Son günlər sosial şəbəkələri seçkilərin kobud saxtalaşdırması faktları bəzəyir.
MSK-nın öz resurslarında iki rəqəmi bir-birindən kəskin fərqlənir. Eyni dairə üzrə (35 Dairə) seçkilər bitdikdən sonra seçici aktivliyini göstərən mənbə ilə, protokolda seçici aktivliyini göstərən qrafa arasında bir dairə üzrə mindən çox seçici fərqi var. Ümumiyyətlə, 60-dan çox dairədə heç bir alternativ görüşlü namizədlərin olmaması, seçkilərin əsas müxalif partiya\lar, qurum və topluluq tərəfindən baykot edilməsinə baxmayaraq, yenə də nəticələrə mərkəzləşmiş müdaxilələrin olduğunu təsdiqləyən çoxsaylı sübutlar paylaşılmaqda, pozuntulara yol verən bir nəfər də məsuliyyətə cəlb edilməməkdədəir. Bu da öz növbəsində yeni müzakirə açır.
Cəmiyyət sonsuzadək onun rəyinə hörmət etməyib, seçki nəticələrinə müdaxilə edənləri seyr etməlidirmi? Yoxsa buna dur! demək üçün bir legitim haqq vardır? Bu suala cavab olaraq xırda hüquqi araşdırma aparıb bunun nəticəsini sizinlə də paylaşıram.
Seçkilərin demokratik keçirilməsini diktə edəcək mexanizmlər hər zaman vardır. Bu mexanizmləriin legitimliyinin mənbəyi 1995-ci ildə Azərbaycan xalqı tərəfindən referendum yolu ilə təsdiq edilən Azərbaycan Respublikası Konstitusiyasının müddəalarıdır.
Konstitusiyanın 1-ci maddəsinin 1-ci bəndində göstərilir ki: " Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır."
Konstitusiyanın 6-cı maddəsi “Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi” başlığını daşıyır və maddədə “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”- deyir. Ardınca 2-ci bənddə “Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir”-deyərək, bu əmələ qol qoyan şəxsləri cinayətkar kimi göstərir. Konstitusiyanın 7-ci maddəsi dövlət hakimiyyətini həyata keçirən 3 qoldan 2-nin seçkilərlə formalaşdırıldığını bildirir.
Yəni bizim nümunəmizdə parlamentin formalaşmasına müdaxilə edib, seçkini saxtalaşdıran sosial qruplar, şəxslər (bura inzibati vəzifə tutan şəxslər, komissiyalarda üzv və ya rəhbər olan şəxslər, partiya nümayəndələri, jek işçiləri, məktəb müəllimləri, səhiyyə işçiləri, müşahidəçi kimliyində gizlənənlər, icraçı rolunda olan qruplar və s. daxildir) bu əmələ qoy qolduqları andan konkret olaraq cinayətkar hesab edilirlər. Konstitusiya sadəcə olmazları göstərib, nəzəri duruş müəyyən etməklə işini bitmiş hesab etmir. Bu zaman hakimiyyətin mənbəyi olan xalqa qurduğu dövləti, konstitusion quruluşu, hakimiyyəti mənimsəyən tərəfə qarşı müqavimət hüququ tanıyır. Konstitusiyanın 54-cü maddəsi: “Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.”-deyərək, müqavimət göstərməyi şəxsin legitim hüququ olaraq tanıyıb. Hakimiyyəti qeyri-legitim yolla (seçkiləri saxtalaşdırmaq yolu ilə) dəyişmək, yaxud əldə saxlamaq dövlət çevrilişinin bir formasıdır. Buna müqavimət göstərmək isə konstitusion hüquqdur. Siyasi tərəflər Konstitusion hüquqlara hörmət göstərməlidir.