHT necə inzibati cəza protokolu tərtib edə bilər? – Bu biabırçılıq aradan qaldırılmalıdır

2020-ci ilin aprel ayında Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi yerləşdiridi. 

İlk oxunuşdan keçmiş layihəyə əsasən, dövlət dili normalarının kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında pozulmasına görə inzibati cəza – cərimələr müəyyən edilirdi. Fiziki şəxslərin 100 manatdan 200 manatadək, vəzifəli şəxslərin 300 manatdan 400 manatadək, hüquqi şəxslərin 500 manatdan 1000 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulurdu.

Bu layihənin bir neçə aspektdən hüquqazidd olduğu və nədən qəbul edilməməli olduğuna dair bir yazı ilə çıxış etdim. 

Əsaslandırmam belə idi: 

“Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən ediləndən sonra məsuliyyət nəzərdə tutula bilər. Dövlət dili ilə bağlı məsuliyyəti nəzərdə tutan qanun isəDövlət dili haqqında” qanundur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutulub. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi yox, qanun özü müəyyən etməlidir, edib də.
Dövlət dili haqqında” qanunun doqquz maddəsi (4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci maddələr) dövlət dilinin işlənməsinin zəruri olduğu sahələri göstərib. Qanunun həmin maddələrinə əsasən, rəsmi mərasimlərdə; təhsil sahəsində; televiziya və radio yayımlarında; xidmət sahələrində, reklam və elanlarda; xüsusi adlarda; coğrafi obyektlərin adlarında; hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda; beynəlxalq yazışmalarda dövlət dlinin işlənməsi zəruridir, eyni zamanda inzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə olunmalıdır.
Deməli, İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdudlaşmalıdır. Amma məcəlləyə dəyişikliyi nəzərdə tutan layihədə həmin sahələrin birindən – reklam sahəsindən savayı heç birinə toxunulmur, üstəlik, layihə qanunda olmayan iki önəmli sahəni – kütləvi informasiya vasitələrini və interneti məsuliyyət çərçivəsinə salmağı planlaşdırır.
Diqqət etsək, görərik ki, Dövlət dili haqqında” qanunda (6-cı maddə) kütləvi informasiya vasitələrindən yalnız televiziya və radiolar üçün məsuliyyət nəzərdə tutulub. (Əslində bu da mübahisəlidir, qanun yalnız dövlətin təsis etdiyi və maliyyələşdirdiyi televiziya və radiolarla məhdudlaşmalı idi).
Deməli, geniş şəkildə kütləvi informasiya vasitələri və internet resursları üçün məsuliyyətin müəyyən edilməsi mümkün deyil və buna hüquqi əsas yoxdur.
Dövlət dili normalarının pozulmasına görə bütövlükdə kütləvi informasiya vasitələri və internet resursları üçün inzibati cəzanın müəyyən edilməsi Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə də ziddir.”

8 may 2020-ci il tarixində Milli Məclisin plenar iclası haqqında dərc olunan materialda bəlli oldu ki, sadəcə İXM-yə olan dəyişiklik deyil, sahəvi bir sıra qanunlara dəyişiklik olub və müzakirə edilərək qəbul edilib:

“"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verdi. 
Bildirdi ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Qeyd olundu ki, qanun layihəsinin ictimai müzakirəsi də keçirilib və bir sıra məsələlərə aydınlıq gətirilib. 
Müzakirələr zamanı millət vəkilləri Siyavuş Novruzov, Nizami Cəfərov və Qüdrət Həsənquliyevin fikirləri dinlənildi və qanun layihəsi  səsə qoyularaq təsdiqləndi.”

Müzakirə edilən və qəbul edilən dəyişikliyin mətni Milli Məclisin stenoqramlarının vaxtında sayta yerlşdirilmədi səbəbindən bəlli olmadı. Lakin 23 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında bu qanunların qüvvvəyə minməsini göstərən sənədlər yayıldı. Məlum oldu ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 533-1-ci maddədən layihədə olan internet informasiya resurslarında - sözü çıxarılıb, lakin kütləvi informasiya vasitələri saxlanılıb: 

Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə- fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

23 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında daha bir sənədin - Fərmanın qəbul edildiyi görülür. Bu, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 94-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanıdır. 
Fərmana əsasən,  Prezidentinin 2020-ci il 1 may tarixli 1013 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 60-1-ci hissə əlavə edilir:
60-1. Məcəllənin 533-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
60-1.1. teleradio yayımlarına münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
60-1.2. digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından – bu Siyahının 31.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər;

Fərmana əsasən dövlət dili normalarını pozan kütləvi informasiya vasitələrinin jurnalistləri, vəzifəli şəxsləri və KİV orqanları haqqında inzibati protokolu Azərbaycan Mətbuat Şurası adından – Şuranın sədri, onun müavini, Naxçıvan Mətbuat Şurasının sədri tərtib edəcək. 

Milli Televiziya və Radio Şurası kolegial dövlət qurumu olduğundan onun teleradio sahəsinə dair  inzibati xətalarla bağlı müəyyən səlahiyyətlərinin olması təbiidir. 

Lakin diqqət çəkən 60-1.2-ci bənddə göstərilən Azərbaycan Mətbuat Şurasıdır. Mətbuat Şurası təşkilati-hüquqi formasına görə qeyri-hökumət təşkilatıdır.Onun Nizamnaməsinin 1-ci bəndində göstərilir: 
1.1. Azərbaycan Mətbuat Şurası (bundan sonra «Şura» adlandırılacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə nail olmaq üçün yaradılmış könüllü, özünüidarəedən, gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır.”
 Təsisçiləri  əsasən jurnalistlərdir. Nizamnaməsinin 3.2-ci bəndinə əsasən  “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mətbu nəşrlərin təsisçiləri və hüquqi şəxs olan redaksiyaları, informasiya agentlikləri, jurnalist birlikləri və Şuranın Nizamnaməsinin tələblərini  qəbul edən fiziki şəxslər Şuranın üzvü ola bilərlər”.
 İctimai qurum olduğundan onun nə dövlət qurumu kimi nə də müvafiq icra hakimiyyəti orqanı kimi inzibati səlahiyyət alması hüquqi baxımdan mümkün deyil.

 Artıq 3-cü dəfədir ki, Prezident Fərmanarında Mətbuat Şurasını inzibati orqan kimi “görür” və “müvafiq icra hakimiyyəti orqanı” yerində jurnalisti, vəzifəli şəxsləri, KİV-i  cəzalandırma vəzifəsi yükləyir. 

İlk dəfə 6 mart 2009-cu il tarixli 774-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Kütləvi informasiya vasitələrinə xitam verilməsini nəzərdə tutan KİV haqqında Qanunun 19-cu maddəsinə əlavə edildi. Bu əlavə ilə bəzi qurumların KİV-in fəaliyyətini dayandırma və ya xitam vermə məqsədi ilə məhkəməyə müraciət etmə hüququ tanındı. Prezidentin Fərmanı ilə  dövri mətbu nəşirlərin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmalı olan müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri müəyyən maddələr üzrə  Azərbaycan Mətbuat Şurasına verildi. 

Həmin sənədlə əlavə olaraq, KİV haqqında Qanunun 29-cu maddəsində “Dövri mətbu nəşrlərin, o cümlədən dövlət qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qurum kimi  Mətbuat Şurasına məcburi göndərilməsi” nəzərdə tutuldu. 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Mətbuat Şurasının müvafiq icra hakimiyyəti orqanı kimi göstərilməsi ikinci dəfə 3 may 2017-ci ildə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulan əməllərə görə cəzalandırmaq üçün protokolları tərtib etmə  səlahiyyəti də  Mətbuat Şurasına verib. Mətbuat Şurasının inzibati protokol tərtib etdiyi hallar bunlardır:

Maddə 388. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə

388.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:
388.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağa;
388.0.2. mətbu nəşrdə çap olunan materialların Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;
388.0.3. Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;
388.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

Naraharedici haldır ki, hökumətin hüquq siyasətinə nəzarət edən şəxslər və qurumlar konstitusiyon hüquq pozuntusu olan bu məsələyə diqqət etmir, dövlət səlahiyyətlərini qeyri-hökumət təşkilatına yükləməyə davam edir. 
Konstitusiyanın 6-cı maddəsində bildirilir: “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”.

Konstitusiyanın 7-ci maddəsində isə göstərilib: 
“III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Konstitusiyanın 25-ci maddəsi deyir:
“III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.”
Halbuki hazırda praktikada bir mətbu orqan təsis edən QHT ilə, ona cərimə tətbiq edən QHT (Mətbuat Şurası) arasında hüquqi bərabərsizlik yaradılıb. Bir QHT-yə inzibati cərimə protokolu tərtib etmə hüququ verilib, digərinə o QHT-nin verdiyi cəzaya əməl etmə öhdəliyi yüklənib. 

Təəssüf ki, bu dövrdə Mətbuat Şurası da öz Nizamnaməsində olmayan vəzifələri qanunla on yüklədikdə səsi çıxmayıb, bu vəzifələrin onun nə misyasına nə də nizamnaməsində göstərilən “2.ŞURANIN FƏALİYYƏTİNİN MƏQSƏDİ VƏ PREDMETİ”-nə uyğun olmadığını dilə gətirməyib.


Bu hüquqi biabırçılıq dərhal dərk edilməli və düzəldilməlidir. Mətbuat Şurası dövlət qurumu, nazirlik deyil, özünü tənzimləyici qurumdur. Onun səlahiyyətləri üzvlərinin qəbul etdiyi Nizamnaməsi çərçivəsindədir və ondan kənara çıxa bilməz. Onun üzvü olmayanlara yönələn hər hansı qərar, protokol qəbul etməsi, səlahiyyətlərini aşmaqdır. Ona İnzibati vəzifələrin icrasının yüklənməsi isə hakimiyyət səlahiyyətini hüquqazidd “mənimsəmə”dir. 

9 Mayıs 2020 Cumartesi

İranla Azərbaycan arasında “Xudafərin müəmması”

Araz çayı üzərində tikilən su elektrik stansiyası və hidroqovşaq milli maraqlarımıza ziddir.


Son günlər Azərbaycanla İran arasında Araz çayı üzərində Xudafərinvə “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi gündəmdədir. Mövzu ətrafında müzakirələr davam edir və körpü keçidin hazırda torpaqlarımızı işğalda saxlayan işğalçı Ermənistan tərəfindən istifadəsi, bir sözlə, İranın ölkəmizin mənafelərinə zidd davranışlarına münasibət birmənalı deyil. 
Bu müzakirələrdə fikir bilirənlərin bir hissəsi, xüsusilə iki ölkə arasında 2016-cı ildə bağlanan Sazişin bəzi məqamlarını önə çəkənlər bütövlükdə olaya qiymət verməkdən çəkinirlər. Onların, sadəcə, Sazişdə yazılan bəzi pozitiv məqamları vurğulaması bəzi ciddi məqamların araşdırılmasını zəruri edir. 

Nədir zəruri məqamlar?

Azərbaycan hökuməti məntiqi baxımdan faktiki nəzarət edə bilmədiyi ərazidə erməni işğalçıları tərəfindən də istifadə edilə biləcəyi reallığını nəzərə alaraq, İranın hər hansı tikinti aparmasına razılıq verməməli, özü də həmin layihəyə investisiya qoymamamlı, investisya qoyuluşuna ortaq olmamalı, vəsait verməməli idi. Çünki Azərbaycan həmin ərazidəki mövcud su anbarına və elektrik stansiyasına, onun tərkib hissəsi olan nəzarət keçid körpüsünə faktiki nəzarət edə və ondan birbaşa istifadə edə bilmir. 

Bura investisiyanın yatırılması yalnız o ərazini istifadə edənlərə, tam olaraq İrana və ərazilərimizi faktiki işğalda saxlayan Ermənistana sərf edir. 

İran Azərbaycan arasında bu layihəni dəstəkləyən Sazişdə BMT-nin qətnamələrinin vurğulanması İranın Azərbaycanı razı salması üçün tələdən başqa bir şey deyil. Çünki bu gün biz İrana qarşı həmin ərazilərin və onun üzərində anbara nəzarət üçün tikilən keçid körpüsünün erməni işğalçıları ilə birgə istifadə etməsinə faktiki etiraz da edə bilmərik. Özümüz icazə vermişik və öz imzamızla onun müdafiəsini və istifadəsini işğalın sonunadək təktərəfli İrana vermişik. İran da Azərbaycanı, habelə Sazişin bəzi şərtlərini vecinə almadan erməni işğalçılarına bu anbara nəzarət keçid körpüsü üzərindən  tırlarla mal və silah daşıya biləcək və daşıdığı da istisna deyil.

Ölkəmizin maraqlarına ziddir…

Bu layihənin reallaşmasına tikintisi başa çatıb, istismara verilməsindən illər sonra icazə verilməsi kimi arqumentlərə diqqət etdikdə bunun birmənalı ölkəmizin mənafelərinə zidd olduğu görünür.

Araz çayı üzərində Xudafərin” və ”Qız Qalası” hidroqovşaqlarının, həmçinin su elektrik stansiyalarının tikintisi 1998-ci il Prezident seçkiləri öncəsi gündəmə gəldiyində o zamankı Prezident H. Əliyev buna sərt etiraz etmiş, yolverilməz olduğunu bildirmişdi. H. Əliyev haqlı idi. Azərbaycanla İran arasında olan Araz çayından və hər iki tərəfin ortaq istifadəsində olan çay yatağından yalnız hər iki tərəfin razılığı və mənafeləri təmin edilərək istifadə edilə bilərdi. Azərbaycanın əraziləri beynəlxalq hüquqa zidd olaraq işğalda olduğundan bizim bu ərazidən faydlanmaq imkanımız yox idi və orada baş verən istənilən layihə, sadəcə, təktərəfli İrana, habelə əraziləri faktiki işğal edib, nəzarətində və istifadəsində saxlayan Ermənistana xidmət edəcəkdi. Üstəlik, yan infrastrukturdan Ermənistan işğalçılarının istifadəsini önləmə imkanımız olmayacaqdı. 

Qeyd: Google earth proqramının müxtəlif görüntüləri ilə faktları təqdim edərək, Azərbaycanın mənafelərinə, suverenliyinə necə qəsd edildiyini göstərməyə çalışacağam. 


İran tikib, sonra Saziş bağlayıb

Aşağıdakı şəkildə məhz 1998-ci il və ondan sonrakı 3 ilin görüntülərini təqdim edirəm. Bu dövrdə ərazidə Azərbaycanın etirazından sonra hər hansı fəaliyyət olmayıb.  
 Amma sonradan görüntülər sürətlə dəyişib. “Google”un 31 dekabr 2006-cı ildəki görüntüsündən  görürük ki, İran Azərbaycanla razılaşmadan ərazidə tikintini başlayıb və hətta beton divarların tikintisini başa çatdırıb.

Növbəti görüntümüz 2008-ci ilin sonunda qeydə alınıb. 2 il sonrakı görüntülərdən məlum olur ki, İran “Xurafərin” su elektrik stansiyasının su anbarının tikintisini tam başa çatdırıb, Araz çayının önünü kəsib, anbarı tam su ilə doldurub və Azərbaycanın bu şəkildəki təxmini hesablama ilə 1300 hektardan çox ərazisini də su altında qoyaraq prossesi yekunlaşdırıb.
 
Bu görüntü “google” tərəfindən 31 dekabr 2008-ci ildə qeydə alınıb.

İranın bu hərəkəti, tərəflərin ortaq istifadə etmə hüququ olduğu ərazilərin təkbaşına istifadəsi Azərbaycanın beynəlxalq hüquqdan doğan haqqarama hüququnu gündəmə gətirməsinə səbəb olurdu. 2006-2008-ci illərin İrana qarşı BMT-nin, AB-nin, ABŞ-ın sanksiyalarını düşündükdə bu İrana yönəlik hüquqi addımlar atılmasına səbəb (və ya bəhanə) ola bilərdi. 

Yaddaşı təzələmək üçün xatırladım ki, bu o dönəmdir ki, Eynulla  Fətullayev 30 mart 2007-ci ildəRealnıy Azərbaycan” “Əliyevlər müharibəyə gedir” (rusca: Алиевы идут на войну”) başlıqlı məqalə dərc etdi.  Məqalədə “ABŞ İrana hücum edərsə İran Azərbaycanın strateji nöqtələrini hədəf alacaq” - yazdığına və müəyyən yerləri saydığına görə terrorizmi təbliğə görə 6 may 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsi tərəfindən məqalənin dərci ilə bağlı Cinayət Məcəlləsinin 214.1-ci maddəsinə (terrorçuluq və ya terrorun törədiləcəyi ilə hədələmə) əsasən cinayət istintaqına başladı. 30 oktyabr 2007-ci ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə Fətullayevi bütün ittihamlar üzrə təqsirli bildi və terrorla hədələməyə görə  8 il azadlıqdan məhrumetmə cəzası  ilə cəzalandırdı. (Qeyd: 22 aprel 2010-cu ildə AİHM-i Fətullayevin hüquqlarının pozulduğuna qərar verdi)

Bunu vurğulamaqda məqsədim, o dönəmin münasibətlərini və İranın hədəf olmasını aydın göstərməkdir. Yəni İran zatən beynəlxalq qısqaca alındığı bir vaxtda təktərəfli hərəkət etməsi və ölkəmizin icazəsi olmadan əraziləri istifadə etməsi, buna görə Azərbaycanın bu məsələni ciddi gündəmə gətirməsi halında əlavə problemlər yaşayacağını istisna etmirdi. Buna görə də tikib bitirdiyi və hətta şəkildən göründüyü kimi istifadə etdiyi layihənin hüquqi rəsmiləşdirilməsini etmək üçün Azərbaycanı razı salması zəruri idi. Baxmayaraq ki, tikintisinə zamanında Azərbaycan razılıq verməmişdi.


15 iyun 2014-cü ildə “google” tərəfindən qeydə alınmış görüntü

Sadəcə, kağız üzərində anlaşma…

İrana lazım olan fürsət 2016-cı ildə yarandı. 2016-cı il fevralda nə baş verdisə, Heydər Əliyevin qəti etiraz edib, tikintisinə icazə vermədiyi, onun ölümünə qədər də ərazidə hər hansı tikintiyə başlamayan İran sonradan Azərbaycanın mövqeyini saya salmadan başlayıb, yekunlaşdırdığı və illərlə istifadə etdiyi layihənin beynəlxalq hüquq baxımından problemsiz hala gətirmək məqsədi ilə Azərbaycan tərəfini razı saldı və sadəcə kağız üzərində prosesə qoşdu. 
23 fevral 2016-cı ildə Prezident İlham Əliyevin № 1803 saylı Sərəncamı ilə İqtisadiyyat naziri Şahin Abdulla oğlu Mustafayevə Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyəti verdi. Həmin gün Saziş imzalandı və 14 iyun 2016-cı ildə Saziş Milli Məclisdə 99 nəfərin lehinə səs verməsi ilə (əleyhinə və bitərəf olmadan) rəsmiləşdirildi.  

2016-da nə baş verdi ki, Azərbaycanın mövqeyi dəyişdi?

Parlamentdə bu məsələnin müzakirəsi zamanı Spikerin təqdimatından sonra heç bir deputat bu görüntüləri dilə gətirmədi, eyni zamanda heç kim sorğulamadı ki, 1998-ci ildə H. Əliyevin razılıq verməməsindən sonra nə dəyişdi? Razılıq verilməməsinə rəğmən, Azərbaycana, onun hökumətinin mövqeyinə hörmət göstərməyən və özbaşına tikinti başlayıb, bitirən İranın layihəsini nədən rəsmiləşdirirk? Nədən bizə hörmət göstərməyib təktərəfli tikdiyi layihəyə, onun xərclərinə ortaq olur, bizim razılığımız olmadan su altında buraxdığı ərazilərimizin haqqını həmin tikintinin xərcləri ilə kompensasiya etdiririk?  

Yuxarıda “2016-da nə baş verdisə, Azərbaycanın mövqeyi dəyişdi”, - deyə sorğulamışdım. Bəlkə, də bu sualın cavabını 2016-cı ildə bu Sazişin rəsmiləşdirilməsindən 1 ay sonra Azərbaycanda Konstitusiya dəyişikliyi referendumuna qərar verilməsində və hakimiyyətdə yeni yapılanmanın baş verməsində axtarmaq lazımdır. 

Günümüzdə ərazilərin son görüntüləri bu layihənin bizim mənafelərimizə xidmət etmədiyini aydın göstərir. Xüdafərin körpüsünü qarşısında xarabaya çevrilmiş kəndlərimiz əslində hər şeyi deyir.



Ələsgər Məmmədli

26 Aralık 2019 Perşembe

11 Aralık 2019 Çarşamba

APA TV-də Erkin Qədirli ilə seçki hüququ və növbədənkənar parlament seçkilərini dəyərləndirdik.


Məhkumluq maneədirmi?

Məhkumluq maneədirmi? 

Növbədənkənar parlament seçkisinə start veriləndən sonra mübahisə yaradan məsələlərdən biri ağır cinayətdə suçlanaraq həbsdə yatmış, məhkumluğu qalan siyasətçilərin namizədliyidir. Hüquqşünas Ələsgər Məmmədli özünün “Facebook” səhifəsində yazır ki, konstitusiyaya 2016-cı il referendumunda edilmiş yeniliklər fonunda şəxsin namizəd olmaq hüququnu məhdudlaşdırmaq yolverilməzdir: “Ana qanunun 85-ci maddəsində seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşın qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə biləcəyi qeyd olunur. “Seçkilərdə iştirak etmək hüququna malik” norması konstitusiyaya 2016-cı ildə əlavə edilib. Bəs seçkilərdə iştirak etmək hüququna malik olmağı necə müəyyən etməliyik? Konstitusiyada bir hüquqdan bəhs edilirsə, həmin hüququ tənzimləyən normaya baxmaq zəruridir. Ana qanunda olan hüququ və onun məhdudiyyətini aşağı normada, məsələn, Seçki Məcəlləsində axtarmaq legitim yanaşma deyil. Konstitusiyanın 56-cı maddəsinin birinci hissəsi seçki hüququnu, ikinci və üçüncü hissələri məhdudiyyətləri göstərir. Qeyd olunur ki, Azərbaycan vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
“Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur” norması isə ağır və ya xüsusilə ağır cinayətdə məhkum olumuşlara dair bir məhdudiyyət nəzərdə tutmur.
Üçüncü hissədə hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçilmək hüququnun qanunla məhdudlaşdırıla biləcəyi qeyd edilir. Azadlıqdan mərhum edilmiş şəxs deyəndə seçki zamanı həbsdə olan şəxslər nəzərdə tutulur. Belə olan halda Seçki Məcəlləsində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətdə məhkum olunmuş və cəzasını çəkmiş şəxslərin seçkiyə girişinə məhdudiyyət qoymaq konstitusiyaya, xüsusilə ana qanuna 2016-cı il referendumdan sonra gətirilən normaya ziddir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatını tənzimləyən 71-ci maddənin doqquzuncu hissəsi də bu arqumenti açıq şəkildə dəstəkləyir. “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”.
Burada “qanunla” dedikdə həm də qanunların legitim əsaslarla formalaşmış qanunlar olması nəzərdə tutulur. 71-ci maddənin birinci hissəsinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
Şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluğu ödəmiş hesab edilir.
Digər hallarda bu müddətlər qoyulub:
böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə;
az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə;
ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə;
xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə.
Məhkum edilmiş şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.



https://novator.az/2019/12/10/məhkumluq-maneədirmi/

«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir»

'Problem var ki, Miyatoviç 

onları dilə gətirib'

4 saat öncə

Ə.Məmmədli
«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir», – hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna bildirir. Onun sözlərinə görə, hesabatda ifadə azadlığı ilə bağlı cəmiyyəti ən çox narahat edən məqamlara toxunulub.
«Burda deyildiyi kimi, ifadə azadlığına yönəlik həbslər, son zamanlar məhkəmələrin veb-resursları bloklaması və ya ictimai-siyasi aktivlərin hansısa səbəblərdən inzibati və ya uzunmüddətli həbslərə atılması faktdır. Faktların dilə gətirilməsi onun obyektivliyindən xəbər verir. Hökumət bununla razılaşmasa da, bu belədir. Tutalım, hesabatda Seymur Həzinin, Əfqan Muxtarlının adları çəkilib. Seymur Həzi həbsdən çıxandan 39 gün sonra yenidən şərləndi və bir ay inzibatı həbsdə yatdı. Problem var ki, Miyatoviç onları dilə gətirib», – hüquqşünas qeyd edir.
Ə.Məmmədli daha bir məqamı önə çəkir, diffamasiya məsələsinə prezident İlham Əliyevin moratorium qoymağına baxmayaraq, onun geniş şəkildə tətbiq edildiyini bildirir. O, videobloqer Mehman Hüseynovun məhz bu səbəbdən 2 il həbs cəzası aldığını yada salır. Hətta ona ötən ilin sonunda əlavə ittihamların irəli sürüldüyünü, ancaq cəmiyyətin daha sərt etirazından sonra bu ilin əvvəlində onların ləğv edildiyini vurğulayır.
Hüquqşünas bəzi internet resursların bloklanmasına da toxunur. O, ölkədə «situasiya dəyişsə belə, bloklanmış resurslara çıxış məhduddur» deyir: «Məsələn, hamı bilir ki, AzadlıqRadiosu saytı obyektiv, alternativ resurs olduğuna görə məhdudlaşdırılıb. Meydan TV, Turan TV və başqa resurslar da onun kimi...».

«Yalandır» deməkdənsə...

Ə.Məmmədli də Azərbaycanda vəkil qıtlığı yaşandığını qeyd edir: «İki mənada vəkil qıtlığı var, həm fiziki, həm də tutum baxımından. Yəni, gerçək hüquq və azadlıqları müdafiə edənlər barmaqla sayılır. Vəkillərin özünün də ifadə azadlığına basqı var. Müvəkkilinin və ya pozulan hüquqları gündəmə gətirən vəkillərin ifadə azadlığına geniş basqı var. Hər hansı məsələ ilə bağlı açıqlamadan sonra dərhal onların Vəkillər Kollegiyasına üzvlük məsələsi müzakirəyə çıxarılır. Ən son Şəhla Hümbətova bu çərçivədə uzaqlaşdırılan vəkillərdən oldu və ya Elçin Sadıqlı, Nemət Kərimli ilə bağlı işlər başlayıb, onların uzaqlaşdırılması gündəmdədir».
Ümumilikdə Ə.Məmmədli hesab edir ki, Azərbaycan cəmiyyəti illərdir Avropa Şurası insan haqları komissarının hesabatda toxunduğu məsələlərin həllini gözləyir. Ona görə də hökumətin «Bu problem bizdə yoxdur, yalandır» deməkdənsə, vəd etdiyi islahatlar paketinə daxil edərək həll etməli olduğunu düşünür. O, həm media, həm məhkəmə-hüquq sistemində fundamental dəyişiklik gözləyir: «Hesabatdakı neqativlər düzəlməlidir, onları inkar etmək evdəki zibili palazın altına süpürməyə bənzəyir. Situasiya dəyişmədikcə, biz zibilin fəsadını ciyərlərimizdə hiss edəcəyik».
Ə.Kərimli
Ə.Kərimli

«Komissar Azərbaycan hökumətinin şantajından çəkinməməlidir»

«Dunya Miyatoviçin hesabatı korrektdir, ancaq həqiqətin hamısı deyil», – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə söyləyir. Onun yanaşmasına görə, hesabatda «həm siyasi məhbuslar, həm ifadə azadlığı ilə bağlı daha çox şey deyilməlidir».
«Təkcə bu il AXCP-nin 100 nəfərə yaxın fəalı şərlənərək inzibati həbs alıb. Onlar mitinq təşkilatçısı olduqlarına, ya da sosial şəbəkədə yazdıqlarına görə tutulublar. Fikirlərini ifadə etdiklərinə görə repressiyaya, cəzaçəkmə yerlərində işgəncəyə məruz qalıblar. Müxalif fikirli insanlar linc edilir, dözümsüzlük şəraiti yaradılır. Komissarın siyasi məhbuslar, ifadə azadlığı haqqında dedikləri doğrudur, amma hamısı deyil. Hökumətin bu məsələlərlə bağlı mövqeyi isə, əlbəttə, əsassızdır», – partiya sədri deyir.
Ə.Kərimli Vəkillər Kollegiyası haqda ayrıca danışır, bu qurumun repressiya aparatının tərkib hissəsinə çevrildiyini, Avropa Şurası insan haqları komissarının daha sərt mövqe nümayiş etdirməli olduğunu düşünür.
Partiya sədrinin iddiasına görə, dövlət səviyyəsində və Vəkillər Kollegiyasının iştirakıyla azadfikirli vəkillərə qarşı məqsədyönlü, planlı mübarizə aparılır. Ə.Kərimli bunu vəkil çatışmazlığı və ya bir neçə vəkilə təzyiq kimi göstərməyi doğru saymır.
O hesab edir ki, komissar Azərbaycan hökumətinin şantajlarından çəkinməməli, həqiqəti olduğu kimi ifadə etməlidir. Ə.Kərimli D.Miyatoviçin növbəti hesabatlarda sərbəst toplaşmaq azadlığının tamamilə aradan qaldırılması, işgəncənin xüsusi dövlət siyasətinə çevrilməsi haqda uca səslə danışacağını gözləyir.

Xatırlatma

Dekabrın 11-də Avropa Şurasının İnsan Haqları Komissarı Dunya MiyatoviçAzərbaycanda ifadə azadlığı, vəkillərlə bağlı son baş verənləri, məcburi köçkünlərin hüquqlarını əhatələyən hesabatını açıqlayıb. Komissar Azərbaycanda ifadə azadlığının qorunması üzrə böyük irəliləyiş əldə olunmadığını təəssüflə qeyd edir. Miyatoviç Azərbaycanda kəskin vəkil çatışmazlığının yaşandığını, bunun özəlliklə paytaxtdan kənarda hiss olunduğunu bildirir. O, bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqət çəkir, onların, əsasən, siyasi baxımdan həssas hesab olunan işlərə çıxdıqlarını vurğulayır.
Azərbaycan hökumətinin hesabata rəsmi münasibətində isə bu tənqidlər, əsasən, rədd olunur, qeyd edilir ki, «hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi hallar əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır».