yol etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
yol etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

9 Eylül 2015 Çarşamba

Rayon nömrəli maşınların Bakıya girişinə tətbiq edilən məhdudiyyət hüquqa ziddir.

Ələsgər Məmmədli

DYP-nin sadəcə rayon nömrəsi ilə olan avtomobilləri müəyyən edilmiş saat çərçivəsində Bakıya buraxmamağa dair qərarı, sadəcə rayon nömrələrinə tətbiq edildiyi üçün  Konstitusiyaya ziddir və heç bir qanuni əsası yoxdur.

Konstitusiyanın 28-ci maddəsinın III bəndində deyilir ki: " Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər...". Burda “hərəkət etmək”- ifadəsini “piyada hərəkət edə bilər”- kimi təfsir etmək olmaz. Hərəkət etmək bütün vasitələrlə və vasitəsiz hərəkət etmək deməkdir.
Konstitusiyanın 29-cu maddəsi mülkiyyət hüququna təminat verib: Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.” III-cü bənddə göstərilir ki, : “Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.” Avtomobil daşınar əmlakdır. Ondan istifadə etmək isə mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsidir. Avtomobildən istifadəyə məhdudiyyət gətirmək ancaq qanuni əsaslarla məhkəmə qaydasında mümkün ola bilər.
Sadəcə rayon nömrəli maşınları və onunla hərəkət edən sərnişinləri şəxsi əmlakından istifadə etməklə Bakı şəhərinə buraxmamaq, sosial mənsubiyyəti baxımından insanları fərqləndirməkdir. Burada rayonlu-şəhərli fərqləndirməsi var. Rayonlu olan birinin eyni markalı, eyni motor güclü maşını şəhərə buraxmadığınız halda, Bakılı birini buraxacaqsız. Bu birbaşa insanları sosial mənsubiyyətinə görə fərqləndirməkdir və ayrıseçkilikdir.
Konstitusiyanın 25-ci maddəsi mənşəyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verib və deyib ki: "İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".
 Konstitusiyayanın 71-ci maddəsinin VI- bəndinə əsasən, “ Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir". 71-ci maddəyə əsasən: "Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur". Yəni, bu qərarı qəbul edən icra qurumları dərk etməlidirlər ki, onlar Konstitusiyanın normalarına zidd qayda qoya bilməzlər. Konstitusiyanın 71 ci maddəsinin IX bəndinə görə qanunsuz əmrə əməl edilməməlidir: "Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz".
Qeyd edim ki, Yol Hərəkəti haqqında Qanunda da bu ayrıseçkilikçi qadağanın tətbiqini mümkün edən heç bir norma yoxdur. Ayrıca, 2-ci maddədə  Qanunun təyinatında da göstərilib ki, “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir".
Yəni, hərəkəti kökündən, yaxud sadəcə bir sosial qrup üçün (rayon nömrəlilər) məhdudlaşdırmaq mümkün deyil. “Hərəkət ancaq, məhdud səbəblərlə, və müvəqqəti hər kəs üçün məhdudlaşa bilər. Bu zaman da "...dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər". 
Qanunları tətbiq edən yol polislər də bilməlidir ki, qanunsuz əmrlərin icrası məsuliyyət yaradır. Konstitusiyanı, Qanunları pozaraq tətbiq edilən qadağaları vətəndaşlara tətbiq etmək, onlar üçün də məsuliyyət yaradır.
 Gəlin, hər birimiz hüquqa əməl edək, hüquqları müqəddəs hesab edək və onları qoruyaq. Hər birimizə bir gün ədalət lazım olacaq. O gün gəldiyində ədaləti tapmamız üçün, bu gün hər birimiz adil olmalı, hüququn üstünlüyünə boyun əyməliyik. Hüquq əllərə tutuşdurulan qanunsuz əmrlər, qərarlar deyil. Hüquq toplumu ədalətlə, bərabərlik prinsipinə sadiq idarə edəcək adil qaydaların-tənzimləmələrin toplusudur.