22 Ocak 2017 Pazar

MƏLUMAT SIZDIRAN MƏMURLARIN TƏQİB EDİLMƏSİNƏ YAŞIL İŞIQ?

2016-cı il informasiya əldə etməh hüququna daha iki məhdudiyyət qoyulub.

İnformasiya əldə etmək hüququ, ifadə azadlığını təmin etmək üçün vacib vasitələrdən biridir. Bundan faydalanan tərəflər, yetərli məlumata sahib olduqlarında bu hüquqdan daha effektiv istifadə edirlər. Məlumatlı olmağın yolu isə informasiyaya yetərli çıxış imkanlarının mövcudluğu ilə sıx bağlıdır.
İnformasiya əldə etmək hüququnu təmin etmək üçün dövlətin üzərinə bəzi pozitiv öhdəliklər düşür. Beynəlxalq miqyasda bunların çərçivəsini müəyyən edən prinsiplərə informasiya azadlığı prinsipləri də deyilir. İfadə azadlığını qoruyan və müdafiə edən qurumlar əsasən bu prinsipləri doqquz başlıqda toplayır:
  1. İnformasiyanın maksimum açıqlığı prinsipi; Bu prinsipə görə, informasiya azadlığı haqqında qanunvericiliyin əsasında məlumatın maksimum açıxlığı prinsipi durmalıdır. İnformasiya sahiblərindəki məlumatlar ictimai əhəmiyyət daşıdığından cəmiyyətə açıq olmalıdır.
  2. İnformasiyanı dərc etmək öhdəliyi; Buna əsasən dövlət orqanaları mühüm məlumatları dərc etməldir. Burada dərc etmək deyəndə söhbət, mövcud İKT resurslarının inkişaf prosesini də nəzərə alaraq onların ən geniş auditoriyada yayılması mənasından gedir. Məsələn, dərc etmək çap mediasında, elektron mediada, online mediada və online resurslarda ola bilər.
  3. Açıq hökumətin dəstəklənməsi; Burada dövlət orqanları açıq höküməti aktiv şəkildə dəstəkləməli, ictimai maarifləndirmə aparmalı və rəsmi gizlilik sindromuna qarşı effektiv mübarizə olmalıdı.
  4. İstisnaların məhdud siyahısı; İnformasiya üzərində məhdudiyyət tətbiq edilərkən bu məhdudiyyət çox az və dar çərçivədə olamlıdır. Ayrıca, məhdudiyyətlər tətbiq edilərkən informasiya üç hissəli yoxlamadan keçməli, reallaşdırılan məhdudiyyət qanunda göstərilən qanuni məqsədə aid olmalıdı. Məlumatın açıqlanması nəticəsində isə həmin məqsədə mühüm ziyan vurma təhlükəsi yaranmalı, informasiyanın açılması nəticəsində bu məqsədə vurulan ziyanın dərəcəsi həmin informasiyaya olan ictimai maraqdan yüksək olmalıdır.
  5. İnformasiyaya çıxışı asanlaşdıran qaydaların tətbiqi; İnformasiya almaq üçün verilən sorğulara çevik və ədalətli baxılmalı və hər hansı imtina cavabının müstəqil qurum tərəfindən yenidən baxılması mümkün olmalıdır.
  6. Ödənişsiz olması; Bu prinsipin əsası ictimai əhəmiyyət daşıyan informasiyaların ödənişsiz verilməsinin zəruriliyidir. İstisna hallarda informasiya vermə xidmətinə görə müəyyən edilən ödəniş həddindən çox məbləğdə olmamamlı, bu metodla insanların məlumat almasına mane olmamalıdı.
  7. Açıq toplantıların keçirilməsi; Dövlət orqanlarının yığıncaqları ictimayyət üçün açıq olmalıdır
  8. İnformasiyanın açıqlığının üstünlüyü; İnformasiyanın maksimal dərəcədə açıqlığı prinsipinə zidd qanunlar dəyişdirilməli və ya ləğv edilməlidir. Baxmayaraq ki, bütün qanunlar bərabərdir, burdakı yanaşma informasiya əldə etmək üçün hüquqdur və digər hüquqları qorumaqda zəruri açardır.
  9. “Xəbərçilərin” qorunması; Sonunci prinsipə görə, hüquq pozuntuları barədə informasiyanı qurum daxilindən yayan şəxslərin, qanuni müdafiəsi olmalı, bu şəxsləri qanunvericilik xüsusi qoruma altına almalıdır.
Bu prinsiplər baxımından Azərbaycan qanunvericiliyinə nəzər saldıqda bir çox çatışmazlıqların mövcud olduğunu görürük. Qanunvericilikdə müəyyən prinsiplər sayılsa da bir çoxları nəzərə alınmayıb. Xüsusilə, açıq hökumətin dəstəklənməsi, açıq toplantıların keçirilməsi və məhdudiyyətlərin siyahısı prinsiplərinin üzərindən sükutla keçilib.
Bir başqa problemli məsələ, qanunda sayılan prinsipin praktik olaraq hərəkətə çevrilməməsidir. Məsələn, xəbərçilərin qorunması prinsipi qanunda öz əksini tapmışdır. “İnformasiya əldə etmək haqqında” qanunun 6.1.11-ci bəndində “ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması” – prinsipi göstərilib. Hətta qanun qəbul edildikdən sonra İnzibati Xətalar Məcəlləsinə 181-3-cü maddə əlavə edilmişdi və həmin maddənin 5-ci bəndində göstərilirdi ki, ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunması inzibati məsuliyyət yaradır.

Ancaq bildiyimiz kimi, 1 mart 2016-cı il tarixində yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsi qüvvəyə minib. Bu informasiya əldə etmək hüququnun pozuntularına görə inzibati məsuliyyəti nəzərdə tutsa da həmin maddədə əvvəlki əhatə daraldılıb və iki məsələ çıxarılıb. Bunlardan biri informasiya sahibinin informasiyanı əldə etməni təşkil etməməyə görə müəyyən olunan məsuliyyət, digəri isə xəbərçilərin qorunması prinsipinin təminatı olan informasiya sahiblərinin ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasının qarşısının alınmasıdır.
Beləliklə, dövlət qurumlarının, vəzifəli şəxslərin, informasiya sahiblərinin informasiya əldə olunmasını təşkil etməməsi, habelə ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları baradə informasiya sızdıran “xəbərçilər”in təqib olunması faktları üçün artıq cəza nəzərdə tutulmur. Bununla da informasiya sahiblərinin daha az şəffaf olması və daha sərt davranması bir növ təşviq edilir.


http://opengovaz.org/blog/m-lumat-s-zd-ran-m-murlar-n-t-qib-edilm-sin-ya-l-i-q/ 

Hiç yorum yok:

Yorum Gönder