7 Kasım 2017 Salı

BARI SUSUN!

Ali Məhkəmənin istəyi ilə hüquqşünas-qeyri hüquqşünas ayrımı etmədən nümayəndəliyin ləğv edilməsi haqlı olaraq Vəkillər Kollegiyasının üzvü olmayan praktik  hüquqşünaslar tərəfindən və digər həssas mütəxəssislər tərəfindən tənqid olunur. Çünki, bu dəyişiklik qüvvəyə mindikdən sonra xüsusilə aztəminatlı və hüquqi müdafiəyə möhtacı olan vətəndaşlar olduqça çətin və müdafiəsiz vəziyyətə düşəcək. Ağlı başında olan hər kəs bunu dərk edir.  

Çox təəssüf ki, bəzi Kollegiya üzvü olan vəkillər problemi əsas hədəfdən  yayındıraraq məsələni bəsitləşdirməyə meyl edir. Guya ki, praktik hüquqşünasların bilgi və qabiliyyəti, yetənəyi çatmadığı üçün Kollegiyadan kənarda qalıblar və bunun mübarizəsini aparırlar. Bu yanaşma olduqca qusurlu və deyərdim ki, qəsdən problemin mahiyyətini cəmiyyətin tam diqqətindən yayaındırmağa hesablanmış davranışdır. 

Dünən geniş bir yazı ilə hər hansı önləyici və məntiqli tənzimləmə gətirilmədən nümayəndəliyin ləğvinin yaradacağı problemlərin bir hissəsinə toxunmuşdum. Odur ki, məsələyə başqa aspektdən baxmağa çalışacağam.

Mən bir haşiyəyə çıxaraq qeyd edim ki, şəxsən Azərbaycan Vəkillər Kollegiyasına üzv deyiləm və heç bir zaman üzv olmağa cəhd etməmişəm, imtahanlara filan da girməmişəm. Amma mən 22 il öncə İstanbulda hüquq təhsilimi tamamladıqdan sonra rəsmi şəkildə İstanbul Barosunda öncə avukat (vəkil) staşına başlamışam, 1 illik bir təhsil və təcrübə keçdikdən sonra (Avukat)vəkil statusu qazanmışam. Əlbəttə, bu zaman rəsmi olaraq 6 ay müddətdə hakim və savcı (prokuror) stajı (praktikası) da keçmişəm və İstanbul Beyoğlu Adliyyesində faliyyət göstərmişəm. Amma bu mənə asan başa gəlməyib. Öncə Türkiyə Ədliyyə Nazirliyinə qarşı məhkəmə işi başlatmışam. Çünki, Türkiyə vətəndaşı deyildim və vəkillik peşəsi türk vətəndaşlarına tanınmış bir peşə fəaliyyəti idi. Mən 1982-ci ildə Türkiyədə qəbul edilən bir qanundan ("Türk Soylu Yabancıların Türkiye`de Meslek ve Sanat Edinmesi Hakkında Kanun") faydalanaraq 6 aylıq hüquq mübarizəmdə Türkiyə Ədliyyə Nazirliyini  məhkəmədə udaraq vəkillik peşəsini qazandım. 
Bunu sadalamaqdakı məqsədim bəri başdan mənə yönələ biləcək bəzi ittihamları təxmin etdiyimdəndir.  Qeyd etməliyəm ki, bizim bu günkü vəkillərin fəaliyyətini tənzimləyən qanun 18 il öncə-1999-da qəbul edilib. Bu qanun qəbul edilmədən və burda nəzərdə tutulan prosedurlar olmadan öncə mən vəkil statusunu qazanmışdım.  

İndi keçək əsas söhbətimizin məğzinə. 
Öncəliklə qeyd etməliyəm ki, ümumiləşdirmə hər zaman qüsurludir. Bəli bu gün ölkəmizdə vəkillərin sayı çox azdır. Onların keyfiyyətli olanları və həqiqətən bu peşəyə sadiq olanları da var və onların da sayı çox azdır. Burda yazacaqlarım bütün vəkillərə, xüsisi ilə çoxsaylı təzyiq və təhdidlərə baxmayaraq insan hüquq və azadlıqlarının üstünlüyünə inanaraq, peşəsinin mahiyyətini dərk edib, ona sadiq qalaraq fəaliyyətini davam etdirənlərə aid deyil. Bu gün Asabali Müstafayev, Adil İsmayılov, Fuad Ağayev, Yalçın İmanov, Elçin Sadıqov, Fariz Namazlı, Zübeydə Sadıqova? Nemət Kərimli və adını çəkmədiyim xeyli dostlar var ki, onlar vəkil adını şərəflə təmsil edirlər və peşələrini çətinliklə də olsa icra etməyə çalışırlar.
    Lakin bu da reallıqdır ki, saydığım keyfiyyətdə olanlar azlıqdadır. Vəkilləri təmsil edən rəsmi tərəf də daxil olmaqla çoxluğun toplumdakı imici pozitiv deyil. 
Bu günədək vətəndaşlara çox keyfiyyətli hüquqi xidmət göstərən və vəkil peşəsinin haqqını verərək fəaliyyətini sürdürən çox saylı dəyərli hüquqşünaslar məhz vəkilləri təmsil edən və imici müsbət olmayan vəkil yönəticilər və həmin yönəticiləri özlərinin təmsilçisi kimi görməkdə davam edən və susan vəkil çoxluq tərəfindən qalmaqallı şəkildə vəkillikdən atılıblar.
Hamımız çox aydın bilirik ki, Xalid Bağırov, Aslan İsmayılov, Əlayif Həsənov, Fərhad Mehdiyev, Müzəffər Baxışov, Elçin Namazov və adını çəkmədiyim digər dəyərli vəkillər bilgi və bacarıqlarına görə yox, məhz barışmaz peşəkar vəkil mövqelərinə görə vəkillikdən kənarlaşdırılıblar.  
Yenə faktdır ki, çox sayda dəyərli hüquqşünas lisenziyası ləğv edildikdən sonra ümumiyyətlə Kollegiyaya buraxılmayıb və ayrıca təşkilatlanmalarının da qarşısı alınıb. Avropa Məhkəməsinə qədər gedib çıxan və pozuntusu rəsmi şəkildə tanınan İntiqam Əliyev və digərlərinin Azərbaycana qarşı işini xatırlamayan yoxdur.

Yenə hər birimiz gündəlik informasiyalardan bilirk ki, siyasi məhbusları və ya siyasi işlərdə hüququ pozulan tərəfləri müdafiə edən vəkillər tez-tez Kollegiyanın inzibati cəzalandırma təhidid ilə qarşılaşır, xəbərdarlıqlar alır. 

Amma nə hikmətdirsə, öz müvəkkilinin sirrini kitab halına gətirən, hətta mətbuatı toplayıb, geniş təqdimat keçirən vəkil Kollegiya tərəfindən heç bir inzibati sanksiyaya məruz qalmır.  Halbuki, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 9-cu maddəsi Vəkillər Kollegiyasının vəzifələrini sayanda bu Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirdiyini də göstərir. Qanunun tələbləri dedikdə isə bura 14-cü, 17-ci, 18-ci və 22-ci maddələrdəki tələbləri nəzərdə tutur. 
Bilməyənlər üçün bu şərtləri bir daha təkrarlamaq istəyirəm. 
Qanuun 14-cü maddəsi Vəkilin andının hətta mətnini dırnaqda təqdim edir:
"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.
17-ci maddə isə vəkillər üçün vəkil sirrinin nə olduğunu aydınlaşdırır. "I. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir".
Vəkil sirri hüquqi məsuliyyət gətirirsə, vəkil andı da etik məsuliyyət gətirir və 18-ci maddədə vəkil etikası dedikdə həm də "vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli olduğunu" vurğulayır. 
Qanunun 22-ci maddəsi isə çox açıq şəkildə bildirir ki, "…o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda" o, intizam məsuliyyətinə cəlb edilir. 

Vəkillər Kollegiyası bilməmiş deyil ki, Vəkilin öz müştərisinin məktublarını yayması sadəcə etik, inzibati məsuliyyət yox, cinayət məsuliyyəti də yaradır. Nümayəndələrin etibar edilmədiyi, sadəcə vəkillərin məşğul olduğu Cinayət Məcəlləsinin 155-ci maddəsi Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmanı cinayət əməli kimi görür və cinayət məsuliyyəti gətirir. Cinayət Məcəlləsinin bir sonrakı 156-cı maddəsi isə şəxsi həyatın toxunulmazlığını pozmanı, yəni şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılmasını cinayət əməli hesab edir. 

Hüquqşünas nümayəndələr səslərini duyurmaq üçün etiraz tədbiri keçirmə qəraını elan etdikdən sonra kompanya başladan, bu gün sosial şəbəkədə səslərini başına alan, nümayəndə kimi fəaliyyət göstərən hüquqşünasları savadsızlıqda ittiham edən, vəkillikdən çıxarılanlara bacarıqsız deyən, hətta artıq vəkilliyə yeni qan gəldi, köhnə rəhbərlik getdi hər şey düzəlir deyənlərin də belə mövzularda səsi çıxmır:

  • Deyə bilmirlər ki, müdafiə etdiyi şəxsin sirlərini yayan, onu kitab halına gətirən (yəni konkret cinayət əməli törədən) bir şəxslə mən eyni Kollegiyada olmamalıyam. 
  • Deyə bilmirlər ki, hakimin bir məktubu ilə mənim həmkarlarımı qaralayıb kollegiyadan ata bilirsən, lakin vətəndaşın hüququnu çeynəyən vəkilə toxuna bilmirsən. 
  • Deyə bilmirlər ki, saatına 2 manat verilən vəkillə ölkənin hüquq yükü götürülə bilməz.
  • Deyə bilmirlər ki, ölkədə pulsuz hüquqi yardım haqqında qanunun qəbul edilmədən, bütün universitetlərdə hüquq təhsilinin yolu açılmadan sadəcə vəkillər kollegiyasına qeyd olunmuş bir ovuc vəkillə həm cinayət, həm inzibati həm də mülki işlərdə ölkə vətəndaşlarına keyfiyyətli hüquqi xidmət vermək mümkün deyil, xəyaldır.  
  • Bunları deyə bilmirsizsə danışanlara mane olmayın, barı susun!

Hiç yorum yok:

Yorum Gönder