Sivil Toplum Platformasi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Sivil Toplum Platformasi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1 Nisan 2016 Cuma

Sivil Toplum Platformasının mövqe sənədi

(Milli Məclis tərəfindən “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya Qanunu qəbul etmə təşəbbüsünün qeyri legitimliyi haqqında)

Rəsmi məlumatlara əsasən Martın 17-də  Milli Məclisin  Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  növbəti  iclasında “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya Qanunu layihəsi müzakirə edilib.
Azərbaycan Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə iki dövlətlərarası qurumun yurdiksiyasını rəsmi qəbul edib. Bu Avropa Insan Hüquqları Məhkəməsi və BMT-nin Insan Hüquqları Komitəsidir. Bu layihənin Milli Məclisin müzakirəsinə çıxarılması təşəbbüsü göstərir ki, son vaxtlar Azərbaycan məhkəmə sisteminin ədalətsizliyini təsdiq edən çoxsaylı AİHM qərarlarının ard-arda gəlməsi ölkə rəsmilərinin “tələsik” həll yolu axtarmasına səbəb olub. Bu addım gözü daim şimalda olan bəzi yönəticilərin Rusiyanın mənfi  təcrübəsini ölkəyə gətirməklə məsələyə çözüm tapacağı arzusu ilə üst-üstə düşür. Lakin unudulur ki, Rusiyanın dövlət quruluşu, Rusiya Federasiyasının Konstitusiyası Azərbaycandakı dövlət quruluşundan və Azərbaycan Konstitusiyasından ciddi şəkildə fərqlənir.
Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarının tənzimlənməsi konstitusiyon qoruma altındadır. Konstitusiyanın 71-ci maddəsinin VI bəndinə əsasən “Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir”. Konstitutsiyanın 12-ci maddəsində dövlətin ali məqsədi göstərilir və qeyd edilir ki, “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”.
Konstitusiyanın 158-ci maddəsində isə “Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz”-müddəasina yer verilir. Beləliklə, birinci bölmədə yerləşən  12-ci maddəyə Milli Məclis tərəfindən Konstitusiya Qanunu formatında əlavə təklif edilə bilməz. Dəyişikliyə gəldikdə, Milli Məclisin dəyişiklik etməsi də mümkün deyil, çünki, 152-ci maddədə bildirilir ki: “Konstitusiyanın mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər”.
Ayrıca, beynəlxalq aktların hüquqi qüvvəsini müəyyən edən 151-ci maddədə açıq şəkildə göstərilir ki, “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.”
Avropa İnsan hüquqları Məhkəməsi İnsan hüquqları və əsas azadlıqlarının Müdafiəsi haqqında Avropa konvensiyasında, BMT insan hüquqları Komitəsi və digər kvaziməhkəmə orqanları isə İnsan hüquqları Deklarasiyası və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq paktda və digər BMT sənədlərində təsbit edilmiş hüquqlarının pozuntusu ilə bağlı işlərə baxır.
Nəzərə almaq lazımdır ki, insan hüquqları sahəsində beynəlxalq sənədlər bu sahədə minimal standartları müəyyən edir. Beynəlxalq məhkəmə institutları da məhz belə minimal standartların təmin olunmasına nəzarəti həyata keçirir.
Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq sənədləri bir başa implementasiya etməklə yanaşı, özünün mətnində daha geniş hüquq spektiri və standartları müəyyən edir. 
Bundan əlavə Azərbaycan 2002-ci ildə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya qanunu qəbul etməklə Beynəlxalq müqavilələrdə təsbit edilən hüquq və azadlıqların məzmununu eyni mətn ilə bir daha Azərbaycan qanunvericiliyinə inkorparosiya etmişdir.
Belə olan halda beynəlxalq müqavilələrin Azərbaycan Konstitusiyasına uyğunsuzluğundan danışmaq yersizdir.
Avropa İnsan Hüquqları Konvensiyası 25 dekabr 2001-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilərək, milli hüquqa daxil edilib və Konstitusiyanın 12-ci və 151-ci maddələrinə əsasən referendumla qəbul edilən aktlardan sonrakı yeri tutub. Yəni, Milli Məclis tərəfindən bu günədək qəbul edilən, habelə, gələcəkdə qəbul edilməsi nəzərdə tutulan konstitusiya qanunları və digər qanunların qüvvəsi Konvensiyanın qüvvəsindən aşağıda  durur. Milli Məclis tərəfindən AİHM-nın qərarlarının ölkədə icrasının mümkünlüyünü mübahisələndirən istənilən akt, ölkənin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyası ilə ziddiyyət təşkil edəcək. Avropa İnsan Hüquqları Konvensiyanın 46-cı maddəsində Azərbaycan tərəfinin açıq öhdəliyi var. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının məcburi qüvvəsi və icrasını göstərən bu maddədə bildirilib ki, “Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.”
Bununla bağlı Platforma hökümətə Hüquq vasitəsi ilə Demokratiya naminə Avropa Komissiyasının (Venesiya komissiyasının) Rusiya Federasiyasında qəbul edilmiş analoji qanunla bağlı rəyini bir daha xatırladaraq bildirir ki, Beynəlxalq məhkəmələrin qəbul etdiyi qərarlarda nəzərdə tutulan fərdi tədbirlərin icrasının müzakirəsi yol verilməzdir.
Həmçinin nəzərə alınmalıdır ki, Avropa hüququ tərəfdar dövlətlərin milli hökümətlərinə məhkəmələrin qərarlarında nəzərdə tutulan ümumi tədbirlərin icrası ilə bağlı alternativ üsulların seçimində geniş sərbəstlik tanıyıb.
Hesab edirik ki, yanlız belə üsulların Konstitusiyaya uyğunluğu müzakirə oluna bilər. Bunun üçün hər hansı qanunvericilik aktının qəbul edilməsinə zərurət yoxdur. Bu məsələ Azərbaycan Hökümətinin beynəlxalq qərarların icrası nəzarət funksiyasını həyata keçirən institutlarla (məsələn, Avropa Şurası Nazirlər Komitəsi) birbaşa, konstruktiv və geniş müzakirələr vasitəsi ilə həll olunmalıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi yalnız Avropa İnsan hüquqları Konvensiyasında və protokollarında qoruma altına alınan insan haqlarına dair işlərə baxdığından, Konstitusiyanın 12-ci maddəsi də Azərbaycan hökumətindən tələb edir ki, Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilsin!  
Ayrıca, Milli Məclis tərəfindən insan hüquq və azadlıqlarının qorunmasında  insanlara Avropa İnsan Hüquqları Məhkəməsi timsalında əlavə üstün müdafiə imkanları  tanıyan  normaları baypass edən, onların icrasının mümkünlüyünü mübahisələndirən istənilən təşəbbüsün Konstitusiyanın 71-ci maddəsinə zidd olacağı şübhəsizdir.  71-ci maddənin 1-ci bəndində hakimiyyətin hər üç qoluna vəzifə yüklənmişdir: Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.”  “...Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.”  
Bütün bunlar göstərir ki, Milli Məclisin “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya Qanunu layihəsinin müzakirəsi və plenar iclasa tövsiyə edilməsi açıq şəkildə Konstitusiya ilə müəyyən edilmiş hüdudları aşmaqdır və Konstitusiyanın ciddi şəkildə pozulmasıdır.
Bir daha xatırladırıq ki, beynəlxalq hüququn Azərbaycandakı mövqeyini heçə sayan addımların atılması Azərbaycanın bir dövlət kimi imicinə böyük zərbə vurmaqla yanaşı, Qarabağ uğrunda haqq mübarizəmizdə beynəlxalq hüquqa arxalandığımız dövrdə bizə qarşı çevrilə bilər. Unutmamalıyıq ki, Avropa İnsan hüquqları məhkəməsinin Çıraqov Ermənistana qarşı işindəki, qərarı beynəlxalq təşkilatların rezolyutiv xarakter daşıyan digər qərarlarından fərqli olaraq Ermənilərə qarşı məcburi xarakter daşıyan yeganə aktdır.
Odur ki, Konstitusiyaya zidd bu tip təşəbbüsdən dərhal imtina olunmalı, bu məsələ Milli Məclisin yaz sesiyasının planından çıxarılmalıdır.