12 Ağustos 2018 Pazar

Türkiyədə TL-nin dəyərinin düşməsi dünyanın sonu deyil

Son günlər Trumpın Türkiyəyə qarşı amiranə tələbləri qarşılıq görmədi və qarşılıqlı zidləşmələr Türkiyə iqtisadiyyatında hər zaman həssas olan valyuta bazarına ciddi təsir etdi. Son 10 gün ərzində Avro 28 % dollar isə bir az da çox dəyər qazandı. Qızıl isə həftəlik 27% bahalandı. Əlbəttə bir həftənin yekununda bu rəqəmlər çox yüksəkdir və sadəcə ABŞ münasibəti deyil, iqtisadiyyata cəmiyyətin etibar etdiyi birinin yox, ailədən birinin (damadı) qoyulmasının da bu olayda mənfi qatqısı böyükdür. 

Amma mən bir az başqa tərəfi gündəmə gətirmək istəyirəm. Bəzi yorumlarda Türkiyənin çökdüyü, cəmiyyətin ciddi çalxalandığı, bir sözlə Türkiyənin sonunun gəldiyinə dair şəhləri, yazıları gördüyümə, oxuduğuma görə qərara gəldim ki, çox araşdırmayan, lakin "hər mövzuda deyəcək sözü" olanlara bir az statistika, bir az tarixi faktlar, bir az da təhlil qataraq yaxın 27 ilin analizini edim. Bu faktlara bir daha diqqət yetirsinlər və Türkiyənin uzun illər alışıq olduğu valyuta dalğalanmalarının ölkəni dağıtmadığı, hətta bəzən iqtisadi böyümələri də tətiklədiyini, uzunmüddətli iqtisadi sabitliyə keçişə də çevrildiyini görsünlər. Bu tip dalğalanmaların bəzən hökuməti də silkələməsi üçün bir siqnal olduğunu unutmamaq lazımdır. 

  1991-ci il 14 oktyabrda İstanbula oxumağa getdiyimiz gün 1 dolların qarşılığı 4837 TL idi. Ən böyük əskinaz 50 min lirə idi. O dönəm Azərbaycan hələ müstəqilliyini elan etməmiş, cəmiyyət də ciddi infilyasiya ilə tam tanış deyildi. Biz demək olar ki hər gün dəyişən dollar kursuna alışmağa başladıq. 1991-ci ili 1 $= 5085 TL ilə bitirdik. 
1992-ci ilin sonunda 70%-dək infilyasıya olmuş,  1$=8573TL səviyyəsinə qalxmışdı. Bu proses hər il təxminən eyni sürətlə davam edirdi. 1993 sonunda 1$= 14379tTL, 5 nisan 1994 Cillər hökumətinin ilk ciddi silkələnməsi ilə dolların kursu  23 min lirədən bir gündə 39 min lirəyədək yüksəldi. Yəni TL bir gecədə 70% TL dəyər itirmişdi. İlin sonunadək dalğalanmalar olsa da dollar həmin səviyyə ilə ili tammaladı. Sonrakı-1995-ci ilin sonunda 1$=61 min lirəni keçmişdi. Hər il eyni səviyyədə yüksələn infilyasiya və bunun müqabilində dolların dəyərinin artması 1999-cu ilin son günündə  542 703 TL-dək yüksəlmişdi.
 2001-ci ilin 22 Fevralında (Şubat Krizi) Prezident Sezərin Baş Nazir Ecevitə Anayasa kitabı atması ilə dollar 688 min TL-dən 1 milyon 78 min lirəyədək yüksəldi.
Türkiyəyə getdiyimdən keçən 10 ilin tamamında Ankarada TODAİE-də master proqramında ikən 1 dollar artıq 1milyon 644 min lirəyədək yüksəlmişdi. Ən böyük əskinaz isə 50 min lirəlikdən 20 milyon lirəliyə çıxmışdı. 1 Dollar  1991-ci ildəkindən tam 340 dəfə yüksək bir rəqəmlə ifadə edilirdi… 
Əlbəttə bu 10 ildə xeyli hökumət krizisləri olmuş, qısa koalisiya hökumətləri bir-birini əvəzləmiş, lakin dəyişməyən yüksək infilyasiya və TL-nin dəyər itirməsi olmuşdu. 

3 noyabr 2002-ci ildə AKP iktidara gələndə 1$=1 678 278 TL idi. Həmin ilin sonunadək dollar 1 642 000-dək gerilədi. 
2003-cü ilin sonunda 1$=1402000 səviyyəsinədək gerilədi. 
2004-cü ilin sonunda TL-nin dəyər qazanması davam etmiş və 1$=1348000 səviyyəsinə endi. 2005 və 2006-da da demək olar ki dolalrın kursu sabit qaldı.
 2007-ci ildə TL daha 17%-dək dəyər qazandı və 1$= 1170000 səviyyəsinə endi.

AKP-nin 2-ci seçkini udduğu gün 22 iyul 2007-ci ildə 1$= 1, 26YTL idi və Erdoğanın ilk 5 ili ərzində TL dollar qarşısında 24% dəyər qazanmışdı. 

Bu arada hələ 2000-ci ildə 3-lü koalisiyanın planlanladığı  TL-dən 6 sıfırın atılması planını Erdoğan hökuməti reallaşdırdı və  2005-ci ilin yanvarında TL-yə paralel 6 sıfırı azaldılmış YTL-nin də tədavülə buraxılmasına qərar verdi. 2010-cu ildən isə YTL TL-yə çevrilərək istifadədə tək qaldı. Bu zaman 1$=1,49 TL idi. 

2011-ci ilin 12 İyun seçkilərində AKP yenidən 3-cü dəfə seçkiləri uddu və bu zaman 1$-1,58 səviyyəsində idi. 4 illik dövr ərzində Dollar TL qarşısında cəmi 0,09 TL yüksəlmiş, lakin 2002-ci ilin səviyyəsinin gerisində qalmışdı.
Növbəti erkən seçki 4 il sonra 2015-ci ilin 7 iyun tarixində oldu. Bu zaman AKP-dən narazılıqlar artmış və AKP təkbaşına hökumət quracaq səs qazan bilməmişdi. Həmin vaxt dolların kursu 1$=2,69 TL-dək yüksəlmişdir. Bu 4 ildə təxminən 70%-lik bir yüksəliş idi. Məhz bunun da təsirindən AKP təkbşına iqtidar ola bilməmişdi. Eyni zamanda bu AKP-nin 4-cü dönəm iqtidara iddiası dönəmi idi.  O dönəm hökumət qurulamaması yeni erkən seçkinin təyini ilə yekunlaşdı. Bu arada 2015- noyabr seçkiləri ərəfəsində 1$=2,80 TL olmuşdu və seçkilərdən sonra 2016-nın mayınadək 2,81 səviyyəsi ara-sıra dəyişsə də sabit qaldı. Lakin 2016-nin sonundan dolların kursu 3,53 TL-dək yüksəldi. 2017-ci ilin sentyabrında 3,44 -dək geriləyən dollar, 2017-nin sonunda yenidən yüksələrək, 3,81 TL-yə  səviyyəsində satıldı. 2018-ci il aprel ayınadək dollar demək olar ki sabit qaldı. 

Dövlət Baxçalının təklifi ilə erkən seçkiyə qərar verildikdən sonra TL-nin dəyər itkisi sürətlənməyə başladı və 24 iyun 2018 seçkiləri gününə kurs artıq 4,76 səviyyəsinədək yüksəldi. Seçkidən sonra dolların kursunda  iyul ayının əvvəlində 4,71 səviyyəsinədək qısa düşüş olsa da, yeni hökumətin formalaşması gözləntiləri və iqtisadiyyatda yeni açılımların olmaması və ABŞ prezidentinin Türkiyə tutumu, habelə Erdoğanın papaz iadəsi tələbini rədetməsi onsuz da oynamağa başlayan valyuta kursunun yüksəlməsinə gətirib çıxardı. 6 Avqustda 5,08 TL olan dollar bu gün 6,44 səviyyəsinə qədər yüksəldi. Həftə ərzində dolların TL qarşısında yüksəlişi 21,1% oldu. 

Bu tablo bəzi nəticələr çıxarmağa imkan verir. 
  1. İki dönəmlik iqtidarda ciddi yüksəliş olsa da,  4-cü dönəmdə büdrəmə baş vermiş, lakin alternativ siyasi tərəflərin iddialarının inandırıcı olmaması toplumu yenidən AKP-nin iqtidarının davamına yönəltmişdir. 2015 Noyabrından etibarən iqtisadiyyatda inamsızlıq hiss olunmuş, bu gün ABŞ münasibətlərinin nəticəsi kimi təqdim olunan proses əslində 2015-ci ildən başlamışdır. 
  2. Dolların kursunun 20-30 faiz dəyişməsi ciddi narahatçılıq yaratsa da, ölkənin çöküşü deyil, daha çox AK partiya iqtidarının etimatsızlığı məsələsidir. Xüsusilə, Erdoğanın ciddi komanda üzvlərini ailə üzvlərinə tərcih etməsi bu prosesin yaranması səbəblərindəndir. 
  3. Türkiyə iqtisadiyyatı infilyasiya ilə yaşamağı faciə hesab etməməkdədir və ixracatçılar üçün əslində bu bəzən daha qazanclı olur. Məsələn, ixrac məhsullarının xammalını TL ilə alıb, son məhsulun geri dönüşümünü valyuta ilə qəbul edəndə, arada xeyli karlılıq yaranır. (Tələbəlik dönəmində şənbə-bazar günləri işlədiyim şirkətin ixracdan necə karlı çıxdığını yaxşı xatırlayıram). Heç də əməkhaqqı və xammal valyuta sürəti ilə artmır və ixracla məşğul olanlara valyutanın yüksəlməsi sərf edir. 
  4. Əlbəttə xüsusilə neft məhsulları qiymətinin yüksəlməsi istehlakçılara ciddi mənfi təsir edir və xarici borcun qaytarılmasında da eyni mənfi tendensiya hiss olunur. 

Lakin düşünürəm ki, valyutanın yüksəlməsi söylənənlər qədər də faciə deyil. Hökumət öz komnadasına yenidən baxsa və bazarın reaksiyasını doğru qiymətləndirsə bir müddətdən sonra hər şey əvvəlki axarına geri dönəcək. Türkiyə belə dalğalanmaları yaşamış və adlamış bir dövlətdir. 

Hiç yorum yok:

Yorum Gönder