7 Kasım 2017 Salı

Dövlət niyə Allahın nümayəndəsini bəndəyə çox görür?

Oktyabrın 31-də Milli Məclis Ali Məhkəmə sədrinin təşəbbüsü ilə təqdim olunan qanun layihəsini səthi müzakirə edərək təsdiqlədi. Milli Məclis birinci dəfə deyil cəmiyyətin mənafeyini kənara atıb geniş müzakirə aparmadan, ictimai rəyi dinləmədən, dar mənafeləri qorumaq üçün qanun qəbul edir. Yenə belə oldu. Xalqın mənafeyinin ziddinə addım atıldı. Bir həftə öncə layihəni natamam adlandırıb plenar iclasın müzakirəsinə belə çıxarmayan parlamentin sədri bu dəfə görünür “əmr dəmiri kəsər” prinsipi ilə hərəkət edərək, daha yuxarıdan gələn əmri sorğusuz-sualsız icra etmək yolunu seçdi.
Beləliklə, ədalət axtarılan yer olmaqdan çoxdan uzaq düşmüş məhkəmələrdə vətəndaşın özünün seçdiyi nümayəndə vasitəsilə təmsil olunmasını yasaqlayan qanun qəbul edildi. Bununla da 10 milyonluq əhali özünün müdafiəyə ehtiyacı olan bir quruma – üzvlərinin sayı 900 nəfərə çatan Vəkillər Kollegiyasına məhkum buraxıldı. Bu dəyişikliyin doğuracağı nəticələrlə bağlı suallara cavab tapmağa çalışaq.
Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə yaxınlaşır. Əhalinin təxminən 3 milyon nəfərə yaxını Bakı, Sumqayıt və Abşeronda, qalan 7 milyon 20 min nəfəri ölkənin digər yerlərində yaşayır.
Bakı və ətrafında iqtisadi imkanlar regionlara nisbətən daha çox olduğundan ölkədə qeydiyyatda olan vəkillərin 700 nəfərə yaxını məhz mərkəzdə fəaliyyət göstərir. 7 milyon 20 min nəfərin yaşadığı regionlarda isə cəmi 200-220 praktik vəkil var. Yəni nümayəndəlik institutunun ləğvindən sonra bütün regionlarda orta hesabla hər 30 min nəfəri 1 vəkil təmsil edəcək.[1]
Nümayəndəliyin ləğvi ilə ilk növbədə regionlarda yaşayan 7 milyondan çox adamın məhkəmələrə çatımlığı ciddi problemə çevrilir. Hazırda vəkillərin bütün məhkəmələrdə – cinayət, inzibati və mülki işlərdə – vətəndaşları təmsil etməsi mümkün deyil. Bu günədək sadəcə cinayət işlərində proseslərə çıxan vəkillər rayonlarda hər zaman vəkil çatışmazlığı səbəbindən çox keyfiyyətsiz müdafiə təşkil edirlər və həmin başdansovdu müdafiə, vəkil çatışmazlığı regionlarda aydın hiss olunur. İndi sayı cinayət işlərindən on dəfələrlə çox olan mülki və inzibati işlərin də bu vəkillərə həvalə edilməsi nəticəsində yaranacaq vəziyyəti təsəvvür etmək çətin deyil.
Yeni fəaliyyətə başlayan və bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulan elektron məhkəmə portalına adaptasiya edilmiş məhkəmələrdə olan işlərin sayı 373 min 748 göstərilir.[2] Hazırda məhkəmədə olan işləri qeydiyyatda olan vəkillərin sayına bölsək, hər vəkilə 400-dən çox iş düşəcək. Halbuki heç kimə sirr deyil ki, qeydiyyatda olan vəkillərin də 20-25%-i praktik fəaliyyət göstərmir. Beləliklə, problem sadəcə rayonlarda deyil, bütün ölkə üzrə yayılacaq.
Sonuncu devalvasiyadan sonra manatın dəyər itirməsi vətəndaşlarla banklar arasında kreditlərə dair çoxlu mülki mübahisənin ortaya çıxmasına səbəb olub. Bu il problemli kreditlərin həcmi 15% artaraq, 1 milyard 740 milyon manatı keçib. Problemli kreditlər ümumi kredit portfelinin 12%-ni əhatə edir.[3] Son dəfə keçən il Mərkəzi Bank açıqlamışdı ki, ölkə üzrə krediti olan şəxslərin sayı təxminən 2 milyon 533 min, zaminlərlə birlikdə 3 milyon 738 min nəfərdən çoxdur.[4] Bu rəqəmi baza kimi götürdükdə problemli krediti olan şəxslərin və zaminlərin sayının 440 mindən çox olduğu qənaətinə gəlmək mümkündür. Dəqiq statistika açıqlanmasa da, problemli kreditlərin xeyli hissəsinin məhkəmə mübahisəsinə çevrildiyi bəllidir. Onların qalan hissəsinin də yaxın gələcəkdə məhkəmə mübahisələrinin mövzusu olacağını təxmin etmək üçün kahin olmağa ehtiyac yoxdur. Hər dörd problemli kreditdən biri məhkəmə mövzusu olsa, o zaman sırf bu mübahisələrlə bağlı məhkəmə işlərinin sayı 110 mini ötür.
Heç kimə sirr deyil ki, vətəndaşların ehtiyac içərisində olduğunu bilən, onları müdafiəsiz görüb müxtəlif hiylələrlə kredit bataqlığına salan banklara qarşı məhkəmə işlərində nümayəndələr olmasa, vətəndaşların vəziyyəti daha da ağırlaşacaq, minlərlə, on minlərlə adam banklar qarşısında tamamilə müdafiəsiz qalacaq. Üstəlik, nəzərə almalıyıq ki, belə əhali kütləsinin əksər hissəsi rayonlarda yaşayır. Deməli, problemli kreditlərə aid məhkəmə proseslərində bankların vətəndaşları üstələməsi çox asan bir işə çevriləcək.
Nümayəndəliyin ləğv edilməsi minlərlə nümayəndənin işsiz qalması ilə nəticələnəcək. Onların ailə üzvlərinin sayını da bura əlavə etdikdə aydın olur ki, birbaşa bu akt nəticəsində gəlir mənbəyini itirənlərin sayı on minlərlə ölçüləcək.
Nümayəndəliyin ləğvi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılan işlərin sayında ciddi azalmaya səbəb olacaq. Çünki məhdud sayda vəkillə yüz minlərlə işi yerli məhkəmələrdə keyfiyyətli aparmaq və Avropa Məhkəməsi standartlarına uyğun hala gətirmək mümkün deyil.
Bu gün cinayət işlərinə yalnız vəkillər çıxa bilir, çünki dövlət keyfiyyətli hüquqi yardım bəhanəsi ilə nümayəndələri belə işlərdə müdafiəyə buraxmır, bununla guya keyfiyyətli hüquqi yardımı təmin edir. Dövlətin keyfiyyətli vəkil xidməti dediyi xidmətin saatı isə cəmi 2 manatdır. Beləliklə, dövlət əslində cinayətdə təqsirləndirilən adamı müdafiəsiz qoyub. İndi bu prosesə təkcə cinayətdə təqsirləndirilənlər deyil, istənilən səbəbdən hüquqları pozulan hər kəs daxil edilir.
Ölkədə 600-dən çox hakimin, 600-dən çox hakim köməkçisinin, prokurorluq orqanlarında, DİN-də, vergidə, DTX-da, gömrükdə fəaliyyət göstərən minlərlə prokurorun, müstəntiqin qarşısında 10 milyon vətəndaşı cəmi 900 vəkil müdafiə edir, Ali Məhkəmədə işlərə yalnız vəkillər çıxır. İndi nümayəndəliyin ləğvi ilə yüz minlərlə mülki və inzibati iş də vəkillərin çiynində qalacaq. Nəticədə ortaya çıxan “keyfiyyət” dünyada anoloqu olmayan keyfiyyət olacaq.
Nümayəndəliyin ləğvi təşəbbüsünün hakimlərdən gəlməsi təsadüfi deyil. Məhkəmələrdə hakimlərin hüquqdan kənar hərəkətlərinə etiraz edib varlığını göstərən vəkilləri dərhal Vəkillər Kollegiyası vasitəsilə cəzalandıran, vəkillikdən çıxartdıran hakimlərin nümayəndələrə birbaşa təsir imkanları yoxdur. Bu da onların müdafiə üzərində mütləq nəzarət qurmasına mane olur. Bəzi vəkillər, xüsusilə insan hüquq və azadlıqlarını və siyasi məhbusları müdafiə edənlər isə rahatlıqla hakimlərə doğruları hayqırmaqdan qorxmur, vəkillikdən atılsalar da nümayəndə kimi fəaliyyətlərini sürdürə biləcəkləri üçün daha ötkəm olmağı bacara bilirlər. İndi mahiyyətindən aslı olmayaraq istər cinayət işində, istərsə də inzibati, mülki işdə bütün vəkillər hakimlərə görə “kollegiya məngənəsinə” salınmış vəziyyətdə olacaqlar. Beləliklə, müdafiə tərəfi üzərində tam nəzarət təmin ediləcək.
Yekunda xüsusi qeyd etmək lazımdır ki, vəkilliyin tam siyasi nəzarət altında olduğu vəziyyətdə nümayəndəliyin tamamilə ləğv edilməsi, heç olmasa hüquqşünas ixtisası olan şəxslərin nümayəndə kimi çıxış etməsinə də imkan verilməməsi birbaşa öz hüquqlarını qoruya bilməyən vətəndaşları yerli-dibli müdafiəsiz buraxmağı hədəfləyir.
Son illər evləri əllərindən alınan, sökülən, başlarına uçurulan, torpaqlarından zorla çıxarılan, banklar tərəfindən soyulan, hüquqlarını icra edərkən müxtəlif bəhanələrlə inzibati sanksiyaya məruz qoyulan, barəsində haqsız cərimə protokolları yazılan yüz minlərlə vətəndaşı məhz hüquq müdafiəçiləri, hüquqşünaslar nümayəndə qiyafəsində müdafiə etməyə çalışırdı. Xırda istisnaları nəzərə almasaq, nümayəndələr çarəsizlərin çarəsi, kimsəsizlərin kimsəsi idi. İndi ölkə vətəndaşları tam kimsəsiz və çarəsiz buraxılır…
Mənbə- https://novator.az/2017/11/06/dovlət-niyə-allahin-numayəndəsini-bəndəyə-cox-gorur/

Hiç yorum yok:

Yorum Gönder